Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-252/2025 29.09.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Saat: 15:00 Hakim Bağırova Sahilə Hümbət qızının sədrliyi, X3 məhkəmə iclas katibliyi, Dövlət ittihamçısı-AR Baş Prokurorluğu Dövlət ittihamının Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin İ dərəcəli hüquqşünası Dövlət ittihamçısı3, Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1993-cü ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, 1 uşaq anası, məhkum olunmamış, işləməyən, Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, S.Hüseyn küçəsi, ev 25, mənzil 6-da qeydiyyada olmaqla hazırda barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: Bakı şəhəri Səbail Rayon Məhkəməsinin icraatına 20 iyun 2025-ci ildə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi daxil olmuşdur. Cinayət işinin məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talama məqsədilə xx.xx.2024-cü il tarixdən xx.xx.2025-ci il tarixədək olan müddət ərzində Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, A.Abbaszadə küçəsi, ev 17, mənzil 113-də yerləşən xadimə işlədiyi Zərərçəkmiş şəxs məxsus mənzilin dəhlizindəki ayaqqabı dolabının içərisindəki karton qutudan vahid niyyətlə əhatə olunmuş qəsdlə hissə-hissə olmaqla cəmi 2800 manat pulu və habelə mənzildən 01 cüt 300 manat dəyərində bir cüt sırğanı gizli olaraq talayıb Zərərçəkmiş şəxs ümumilikdə 3100 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə elan edilmiş ittihamda qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs evində xadimə kimi işləmişdir. Evləri yığışdıran zaman evin dəhlizindəki ayaqqabı dolabının yuxarı mərtəbəsində qutunun olması diqqətini çəkdiyini, həmin qutunun içərisində nağd formada pulun olduğunu görmüş, maddi vəziyyətinin pis olması və oğlunun xəstəliyi səbəbindən həmin qutudan hissə-hissə olmaqla pul götürməyə başlamış, əvvəlcə 200 manat götürdüyünü və daha sonra 1000 manat əlavə oğurlamışdır. Ümumilikdə 1200 manat pul oğurladığını, geridə qalan pulu və sırğanı oğurlamamışdır. Himayəsində övladının olmasını, zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəyəcəyini, əməlindən peşman olmasını nəzərə alaraq yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə cinayət əməlini törətməkdə təqsirli olması, məhkəmə istintaqında cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş təqsirləndirilən şəxs saxlanılarkən tərtib edilmiş protokol, təqsirləndirilən şəxsin ibtidai araşdırma və məhkəmə istintaqı zamanı vermiş olduğu ifadələri, şahidlərin ifadələri eləcə də işin biri-digərini tamamlayan digər halları ilə kifayət qədər sübuta yetirilmişdir. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 2024-cü ildə evlərinə xadimə kimi çalışmağa xanım axtardıqlarını, bu zaman Təqsirləndirilən şəxs ilə tanışlığı olmuş və onun öz evlərində xadimə kimi işləməyinə razılaşmışdır. qeyd edilən evdə o, həyat yoldaşı Şahid, qızları Nikol və Ceyda ilə birlikdə yaşayır. Bu evə ailə üzvlərindən və Svetlanadan başqa kənar bir şəxs daxil olmamışdır. Evin əsas qapısının açarının surəti əlavə olaraq Svetlanaya vermişdir ki, evdə olmayanda rahat şəkildə evə gəlib təmizlik işləri görsün. Həyat yoldaşı Şahid ad gününə hədiyyə almaq üçün 3.000 (üç min) manat pul toplamış və həmin pulu açıq yaşıl rəngli karton qutuya, qutunu isə evin dəhlizində yerləşən paltar şkafının yuxarı mərtəbəsinə digər qutunun yanına qoymuşdur. Həmin ilin oktyabr ayının sonlarında 3.000 (üç min) manat pul vəsaitinin qutuda olduğunun şahidi olmuşdur. Xarici səfərə getməmişdən əvvəl evin əsas qapısının açarını Svetlanadan almışdı. Ailə üzvləri ilə birlikdə noyabr ayının 10-da X1 getmiş və həmin ayın 30-u geri qayıdıb. Həmin ərəfədə anası Rəhmanova İrina ilə əlaqə saxlamış və evdə təmizlik işləri görülməsi üçün evin açarının Svetlanaya verilməsini bildirib. Anası noyabr ayının 27-də Svetlana ilə danışmış və sonuncu evin açarını anasından götürərək evə getmişdir. O, evdə təmizlik işləri gördükdən sonra açar onun özündə qalmışdır. Noyabr ayının 30-da evə qayıdıb. Evə qayıdan zaman pul qoyduğu qutuya baxıb və onları saymadan təkrar yerinə qoyub. Dekabr ayının 26-da Riada hədiyyə almaq üçün qutuya baxan zaman qutuda cəmi 750 (yeddi yüz əlli) manat pul qaldığını, 2.250 (iki min iki yüz əlli) manat pul vəsaitinin əskik olduğunun şahidi olub. Bu barədə heç kimə bir söz deməyib. Həmin vaxtı 2.250 (iki min iki yüz əlli) manat pul vəsaitinin Svetlana tərəfindən oğurlanmasını şübhələnib və buna görə də onu yoxlamaq məqsədilə qutuda olan pul vəsaitlərinin şəklini öz mobil telefonu ilə çəkib və yenidən qutuya, qutunu isə şkafda öz yerinə qoyub. Daha sonra yanvar ayının 4-də yenidən qutuya baxan zaman ora qoyduğu 750 (yeddi yüz əlli) manat pul vəsaitinin yerində olduğunu görüb və yenidən həmin qutunu öz yerinə qoyub. 12 yanvar 2025-ci il tarixdə saat 12 radələrində yenidən həmin qutuya baxdıqda qutuda cəmi 200 (iki yüz) manat pul vəsaitinin qaldığını, əlavə olaraq 550 (beş yüz əlli) manat pulun yerində olmadığının şahidi olub. Daha sonra qızlarını çağırıb və onlardan bu barədə məlumat alıb. Qızları Nikol və Ceyda həmin yerdə pul vəsaitinin olmağından məlumatlarının olmadığını bildiriblər. Artıq bu vəziyyətdə məcbur olub Riada olanlar barədə məlumat verib. Daha sonra qızı Nikol bu zaman ona hədiyyə verilən dəyəri 300 manat dəyərində olan bir cüt sırğasının sentyabr aylarında itirdiyini, bu hadisə olmamışdan öncə qorxudğu üçün sırğasının itdiyini demədiyini, bu yaxınlarda, yəni dekabr ayının sonlarında həmin sırğanın bir tayının Svetlananın qulağında görməsinin şahidi olduğunu deyib. Hadisə nəticəsində ona ümumilikdə 3100 manat maddi ziyan dəymişdir. Zərərin əvəzi ödənilməmiş, lakin təqsirləndirilən şəxsə ağır cəza verilməsini istmədiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Şahid ifadəsində göstərmişdir ki, evlərinə xadimə kimi çalışmağa xanım işçi axtarırdıq, həyat yoldaşı ilə qərarlaşmışlar ki, Təqsirləndirilən şəxs öz evlərində xadimə kimi işləsin. Qeyd edilən evdə o, həyat yoldaşı, qızları Nikol və Ceyda ilə birlikdə yaşayır. Bu evə ailə üzvlərindən və Svetlanadan başqa kənar bir şəxs daxil olmamışdır. Evin əsas qapısının açarının surəti əlavə olaraq Svetlanaya verilmişdir ki, evdə olmayanda rahat şəkildə evə gəlib təmizlik işləri görsün. Həyat yoldaşı Şəhla onun ad günü üçün yığdığı puldan heç bir məlumatı olmamışdır. 12 yanvar tarixində Şəhla ona yaxınlaşaraq evin dəhlizində olan paltar şkafının yuxarı mərtəbəsinə qoyduğu açıq yaşıl rəngli qutunu göstərib və topladığı 3.000 (üç min) manat puldan 200 (iki yüz) manat pulun qaldığını bildirib. Şəhlaya həmin pul vəsaitinin hansı tarixdə qutuya qoyduğunu və sonuncu dəfə onu nə vaxt görməsini soruşduqda Şəhla bütün olanlar barədə ona məlumat verib. Daha sonra qızları Nikol və Ceydanı çağırıb və onlardan pulun orada olub-olmamağını soruşduqda onlar həmin yerdə pul vəsaitinin olmağından məlumatlarının olmadığını bildirdilər. Daha sonra Nikol ona hədiyyə verilən dəyəri 300 (üç yüz) manat olan bir cüt sırğasının sentyabr aylarında itirdiyini, bu yaxınlarda, yəni dekabr ayının sonlarında həmin sırğanın bir tayının Svetlanın qulağında görməsinin şahidini olduğunu deyib. Şəhlanın topladığı və qalıq qalan 2.800 (iki min səkkiz yüz) manat pul vəsaitinin və qızı Nikola məxsus bir cüt qızıl sırğanın Təqsirləndirilən şəxs tərəfindən oğurlanmasını bildirir. Ona görə ki, bu evə onlardan və Svetlanadan başqa heç kim daxil olmamışdır. Onlara məxsus mənzildən konkret olaraq 2800 manat nağd pul və qızımıza məxsus 300 manat dəyərində sırğa oğurlanmışdır. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə hüquqi qiymət verilməsi ilə bağlı məhkəmə ilk öncə bildirir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124.2-ci maddəsinə əsasən cinayət prosesində sübut kimi şübhəli, təqsirləndirilən, zərər çəkmiş şəxsin və şahidlərin ifadələri, ekspertin rəyi, maddi sübutlar, istintaq və məhkəmə hərəkətlərinin protokolları, digər sənədlər sübut kimi qəbul olunur və bu sübutlar özündə həmin Məcəllənin 124.1.2-ci maddəsinin tələbinə görə hadisənin cinayət hadisəsi olubolmaması, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmaması, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilib-törədilməməsi, onun təqsirli olub-olmaması, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir. Prosessual normanın qeyd edilən tələbindən yola çıxaraq məhkəmə təqsirləndirilən şəxsə törətməsi istinad olunan əməli həmin normanın tələbləri daxilində məhkəmə iclasında tədqiq edilmiş sübutlarla əlaqəli şəkildə tədqiq edərək aşağıdakıları qeyd edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: -“cinayət işinin başlanılması haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə cinayət işi başlanılmışdır. (cild İ, iş vərəq 1-2) -xx.xx.2025-ci il tarixdə “hadisə yerinə baxış keçirilməsi haqqında” protokol tərtib olunmuş və hadisə yerinin fotoşəkilləri əlavə olunmuşdur. (cild İ, iş vərəq 24-28) -Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat Statistika və İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. (cild İ, iş vərəq 30) -“cinayət işinin icraata qəbul edilməsi” haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi icraata qəbul edilərək ibtidai istintaq aparılmışdır. (cild İ, iş vərəq 36) -“zərərçəkmiş şəxs qismində tanınma” haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. (cild İ, iş vərəq 38) -“ittiham elan edilməsi üçün şübhəli şəxsin tutulması və barəsində axtarış elan edilməsi” haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində şübhəli şəxs qismində axtarış elan edilmişdir. (cild İ, iş vərəq 54) -“icraatın dayandırılması” haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə ibtidai istintaqı aparılan ********* nömrəli cinayət işinin icraatı təqsirləndirilən şəxs qismində cəlb edilməli olan şəxs müəyyən olunanadək dayandırılmışdır. (cild İ, iş vərəq 55) -“cinayət işi üzrə icraatın təzələnməsi və icraata qəbul edilməsi” haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə icraat təzələnmiş və icraata qəbul edilmişdir. (cild İ, iş vərəq 59) -“təqsirləndirilən şəxs qismində cəlb etmə” haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və Azərbaycan Respublikasının CM-nin 177.1-ci maddəsi ilə nəzərdə tutulan ittiham elan olunmuşdur. (cild İ, iş vərəq 69) -“qətimkan tədbirinin seçilməsi” haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmişdir. (cild İ, iş vərəq 80-81) Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarından görünür ki, xx.xx.1993-cü ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, məhkum olunmamış, işləməyən, Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, S.Hüseyn küçəsi, ev 25, mənzil 6-da qeydiyyada olmaqla, hazırda barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilmiş, Təqsirləndirilən şəxs barəsində axtarış elan olunaraq, iş üzrə icraat dayandırılmışdır. Səbail Rayon Polis İdarəsindən Səbail Rayon Məhkəməsinə 11 sentyabr 2025-ci il tarixdə daxil olmuş 29 avqust 2025-ci il tarixli, 47/2-18228 nömrəli məktubdan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Xəzər Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilərək Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına yerləşdirilmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 4(003)-293/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 05 iyul 2025-ci il tarixdən hesablanmışdır. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “X2 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir.Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmək, həmin sübutları mübahisələndirmək imkanına malik olmuşdur. Təqsirləndirilən şəxsin əleyhinə olan sübutlara etiraz etmək və onları mübahisələndirmək üçün məhkəmə prosesində ona imkan yaradılmışdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə həmçinin onu da qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı əvvəlcə 200 manat götürdüyünü və daha sonra 1000 manat əlavə oğurladığını ümumilikdə 1200 manat pul oğurladığını, geridə qalan pulu və sırğanı oğurlamadığını bildirərək ziddiyyətli ifadə verməsini şəxsin özünümüdafiəsi kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikası cinayət-prosessual qanunvericiliyi müəyyən edir (Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 1.1-ci maddəsi). Hər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız Cinayət-Prosessual Məcəlləsində (bundan sonra - CPM) göstərilən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1-ci maddəsinə görə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olub-olmamasıdır. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericilik onunla bağlı konkret tələblər irəli sürür. Cinayətprosessual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 349.3., 349.4., 349.5-ci maddələri). Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146) Təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq məhkəmə hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. (xx.xx.2025-ci il tarixli dəyişikliyədək olan mətn) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama– üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 25 iyun 2025-ci il) Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxslərin, şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi oğurluq əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1 ci maddəsinə görə oğurluq, yəni özgə əmlakının gizli yolla talama kimi ifadə edilmişdir. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun Qərarına əsasən talama dedikdə, özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Həmin Qərarın 2-ci bəndinə əsasən mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan oğurluq cinayəti bitmiş hesab edilir. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikasi Ali Məhkəməsinin Plenumunun 3 mart 2005-ci il tarixli qərarının 17-ci bəndinə görə cinayətin predmetinin eyni mənbədən götürülməsi yolu ilə törədilən, bir cinayəti təşkil edən oxşar hərəkətlər məcmusundan ibarət olub vahid qəsdlə əhatə olunan davam edən talamanı təkrar törədilən talamadan fərqləndirmək lazımdır. Eyni zamanda Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “CMin 66.5 və 67-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 14 iyul 2022-ci il tarixli qərarında bildirmişdir ki, davam edən cinayətlərə aşağıdakı əlamətlər xasdır: - müxtəlif vaxtlarda iki və daha artıq bir-biri ilə faktiki əlaqədə olan əməllərin törədilməsi; - əməllərin bir-biri ilə vahid niyyət və yekun (ümumi) nəticənin əldə olunması istəyi ilə birləşməsi; - cinayətlərin çoxluğundan fərqli olaraq bir cinayət kimi qiymətləndirilməsi və CM-in bir maddəsi ilə tövsif olunması. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinə əsasən bu Məcəllənin 177.1, 178.1 və 179.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı, lakin beş min manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda yaranır. Bu Məcəllənin 177.2.1-177.2.3-2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə yüz manatdan yuxarı məbləğdə ziyan vurulduğu hallarda yaranır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsinin təhlili belə qənaətə gəlməyə əsas verir ki, özgənin əmlakını gizli olaraq talama oğurluq cinayətinin obyektiv cəhətinin zəruri əlamətidir.Mülkiyyətçiyə və ya əmlakın digər sahibinə vurulmuş ziyanın məbləği isə konkretləşdirilmiş əlamət kimi qanunverici tərəfindən cinayət tərkibinin zəruri əlamətləri nəzərə alınmaqla həmin maddənin “Qeyd” hissəsində göstərilmişdir. Məhkəmə istintaqı zamanı müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs vurulmuş ziyanın məbləği beş yüz manatdan yuxarı olmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə qeyd edir ki, məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki,Təqsirləndirilən şəxs ona ittiham olunan əməli 2024-cü ilin oktyabr ayının sonlarından xx.xx.2025-ci il tarixədək olan dövr ərzində törətmişdir. “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında” 13 iyun 2025-ci il tarixli, 211-VİİQD nömrəli Azərbaycan Respublikasının Qanunu 1.2-ci bəndinə əsasən 177.1-ci maddənin sanksiyasında üçüncü halda “iki” sözü “üç” sözü ilə əvəz edilmişdir. (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 25 iyun 2025-ci il) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 10.2-ci maddəsinə əsasən ictimai təhlükəli əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilmə vaxtı, onun nəticələrinin baş verdiyi andan asılı olmayaraq, cinayətin törədildiyi vaxt sayılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 10.3-cü maddəsinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılmasını və bu əmələ görə cəzanı aradan qaldıran, cəzanı yüngülləşdirən, yaxud cinayət etmiş şəxsin vəziyyətini başqa cür yaxşılaşdıran cinayət qanununun geriyə qüvvəsi vardır, yəni həmin qanunun qüvvəyə minməsindən əvvəl müvafiq əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxslərə, habelə cəza çəkən, yaxud cəzasını çəkmiş, lakin məhkumluğu üstündən götürülməmiş və ya ödənilməmiş şəxslərə şamil edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli Plenum Qərarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsində dəyişikliklərin edilməsi, o cümlədən həmin Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş cəzaların yüngülləşdirilməsi, işlərə baxılarkən zamana görə cinayət qanunun tətbiqi məsələsini ortaya çıxarmaqla, onun düzgün, vahid mövqedən həll edilməsini tələb edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15-ci maddəsində cinayətlərin təsnifatı, yəni cinayətlərin böyük ictimai təhlükə törətməyən, az ağır, ağır və xüsusilə ağır cinayətlərə aid edilməsi həmin cinayətlərə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddinə görə aparıldığından, müvafiq olaraq da cinayət məsuliyyətinə cəlb etmə, məhkumluğun ödənilməsi müddətləri, cəzanın daha yüngül cəza ilə əvəz olunması, cəzadan vaxtından əvvəl şərti olaraq azad etmə kimi məsələlərin həlli də cinayətin təsnifatından, yəni dolayısı ilə cinayətə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddindən asılı olaraq həll edildiyindən, yeni və yaxud əvvəlki cinayət qanunun tətbiqi məsələsi ortaya çıxdıqda, əvvəlki və yeni sanksiyalar əsasən eyni olub yalnız azadlıqdan məhrum etmə cəzasının yuxarı hədləri fərqli olduğu hallarda hansı normanın şəxsin vəziyyətini yaxşılaşdıran norma olması məsələsi bu normalarda nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzalarından hansının yuxarı həddinin daha az olmasından asılı olaraq həll edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsinin 25 iyun 2025-ci il tarixli dəyişikliyədək olan mətninə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsinin 25 iyun 2025-ci il tarixli dəyişikliyindən sonrakı mətninə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama– üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Cinayət qanunvericiliyin tələbinə əsasən məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsinin 25 iyun 2025-ci il tarixli dəyişikliyədək olan mətni Təqsirləndirilən şəxs vəziyyətini yaxşılaşdıran norma kimi qəbul edilməli və təqsirləndirilən şəxsə cəza təyini həmin normanın sanksiyasına görə təyin edilməlidir. Cinayət qanunvericiliyinə əsasən Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi cinayətlərin təsnifatına görə böyük ictimai təhlükə törətməyən cinayət hesab olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 iyul 2022-ci il tarixli “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.1 və 73.2-ci maddələrinin şərh edilməsinə dair” qərarında ifadə edilmiş hüquqi mövqeyinə görə cinayət törətmiş şəxsin dövlət məcburetmə tədbirlərinə məruz qalmalı olması cinayət qanunvericiliyinin ümumi qəbul olunmuş yanaşmasıdır. Bu zaman cinayətlərin törədilməsinin qarşısını alan ən təsirli vasitə cəzanın ağırlığı deyil, onun qaçılmazlığıdır. (ubi culpa est, ibi poena subesse debet). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göstərilən maddənin məzmunundan göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. Sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş olsun, bununla sosial balans pozulmuş olsun və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Qanunverici Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.1-59.1.14-cü maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. Cinayət Məcəlləsində bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir. Beləliklə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinin məzmunundan görünür ki, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan və cinayət tərkibindən kənarda qalan müxtəlif hallardır. Məhkəmə, Təqsirləndirilən şəxs himayəsində az yaşlı uşağının olmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmədə, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. “Vinter və başqaları Birləşmiş Krallığa qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 9 iyul 2013-cü il tarixli qərarında qeyd edilmişdir ki, cəzanın qanuni məqsədləri cəzalandırma, çəkindirmə, islah etmə və cəmiyyətin müdafiəsidir. “Məhkəmə tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi” haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Qeyd etmək lazımdır ki, məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Məhkəmə törədilən cinayətin xarakterini, törədilmə halları və şəraiti nəzərə alaraq Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsində nəzərdə tutulan daha yüngül cəzanın təyin edilməsini cəzanın məqsədi baxımından ədalətli hesab etmir. Ona görə də məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası 177.1ci maddəsi üzrə təqsirləndirilən şəxsin cəmiyyətdən təcrid edilmədən islah edilməsi mümkün deyil və ona azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir və ona bu cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Məhkəmə yuxarıda qeyd olunan halları nəzərə alaraq hesab edir ki, azadlıqdan məhrumetmə cəzasının müddəti 05 (beş) ay müddətinə müəyyən edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Ona görə də Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.12-ci maddəsinə görə, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində hökm qanuni qüvvəyə minənədək məhkumun barəsində seçilmiş qətimkan tədbirinin həlli göstərilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 175.1-ci maddəsinə əsasən qətimkan tədbiri cinayət prosesini həyata keçirən orqan tərəfindən öz səlahiyyəti daxilində, bunun zəruriliyi sübutlarla təsdiq olunduqda daha ciddi qətimkan tədbiri ilə, cinayət işi üzrə icraatın gedişində şübhəli və ya təqsirləndirilən şəxsin lazımi qaydada davranışının və hökmün icrasının təmin edilməsinə nail olmaq mümkün olduğu halda isə daha yüngül qətimkan tədbiri ilə əvəz edilə bilər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 175.5-ci maddəsinə əsasən müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Məhkəmə qeyd edir ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilmiş lakin Səbail Rayon Polis İdarəsindən Səbail Rayon Məhkəməsinə 11 sentyabr 2025-ci il tarixdə daxil olmuş məktubdan aydın olur ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 4(003)-293/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçildiyindən Səbail Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri icra edilə bilməmişdir. Məhkəmə hesab edir ki, hazırkı vəziyyətdə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı və Bakı şəhər Xəzər Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarı ilə həbsdə saxlanılması nəzərə alınmalıdır. Müdafiəçi Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqdim etdiyi hesabata əsasən o, məhkəmə iclaslarında iştirak edərək Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə cəmi 30 (otuz) saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə müəyyən etmişdir ki, Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmə iclaslarında iştirak edərək ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 30 (otuz) saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Müdafiəçi göstərdiyi cəmi 30 (otuz) saat hüquqi yardıma görə Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 330 (üç yüz otuz) manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177. 1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia və məhkəmə xərci yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 181-ci maddəsinin tələbləri nəzərə alınaraq zərər çəkmiş şəxsə mülki iddia vermək hüququnun olması izah edilməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və 05 (beş) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın və Bakı şəhər Xəzər Rayon Məhkəməsinin xx.xx.2025ci il tarixli qərarı ilə həbsdə saxlanılması nəzərə alınsın. Cəzaçəkmə müddətinin əvvəli 29 sentyabr 2025-ci il tarixdən hesablansın. İş üzrə məhkəmə xərcləri və mülki iddianın olmadığı nəzərə alınsın. İş üzrə Zərərçəkmiş şəxs mülki iddia vermək hüququnun olması izah edilsin. Bakı Şəhər 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs dövlət hesabına göstərdiyi pulsuz hüquqi yardıma görə 330 (üç yüz otuz) manat məbləğində haqq Müdafiəçi ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan edildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Sahilə Bağırova
Məhkəmə qərarları › İş №1(009)-252/2025
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-252/2025
29.09.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver