Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-260/2024 19.08.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Süleymanova Şəhla Ənvər qızının sədrliyi, Əliyev Ülvi Bağır oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 06 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə, xx xxx 1970-ci ildə Ermənistan Respublikasının Razdan rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan, Bakı şəhəri, Sabunçu rayonu, Gülçülük savxozufərdi evdə yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə qarşı açıqca hörmətsizlik ifadə edən, vətəndaşın üzərində zor tətbiq edilməsi ilə müşayiət edilən qərəzli hərəkətlərlə xuliqanlıq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs 11 iyun 2024-cü il arixdə saat 05:45 radələrində idarə etdiyi “Hyundai” markalı, **-ZM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Bakı şəhəri, Səbail rayonu, Badamdar yolu ilə hərəkətdə olarkən eyni istiqamətdə ondan öndə hərəkətdə olan “Mersedes Vito” markalı, **-UD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Zərərçəkmiş şəxs qabarit cihazlar vasitəsilə yol istəmiş, qarşıda hərəkətdə olan sürücünün ona yol verməməsi kimi cüzi səbəbi özü üçün əsaslı səbəb hesab edərək 11 iyun 2024-cü il tarixdə saat 05:50 radələrində Bakı şəhəri, Səbail rayonu, Badamdar yolu 107 A ünvanın qarşısında ictimai qaydanı kobud surətdə pozaraq, iki avtomobildə olan sərnişinlər və sonradan oraya yaxınlaşmış şəxsin qarşısında cəmiyyətə açıqca hörmətsizlik edərək, “Mersedes Vito” markalı, **-UD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Zərərçəkmiş şəxs sükan arxasında oturduğu vəziyyətdə avtomobilin açıq pəncərəsindən əli salaraq sifət nahiyyəsindən yumruq zərbələri ilə vurub ona sol gözün ağlı qişasına qansızma ilə müşayiət olunan sol göz orbitası ətrafının hematoması, sol üst göz qapağının əzilmiş yarası və sıyrığı, eləcə də, sol çənə nahiyəsinin qançırı kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurmaqla xuliqanlıq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası 221.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində bildirmişdir ki, Badamdar şossesindən “Qurd Qapısı” istiqamətində hərəkət edirdi. İki nəfər müştərini xəstəxanaya aparırdı. Önündə “Vita” markalı avtomobil gördü və ondan yol verməsini istədi. Lakin o yol vermədi. Avtomobili gah sağa, gah da sola çəkirdi. Ona bu barədə irad bildirdi. O isə ona qarşı təhqiramiz ifadələr işlətdi. Maşını onun qabağına çəkib saxladı. Ondan təhqiramiz ifadələr işlətməyinin səbəbini soruşdu. O buna məhəl qoymayaraq hərəkətlərinə davam etdi. O da ona səsini kəsməsini bildirdi. Güclü zərbə deyildi. Əməlindən peşmandır. Məhkəmənin 12 avqust 2024-cü il tarixli iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, ona ziyan vuran şəxs ondan üzr istədiyinə görə, peşman olduğuna görə onu bağışladı. Birinci həmin şəxs onu söymüşdü. Onu barışladığını və şikayətçi olmadığını bildirmişdir. İş materiallarında olan böyük ictimai təhlükə törətməyən aşkar cinayətlərə dair işlər üzrə məhkəməyədək sadələşdirilmiş icraat açılması haqqında 11 iyun 2024-cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə böyük ictimai təhlükə törətməyən aşkar cinayətlərə dair işlər üzrə məhkəməyədək sadələşdirilmiş icraat açılmışdır. İş materiallarında olan 11 iyun 2024-cü il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, baxış keçirildiyi yer Bakı şəhəri, Səbail rayonu, Badamdar şossesi 107A ünvanıdır. Baxış zamanı hadisə yerini qeydə alan videokamera müəyyən edilməmişdir. Hadisə yerinə baxış zamanı fotoşəkillər çəkilərək toplanmış materiala əlavə olunmuşdur. İş materiallarında olan 11 iyun 2024-cü il tarixli 280 №-li məhkəmə-tibb ekspertizasının rəyindən görünür ki, vətəndaş Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlər - sol gözün ağlı qişasına qansızma ilə müşayiət olunan sol göz orbitası ətrafının hematoması, sol üst göz qapağının əzilmiş yarası və sıyrığı, eləcə də, sol çənə nahiyəsinin qançırı bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə və müayinə olunanın göstərdiyi şəraitdə, yəni xx.xx.2024cü il tarixində, kənar şəxs tərəfindən qeyd olunan nahiyələrə yumruqla vurma nəticəsində əmələ gələ bilərdilər, dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aiddirlər. İş materiallarında olan nəqliyyat vasitəsinin qeydiyyatı şəhadətnaməsinin surətindən görünür ki, “Hyundai” minik markalı, **-ZM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Təqsirləndirilən şəxs mülkiyyətindədir. İş materiallarında olan 013898 nömrəli vəsiqədən görünür ki, Təqsirləndirilən şəxs veterandır. İş materiallarında olan “zərərçəkmiş şəxs qismində tanınmaq barədə” qərardan görünür ki, Zərərçəkmiş şəxs böyük ictimai təhlükə törətməyən aşkar cinayətlərə dair işlər üzrə məhkəməyədək sadələşdirilmiş icraat gedişində zərərçəkmiş şəxs qismində tanınmışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsinə əsasən xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər—min manatdan üç min manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsinin bu kateqoriyadan olan işlərə baxılması zamanı qanunvericiliyin tələblərinə əməl edilməsinin təmin edilməsi məqsədi ilə məhkəmələrə ünvanlanmış 18 may 2010-cu il tarixli 2-277-10 nömrəli icmal məktubunda qeyd olunmuşdur ki, xuliqanlıq hərəkətləri müxtəlif formada ifadə olunsa da, onların hamısı üç əlamətə malik olmalıdır: yəni, bu hərəkətlər ictimai qaydanı kobud surətdə pozmalı, belə pozuntu cəmiyyətə qarşı açıqcasına hörmətsizlik ifadə etməli, həmçinin vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilməlidir. Bundan başqa, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” 23 mart 2004-cü il tarixli 1 nömrəli Qərarında göstərilmişdir ki, ictimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. İctimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında, şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan, yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunur. Həmin Plenumunun qərarında göstərilmişdir ki, məhkəmələr xuliqanlıq cinayətini xuliqanlıq niyyətilə ilə törədilən qəsdən adam öldürmə, qəsdən sağlamlığa ağır və ya az ağır zərər vurma cinayətlərindən fərqləndirərkən nəzərə almalıdırlar ki, xulqanlıq niyyəti konkret cinayətin motivi kimi özünü biruzə verdiyi xuliqanlıq əməli təqsirkarın təhlükəli davranışıdır. Odur ki, xuliqanlıq niyyətilə qəsdən adam öldürmə, yaxud sağlamlığa ağır və ya az ağır zərər vurma cinayətlərini törətmiş şəxsin əməli müvafiq olaraq Cinayət Məcəlləsinin 120.2.2 126.2.4 və ya 127.2.3-cü maddələri ilə tövsüf edilməlidir. Bu qeyd edilən cinayətlərdən hər hansı birinin törədilməsi ilə təqsirləndirilən şəxsin həm də ictimai qaydanın kobud surətdə pozulmasına və cəmiyyətə qarşı açıqdan-açığa hörmətsizlik etməyə səbəb olan qəsdən sair hərəkətlər də etməsi müəyyən edilərsə onda həmin şəxsin əməli cinayətlərin məcmuyu qaydasında həm də Cinayət Məcəlləsinin 221-ci maddəsilə tövsif olunmalıdır. “B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 7 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli Qərarında qeyd olunur ki, ictimai qaydanın kobud surətdə pozulması, cəmiyyətə açıqca hörmətsizliyin ifadə edilməsi, vətəndaşlar üzərində zor tətbiq olunması və ya belə zorun tətbiq edilməsi hədəsi, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi xuliqanlıq hadisəsini xarakterizə edən əlamətlərdir. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər – təqsirkarın nəqliyyatın, müəssisə, idarə və təşkilatın normal fəaliyyətinin, kütləvi tədbirin və ya uzun müddətə ictimai asayişin pozulmasına, yaxud vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyəcanın yaranmasına səbəb olan, habelə qanunvericiliklə tənzimlənən birgəyaşayış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətləridir. Cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər – təqsirkarın ətrafdakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq göstərən, bir qrup şəxsin və ya cəmiyyətin hər hansı bir üzvünün qanuni mənafelərinə toxunan hərəkətləridir. Göründüyü kimi, xuliqanlıq hərəkətləri müxtəlif formada ifadə olunsa da, onların hamısı üç əlamətə malik olmalıdır. Yəni, bu hərəkətlər ictimai qaydanı kobud surətdə pozmalı, belə pozuntu cəmiyyətə açıqca hörmətsizlik ifadə etməli və nəhayət vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilməlidir. Xuliqanlıq-öz hərəkətlərinin ictimai təhlükəlilik xarakterini dərk edən, onların ictimai təhlükəli nəticələrini qabaqcadan görən, bu nəticələrin baş verməsini arzu edən şəxs tərəfindən qəsdən törədilən cinayətdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221-ci maddəsi xuliqanlıq cinayət əməlini - ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər kimi müəyyənləşdirir. Maddənin dispozisiyasına görə aşağıdakı əlamətlər xuliqanlıq hadisəsini xarakterizə edir: ictimai qaydanın kobud surətdə pozulması; cəmiyyətə açıqca hörmətsizliyin ifadə edilməsi; şəxslər üzərində zor tətbiq olunması və ya belə zorun tətbiq edilməsi hədəsi, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi. Bu normanı tətbiq edərkən təqsirkarın hərəkətlərini xarakterizə edən yuxarıda sadalanan əlamətlərin mövcudluğu mütləqdir. Belə ki, ictimai qaydanı kobud surətdə pozan hərəkətlər-təqsirkarın nəqliyyatın, müəssisə, idarə və təşkilatın normal fəaliyyətinin, kütləvi tədbirin və ya uzun müddətə ictimai asayişin pozulmasına, yaxud vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyəcanın yaranmasına səbəb olan, habelə qanunvericiliklə tənzimlənən birgəyaşayış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətləridir. Cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər - təqsirkarın ətrafdakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq göstərən, bir qrup şəxsin və ya cəmiyyətin hər hansı bir üzvünün qanuni mənafelərinə toxunan hərəkətləridir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli özünün, zərərçəkmiş şəxsin ifadələri, ekspertiza rəyi, işdə olan cinayət işinin digər halları və məhkəmə istintaqında tədqiq olunmuş dəlillərlə tam sübuta yetirilir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının CM-nin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Bundan başqa, cəza təyini məsələsini həll edərkən məhkəmə Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli Sərəncamını nəzərə alır. Belə ki, həmin Sərəncamın 8-ci bəndində qeyd edilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, Təqsirləndirilən şəxs səmimi peşmançılığı, zərərçəkmiş şəxslə barışdığını, veteran olmasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən onun tərəfindən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, yüngülləşdirən halların olmasını, cəzanı ağırlaşdıran halların olmamasını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, onun cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmadığını, onun cəmiyyətdən xaric olunmadan və azadlıqdan məhrum etmə növündə cəza çəkmədən də, islah olunmasını mümkün sayır. Buna görə məhkəmə Təqsirləndirilən şəxs cinayət əməlinin tövsif olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə cəza təyin olunmasını məqsədəuyğun hesab edir. İş üzrə fotoşəkil cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirli bilinərək, ona 1500 (bir min beş yüz) manat cərimə cəzası təyin edilsin. İş üzrə fotoşəkil cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Səbail rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Şəhla Süleymanova
Məhkəmə qərarları › İş №1(009)-260/2024
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-260/2024
19.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver