Məhkəmə qərarları › İş №1(009)-257/2024

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №1(009)-257/2024

16.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(009)-257/2024 16.07.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Şirməmmədova Günel Lətif qızının katibliyi, Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs Əli-zadə Aydın Arif oğlunun, Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs X1 və onun müdafiəçisi Bakı şəhəri 21 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair Əli-zadə Aydın Arif oğlunun xüsusi ittiham qaydasında şikayətinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Əli-zadə Aydın Arif oğlu xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət edərək X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə cinayət işi başlanması, ona böhtan ataraq zərər vurduğuna, şərəf və ləyaqətinə, eləcə də işgüzar nüfuzuna ləkə vurduğuna, Respublika ictimaiyyəti qarşısında, hüquq sistemində və elmi dairələrdə rüsvay etdiyinə görə 1500 (bir min beş yüz) manat miqdarında cərimə ödəməsinə dair hökm çıxarılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, xx.xx.2024-cü il tarixində hakim Şəhla Süleymanovanın sədrliyi ilə keçirilən açıq məhkəmə iclasında (İş № l(009)-190/2024) Xatirə Quliyeva ona qarşı bir sıra böhtan və iftira ilə dolu bəyanatlar səsləndirmişdir. Bu bəyanatlar çoxlu insan arasında səsləndirilmişdir, video çəkilişə alınmış və məhkəmə qərarında əks olunmuşdur. Məhkəmə qərarları isə elektron sisteminə daxil olur deyə onları geniş oxucu kütləsi oxuya bilir. Beləliklə bu böhtanlar kütləviləşdiyinə görə onun şərəf və ləyaqətinə, eləcə də işgüzar nüfuzuna xələl gəlmiş, Respublika ictimaiyyəti qarşısında və elmi dairələrdə o rüsvay olmuşdur. Belə ki, onun həmin məhkəmədə etdiyi iddiasına görə o, ona qarşı qaldırdığım cinayət işini öz xeyrinə çevirmək məqsədi ilə Səbail rayon məhkəməsinin hakimi Azər Tağıyevlə təklikdə görüşmüş, rüşvət vermişdir. Həmin böhtanı Xatirə Quliyeva ictimaiyyətləşdirmiş, AMEA X4 açıq müraciətində yazmışdır. Beləliklə həmin yalanlar AMEA rəhbərliyinə çatmış və internet şəbəkəsində yayılmışdır. Eyni məzmunlu böhtanı KİV-lərdə hakim Şəhla Süleymanovaya da atmış, onu rüşvətxor adlandırmışdır. Onun iddiasına görə guya o, məhkəmənin qərarını öz xeyrinə həll etmək üçün ona rüşvət vermişdir. Böhtanın nədən ibarət olması: Bu iddialar ona görə böhtandır ki, o nə Azər Tağıyevlə, nə də Şəhla Süleymavova ilə təklikdə görüşməmiş, onlarla Xatirə Quliyevaya qarşı plan çızmamış və rüşvət verməmişdir. Həmin hakimlərlə yalnız məhkəmə zalında rəsmi proseduralar zamanı görüşmüşdür. Bu böhtanları yaymaqla Xatirə Quliyeva onu ağır cinayətlər olan məhkəmə qərarlarına təsir etmək cəhdi və rüşvət verməkdə yalanlamışdır. Eyni zamanda, bununla Xatirə Quliyeva hakimlərə hədə qorxu gəlib şantaj edir, Səbayıl rayon məhkəməsini KİV-lərdə rüsvay edir. Həmçinin, məhkəmədə və KİV-lərdə bu kimi bəyanatları ifadə etməklə onu də rüsvay edib, cəmiyyətdə, o cümlədən AMEA Prezidenti və rəhbərliyi gözündə onun haqqında mənfi rəy yaradıb. Nəticədə onun Konstitusiya hüquqlarım kobud surətdə pozulmuşdur. Məhkəməyə müraciətin səbəbləri və qanuniliyi: İnsanın şərəfi, ləyaqəti və nüfuzu hüququn ən ali bəşəri dəyərlərindən hesab olunur. Azərbaycan Respublikası Konstitusiyasının 46-cı maddəsində, Birləşmiş Millətlər Təşkilatının 10 dekabr 1948-ci il tarixli Ümumdünya İnsan Hüquqları Bəyannaməsində və 16 dekabr 1966-cı il tarixli Mülki və siyasi hüquqlar haqqında" Beynəlxalq Paktda, "İnsan Hüquqlarının və Əsas Azadlıqlarının müdafiəsi haqqında " Avropa Konvensiyasında (bundan sonra Konvensiyada) təsbit edilmiş şəxsi və ailə həyatına hörmət hüququ ilə əlaqədar olaraq qeyd olunur ki, hər kəsin şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır, hər hansı hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz. İnsanın şərəfi, ləyaqəti və nüfuzu bir-biri ilə sıx surətdə bağlı olan mənəvi, əxlaqi və sosial dəyərlər olduğuna görə bu dəyərlər dövlət tərəfindən müdafiə olunur. Konstitusiya fikir və söz, məlumat və yaradıcılıq azadlıqlarını həyata keçirərkən hər kəsdən qanunlara riayət etməsini və başqalarının hüquqlarına hörmətlə yanaşmasını tələb edir. Lakin, bir sırarda bəzi insanlar fikir və söz azadlığını əsas götürməklə digərlərinə böhtan atmaqdan belə çəkinmir. Onlardan biri də Xatirə Quliyevadır ki, şərəf və ləyaqətini alçaltmaq və işgüzar nüfuzuna ləkə vurmaq məqsədilə məhkəmədə və KİV-lərdə böhtanlarla dolu bəyanatlar səsləndirmişdir. Buna görə də Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1. Böhtan maddəsi ilə məsuliyyət daşımalıdır. Göstərilənlərə əsasən X2 barəsində yuxarıda sadalanan əsasları nəzərə almaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1 maddəsi ilə cinayət işinin başlanmasına və ona böhtan ataraq zərər vurulduğuna, şərəf və ləyaqətinə, eləcə də işgüzar nüfuzuna ləkə vurulduğuna, Respublika ictimaiyyəti qarşısında, hüquq sistemində və elmi dairələrdə rüsvay edildiyinə görə 1500 (bir min beş yüz) manat miqdarında cərimə ödənməsinə dair hökm çıxarılması xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən xüsusi ittiham qaydasında şikayət vermiş şəxs Əli-zadə Aydın Arif oğlu şikayətini müdafiə edərək bildirmişdir ki, X3 ona şər və böhtan atır. Belə ki, guya o, dələduzluq edərək saxta sənədlərlə professorluq etmişdir. Bu ittihamlar onun işgüzar nüfuzuna böyük ləkə gətirmiş, elmi dairələrdə rüsvay olmuşdur. Bundan başqa Xatirə Quliyeva əvvəlki məhkəmə iclasında hakimə rüşvət verdiyini deyərək ona böhtan atmışdır. Təkcə məhkəmə zalında deyil, kütləvi informasiya vasitələrində də bu barədə məqalələr yazmış, paylaşımlar etmişdir. Göstərilənlərə əsasən, xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs X3 şikayətə etiraz edərək işin icraata qəbul edilməməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Müdafiəçi bildirmişdir ki, şikayət ərizəsi Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun olmayaraq tərtib edilmiş və sübutlar əlavə edilməmişdir. Məqalələrdən şəkillər təqdim edilmiş, lakin bunların sübut əhəmiyyəti yoxdur. Şikayətin ilk cümləsində məhkəmə iclasında baş verənlərə toxunulur və böhtan olduğunu bildirilir. Halbuki bununla bağlı heç bir sübut yoxdur. Həmçinin xüsusi ittiham qaydasında şikayət vermiş şəxs sübut etməlidir ki, həmin məqalə və yazıları müdafiə etdiyi şəxs X3 yazıb. Sübutetmə yükü xüsusi ittiham qaydasında şikayət vermiş şəxsin üzərindədir. Göstərilənlərə əsasən şikayətin icraata qəbulundan imtina edilməsini xahiş etdi. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış materiallara hüquqi qiymət verərək hesab edir ki, xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticəsi əsasında məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul olunmasından imtina edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 88.4.1-ci maddəsinə əsasən xüsusi ittiham qaydasında şikayət üzrə materialların hazırlanmasını həyata keçirmək xüsusi ittihamçının vəzifəsidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 302-ci maddəsinin tələblərinə əsasən xüsusi ittiham qaydasında şikayətin məzmunu Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 293-cü maddəsində göstərilən tələblərə uyğun olmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra - CPM): 293.3-cü maddəsinə görə böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə yazılı şikayətdə və ya şifahi şikayətin qəbul edilməsi barədə protokolda aşağıdakılar göstərilir: 293.3.1. şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi); 293.3.2. törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği); 293.3.3. cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi; 293.3.4. şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi; 293.3.5. cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş; 293.3.6. şikayətin verildiyi tarix (il, ay və gün) və yer; 293.3.7. şikayəti vermiş şəxsin imzası; Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 302.1.3-cü maddəsinə əsasən şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Xüsusi ittiham qaydasında işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2014-cü il tarixli Qərarında məhkəmələrə tövsiyə olunmuşdur ki, xüsusi ittiham qaydasında şikayətə məhkəmənin hazırlıq iclasında baxılması mərhələsində şikayətin məzmununun CPM-nin 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə uyğun olub-olmamasını yoxlasınlar. Xüsusi ittiham qaydasında şikayət bu tələblərə cavab vermədikdə, habelə CPM-nin 302.1.2-302.1.4 və 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş halları müəyyən etdikdə məhkəmə hazırlıq iclasında şikayətin öz icraatına qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərar qəbul edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 299.3.3-cü maddəsinə əsasən hər bir halda cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmənin hazırlıq iclasında xüsusi ittiham qaydasında şikayətin məzmununun bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrinin müddəalarına uyğun olub-olmaması məsələsinə baxılmalıdır. Məhkəmə qeyd edir ki, xüsusi ittiham qaydasında şikayətdə göstərilən cinayətin törədilmə hallarının konkret olaraq hansı şəxslərin ifadələri ilə, hansı sənədlərlə, habelə hansı digər sübutlarla (məhkəmə iclasının audio video yazısı, məhkəmə iclas protokolundan çıxarış) təsdiq edildiyi iş materiallarına əlavə edilməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 293.3.4-cü maddəsinə əsasən şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edilməsi, öz əksini tapmalıdır. Göründüyü kimi şikayətə ittihamın sübutu üçün hər hansı ifadə, sənəd və digər sübutlar əlavə edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Xüsusi ittiham qaydasında işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2014-cü il tarixli Qərarında qeyd edilmişdir ki, böhtan və təhqir xarakterli məlumatlar mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, elektron vasitələrlə yayınlanmaqla, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə əks etdirilməklə və sair üsullarla yayıla bilər. Lakin, Cinayət Məcəlləsinin 147 və 148ci maddələrinin mənasına görə, şəxs böhtana, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları yaymaya və təhqirə, yəni şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaya görə o halda cinayət məsuliyyətinə cəlb edilə bilər ki, təhqir və böhtan xarakterli məlumatlar onun tərəfindən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmış olsun. Kütləvi çıxış dedikdə, hər hansı şəxsin şərəf və ləyaqətini alçaldan və ya onu nüfuzdan salan məlumatları ən azı iki nəfər kənar şəxsin görə, eşidə və ya qavraya biləcəyi formada ifadə etmə başa düşülür. Kütləvi nümayiş etdirilən əsər dedikdə, ən azı iki nəfər kənar şəxsin görə və ya qavraya biləcəyi şəraitdə nümayiş etdirilən əsərlər (fotoşəkillər, rəsm əsərləri, kinematoqrafıya əsərləri, reklam və sair) başa düşülür. Kütləvi informasiya vasitəsi və kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatı dedikdə, dövri mətbu nəşrlər, teleradio proqramları, kinoxronika proqramları, sosial internet şəbəkələri, dövri mətbuatın və teleradio kanallarının internet saytları və digər yayım formaları başa düşülür. Böhtan və təhqir xarakterli məlumatların müxtəlif orqan və təşkilatlara ünvanlanmış ərizə və şikayətlərdə əks olunması və ya məhkəmə iclasında səsləndirilməsi, habelə ona aid olan şəxsə təklikdə bildirilməsi həmin məlumatların kütləvi çıxış şəklində yayılması sayılmır və belə hallarda onları yaymış (bildirmiş) şəxsin hərəkətlərinin cinayət kimi qiymətləndirilməsi istisna edilir. Göründüyü kimi X3 həmin ifadələri məhkəmə iclas zalında xüsusi ittiham qaydasında şikayətini müdafiə edərkən qeyd etmişdir. Bu səbəbdən həmin məlumatlar kütləvi çıxış şəklində yayılması sayılmır. Həmçinin xx.xx.2024-cü il tarixli, 1(009)-190/2024 saylı qərarın elektron məhkəmə sistemində yerləşdirilməsi kütləvi informasiya vasitəsilə yayılması hesab edilmir. Eyni zamanda şikayətdə göstərilən məsələlərə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(009)-190/2024 saylı qərarında hüquqi qiymət verilmişdir. Bu səbəbdən eyni məzmunda olan xüsusi ittiham qaydasında olan şikayət və ona əlavə edilmiş sənədlərin məhkəmə tərəfindən təkrarən qiymətləndirilməsinə ehtiyac yoxdur. Əlavə olaraq xüsusi ittiham qaydasında verilmiş şikayətdə Əli-zadə Aydın Arif oğlu özünü xüsusi ittihamçı statusunda qeyd etmişdir. Qeyd edilməlidir ki, məhkəmə şikayəti icraata qəbul etdikdən sonra xüsusi ittham qaydasında şikayət vermiş şəxs “xüsusi ittihamçı” qismində tanınır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, şikayət Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun tərtib edilmədiyindən məhkəmə baxışının keçirilməsindən imtina edilməli və xüsusi ittiham qaydasında şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilməlidir. Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 31 saylı qərarına əsasən barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X1 hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 300.1.3, 302.1.3 və 302.2.3-cü maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair Əli-zadə Aydın Arif oğlunun xüsusi ittiham qaydasında şikayətinin icraata qəbul edilməsindən imtina edilsin. Bakı şəhəri 21 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən X1 hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 60 (altmış) manat dövlət büdcəsindən tutularaq Bakı şəhəri 21 saylı Vəkil Bürosunun hesabına keçirilsin Qərardan elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Ülviyyə Şükürova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar