Məhkəmə qərarları › İş №1(009)-273/2024

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-273/2024

25.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-273/2024 25.11.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Süleymanova Şəhla Ənvər qızının sədrliyi, Əliyev Ülvi Bağır oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1999-cu ildə Lənkəran şəhərində doğulmuş, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, fərdi işlə məşğul olan, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2aşamış, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, hazırda Azərbycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 14 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə baxışı iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə metamfetamini əldə edərək üzərində saxlamış və daşımışdır. Belə ki, o, xx.xx.2024-cü il tarixdə saat 17 radələrində yaşadığı Binəqədi rayonu ərazisində şəxsiyyəti istintaqa məlum olmayan şəxsdən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda bir ədəd şəffaf sellofana bükülmüş bükümdə təmiz çəkisi 0,421 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edib üzərində saxlamaqla daşımış,19 may 2024-cü il tarixdə saat 02:00-da DİN-in Əlahiddə ÇPA-nın 4-cü patrul bölüyü əməkdaşları tərəfindən narkotik vasitələrin qəbulunda, saxlanılmasında və qanunsuz dövriyyəsində şübhəli bilinərək Bakı şəhəri, Səbail rayonu, A.İsmayılov küçsəi 51 ünvanının qarşısında saxlanılaraq Səbail RPİ-nin 8-ci PB-nin inzibati binasına aparılmış, orada üzərində keçirilən şəxsi axtarış və götürmə zamanı əynində olan mavi rəngli cins şalvarın cibindəki bir ədəd şəffaf sellofana bükülmüş bükümdə təmiz çəkisi 0,421 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bilərək ibtidai istintaqdakı ifadəsini təsdiqlədiyini bildirmişdir. Əməlindən peşmandır. Məhkəmə iclasında Şahid1 ifadəsində bildirmişdir ki, may ayının 19-da Bayıl qəsəbəsi A.İsmayılov küçəsində bir nəfər şəxsin özünü şübhəli apardığını görüb ona yaxınlaşmış, özlərini təqdim etmiş və sorğu-sual etmişlər, Təqsirləndirilən şəxs onlara üzərində patı adlanan maddə olduğunu bildirmişdir. Bölməyə dəvət edilmiş, orada onun üzərinə baxış keçirilmişdir. Məhkəmə iclasında Şahid2 ifadəsində bildirmişdir ki, 19 may saat 02 radələrində Bayıl qəsəbəsi A.İsmayılov küçəsində xidmət apararkən Təqsirləndirilən şəxs görmüş, özünü şübhəli apardığı üçün ona yaxınlaşmışlar. Səbəbini soruşduqda səmimi olaraq etiraf etmişdir ki, üzərində patı adlanan maddə var. Onu 8-ci bölməyə dəvət etmiş, müdafiəçinin iştirakı ilə üzərinə baxış keçirilmiş, çəkiliş aparılmışdır. İş materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının 19 may 2024-cü il tarixli 6/2821 nömrəli rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş üzərində «Azərbaycan Respublikası DİN Zərflər üçün № 49” dairəvi möhür əksi «...Təqsirləndirilən şəxs üzərindən ...” sözləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0,421 qram olan ağ rəngli kristal şəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetamin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş «Azərbaycan Respublikasının ərazisində dövriyəsi qadağan edilən psixotrop maddələr»-in İ siyahısına daxildir. (tədqiqatın dəyəri 81 manat) (c.i.v.33-35) İş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 21 may 2024-cü il tarixli 3543 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs Psixostimulyatorların qəbulu nəticəsində yaranan Asılılıq sindromu (Narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (c.i.v.100-101) İş materiallarında olan «cinayət törətməkdə şübhəli şəxsin tutulması haqqında» tərtib edilmiş 19 may 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 19 may 2024-cü il tarixdə saat 02:00-da qanunsuz olaraq narkotik vasitələri saxlaması və daşımasında şübhəli olduğundan şübhəli şəxs qismində tutulmuşdur. (c.i.v.17) İş materiallarında olan «şəxsi axtarış və götürmə haqqında» tərtib edilmiş 19 may 2024-cü il tarixli protokoldan görünür ki, 19 may 2024-cü il tarixdə Təqsirləndirilən şəxs Səbail RPİ-in 8-ci PB-nin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinərək Səbail rayon Polis İdarəsinə gətirilmiş və hüquqlarını müdafiə edilməsi üçün dəvət edilmiş vəkilinin iştirakı ilə polis idarəsində üzərində şəxsi axtarış aparılan zaman əynindəki mavi rəngli cins şalvarın sol yan cibindən 01 ədəd kiçik ölçülü şəffaf sellofana bükülmüş ağ rəngli kristal hissəciklərdən ibarət formada maddə aşkar edilərək götürülmüşdür. Aşkar olunmuş həmin büküm qablaşdırılıb möhürlənmişdir. Baxış zamanı video çəkiliş aparılmşdır. (c.i.v. 25-26) Cinayət işində olan CD diskinə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, xx.xx.2024-cü il tarixdə Səbail RPİ-nin 8-ci PB-nin təhqiqatçısı X3 tərəfindən Azərbaycan Respublikası DİN-in Əhalidə ÇPA-nın 4-cü patrul bölüyünün polis nəfəri serjantı Şahid1, Azərbaycan Respublikası DİN-in Əhalidə ÇPA-nın 4-cü patrul bölüyünün polis nəfəri serjantı Şahid2, müdafiəçi X1 iştirakı ilə şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılmışdır. Video görüntüdə şəxsi axtarış və götürmə aparılmasından əvvəl Təqsirləndirilən şəxs əşyalarında və ya üzərində dövriyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilir, bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki mavi rəngli cins şalvarın cibindən 01 ədəd şəffaf sellofana bükülmüş ağ rəngli kristal hissəciklərdən ibarət formada maddə bükümü təqdim edir, aşkar olunmuş narkotik vasitə cinayət təqibi orqanı tərəfindən 01 (bir) ədəd kağız zərfdə qablaşdırılıb götürülür. Video diskə baxış zamanı Təqsirləndirilən şəxs bildirir ki, həqiqətən baxış keçirilən şəxs odur. Metamfetamin ona məxsusdur. İş materiallarında olan “təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin təmin edilməməsi haqqında” Səbail rayon Prokuroru, baş ədliyyə müşaviri Natiq Əsədovun 20 may 2024-cü il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə istintaqı aparılan ********* №-li cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatət təmin edilməmiş və Təqsirləndirilən şəxs dərhal müvəqqəti saxlama yerindən azad edilməsi qərara alınmışdır. (c.i.v. 62-64) İş materiallarında olan “qətimkan tədbirinin seçilməsi” barədə 20 may 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmişdir. (c.i.v.65-66) İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-nin 13 iyun 2024-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmuşdur.(c.i.v.96-97) Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə və daşımağa görə cinayət məsuliyyətini müəyyən edir və bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanununda narkotik vasitə olan metamfetaminin şəxsi istehlak üçün yuxarı miqdarı 0,15 qram müəyyən edilmişdir. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddə metamfetaminin təmiz çəkisi 0.421 qram təşkil etmişdir ki, qeyd olunan siyahılara əsasən, həmin miqdar Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 14 iyun 2024-cü il tarixli “08” saylı qərarın 27-ci bəndində göstərilmişdir ki, təqsirkarın şəxsiyyəti, onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri baxımından cəzanın qanuniliyini və əsaslılığını təmin etmək üçün isə tələb olunur ki, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar düzgün müəyyən edilsin, təqsirləndiriləni səciyyələndirən və ailəsinin həyat şəraitini aşkarlayan məlumatlar, o cümlədən onun iş, təhsil, yaşayış yerində nə cür xarakterizə olunması, əvvəllər məhkum olunubolunmaması (məhkumluq ödənilmədiyi və ya götürülmədiyi halda), əvvəlki məhkumluğun narkotik vasitələrin (psixotrop maddələrin, prekursorların, güclü təsir edən və ya zəhərli maddələrin) qanunsuz dövriyyəsi ilə bağlı olub-olmaması, təqsirkarın maddi rifahının təmin edilməsində cinayətkar fəaliyyətin rolu, onun əmək fəaliyyəti, hərbi xidmət, təhsil almaq və s. bu kimi ictimai-faydalı fəaliyyətlə məşğul olubolmaması, cinayətin törədilməsindən sonrakıdövrdə əməlinə tənqidi münasibətin formalaşıb-formalaşmaması, CM-in müvafiq maddələrinin dispozisiyalarında nəzərdə tutulmuş ictimai təhlükəli nəticələrə və yaxud hər hansı bir digər zərərli nəticəyə səbəb olmuş cinayətlər üzrə ziyanın ödənilməsi, aradan qaldırılması, azaldılması üçün hərəkət edib-etməməsi, yaşı, sağlamlıq vəziyyəti, evli, himayəsində uşaqlarının olub-olmaması və s. bu kimi, o cümlədən Azərbaycan Respublikasının qoşulduğu “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” 1988-ci il 20 dekabr tarixdə Vyana şəhərində imzalanmış beynəlxalq konvensiyanın müddəalarından irəli gələn hallar nəzərə alınsın. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli onun özünün, şahidlərin ifadələri, ekspertizaların rəyləri, işdə olan cinayət işinin digər halları və məhkəmə istintaqında tədqiq olunmuş dəlillərlə tam sübuta yetirilir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Bununla əlaqədar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1-ci, 41.2-ci və 58.3-cü maddələrini rəhbər tutur, habelə “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” və “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarlarındakı tövsiyələri nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf etməsini, əməlindən peşman olmasını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs hazırki iş üzrə cinayət əmməlini onun barəsində Səbail Rayon Məhkəməsi tərəfindən çıxarılmış xx.xx.2021-ci il tarixli hökmdən sonra törətmişdir və ona görə də ona hökmlərin məcmusu üzrə cəza təyin edilməlidir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində ağırlaşdıran hal kimi müəyyən edilməmişdir. Belə ki, iş materiallarında olan Səbail Rayon Məhkəməsinin 1(009)-236/2021 saylı, xx.xx.2021-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinmiş və ona 2 (iki) il 6 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 03 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayət törədilməsi cinayətin residivini yaradır. Təqsirləndirilən şəxs əvvəllər ehtiyatsızlıqdan törədilən cinayət əməlinə görə məhkumluğu residivin müəyyən edilməsi zamanı nəzərə alına bilməz. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən onun tərəfindən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini, cəzanı yüngülləşdirən halların olmasını, cəzanı ağırlaşdıran halların olmamasını, məhkəmə iclasındakı davranışını nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə növündə cəza təyin olunması məqsədəuyğundur. Bundan başqa, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Həmin Məcəllənin 67.4-cü maddəsinə əsasən hökmlərin məcmusu üzrə qəti cəza həm yeni törədilmiş cinayətə görə təyin edilmiş cəzadan, həm də məhkəmənin əvvəlki hökmü ilə təyin edilmiş cəzanın çəkilməmiş hissəsindən çox olmalıdır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 14 saylı cəzaçəkmə müəssisəsinin Səbail rayon Məhkəməsinə ünvanladığı xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Səbail rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə əsasən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinərək cəzasını X4 müəssisəsində çəkməklə 02 il 06 ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 03 il müddətinə azadlıqdan məhrum edilmiş, Xəzər rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarına əsasən cəzasının ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməsi göstərilmiş (cəzasının əvvəli xx.xx.2022-ci il, cəzasının sonu xx.xx.2025-ci il) Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə Bakı İstintaq Təcridxanasına etap edilmişdir. İş materiallarında olan Xəzər rayon Məhkəməsinin 7(003)-778/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 7 saylı X4 müəssisəsinin təqdimatı təmin edilərək məhkum Təqsirləndirilən şəxs Səbail rayon Məhkəməsinin 1(009)-236/2021 saylı hökmü ilə təyin edilmiş 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan hissəsini çəkmək üçün X4 müəssisəsindən ümumi rejimli cəzaçəkmə müəssisəsinə keçirilmiş, cəzaçəkmənin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanması qərara alınmışdır. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əvvəllər Səbail Rayon Məhkəməsinin 1(009)-236/2021 saylı, xx.xx.2021-ci il tarixli hökmü ilə təyin edilmiş 2 (iki) il 6 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 03 il müddətinə azadlıqdan məhrum etmə cəzanın çəkilməmiş hissəsi Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən bu hökm üzrə təyin ediləcək azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilməli və Təqsirləndirilən şəxs çəkilməsi üçün qəti olaraq cəza müəyyən edilməlidir. Cinayət işinin materialları ilə təsdiq olunur ki, Təqsirləndirilən şəxs 19 may 2024-cü il tarixdə saat 02:00-da şübhəli şəxs kimi tutulmuş və Səbail RPİ-nin MSY-nə təhvil verilmişdir. 20 may 2024-cü il tarixdə saat 17:00-da Təqsirləndirilən şəxs Səbail RPİ-nin MSY-dən həbsdən azad edilmiş və onun barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs 19 may 2024-cü il saat 02:00-dan 20 may 2024-cü il saat 17:00-dək həbsdə saxlanıldığı gün 24 saatı keçdiyindən 02 (iki) gün kimi nəzərə alınmalı və ona təyin olunacaq cəzadan çıxılmalıdır. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cəzaçəkmə müddətinin əvvəli 25 noyabr 2024-cü il tarixdən hesablanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilərək, barəsində “həbs” qətimkan tədbiri seçilməli, o, məhkəmə iclas zalında həbsə alınaraq saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına göndərilməli, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən, məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Həmin Məcəllənin 93-1.1-ci maddəsinə əsasən, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslər barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinin məqsədi həmin şəxslərin müalicə olunması, səhhətinin və psixoloji vəziyyətinin yaxşılaşdırılması, ixtisaslaşdırılmış tibbi yardım və sosial qayğı göstərməklə onların normal həyat tərzinə qaytarılması, gələcəkdə həmin şəxslər tərəfindən insan psixikasına təsir göstərən maddələrdən sui-istifadənin və yeni cinayətlər törədilməsinin qarşısının alınmasından ibarətdir. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə ilə bağlı tibbi xarakterli məcburi tədbir tətbiq edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə görə hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi vəsaiti hesabına 240 manat pul ödənilməlidir. İş üzrə maddi sübut olan Səbail rayon Polis İdarəsində saxlanılan 0,421 qram metamfetamindən ekspertiza tədqiqatından sonra qalan qalıq, yəni 0,371 qram çəkidə psixotrop maddə olan metamfetamin məhv edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə keçirilmiş məhkəmə ekspertizasının dəyəri olaraq 81 (səksən bir) manat Təqsirləndirilən şəxs tutulub Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. İş üzrə 01 (bir) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-353, 356 və 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Səbail rayon Məhkəməsinin 1(009)-236/2021 saylı, xx.xx.2021-ci il tarixli hökmü ilə təyin edilmiş 02 (iki) il 06 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 03 il müddətinə azadlıqdan məhrum etmə cəzanın çəkilməmiş hissəsi hazırki hökmlə təyin edilmiş cəza ilə qismən birləşdirilərək ona 02 (iki) il 06 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 07 (yeddi) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 19 may 2024-cü il saat 02:00-dan 20 may 2024-cü il saat 17:00-dək tutulduğu cəmi 02 (iki) gün müddət təyin olunmuş cəzadan çıxılaraq ona qəti olaraq 02 (iki) il 06 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 06 (altı) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 25 noyabr 2024-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalından dərhal həbs edilərək saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına göndərilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Maddi sübut olan 01 (bir) ədəd disk iş materiallarında saxlanılsın. 240020226 saylı cinayət işi üzrə maddi sübut olan - Səbail rayon Polis İdarəsində saxlanılan 0,371 qram çəkidə psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs 81 (səksən bir) manat ekspertiza xərci alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin (büdcə təsnifatının kodu 142593, büdcə səviyyəsinin kodu 3, X2 Kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ ********************, SWİFT BİK CTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, AZ34STRE********************) hesabına köçürülsün. Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə zamanı müdafiə edilməsinə görə 240 (iki yüz qırx) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası Dövlət büdcəsindən tutularaq Bakı şəhəri 12 saylı vəkil bürosunun "xxxx" QSC-nin Səbail rayon filialındakı hesabına köçürülsün. Hökmdən 20 gün müddətində (təqsirləndirilən şəxsə təqdim edildiyi gündən) Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya şikayəti və apellyasiya protesti verilməzsə, qeyd olunan müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Şəhla Süleymanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar