Məhkəmə qərarları › İş №1(009)-263/2024

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-263/2024

23.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-263/2024 23.09.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Süleymanova Şəhla Ənvər qızının sədrliyi, Əliyev Ülvi Bağır oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1988-ci ildə Yevlax rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, evli, himayəsində 6 azyaşlı uşağı olan, təhsili olmayan, işləməyən, əvvəllər məhkum olunmuş və ödənilməmiş, Yevlax rayonu, Yuxarı Qarxun kəndində qeydiyyatda olan və Bakı şəhəri, Binəqədi rayonu, Xocasən qəsəbəsində yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 170.1, 177.2.1, 177.2.2 və 177.2.5-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs yetkinlik yaşına çatmayanı cinayətkar fəaliyyətə cəlb edərək, tamah niyyəti ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını gizli olaraq talamaqla zərər çəkmiş şəxslərə maddi ziyan vuraraq oğurluq etmişdir. Belə ki, o, qardaşı yetkinlik yaşına çatmamış-xx xxxx 2007-ci ildə anadan olmuş Şahid1 əldə olunacaq gəliri birgə xərcləmək vədini verməklə cinayətkar fəaliyyətə cəlb edərək, qabaqcadan əlbir olub bir qrup şəxs halında özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 31 dekabr 2023-cü il tarixdə, saat 21 radələrində, Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsindəki “Fəvvarələr meydanı”nda” təşkil edilmiş,“Soyuq əllər, isti ürəklər” yarmarkasına əylənməyə gəlmiş Zərərçəkmiş şəxs3 əynindəki gödəkcəsinin cibində saxladığı hər birinin qiyməti 05 manat olan cəmi 10 manat dəyərində ***-***-**-** və ***-***- **-** saylı danışıq kartı ilə istifadə etdiyi bir ədəd 576 manat dəyərində olan “Redmi-12” markalı mobil telefonunu-özgənin əmlakını gizli olaraq talamaqla, zərərçəkmiş şəxs A.N.lbrahimovaya ümumlikdə, cəmi 586 manat məbləğində maddi zərər vurmaqla oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən qardaşı yetkinlik yaşına çatmamış-xx xxxx 2007-ci ildə anadan olmuş Şahid1 əldə olunacaq gəliri birgə xərcləmək vədini verməklə cinayətkar fəaliyyətə cəlb edərək, qabaqcadan əlbir olub bir qrup şəxs halında özgənin əmlakını gizli talamaq məqsədi ilə 31 dekabr 2023-cü il tarixdə, saat 21:15 radələrində, Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsindəki “Fəvvarələr meydanı”nda təşkil edilmiş, “Soyuq əllər, isti ürəklər” yarmarkasına əylənməyə gəlmiş Zərərçəkmiş şəxs2 əynindəki gödəkcəsinin cibində saxladığı hər birirnin qiyməti 05 manat olan cəmi 10 manat dəyərində ***-***-**-** və ***-***-**-** saylı danışıq kartı ilə istifadə etdiyi bir ədəd 270 manat dəyərində olan “Oppo” markalı mobil telefonunu-özgənin əmlakını gizli olaraq talamaqla, Zərərçəkmiş şəxs2 ümumlikdə, cəmi 280 manat məbləğində maddi zərər vurmaqla oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən qardaşı yetkinlik yaşına çatmamış-xx xxxx 2007-ci ildə anadan olmuş Şahid1 əldə olunacaq gəliri birgə xərcləmək vədini verməklə cinayətkar fəaliyyətə cəlb edərək, qabaqcadan əlbir olub bir qrup şəxs halında özgənin əmlakını gizli talamaq məqsədi ilə 31 dekabr 2023-cü il tarixdə, saat 21:30 radələrində, Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsindəki “Fəvvarələr meydanı”nda təşkil edilmiş, “Soyuq əllər, isti ürəklər” yarmarkasına əylənməyə gəlmiş Zərərçəkmiş şəxs1 əynindəki gödəkcəsinin cibində saxladığı qiyməti 05 manat olan ***-***-**-** saylı danışıq kartı ilə istifadə etdiyi bir ədəd 1.300 manat dəyərində olan “İphone 14” markalı mobil telefonunu-özgənin əmlakını gizli olaraq talamaqla Zərərçəkmiş şəxs1 ümumlikdə, cəmi 1.305 manat məbləğində maddi zərər vurmaqla oğurluq etmişdir. Məhkəmə istintaqı zamanı xx.xx.2024-cü il tarixli iclasda Təqsirləndirilən şəxs bildirmişdir ki, zibillikdə işləməklə pul qazanır. 6 övladı var, onlardan ikisi xəstədir, biri astma, biri isə vərəm xəstəsidir. Övladlarının xəstəlikləri ilə əlaqədar həkim ondan pul istəmiş, lakin pulu olmamışdır. Sözügedən telefonu götürməsini o deməmişdir, qardaşı özü götürmüşdür. Qardaşının 17 yaşı var. Qardaşı bildirmişdir ki, Redmi telefonunu Tarqovıda (Fəvvarələr meydanı”nda”) oturacaqda görüb götürmüşdür. O da telefonu qardaşından alaraq 70 manata satmış, həmin pulu övladlarının həkiminə vermişdir. Məhkəmə istintaqı zamanı xx.xx.2024-cü il tarixli iclasda Təqsirləndirilən şəxs bildirmişdir ki, qardaşı oturacağın üstündən bir telefon götürüb Fəvvarələr Meydanının yanında ona vermişdir. Bir telefonu isə 70 manata satmışdır. Əməliyyatçılar gələn zaman telefonun onda olduğunu bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 bildirmişdir ki, 31 dekabr bayram günü oğulları şəhərə gəzməyə getmişdilər. Həmin günü bayram axşamı yeyibiçəndən sonra yatmışlar. Bir neçə gün sonra təhqiqatçılar gəlib oğlunu aparmışlar. O da onlarla birlikdə Səbail RPİ-də müstəntiq Yalçın Məmmədovun yanına gəlmişdir. Müstəntiq dedi ki, 3 telefon oğurlanıb, qaytarmaq lazımdır. Balaca oğlu Sahib telefonların zirzəmidə olduğunu, onun və qardaşının qorxusundan zirzəmidə gizlətdiyini bildirmişdir. O zirzəmini axtarmış, 3 telefonu taparaq müstəntiqə gətirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ibtidai istintaqda verdiyi ifadəsi elan edildi. İbtidai istintaqda verdiyi ifadəsində göstərmişdir ki, o, ailə üzvləri ilə birlikdə Yevlax rayonu,Yuxarı Qarxun kəndində yaşayır, rəsmi olaraq heç bir yerdə işləmir, fərdi olaraq fəhləlik edərək ailəsini dolandırır. Onun altı nəfər oğlan və üç nəfər qızdan ibarət doqquz nəfər övladı var. Böyük oğlu 1988-ci il təvəllüdlü Rəfail, digər oğlu 2007-ci il təvəllüdlü oğlu Sahib ilə birlikdə işləmək üçün 2023-cü ilin təxminən dekabr ayının əvvəllərində Bakı şəhərinə getmiş, orada Binəqədi rayonu, Xocasən qəsəbəsində yerləşən dəqiq ünvanını bilmədiyi həyət evinini kirayə tutub orada qalaraq, dolanmaq üçün Bakı şəhərinin ətraf qəsəbələri ərazilərindən plasmas və metal qırıntılarını yığıb təhvil verməklə məşğul olmuşlar. 08 yanvar 2024-cü il tarixd yaşadığı Yevlax rayonunda olduğu zaman, oğlanları Rəfail və Sahibin Bakı şəhərində mobil telefonlar oğurladıqlarına görə polis tərəfindən saxlanmaları barədə məlumat almış, o, Rəfail və Sahibin haradan, konkret nə oğurlamalarını, hadisə ilə bağlı maraqlanmaq üçün Bakı şəhərinə gəlmiş Rəfaillə Sahibin qaldıqları evə gedərkən, ona polis əməkdaşlarının mobil telefonları vasitəsi ilə oğulları əlaqə saxlayıb, qaldıqları evdə iki ədəd mobil telefon aparatlarının olmasını və həmin mobil telefon aparatlarını götürüb polisə gətirib təqdim etməsini bildirmişdilər.O da Rəfaillə Sahibin qaldıqları evdə olarkən, Rəfailin izahına əsasən dolabdan iki ədəd mobil telefon aparatlarını tapıb götürərək Səbail polis idarəsinə gətirib təqdim etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 bildirmişdir ki, Yeni il gecəsi bacısı ilə şəhərə gəzməyə çıxmışlar. Bacısının cibində həm öz telefonu, həm də rəfiqəsinin telefonu olmuşdur. Orda təşkil olunmuş yarmarkadan çıxanda saat 21:00 radələrində bacısı cibinə baxmış və öz telefonunun orda olmadığını görmüşdür. Telefonu axtarıb tapmamışlar. 102-yə zəng vuraraq məlumat vernişlər. Həmin ərazidə yerləşən polis bölməsinə getmişlər. Bildirmişlər ki, artıq gecdir, gecə saat 02:00-a baxıla bilər. Səhərisi gün anası ilə bilrikdə Bayılda yerləşən polis bölməsinə müraciət etmişlər. İş materiallarında olan 31 dekabr 2023-cü il tarixli “hadisə yerinə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, hadisə yeri olan Bakı şəhəri, Səbail rayonu, “Fəvvarələr meydanı”nda təşkil edilmiş, “Soyuq əllər, isti ürəklər” yarmarkası olması müəyyən olundu. Zərərçəkmiş şəxs3 “Redmi” mobil telefonunun oğurlandığını bildirmişdir. İş materiallarında olan 31 dekabr 2023-cü il tarixli “hadisə yerinə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, hadisə yeri olan Bakı şəhəri, Səbail rayonu, “Fəvvarələr meydanı”nda təşkil edilmiş, “Soyuq əllər, isti ürəklər” yarmarkası olması müəyyən olundu. Zərərçəkmiş şəxs2 dəyəri 450 AZN olan “Oppo” mobil telefonunun cibindən oğurlandığını bildirmişdir. İş materiallarında olan 08 yanvar 2024-cü il tarixli “hadisə yerinə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, hadisə yeri olan Bakı şəhəri, Səbail rayonu, “Fəvvarələr meydanı”nda təşkil edilmiş, “Soyuq əllər, isti ürəklər” yarmarkası olması müəyyən olundu. Şahid3 qızına məxsus “İphone 14” mobil telefonunun oğurlandığını bildirmişdir. İş materiallarında olan 09 yanvar 2024-cü il tarixli Əşyaların götürülməsi haqqında qərardan görünür ki, X1 olaraq təqdim etdiyi bir ədəd “Oppo” markalı və bir ədəd “İphone 14” markalı mobil telefon iş üzrə sübut əhəmiyyətinə malik olmasını nəzərə alaraq götürülmüşdür. İş materiallarında olan 08 yanvar 2024-cü il tarixli cinayət içinin başlanması və icraata qəbul edilməsi haqqında qərarından görünür ki, fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.5-ci maddəsi ilə cinayət işi başlanılmışdır. İş materiallarında olan 09 yanvar 2024-cü il tarixli zərərçəkmiş şəxs qismində tanınma haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Zərərçəkmiş şəxs1 zərərçəkmiş şəxs qismində tanınmışdır. İş materiallarında olan 09 yanvar 2024-cü il tarixli zərərçəkmiş şəxs qismində tanınma haqqında qərardan görünür ki, yetkinlik yaşına çatmamış Zərərçəkmiş şəxs1 qanuni nümayəndəsi kimi anası Şahid3 tanınmışdır. İş materiallarında olan 10 yanvar 2024-cü il tarixli cinayət əməlinin tövsif edilməsi haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.5-ci maddəsindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 170.1, 177.2.1, 177.2.2 və 177.2.5-ci maddələrinə tövsif edilmişdir. İş materiallarında olan 12 yanvar 2024-cü il tarixli zərərçəkmiş şəxs qismində tanınma haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Zərərçəkmiş şəxs2 zərərçəkmiş şəxs qismində tanınmışdır. İş materiallarında olan 13 yanvar 2024-cü il tarixli zərərçəkmiş şəxs qismində tanınma haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Zərərçəkmiş şəxs3 zərərçəkmiş şəxs qismində tanınmışdır. İş materiallarında olan 25 yanvar 2024-cü il tarixli qəbzdən görünür ki, zərərçəkmiş şəxs Şahid3 tərəfindən “İphone 14” markalı mobil telefonu təhvil alınmışdır. İş materiallarında olan 25 yanvar 2024-cü il tarixli qəbzdən görünür ki, Zərərçəkmiş şəxs2 tərəfindən “Oppo” markalı mobil telefonu təhvil alınmışdır. İş materiallarında olan 13 fevral 2024-cü il tarixli 9/245 nömrəli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin ekspert rəyindən görünür ki, ekspertiza təqdiqatına təqdim edilmiş telefonların istifadədə olması və komplekləşməsinə daxil edilən aksesuarlarının olmaması nəzərə alınmaqla 2023-cü ilin dekabr ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 1570,00 manat müəyyən edilir. O cümlədən: -01 ədəd “İphone 14”, **********98549 İMEİ kodlu mobil telefon-1300,00 manat; -01 ədəd “Oppo” markalı, CPH2577 modelli **********23119İMEİ kodlu mobil telefon-270,00 manat müəyyən olunmuşdur (aparılmış tədqiqatın dəyəri 50 manat). İş materiallarında olan «cinayət törətməkdə şübhəli şəxsin tutulması haqqında» tərtib edilmiş 08 yanvar 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 08 yanvar 2024-cü il tarixdə, saat 22:00-da hadisə törətməsində şübhəli olduğundan şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan “təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin təmin edilməməsi haqqında” Səbail rayon Prokuroru, baş ədliyyə müşaviri Natiq Əsədovun 10 yanvar 2024-cü il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 170.1, 177.2.1, 177.2.2 və 177.2.5-ci maddələri ilə istintaqı aparılan ********* №-li cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatət təmin edilməmiş və Təqsirləndirilən şəxs dərhal müvəqqəti saxlama yerindən azad edilməsi qərara alınmışdır. İş materiallarında olan “qətimkan tədbirinin seçilməsi” barədə 10 yanvar 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan 26 fevral 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmişdir. İş materiallarında olan 26 fevral 2024-cü il tarixli qərardan görünür ki, ********* №-li cinayət işi üzrə icraat dayandırılmışdır. İş materiallarında olan Səbail rayon Polis İdarəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə Səbail rayon ərazisində saxlanılaraq Səbail RPİ-nə gətirilmiş və MSY-nə təhvil verilmişdir. İş materiallarında olan 15 may 2024-cü il tarixli qərardan görünür ki, ********* №-li cinayət işi üzrə icraat təzələnmişdir. İş materiallarında olan “təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin təmin edilməməsi haqqında” Səbail rayon Prokuroru, baş ədliyyə müşaviri Natiq Əsədovun 17 may 2024-cü il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 170.1, 177.2.1, 177.2.2 və 177.2.5-ci maddələri ilə istintaqı aparılan ********* №-li cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatət təmin edilməmiş, Təqsirləndirilən şəxs dərhal müvəqqəti saxlama yerindən azad edilməsi və 10 yanvar 2024-cü il tarixdə seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbirinin qüvvədə saxlanılması qərara alınmışdır. İş materiallarında olan 24 iyun 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 170.1, 177.2.1, 177.2.2 və 177.2.5-ci maddələri ilə təqsirləndirilmələrinə ********* №-li cinayət işindən, Şahid1 barəsində, xx.xx.2023-cü il tarixdə, X2 məxsus bir ədəd “İphone8” markalı mobil telefon, xx.xx.2023cü il tarixdə, X6 məxsus bir ədəd “Redmi12” markalı mobil telefon və xx.xx.2023-cü il tarixdə, X5 məxsus bir ədəd “İphone11” markalı mobil telefonun oğurlanması faktına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.5 maddələri ilə ********* №-li cinayət işi ayrıca icraata ayrılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-nin 23 yanvar 2024-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmuşdur. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.2, 181.2.3 və 181.2.5-ci maddəsi ilə təqsirli bilinərək 09 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Qaradağ rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.2-ci maddəsi hökmdən xaric edilmişdir. xx.xx.2021-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. İş materiallarında olan AZ-İ seriyalı, 897225 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs ilə X8 arasında nikah 12 oktyabr 2013-cü il tarixdə bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 12 oktyabr 2013-cü il tarixdə, 1054 nömrə ilə qeyd edilmişdir. Nikahdan sonra ərə “Bəkirov”, arvada “Bəkirova” soyadı verilmişdir. İş materiallarında olan AZ-İİİ seriyalı, 177033 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X12 xx.xx.2013-cü il tarixdə Bakı şəhərində anadan olmuşdur. Ata qrafasında “Təqsirləndirilən şəxs”, ana qrafasında “X8 qeyd edilmişdir. İş materiallarında olan AZ-İV seriyalı, 818089 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X15 xx.xx.2014-cü il tarixdə Yevlax rayonunda anadan olmuşdur. Ata qrafasında “Təqsirləndirilən şəxs”, ana qrafasında “X13 qeyd edilmişdir. İş materiallarında olan AZ-İV seriyalı, 818090 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X9 xx.xx.2015-ci il tarixdə Yevlax rayonunda anadan olmuşdur. Ata qrafasında “Təqsirləndirilən şəxs”, ana qrafasında “X13 qeyd edilmişdir. İş materiallarında olan AZ-İV seriyalı, 818091 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X10 xx.xx.2017-ci il tarixdə Yevlax rayonunda anadan olmuşdur. Ata qrafasında “Təqsirləndirilən şəxs”, ana qrafasında “X13 qeyd edilmişdir. İş materiallarında olan AZ-İV seriyalı, 818092 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X11 xx.xx.2019-cu il tarixdə Yevlax rayonunda anadan olmuşdur. Ata qrafasında “Təqsirləndirilən şəxs”, ana qrafasında “X13 qeyd edilmişdir. İş materiallarında olan AZ-İV seriyalı, 818093 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X14 xx.xx.2021-ci il tarixdə Yevlax rayonunda anadan olmuşdur. Ata qrafasında “Təqsirləndirilən şəxs”, ana qrafasında “X13 qeyd edilmişdir. Zərərçəkmiş şəxs2 xx.xx.2024-cü il tarixdə məhkəməyə ərizə verərək ibtidai istintaqda verdiyi ifadəni təsdiq etdiyini, təqsirləndirilən şəxsə qarşı şikayət və tələbinin olmadığını bildirmişdir. Zərərçəkmiş şəxs1 xx.xx.2024-cü il tarixdə məhkəməyə ərizə verərək ibtidai istintaqda verdiyi ifadəni təsdiq etdiyini, təqsirləndirilən şəxsə qarşı şikayət və tələbinin olmadığını bildirmişdir. Zərərçəkmiş şəxs3 xx.xx.2024-cü il tarixdə məhkəməyə ərizə verərək təqsirləndirilən şəxsə qarşı şikayət və tələbinin olmadığını bildirmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 170.1-ci maddəsi on səkkiz yaşına çatmış şəxs tərəfindən yetkinlik yaşına çatmayanı aldatma, vədlər vermə, hədə-qorxu vasitəsi ilə cinayətkar fəaliyyətə cəlb etməyə görə cinayət məsuliyyətini müəyyən edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildiyinə görə cinayət məsuliyyətini müəyyən edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi təkrar törədildiyinə görə cinayət məsuliyyətini müəyyən edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.5-ci maddəsi zərərçəkmiş şəxsin üzərindən, cibindən, çantasından və ya digər əl yükündən çıxarılmaqla törədilməyə görə cinayət məsuliyyətini müəyyən edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli, 1 nömrəli Qərarının: 2-ci bəndinə əsasən mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir; 7-ci bəndinə əsasən təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir; 26-cı bəndinə əsasən məhkəmələr nəzərə almalıdırlar ki, CMin 177-ci maddəsinin “Qeyd”inin 1-ci bəndinə əsasən CM-in 177.1-ci maddəsində nəzərdə tutulmuş oğurluğa görə cinayət məsuliyyətinin yaranması üçün əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı (lakin, beş min manatdan artıq olmayan) məbləğdə ziyanın vurulması tələb olunduğu halda, CM-in 177.2.1-177.2.3-2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş cinayətlərə görə cinayət məsuliyyəti vurulmuş ziyan yüz manatdan yuxarı məbləğdə olduqda yaranır. Vurulmuş ziyanın cinayət məsuliyyətini şərtləndirən minimal məbləği barədə tələb soyğunçuluq və quldurluq cinayətlərinə şamil olunmur və həmin əməllərə görə cinayət məsuliyyəti vurulmuş ziyanın CM-in 177-ci maddəsinin “Qeyd”inin 1-ci bəndində göstərilən məbləğlərdən az olubolmamasından asılı olmayaraq yaranır. Oğurluq, soyğunçuluq, quldurluq cinayətini törətmiş şəxsin əməli “xeyli miqdarda” və ya “külli miqdarda” və ya “xüsusilə külli miqdarda” ziyan vurma əlaməti üzrə tövsif edilərkən məhkəmələr CM-in 177-ci maddəsinin qeydinin 2-ci bəndini rəhbər tutmalıdırlar; 27-ci bəndinə əsasən talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir. Talanmış əmlakın qiyməti barədə məlumat olmadıqda talanmış əmlakın qiyməti ekspert rəyi ilə müəyyən edilə bilər. Həmin qərarın 14-cü bəndində göstərilir ki, CM-nin 32.2-ci maddəsinə müvafiq olaraq, cinayəti təşkil etmiş və ya aşkar surətdə cinayət məsuliyyətinə cəlb edilə bilməyən şəxsləri oğurluq, soyğunçuluq və ya quldurluq cinayətinə təhrik etmiş şəxs, cinayətin icraçısı kimi cinayət məsuliyyəti daşıyır. Qanunda nəzərdə tutulan əsaslar olduqda, həmin şəxsin əməli, əlavə olaraq CM-nin 170-ci maddəsi ilə də tövsif edilməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 170.1, 177.2.1, 177.2.2 və 177.2.5-ci maddələri ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs telefonun birinin qardaşının oturacağın üstündən götürdüyünü bildirsə də, şahidlərin ifadəsi, maddi sübutlar və işin digər halları ilə təkzib olunaraq məhkəmə tərəfindən özünü müdafiə xarakterli ifadə kimi qəbul edilərək əsassız sayılır. Məhkəmə təqsirləndirilən şəxsin qeyd edilən qaydada ifadə verməsini və ona qarşı elan olunmuş ittihamda özünü qismən təqsirli bilməsi onun hüququ kimi qəbul edir və təqsirləndirilən şəxsin dəlillərini əsaslı hesab etmir, onun həmin mövqeyinə münasibət bildirərək, hesab edir ki, təqsirləndirilən şəxsin belə ifadə verməsi məsuliyyətdən yayınmaq məqsədilə verilmiş ifadədir, onun bu mövqeyi əsassızdır və onunla razılaşmaq olmaz. Təqsirləndirilən şəxs həmin cinayət əməlində təqsirini təkzib edə biləcək hal məhkəmə tərəfindən müəyyən edilmədi. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli onun özünün etirafedici, zərərçəkmişlərin, şahidlərin ifadələri, ekspertizanın rəyi, işdə olan cinayət işinin digər halları və məhkəmə istintaqında tədqiq olunmuş dəlillərlə tam sübuta yetirilir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Bununla əlaqədar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 170.1, 177.2.1, 177.2.2 və 177.2.5-ci maddələrində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs himayəsində 6 azyaşlı övladlarının olmasını və zərərçəkmiş şəxslərə vurduğu ziyanı ödəməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.4-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində-onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluğu olmayan hesab edilir. Məhkəmə Cinayət Məcəllənin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivinin olmasını cəzanı ağırlaşdıran hal kimi qiymətləndirir. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cəzanı ağırlaşdıran və yüngüllədirən halları, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini, işin digər mühüm və diqqətə layiq hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 170.1, 177.2.1, 177.2.2 və 177.2.5-ci maddələrində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin olunduğu təqdirdə təmin edilə bilər və ona azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Hazırki halda, məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Məhkəmə cəza təyin etmək məsələsini həll edərkən, həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs 08 yanvar 2024-cü il tarixdən 10 yanvar 2024-cü il tarixədək, 15 may 2024-cü il tarixdən 17 may 2024-cü il tarixədək tutulduğu cəmi 04 (dörd) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə bir gün hesabı ilə hesablanmaqla, ona təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının müddətinə daxil olunmalı və bu müddət cəzadan çıxılmaqla ona qəti cəza təyin edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən törətdiyi cinayət residiv yaratdığı üçün cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cəzaçəkmə müddətinin əvvəli 23 sentyabr 2024-cü il tarixdən hesablanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilərək, barəsində “həbs” qətimkan tədbiri seçilməli, o, məhkəmə iclas zalında həbsə alınaraq saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına göndərilməli, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə görə hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi vəsaiti hesabına 300 manat pul ödənilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edərkən hesab edir ki, hazırki cinayət işi üzrə müsadirə edilməli əmlak yoxdur. İş üzrə mülki iddia yoxdur. İş üzrə maddi sübut olan 01 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə maddi sübut olan 01 ədəd “İphone 14” markalı mobil telefonun Şahid3 və 01 ədəd “Oppo” markalı mobil telefonun Zərərçəkmiş şəxs2 təhvil verilməsi nəzərə alınmalıdır. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə keçirilmiş məhkəmə ekspertizasının dəyəri olaraq 50 (əlli) manat Təqsirləndirilən şəxs tutulub Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürüməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məçəlləsinin 346-347, 349, 351-353, 356 və 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 170.1, 177.2.1, 177.2.2 və 177.2.5-ci maddələri ilə təqsirli bilinsin və ona 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 08 yanvar 2024-cü il tarixdən 10 yanvar 2024-cü il tarixədək, 15 may 2024-cü il tarixdən 17 may 2024-cü il tarixədək tutulduğu cəmi 04 (dörd) gün müddət təyin olunmuş cəzadan çıxılaraq ona qəti olaraq 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəza çəkmə müddətinin əvvəli 23 sentyabr 2024-cü il tarixdən hesablansın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalından dərhal həbs edilərək saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına göndərilsin. İş üzrə mülki iddia yoxdur. 01 ədəd “İphone 14” markalı mobil telefonun Şahid3 və 01 ədəd “Oppo” markalı mobil telefonun Zərərçəkmiş şəxs2 təhvil verilməsi nəzərə alınsın. Cinayət işi üzrə maddi sübut olan 01 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci cəmi 50 manat (əlli) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin (büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, X3 Kodu 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ ********************, SWİFT CTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, AZ34STRE********************) hesabına köçürülsün. Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə zamanı müdafiə edilməsinə görə 300 (üç yüz) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası Dövlət büdcəsindən tutularaq Bakı şəhəri 12 saylı vəkil bürosunun "xxxx" QSC-nin Səbail rayon filialındakı hesabına köçürülsün. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxsə təqdim edildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Səbail rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Şəhla Süleymanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar