Məhkəmə qərarları › İş №1(009)-255/2024

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-255/2024

31.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-255/2024 31.07.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Şirməmədova Günel Lətif qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi , Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1975-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə 31 iyul 2024-cü il tarixdə saat 14:00-da açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İttiham aktına əsasən Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən, satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda, bir ədəd kiçik ölçülü sellofan bükümdə təmiz çəkisi 0,441 qram olan ağ rəngli kristal şəkilli kütlədən ibarət kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edib, əynindəki qara rəngli gödəkçəsinin sağ yan cibində daşıyaraq üzərində saxlamış, 29 fevral 2024-cü il tarixdə, gecə saat 01:20 dəqiqədə, ünvan 2 ünvanın qarşısında olarkən, o, narkotik vasitələrin qanunsuz dövriyəsində şübhəli bilindiyindən, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nətiçəsində saxlanılıb, ünvan 3 ünvanında yerləşən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin inzibati binasına gətirilib üzərinə şəxsi axtarış və götürmə keçirilərkən, əynindəki qara rəngli gödəkçəsinin sağ yan cibində bir ədəd kiçik ölçülü sellofan bükümdə təmiz çəkisi 0,441 qram olan ağ rəngli kristal şəkilli kütlədən ibarət kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edib götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, hadisə günü Bakı şəhəri, Nərimanov rayonu, “Gənclik” metrostansiyasının yaxınlığında yaşayan Elnarə adlı xanım ona psixotrop maddə metamfetamin vermiş və evindən çıxarkən həmin maddə üzərində olmuşdur. Metamfetamini 2023-cü ilin dekabr ayında bir dəfə istifadə etmiş, ondan sonra heç vaxt almamış və ya istifadə etməmişdir. Şübhəli şəxs qismində saxlanılarkən ondan analiz götürülməmiş, ancaq 18 may 2024-cü il tarixdə Respublika Narkoloji Mərkəzində ondan analiz götürülmüş və guya narkomaniya xəstəliyi aşkar olunmuşdur. Halbuki eyni tarixdə, yəni 18 may 2024-cü il tarixdə “Stimul Hospital” xəstəxanasında analiz vermiş və narkotik maddələrin sidikdə təyini neqativ çıxmışdır. Narkotik və sair maddələrin istifadəçisi olmadığı üçün nəticələrin müsbət çıxması mümkünsüzdür. Məhkəmədən iki azyaşlı uşağının olması və uşaqlarından birinin iflic xəstəsi olmasının nəzərə alınmasını xahiş etdi. Məhkəmənin xx.xx.2024-cü il tarixli iclasında şahid Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərmişdir ki, 29 fevral 2024-cü il tarixdə xidmətdə olarkən Təqsirləndirilən şəxs Bakı şəhəri, Nərimanov rayonu ərazisində narkotik vasitə və psixotrop maddələrin əldə edərək qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı almış və həmin tarixdə əməliyyat keçirilmişdir. Təqsirləndirilən şəxs Bakı şəhəri, Nərimanov rayonu, “Gənclik” metrostansiyasının yaxınlığında avtomobildə tək olarkən saxlamış və idarəyə gətirmişdirlər. Üzərində nə olduğunu soruşduqda psixotrop maddə metamfetamin və preqabalin təsiredici maddəsinin olduğunu və öz istifadəsi üçün daşıdığını demişdir. Cinayət işində olan videogörüntüyə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılır. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə istintaqı hərəkəti keçirilərkən əynindəki qara rəngli gödəkçəsinin sağ yan cibindən 01 (bir) ədəd kiçik ölçülü sellofan bükümdə ağ rəngli kristal şəkilli kütləni və 02 (iki) ədəd kapsulu çıxarıb masanın üzərinə qoymuşdur. Sorğu-sual zamanı o, təqdim etdiyi bükümün içərisində psixotrop maddə- metamfetamin və kapsulların preqabalin olmasını, həmin psixotrop maddələri özü istifadə etmək üçün Bakı şəhəri, Nərimanov rayonu ərazisində tanımadığı şəxsdən aldığını bildirmişdir. Götürülmüş psixotrop maddələr bir ədəd kağız zərfə qablaşdırılaraq möhürlənmişdir. Bu barədə protokol tərtib edilmiş və həmin protokol bütün iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə Ekspertizası Mərkəzinin fiziki-kimyəvi ekspertizasının 29 fevral 2024-cü il tarixli 3- 16-16/2-6/1229 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində AR DİN “Zərflər üçün №7 möhür əksi, “Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar olunan kütlələr....” və sair sözlər, soyadlar, imzalar olan kağız paketdəki 01 ədəd bükümdə təmiz çəkisi 0,441 qram ağ rəngli, kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddəmetamfetamindir. Metamfetaminin təmiz çəkisi 0,441 qram, tədqiqata sərf edildi 0,05 qram, qalıq çəkisi 0,391 qram. 01 ədəd p/e paketdə 02 ədəd üzərlərində “P300” yazısı olan ağ/qəhvəyi rəngli dərman kapsullarının tərkibində 0,6 qram (01 kapsulun tərkibində 0,3 qram) preqabalin təsiredici maddəsi müəyyən edilmişdir. Preqabalin 02 kapsul, tədqiqata sərf edildi 01 kapsul, qalıq 01 kapsul. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq edilmiş siyahılara əsasən metamfetamin «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş psixotrop maddələr»in siyahısına (Siyahı İ) daxildir. Ekspertiza xərclərinə dair bildirişlərdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 110 (bir yüz on) manatdır. Respublika Narkoloji Mərkəzinin 18 may 2024-cü il tarixli 3439 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs psixostimulyatorların qəbul edilməsi nəticəsində yaranan asıllılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. 29 fevral 2024-cü il tarixli qərarla Təqsirləndirilən şəxs 29 fevral 2024-cü il tarixdə, saat 01:20də şübhəli şəxs qismində tutulmuşdur. 01 mart 2024-cü il tarixli qərarla Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə cinayət işi başlanılmış və icraata qəbul edilərək ibtidai istintaq aparılmışdır. 01 mart 2024-cü il tarixli qərarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə nəzərdə tutulan ittiham elan olunmuşdur. 01 mart 2024-cü il tarixli qərarla Təqsirləndirilən şəxs barəsində 03 (üç) ay müddətə həbs qətimkan tədbirinin seçilməsinə dair Səbail Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi Yalçın Məmmədovun 01 mart 2024-cü il tarixli vəsatəti təmin edilmədən rədd edilmişdir. 01 mart 2024-cü il tarixli qərarla Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. 19 aprel 2024-cü il tarixli qərarla Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmişdir. 19 aprel 2024-cü il tarixli qərarla Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə istintaq edilən ********* nömrəli cinayət işi üzrə icraat Təqsirləndirilən şəxs istintaqdan gizləndiyindən dayandırılmışdır. 18 may 2024-cü il tarixli qərarla dayandırılmış ********* nömrəli cinayət işinin icraatı təzələnmiş və ibtidai istintaq davam etdirilmişdir. 05 iyun 2024-cü il tarixli qərarla Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülmüş 01 ədəd bükümdə təmiz çəkisi 0,441 qram ağ rəngli, kristallik hissəciklərdən ibarət kütlə kustar üsulla hazırlanmış psixotrop maddə- metamfetamin və 02 ədəd üzərlərində “P300” yazısı olan ağ/qəhvəyi rəngli dərman kapsullarının tərkibində 0,6 qram (01 kapsulun tərkibində 0,3 qram) preqabalin təsiredici maddə iş üzrə əhəmiyyətli olduğundan maddi sübut kimi tanınmış və məhkəmə-kimyəvi ekspertizası keçirildikdən sonra qalıq qalmış cəmi 0,391 qram çəkidə psixotrop maddə metamfetamin və bir ədəd kapsul preqabalinin təsiredici maddəsi olan bir ədəd zərf saxlanması üçün Bakı şəhəri Səbail Rayon Polis İdarəsinə təhvil verilmişdir. İş materiallarına əlavə edilmiş “Stimul Hospital” xəstəxanasının xx.xx.2024-cü il tarixli tibbi sənədindən görünür ki, Təqsirləndirilən şəxs narkotik maddələrin sidikdə təyini neqativ çıxmışdır. Respublika Səhiyyə Nazirliyinin xx.xx.2021-ci il tarixli ambulator kitabçadan çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs qızı X5 “uşaq serebral iflici, tetraparetik forma” xəstəliyi diaqnozu qoyulmuşdur. İş materiallarına əlavə edilmiş elektron sistemdən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs iki azyaşlı uşaqları vardır: X7, xx.xx.2007-ci il təvəllüdlü, X8, xx.xx.2018-ci il təvəllüdlü. Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 30 aprel 2024-cü il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, xx.xx.1975-ci il təvəllüdlü Təqsirləndirilən şəxs: - Bakı Qarnizonu Hərbi Tribunalının xx.xx.1999-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93-3-cü maddəsinin 2-ci hissəsi, 243-cü, 38-ci maddələri ilə təqsirli bilinərək 03 (üç) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. xx.xx.2000-ci ildə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 50-2-ci maddəsinə əsasən 01 (bir) il 11 (on bir) ay 18 (on səkkiz) gün şərti əməyə mütləq cəlb olunmaqla azad edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə özünün qismən etirafı, şahid ifadələri, ekspert rəyi, iş materiallarına əlavə edilmiş işin digər halları ilə onun satış məqsədi olmadan, qanunsuz olaraq xeyli miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edərək saxlamaqla daşıma cinayətini törətməsi tamamilə sübuta yetirildi. Məhkəmə hesab edir ki, onun əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1ci maddəsi ilə düzgün tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittihamda qismən təqsirli bilməsi, yəni üzərində psixotrop maddə metamfetamin və kapsulların olması, lakin öz istifadəsi üçün olmaması iş materiallarında olan sənədlər, şahid ifadəsi ilə təkzib olunaraq məhkəmə tərəfindən özünü müdafiə xarakterli ifadə kimi qəbul edilərək əsassız sayılır. Məhkəmə təqsirləndirilən şəxsin belə məzmunda ifadə verməsini və özünü ona qarşı elan olunmuş ittiham üzrə özünü təqsirli bilməməsini onun hüququ kimi qəbul edir və təqsirləndirilən şəxsin dəlillərini əsaslı hesab etmir, onun həmin mövqeyinə münasibət bildirərək, hesab edir ki, təqsirləndirilən şəxsin bu mövqeyi əsassızdır və onunla razılaşmaq olmaz. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlukəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilərək səmimi peşman olmasını, himayəsində iki azyaşlı uşağının olmasını və uşaqlarından birinin, X4 iflic xəstəliyinin olmasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar aşkar olunmadı. Məhkəmə törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmamasını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür və ona görə də, o, təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Təqsirləndirilən şəxs 29 fevral 2024-cü il tarixdən saat 01:20-dən 01 mart 2024-cü il tarixədək, yəni 02 (iki) gün müddətində həbsdə olması Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesabı ilə hesablanmaqla, 04 (dörd) gün ona təyin ediləcək cəzadan çıxılaraq üzərində qəti cəza saxlanılmalıdır. Təqsirləndirilən şəxs üzərinə hər gün saat 23:30-dan növbəti gün saat 07:00-dək yaşayış yeri ünvan 1 ünvanını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri, Sumqayıt şəhəri və Abşeron rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Cəzanın icrası Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin Ambulator X2 ekspert komissiyasının 18 may 2024-cü il tarixli 3439 №-li rəyinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhər Səbail Rayon Polis İdarəsində saxlanılan keçirilmiş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,391 qram olan (ilkin təmiz çəki 0, 441 qram) kustar üsulla hazırlanmış psixotrop maddə- metamfetamin və 01 (bir) kapsul (ilkin miqdarı 02 (iki) kapsul) preqabalin təsiredici maddə hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 110 (bir yüz on) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 31 saylı qərarına əsasən təqsirləndirilən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il 02 (iki) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə 29 fevral 2024-cü il tarixdən saat 01:20-dən 01 mart 2024-cü il tarixədək, yəni 02 (iki) gün müddətində həbsdə olması Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesabı ilə hesablanmaqla, 04 (dörd) gün təyin olunmuş cəzadan çıxılmaqla, onun üzərində qəti olaraq 01 (bir) il 01 (bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə hər gün saat 23:30-dan növbəti gün saat 07:00-dək yaşayış yeri ünvan 1 ünvanını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri, Sumqayıt şəhəri və Abşeron rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icrası Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Bakı şəhər Səbail Rayon Polis İdarəsində saxlanılan iş üzrə maddi sübut kimi tanınmış, keçirilmiş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,391 qram olan (ilkin təmiz çəki 0, 441 qram) psixotrop maddə- metamfetamin və 01 (bir) kapsul (ilkin miqdarı 02 (iki) kapsul) preqabalin təsiredici maddə hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 110 (bir yüz on) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142595, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X3, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən 210 (iki yüz on) manat Bakı şəhəri 12 saylı Vəkil Bürosunun hesabına keçirilsin. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim Ülviyyə Şükürova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar