Məhkəmə qərarları › İş №1(009)-26/2022

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-26/2022

08.02.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-26/2022 08.02.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Ramiz oğlunun sədrliyi, Əlirza Azər oğlunun katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikasının Baş X2 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X3, Müdafiəçi: Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə, Təqsirləndirilən şəxs – xx xxxxxx 1983-cü ildə Bakı şəhərində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, evli, ortaixtisas təhsilli, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan və Bakı şəhəri, Yasamal rayonu, “Kaktusun” yanında həyət evində yaşayan, hazırda barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Səbail Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : Təqsirləndirilən şəxs, tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmə məqsədi ilə 01.07.2021-ci il tarixdə saat 10 radələrində Bakı şəhəri, Səbail rayonu, İstiqlaliyyət küçəsindəki 132-134 saylı təhsil komplekisinin binasının qarşısında Zərərçəkmiş şəxs qızma arxadan yaxınlaşıb əynindəki yaşıl rəngli şortikin sol cibindən sonuncuya məxsus olan 120 (yüz iyirmi) manat dəyərindəki “Techno Spark 5” markalı mobil telefonu götürüb qaçaraq həmin mobil telefonu açıq talamaqla, Zərərçəkmiş şəxs maddi ziyan vuraraq soyğunçuluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə təqsirli bilərək göstərmişdir ki, o, həyat yoldaşı Şahid2 Xələfqulu qızı və övladı X7 ilə birlikdə yaşayır. O, narkotik vasitə olan “kakos(kustar üsulla hazırlanmış heroin)”i 3-4 il istifadə etmişdir. Hadisə ilə əlaqədar olaraq bildirmişdir ki, 01 iyul 2021-ci il tarixdə səhər saat 08 rədələrində həyat yoldaşı Səidə ilə birlikdə evdən çıxıb ehtiyacı olduğundan bacısı Elmiradan borc almaq üçün Elmiranın işlədiyi Səbail rayonu İstiqlaliyyət küçəsindəki Azərabaycan Respublikası Elmlər X1 binasına piyada getmişdirlər. Elmiranın iş yerinə çatdıqda oradan Elmiranın məzuniyyətdə olduğunu onlara demişdirlər. Onlar da həmin küçə ilə piyada geri qayıtmağa başlamışdırlar. Bu zaman qarşılarında uşaq arabasını idarə edən tanımadığı azyaşlı qız uşağı olmuş və əlindəki telefonla danışıb həmin telefonu əynindəki şortikin arxa cibinə qoymuşdur. Bu zaman o ehtiyacı olduğundan həmin uşaqdakı telefonu oğurlamaq niyyətinə düşmüş, sonra isə həyat yoldaşı Səidəyə həmin qız uşağının əlindəki mobil telefonu göstərib onu oğurlamaq istədiyini demiş, Səidə isə cavabında ona belə bir şey etməməsini bildirmişdir. Lakin o Səidəni dinləməmiş və telefonu həmin qız uşağının cibindən götürüb qaçacağını Səidəyə demişdir. Sonra isə Səidəyə evə getməsini deyib uşağın arxasınca iti addımlarla getmiş və qaçaraq uşağa arxadan yaxınlaşıb qız uşağının sol cibindən telefonu sol əli ilə götürüb geri qaçaraq oradan uzaqlaşmışdır. Sakit bir yerə çatıb telefonu açmaq istəmiş lakin telefonun şifrəsi olduğundan onu aça bilməmiş ancaq içindəki nömrəni çıxarıb zibilliyə atmışdır. Bir az sonra “Axundov Bağı” deyilən parka gəlmiş və orada təsadüfən əvvəlidən tanışlığı olan Rüstəmlə rastlaşmışdır. Rüstəmlə görüşüb söhbət edən zaman cibindəki telefonu ona göstərib həmin telefonun özünə məxsus olduğunu, şifrəsini unutuğunu və telefonu satmaq istədiyini Rüstəmə demiş Rüstəm cavabında telefonu neçəyə satdığını soruşmuş, o da 30- 40 manat telefonu sata biləcəyini Rüstəmə demişdir. Rüstəm ona 30 manat pul verə biləcəyini şifrəsini açdırmaq üçün əlavə pul lazım olduğunu ona bildirmişdir. O da Rüstəmlə razılaşmış və telefonu orada 30 manata Rüstəmə satmışdır. Əldə etdiyi pulu götürüb “Kaktus’un yanındakı evinə getmişdir. Evə gəlib bu barədə həyat yoldaşı Səidəyə məlumat vermişdir. 02 iyul 2021 -ci il tarixdə o, əməlindən peşman olduğu üçün səhər saatlarında Rüstəmlə görüşüb pulu geri qaytaracağına söz verib telefonu ondan alıb evə gəlmiş, lakin tutulacağından qorxduğu üçün telefonu polisə təhvil verməyib üzərində saxlamış və bu barədə heç kimə məlumat verməmişdir. 03 iyul 2021-ci il tarixdə polis əməkdaşları onun yaşıdığı evə gəlmişlər və telefonu oğurlamağı barədə ondan şikayət olduğunu bildirib onu polis bölməsinə dəvət etmişdirlər. Orada sorğu zamanı törətmiş olduğu əməli səmimi etiraf etmiş və oğurladığı telefonu polisə təqdim etmişdir. Daha sonra telefonunu oğurlayıb qaçdığı sonradan adının Zərərçəkmiş şəxs olduğunu bildiyi şəxs bölməyə gəlmiş və polis əməkdaşları onu Zərərçəkmiş şəxs göstərən zaman Nuray onu üzdən tanıyıb bu barədə polis əməkdaşlarına məlumat vermişdir. Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olmasının, təqsirini boynuna almasının, himayəsində bir azyaşlı övladının olmasının, əvvəllər məhkum olunmamasının, ilk dəfə olaraq az ağır cinayət törətməsinin, zərərçəkmiş şəxslə barışmasının, ona vurulmuş ziyanının tam ödənildiyinin, zərərçəkmiş şəxsin şikayət və tələbinin olmamasının nəzərə alınmasını xahiş etmişdir. Təqsirləndirilən şəxs tərəfindən törədilən cinayət əməlləri özlərinin etiraf edici ifadələri ilə yanaşı zərərçəkmiş şəxs, şahid ifadələri, götürmə protokolları, ekspertiza rəyləri, maddi sübutlar və iş üzrə toplanmış digər sübutlarla tam sübuta yetirilmişdir. Məhkəmə iclasında qanuni nümayəndəsi Şahid1 iştirakı ilə dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, 01 iyul 2021-il tarixdə saat 09 radələrində balaca qardaşını uşaq arabası ilə Bakı şəhəri, Sabail rayonu, İstiqlaliyyət küçəsində yerləşən 142- 143 saylı orta məktəblərin qarşısında gəzdirən zaman onun qarşısında piyada iki nəfər qadın və kişi hərəkətdə olmuşdur. O, biraz sürətini artırıb həmin şəxslərin yanından ötüb irəliyə keçmiş həmin şəxslər onun arxasında qalmışdır. O, hərəkət edə-edə əynindəki yaşıl rəngli şortikinin sol cibindən özünə məxsus olan anası Şahid1 2020-ci il dekabr ayında 269 manata almış olduğu “Techno Spark 5” markalı telefonunu çıxarıb saata baxdıqdan sonra yenidən cibinə qoymuş, bir neçə dəqiqə sonra arxasınca kiminsə qaçdığını hiss etmiş və o, geri çevrilib baxan zaman arxasınca gələn kişinin qaçdığını görmüşdür. O həmin kişini görən kimi həmin şəxs dayanmış lakin, o təkrar üzünü çevirib hərəkətini davam etdirən zaman həmin şəxsin qaçaraq ona yaxınlaşıb sol çiynindən itələyərək sol cibindəki telefonunu götürüb geri çevrilərək qaçmışdır. O, həmin anda qorxduğu üçün olduğu yerdə qalmışdır. Sonra isə qardaşını aparıb uşaq baxçasına qoymuş və anasına zəng vurub bu barədə məlumat vermişdir. Bir gün sonra bu barədə polisə müraciət etmişdirlər. 03 iyul 2021 -ci il tarixdə onları polis bölməsinə dəvət etmişdirlər və orada ona telefonunu cibindən götürüb qaçan şəxsi yəni adını sonradan bildiyi Təqsirləndirilən şəxs və “Techno Spark 55' markalı telefonunu təqdim etmişdirlər. O, həmin şəxsi görüb üzdən tanımış və bu barədə polis əməkdaşlarına məlumat vermişdir. Zərərçəkmiş şəxs ərizə ilə məhkəməyə müraciət edərək təqsirləndirilən şəxslə barışıq əldə etdiyini, ona dəymiş ziyanın təqsirləndirilən şəxs tərəfindən tam ödənilməsini və ona qarşı şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun övladıdır. Hadisə ilə əlaqədar olaraq bildirmişdir ki, 01 iyul 2021-ci il tarixdə özü işə getdiyi üçün balaca oğlunu baxçaya aparmağı qızı Zərərçəkmiş şəxs tapşırmışdır. Nuray da həmin gün səhər saat 09 radələrində oğlu Hamzah Alini uşaq arabası ilə Səbail rayonu, İstiqlaliyyət küçəsində yerləşən 132-134 saylı orta məktəbin qarşısından keçərək baxçaya aparan zaman bir nəfər tanımadığı kişi qaçaraq arxadan Nuraya yaxınlaşıb Nurayı çiynindən itələyərək əynindəki şortikin sol cibində olan mənim Nuraya özünün hədiyyə etdiyi 269 manata almış olduğu “Techno Sparc 5” markalı mobil telefonu oğurlayıb qaçmışdır. Həmin gün bu barədə Nuray ona məlumat vermişdir və bir gün sonra hadisə barədə polisə müraciət etmişdirlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Xələfqulu qızı ifadəsində göstərmişdir ki, o, həyat yoldaşı Təqsirləndirilən şəxs oğlu və övladı X7 ilə birlikdə Elmiradan borc almaq üçün Elmiranın işlədiyi Səbail rayonu İstiqlaliyyət küçəsində yerləşən iş yerinə piyada getmişdirlər. Elmiranın iş yerinə çatdıqda oradan Elmiranın məzuniyyətdə olduğunu onlara demişdirlər. Onlar da həmin küçə ilə piyada geri qayıtmağa başlamışdırlar. Bu zaman qarşılarında uşaq arabasını idarə edən azyaşlı qız uşağı olmuş və əlindəki telefonla danışıb həmin telefonu əynindəki şortikin arxa cibinə qoymuşdur. Bu zaman həyat yoldaşı Samir həmin mobil telefonu göstərib onu oğurlamaq istədiyini ona demiş, o, isə cavabında Samirə belə bir şey etməməsini bildirmişdir. Lakin, Samir onu dinləməmiş və telefonu həmin qız uşağının cibindən götürüb qaçacağını ona demişdir. Sonra isə ona evə getməyini deyib uşağın arxasınca getmiş və qaçaraq həmin qız uşağına yaxınlaşıb qız uşağının arxa cibindən telefonu alıb qaçaraq oradan uzaqlaşmışdır. O isə sakitcə hərəkətinə davam edib evinə getmişdir. Bu zaman həmin uşaq və başqaları onun Samirlə birlikdə olmağını bilməmişdir. O sakitcə oradan uzaqlaşıb Yasamal rayonu “Kaktus”un yanındakı evlərinə gəlmişdir. Bir neçə saat sonra Samir əlində ərzaq torbası ilə evə gəlmişdir. O ərazağı göstərib qız uşağından oğurladığı mobil telefonu 30 manata tanışına satdığını və həmin pula bu ərzaqları aldığını bildirmişdir. Məhkəmə iclasında tədqiq olunmuş və ibtida istintaq zamanı keçirilmiş şübhəli şəxsin ifadəsinin yerində yoxlanılması istintaq hərəkəti 03 iyul 2021-ci il tarixli protokolundan görünür ki, Təqsirləndirilən şəxs ifadəsində göstərdiklərini əyani şəkildə təsvir etməklə təsdiq etmişdir. Məhkəməyədək icraat dövründə keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş məhkəmə-əmtəəşünaslıq ekspertizasının 16 iyul 2021-ci il tarixli 9\4738 saylı rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 01 ədəd “Techno Sparc 5” markalı mobil telefon aparatının satış üçün komplektləşdirilməsinə daxil edilən aksesuarların olmamasını və istifadədə olduğunu nəzərə alaraq orta bazar qiyməti təxminən 120,00 manat müəyyən olunur. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124.2.2ci maddəsinin tələbinə uyğun olaraq iş materiallarında olan ekspertiza rəylərini sübut növü kimi qəbul etmişdir. Elektron Məhkəmə Portalının çıxarışından görünür ki, Təqsirləndirilən şəxs himayəsində 09 fevral 2014-cü il təvəllüdlü X7 övladı var. Sabunçu rayon İcra Hakimiyyəti Başçısının Maştağa qəsəbəsi üzrə nümayəndəsinin 25 noyabr 2021-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, X8 küçəsi, mənzil 7 ünvanında yaşayır. Şübhəli şəxsin tutulması haqqında 03 iyul 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin təmin edilməməsi və qətimkan tədbiri seçmək haqqında 05 iyul 2021-ci il tarixli qərarlardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatət təmin olunmamış, onun MSY-dən dərhal azad olunmuş və barəsində başqa yerə getməmək haqqında qətimkan tədbiri seçilməsi qərara alınmışdır. Qəbzdən görünür ki, Techno Sparc 5 markalı mobil telefonun Zərərçəkmiş şəxs qaytarılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ tərəfindən verilmiş məhkumluq haqqında tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124cü maddəsinin tələbinə uyğun olaraq iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələrini, istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəylərini və iş üzrə digər sənədləri, habelə iş üzrə maddi sübutları sübut növü kimi qəbul edib həmin sübutlara və onların məcmusuna tam, obyektiv, hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə düzgün tövsif edilmiş, onun həmin maddədə nəzərdə tutulmuş əməli törətməkdə təqsiri sübuta yetirilmişdir və o, törətdiyi cinayət əməlinə görə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb olunmasını istisna edən hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarların şəxsiyyətlərini, hər birinin cinayətin törədilməsində rolunu, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onların islah olunmalarına təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarında qeyd olunur ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 27 dekabr 1996-cı il tarixli Qərarının 13-cü hissəsində göstərilmişdir ki, cinayət qanununun sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı, başqa daha yüngül cəza tədbiri tətbiq etmənin mümkünlüyünü nəzərdə tutursa, məhkəmə hökmündə nə üçün müttəhimə məhz azadlıqdan məhrum etmə cəzasının tətbiq olunmasının əsası göstərilməlidir. Eləcə də müttəhimin şərti məhkum olunması, ona cinayət üçün qanunda nəzərdə tutulduğundan aşağı hədd cəza təyin edilməsi və ya daha yüngül başqa cəzaya keçirilməsi, habelə müttəhimin cəzadan azad edilməsi və ya onu ümumi qaydadan kənara çıxmaqla koloniya növü təyin olunması zərurəti barədə nəticəyə gəlməsi hökmdə əsaslandırılmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olmasını, təqsirini boynuna almasını, əvvəllər məhkum olunmamasını, ilk dəfə olaraq az ağır cinayət törətməsini, himayəsində bir azyaşlı uşağının olmasını, əməlin ehtiyacdan törətməsini, zərərçəkmiş şəxslə barışmasını, ona vurulmuş ziyanını tam ödənildiyini, zərərçəkmiş şəxsin şikayət və tələbinin olmamasını olmasını nəzərə alaraq onun azadlıqdan məhrum etmə növündə cəza təyin edilmədən islah olunmasını mümkün hesab edir və təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməklə islah olunmasını, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.12-ci maddəsinin tələbləri baxımından Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsini məqsədəmüvafiq hesab edir. Eyni zamanda məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Təqsirləndirilən şəxs 03 iyul 2021-ci il tarixdən 05 iyul 2021-ci il tarixədək, 02 (iki) gün şübhəli şəxs qismində tutulduğu müddətin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutularaq, təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasından 04 (dörd) gün çıxılmaqla, onun üzərində qəti cəza saxlanılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cinayətin az yaşlı şəxsə qarşı törətməsini onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində qeyd olunmuş əmlakın müəyyən olunmamasını nəzərə alaraq məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs xüsusi müsadirə cinayəthüquqi tədbiri tətbiq olunmamalıdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.10-cu və 353.4.11-cu maddələrinə uyğun olaraq iş üzrə ekspertiza xərcinin təqsirləndirilən şəxsdən tutulmasını, iş üzrə maddi sübut qismində tanınmış Zərərçəkmiş şəxs məxsus olan Techno Sparc 5 markalı mobil telefonun Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalıdır. Məhkəmə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 yanvar 2010-cu il tarixli, 21 saylı qərarına əsasən Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli 31 saylı qərarına əsasən təqsirləndirilən şəxslərin hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. İş üzrə mülki iddia, maddi sübut və üzərinə həbs qoyulacaq əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 351-356cı maddələrini rəhbər tutaraq, məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə təqsirli bilinib 02 (iki) il 04 (dörd) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, X5 03 iyul 2021-ci il tarixdən 05 iyul 2021-ci tarixədək 02 (iki) gün şübhəli şəxs qismində tutulduğu müddətin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutularaq, 04 (dörd) gün təyin olunmuş cəzadan çıxılmaqla, onun üzərində qəti olaraq 02 (iki) il 03 (üç) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə Bakı şəhəri, Sumqayıt şəhəri və Abşeron rayonu ərazilərini tərk etməmək, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, X8 küçəsi, mənzil 7 ünvanını hər gün saat 23-00-dən 700-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, Bakı şəhəri ərazisini tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrası Bakı şəhəri Probasiya İdarəsinə tapşırılsın. Cəzasının əvvəli Bakı şəhəri Probasiya İdarəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə aparılmış məhkəmə-əmtəəşünaslıq ekspertizasının Təqsirləndirilən şəxs 50 (əlli) manat ekspertiza xərci tutulub Azərbaycan Respublikasının Dövlət Büdcəsinə (Az.MEM, VÖİN **********, X4, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, S.W.İ.F.T. Bik: CTREAZ22) köçürülsün. İş üzrə maddi sübut qismində tanınmış Zərərçəkmiş şəxs məxsus olan Techno Sparc 5 markalı mobil telefonun Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. Bakı şəhəri 12 saylı vəkil bürosunun vəkili Müdafiəçi2 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclasları zamanı müdafiə edilməsinə görə dövlət büdcəsindən 360 (üç yüz altmış) manat pul tutulub, "xxxx" QSCnin Səbail filialındakı hesabına keçirilsin. Hökmdən 20 gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya şikayəti və ya apellyasiya protesti verilməzsə, qeyd olunan müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM AZƏR TAĞİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar