Məhkəmə qərarları › İş №1(009)-270/2024

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-270/2024

21.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-270/2024 21.10.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Süleymanova Şəhla Ənvər qızının sədrliyi, Əliyev Ülvi Bağır oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 03 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1985-ci ildə Biləsuvar rayonunda anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, subay, əvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, fərdi qaydada təmir-tikinti ustası işləyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair böyük ictimai təhlükə törətməyən aşkar cinayətlərə dair işlər üzrə məhkəməyədək sadələşdirilmiş icraat materialına məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 24 iyun 2024-cü il tarixdə saat 22:30 radələrində Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti 62 ünvanında saxlanılmış, faktiki olaraq Zərərçəkmiş şəxs mülkiyyətində olan “Ford Fusion” markalı, 3FA6POHD5HR353378 ban HR353378 mühərrik nömrəli, 2017-ci il buraxılışlı, **-OU-*** dövlət qeydiyyat nişanlı avtomobilin açarını saxlaması üçün həmin ərazidə yerləşən köşkün satıcısından aldadıb alaraq, avtomobili talama məqsədi olmadan qanunsuz olaraq ələ keçirmiş, həmin avtomobili idarə edib Biləsuvar rayonuna apararaq qaçırmışdır. Məhkəmə iclasında cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ifadəsində bildirmişdir ki, özünü təqsirli bilir, Qədirlə 15-20 ilin dostu olmuşlar, bir-birirnin evinə gedib-gəlmiş, çörək kəsmişlər. İşlə bağlı Port Bakuya getmişlər, orda içki içmiş, işi alınmadığı üçün geri qayıdmalı olmuşdur, maşının açarını qəzet dükanına özü qoymuşdur, içkili olduğu üçün dostuna demədən onun maşını ilə evə getmişdir. Maşını idarə edərkən qəza törətməmişdir. Dostu da maşını onun apardığını bilməyib 102-yə zəng edərək şikayət etmişdir. Əməlindən peşmandır. Məhkəmə iclasında şahid X2 ifadəsində bildirmişdir ki, maşını satdığı adam-Qədir hadisənin səhərisi ona zəng vuraraq maşınının qaçırıldığını bildirmişdir. Sonra 39-cu PBdən zəng edərək izahat verməsini bildirmişlər. Maşını etibarnamə ilə 25 min manata Qədirə satmışdır, hadisə olan zaman pulun hamısını ödəməmişdir, 5-6 min borcu qalmışdır, lakin sonradan hamısını ödəmişdir. Zərərçəkmiş şəxs xx.xx.2024-cü il tarixli ərizə ilə məhkəməyə müraciət edərək “Ford Fusion” markalı, **-OU-*** dövlət qeydiyyat nişanlı avtomobili xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs Xudafərin oğlundan götürdüyünü, hal-hazırda onda olduğunu, səhhəti ilə əlaqədar məhkəmə iclaslarında iştirak edə bilməyəcəyini, məhkəmə iclaslarını onun iştirakı olmadan keçirilməsini, ibtidai istintaq zamanı verdiyi ifadələri təsdiqlədiyini və təqsirləndirilən şəxs barəsində qanunda nəzərdə tutulmuş yuxarı həddə cəza təyin edilməsini xahiş etmişdir. İş materiallarında olan böyük ictimai təhlükə törətməyən aşkar cinayətlərə dair işlər üzrə məhkəməyədək sadələşdirilmiş icraat açılması haqqında 25 iyun 2024-cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.1-ci maddəsi ilə böyük ictimai təhlükə törətməyən aşkar cinayətlərə dair işlər üzrə məhkəməyədək sadələşdirilmiş icraat açılmışdır. İş materiallarında olan “hadisə yerinə baxış keçirilməsi barədə” 26 iyun 2024-cü il tarixli protokoldan görünür ki, hadisə yeri Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti 62 ünvanda yerləşən “Dəniz Vağzalı”nın qarşısında yerləşən avtomobil dayanacağıdır. Hadisə yerinə baxış keçirilmiş, foto şəkillər çəkilərək iş materiallarına əlavə olunmuşdur. İş materiallarında olan 28 iyul 2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs zərərçəkmiş qismində tanınmışdır. İş materiallarında olan BA266381 nömrəli xx.xx.2023-cü il tarixli “Nəqliyyat vasitəsinin Qeydiyyat Şəhadətnaməsi”nin surətindən görünür ki, “Ford Fusion” markalı, 3FA6POHD5HR353378 ban HR353378 mühərrik nömrəli, 2017-ci il buraxılışlı, **-OU-*** dövlət qeydiyyat nişanlı avtomobil Azərbaycan Respublikası DİN-nin BDYPİ-nin Qeydiyyat İmtahan İdarəsində Bakı şəhəri Suraxanı rayonu Qaraçuxur qəsəbəsi 4048 məhəllə ev 1 mənzil 115-də qeydiyyatda olan X1 adına qeydə alınmışdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, X2 “Ford Fusion” markalı, 3FA6POHD5HR353378 ban HR353378 mühərrik nömrəli, 2017-ci il buraxılışlı, **- OU-*** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə əsasında 2024-cü ilin yanvar ayında Zərərçəkmiş şəxs satmış, həmin avtomobilə heç bir iddiası yoxdur. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış 26 iyun 2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvəllər məhkum olunmuş və məhkumluğu ödənilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli onun özünün etirafedici, zərərçəkmişin ibtidai istintaqda verdiyi ifadəsi, işdə olan cinayət işinin digər halları və məhkəmə istintaqında tədqiq olunmuş dəlillərlə tam sübuta yetirilir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Bununla əlaqədar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.1-ci maddəsin nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.1-ci maddəsinə görə avtomobil və ya başqa nəqliyyat vasitəsini talama məqsədi olmadan qanunsuz ələ keçirmə (qaçırma) cinayət məsuliyyətini müəyyən edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.1-ci maddəsinə əsasən avtomobil və ya başqa nəqliyyat vasitəsini talama məqsədi olmadan qanunsuz ələ keçirmə (qaçırma)— min manatdan iki min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Məcəllənin 73-1.1-ci maddəsinə əsasən bu Məcəllənin 178.1, 179.1, 185.1, 186.1, 187.1, 187.2, 189-1.1 və 189-1.2-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf etməsini, əməlindən peşman olmasını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən onun tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini, cəzanı yüngülləşdirən halların olmasını, cəzanı ağırlaşdıran halların olmamasını, zərərçəkmiş şəxslə barışmamasını, məhkəmə iclasındakı davranışını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilmədən islah olunması mümkündür, ona azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunması məqsədəuyğundur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə Bakı şəhəri, Abşeron rayonu və Sumqayıt şəhərinin ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini günün müəyyən vaxtı tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə, həmçinin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə görə hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə, təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi məqsədi ilə təyin olunmuş vəkilin məhkəmə iclaslarında iştirak etdiyi vaxtları üçün 300 (üç yüz) manat məbləğində pul vəsaitinin dövlət büdcəsindən tutularaq Bakı şəhəri 03 saylı Vəkil Bürosunun hesabına ödənilməsini əsaslı hesab edir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. “Ford Fusion” markalı, **-OU-*** dövlət qeydiyyat nişanlı avtomobilin Zərərçəkmiş şəxs olduğu nəzərə alınmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məçəlləsinin 346-347, 349, 351-353, 356 və 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Bakı şəhəri, Abşeron rayonu və Sumqayıt şəhərinin ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini ünvan 4 ünvanını axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək və elektron nəzarət vasitəsini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs üzərinə qoyulmuş vəzifələri yerinə yetirməsinə nəzarətin həyata keçirilməsi Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Bakı şəhər 03 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 300 (üç yüz) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından tutularaq Bakı şəhəri 03 saylı vəkil Bürosunun "xxxx" ASC-nin Səbail rayon filialındakı hesabına köçürülsün. “Ford Fusion” markalı, **-OU-*** dövlət qeydiyyat nişanlı avtomobilin Zərərçəkmiş şəxs olduğu nəzərə alınsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Səbail rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Şəhla Süleymanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar