Məhkəmə qərarları › İş №1(009)-271/2023

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-271/2023

20.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-271/2023 20.12.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Səmədova Günel Kamil qızının sədrliyi, Nəsibov Pərviz Novruz oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı1, Müdafiəçi Bakı şəhəri 12 saylı vəkil bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1983-cü ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2yan, barəsində “həbs ” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.5 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi lə xx.xx.2023-cü il tarixdə saat 09:40 radələrində ünvan 3 ünvanda 65 nömrəli xətt marşrutu avtobusunda Zərərçəkmiş şəxs1 belindən asılmış çantasının içərisindən Zərərçəkmiş şəxs1 məxsus, üzərində 6 manat dəyərində qoruyucu qobur, hər birinin qiyməti 03 manat olmaqla, ümumi dəyəri 06 manat təşkil edən iki ədəd mobil nömrə sim kartı olan 400 manat dəyərində “Xiaomi Redmi 9T” markal mobil telefonunu gizli olaraq çıxardıb talamaqla, Zərərçəkmiş şəxs1 ümumilikdə 412 manat məbləğdə maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə xx.xx.2023-cü il tarixdə saat 10:20 radələrində ünvan 4 ünvanda yerləşən “İçərişəhər” metrostansiyasının içərisində Zərərçəkmiş şəxs2 Qəşər qızının əl çantasının içərisindən Zərərçəkmiş şəxs2 məxsus, içərisində 190 manat nağd pul olan 20 manat dəyərində pul kisəsini gizli olaraq çıxardıb talamaqla, Zərərçəkmiş şəxs2 ümumilikdə 210 manat məbləğdə maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə xx.xx.2023cü il tarixdə saat 13:10 radələrində ünvan 5 ünvanda yerləşən “Kukla teatrı”-nın qarşısındakı yeraltı keçiddə Zərərçəkmiş şəxs3 çiynindən asdığı əl çantasının içərisindən Zərərçəkmiş şəxs3 məxsus, içərisində 105 manat nağd pul olan 50 manat dəyərində pul kisəsini gizli olaraq çıxardıb talamaqla, Zərərçəkmiş şəxs3 ümumilikdə 155 manat məbləğdə maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədilə xx.xx.2023-cü il tarixdə saat 18:15 radələrində Bakı şəhəri, ünvan 6 ünvanda yerləşən avtobus dayanacağı qarşısında 125 saylı marşrut xətti üzrə hərəkət edən "xxxx" MMC-yə məxsus **-JU-*** dövlət qeydiyyat nişanlı avtobusda olan sərnişin Zərərçəkmiş şəxs4 çiynində asılmış çantasından daxilində 10 manat dəyərində ***-***-**-** və 10 manat dəyərində ***-***-**-** sim nömrələr olan 450 manat dəyərində “Samsung A71” markalı mobil telefonu gizli olaraq çıxarıb talamaqla, Zərərçəkmiş şəxs4 ümumilikdə 470 manat məbləğdə maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə xx.xx.2023-cü il tarixdə saat 15:30 radələrində ünvan 7 ünvanda yerləşən “Libraff” kitab mağazasının qarşısındakı işıqforda Zərərçəkmiş şəxs5 çiynindən asdığı çantanın üst hissəsindəki cibindən içərisində Zərərçəkmiş şəxs5 məxsus 05 manat və həmin dövrə məzənnə ilə nisbətdə 03 manat 40 qəpik təşkil edən 02 ABŞ dolları nağd pul olan 150 manat dəyərində pul kisəsini gizli olaraq çıxardıb talamaqla, Zərərçəkmiş şəxs5 158 manat 40 qəpik dəyərində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə xx.xx.2023-cü il tarixdə saat 22:20 radələrində ünvan 8 ünvanda yerləşən “Kukla teatrının” qarşısındakı avtobus dayanacağında Zərərçəkmiş şəxs7 məxsus əl çantasının yan cibindən üzərində 15 manat dəyərində qoruyucu qobur, qoburun içərisində 20 manat nağd pul, 03 manat dəyərində ***-***-**-** saylı mobil nömrə, 15 manat dəyərində ***-***-**-** saylı mobil nömrə sim kartları olan 1050 manat dəyərində “Samsung A53” markalı mobil telefonu gizli olaraq çıxardıb talamaqla, Zərərçəkmiş şəxs7 ümumilikdə 1103 manat dəyərində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakım gizli olaraq talama məqsədilə xx.xx.2023-cü il tarixdə saat 17:30 radələrində Bakı Metropoliteni QSCnin “Elmlər Akademiyası” stansiyasından metronun “Xalqlar Dostluğu” stansiyasına getməkdən ötrü “Həzi Aslanov” stansiyası istiqamətində hərəkət edən qatar minmiş sərnişin Zərərçəkmiş şəxs6 əynində olan qara rəngli qış gödəkçəsinin sağ yan cibindən 1849,99 manat dəyərindən olan «Apple» markalı “İPHONE 13” modelli mobil telefonu, həmin telefonun üzərindəki dəyəri 25 manat olan ***-***-**-** GSM mobil nömrəni, dəyəri 10 manat olan telefon qabını, dəyəri 10 manat olan ekran qoruyucusunu və dəyəri 10 manat olan kamera qoruyucusunu gizli talayaraq Zərərçəkmiş şəxs6 ümumilikdə 1904,99 manat məbləğdi maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, istintaqa məlum olmayan vaxtda və mənbədən, satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 01 ədəd bükümdə təmiz çəkisi 0,862 qram təşkil edən narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla ünvan 9 ünvana daşımış, 02 aprel 2023-cü il tarixdə saat 18:00 radələrində Səbail RPİ-nin 9-cu PB-nin əməkdaşları tərəfindən ünvan 11 ünvanın qarşısında saxlanılaraq ünvan 12şən Səbail RPİ-nin 9-cu PB-nin inzibati binasına dəvət olunmuş, orada həmin tarixdə saat 18:30-dan etibarən üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynindəki qara rəngli gödəkçənin sağ yan cibindən satış məqsədi olmadan, qanunsuz olaraq əldə edib üzərində saxlayaraq daşıdığı, bir ədəd gümüşü rəngli falqa bükümdə şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 0,862 qram olan narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bununla da o, Azərbaycan Respublikası CM-nin 177.2. 177.2.5 və 234.1-ci maddələrində nəzərdə tutulumuş cinayət əməllərini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs, ona Azərbaycan Respublikası CM-nin 177.2.2,177.2.5 və 234.1-ci maddələri ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək, ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs1 məxsus “Xiaomi Redmi 9T” markalı mobil telefonunu və Zərərçəkmiş şəxs2 məxsus pul kisəsini oğurlamamışdır. Həmçinin narkotik vasitə üzərində olmamış narkotik vasitəsi polislər tərəfindən döyülərək boynuna qoyulmuşdur. Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs6 qarşı törədilmiş oğurluq əməlləri üzrə özünu təqsirli bilir və əməlindən peşmandır. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, o, 10 mart 2023cü il tarixdə saat 10 radələrində işə getmək üçün Binəqədi qəsəbəsində 108 saylı avtobusa minmiş, metronun “Azadlıq prospekti” stansiyasının yaxınlığında avtobusdan düşüb “İçəri Şəhər” stansiyasına getmək üçün metrodan istifadə edərək, “Həzi Aslanov” stansiyası istiqamətinə gedən qatara minmiş və “28 May” stansiyasında qatardan enib “İçəri Şəhər” stansiyası istiqamətinə gedən qatara minmişdir. Orada metrodan çıxıb Səbail rayonu B.Sərdarov küçəsində yerləşən "xxxx"-ın qarşısında piyada hərəkət edərkən, içərisində ona məxsus şəxsiyyət vəsiqəsi, 190 manat nağd pul, "xxxx"-a məxsus pensiya kartı, "xxxx"-a məxsus Birkart plastik kartı, sığorta kartı, bir ədəd açar və həkim resepti olan 20 manat dəyərində pul kisəsinin üzərində olmadığını və oğurlandığını aşkar etmişdir. O, işdə olan zaman mobil nömrəsinə zəng edən tanımadığı qadın ona məxsus sığorta kartı, pensiya kartı və açarı “Koroğlu” metrostansiyası yaxınlığında zibil qutularının yanından tapdığını bildirib ***-***-**-** saylı nömrə ilə əlaqə saxlayaraq, həmin şəxsdən götürə biləcəyini bildirmişdir. Oğlu Rahim həmin qadınla görüşüb ona məxsus tapılan əşyaları götürmüş, sonra o, DİN-in 102 xidmətinə zəng edib baş vermiş oğurluq hadisəsi barədə məlumat vermişdir. Hadisə nəticəsində ona 210 manat məbləğdə maddi ziyan dəymişdir. Ziyanı ödənilib, Təqsirləndirilən şəxs qarşı şikayəti və tələbi yoxdur. Zərərçəkmiş şəxs3 məhkəməyə göndərilən teleqramda Təqsirləndirilən şəxs qarşı şikayət, tələbi olmadığını və istintaqa verdiyi ifadəni təsdiq etdiyini bildirmişdir. Zərərçəkmiş şəxs3 istintaqa verdiyi ifadəsində göstərmişdir ki, o, 23 mart 2023-cü il tarixdə saat 12:15 radələrində azyaşlı qızı Şəms Hüseynzadə ilə birlikdə Bakı şəhərində keçirilən Novruz bayramı ilə əlaqədar Bakı şəhəri Səbail rayonu İçəri Şəhər yarmarkasından Səbail rayonu Neftçilər prospekti Dəniz Kənarı Milli Parka getmiş, orada təxminən 30 dəqiqə gəzişdikdən sonra yeraltı keçidlə Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospektində yerləşən “Kukla” Teatrının qarşısına gəlmişlər. Sonra orada olan dayanacaqda əyləşmişlər, həmin vaxtı o, içərisində şəxsiyyət vəsiqəsi, sürücülük vəsiqəsi, 105 (yüz beş) manat məbləğdə nağd pulu, 02 ədəd "xxxx" ASC və "xxxx" ASC-yə aid, özünə məxsus bank kartlarının olduğu pul kisəsini dayanacaqda oturacağın üstünə qoymuş, oturacaqdan duranda pul kisəsini orada unudub uzaqlaşmışdır. O, təxminən 10 - 15 dəqiqədən sonra dayanacağa qayıtmış, lakin pul kisəsinin orada olmadığını, oğurlandığını aşkar etmişdir. 26 mart 2023-cü il tarixdə Azərbaycan Respublikası DİN-in “102 zəng xidməti”- nə zəng edərək, oğurluq barədə məlumat vermişdir. Hadisə nəticəsində ona məxsus 50 manat dəyərində pul qabı, içərisində olmuş 105 (yüz beş) manat məbləğdə pul vəsaiti, şəxsiyyət və sürücülük vəsiqələri oğurlanmışdır. Lakin hadisədən sonra o, yuxarıda göstərdiyi banklara zəng edərək, özünə məxsus olmuş və oğurlanmış bank kartlarının hesablarını bağlatdırmışdır. Ona görə də, ona ümumilikdə 155 (yüz əlli beş) manat məbləğdə maddi ziyan dəymişdir. Məhkəmə iclasında zərərçəkmiş Zərərçəkmiş şəxs7 ifadəsində göstərmişdir ki, o, 29 mart 2023-cü il tarixdə saat 22 radələrində işdən çıxıb “Kukla” teatrı ilə üzbə-üzdə yerləşən avtobus dayanacağında 88 nömrəli avtobusa minən zaman ona məxsus “Samsung A53” markalı mobil telefonu çantasının yan cibində olmuşdur. O avtobusa minərkən, çantasından nəyinsə çıxarıldığını hiss etmiş, ətrafda çox adam olduğuna görə geri çönüb baxmamışdır. Sonra çantasından telefonunu götürmək istəyərkən telefonunun oğurlandığını aşkar etmişdir. O, “Azneft” dairəsi yaxınlığında avtobusdan düşüb orada olan polis əməkdaşlarına yaxınlaşmış, hadisə barədə məlumat verdikdən sonra iş yerinə telefonunu axtarmaq üçün qayıtmışdır. O, işdə telefonun oğurlandığına əmin olmuş, bundan sonra 9-cu Polis bölməsinə gedib hadisə barədə məlumat vermişdir. Ona 1103 manat məbləğdə maddi ziyan dəymişdir. Şikayətçidir, ziyanı tələb edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Səbail RPİ-nin 9-cu Polis Bölməsinin əməliyyat müvəkkili, polis leytenantı Şahid3 ifadəsində göstərmişdir ki, 02 aprel 2023-cü il tarixdə 9-cu Polis Bölməsinin əməliyyat müvəkkili, polis kapitanı Şahid4 ilə birlikdə Nizami küçəsi 54 saylı ünvanın qarşısında Təqsirləndirilən şəxs yaxınlaşaraq, özlərini təqdim etmişlər, Təqsirləndirilən şəxs narkotik vasitənin təsiri altında olduğundan və özünü şübhəli apardığından, üzərində narkotik vasitə olması barədə əsaslı şübhələr yaranmışdır. Onlar Təqsirləndirilən şəxs 9-cu polis bölməsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs etiraz etmədən onlarla birlikdə Polis Bölməsinə getmişdir. Xidməti iş otaqlarının birində Təqsirləndirilən şəxs üzərinə dəvət edilmiş müdafiəçinin və şahidlərin iştirakı ilə videoçəkilişlə şəxsi axtarış aparılmış, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olmuş gödəkçənin sağ cibindən gümüşü rənqli kağıza bükülmüş 01 ədəd bükümü, əynindəki şalvarın ciblərindən 01 ədəd “İPhone 13” markalı mobil telefonu, 01 ədəd “Nokia” markalı mobil telefonu və 24 manat pulu masanın üzərinə qoymuşdur. Büküm açıldıqda, içərisində qəhvəyi rəngli narkotik vasitə heroinə bənzər kütlə olması müəyyən edilmiş, sorğu-sual zamanı Təqsirləndirilən şəxs həmin narkotik vasitəni “Kubinka” adlanan ərazidən tanımadığı şəxsdən 20 manata şəxsi istifadəsi üçün əldə etdiyini bildirmişdir. «İPhone 13» markalı mobil telefonu isə 02 aprel 2023-cü il tarixdə metrosatnsiyalardan birində qadının cibindən oğurladığını bildirmişdir. Sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş bir ədəd büküm və “İPhone 13” markalı mobil telefon cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan ayrıayrılıqda kağız zərflərə qoyularaq qablaşdırılıb möhürlənmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Səbail RPİ-nin 9-cu Polis Bölməsinin əməliyyat müvəkkili, polis kapitanı Şahid4 Şahid3 ilə eyni məzmunlu ifadə verərək, onun göstərdiklərini təsdiq etmişdir. İş materiallarında olan 02 aprel 2023-cü il tarixli “cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında qərardan” görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 177.2.5 maddəsiin tərkib əlaməti olduğundan Azərbaycan Respublikası CM-nin 177.2.5 maddəsi ilə ********* saylı cinayət işi başlanmış və icraata qəbul edilmişdir. İş materiallarında olan 02 aprel 2023-cü il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 02 aprel 2023-cü il tarixdə, saat 18:15-də şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan 02 aprel 2023-cü il tarixli şəxsi axtarış və götürmə protokolundan görünür ki, Təqsirləndirilən şəxs əynindəki qara rənqli gödəkçənin sağ cibindən 01 ədəd gümüşü rənqli kağıza bükülmüş bükümü çıxararaq masanın üzərinə qoymuşdur. Büküm açıldıqda, içərisində tünd qəhvəyi rənqli toz-kristal şəkilli, narkotik vasitə heroinə bənzər kütlə aşkar edilmişdir. Təqsirləndirilən şəxs həmin bükümün içərsində olan maddə narkotik vasitə heroin olduğunu və həmin narkotik vasitəni “Kubinka” adlanan ərazidən tanımadığı şəxsdən 20 manata şəxsi istifadəsi üçün əldə etdiyini bildirmişdir. İş materiallarında olan aktdan görünür ki, Təqsirləndirilən şəxs burnunun və sol qaşının üzərində çapılmış yaralar 01 aprel 2023-cü il tarixdə evdə yıxılanda yaranmışdır. İş materiallarında olan zərərçəkmiş şəxs qismində cəlb etmək haqqında qərardan görünür ki, Zərərçəkmiş şəxs6 iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. İş materiallarında olan zərərçəkmiş şəxs qismində cəlb etmək haqqında qərardan görünür ki, Zərərçəkmiş şəxs3 iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. İş materiallarında olan zərərçəkmiş şəxs qismində cəlb etmək haqqında qərardan görünür ki, X3 iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. İş materiallarında olan zərərçəkmiş şəxs qismində cəlb etmək haqqında qərardan görünür ki, Zərərçəkmiş şəxs2 iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. İş materiallarında olan zərərçəkmiş şəxs qismində cəlb etmək haqqında qərardan görünür ki, Zərərçəkmiş şəxs7 iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır İş materiallarında olan zərərçəkmiş şəxs qismində cəlb etmək haqqında qərardan görünür ki, Zərərçəkmiş şəxs4 iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. İş materiallarında olan zərərçəkmiş şəxs qismində cəlb etmək haqqında qərardan görünür ki, Zərərçəkmiş şəxs5 iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır İş materiallarında olan 03 aprel 2023-cü il tarixli 6/1930 saylı məhkəmə-kimyəvi ekspertizanın rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “...(imza) Təqsirləndirilən şəxs...” sözləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0,862 qram olan açıq-qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. İş materiallarında olan 04 aprel 2023-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmək barədə qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.5 və 234.1-ci maddələri ilə ilə ittiham elan edilmişdir. İş materiallarında olan Bakı şəhəri Səbail rayon məhkəməsinin 4(009)-239/2023 saylı 04 aprel 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 03 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli Təqsirləndirilən şəxs tutulduğu andan, yəni 02 aprel 2023-cü il tarixdən hesablanmışdır. İş materiallarında olan 05 aprel 2023-cü il tarixli maddi sübut kimi tanınma barədə qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş bir ədəd bükümdə təmiz çəkisi 0,862 qram narkotik vasitə heroin iş üzrə mühüm əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınsın və ekspertiza tədqiqatından sonrakı qalıq çəkisi 0,812 qram olan heroin saxlanılması üçün Səbail RPİnə verilmişdir. İş materiallarında olan 10 aprel 2023-cü il tarixli Azərbaycan Respublikası DİN-nin Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 10 yanvar 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1,177.2.2 və 177.2.5-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 03 il, 10 ay, 24 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İş materiallarinda olan 10 iyun 2023-cü il tarixli 3652 №li Azərbaycan Respublikasi Səhiyyə Nazirliyinin Respublika narkoloji mərkəzi publik hüquqi şəxsi ambulator məcburi narkoloji tibbi yoxlamanin rəyindən görünür ki, müayinə zamani Təqsirləndirilən şəxs opioidlərin və kannabinoidlərin birgə qəbulu nəticəsində yaranan asıllıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunmuşdur. Narkomaniyadan məcburi müalicəyə ehtiyaci vardir, ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülmüşdür. İş materiallarında olan 16 iyun 2023-cü il tarixli DVD diskə baxış protokolundan görünür ki, Təqsirləndirilən şəxs avtobusun orta çıxış qapısından çıxmaq istəyən Zərərçəkmiş şəxs4 sağ çiynində asılmış ağ çantanın içərsindən mobil telefonu oğurlayaraq avtobusdan enərək oradan uzaqlaşmışdır. İş materiallarında olan 26 iyun 2023-cü il tarixli cinayət işlərinin bir icraatda birləşdirilməsi barədə qərardan görünür ki, ********* nömrəli cinayət işi ********* nömrəli cinayət işinə birləşdirilib və ********* nömrəsi altında istintaqa davam etdirilmişdir. İş materiallarinda olan 03 iyul 2023-cü il tarixli qəbzdən görünür ki, 02 aprel 2023-cü il tarixdə Təqsirləndirilən şəxs tərəfindən oğurlanmış “İPNONE 13” markalı mobil telefonu saz vəziyyətdə zərərşəkmiş şəxs Zərərçəkmiş şəxs6 təhvil verilmişdir. İş materiallarında olan 13 iyul 2023-cü il tarixli “təqsirləndirilən şəxsə yenidən ittiham elan etmək haqqında” qərardan görünür ki, ********* nömrıli cinayət işi üzrə Təqsirləndirilən şəxs elan edilmiş ittihama əlavə və dəyişikliklər edilməklə, ona Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.5 və 234.1-ci maddələri ilə yenidən ittiham elan edilmişdir. İş materiallarında olan 22 sentyabr 2023-cü il tarixli 7 saylı Cəzaçəkmə Müəssisəsinin məktubundan görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Xətai rayon Məhkəməsinin 28 dekabr 2022-ci il tarixli qərarına əsasən 28 dekabr 2022-ci il tarixdə çəkilməmiş cəzasının 05 (beş) ay, 14 (on dörd) gün hissəsindən şərti olaraq vaxtından əvvəl şərti olaraq cəzadan azad edilmişdir. İş materiallarında olan Zərərçəkmiş şəxs6 06 sentyabr 2023-cü il tarixli teleqramından görünür ki, onun ziyanı ödənilib, Təqsirləndirilən şəxs qarşı şikayəti və tələbi yoxdur. İş materiallarında olan Zərərçəkmiş şəxs2 Qəşər qızının 13 oktyabr 2023-cü il tarixli ərizəsindən görünür ki, onun ziyanı ödənilib, Təqsirləndirilən şəxs qarşı şikayəti və tələbi yoxdur. İş materiallarında olan Zərərçəkmiş şəxs3 15 noyabr 2023-cü il tarixli teleqramından görünür ki, onun Təqsirləndirilən şəxs qarşı şikayəti və tələbi yoxdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddələrinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə və daşımağa görə cinayət məsuliyyətini müəyyən edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli, 1 saylı Qərarında qeyd olunmuşdur ki, məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə, özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Özgə əmlakı qanunsuz götürülərkən, orada olmuş kənar şəxs həmin hərəkətlərin hüquqazidd olmasını dərk etmirsə, yaxud da həmin kənar şəxs təqsirli şəxsin qohumudursa və təqsirli şəxs bununla əlaqədar əmlak götürülərkən, əks təsirə məruz qalmayacağına arxayındırsa, o zaman əməl özgə əmlakının oğurluğu kimi tövsif edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun həmin Qərarında həmçinin qeyd edilmişdir ki, təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti başa çatmış hesab edilir. X4 əsasən şəxs, tövsifedici əlamətlər olmadan, özgə əmlakının eyni formada iki və ya daha çox müstəqil talanmasına görə (məsələn, müxtəlif mülkiyyətçilərdən bir neçə dəfə oğurluq edilməsi) məhkum edilməmişsə, yaxud cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçməmişsə, bu zaman həmin hərəkətlər Cinayət Məcəlləsinin 16.2-ci maddəsinə müvafiq olaraq, Cinayət Məcəlləsinin 177.2.2, 180.2.2 və ya 181.2.2-ci maddələrində nəzərdə tutulmuş “təkrar” törədilmiş cinayət kimi tövsif edilməlidir. Belə halda cinayətkar hərəkətlər cinayətlərin məcmusunu təşkil etmir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.5 və 234.1-ci maddələri ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlləri zərərçəkmiş şəxslərin ifadələri, şahidlərin ifadələri, ekspertizaların rəyləri, maddi sübutlar, işdə olan cinayət işinin digər halları və məhkəmə istintaqında tədqiq olunmuş dəlillərlə tam sübuta yetirilir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilməsi, özünün istintaq zamanı verdiyi ifadəsi, zərərçəkmiş şəxslərin ifadələri, şahidlərin ifadələri, maddi sübutlar, ekspertiza rəyləri və işin digər halları ilə təkzib olunaraq məhkəmə tərəfindən özünü müdafiə xarakterli ifadə kimi qəbul edilərək əsassız sayılır. Məhkəmə təqsirləndirilən şəxsin qeyd edilən qaydada ifadə verməsini və özünü ona qarşı elan olunmuş ittihamda qismən təqsirli bilməsini onun hüququ kimi qəbul edir və təqsirləndirilən şəxsin dəlillərini əsaslı hesab etmir, onun həmin mövqeyinə münasibət bildirərək, hesab edir ki, təqsirləndirilən şəxsin belə ifadə verməsi məsuliyyətdən yayınmaq məqsədilə verilmiş ifadədir, onun bu mövqeyi sübutların məcmusu ilə təkzib olunmaqla əsassızdır və onunla razılaşmaq olmaz. Bununla əlaqədar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.5 və 234.1-ci maddələrində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddələrinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddələrinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddələrinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının CM-nin 8-ci maddələrinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs əməlindən peşman olmasını, ziyanın qismən ödənilməsini cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Eyni zamanda, iş materialları ilə müəyyən edilir ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 10 yanvar 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1,177.2.2 və 177.2.5-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 03 il, 10 ay, 24 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 28 dekabr 2022-ci il tarixli qərarına əsasən çəkilməmiş cəzasının 05 ay, 14 gün hissəsindən vaxtından əvvəl azad edilmişdir. Təqsirləndirilən şəxs məhkumluğu ödənilmədiyi və götürülmədiyi halda 02 mart 2023-cü il tarixdə il tarixdə yenidən cinayət törətdiyindən cinayətin residivi hesab edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Məhkumluğun anlayışı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən aşağıdakı kimi verilmişdir: cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Məcəllənin 83.3.3-ci maddəsinə əsasən az ağır cinayət törətməyə görə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 06 sentyabr 2010-cu il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinin “məhkum olunmuş şəxs” müddəası həmin Məcəllənin 83.1-ci maddəsinə uyğun olaraq barəsində məhkəmənin qanuni qüvvəyə minmiş ittiham hökmü, ödənilməmiş və ya götürülməmiş məhkumluğu olan şəxsi ehtiva edir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarının 12-ci bəndinə əsasən cinayətlərin residivi, təhlükəli residivi və xüsusilə təhlükəli residivini yaradan bir neçə cinayət törətmiş şəxsə cəza təyin edərkən cinayətin törədildiyi anadək ödənilməmiş və ya götürülməmiş məhkumluqlar nəzərə alınır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 25 may 2009-cu il tarixli qərarında qeyd edilmişdir ki, məhkumluq təkcə şəxsin məhkum olunması və ona cəzanın təyin edilməsi faktı ilə şərtləndirilmir. Məhkumluq şəxs tərəfindən təkrarən cinayət törədilərkən cinayət qanunvericiliyi ilə müəyyən olunmuş hüquqi nəticələrə səbəb olan məhkumun hüquqi vəziyyətini ifadə edir; şəxsdə olan ödənilməmiş və ya götürülməmiş məhkumluq xüsusi, onunla dövlət arasında cinayət-hüquqi tənzimləmə əsasında formalaşan, bu şəxs tərəfindən yeni cinayətlər törədilərkən onun şəxsiyyətinin və törətdiyi cinayətlərin yüksək ictimai təhlükəli kimi qiymətləndirilməsinə xidmət edən ictimai-hüquqi münasibətləri yaradır və buna görə onun barəsində cinayət hüquqi xarakterli daha ağır tədbirlərin tətbiqini nəzərdə tutur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair” qəbul etdiyi 06 sentyabr 2010-cu il tarixli qərarında göstərmişdir ki, əvvəlki cinayət qanunundan fərqli olaraq qüvvədə olan Cinayət Məcəlləsi yeni cinayətin törədilməsi ilə məhkumluq müddətinin axımının kəsilməsini nəzərdə tutmamışdır. Bu isə onu göstərir ki, yeni cinayət törədildikdə çəkilən cəzaya görə məhkumluğun ödənmə müddətinin axımı davam edir. Lakin bu hal yenidən törədilən cinayətin qanunla müəyyən olunmuş hallarda residiv hesab edilməsinə və residivə görə cəza təyin etmə qaydalarını tətbiq etməyə mane ola bilməz. Belə ki, məhkumluq yeni cinayət törədildikdən sonra ödənildikdə və ya götürüldükdə, onunla bağlı bütün hüquqi nəticələrin aradan qalxması yalnız bundan sonra yaranacaq cinayət–hüquqi münasibətlərə şamil edilir. Şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən qanunverici həmin şəxsə daha sərt cəza tətbiq olunmasını nəzərdə tutmuşdur. Həmin qərara əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3, 83.4-cü maddələrinin mənasına görə şəxs cinayətlərin və ya hökmlərin məcmusu üzrə məhkum olunduqda, məhkumuluğun ödənilmə müddətinin axımı cinayətlərin və ya hökmlərin məcmusu üzrə təyin edilmiş qəti cəzanın çəkilib qurtarması və ya cəzadan azad edilməsi anından başlayaraq, cinayətlərin hər təsnifatı üçün müstəqil şəkildə hesablanmalıdır. Göründüyü kimi Təqsirləndirilən şəxsnın əvvəllər qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunması və məhkumluğu ödənilmədən (götürülmədən) onun tərəfindən yenidən qəsdən cinayət törədilməsi onun əməlində cinayətin residivini yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən cinayətin residivi cəzanı ağırlaşdıran hallara aiddir. Məhkəmə Təqsirləndirilən şəxsnın əməlində olan cinayətin residivini cəzanı ağırlaşdıran hal kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını,habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 65.2-ci maddəsində müəyyən edilmiş qaydalar çərçivəsində cinayət qanunun təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.5 və 234.1-ci maddələri ilə təyin olunacaq azadlıqdan məhrum etmə cəzaları Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən qismən toplanılmalı və ona qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67-ci maddəsiə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 76.6.3-cü maddəsinə əsasən qəsdən az ağır, ağır və ya xüsusilə ağır cinayət törətdikdə, məhkəmə cəzadan şərti olaraq vaxtından əvvəl azad etməni ləğv edir və ona bu Məcəllənin 67-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edir. Məhkəmə, hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 76.6.3-cü maddəsinə əsasən Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 10 yanvar 2020-ci il tarixli hökmü ilə təyin edilmiş və çəkilməmiş 05 (beş) ay, 14 (on dörd) gün hissəsində şərti olaraq vaxtından azad olunma ləğv edilməli və hazırki hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilməklə ona qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün — ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkirlər. Məhkəmə cinayət və cinayət prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən təyin edilmiş cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəza çəkməsinin əvvəli 02 aprel 2023-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddələrinə əsasən, məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Həmin Məcəllənin 93-1.1-ci maddələrinə əsasən, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslər barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinin məqsədi həmin şəxslərin müalicə olunması, səhhətinin və psixoloji vəziyyətinin yaxşılaşdırılması, ixtisaslaşdırılmış tibbi yardım və sosial qayğı göstərməklə onların normal həyat tərzinə qaytarılması, gələcəkdə həmin şəxslər tərəfindən insan psixikasına təsir göstərən maddələrdən sui-istifadənin və yeni cinayətlər törədilməsinin qarşısının alınmasından ibarətdir. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə ilə bağlı tibbi xarakterli məcburi tədbir tətbiq edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddələrinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edərkən hesab edir ki, hazırki cinayət işi üzrə müsadirə edilməli əmlak yoxdur. İş üzrə mülki iddia yoxdur. İş üzrə maddi sübut olan Səbail rayon Polis İdarəsində saxlanılan 0,812 qram olan narkotik vasitə heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. İş üzrə maddi sübut olan şəxsi axtarış və götürmə prosessual hərəkətini əks ektdirən 02 (iki) ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə maddi sübut olan “İPHONE 13” markalı mobil telefonu Zərərçəkmiş şəxs6 təhvil verilməsi nəzərə alınmalıdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına əsasən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən pul vəsaitinin tutulmasını əsaslı hesab edir. İş üzrə keçirilmiş məhkəmə ekspertizasının dəyəri olaraq 81 manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-353, 381-384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.5 və 234.1-ci maddələri ilə təqsirli bilinərək, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci və 177.2.5-ci maddələri ilə 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 01 (bir) il ay 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddələrinə əsasən təyin edilmiş cəzalar qismən toplanılsın və ona 02 (iki) il, 07 (yeddi) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 76.6.3-cü maddələrinə əsasən Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 10 yanvar 2020-ci il tarixli hökmü ilə təyin edilmiş və çəkilməmiş 05 (beş) ay, 14 (on dörd) gün cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə ləğv edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1-ci maddələrinə əsasən Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 10 yanvar 2020-ci il tarixli hökmü ilə təyin edilmiş və çəkilməmiş 05 (beş) ay, 14 (on dörd) gün müddətinə azadlıqdan məhrum etmə cəzası hazırkı hökmlə təyin edilmiş 02 (iki) il, 07 (yeddi) ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilərək Təqsirləndirilən şəxs qəti olaraq 02 (iki) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, cəza çəkmə müddətinin əvvəli 02 aprel 2023-cü il tarixdən hesablansın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınsın və ona narkomaniyadan məcburi müalicə təyin edilsin İş üzrə maddi sübut olan – Səbail rayon Polis İdarəsinin saxlanc yerində saxlanılan Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş, ekspertiza tədqiqatından sonrakı qalıq çəkisi 0,812 qram olan narkotik vasitə heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Cinayət işi üzrə maddi sübut olan 02 (iki) ədəd disk materiallarında saxlanılsın. Cinayət işi üzrə maddi sübut olan “İPHONE 13” markalı mobil telefonu Zərərçəkmiş şəxs6 təhvil verilməsi nəzərə alınsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci - 81(səksən bir) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin (büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, X2 Kodu 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ ********************, SWİFT CTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, AZ34STRE********************) hesabına köçürülsün. Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə zamanı müdafiə edilməsinə görə 300 (üç yüz) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından tutularaq Bakı şəhəri 12 saylı vəkil Bürosunun ("xxxx" QSC-nin Səbail rayon filialı, kod 504960, müxbir hesabı AZ37 NABZ 013501**********56944, SWİFT ACABAZ 22, Hesab AZ20ACAB ********************, VÖEN**********) bank hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Günel Səmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar