Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-248/2023 06.09.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Şirməmmədova Günel Lətif qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi “Kamandar Nəsibov və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs Məmmədəli oğlunun iştirakları ilə, xx xxxx 1973-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, məhkumluğu olmayan, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2vanında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Məmmədəli oğlunun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə 06 sentyabr 2023-cü il tarixdə saat 12.40-da açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İttiham aktına əsasən Təqsirləndirilən şəxs Məmmədəli oğlu satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan heroini əldə edib üzərində saxlayaraq daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs Məmmədəli oğlu istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, üç ədəd bükümdə, qəhvəyi rəngli, kristal formalı, spesifik qoxuya malik, kustar üsulla hazırlanmış 0.167 qram narkotik vasitə heroini əldə edib üzərində saxlayaraq daşımış, xx.xx.2023-cü il tarixdə saat 13:30 radələrində, Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsi, E.Əzizov küçəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Əlahiddə X6 4-cü Patrul Bölüyünün əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılaraq Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin 8-ci Polis Bölməsinin Bakı şəhəri Səbail rayonu, Ə.Yaqubov 2 ünvanında olan inzibati binasına gətirilib üzərinə şəxsi axtarış aparılan zaman satış məqsədi olmadan qanunsuz olaraq əldə edib üzərində saxlayaraq daşıdığı və əynində olan göy rəngli şalvarının sol yan cibindən siqaretin gümüşü kağızına bükülmüş üç ədəd bükümlərdəki ayrı-ayrılıqda təmiz çəkiləri 0,055 qram, 0,061 qram, 0,051 qram olmaqla ümumi təmiz çəkisi isə 0,167 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Məmmədəli oğlu ona elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, narkotik vasitə heroini Bakı şəhərinin rayonlarından müxtəlif qiymətlərə alaraq öz şəxsi istifadəsi üçün əldə edir. Həmçinin heroindən istifadə etmədikdə bədənində küt ağrılar olur. xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsində tanımadığı şəxsdən üç büküm heroini əldə edərək üzərində saxlamaqla daşımışdır. xx.xx.2023-cü il tarixdə saat 13:30-da Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsi, E.Əzizov küçəsində olduğu zaman polis əməkdaşları ona yaxınlaşaraq narkotik vasitə istifadəçisi olduğundan şübhələndiklərini bildirərək onu Səbail Rayon Polis İdarəsinin 8-ci Polis Bölməsinə dəvət etmişlər. Orada üzərinə müdafiəçinin iştirakı ilə videoçəkilişlə baxış keçirilmişdir. O, əynindəki göy rəngli şalvarın sol yan cibindən üç ədəd bükümü çıxarıb masanın üzərinə qoymuşdur. Üzərindən aşkar narkotik vasitə heroin zərfə qoyulmaqla qablaşdırılmışdır. Təqsirləndirilən şəxs Məmmədəli oğlu bildirmişdir ki, o, həmin narkotik vasitəni Bayıl qəsəbəsində tanımadığı şəxsdən şəxsi istifadəsi üçün əldə etmişdir. Əməlindən peşman olduğunu nəzərə alaraq, ona yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid Əlahiddə X6 4-cü Patrul Bölüyünün polis nəfəri Şahid1 ifadəsində göstərmişdir ki, 27 aprel 2023-cü il tarixdə saat 13:30 radələrində polis serjantı Şahid2 ilə Bakı şəhəri, Səbail rayonu, E.Əzizov küçəsində bir nəfər şəxsin qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitələrin istifadəsində özünü şübhəli aparması ilə bağlı ona yaxınlaşaraq üzərlərində olan polis xidməti vəsiqələrini təqdim edib ondan şəxsiyyəti barədə məlumat verməsini xahiş etmişlər. Həmin şəxs özünü Təqsirləndirilən şəxs Məmmədəli oğlu olaraq təqdim etmişdir. Təqsirləndirilən şəxs Məmmədəli oğlu özünü şübhəli apardığı üçün onu Səbail Rayon Polis idarəsinin 8-ci Polis Bölməsinə dəvət etmişlər. Bölmədə Təqsirləndirilən şəxs Məmmədəli oğlunun üzərinə müdafiəçinin iştirakı ilə videoçəkilişdən istifadə edilməklə baxış keçirilmişdir. Şəxsi axtarış və götürmə zamanı Təqsirləndirilən şəxs əynindəki şalvarın cibindən üç ədəd bükümü çıxararaq masanın üzərinə qoymuşdur. Aşkar edilmiş bükümlər açıldıqda içərisində tünd qəhvəyi rəngli, spesifik qoxuya malik olan narkotik maddəyə oxşar maddənin olması aşkar edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs Məmmədəli oğlunun üzərindən aşkar edilmiş bükümlər zərfə qoyularaq qablaşdırılmış, möhürlənmiş və zərf iştirakçılar tərəfindən imzalanmışdır. Cinayət işində olan videogörüntüyə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Məmmədəli oğlunun üzərinə şəxsi axtarış aparılır. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilən zamanı o, əynindəki göy rəngli şalvarın sol yan cibindən üç ədəd bükümdə qəhvəyi rəngli maddəni çıxararaq masanın üzərinə qoymuşdur. Sorğu- sual zamanı o, həmin maddənin narkotik vasitə heroin olduğunu və həmin narkotik vasitəni Bayıl qəsəsbəsində tanımadığı şəxsdən 20 manata şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Götürülmüş narkotik vasitə bir ədəd kağız zərfə qablaşdırılaraq möhürlənmişdir. Bu barədə protokol tərtib edilmiş və həmin protokol bütün iştirakçılar tərfindən imzalanmışdır. Məhkəmə Ekspertizası Mərkəzinin materialların məhkəmə ekspertizasının 28 aprel 2023cü il tarixli, 6/2460 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində: “Təqsirləndirilən şəxs Məmmədəli oğlunun üzərindən aşkar edilmiş narkotik maddə...imza,iştirakçılar:iki imzalar,tərtib etdi:F.Nəsibov-imza...” yazı əlavəsi qeyd edilmiş bir ədəd kağız zərfdə 03 (üç) ədəd bükümlərdəki təmiz çəkiləri – 0,055 qram, 0,061 qram, 0,051 qram, ümumi təmiz çəkisi 0,167 qram olan qəhvəyi rəngli tozşəkilli maddələr xarici əlamətlərinə və tərkibindəki kimyəvi komponentlərinə görə eyni olan kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroinlərin ümumi təmiz çəkisi 0,167 qram, tədqiqata sərf edildi 0,06 (hər birindən 0,02 qram), qalıq çəkisi 0,107 qram. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq edilmiş siyahılara əsasən heroin «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş narkotik vasitələr»in siyahısına (Siyahı İ) daxildir. Ekspertiza xərclərinə dair bildirişlərdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 92 (doxsan iki) manatdır. 27 aprel 2023-cü il tarixdə saat 14:20-də Təqsirləndirilən şəxs Məmmədəli oğlu şübhəli şəxs qismində tutulmuşdur. 29 aprel 2023-cü il tarixdə Təqsirləndirilən şəxs Məmmədəli oğlu təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ittiham elan edilmişdir. Səbail rayon prokurorunun 29 aprel 2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs Məmmədəli oğlu barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilmiş və o Səbail Rayon Polis İdarəsinin Müvəqqəti Saxlama Yerindən həbsdən azad edilmişdir. 29 aprel 2023-cü il tarixdə Təqsirləndirilən şəxs Məmmədəli oğlu barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. 24 iyun 2023-cü il tarixli qərarla Təqsirləndirilən şəxs Məmmədəli oğlundan götürülmüş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,107 qram olan (ilkin təmiz çəki 0,167 qram) narkotik vasitə - heroin maddi sübut kimi tanınmış və saxlanılması üçün Bakı şəhər Səbail Rayon Polis İdarəsinin saxlanc yerinə təhvil verilmişdir. Respublika Narkoloji Mərkəzinin 10 may 2023-cü il tarixli 2780 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs Məmmədəli oğlunda opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 24 iyun 2023-cü il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, xx.xx.1973-cü il təvəllüdlü Təqsirləndirilən şəxs Məmmədəli oğlu: - Azərbaycan Respublikası Bakı Qarnizonu Hərbi Tribunalının xx.xx.1996-cı il tarixli hökmünə əsasən Cinayət Məcəlləsinin 38, 143.2 və 213.1-ci maddələri ilə təqsirli bilinərək əmlakı müsadirə olunmaqla 02 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. xx.xx.1996-cı il tarixdə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.1996-cı il tarixli Amnistiya Qərarının 4-cü maddəsinə əsasən cəzasının çəkilməmiş hissəsi əməyə mütləq cəlb olunmaqla şərti hesab edilmişdir. Qaradağ Rayon Xalq Məhkəməsinin xx.xx.1996-ci il tarixli qərarı ilə 10 ay 10 gün cəzasını çəkməkdən vaxtından əvvəl şərti azad edilmişdir. - Nərimanov Rayon Xalq Məhkəməsinin xx.xx.2000-ci il tarixli hökmünə əsasən Cinayət Məcəlləsinin 226-1.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. xx.xx.2000-ci il tarixli qərarı ilə cəzanın sonu ilə azad olunmuşdur. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Təqsirləndirilən şəxs Məmmədəli oğlunun törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə şahid ifadələri, ekspert rəyi, iş materiallarına əlavə edilmiş işin digər halları ilə onun satış məqsədi olmadan, qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə-heroini əldə edərək saxlamaqla daşıma cinayətini törətməsi tamamilə sübuta yetirildi. Məhkəmə onun əməlinin istintaq orqanı tərəfindən Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə tövsif edilməsini əsaslı sayır və hesab edir ki, o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlukəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının CM-nin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs Məmmədəli oğlunun əməlindən peşman olmasını, törətdiyi əməlin nəticələrinə dair məsuliyyətini dərk etməsini cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs Məmmədəli oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar aşkar olunmadı. Məhkəmə törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmamasını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Məmmədəli oğlunu cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür və ona görə də, o, təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Təqsirləndirilən şəxs Məmmədəli oğlunun 27 aprel 2023-cü il tarixdən 29 aprel 2023-cü il tarixədək, yəni 02 (iki) gün müddətində həbsdə olması Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesabı ilə hesablanmaqla, 04 (dörd) gün ona təyin ediləcək cəzadan çıxılaraq üzərində qəti cəza saxlanılmalıdır. Təqsirləndirilən şəxs Məmmədəli oğlunun üzərinə hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşayış yeri ünvan 2vanını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri, Sumqayıt şəhəri və Abşeron rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs Məmmədəli oğlunun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Cəzanın icrası Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs Məmmədəli oğluna tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Təqsirləndirilən şəxs Məmmədəli oğlunun barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin Ambulator X2 ekspert komissiyasının 10 may 2023-cü il tarixli 2780 nömrəli rəyinə əsasən Təqsirləndirilən şəxs Məmmədəli oğluna narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhər Səbail Rayon Polis İdarəsində saxlanılan keçirilmiş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,107 qram olan (ilkin təmiz çəki 0,167 qram) kustar üsulla hazırlanmış narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 92 (doxsan iki) manat Təqsirləndirilən şəxs Məmmədəli oğlundan tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 31 saylı qərarına əsasən təqsirləndirilən Təqsirləndirilən şəxs Məmmədəli oğlunun hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344- 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Məmmədəli oğlu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il 03 (üç) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs Məmmədəli oğlunun ibtidai istintaq dövründə 27 aprel 2023-cü il tarixdən 29 aprel 2023-cü il tarixədək, yəni 02 (iki) gün həbsdə saxlanıldığı müddətinin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutularaq, 04 (dörd) gün təyin olunmuş cəzadan çıxılmaqla, onun üzərində qəti olaraq 01 (bir) il 02 (iki) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs Məmmədəli oğlunun üzərinə hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşayış yeri ünvan 2vanını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri, Sumqayıt şəhəri və Abşeron rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs Məmmədəli oğlunun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icrası Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs Məmmədəli oğlunun barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Məmmədəli oğluna məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Bakı şəhər Səbail Rayon Polis İdarəsində saxlanılan iş üzrə maddi sübut kimi tanınmış, keçirilmiş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,107 qram olan narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 92 (doxsan iki) manat Təqsirləndirilən şəxs Məmmədəli oğlundan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142595, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X3, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. “Kamandar Nəsibov və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs Məmmədəli oğlunun hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən 102 (yüz iki) manat “Kamandar Nəsibov və Partnyorları” Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim Ülviyyə Şükürova
Məhkəmə qərarları › İş №1(009)-248/2023
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-248/2023
06.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver