Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-272/2022 19.12.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi Qəribli Günel Adil qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs X2, Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1995-ci il Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan, Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa şəhərciyi, nömrəsiz fərdi evdə yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına 19 dekabr 2022-ci il tarixdə saat 11.15də məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı məhkəməyə daxil olmuşdur. Belə ki, Təqsirləndirilən şəxs 31 oktyabr 2022-ci il tarixdə saat 04:16-da ünvan 3 ünvanda yerləşən “Mojo” gecə klubunda X2 mobil telefon vasitəsilə ona nalayiq ifadələr yazması səbəbilə sonuncu ilə aralarında yaranmış mübahisə zamanı ictimai qaydanı kobud surətdə pozan, yəni cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və ədəb qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan, cəmiyyətə qarşı açıqca hörmətsizlik ifadə edərək vətəndaşların normal həyat və fəaliyyəti üçün təhlükə yaratmaqla qorxu və narahatçılıq hissinə səbəb olub Aydan Şirinovanın ünvanına nalayiq sözlər deyərək sonuncunun üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər edib əlləri ilə onun saçından tutaraq qəsdən yerə yıxıb ona sağ bazunun orta və aşağı 1/3-nin ön səthinin qançırı, sağ bazunun aşağı 1/3-nin ön səthinin, sağ süd vəzisinin, döş qəfəsinin sol yarısının arxa səthinin, sol kürək nahiyəsinin və sol diz oynağı nahiyəsinin ön səthinin sıyrıqları, eləcə də, sol bud-çanaq oynağında ağrı və hərəkət məhdudluğu ilə nəticələnən, ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan bədən xəsarətləri yetirib Aydan Şirinovanm sağlamlığına qəsdən yüngül zərər vurmaqla xuliqanlıq etmişdir. Məhkəmə iclasında cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs özünü təqsirli bilərək bildirmişdir ki, X3 2022-ci ilin may ayından tanıyır. Belə ki, Şahid2 onların ortaq sevgilisi olmuşdur. Aydanla yaxın münasibəti olmamış, Elşadla isə 2022-ci ilin yanvar ayından etibarən sevgili münasibətində olmuşdur. Sonradan ona məlum olmuşdur ki, Elşad ondan əlavə Aydanla da sevgili olmuş, məhz bu səbəbdən Aydan onunla qısqanclıq zəminində mübahisələr etmiş və həmin vaxtdan bu günə kimi onunla ədavətli olmuş, dəfələrlə ona məxsus mobil nömrəyə nalayiq mesajlar göndərmişdir. 31 oktyabr 2022-ci il tarixdə saat 00.00 radələrində rəfiqəsi Şahid1 ilə birgə Bakı şəhəri, Səbail rayonu, Tərlan Əliyarbəyov küçəsində yerləşən “Mojo” gecə klubuna getmiş, saat 04 radələrində klubda olan zaman Aydanın içəriyə daxil olduğunu görmüşdür. Həmin an sərxoş olduğundan və Aydanın ona göndərdiyi nalayiq mesajlar yadına düşdüyündən Aydanı görən kimi qəfildən onun üzərinə hücum edərək əlləri ilə onun saçından tutub yerə yıxmış, Aydan yerə yıxıldıqdan sonra dizi ilə onun sifət nahiyəsinə zərbə vurmuşdur. Aydan ayağa qalxdıqdan sonra yenidən əlləri ilə onun saçından tutub dartışdırmağa başlamış və klubdakı kənar şəxslər müdaxilə edib onları ayırmışdırlar. Mübahisə zamanı sərxoş olduğundan uca səslə Aydana qarşı nalayiq ifadələr işlətmiş və həmin vaxt klubda kənar şəxslər də olmuşdur. Əməlindən peşman olduğunu bildirərək məhkəmədən barəsində yüngül cəza növünün seçilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs X4 ifadəsində bildirmişdir ki, gündüz saatlarında "xxxx" MMC-də ekspeditor vəzifəsində çalışır, axşamlar isə “Sheikh” klubda müştərini cəlb edən şəxs qismində işləyir. Şahid2 ilə 25 iyul 2021-ci il tarixdə tanış olmuş və həmin vaxtdan da onunla sevgili olmuşdur. 2022-ci ilin may ayında Elşadın ona Təqsirləndirilən şəxs ilə xəyanət etdiyini öyrənmiş və həmin vaxtdan da Fidanı tanımışdır. Elşad ona xəyanət etdiyi üçün ondan ayrılmış, Fidanla isə ədavətli olmuşdur. Fidanla mütəmadi olaraq mobil telefonla əlaqə saxlayıb bir-birilərinə nalayiq ifadələr işlətmişlər. 31 oktyabr 2022-ci il tarixdə saat 04 radələrində rəfiqəsi Vahidə ilə birgə Bakı şəhəri, Səbail rayonu, Tərlan Əliyarbəyov küçəsində yerləşən “Mojo” gecə klubuna getmiş, içəriyə daxil olduqda Fidanın orada olduğunu görmüşdür. Fidan onu görən kimi “sənə demişəm bu kluba gəlmə, niyə gəlirsən?” deyərək onun üzərinə yerimiş və əlləri ilə saçından tutaraq onu yerə yıxmışdır. O, ayağa qalxmaq istəyən zaman Fidan dizi ilə onun sifət nahiyəsinə zərbə vurmuş, həmin vaxt sağ qolundan, sol budundan, sol diz nahiyəsindən və sağ döşündən xəsarət almışdır. O, ayağa qalxsa da, Fidan ondan əl çəkməmiş və yenidən saçından tutaraq dartmağa başlamışdır. Klubdakı şəxslər bunu görüb onlara müdaxilə etmiş və yalnız bundan sonra Fidan sakitləşib ondan əl çəkmişdir. Mübahisə zamanı Fidan uca səslə onu təhqir etmiş və həmin vaxt gecə klubunda kənar şəxslər də olmuşdur. Təqsirləndirilən şəxs ilə barışmamış və ondan şikayətçidir. Məhkəmə iclasında hadisənin videogörüntülərini özündə əks etdirən diskə baxış keçirilərkən müəyyən edilmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 04:16-da X4 “Mojo” gecə klubuna daxil olan zaman Təqsirləndirilən şəxs onun üzərinə hücum edərək əlləri ilə onun saçından tutub sol tərəfi istiqamətində klubdakı masaya çırparaq yerə yıxır, ardınca isə dizi ilə Aydan Şirinovanın sifət nahiyyəsinə zərbə vurur. Aydan Şirinova ayağa qalxdıqdan sonra Təqsirləndirilən şəxs yenidən əlləri ilə onun saçından tutaraq özünə tərəf dartmağa başlayır, klubdakı digər şəxslər isə müdaxilə edərək onları ayırır. Böyük ictimai təhlükə törətməyən aşkar cinayətlər üzrə məhkəməyədək sadələşdirilmiş icraat açılması haqqında 01 noyabr 2022-ci il tarixli qərarla X2 şikayəti əsasında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə böyük ictimai təhlükə törətməyən aşkar cinayətlər üzrə məhkəməyədək sadələşdirilmiş icraat açılmışdır. Məhkəmə-tibbi ekspertizasının 31 oktyabr 2022-cu il tarixli 766 saylı rəyindən görünür ki, A.E.Şirinovanın bədəni üzərində müəyyən edilmiş xəsarətlər - sağ bazunun orta və aşağı 1/3nin ön səthinin qançırı, sağ bazunun aşağı 1/3-nin ön səthinin, sağ süd vəzisinin, döş qəfəsinin sol yarısının arxa səthinin, sol kürək nahiyəsinin və sol diz oynağı nahiyəsinin ön səthinin sıyrıqları, eləcə də, sol bud-çanaq oynağında ağrı və hərəkət məhdudluğu ilə müşayiət olunan sol budun yuxarı 1/3-nin arxa-bayır səthinin hematoması bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə və müayinə olunanın göstərdiyi şəraitdə, yəni 31.10.22-ci il tarixdə, kənar şəxs tərəfindən qeyd olunan nahiyələrə əl ilə vurduqdan sonra zor tətbiq etmə nəticəsində yıxılaraq sol bud-çanaq nahiyəsinin bərk sərt örtüyə dəyməsi nəticəsində əmələ gələ bilərdilər, dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. 01 noyabr 2022-ci il tarixli qərarla X4 böyük ictimai təhlükə törətməyən aşkar cinayətə dair məhkəməyədək sadələşdirilmiş icraat üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 12 noyabr 2022-ci il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, xx.xx.1995-ci il təvəllüdlü Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə, Təqsirləndirilən şəxs istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu istinad edilən cinayət əməlinə qiymət verilməsi baxımından kifayət edir. Belə ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün etirafı, zərərçəkmiş şəxsin ifadəsi, ekspert rəyi, iş materiallarına əlavə edilmiş işin digər halları ilə xuliqanlıq cinayətini törətməsi tamamilə sübuta yetirildi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin tərkibi vardır. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlukəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının CM-nin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Bundan başqa, cəza təyini məsələsini həll edərkən məhkəmə Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli Sərəncamıda nəzərə almalıdır. Belə ki, həmin Sərancamın 8-ci bəndində qeyd edilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfındən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi əməldən səmimi peşman olmasını, əvvəllər məhkum olunmamasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar aşkar olunmadı. Məhkəmə törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən halı, cəzanı ağırlaşdıran halların olmamasını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 221.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə cəzaya məhkum edilməlidir. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Hazırki halda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 31 saylı qərarına əsasən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347,349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 1200 (bir min iki yüz) manat miqdarında cərimə cəzası təyin edilsin. Cəzanın icrası Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilsin. Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 210 (iki yüz on) manat pul tutulub, Bakı şəhəri 3 saylı Vəkil bürosunun ("xxxx" ASC-nin Səbail rayon filialı, kod 200059, müxbir hesabı AZ75AİİB********************, VÖEN **********) hesabına keçirilsin. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim Ülviyyə Şükürova
Məhkəmə qərarları › İş №1(009)-272/2022
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-272/2022
19.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver