Məhkəmə qərarları › İş №1(009)-262/2024

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №1(009)-262/2024

02.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(009)-262/2024 02.09.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Süleymanova Şəhla Ənvər qızının sədrliyi, Əliyev Ülvi Bağır oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1986-cı ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Qaradağ rayonu, Çeyildağ qəsəbəsində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs idarə etdiyi avtomobil ilə yol hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurmasına səbəb olmuşdur. Belə ki, o, 03 dekabr 2023-cü il tarixdə saat 18:30 radələrində etibarnamə əsasında idarə etdiyi “Kia Rio” markalı, **-TY-*** dövlət qeydiyyatlı nömrə nişanlı minik avtomobili ilə Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi ilə «Sədərək» dairəsi istiqamətində hərəkətdə olarkən, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 60-cı maddəsinin 2-ci hissəsinin tələblərini pozaraq, işıqforun və ya nizamlayıcının qadağanedici siqnalı verildikdə, nəqliyyat vasitəsini stop-xətt (1.12 yol xətti) qarşısında (əgər bu xətt yoxdursa, piyadaların hərəkətinə maneə törətmədən kəsişən yolun hərəkət hissəsi qarşısında) piyada keçidi qarşısında, digər yolayrıclarında isə işıqforun qarşısında dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu və hadisənin qarşısını almağa texniki imkanı olduğu halda bunu etməyib yolun «Sədərək» dairəsində saxlanılmış yük avtomobilinin sol tərəfindən hərəkət etməyə davam edərkən sürücü Şahid idarə etdiyi «Mercedes Benz» markalı, **-HN-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinin qabaq sağ yan hissəsini özünün idarə etdiyi avtomobilin ön hissəsi ilə vuraraq toqquşmuş, həmin vaxt onun idarə etdiyi “Kia Rio” markalı avtomobilin salonunda arxa sağ tərəfdə sərnişin qismində əyləşmiş Zərərçəkmiş şəxs sağ bazu oynağında kəskin nəzərə çarpan kontraktura ilə müşayiət olunan sağ bazu sümüyünün cərrahi boynunun yerini dəyişmiş çoxparçalı qapalı sınığı, sağ bazunun ön səthinin hematoması, eləcə də, sol baldırın aşağı 1/3-nin ön səthinin qançırı ilə müşahidə olunan, ümumilikdə ümumi əmək qabiliyyətinin 1/3-dən çox (40%) hissəsinin daimi itirilməsi ilə nəticələnməklə ehtiyatsızlıqdan sağlamlığa ağır zərərvurmaya aid bədən xəsarətləri yetirilməsinə səbəb olmuş yol-nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamla özünü təqsirli bilərək ifadəsində bildirmişdir ki, maşında 4 nəfər sərnişin olmuşdur, onları Sahil stansiyasının yaxınlığında götürmüşdür. Salyan şossesi ilə Sədərək dairəsi istiqamətində hərəkət edən zaman həmin vaxt işıqforun yaşıl işığı yanıb-söndüyünə görə yoluna davam etməyə başlamışdır. Dairəyə daxil olanda gözlənilmədən sol istiqamətdə dayanmış yük avtomobilinin sol tərəfindən Mercedes markalı avtomobil hərəkət istiqamətinə daxil olmuş, dərhal əyləci sıxmış, lakin məsafə az olduğundan maşınının qabaq ön hissəsi Mercedes avtomobilinin qabaq sağ yan hissəsi ilə toqquşmuşdur. Bu hadisə nəticəsində maşınında olan sərnişinlərdən ikisi xəsarət almışlar. X4 gələrək onlara ilkin yardım göstərmişdir. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, hadisə 03 dekabr 2023-ci ildə baş verib. İşdən çıxıb evə gedərkən yolda olan zaman maşındakı sərnişinlərdən biri qışqırmışdır. Bu zaman onların maşını digər maşınla toqquşmuşdur. Onu maşından çıxarıb başqa maşına aparmışlar. Hadisədən sonra sağ qolunu hiss etməmişdir, təcili yardım çağırmışlar. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, Lökbatan dairəsindən Sədərək dairəsi istiqamətinə hərəkət edərkən işıqforun qırmızı işığında maşını saxlamış, bu zaman sağında TİR maşını dayanmışdı. Yaşıl işıq yananda maşını hərəkət etdirməyə başlamışdır. Həmin TİR maşını sağında olduğu üçün sağdan gələn maşınları görə bilməmişdir deyə yaşıl işıq yandığını görüb sağ tərəfdən gələn maşınları görə bilmək üçün maşını bir qədər irəli çəkmişdir. Yola düşən zaman sağ tərəfdən gələn avtomobil onun avtomobili ilə toqquşmuşdur. İş materiallarında olan Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında 03 dekabr 2023-cü il tarixli protokoldan, sxemdən və fotocədvəldən görünür ki, yol-nəqliyyat hadisəsinin baş verdiyi Bakı şəhəri, Səbail rayonu, Yeni Səlyan yolunun Sədərək dairəsi olan hissəsinə baxış keçirilmiş, sxem tərtib olunaraq və fotoşəkillər çəkilərək protokola əlavə olunmuşdur (i.v. 8-17); xx.xx.2023-cü il tarixli, 2/49774 saylı sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, Təqsirləndirilən şəxs hadisə vaxtı alkoqol sərxoşluğu olmamışdır (i.v.18); sürücülük vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası DİN BDYPİ Qİİ tərəfindən xx.xx.2022-ci il tarixdən-xx.xx.2032-ci il tarixədək 10 il müddətinə sürücülük vəsiqəsi verilmişdir (i.v. 23); xx.xx.2023-cü il tarixli BA № 316148 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, “Kia Rio” markalı, **-TY-*** dövlət qeydiyyat nişanlı avtomobil X3 adına qeydiyyatdan keçmişdir (i.v.23); Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X2” X5 Sabunçu rayon Şöbəsinin xx.xx.2023-cü il tarixli, 700 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs sağ bazu sümüyünün cərrahi boyunun yerini dəyişmiş çoxparçalı qapalı sınığı, sağ bazunun ön səthinin hematoması, eləcə də, sol baldırın aşağı 1/3-nin ön səthinin qançırı bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2023-cü il tarixli yol-nəqliyyat hadisəsi, o cümlədən hərəkətdə olan avtomaşınların toqquşması zamanı sərnişin qismində əmələ gələ bilərdilər. Vət. A.Ş. Yunusovanm almış olduğu xəsarətlərin sağlamlığa zərərvurma dərəcəsi onun müalicəsi tam başa çatdıqdan və təkrar məhkəmətibbi ekspertizadan keçirildikdən sonra əlavə olaraq təyin oluna bilər. (i.v. 53-56); Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X2” X5 Sabunçu rayon Şöbəsinin 02/700 saylı, 03 aprel 2024-cü il tarixli rəyindən görünür ki, Zərərçəkmiş şəxs almış olduğu xəsarətlər - sağ bazu oynağında kəskin nəzərə çarpan kontraktura ilə müşayiət olunan sağ bazu sümüyünün cərrahi boynunun yerini dəyişmiş çoxparçalı qapalı sınığı, sağ bazunun ön səthinin hematoması, eləcə də, sol baldırın aşağı 1/3-nin ön səthinin qançırı bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2023-cü il tarixli yolnəqliyyat hadisəsi, o cümlədən hərəkətdə olan avtomaşınların toqquşması zamanı sərnişin qismində əmələ gələ bilərdilər. Qeyd olunan xəsarətlər dərəcəsinə görə ümumilikdə ümumi əmək qabiliyyətinin 1/3-nin çox (40%) hissəsinin daimi itirilməsi ilə nəticələnmiş və bu əlamətlərə görə də sağlamlığa ağır zərərvurmaya aiddirlər. (i.v. 75-79); zərərçəkmiş şəxs qismində tanınma haqqında 24 aprel 2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs ********* saylı cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır (i.v.80); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-yol nəqliyyat hadisələri ekspertizasının 25 yanvar 2024-cü il tarixli, 8/3782 saylı rəyindən görünür ki, Mercedes Benz markalı, ** HN *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şahid hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 60-cı maddəsinin 2-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Təhqiqat tərəfindən təqdim olunmuş məlumatlara əsasən Kia Rio markalı ** TY *** dövlət qeydiyyat nişanlı avtoomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 60-cı maddəsinin 2-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. (i.v.62-64); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunması barədə əməliyyat sorğu kartotekasında heç bir məlumat yoxdur (i.v.72); başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsi haqqında 10 iyun 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (i.v. 126); Zərərçəkmiş şəxsin xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan ödənilmiş, ona qarşı şikayət və tələbi yoxdur. Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında 15 noyabr 2013-cü il tarixli Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarının 19-cu bəndində göstərilir ki, İzah olunsun ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ilə əlaqədar baş vermiş hadisələr zamanı sürücülər tərəfindən «Yol hərəkəti haqqında» Qanunun tələblərinin pozulub-pozulmaması, bu hadisələrin qarşısını almağa onların texniki cəhətdən imkanlarının olub-olmaması əsas etibarı ilə məhkəmə-yol-nəqliyyat ekspertizasının, zərər çəkmiş şəxsin sağlamlığına məhz yol-nəqliyyat hadisəsi nəticəsində zərərin vurulması və bu zərərin ağırlıq dərəcəsi isə məhkəmə-tibbi ekspertizasının rəyləri əsasında müəyyən edilir. İş üzrə 25 yanvar 2024-cü il tarixli, 8/3782 saylı rəyindən görünür ki, Kia Rio markalı ** TY *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 60-cı maddəsinin 2-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Mövcud vəziyyətdə Kia Rio markalı ** TY *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 60-ci maddəsinin 2-ci hissəsinin tələblərini rəhbər tutaraq, yəni hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin surətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli idi. Beləliklə, məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxs və şahid ifadəsi, ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsinə əsasən avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda iki ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş min manatdan yeddi min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Məcəllənin 263.1-1-ci maddəsinə əsasən eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmasına səbəb olduqda üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsinin qeyd hissəsinin 2-ci bəndinə əsasən bu Məcəllənin 263.1 və ya 263.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Bu halda şəxsin əməllərində inzibati xəta tərkibinin əlamətləri olduqda o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilir. Məhkəmə, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışmasını, ona dəymiş ziyanı tamamilə ödəməsini, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbi olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə olan cinayət işinin icraatına xitam verilməlidir. Azərbaycan Respubikası Cinayət-Prosessual Məcəlləsinin 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edildiyindən və cinayət təqibinə xitam verildiyindən onun barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edərkən hesab edir ki, hazırki cinayət işi üzrə müsadirə edilməli əmlak yoxdur. İş üzrə maddi sübut sübut yoxdur. İş üzrə keçirilmiş məhkəmə ekspertizasının dəyəri olaraq cəmi 175 manat (bir yüz yetmiş beş) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə görə hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə, təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi məqsədi ilə təyin olunmuş vəkilin məhkəmə iclaslarında iştirak etdiyi vaxtı üçün 294 (iki yüz doxsan dörd) manat məbləğində pul vəsaitinin dövlət büdcəsindən tutularaq Bakı şəhəri 12 saylı Vəkil Bürosunun hesabına ödənilməsini əsaslı hesab edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 40.3, 43.1.2, 321, 344-347, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığına, dəymiş ziyanı tamamilə ödədiyinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə cinayət məsuliyyətindən azad edilsin və onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. İş üzrə maddi sübut yoxdur. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci cəmi 128 manat (bir yüz iyirmi səkkiz) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin (büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, X1 Kodu 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ ********************, SWİFT CTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, AZ34STRE********************) hesabına köçürülsün. Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə zamanı müdafiə edilməsinə görə 294 (iki yüz doxsan dörd) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 12 saylı vəkil bürosunun "xxxx" QSC-nin Səbail rayon filialındakı hesabına köçürülsün. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən: Şəhla Süleymanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar