Məhkəmə qərarları › İş №1(009)-25/2022

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-25/2022

18.01.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-25/2022 18.01.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Ramiz oğlunun sədrliyi, Əlirza Azər oğlunun katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikasının Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi: Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Oqtay qızının, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə, Bakı şəhərində 18 yanvar 2022-ci il tarixdə saat 12:00-da xx xxxxxx 1991-ci ildə Gürcüstan Respublikasının Bolnisi rayonunda anadan olmuş, Gürcüstan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, Gürcüstan Respublikası, Bolnisi rayonu, Kəpənəkçi kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşayan barəsində “Polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq ələ keçirmək məqsədi ilə 02 aprel 2021-ci il tarixdə saat 03 radələrində Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi 18 ünvanında yerləşən, vətəndaş Zərərçəkmiş şəxs icarə əsasında işlətdiyi kafenin dəmir jalüzünün və plastik qapısının kilidini sındıraraq içəri qanunsuz daxil olub, kafenin giriş qapısından sol tərəfdə divarda asılmış vəziyyətdə olan bir ədəd 200 (iki yüz) manat dəyərində “LG” markalı, “37LH220H” modelli televizoru və bir ədəd 15 manat dəyərində “TP link” markalı moderni talamaqla Zərərçəkmiş şəxs ümumilikdə 215 (iki yüz on beş) manat miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, ailədə 2 övladdırlar. Qardaşı və o. Qardaşı hal-hazırda Türkiyə Cümhuriyyətində işləyir. Özü Gürcüstan Respublikası vətəndaşı olsa da 1992-ci ildən Bakı şəhərində atası və anası ilə yaşayır. O, 2009-cu il tarixdə Nəsimi rayonunda yerləşən 8 nömrəli orta məktəbi bitirib, Rəşid Behbudov adma musiqi məktəbinə daxil olub oranı da piano ifaçısı kimi bitirmişdir. Əvvələr evdə fərdi şəkildə piano və sintizator alətlərindən dərs keçmişdir. Sonradan o, narkotik vasitələrdən istifadə etməyə başlamışdır. 2019-cu il tarixdən “kokos” adlanan narkotik vasitədən istifadə edir. Son vaxtlar onun narkotik vasitə almaq üçün pulu olmadığından oğurluq edərək gəlir əldə edib narkotik vasitə almaq qərarına gəlmişdir. 2021 -ci ilin aprel ayında gecə saat 03 radələrində o, oğurluq etmək məqsədi ilə gəzərkən, Səbail rayonunda yerləşən poçtla üzbəüz kafe diqqətini çəkmişdir. Həmin kafe dəmir jalüzlə bağlanmışdır. O, jalüzün kilidini özü ilə apardığı zubulla qırmış və jalüzü yuxarı qaldırmışdır. Bundan sonra plastik qapının kilidini də zubulla qıraraq açıb içəri daxil olmuşdur. Kafedə divardan asılı vəziyyətdə olan plazma televizoru və moderni götürmüşdür. O, televizoru yaşadığı evə aparmışdır. Təxminən 4-5 gün sonra televizoru satmaq qərarına gəlmişdir.Bu məqsədlə o, yaşadığı ünvanın yaxınlığına çıxmış və taksi sürücüsü kimi fəaliyyət göstərən Tərlan adlı şəxsi görmüşdür. O, Tərlana yaxınlaşıb demişdir. Tərlan pulunun olmadığını demişdir. Bundan sonra yol boyu o, qiyməti aşağı salmışdır. Onlar Səbail rayonu “Dünya market” in qarşısına çatdıqda o, televizoru Tərlana 25 manata satmışdır. Bundan başqa o, taladığı moderni “Kubinka” adlanan ərazidə hazırda xatırlamdığı şəxsə vermiş və əvəzində narkotik vasitə almışdır. Verilən suallara cavab olaraq bildirmişdir ki, cinayət hadisəsi 2021-ci ilin aprel ayının əvvəllərində gecə saatlarında Səbail rayonu, Salyan şossesi 18 ünvanında yerləşən adını bilmədiyi kafedə olub. Qeyd etdiyi ünvandan plazma televizor və moderni talamışdır. Televizoru satıb əldə etdiyi pulla narkotik vasitə almışdır. Moderni isə narkotik vasitə ilə dəyişmişdir. Televizoru məhlədə taksi sürücüsünə 25 manata, moderni isə “Kubinka” adlanan ərazidə xatırlamdığı şəxsə vermiş və əvəzində narkotik vasitə almışdır. Televizoru satdığı Tərlan adlı şəxsə televizorun hüquqazidd yolla əldə olunması barədə bir söz deməmiş, televirozun özünə məxsus olduğunu demişdir. Moderni verdiyi naməlum şəxsə həmin əmlakın hüquqazidd yolla əldə olunması barədə bir söz deməmiş, əmlakın özünə məxsus olduğunu bildirmişdir. Qeyd etdiyi cinayət hadisəsini törədərkən qabaqcadan kimləsə arasında razılıq olmamış, tək etmişdir. O, narkotik vasitələri “Kubinka” adlanan ərazidə tanımadığı şəxslərdən alırmış. O, narkotik vasitələrin satışı ilə məşğul olmur. Təqsirləndirilən şəxs son sözündə əməlindən səmimi peşman olmasının, zərərçəkmiş şəxslə barışıq əldə edilməsinin, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasının, ilk dəfə az ağır cinayət törətməsinin, əvvəllər məhkum olunmamasının, cinayəti ehtiyyacdan törətməsinin və gənc olmasının nəzərə alınmasını xahiş etdi. Məhkəmə iş materiallarını araşdırıb, təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini dinləyib hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3cü maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsiri məhkəmə istintaqı zamanı dindirilmiş şahidlərin ifadələri ilə yanaşı, ekspert rəyləri, sənədlər və tədqiq olunmuş digər sübutlarla da təsdiq olunur. Məhkəmə iclasında Zərərçəkmiş şəxs bildirmişdir ki, o, Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi 18 ünvanında yerləşən “Azərpoçt” la üzbəüz kafeni icarə əsasında işlədir. Hər gün səhər saat 09:00 oranı açıb axşam saat 23:55 radələrində isə bağlayır. 02.04.2021-ci il tarixdə səhər saat 09:00 radələrində adəti üzrə Səbail rayonu Salyan şossesi 18 ünvanında yerləşən kafeni açmağa gələn zaman giriş qapısının önündə olan dəmir jalüzün kilidinin və arxasında olan plastik qapının da kilidinin sındırılaraq içəri kiminsə daxil olduğunu aşkar etmişdir.Bundan sonra içəri daxil olduqda kafenin içərisində girişin sol tərəfində divara asılan ona məxsus 200 manat dəyərindəki 82 diaqonal ölçüdə “LG” markalı plazma televizorun və 15 manat dəyərindəki tək antenalı “TP link” modelli modernin talandığını aşkar etmişdir. O, əvvəlcə şikayət etmək istəməmişdir. Ona görə ki, düşünmüşdür ki, bəlkə bu günkü tarixə qədər oğurlayan şəxs tanış olar və gətirib həmin əşyaları geri qaytarar. O, sonradan plastik qapının və jalüzün kilidini dəyişərək yenisi ilə əvəz etmişdir. Verilən suallara cavab olaraq bildirmişdir ki, o, hadisəni 02.04.2021-ci il tarixdə səhər saat 09 radələrində kafeni açmağa gələndə aşkar etmişdir. Buna görə də düşünür ki, hadisə 01.04.2021-ci il tarixdən 02.04.2021- ci il tarixə keçən gecə baş vermişdir. Hadisə Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi 18 ünvanında yerləşən icarə əsasında işlətdiyi kafedə olub. Baş vermiş hadisə nəticəsində ona 215 manat maddi ziyan dəydiyini bildirmişdir. Hadisə kafenin giriş qapısında olan dəmir jalüzün kilidinin və onun arxasında olan plastik qapının kilidinin sındırılması nəticəsində içəri daxil olmaqla olub. Kafenin girişində və ya daxilində hər hansısa bir təhlükəsizlik kamerası yoxdur. Qeyd etdiyi kimi o, hadisəni 02.04.2021-ci il tarixdə səhər saatlarında aşkar etmişdir. Təhqiqat zamanı izahat verərkən həmin tarix səhv qeyd olunmuşdur.Talanan televizor və modern ona məxsusdur. Kafeni icarə əsasında işlətsə də televizor və moderni öz pulu ilə almışdır. Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək Təqsirləndirilən şəxs ona vurduğu ziyanı tamamilə ödədiyini, ondan heç bir şikayətin və ya tələbinin olmamasını bildirmişdir. Məhkəmə iclasında ifadəsi elan olunmuş, şahid qismində Şahid bildirmişdir ki, o, 2021-ci ilin aprel ayının əvvəllərində hazırda xatırlamadığı gündə idarə etdiyi Vaz 2107 markalı **-ZT-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Səbail rayonunda yerləşən “Dünya market” in qarşısında dayanaraq taksi fəaliyyəti ilə məşğul olurmuş. Gündüz vaxtı hazırda xatırlamadığı saatda bir nəfər üzdən tanıdığı lakin adını bilmədiyi şəxs ona yaxınlaşaraq “Qış parkı” adlanan yerin yaxınlığında yerləşən “Şahmat klubu” istiqamətinə hansı qiymətə aparacağını soruşmuşdur. O, 5 manata apara biləcəyini demişdir. Bundan sonra həmin şəxs avtomobilə əyləşmiş və ona əvvəlcə evlərinə gedəcəyini demişdir. O, həmin şəxsin dediyi yolla əvvəlcə evlərinə sürmüşdür. Həmin şəxsin yaşadığı ev “Dünya market” in yaxınlığında olmuşdur. Həmin şəxs evə daxil olmuş və bir qədər sonra evdən televizorla birlikdə çıxaraq televizoru gətirib avtomobilin arxa hissəsinə qoymuşdur. Yolda olarkən həmin şəxs ona həmin televizoru satmağa apardığını demişdir. Bundan sonra onlar “Şahmat klubu” adlanan yerin yaxınlığına getmişlər. Orada həmin şəxs avtomobildən düşmüş və televizoru da götürmüşdür. O, həmin şəxsi bir qədər gözlədikdən sonra həmin şəxs geri qayıtmış və televizoru sata bilmədiyini bildirmişdir.Bundan sonra avtomobilə əyləşmiş və televizoru almaq üçün ona təklif etmişdir. Həmin şəxs əvvəlcə ona televizoru 100 manata satacağını demişdir. O, 100 manat pulunun olmadığını demişdir. Bundan sonra yol boyu gələrkən qiyməti aşağı endirmiş və onlar artıq yenidən Səbail rayonu “Dünya market” in yaxınlığına çatdıqda həmin şəxslə televizorun qiymətinin 25 manat olması ilə razılaşmışlar. O, həmin şəxsə 25 manat pul vermiş və televizoru almışdır. Sonradan iyul ayında onu Səbail RPİ-nin 8-ci PBnə dəvət etmişlər və o, ora getdikdə məlum olmuşdur ki, həmin televizor oğurluq yolla əldə edilib. Buna görə də televizoru təhqiqata təqdim etmişdir. Verilən suallara cavab olaraq bildirmişdir ki, birinci həmin şəxs ona televizoru satmaq istədiyini təklif etmiş, əvvəlcə 100 manata satmaq istədiyini demişdir. Sonra isə qiyməti aşağı endirərək 25 manata satmışdır. Həmin şəxs televizoru ona satarkən oğurluq yolla əldə etməsi barədə heç bir söz deməmiş, həmçinin o, bunu başa düşməmişdir. Ona görə ki, həmin şəxs gedib evindən televizoru götürmüş və ona da həmin televirozun özünə məxsus olduğunu demişdir. Hadisə yerinə baxış keçirilməsi haqqında 10 iyul 2021-ci il tarixli protokoldan görünür ki, hadisə Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi 18 ünvanında yerləşən kafedə baş vermişdir. Təqdim etmə, götürmə və baxış 11 iyul 2021-ci il tarixli protokoldan görünür ki, araşdırma zamanı Şahid təhqiqata bir ədəd televizor təqdim etmiş və televizor götürülmüşdür. Televizor “LG” markalı “37LH220H” modellidir. Televizorun aşağı hissəsində işlənmədən yaranan sarı rəngli ləkələr vardır. Əşyanının tanınmaya təqdim edilməsi haqqında 13 iyul 2021-ci il tarixli protokoldan görünür ki, araşdırma zamanı 1 ədəd “LG” markalı “37LH220H” modelli televizor Zərərçəkmiş şəxs tanınmaya təqdim olunmuş, Zərərçəkmiş şəxs özünə məxsus olan əmlakı tanımışdır. Məhkəmə əmtəəşünaslıq ekspertizaslıq ekspertizasının 09 avqust 2021-ci il tarixli 9/5044 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs məxsus 01 ədəd 2010-cu il Koreya istehsalı “LG” markalı “37LH220H” modelli televizorun istifadədə olunması nəzərə alınmaqla 2021 -ci ilin aprel ayına olan orta bazar qiyməti təxminən 200.0 manat, qərarda göstərilən 01 ədəd TP-Link markal modem 2021-ci ilin aprel ayına olan orta bazar qiyməti nəzəri qaydada təxminən 15.0 manat müəyyən edilir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124.2.2ci maddəsinin tələbinə uyğun olaraq iş materiallarında olan ekspertiza rəylərini sübut növü kimi qəbul etmişdir. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistika və İnformasiya İdarəsi tərəfindən tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Şübhəli şəxsin tutulması haqqında protokoldan, həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin təmin edilməməsi haqqında və qətimkan tədbirinin seçilməsi haqqında qərarlardan görünür ki, Təqsirləndirilən şəxs 12 iyul 2021-ci il tarixdən şübhəli şəxs qismində tutulmuş, 14 iyul 2021-ci il tarixdə azad olunaraq barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Əsas təhsil haqqında şəhadətnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri, Nəsimi rayonu 8 nömrəli ümumtəhsil orta məktəbində oxumuş və 2006-cı il tarixində əsas təhsilini bitirmişdir. Ana-dili Azərbaycan dili müəyyən edilmşdir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələbinə uyğun olaraq iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və iş üzrə digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv, hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə düzgün tövsif edilmiş, onun həmin maddədə nəzərdə tutulmuş əməli törətməkdə təqsiri sübuta yetirilmişdir və o törətdiyi cinayət əməlinə görə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb olunmasını istisna edən hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarların şəxsiyyətlərini, hər birinin cinayətin törədilməsində rolunu, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onların islah olunmalarına təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarında qeyd olunur ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 27 dekabr 1996-cı il tarixli Qərarının 13-cü hissəsində göstərilmişdir ki, cinayət qanununun sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı, başqa daha yüngül cəza tədbiri tətbiq etmənin mümkünlüyünü nəzərdə tutursa, məhkəmə hökmündə nə üçün müttəhimə məhz azadlıqdan məhrum etmə cəzasının tətbiq olunmasının əsası göstərilməlidir. Eləcə də müttəhimin şərti məhkum olunması, ona cinayət üçün qanunda nəzərdə tutulduğundan aşağı hədd cəza təyin edilməsi və ya daha yüngül başqa cəzaya keçirilməsi, habelə müttəhimin cəzadan azad edilməsi və ya onu ümumi qaydadan kənara çıxmaqla koloniya növü təyin olunması zərurəti barədə nəticəyə gəlməsi hökmdə əsaslandırılmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs məhkəmə proseslərində olan davranışının, əməlindən səmimi peşman olmasının, zərərçəkmiş şəxslə barışıq əldə edilməsinin, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasının, ilk dəfə az ağır cinayət törətməsinin, əvvəllər məhkum olunmamasının, cinayəti ehtiyyacdan törətməsinin və gənc olmasının nəzərə alaraq belə nəticəyə gəlir ki, o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib, ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin edilməli, bununla belə, onun cəza çəkmədən islah olunmasını mümkün hesab edilməklə, barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq olunaraq təyin olunan cəzanın şərti hesab edilməsini məqsədəuyğun hesab edir. Məhkəmə hesab edir ki, bu, qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Eyni zamanda Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.12-ci maddəsinin tələbləri baxımından Təqsirləndirilən şəxs barəsində seçilmiş “Polisin nəzarəti altına vermə” növündə qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmasını əsaslı hesab edir. Eyni zamanda məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır Təqsirləndirilən şəxs 12 iyul 2021-ci il tarixdən, 14 iyul 2021-ci il tarixədək 02 (iki) gün şübhəli şəxs qismində tutulduğu müddət ona təyin edilmiş əsas cəza müddətindən çıxılmaqla və üzərində qəti cəza saxlanılmalıdır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar məhkəmə araşdırması zamanı müəyyən olunmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində qeyd olunmuş əmlakın müəyyən olunmamasını nəzərə alaraq məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs xüsusi müsadirə cinayət-hüquqi tədbiri tətbiq olunmamalıdır. Məhkəmə, eyni zamanda, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.11-cu maddəsinə uyğun olaraq, iş üzrə ekspertiza xərcinin təqsirləndirilən şəxsdən tutulmasını, iş üzrə Zərərçəkmiş şəxs məxsus 1 ədəd “LG” markalı, “37LH220H” modelli televizor maddi sübut kimi tanınmış və zərərçəkmiş şəxsə qaytarılması nəzərə alınmasını, həmçinin Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli 31 saylı qərarına əsasən təqsirləndirilən şəxsin məhkəmədə hüquqlarının müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. İş üzrə mülki iddia və üzərinə həbs qoyulacaq əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 351-356cı maddələrini rəhbər tutaraq, məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddələri ilə təqsirli bilinib 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs 12 iyul 2021-ci il tarixdən 14 iyul 2021-ci il tarixədək 02 (iki) gün şübhəli şəxs qismində tutulduğu müddət ona təyin edilmiş əsas cəza müddətindən çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş cəza, sınaq müddəti 2 (iki) il müəyyən olunmaqla şərti olaraq tətbiq edilsin. Sınaq müddətinin əvvəli hökmün qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs üzərinə nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini, iş yerinin dəyişdirilməmək vəzifələri qoyulsun. Cəzanın icrası Bakı şəhəri Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “Polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs məxsus 1 ədəd “LG” markalı, “37LH220H” modelli televizor maddi sübut kimi tanınmış və zərərçəkmiş şəxsə qaytarılması nəzərə alınsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə (Az.MEM, VÖİN **********, X2, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, S.W.İ.F.T. Bik: CTREAZ22) köçürülsün. Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən 120 (yüz iyirmi) manat pul tutularaq Bakı şəhəri 12 saylı Vəkil Bürosunun "xxxx" QSC-nin Səbail filialındakı hesabına keçirilsin. Hökmdən 20 gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya şikayəti və ya apellyasiya protesti verilməzsə, qeyd olunan müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM AZƏR TAĞİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar