Məhkəmə qərarları › İş №1(009)-268/2025

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №1(009)-268/2025

04.08.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(009)-268/2025 04.08.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Bağırova Sahilə Hümbət qızının sədrliyi, X1 məhkəmə iclas katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikasının Baş Prokurorluğu Dövlət ittihamının Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru İ dərəcəli hüquqşunas X2 qızının, təqsirləndirilən şəxsin müdafiəçisi “Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1985-ci ildə Sumqayıt şəhərində anadan olmuş, AR vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkum olunmayan, ünvan 1 ünvanda qeydiyyatda olmaqla, Bakı şəhəri Səbail rayonu ünvan 2 yaşayan, barəsində "başqa yerə getməmək haqqında iltizam" növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Azərbaycan Respublikasının Prokurorluğu Bakı şəhəri Səbail Rayon Prokurorluğu tərəfindən göndərilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi 01 iyul 2025-ci ildə Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin icraatına daxil olmuşdur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilir ondan ötrü ki, o, 07 aprel 2025-ci il tarixdə saat 18 radələrində Bakı şəhəri, Nəsimi rayonu, "28 May" metrostansiyasının yaxınlığında 5 nömrəli xətt marşrutu üzrə hərəkət edən Zərərçəkmiş şəxs idarə etdiyi 77JS679 dövlət qeydiyyat nişanlı avtobusa arvadı ilə birlikdə minən zaman, yol haqqının ödənişin edilməməsinə görə avtobusun sürücüsü Zərərçəkmiş şəxsla aralarında yaranmış mübahisəyə aydınlıq gətirməsi məqsədi ilə həmin gün saat 19:40 radələrində Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsi 20-ci sahə dairəsində yerləşən 5 nömrəli xətt marşrutunun son dayanacağına gələrək Zərərçəkmiş şəxsla aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı qəsdən əli ilə Zərərçəkmiş şəxs qulaq nahiyəsinə bir zərbə vurub sonuncunun sol qulağın təbii pərdəsinin perforasiyası (cırılması) ilə müşayiət olunan Zərərçəkmiş şəxs sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarətləri yetirmişdir. Bununla da, Təqsirləndirilən şəxs Аzərbaycan Respublikası CМ-nin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə iclasında dindirilən Təqsirləndirilən şəxs bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə saat 18:50 radələrində, həyat yoldaşı ilə Nəsimi rayonu ərazisində yerləşən 28 may metrostasiyasının yaxınlığından evə getmək məqsədi ilə 5 nömrəli marşrut avtobusuna minməyə çalışdığını, qarşısında çoxsaylı qadınlar olduğu üçün həyat yoldaşı da daxil olmaq şərti ilə xanımlara yol verdiyini, xanımlar avtobusa daxil olduğu zaman həyat oldaşı onu göstərərək avtobusun sürücüsünə bildirmişdi ki, o, əvəzinə avtobusa minəndə ödənişi edəcək. O, avtobusa qalxıb iki dəfə kartını aparata vurduğunu, yəni iki ödəniş etdiyini, aparatda iki dəfə yaşıl rəngi ilə gediş səsi çıxarıldığını bildirmiş. Daha sonra o, salona keçmiş, həyat yoldaşı oturacaqda oturmuş, o isə ayaq üstə yanında dayanmışdı. Bir neçə dəqiqədən sonra avtobusun sürücüsü onlara görə avtobusu saxlayıb, həyat yoldaşına ironiya ilə, yüksək səs tonu ilə bildirmişdi ki, gəlib kartı vursun". Həyat yoldaşı demişdi ki, onlar gediş haqqını ödəyiblər. Bundan sonra sürücü yuxarı səs tonu ilə onlarla mübahisə etməyə başlamışdı. O, dərhal demişdi ki, o, ödəniş etmişdir. Sürücü təkrarən bağıraraq mübahisəni davam etdirmiş və onları camaatın içində yalançı kimi göstərməyə çalışmışdı. Mübaisə zamanı avtobusa daxil olan vətəndaş, sürücü bağırmasın deyə xanım üçün gediş haqqını bir də vurmuşdu. Sürücü təkrar onların dalınca deyinməyə başlamışdı. O, kartı götürərək bir neçə dəfə gediş tablaturasına vurub 4-5 dəfə əlavə ödəniş etmişdi. Lakin həmin sürücü daha da aqressivləşmiş və aralarında sözlə baş verən mübaisə daha da şiddətlənmişdi. Aralarında baş verən mübahisə zamanı o, bir təhər sakitləşmiş, lakin sürücü Zərərçəkmiş şəxs ona qarşı müəyyən xoşa qəlməz ifadələr iştətmişdi. Buna baxmayaraq o, əlavə ödənişləri etdikdən sonra yenidən həyat yoldaşının yanına qayıdıb ayaq üstə durmuşdu. Təxminən 3 dəqiqə sonra sürücü Zərərçəkmiş şəxs özü də sakitləşmişdi. O, həyat yoldaşı ilə birlikdə yaşadıqları evə getmək üçün Səbail rayonu Salyan şossesində yerləşən Səbail YPX-nin yanındakı dayanacaqda həmin avtobusdan enmişlər. Yolu keçəndən sonra xatırlamışdı ki, alver etmək üçün «Bravo market»ə getmək lazımdır. Həyat yoldaşını evə gədər yola salıb, özü isə taksi avtomobili ilə Bayıl qəsəbəsi 20-ci sahədə yerləşən Bravo marketə getmişdi. Orada taksidən düşəndə həmin avtobusun sürücüsü Zərərçəkmiş şəxs 20-ci sahədə yerləşən lombardın yanında olduğunu görmüşdü. Sonuncuya yaxınlaşıb demişdi ki, qırağa çəkilib söhbət etsinlər. Məqsədi isə sürücüyə başa salmaq idi ki, həmin avtobusdan gündəlik istifadə etdiyi üçün sərnişinlərlə mülayim rəftar etsin, belə bir mübahisəyə yol verməsin. Bu barədə söhbət etmək istədiyi zaman sürücü Zərərçəkmiş şəxs yenə də təkrarən onları yalançı çıxarmağa, özünün haqlı olduğunu sübut etməyə başlamışdı. Sonra sürücü Zərərçəkmiş şəxs ona demişdi ki, Ağdamlıdır, burda olan ətraf onun qohumlarıdır. Soruşmuşdu ki, bu sözü nə məqsədlə dedi və bildirmişdi ki, xanımın yanında etdiyi hərəkətlər kişiliyə yaraşan hərəkət deyil, insanın qeyrəti olar. Bu zaman sürücü Zərərçəkmiş şəxs onun ünvanına nalayiq sözlər işlətmiş, o, nə dediyini soruşanda sonuncu təkrar onun ünvanına nəlayiq söyüşlər işlətmişdi. Onun isə məqsədi vurmaq olmamış, qaranlıqda susdurmaq üçün Sənanın sifətinin sol nahiyəsinə əli ilə bir zərbə vurmuşdu. Sonra Bakubus saytına elektron müraciət vasitəsilə sürücü barədə şikayətini bildirmişdi. Həmin hadisə 07 aprel 2025-ci il tarixdə saat 18:50 radələrində Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsi 20-ci sahə dairəsində baş vermiş, həmin vaxt orada sürücü Sənanla ondan başqa heç kim olmamış, lakin o, Sənanı vurandan sonra tanımadığı bir neçə nəfər yaxınlaşaraq onları ayırmışlar. Aralarında baş vermiş mübahisə isə təxminən 3-4 dəqiqə davam etmişdir. Baş vermiş mübahisə zamanı onu heç kim vurmamış və xəsarət yetirməmişdir. Zərərçəkmiş şəxs izahatında göstərdikləri ilə razı deyil, o, hadisə yerinə tək getmiş, sonuncu isə onun ünvanına nəlayiq söyüşlər işlətməsə idi, heç vaxt onu vurmazdı. İİİ dərəcəli əlil olmasını, himəyəsində 3 az yaşlı uşağı olduğunu, dövlətdən təqaüd aldığını və şəhid ailəsi olmasını nəzərə alaraq, həmçinin iş üzrə Zərərçəkmiş şəxs ilə barışdığını, ona dəymiş ziyanı tam şəkildə ödədiyini, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirərək cinayət işi üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanındığını, məhkəməyə ərizə təqdim edərək Təqsirləndirilən şəxs ilə barışdığını, heç bir şikayət və tələbi olmadığını, cinayət işi üzrə icraata xitam verilməsini qeyd etmişdir. İş materiallarında olan 29 aprel 2025-ci il tarixli cinayət işinin başlaması və icraata qəbul edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmışdır. İş materiallarında olan 07 aprel 2025-ci il tarixli məhkəmə-tibbi ekspertizası təyin etmək barədə qərardan görünür ki, HK-1/514 nömrəli material üzrə Zərərçəkmiş şəxs barəsində məhkəmə-tibbi ekspertizası təyin olunmuşdur. İş materiallarında olan 07 aprel 2025-ci il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, hal şahidlərinin iştirakı ilə, Zərərçəkmiş şəxs döyülməsi ilə bağlı hadisə baş vermiş ünvana baxış keçirilmiş,hadisə yerinin fotoşəkilləri çəkilmiş və hadisə yerindən heç bir əlavə əşya və predment aşkar edilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertizası və Pataloji Anatomiya Birliyinin xx.xx.2025-ci il tarixli, 141 saylı ekspert rəyində qeyd olunmuşdur ki, Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarət- sol qulağın təbii pərdəsinin perforasiyası (cırılması) bərk küt əşyanın təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə və müayinə olunanın göstərdiyi şəraitdə, yəni xx.xx.2025-ci il tarixində, kənar şəxs tərəfindən sol qulaq nahiyəsinə zərblə yetirilmiş lokal zərbə təsiri nəticəsində əmələ gələ bilərdi, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa “Yüngül” zərərvurmaya aiddir. İş materiallarında olan 07 may 2025-ci il tarixli təqsirləndirilən şəxsə qismində cəlb etmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ittiham elan edilmişdir. İş materiallarında olan 07 may 2025-ci il tarixli qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan 09 may 2025-ci il tarixli zərərçəkmiş şəxs kimi tanınmaq haqqında qərardan görünür ki, Zərərçəkmiş şəxs qismində tanınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş ƏSİİ-nə göndərilmiş tələbnamədə Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi xx.xx.2025-ci il tarixli ərizələrdən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyanın əvəzi olaraq 3000 (üç min) manat ödənilmiş və Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs məhkəməyə təqdim etdiyi xx.xx.2025-ci il tarixli ərizədən görünür ki, iş üzrə Zərərçəkmiş şəxs ilə barışmış və sonuncunun ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Barəsində olan işə xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında müdafiə tərəfi məhkəməyə müraciət edərək təqsirləndirilən şəxs barəsində cinayət təqibinə zərərçəkmiş şəxsin cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxslə barışması ilə əlaqədar xitam verilməsinə razı olduğunu bildirmişdir. Məhkəmə cinayət işinin materiallarını tədqiq edərək, zərərçəkmiş şəxsin ərizəsini nəzərə alaraq, proses iştirakçılarını dinləyərək hesab edir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığından və ona dəymiş ziyanı ödədiyindən və sonuncunun ona qarşı şikayət və tələbi olmadığından o, cinayət məsuliyyətindən azad olunmalı və barəsində olan cinayət işi üzrə icraata aşağıdakı əsaslara görə xitam verilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsinə əsasən sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş ƏSİİ-nə göndərilmiş tələbnamədə Səbail Rayon Polis İdarəsinin İstintaq Şöbəsi tərəfindən xx.xx.2018-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə cinayət işinin başlanılması Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən rədd edildiyi qeyd olunub. Həmçinin müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər Cinayət Məcəlləsinin 72–73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən azad edilməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 74-cü maddəsinin və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39, 40 və 305.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 14 sentyabr 2021-ci il tarixli Plenum Qərarına əsasən Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinin “cinayət qanunu müddəalarının qüvvəsinə görə” müddəası cinayət qanununun zamana və məkana görə qüvvəsinə əsasən cinayət məsuliyyətindən azad etməni nəzərdə tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.1 və 73.2-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 iyul 2022-ci il tarixli Qərarında göstərilmişdir ki, tərəflərin barışması səbəbindən cinayət təqibinə xitam verilməsi ilə cinayət məsuliyyətindən azad etmə özünün mühüm şərti kimi cinayət törətmiş şəxs və zərərçəkmiş şəxs arasında elə bir barışıq vəziyyətini nəzərdə tutur ki, bu, münaqişənin davamından imtinaya gətirib çıxarır. Onların razılaşdırılmış, aydın, sərbəst və birmənalı bəyanlarının qanunun tələbindən irəli gələrək səlahiyyətli orqan tərəfindən də tanınmasını tələb edir. Cinayət prosesini həyata keçirən orqan Cinayət Məcəlləsinin 73-cü maddəsinin tətbiqi ilə bağlı yekun nəticəyə gələrkən zərərçəkmiş şəxsin təqsirləndirilən şəxslə barışmasına dair iradəsinin təzyiq və yaxud hədə-qorxu ilə deyil, məhz sərbəst və şüurlu şəkildə ifadə edildiyini nəzərə almalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.1 və 73.2-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 iyul 2022-ci il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsi imperativ norma olmaqla, həmin maddədə sadalanan cinayət əməlini (əməllərini) törətmiş şəxsin zərərçəkmiş şəxslə barışması, həmçinin ona dəymiş ziyanı tamamilə ödəməsi onun cinayət məsuliyyətindən azad edilməsi üçün şərtsiz əsasdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40.1-ci maddəsinə əsasən Cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən və cəzadan azad etmə hallarının mövcudluğu cinayət təqibinin həyata keçirilməməsinə imkan verir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40.3-cü maddəsində göstərilmişdir ki, şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.1 və 43.1.2-ci maddələrinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə barışdığına dair məhkəməyə təqdim edilmiş ərizəni, təqsirləndirilən şəxsin zərərçəkmiş şəxslə barışmasını və ona dəymiş ziyanı tamamilə ödəməsini, prosessual qanununvericiliyin yuxarıda sadalanan müddəalarını nəzərə alıb hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və onun Azərbaycan Respublikası Cinayət Мəcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 175.5-ci maddəsinə əsasən müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 305.2-ci maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verilməsi haqqında qərara ibtidai istintaq mərhələsində qəbul edilmiş qətimkan tədbirlərinin və vurulmuş ziyanın ödənilməsinin təmin edilməsinə dair tədbirlərin, habelə digər cinayət-prosessual məcburiyyət tədbirlərinin ləğv edilməsi barədə qərarlar daxil edilir və həmin qərarda maddi sübutların taleyi barədə məsələ həll edilir. Qeyd edilən prosessual hüquq normasının tələbləri baxımından məhkəmə bildirir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri ləğv edilməlidir. Məhkəmə belə hesab edir ki, cinayət işi üzrə maddi sübut kimi tanınan 02 ədəd DVD- R disk cinayət işinin materiallarında saxlanılmalıdır. Cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin iş üzrə mülki iddia və ekspertiza xərci yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40.3, 305.1 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Təqsirləndirilən şəxs zərərçəkmiş şəxs ilə barışdığına və ona dəymiş ziyanı tamamilə ödədiyinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq edilməklə cinayət məsuliyyətindən azad edilsin və onun Azərbaycan Respublikası Cinayət Мəcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. Cinayət işi üzrə maddi sübut kimi tanınan 02 ədəd DVD-R disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə mülki iddianın olmadığı nəzərə alınsın. Qərardan elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Sahilə Bağırova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar