Məhkəmə qərarları › İş №1(009)-257/2023

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-257/2023

09.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-257/2023 09.08.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Qafarov Ağamalı Məmməd oğlunun sədrliyi Heydərova Elnarə Aydın qızının katibliyi ilə, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Müdafiəçi Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1994-cü ildə Yardımlı rayonunda anadan olan, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, məhkum olunmuş, işləməyən, Yardımlı rayonu, Köryədi kəndində qeydiyyatda olan, barəsində «həbs» qətimkan tədbiri seçilmiş, hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə Zərərçəkmiş şəxs əmlakını ələ keçirərək ona maddi ziyan vuraraq dələduzluq etmişdir. Belə ki, o, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs ona olan etibarından sui-istifadə edərək qohumunun dövlət orqanlarında yüksək vəzifədə işlədiyini və onun vasitəsi ilə sonuncunun kürəkəni AR CM-nin 29, 120.2.1, 29, 120.2.2, 29, 120.2.3, 29, 120.2.4, 29, 120.2.7 və 228.4-cü maddələri ilə təqsirli bilinərək 11 (on bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş AR ƏN 11 saylı cəza çəkmə müəssisəsində cəza çəkən X2 amnistiya yolu ilə buraxdıracağı barədə bilə-bilə həqiqətə uyğun olmayan məlumatlar verib inam və etibarını qazanaraq bununla əlaqədar hər hansı bir səlahiyyətə malik olmadığı halda, əvvəlcədən bu kimi cinayəti törətmək niyyətində olaraq yalandan vəd verib 2022-ci ilin avqust ayında müxtəlif vaxtlarda ünvan 1 ünvanda, «X4 Home» iş mərkəzində ümumilikdə 5000 (beş min) manat vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirərək vəd etdiyi işin müqabilində heç bir iş görməyib Zərərçəkmiş şəxs ümumilikdə 5000 manat məbləğində maddi ziyan vuraraq dələduzluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamla özünü təqsirli bilsədə daha sonra niyyətinin zərərçəkmiş Zərərçəkmiş şəxs aldadıb pulunu ələ keçirmək olmadığını, aldığı 5000 (beş min) manat pulu başqa şəxsə verdiyini və həmin şəxsin onu aldatdığını bildirmiş, lakin son sözündə özünü təqsirli bilərək tamahının onu aldatdığını etiraf etmiş, maddi vəziyyətinin ağır olması səbəbindən zərərçəkmişə vurduğu ziyanı ödəyə bilmədiyini, cavanlığını, yoldaşının, anasının xəstə olmasını nəzərə alıb barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, təqsirləndirilən şəxslə neçə illər birgə işləmiş və münasibətləri normal olmuşdur. Kürəkəninin 10 ilə yaxın cəzaçəkmə müəsissəsində cəzaçəkməsini və onun yanına gedib gəlməkdən əziyyət çəkdiyini, Kənana kürəkəninə amnistiya tətbiq edilməsi ilə bağlı tanışı olub-olmadığını soruşmuş və Kənan ona beləbir şəxs olduğunu və 5000 (beş min) manat müqabilində bu işi həll edə biləcəyini bildirmiş, o, Kənana inanaraq razılaşmışdır. Bundan sonra o, Təqsirləndirilən şəxs Səbail rayonundaki işlədikləri «X4 Home» iş mərkəzində 2021-ci ilin avqust ayının əvvəlində 3000 (üç) min manat, avqust ayının 14-də 1000 (min) manat və həmin ayın 16-da 1000 (min) manat olmaqla ümumilikdə 5000 (beş min) manat pul vermişdir. Bir müddət keçəndən sonra hər dəfə soruşanda Kənan ona narahat olmamasını bildirmişdir. Kənan onun işlədiyi şirkətdən işdən çıxmışdır. 2022-ci ildə Kənana zəng vurmuş və hər dəfə yenidən Kənan ona narahat olmamağı və işin düzələcəyini və alınacağını demişdir. Sonra Kənanın telefonuna zəng çatmamış və o, Kənanın ailəsi ilə zəng vurub danışmış, sonuncular ona Kənanın olmamasını və telefonunun xarab olmasını bildirmişlər. 2-3 ay keçdikdən sonra Kənanın qardaşı onun işlədiyi şirkətə gəlmiş və ona borclu qalmayacaqlarını bildirmişdir. Daha sonra Kənanın atası ilə də danışmış o, da narahat olmamağını, pulu qaytaracaqlarını bildirdimişdir. Bir müddət keçmiş heç bir pul qaytarılmamış və o, 102 xidmət mərkəzinə zəng vurmuş və həmin vaxt o, 39-cu Polis bölməsinə şikayət ərizəsi ilə müraciət etmişdir. Kənanın qardaşı, atası dəfələrlə pulu ödəyəcəklərinə söz versələrdə bu günədək ona vurulmuş ziyan ödənilməmişdir. Məhkəmədən təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirimiş Təqsirləndirilən şəxs qardaşı Şahid1 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxslə qardaşı arasında olan 5000 (beş min) manat pulla bağlı ailəlikcə məlumatları sonradan olmuşdur. Kənan və atası ona Zərərçəkmiş şəxslə danışmasını və pulu ödəmək üçün müəyyən vaxt istəməsini bildirmişlər. O, da Tahir müəllimlə danışmış, lakin analarının xəstə olması ilə əlaqədar Tahir kişinin pulunu ödəyə bilməmişlər. İş materiallarına əlavə edilmiş 10 aprel 2023-cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmış və icraata qəbul edilmişdir. İş materiallarına əlavə edilmiş 10 may 2023-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə istintaq aparılan ********* nömrəli cinayət işi üzrə icraat təqsirləndirilən şəxs qismində cəlb edilməli olan şəxs (lər) müəyyən edilənədək dayandırılmışdır. İş materiallarına əlavə edilmiş 19 iyun 2023-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə ibtidai istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə icraat təzələnmiş və icraata qəbul edilmişdir. İş materiallarında olan 19 iyun 2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə nəzərdə tutulan ittiham elan edilmişdir. Azərbaycan Respublikası DİN-nin Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 25 aprel 2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində Xətai rayon prokurorluğu tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1, 32.4, 312.1-ci maddələri ilə, Xətai rayon prokurorluğu tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1, 32.4, 312.1-ci maddələri ilə, Sabunçu rayon prokurorluğu tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə cinayət işləri istintaq edilmişdir. İş materiallarına əlavə edilmiş Xətai Rayon Məhkəməsinin 1(011)-400/22 saylı 06 oktyabr 2022-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1, 32.4, 312.1-ci maddələri ilə təqsirli bilinərək AR CM-nin 66.2-ci maddəsinə əsasən qəti olaraq 2 (iki) il 1 (bir) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İş materiallarına əlavə edilmiş Sabunçu Rayon Məhkəməsinin 1(008)-481/23 saylı 03 may 2023-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilinərək AR CM-nin 66.5-ci maddəsinə əsasən qəti olaraq 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir və cəzaçəkmə müddətinin əvvəli 06 oktyabr 2022-ci ildən hesablanmışdır. Elektron informasiya sistemində olan məlumatdan, həmçinin Təqsirləndirilən şəxs özünün bildirməsinə görə hazırda barəsində Xətai Rayon Məhkəməsinin icraatında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə baxılır. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 1(009)-257/23 saylı 17 iyul 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində «həbs» növündə qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli onun özünün, zərərçəkmiş şəxsin, şahidin ifadəsi, işdə olan cinayət işinin digər halları və məhkəmə istintaqında tədqiq olunmuş dəlillərlə tam sübuta yetirilir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Bununla əlaqədar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs ziddiyətli ifadələrini, niyyətinin zərərçəkən Zərərçəkmiş şəxs pulunun ələ keçirilməsi olmaması, pulu vasitəçi digər şəxsə verməsi, həmin şəxsin onu aldadıb işi düzəltməməsi və pulu qaytarmaması barədəki ifadələrinə tənqidi yanaşır və qeyd edir ki, həmin ifadələr zərərçəkmiş şəxsin ifadəsi, digər iş materialları ilə təkzib edilir. Təqsirləndirilən şəxs əvvəllərdə dələduzluq cinayətləri törətməsinə görə dəfələrlə məhkum olunmuşdur və bu kateqoriyalı cinayətlər törətməyə meyilidir, hazırda da onun barəsində Xətai Rayon Məhkəməsində Azərbaycan Rnspublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.2-ci maddəlləri ilə dələduzluq cinayəti törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə baxılır. Kənan Baloğlanlanlı son sözündə də özünü təqsirli bilmiş və tamahının onu aldatdığını etiraf etmişdir. Ona görə də məhkəmə Təqsirləndirilən şəxs yuxarıda qeyd edilən ifadələrini özünü müdafiə, məsuliyyətdən yaxa qurtarmaq üçün verilən ifadələr kimi qiymətləndirir və qəbul etmir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1-ci, 41.2-ci və 58.3-cü maddələrini rəhbər tutur, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarlarındakı tövsiyələri nəzərə alır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Təqsirləndirilən şəxs qanunla nəzərdə tutulmuş qaydada cəzasını yüngülləşdirən və ağırlaşdıran halları müəyyən edilmədi. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən onun tərəfindən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini, Təqsirləndirilən şəxs böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, həmçinin iş üzrə Zərərçəkmiş şəxs onun barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsini nəzərə alaraq, ona azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunmasını, məqsədəuyğun hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.1-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərkən, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında 25 iyun 2003-cü il tarixli qərarının 3- 2-ci bəndində göstərilmişdir ki, Cinayət Məcəlləsinin 68-ci maddəsinin tələblərinə müvafiq olaraq cinayətlərin və hökmlərin məcmusu üzrə cəzaların tamamilə və ya qismən toplanılması zamanı müddətlər müəyyən edilərkən Cinayət Məcəlləsinin 68.1.1 və 69.3-cü maddələrinin tələbləri nəzərə alınmalıdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs hazırki iş üzrə cinayət əməlini onun barəsində Sabunçu Rayon Məhkəməsi tərəfindən çıxarılmış 03 may 2023-cü il tarixli hökmdən əvvəl yəni 2021-ci ilin avqust ayında törətmişdir və ona görə də ona cinayətlərin məcmusu üzrə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əvvəlki hökm üzrə çəkilmiş cəzası yeni təyin edilmiş cəza müddətinə hesablanmalıdır və ona görə də təqsirləndirilən şəxsin cəza çəkmə müddətinin əvvəli 06 oktyabr 2022-ci ildən hesablanmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək ona 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci və 66.5-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs hazırki hökmlə təyin edilmiş 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasının iki günü azadlıqdan məhrum etmə cəzasının bir gününə bərabər hesablanmaqla 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası Sabunçu rayon məhkəməsinin 1(008)-481/23 saylı xx.xx.2023-cü il tarixli hökmü ilə təyin edilmiş 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmalı və ona qəti cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin əvvəli 06 oktyabr 2022-ci il tarixdən hesablanmalıdır. Bundan başqa, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə mülki iddia yoxdur. Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 180 (yüz səksən) manat dövlət büdcəsindən tutularaq Müdafiəçi ödənilməsi üçün Bakı şəhəri 12 saylı Vəkil Bürosunun, "xxxx"-ın Səbail rayon filialındakı hesabına köçürülməidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məçəlləsinin 346-347, 349, 351-353, 356 və 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci və 66.5-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs hazırki hökmlə təyin edilmiş 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasının iki günü azadlıqdan məhrum etmə cəzasının bir gününə bərabər tutulmaqla müəyyən edilmiş 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası Sabunçu rayon məhkəməsinin 1(008)-481/23 saylı xx.xx.2023-cü il tarixli hökmü ilə təyin edilmiş 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılsın və ona qəti olaraq 03 (üç) il 05 (beş) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 06 oktyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarını məhkəmədə müdafiə edilməsinə görə 180 (yüz səksən) manat dövlət büdcəsindən tutularaq Müdafiəçi ödənilməsi üçün Bakı şəhəri 12 saylı Vəkil Bürosunun "xxxx" ASC-nin Səbail rayon filialılındaki hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hakim Ağamalı Qafarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar