Məhkəmə qərarları › İş №1(009)-259/2024

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-259/2024

19.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-259/2024 19.08.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Süleymanova Şəhla Ənvər qızının sədrliyi, Əliyev Ülvi Bağır oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 03 saylı Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1987-ci ildə Biləsuvar rayonunda anadan olan, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, himayəsində iki yetkinlik yaşına çatmayan uşağı olan, işləməyən, əvvəllər məhkum olunmuş, Biləsuvar rayonu, Nərimankənd Ə/D, Nərimankənd kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə baxışı iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə metamfetamini əldə edərək üzərində saxlamış və daşımışdır. Belə ki, o, 26 aprel 2024-cü il tarixdə “vatsap” ani mesajlaşma proqramı vasitəsi ilə tanımadığı şəxsdən satış məqsədi olmadan, qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 0,584 qram təmiz çəkidə ağ rəngli kristal şəkilli olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini 15 manata əldə edərək üzərində saxlamaqla daşımış, 26 aprel 2024-cü il tarixdə saat 23:20 radələrində Bakı şəhəri Səbail rayon polis idarəsinin əməkdaşları tərəfindən Bakı şəhəri, Xəqani küçəsində yerləşən “X5 Baku” restoranın yaxınlığında şübhəli şəxs qismində saxlanılaraq Səbail rayon polis idarəsinin 39-cu Polis Bölməsinin inzibati binasına gətiriləndən sonra üzərində şəxsi axtarış aparılan zaman 0,584 qram təmiz çəkidə ağ kristal şəkilli olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, narkotik vasitələrin istifadəçisidir, üzərindən tapılmış metamfetamini “vatsap” ani mesajlaşma proqramı vasitəsi ilə tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 15 manata almışdır. Əməlindən səmimi peşmandır. Məhkəmə iclasında Şahid1 ifadəsində bildirmişdir ki, inzibati ərazidə xidmətdə olan zaman Xəqani küçəsində bir nəfər özünü şübhəli aparmış və ona yaxınlaşaraq özlərini təqdim etmişdirlər. Onu 39-cu PB-nə dəvət etdilər. Təhqiqatçı və vəkilin iştirakı ilə çəkiliş zamanı Təqsirləndirilən şəxs üzərində olan bir büküm metamfetamini təqdim etmişdir. Dediyinə görə satışı ilə məşğul olmur, aradabir istifadə edir. Baxış zamanı video çəkiliş aparılmışdır. Məhkəmə iclasında Şahid2 ifadəsində bildirmişdir ki, əməliyyat məlumatı əsasında aprelin 26-ı saat 23:30 radələrində Xaqani küçəsində Elvin adlı şəxsə yaxınlaşmış, özlərini təqdim etmiş və onu 39-cu PB-nə dəvət etmişlər. Bu zaman Elvin onlara müqavimət göstərməmişdir. Bölmədə müdafiəçinin iştirakı ilə çəkiliş aparılmışdır. Çəkiliş zamanı təhqiqatçı Elvinə üzərində olan qanunla qadağan olunmuş əşyaların olub-olmaması barədə sual vermişdir. Bu zaman Elvin cibindən bir büküm çıxarmış, bu bükümün metamfetamin olduğunu bildirmişdir. İş materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının 27 aprel 2024-cü il tarixli 6/2316 nömrəli rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş üzərində «Azərbaycan Respublikası DİN Zərflər üçün № 49” dairəvi möhür əksi «Təqsirləndirilən şəxs (imza)” yazısı və imzalar olan bir ədəd zərfin içərisində 01 ədəd bükümdə təmiz çəkisi 0,584 qram olan ağ rəngli kristal şəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetamin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş «Azərbaycan Respublikasının ərazisində dövriyəsi qadağan edilən psixotrop maddələr»-in İ siyahısına daxildir. İş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 20 iyun 2024-cü il tarixli 4283 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs Psixostimulyatorların qəbulu nəticəsində yaranan Asılılıq sindromu (Narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan «cinayət törətməkdə şübhəli şəxsin tutulması haqqında» tərtib edilmiş 27 aprel 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 26 aprel 2024-cü il tarixdə saat 23:20-də qanunsuz olaraq narkotik vasitələri saxlaması və daşımasında şübhəli olduğundan şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan «şəxsi axtarış və götürmə haqqında» tərtib edilmiş 27 aprel 2024-cü il tarixli protokoldan görünür ki, xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs Səbail RPİ-in 39-cu PB-nin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinərək Səbail rayon Polis İdarəsinə gətirilmiş və hüquqlarını müdafiə edilməsi üçün dəvət edilmiş vəkilinin iştirakı ilə polis idarəsində üzərində şəxsi axtarış aparılan zaman əynindəki boz şalvarın sağ yan cibindən 01 ədəd şəffaf sellofana bükülmüş ağ rəngli kristal hissəciklərdən ibarət formada maddə aşkar edilərək götürülmüşdür. Aşkar olunmuş həmin büküm qablaşdırılıb möhürlənmişdir. Baxış zamanı mobil telefon vasitəsilə video çəkiliş aparılmşdır. Cinayət işində olan CD diskinə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, xx.xx.2024-cü il tarixdə Səbail RPİ-nin 39-cu PB-nin təhqiqatçısı X4 tərəfindən Səbail RPİ-nin 39-cu PB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid1, Səbail RPİ-nin 39-cu PB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid2, müdafiəçi X1 iştirakı ilə şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılmışdır. Video görüntüdə şəxsi axtarış və götürmə aparılmasından əvvəl Təqsirləndirilən şəxs əşyalarında və ya üzərində dövriyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilir, bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki boz şalvarın sağ yan cibindən 01 ədəd şəffaf sellofana bükülmüş ağ rəngli kristal hissəciklərdən ibarət formada maddə bükümü təqdim edir, aşkar olunmuş narkotik vasitə cinayət təqibi orqanı tərəfindən 01 (bir) ədəd kağız zərfdə qablaşdırılıb götürülür. Video diskə baxış zamanı Təqsirləndirilən şəxs bildirir ki, həqiqətən baxış keçirilən şəxs odur. Metamfetamin ona məxsusdur, tanımadığı şəxsdən şəxsi istifadəsi üçün almışdır. İş materiallarında olan “təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin təmin edilməməsi haqqında” Səbail rayon Prokuroru, baş ədliyyə müşaviri Natiq Əsədovun 28 aprel 2024-cü il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə istintaqı aparılan ********* №-li cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatət təmin edilməmiş və Təqsirləndirilən şəxs dərhal müvəqqəti saxlama yerindən azad edilməsi qərara alınmışdır. İş materiallarında olan “qətimkan tədbirinin seçilməsi” barədə 28 aprel 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-nin 20 may 2024-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmuşdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə və daşımağa görə cinayət məsuliyyətini müəyyən edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanununda narkotik vasitə olan metamfetaminin şəxsi istehlak üçün yuxarı miqdarı 0,15 qram müəyyən edilmişdir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli onun özünün, şahidlərin ifadələri, ekspertizaların rəyləri, işdə olan cinayət işinin digər halları və məhkəmə istintaqında tədqiq olunmuş dəlillərlə tam sübuta yetirilir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Bununla əlaqədar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1-ci, 41.2-ci və 58.3-cü maddələrini rəhbər tutur, habelə “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” və “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarlarındakı tövsiyələri nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf etməsini, əməlindən peşman olmasını, himayəsində iki uşağın olmasını qanunla nəzərdə tutulmuş cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs hazırki iş üzrə cinayət əmməlini onun barəsində Biləsuvar Rayon Məhkəməsi tərəfindən çıxarılmış xx.xx.2023-cü il tarixli hökmdən sonra törətmişdir və ona görə də ona hökmlərin məcmusu üzrə cəza təyin edilməlidir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində ağırlaşdıran hal kimi müəyyən edilməmişdir. Belə ki, iş materiallarında olan Biləsuvar Rayon Məhkəməsinin 1(022)-189/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinmiş və ona 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilmiş, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxsnın tutma altında olduğu 02 gün (1 günü 2 gün azadlığın məhdudlaşdırılmasına bərabər tutularaq) cəzasına hesablanmış və üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayət törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4, 18.4.1 və 18.4.4-cü maddələrinə əsasən residivin müəyyən edilməsi zamanı böyük ictimai təhlükə törətməyən cinayətlər və azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar nəzərə alınmır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Biləsuvar Rayon Məhkəməsinin 1(022)-189/2023 saylı, xx.xx.2023cü il tarixli hökmü ilə məhkum edildiyi, habelə hazırki iş üzrə təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş az ağır cinayət hesab olunur və həmin hökmlə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmişdir. Buna görə də məhkəmə Təqsirləndirilən şəxs əvvəllər Biləsuvar Rayon Məhkəməsinin 1(022)-189/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmü ilə məhkum edildiyi, həmin hökm ilə ona azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edildiyini nəzərə alaraq hesab edir ki, qeyd edilən cinayət əməlləri və azadlığın məhdudlaşdırılması növündə cəzaya görə məhkumluq residivin müəyyən edilməsi zamanı nəzərə alına bilməz. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən onun tərəfindən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini, cəzanı yüngülləşdirən halların olmasını, cəzanı ağırlaşdıran halların olmamasını, məhkəmə iclasındakı davranışını nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə növündə cəza təyin olunması məqsədəuyğundur. Bundan başqa, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Həmin Məcəllənin 67.4-cü maddəsinə əsasən hökmlərin məcmusu üzrə qəti cəza həm yeni törədilmiş cinayətə görə təyin edilmiş cəzadan, həm də məhkəmənin əvvəlki hökmü ilə təyin edilmiş cəzanın çəkilməmiş hissəsindən çox olmalıdır. Belə ki, iş materiallarında olan Bakı şəhər Probasiya İdarəsinin Səbail rayon Məhkəməsinə ünvanladığı xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs barəsində qanunvericiliyə müvafiq bütün tədbirlər görülsə də Bakı şəhər Probasiya İdarəsində qeydiyyata alınmamış və ona təyin edilmiş 02 il 05 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası çəkilməmişdir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əvvəllər Biləsuvar Rayon Məhkəməsinin 1(022)-189/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmü ilə ona təyin edilmiş 02 il 05 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsi, 02 günə 01 gün azadlıqdan məhrum etmə cəzasına bərabər tutularaq Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən bu hökm üzrə təyin ediləcək azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilməli və Təqsirləndirilən şəxs çəkilməsi üçün qəti olaraq cəza müəyyən edilməlidir. Cinayət işinin materialları ilə təsdiq olunur ki, Təqsirləndirilən şəxs 26 aprel 2024-cü il tarixdə saat 23:20-də şübhəli şəxs kimi tutulmuş və Səbail RPİ-nin MSY-nə təhvil verilmişdir. 28 aprel 2024-cü il tarixdə saat 17:00-da Təqsirləndirilən şəxs Səbail RPİ-nin MSY-dən həbsdən azad edilmiş və onun barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs 26 aprel 2024-cü il tarixindən 28 aprel 2024-cü il tarixədək həbsdə saxlanıldığı 02 (iki) gün ona təyin olunacaq cəzadan çıxılmalıdır. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cəzaçəkmə müddətinin əvvəli 19 avqust 2024-cü il tarixdən hesablanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilərək, barəsində “həbs” qətimkan tədbiri seçilməli, o, məhkəmə iclas zalında həbsə alınaraq saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına göndərilməli, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən, məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Həmin Məcəllənin 93-1.1-ci maddəsinə əsasən, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslər barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinin məqsədi həmin şəxslərin müalicə olunması, səhhətinin və psixoloji vəziyyətinin yaxşılaşdırılması, ixtisaslaşdırılmış tibbi yardım və sosial qayğı göstərməklə onların normal həyat tərzinə qaytarılması, gələcəkdə həmin şəxslər tərəfindən insan psixikasına təsir göstərən maddələrdən sui-istifadənin və yeni cinayətlər törədilməsinin qarşısının alınmasından ibarətdir. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə ilə bağlı tibbi xarakterli məcburi tədbir tətbiq edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə görə hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş 03 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi vəsaiti hesabına 180 manat pul ödənilməlidir. İş üzrə maddi sübut olan Səbail rayon Polis İdarəsində saxlanılan 0,584 qram metamfetamindən ekspertiza tədqiqatından sonra qalan qalıq, yəni 0,534 qram çəkidə psixotrop maddə olan metamfetamin məhv edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə keçirilmiş məhkəmə ekspertizasının dəyəri olaraq 114 (bir yüz on dörd) manat Təqsirləndirilən şəxs tutulub Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. İş üzrə 01 (bir) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-353, 356 və 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Biləsuvar Rayon Məhkəməsinin 1(022)-89/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmü ilə təyin edilmiş 02 il 05 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 02 il 05 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzası 01 il 02 ay 28 gün azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilərək hazırki hökmlə təyin edilmiş cəza ilə qismən birləşdirilərək ona 01 il 09 ay azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 26 aprel 2024-cü il tarixdən 28 aprel 2024-cü il tarixədək tutulduğu cəmi 02 (iki) gün müddət təyin olunmuş cəzadan çıxılaraq ona qəti olaraq 01 (bir) il 08 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 19 avqust 2024-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalından dərhal həbs edilərək saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına göndərilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Maddi sübut olan 01 (bir) ədəd disk iş materiallarında saxlanılsın. ********** saylı cinayət işi üzrə maddi sübut olan - Səbail rayon Polis İdarəsində saxlanılan 0,534 qram çəkidə psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs 114 (bir yüz on dörd) manat ekspertiza xərci alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin (büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, X2 Kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ ********************, SWİFT BİK CTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, AZ34STRE********************) hesabına köçürülsün. Bakı şəhəri 03 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarını məhkəmədə müdafiə edilməsinə görə 180 (bir yüz səksən) manat dövlət büdcəsindən tutulularaq Müdafiəçi ödənilməsi üçün Bakı şəhəri 03 saylı Vəkil Bürosunun, "xxxx" ASC-nin Səbail rayon filialındakı hesabına köçürülsün. Hökmdən 20 gün müddətində (təqsirləndirilən şəxsə təqdim edildiyi gündən) Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya şikayəti və apellyasiya protesti verilməzsə, qeyd olunan müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Şəhla Süleymanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar