Məhkəmə qərarları › İş №1(009)-256/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-256/2021

27.12.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-256/2021 27.12.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Qəribli Günel Adil qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxsin müdafiəçisi Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, 17 avqust 1987-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 18 aprel 2019-cu il tarixli, 1(009)- 61/2019 saylı hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 02 (iki) il müddətinə azadlıdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 06 oktyabr 2020-ci il tarixli, 7(008)-457/2020 saylı qərarı ilə cəzanın 02 (iki) ay 16 (gün) gün çəkilməmiş hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmiş, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2 ünvanında yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İttiham aktına əsasən Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən və tarixdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,435 qram və 0,876 qram ümumilikdə təmiz çəkisi şəxsi istehlak miqdarından artıq miqdarda 1,311 qram olan iki ədəd bükümdəki kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən heroini, habelə bir ədəd bükümdə təmiz çəkisi şəxsi istehlak miqdarından az miqdarda 0,130 qram olan ağ rəngli, kristalşəkilli kütlə halında kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edib, əynindəki göy rəngli cins şalvarın sağ yan cibində şəffaf rəngli sellofanın içində saxlamaqla daşımış, özünü şübhəli apardığından Bakı şəhər Səbail Rayon Polis İdarəsinin 41-ci Polis Bölməsinin əməkdaşları tərəfindən 26 avqust 2021-ci il tarixdə saat 13 radələrində ünvan 3 ünvanının yaxınlığında saxlanılaraq Bakı şəhər Səbail Rayon Polis İdarəsinin 41-ci Polis Bölməsinə inzibati binasına aparılmış, orada üzərinə şəxsi axtarış və götürmə keçirilən zaman əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən sellofanın içində ayrı-ayrılıqda təmiz çəkiləri 0,435 qram və 0,876 qram ümumilikdə təmiz çəkisi 1,311 qram olan iki ədəd bükümdəki kustar üsulla hazırlanmış narkotik vasitə heroin və bir ədəd bükümdə təmiz çəkisi şəxsi istehlak miqdarından az miqdarda 0,130 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilib götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, təxminən 2019-cn ildən ildən narkotik vasitə qəbul edir və narkotik vasitə aludəçisidir. Sonuncu dəfə 25 avqust 2021-ci il tarixdə inyeksiya vasitəsi ilə dəri altına iynə vurmaq yolu ilə narkotik vasitə olan heroin istifadə etmişdir. Hadisə ilə əlaqədar olaraq bildirmişdir ki, o, 25 avqust 2021-ci il tarixdə saat 11-12 radələrində Bakı şəhəri, Yasamal rayonu “Space” telekanalının yanından keçərkən bir nəfər tanımadığı şəxs ona yaxınlaşıb müraciət edərək üzündən onun narkoman olduğunu bildiyini deyib ona narkotik vasitə heroini pulla ilə almağı təklif etmişdir. O da həmin şəxslə razılaşmış və ondan 25 manata heroin və metamfetamin almışdır, sonra isə həmin narkotiki özü istifadə etmək üçün əynindəki göy rəngli cins şalvarının sağ yan cibinə qoyaraq yaşadığı Badamdar qəsəbəsinə gəlmişdir. 25 avqust 2021-ci il tarixdə özü bir dəfə istifadə edərək heroini iki yerə ayırmış və yenə şalvarının cibinə qoyaraq üzərində saxlamışdır. Bir gün sonra yəni 26 avqust 2021-ci il tarixdə saat 12.40 radələrində yaşadığı evin yaxınlığında yəni Badamdar qəsəbəsi, 1-ci Nefltçiləır döngəsi ev 1 ünvanının qarşısında olan zaman polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim edərək, onun narkotik vasitə istifadəçisi olduğundan şübhələndiklərini bildirib onu 41-ci Polis Bölməsinə gətirmişdirlər. Orada üzərinə şəxsi axtarış və götürmə keçiriləcəyi, bu zaman videoçəkilişdən istifadə ediləcəyi və dövlət hesabına müdafiəçi təyin ediləcəyi barədə məlumat verilmişdir. O heç bir etiraz etməmişdir. Polis bölməsinin inzibati binasının otaqlarından birində iştirakçıların və vəkilin iştirakı ilə onun üzərinə videoçəkilişdən istifadə etməklə şəxsi axtarış və götürmə keçirmişlər. Baxış keçirilən zaman o özü üzərində yəni əynində olan göy rəngli cins şalvarının sağ yan cibində olan sellofanın içərisindəki 2 büküm heroini və metamfetamini çıxarıb təqdim etmişdir. Təqdim etdiyi narkotik vasitə olan heroin və metamfetamin zərfə qablaşdırılmışdır. Törətdiyi əməldən peşman olmasını nəzərə alaraq məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid Bakı şəhər Səbail Rayon Polis 41-ci Polis Bölməsinin cinayət axtarışı üzrə əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərmişdir ki, 26 avqust 2021-ci il tarixdə Səbail RPİ-nin 41 -ci PB-nin əməliyyat müvəkkili Şahid1la birlikdə xidmətdə olan zaman narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olan Təqsirləndirilən şəxs tərəflərindən saat 13 radələrində ünvan 5 ünvanının qarşısında saxlanılaraq 41-ci Polis Bölməsinə gətirilmiş və sorğu zamanı Təqsirləndirilən şəxs narkotik vasitə saxlamaqda özünü şübhəli aparmışdır. Bundan sonra polis bölməsinə vəkil dəvət olunmuş və vəkilin iştirakı ilə Təqsirləndirilən şəxs, üzərində narkotik vasitə saxlamaqda şübhəli olmasını bildirib onun üzərinə öz razılığı ilə şəxsi axtarış və götürmə keçiriləcəyi, bu zaman videoçəkilişdən istifadə olunacağı bildirilərək, təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs izah olunmuşdur ki, qanunvericiliyə əsasən şəxsi axtarış və götürmə keçiriləcəyi zaman videoçəkilişdən istifadə olunacağı halda hal şahidlərinin iştirakı məcburi deyil. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilməsinə bu zaman videoçəkilişdən istifadə edilməsinə etiraz etməmiş, şəxsi axtarış və götürmə keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, üzərində hər hansı narkotik vasitə, psixotrop maddə və saxlanması qanunla qadağan olunmuş əşya vardırsa çıxarıb könüllü təqdim etsin. Bundan sonra onun, digərlərinin və vəkilin iştirakı ilə videoçəkilişdən istifadə edilməklə Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarının sağ yan cibində olan selofanın içərisindəki 3 ədəd büküm çıxarıb təqdim etdi. Aşkar olunmuş həmin bir ədəd büküm Təqsirləndirilən şəxs və digər iştirakçıların yanında açılarkən 01 ədəd siqaretin gümüşü kağızına bükülmüş bükümün içindən və 01 ədəd şəffaf selofan bükümün içindən qəhvəyi rəngli spesifik qoxuya malik narkotik vasitə heroinə bənzə kütlələr, 01 ədəd siqaretin gümüşü kağızına bükülmüş bükümün içərisindən xüsusi görünüşlü və quruluşlu şəffaf rəngli psixotrop maddə metamfetaminə oxşar kütlə olması müəyyən olunmuşdur. Həmin narkotik vasitə heroinə bənzər 02 ədəd kütlələr və 01 ədəd psixotrop maddə metamfetaminə oxşar 01 ədəd kütlə zərfə qoyularaq qablaşdırıldı. Bütün hərəkətlər videoçəkiliş vasitəsi ilə qeydə alındı. Cinayət işində olan DVD formatlı diskə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs üzərində olan dövriyyəsi qadağan edilmiş əşyaları təqdim etməsi bildirildikdə Təqsirləndirilən şəxs əynindəki göy rəngli cins şalvarının sağ yan cibindən selofana bükülümüş halda 02 ədədi siqaretin falqasına, 01 ədədi selofana bükülmüş 03 ədəd bükümü çıxarıb təqdim edir. Sorğu zamanı 01 ədəd siqaretin gümüşü kağızma bükülmüş bükümün və 01 ədəd selofan bükümün içərisindəkilərin “kokos” olduğunu, 01 ədəd siqaretin gümüşü kağızına bükülmüş bükümün içindəkinin isə limon duzu olduğunu bildirir. Daha sonra həmin bükülü kağız zərfdə qablaşdırılır. Məhkəmə Ekspertizası Mərkəzinin materialların məhkəmə ekspertizasının 27 avqust 2021-ci il tarixli 6/3719 saylı ekspert rəyinə əsasən tədqiqata təqdim olunmuş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün № 239” dairəvi möhür əksi olan “şübhəli şəxs Təqsirləndirilən şəxs” sözləri, soyadlar və imzalar qeyd edilmiş bir ədəd zərfin içərisindən 2 ədəd bükümdə ayrıayrılıqda çəkiləri 0,435 qram və 0,876 qram olmaqla, ümumi çəkisi 1,311 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Digər bir ədəd bükümdə təmiz çəkisi 0,130 qram olan ağ rəngli kristallik formada maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”, metamfetamin isə “Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr” siyahısına daxildir. Həmçinin ekspert rəyinə əlavə edilmiş akta əsasən heroinin təmiz çəkisi 1,311 qram olmuş, tədqiqatdan sonra qalıq heroinin çəkisi isə 1,251 qramdır. Metamfetaminin təmiz çəkisi 0,130 qram olmuş, qalıq metamfetaminin çəkisi isə 0,100 qramdır. Ekspertiza xərclərinə dair bildirişə əsasən ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 88,70 (səksən səkkiz manat yetmiş qəpik) manatdır. 27 avqust 2021-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə cinayət işi başlanılmışdır. 26 avqust 2021-ci il tarixdə saat 13:20-də Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. 28 avqust 2021-ci il tarixdə Təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan ittiham irəli sürülmüşdür. Səbail rayon prokurorunun 28 avqust 2021-ci il tarixli qərarı ilə təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilmiş və Təqsirləndirilən şəxs Bakı şəhər Səbail Rayon Polis İdarəsinin Müvəqqəti Saxlama Yerindən həbsdən azad olunmuşdur. 28 avqust 2021-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Respublika Narkoloji Mərkəzinin 08 oktyabr 2021-ci il tarixli 3839 №-li rəyinə əsasən müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin birgə qəbulu və psixotrop maddə metamfetamindən istifadə edilməsi nəticəsində yaranan asılılıq sindromu (Naromaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 01 iyul 2021ci il tarixdə tərtib olunmuş tələbnaməyə əsasən Təqsirləndirilən şəxs Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 18 aprel 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 02 (iki) il müddətinə azadlıdan məhrumetmə cəzasına məhkum edilmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 06 oktyabr 2020-ci il tarixli qərarı ilə cəzanın 02 (iki) ay 16 (gün) gün çəkilməmiş hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmişdir İş materiallarına əlavə edilmiş Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 18 aprel 2019-cu il tarixli, 1(009)-61/2019 saylı hökmünə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli 02 (iki) il müddətinə azadlıdan məhrumetmə cəzasına məhkum edilmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 06 oktyabr 2020-ci il tarixli, 7(008)-457/2020 saylı qərarı ilə Təqsirləndirilən şəxs cəzasının çəkilməmiş qalan 02 (iki) ay 16 (on altı) gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. 20 noyabr 2021-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərarla Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş təmiz çəkisi 1,311 qram heroin və 0,130 qram metamfetamin maddi sübut hesab edilmiş və tədqiqat zamanı sərf olunduqdan sonra qalan 1,251 qram heroin və 0,100 qram metamfetamin saxlanılması üçün Bakı şəhər Səbail Rayon Polis İdarəsinin saxlanc yerinə təhvil verilmişdir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün etirafı, şahid ifadələri, ekspert rəyi, iş materiallarına əlavə edilmiş işin digər halları ilə onun satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitəni əldə edib üzərində saxlayaraq daşıma cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilməli və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlukəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının CM-nin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edərək səmimi peşman olmasını cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 18 aprel 2019-cu il tarixli, 1(009)-61/2019 saylı hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 02 (iki) il müddətinə azadlıdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 06 oktyabr 2020-ci il tarixli, 7(008)-457/2020 saylı qərarı ilə cəzanın 02 (iki) ay 16 (gün) gün çəkilməmiş hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Lakin məhkumluğu ödənilməmiş yenidən Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluğu olmayan hesab edilir. Cinayət Məcəlləsinin 83.4-cü maddəsinə əsasən məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Məhkəmə Cinayət Məcəllənin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivinin olmasını cəzanı ağırlaşdıran hal kimi qiymətləndirir. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, əvvəllər də bu növ cinayət əməllərinin törədilməsinə görə məhkum olunduğunu və islah olunmadığını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin olunduğu təqdirdə təmin edilə bilər və ona azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə 26 avqust 2021-ci il tarixdən 28 avqust 2021-ci il tarixədək həbsdə saxlanıldığı müddətinin 01 (günü) günü 01 (bir) gün azadlıqdan məhrum etmə cəzasına bərabər tutularaq, 02 (iki) gün təyin olunmuş cəzadan çıxılmaqla, üzərində qəti cəza saxlanılmalıdır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cinayətlərin residivi zamanı əvvəllər azadlıqdan məhrumetmə növündə cəza çəkdiyindən ona təyin olunacaq azadlıqdan məhrumetmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Belə ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilərək, barəsində həbs qətimkan tədbiri seçilməli və o, məhkəmə iclas zalında həbsə alınaraq saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına göndərilməlidir. Cəzaçəkmə müddətinin başlanğıcı 27 dekabr 2021-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Azərbaycan Respublikasının CM-nin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin Ambulator X2 ekspert komissiyasının 08 oktyabr 2021-ci il tarixli 3839 №-li rəyinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut kimi tanınmış Bakı şəhər Səbail Rayon Polis İdarəsində saxlanılan keçirilmiş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 1,251 qram (ilkin təmiz çəkisi 1,311 qram) narkotik vasitə heroin və 0,100 qram (ilkin təmiz çəkisi 0,130 qram) psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 88,70 (səksən səkkiz manat yetmiş qəpik) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli 31 saylı qərarına əsasən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs 26 avqust 2021-ci il tarixdən 28 avqust 2021-ci il tarixədək həbsdə saxlanıldığı müddət Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə müddətinin bir günü bir gün hesabı ilə hesablanmaqla, 02 (iki) gün təyin olunmuş cəzadan çıxılmaqla, üzərində qəti olaraq 01 (bir) il 08 (səkkuz) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 27 dekabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilərək, barəsində həbs qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalında həbsə alınaraq saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına göndərilsin. Təqsirləndirilən şəxs oğlunun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış Bakı şəhər Səbail Rayon Polis İdarəsində saxlanılan keçirilmiş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 1,251 qram (ilkin təmiz çəkisi 1,311 qram) narkotik vasitə heroin və 0,100 qram (ilkin təmiz çəkisi 0,130 qram) psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 88,70 (səksən səkkiz manat yetmiş qəpik) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X3, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən 180 (bir yüz səksən) manat tutulub Bakı şəhəri 3 saylı Vəkil Bürosunun "xxxx" ASC-nin Səbail rayon filialındakı (kod 200059, müxbir hesabı AZ75AİİB********************, VÖEN **********) hesabına keçirilsin. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim Ülviyyə Şükürova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar