Məhkəmə qərarları › İş №1(009)-273/2025

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №1(009)-273/2025

18.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(009)-273/2025 18.07.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Tağıyev Azər Ramiz oğlunun sədrliyi, İbrahimov Anar Vəzir oğlunun katibliyi, Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X1, Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X7 və onun müdafiəçisi Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili X4 iştirakları ilə, X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət məsuliyyətinə cəlb edilməsinə dair X1 xüsusi ittiham qaydasında şikayətinə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin binasında məhkəmənin açıq hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Xüsusi ittihamçı X3 xüsusi ittiham qaydasında şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, məhkəmədən X7 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147-ci maddəsi ilə cinayət işinin başlanmasını və onun cinayət məsuliyyətinə cəlb olunaraq cəzalandırılması barədə hökm çıxarılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsində onun iddia ərizəsi əsasında cavabdeh Məhərrəmova Nailəyə qarşı məcburi miras payı üçün proses gedir. Cavabdehin vəkili 3 saylı vəkil bürosunun vəkili Nemət Kərimlidir. O, məhkəməyə sübutlar təqdim etdiyi halda vəkil qarşı tərəfi müdafiə etmək üçün əsassız olaraq şər-böhtan ataraq bilərək yalan ifadələr verirdi. Bunun sübutun tələb etdikdə isə təqdim etmədi. Bildirib ki, guya o, cavabdehin üstünə hücum çəkmiş, evdən qovmağa çalışmışdır və bunu sübut edən görüntü və səs yazıları var. Vəkil bilməlidir ki, bir insanın səs yazısını və ya görüntüsünü özündən xəbərsiz qeyd etmək cinayət sayılır və belə hərəkətə yol verən şəxslər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 156-cı maddəsinə əsasən, 1000 manatdan 2000 manatadək cərimə, 240 saatdan 400 saata qədər ictimai iş və 1 ilə qədər islah işləri ilə cəzalandırılır. Amma vəkil sübutları təqdim edə bilmədiyi üçün bilə bilə yalan ifadə səslədirib. Və ona şər-böhtan atıb. Bu isə onun şəxsi nüfuzuna xələl gətirmişdir. Göstərilənlərə əsasən, X7 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147-ci maddəsi ilə cinayət işinin başlanmasını və onun cinayət məsuliyyətinə cəlb olunaraq cəzalandırılması barədə hökm çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X3 şikayət ərizəsinin məzmununa uyğun izahat verib, xüsusi ittiham qaydasında şikayət ərizəsinin icraata qəbul olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş X7 və onun müdafiəçisi X8 xüsusi ittiham qaydasında verilmiş şikayətin Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 302.1.7-ci maddəsinə əsasən icraata qəbul edilməsindən imtina olunmasını xahiş etdilər. Məhkəmə iş materiallarını araşdırıb, proses iştirakçılarını dinləyib hesab edir ki, aşağıdakı səbəblərə görə məhkəmə baxışının keçirilməsi qeyri-mümkündür və xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1-ci maddəsinə əsasən böhtan, yəni yalan olduğunu bilə-bilə, hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, mediada və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatlarında yayma – min manatdan min beş yüz manatadək miqdarda cərimə ilə və ya iki yüz qırx saatdan dörd yüz səksən saatadək müddətə ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Konstitusiyasının 46-cı maddəsində, Birləşmiş Millətlər Təşkilatının 10 dekabr 1948-ci il tarixli Ümumdünya İnsan Hüquqları Bəyannaməsində və 16 dekabr 1966-cı il tarixli “Mülki və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktda, “İnsan Hüquqlarının və X2 haqqında” Avropa Konvensiyasında təsbit edilmiş şəxsi və ailə həyatına hörmət hüququ ilə əlaqədar olaraq qeyd olunur ki, hər kəsin şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır, hər hansı hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz. Məhkəmə ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 293.3-cü maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə yazılı şikayətdə və ya şifahi şikayətin qəbul edilməsi barədə protokolda aşağıdakılar göstərilir: şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi); törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği); cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi; şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi; cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş; şikayətin verildiyi tarix (il, ay və gün) və yer: şikayəti vermiş şəxsin imzası. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Xüsusi ittiham qaydasında baxılması üzrə məhkəmə təcrübəsi haqqında” 21 fevral 2014-cü il tarixli Plenum Qərarında məhkəmələrə tövsiyə olunmuşdur ki, şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi), törədilmiş cinayət barəsində məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği), cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfındən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfındən törədilməsinin nə ilə təsdiq edildiyi, şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi, cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş, şikayətin verildiyi tarix (il, ay və gün), şikayəti vermiş şəxsin imzası məhkəmədə yoxlanılmalı, habelə xüsusi ittiham qaydasında şikayətə məhkəmənin hazırlıq iclasında baxılması mərhələsində şikayətin məzmununun Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə uyğun olub-olmamasını yoxlanılmalı, xüsusi ittiham qaydasında şikayət bu tələblərə cavab vermədikdə, habelə Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 302.1.2-302.1.4 və 302.1.6302.1.8-ci maddələrində nəzərdə tutulmuş halları müəyyən etdikdə məhkəmə hazırlıq iclasında şikayətin öz icraatına qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərar qəbul edir. Belə ki, Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin: 299.1-ci maddəsinə əsasən, məhkəmənin hazırlıq iclası cinayət işində, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarında və ya xüsusi ittiham qaydasında şikayətdə, irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələrdən ibarətdir. 302.1-ci maddəsinə əsasən aşağıdakı hallarda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir: şikayət həmin məhkəməyə aid olmadıqda; şikayət xüsusi ittiham qaydasında cinayət təqibinə hüququ olmayan şəxs tərəfindən verildikdə; şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda; cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdikdə; barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməl ictimai və ya ictimai-xüsusi qaydada təqib edilməli olduqda; cinayət hadisəsi və ya barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayət əlamətləri olmadıqda; şikayət əsassız olduqda və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədikdə; şikayəti vermiş şəxs şikayətindən imtina etdikdə və təqsirləndirilən şəxslə barışdıqda və ya məhkəmənin hazırlıq iclasına üzrlü səbəb olmadan təkrarən gəlmədikdə. 302.1.7-ci maddəsinə əsasən, şikayət əsassız olduqda və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədikdə məhkəmə baxışının keçirilməsindən imtina edir. 302.2-ci maddəsinə əsasən məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək aşağıdakılar barədə qərarlar çıxarır: bu Məcəllənin 302.1.1-ci maddəsində nəzərdə tutulmuş halda xüsusi ittiham qaydasında şikayətin məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə; bu Məcəllənin 302.1.5-ci maddəsində nəzərdə tutulmuş halda xüsusi ittiham qaydasında verilmiş şikayətin baxılması üçün istintaq aidiyyəti üzrə göndərilməsi barədə; bu Məcəllənin 302.1.2-302.1.4, 302.1.6- 302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə. Məhkəmə, hərəkətlərindən şikayət edilən X5 əməllərinə (qanunda göstərilən obyektiv və subyektiv əlamətlərin cəminə) hüquqi qiymət vermədən ilkin dinləmələr mərhələsində müvafiq prosessual hüquq normaların tələblərini nəzərə alıb belə qənaətə gəlir ki, xüsusi ittiham qaydasında şikayət əsassızdır və şikayət vermiş şəxs dəlillərini təsdiq edən sübutları əks etdirə bilməmişdir. Beləliklə, X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət məsuliyyətinə cəlb edilməsinə dair X1 xüsusi ittiham qaydasında şikayətinin icraata qəbul edilməsindən imtina edilməlidir. Eyni zamanda məhkəmə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2025ci il tarixli 141 saylı qərarına əsasən barəsində xüsusi ittiham qaydasında şikayət vermiş şəxsin hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. Yuxarıda göstərilən halları nəzərə alıb və Azərbaycan Respublikası Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 10-12, 37-39, 299-302-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət məsuliyyətinə cəlb edilməsinə dair X1 xüsusi ittiham qaydasında şikayətinin icraata qəbul edilməsindən imtina edilsin. Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili X8 tərəfindən barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X5 hüquqlarının məhkəmə iclasları zamanı müdafiə edilməsinə görə dövlət büdcəsindən 110 (bir yüz on) manat “Access Bank”ın Səbail filialındakı hesabına keçirilsin. Qərardan 20 gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Apellyasiya şikayəti verilməzsə, qeyd olunan müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM: AZƏR TAĞİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar