Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-252/2024 14.08.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Hüseyxanova Sevinc Eynur qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə xx xxxxxxxx 1989-cu ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə 14 avqust 2024-cü il tarixdə saat 12.15-də açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İttiham aktına əsasən Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda narkotik vasitə əldə edib üzərində saxlamaqla daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq 01 ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 0,725 qram olan xeyli miqdarda narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla, Bakı şəhəri, Səbail rayonu, “İçərişəhər” ərazisi, Fərid Əliyev küçəsinədək daşımış, 25 yanvar 2024-cü il tarixdə saat 16:30 radələrində özünü şübhəli apardığı üçün Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinin əməkdaşları tərəfindən Bakı şəhəri, Səbail rayonu, “İçərişəhər” ərazisi, Fərid Əliyev küçəsində saxlanılaraq, Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinin ünvan 2 ünvanda yerləşən inzibati binasına aparıldıqdan sonra orada üzərinə şəxsi axtarış keçirilərkən əynində olmuş göy rəngli cins şalvarının sağ yan cibindən şəffaf sellofana bükülmüş bir ədəd bükümdə təmiz çəkisi 0,725 qram olan xeyli miqdarda narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, uzun müddətdir, yəni təxminən 10 ildir, narkotik vasitə olan heroini müxtəlif üsullarla əldə edib könüllü qəbul edir, buna onu heç kim təhrik etməmişdir. 24 yanvar 2024-cü il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, «Kubinka» deyilən ərazidə tanımadığı şəxsdən 10 (on) manata narkotik vasitə heroin alıb cibində saxlamışdır ki, sonradan özü istifadə etsin. 25 yanvar 2024-cü il tarixdə saat təxminən 16:30 radələrində Səbail rayonu, Fərid Əliyev küçəsində olduğu zaman, polis əməkdaşları tərəfindən saxlanılaraq Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinə dəvət edilmiş və polis əməkdaşları ilə birlikdə Səbail rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinə getmişdir. Əməlindən səmimi peşman olduğunu və bir daha belə hallara yol verməyəcəyini nəzərə alaraq barəsində yüngül cəzanın tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinin polis sahə inspektoru polis leytenantı Şahid2 ifadəsində göstərmişdir ki, 25 yanvar 2024-cü il tarixdə saat 16:30 radələrində Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinin əməliyyat müvəkkili polis baş leytenantı Şahid1 ilə birlikdə Bakı şəhəri, Səbail rayonu, “İçərişəhər” ərazisi, Fərid Əliyev küçəsində xidmətdə olduğu zaman əvvəllər tanıdığı Təqsirləndirilən şəxs onları görüb özünü qeyri-adekvat aparmasını və qaçmaq istədiyini görmüşlər, dərhal həmin şəxsə yaxınlaşaraq özlərini təqdim edib Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinin əməkdaşları olduqlarını bildirmişlər və özünü təqdim etməyi təklif etmişlər. Həmin şəxs onların suallara qeyri-adekvat cavab verdiyi və suallardan yayındığı üçün şübhələnib onlarla birlikdə Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinə getməyə dəvət etmişlər. Həmin şəxs etiraz etməmiş, 9-cu Polis Bölməsinə getmişlər və bölmədə təhqiqatçının xidməti otağına keçirmişlər. Təqsirləndirilən şəxs təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutulmasından sonra hüquqlarını müdafiə etməsi üçün dəvət edilmiş müdafiəçinin və onların iştirakı ilə videoçəkilişlə üzərinə şəxsi axtarış və götürmə aparılmağa başlanılmış, şəxsi axtarış və götürmə zamanı Təqsirləndirilən şəxs üzərində hər hansı bir qanunsuz əşyanın olubolmaması, qanunsuz əşya və predmetlər varsa masanın üzərinə qoyub təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs həmin gün əynində olmuş göy rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd şəffaf sellofan bükümü çıxararaq, masanın üzərinə qoymuş, həmin büküm açılarkən, içərisində qəhvəyi rəngli, toz şəkilli, spesifik qoxuya malik, narkotik vasitə heroinə bənzər kütlə aşkar edilmişdir. Təqsirləndirilən şəxs həmin bükümün içərisində narkotik vasitə heroin olduğunu, narkotik vasitə heroini bir gün əvvəl, yəni 24 yanvar 2024-cü il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, «Kubinka» kimi adlanan ərazidə tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 20 (iyirmi) manata alaraq, şəxsi istifadəsi üçün üzərində saxlayıb gəzdirdiyini bildirmişdir. Təqsirləndirilən şəxs saxlanılarkən və 9-cu Polis Bölməsində üzərində axtarış və götürmə aparılarkən, sonuncuya qarşı heç bir formada fiziki və ya psixoloji təzyiqlər edilməmiş və qanun çərçivəsində rəftar olunmuşdur. Cinayət işində olan videogörüntüyə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılır. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə istintaqı hərəkəti keçirilərkən əynində olmuş göy rəngli cins şalvarının sağ yan cibindən şəffaf sellofana bükülmüş bir ədəd bükümdə bükülmüş kütləni çıxarıb masanın üzərinə qoymuşdur. Sorğu-sual zamanı o, təqdim etdiyi bükümün içərisində narkotik vasitə heroinin olmasını, 10 ilə yaxındır istifadə etdiyini, maddəni Bakı şəhəri Nəsimi rayonu «Kubinka» adlanan ərazidən özü istifadə etmək üçün tanımadığı şəxsdən 20 (iyirmi) manata aldığını bildirmişdir. Götürülmüş narkotik vasitə bir ədəd kağız zərfə qablaşdırılaraq möhürlənmişdir. Bu barədə protokol tərtib edilmiş və həmin protokol bütün iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə fiziki-kimyəvi ekspertizası üzrə 26 yanvar 2024-cü il tarixli, 3-16-16/2-6/670 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi “Zərflər üçün N° 166” dairəvi möhür əksləri, “Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar...” soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdəki 1 (bir) ədəd şəffaf rəngli sellofan bükümdə təmiz çəkisi 0,725 qram olan açıq qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir; heroinin təmiz çəkisi - 0,725 qram, tədqiqata sərf edilmiş - 0,050 qram, qalıq çəkisi - 0,675 qram. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq edilmiş siyahılara əsasən heroin «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş narkotik vasitələrin siyahısına (Siyahı İ) daxildir. Ekspertiza xərclərinə dair bildirişlərdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 65 (altmış beş) manatdır. Respublika Narkoloji Mərkəzinin məhkəmə-narkoloji ekspertizası üzrə 07 mart 2024-cü il tarixli, 1552 saylı ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur; narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. 25 yanvar 2024-cü il tarixli qərarla Təqsirləndirilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, yəni 25 yanvar 2024-cü il tarixdə saat 16:30-dan tutulmuş hesab edilmişdir. 26 yanvar 2024-cü il tarixli qərarla toplanmış material üzrə fakta görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ********* saylı cinayət işi başlanmış və icraata qəbul edilmişdir. 26 yanvar 2024-cü il tarixli qərarla Təqsirləndirilən şəxs barəsində başlanmış ********* saylı cinayət işi aidiyyəti üzrə Səbail Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilmişdir. 27 yanvar 2024-cü il tarixli qərarla ********* saylı cinayət işi icraata qəbul edilmiş və ibtidai istintaqı davam etdirilmişdir. 27 yanvar 2024-cü il tarixli qərarla Təqsirləndirilən şəxs cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş ittiham elan edilmişdir. 27 yanvar 2024-cü il tarixli qərarla ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində 03 (üç) ay müddətə həbs qətimkan tədbirinin seçilməsinə dair Səbail Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi Nabil Abdullayevin 27 yanvar 2024-cü il tarixli vəsatəti təmin edilmədən rədd edilmişdir. 27 yanvar 2024-cü il tarixli qərarla Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. 11 mart 2024-cü il tarixli qərarla Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə istintaqı aparılan ********* saylı cinayət işi üzrə icraat dayandırılmışdır. 12 iyun 2024-cü il tarixli qərarla ********* saylı cinayət işi üzrə dayandırılmış icraat təzələnmiş və istintaqı davam etdirilmişdir. 12 iyun 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin gün Səbail Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə könüllü olaraq gəlmişdir. 12 iyun 2024-cü il tarixli qərarla cinayət işi üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş təmiz çəkisi 0,725 qram olan narkotik vasitə heroin iş üzrə maddi sübut kimi tanınmış, tədqiqatdan sonra qalıq çəkisi 0,675 qram olan narkotik vasitə heroin cinayət işi üzrə məhkəmənin qanuni qüvvvəsini alacaq hökmünün icrasınadək saxlanılması üçün Səbail Rayon Polis İdarəsinin saxlanc yerinə təhvil verilmişdir. Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 21 fevral 2024cü il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, xx.xx.1989-cu il təvəllüdlü Təqsirləndirilən şəxs: - Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 01 (bir) il 08 (səkkiz) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. xx.xx.2022-ci ildə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin qərarına əsasən Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Amnistiya qərarına əsasən hökmlə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsi 01 (bir) il azaldılmışdır. - Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. xx.xx.2023-cü ildə Salyan Rayon Məhkəməsinin qərarı ilə cəzasının çəkilməmiş 09 (doqquz) gün müddəti vaxtından əvvəl şərti azad edilmişdir. xx.xx.2023-cü ildə Salyan Rayon Məhkəməsinin qərarı ilə təyin edilmiş narkotikdən məcburi müalicə ləğv edilmişdir. xx.xx.2023-cü ildə cəza müddəti başa çatmışdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(004)-60/2022 saylı hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il 04 (dörd) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə təyin olunmuş qəti cəzanın çəkilməmiş qalan 08 (səkkiz) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası hazırki hökmlə təyin olunan cəza ilə qismən birləşdirilməklə, Təqsirləndirilən şəxs qəti olaraq 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(009)-252/2024 saylı qərarı ilə Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməklə həbs qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri ləğv edilmişdir. İş materiallarına əlavə edilmiş Səbail Rayon Polis İdarəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsi barədə Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə Səbail rayon ərazisində saxlanılaraq Bakı İstintaq Təcridxanasına təhvil verilmişdir. İş materiallarına əlavə edilmiş Bakı İstintaq Təcridxanasının xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə Səbail Rayon Polis İdarəsinin cinayət axtarış şöbəsinin əməkdaşları tərəfindən tutularaq xx.xx.2024-cü il tarixdə Bakı İstintaq Təcridxanasına təhvil verilmişdir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə özünün etirafı, şahid ifadəsi, ekspert rəyi, iş materiallarına əlavə edilmiş işin digər halları ilə onun satış məqsədi olmadan, qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini əldə edərək saxlamaqla daşıma cinayətini törətməsi tamamilə sübuta yetirildi. Məhkəmə onun əməlinin istintaq orqanı tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilməsini əsaslı sayır və qeyd edir ki, o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlukəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs özünü təqsirli bilərək səmimi peşman olmasını və törətdiyi əməlin nəticələrinə dair məsuliyyətini dərk etməsini cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmədə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs ilk dəfə Bakı şəhəri Səbail rayon Məhkəməsinin 06 avqust 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək, 01 (bir) il 08 (səkkiz) ay azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, Bakı şəhəri Səbail rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə, barəsində Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021 -ci tarixli Amnistiya Qərarına əsasən, hökm ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsi 01 (bir) il azaldılmışdır. Daha sonra Təqsirləndirilən şəxs Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 -ci maddəsi ilə təqsirli bilinərək, 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş və Salyan Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə cəzasının çəkilməmiş 09 (doqquz) gün müddətə vaxtından əvvəl şərti azad edilmiş, 17 mart 2023-cü il tarixdə isə cəza müddəti başa çatdığı üçün o, azadlığa çıxmışdır. Lakin məhkumluğu ödənilməmiş, iki il keçmədən 25 yanvar 2024-cü il tarixdə yenidən qəsdən az ağır cinayət törətmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluqları ödənilmiş hesab olunur. Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Məhkəmə Cinayət Məcəllənin 61.1.1-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivinin olmasını cəzanı ağırlaşdıran hal kimi qiymətləndirir. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə cəzası təyin olunduğu təqdirdə təmin edilə bilər və ona azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrumetmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə 25 yanvar 2024-cü il tarixdən 27 yanvar 2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu və saxlanıldığı müddətinin 01 (bir) günü 01 (bir) gün azadlıqdan məhrumetmə cəzasına bərabər tutularaq, cəmi 02 (iki) gün təyin olunmuş cəzadan çıxılmaqla, üzərində qəti cəza saxlanılmalıdır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cinayətlərin residivi zamanı əvvəllər azadlıqdan məhrumetmə növündə cəza çəkdiyindən ona təyin olunacaq azadlıqdan məhrumetmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Cinayət işinin materialları ilə Təqsirləndirilən şəxs azadlığının faktiki olaraq 23 iyul 2024-cü il tarixdən məhdudlaşdırılması təsdiq edildiyindən məhkəmə hesab edir ki, sonuncunun cəzaçəkmə müddətinin əvvəli də həmin tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin Ambulator X2 ekspert komissiyasının 07 mart 2024-cü il tarixli, 1552 saylı ekspert rəyi nəzərə alınaraq Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhər Səbail Rayon Polis İdarəsində saxlanılan keçirilmiş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,675 qram olan (ilkin təmiz çəki 0,725 qram) kustar üsulla hazırlanmış narkotik vasitə- heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 65 (altmış beş) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 31 saylı qərarına əsasən təqsirləndirilən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344- 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs 25 yanvar 2024-cü il tarixdən 27 yanvar 2024-cü il tarixədək həbsdə saxlanıldığı müddət Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrumetmə müddətinin bir günü bir gün hesabı ilə hesablanmaqla, 02 (iki) gün təyin olunmuş cəzadan çıxılmaqla, üzərində qəti olaraq 01 (bir) il 11 (ay) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 23 iyul 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Bakı şəhər Səbail Rayon Polis İdarəsində saxlanılan iş üzrə maddi sübut kimi tanınmış, keçirilmiş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,675 qram olan (ilkin təmiz çəki 0,725 qram) narkotik vasitə- heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 65 (altmış beş) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142595, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X3, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən 300 (üç yüz) manat Bakı şəhəri 3 saylı Vəkil Bürosunun hesabına keçirilsin. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim Ülviyyə Şükürova
Məhkəmə qərarları › İş №1(009)-252/2024
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-252/2024
14.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver