Məhkəmə qərarları › İş №1(009)-276/2023

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-276/2023

20.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-276/2023 20.09.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Səmədova Günel Kamil qızının sədrliyi, Nəsibov Pərviz Novruz oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə xx xxxxxx 1985-ci il tarixdə Şəmkir rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Şəmkir rayonu, Keçili kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında kirayə yaşamış və barəsində Gəncə şəhər məhkəməsinin qərarı ilə “həbs” qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 2 saylı İstintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs, özgənin əmlakını gizli olaraq talamışdır. Belə ki, o, özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 09 mart 2023-cü il tarixdə saat 07 radələrində Bakı şəhəri, Səbail rayonu, T.Əlyarbəyov küçəsində yerləşən “X3” hosteldə olarkən onunla eyni otaqda qalan Şri- Lanka Respublikası vətəndaşı Zərərçəkmiş şəxs məxsus içərisində 621 manat dəyərində 01 ədəd “Redmi Note 10 Pro” markalı mobil telefonu üzərində 10 manat dəyərində olan mobil nömrəsi ilə 726 manat dəyərində 01 ədəd “Dell” markalı noutbuku, 270 AZN nağd pulu və içərisində 80 manat pul olan 01 ədəd “Kapital-Bank” plastik kart, komyuter çantası ilə birlikdə gizli olaraq talayıb Zərərçəkmiş şəxs ümumilikdə 1707 AZN maddi ziyan vurmqla oğurluq etmişdir. Bununla da o, Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, T.Əlyarbəyov küçəsində yerləşən hosteldə qalaraq yaxınlıqda yerləşən avtomobil dayanacaqında avtomobillərin saxlanmasına dair xidmət etmişdir. Həmin hosteldə otaq yoldaşı Şri-Lanka Respublikası vətəndaşı Zərərçəkmiş şəxslə birlikdə qalırdı. 09 mart 2023-cü il tarixdə səhər saat 07 radələrində yuxudan oyandıqda otaq yoldaşı Dilşanın yatdığın görüb pula ehtiyacı olduğundan oğurluq etmək qərarına gəlmiş, Dilşanın yatdığı otaqda çarpayının yanında olan içərisində noutbuk olan əl çantasını, stolun üstündə olan mobil telefonu oğurlayaraq oradan getmişdir. Çantanın içərisində bir ədəd “Dell” markalı kompyuterdən əlavə bir ədəd bank kartı olmuşdur. Həmin gün Gəncə şəhərində olan zaman mağazalardan birində “Kapital-banka” məxsus plastik kartdan 80 manatlıq alış-veriş etmişdir. Gəncə şəhərində olan zaman “Dell” markalı kompyuterlə mobil telefonu tanımadığı şəxsə 250 manata satmışdır. Törətdiyi əməldən peşmandır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, Səbail rayonu, T.Əliyarbəyov küçəsi, “X3” hosteldə qalmışdır. xx.xx.2023-cü il tarixdə saat 09 radələrində hosteldə yuxudan oyanan zaman yatağının yanına qoyduğu qara rəngli çantanın və çarpayının üzərinə qoyduğu, “Redmi Not-10 Pro” markalı mobil telefonun yerində olmadığını aşkarlamışdı. Həmin çantada 726 manata aldığı “Dell” markalı diz üstü kompyuteri, eləcə də çantada 471 manata aldığı qol saatı “Seiko”, 261 manata aldığı poverbank və 1 ədəd içərisində 80 manat pulu olan “Kapital bank”-a aid bank kartı olmuşdur. Çantanı yerində olmadığını görüb həmin çantanı axtarmış, lakin tapa bilməmişdir. Bu zaman onların oğurlandığı qənaətinə gəlmiş və hostelin müşahidə kameralarına baxış keçirən zaman həmin çantanın içərisində olan əşyalarla birgə hosteldə onunla bir otaqda qalan Təqsirləndirilən şəxs oğurlayaraq oradan uzaqlaşdığını görmüşdür. Şikayətçidir, ona vurulmuş ziyanı tələb edir. İş materiallarında olan 10 aprel 2023-cü il tarixli cinayət işinin başlanması və icraata qəbul edilməsi barədə qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-in 177.1-ci maddəsi ilə başlanmış və istintaqı aparılmışdır. İş materiallarında olan 09 mart 2023-cü il tarixli “baxış keçirilməsi barədə” protokoldan görünür ki, hadisə yerinə baxış istintaq hərəkəti keçirilmiş, hadisə yerinin Bakı şəhəri, Səbail rayonu, T.Əlyarbəyov küçəsində yerləşən “X3” hostel olması müəyyən edilmişdir. Hadisə yerindən müşahidə kameralarının görüntüləri götürülmüş, şəkillər çəkilərək protokola əlavə edilmişdir. İş materiallarında olan 09 mart 2023-cü il tarixli “CD diskə baxış keçirilməsi barədə” protokoldan görünür ki, hadisə yerindən götürülmüş görüntülərə baxış keçirilmiş və görüntülərdə bir nəfər şəxsin qara rəngli qış gödəkçəsinin altında nəyisə gizlətməsi və hosteldən çölə çıxması aşkar edilmişdir. İş materiallarına əlavə edilmiş zərərçəkmiş şəxs qismində tanınma haqqında 12 aprel 2023cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. İş materiallarında olan təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs 01 may 2023-cü il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsində nəzərdə tutulmuş ittiham elan olunmuşdur. İş materiallarında olan 01 may 2023-cü il tarixli "ittihamı elan edilməsi üçün təqsirləndirilən şəxsin tutulması və barəsində axtarış elan edilməsi haqqında” və “cinayət işi üzrə icraataın dayandırılması haqqında” qərarlardan görünür ki, 01 may 2023-cü il tarixdə Təqsirləndirilən şəxs barəsindən axtarış elan edilmiş və iş üzrə icraat dayandırılmışdır. İş materiallarında olan Səbail RPİ-nin 9-cu PB-nin 22 may 2023-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhəri 2 saylı İstintaq Təcridxanasında saxlanılır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-nin 10 iyun 2023-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs barəsində əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. İş materiallarında olan 14 iyun 2023-cü il tarixli “DVD diskə baxış keçirilməsi barədə” protokoldan görünür ki, Təqsirləndirilən şəxs iştirakı ilə 01 ədəd diskə köçürülmüş görüntüyə baxış keçirilmişdir. Baxış zamanı Səbail rayonu, Nizami küçəsi, T.Əlyarbəyov küçəsində yerləşən ‘‘X3” hosteldən ağ saçlı bir nəfər şəxsin əynində qara rəngli uzun qış paltarı iri addımlarla hostelin dəmir qapısından çıxaraq sola çevrilib getməsi görüntülənir. Təqsirləndirilən şəxs bildirdi ki, həmin şəxs onun özüdür və əynində olan qara rəngli qış paltarının altında, qaldığı hosteldən otaq yoldaşı Şri- Lanka vətəndaşı Zərərçəkmiş şəxs Kumar oğluna məxsus içərisində 01 ədəd “Redmi Note 10 Pro” markalı mobil telefon, 01 ədəd “Dell” markalı noutbuk, 270 AZN nəğd pul və 01 ədəd “Kapital- Bank” plastik kartı ilə birlikdə gizli olaraq talayaraq aparmışdır. İş materiallarında olan Gəncə şəhər Məhkəməsinin qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan “qətimkan tədbirinin müəyyən edilməsi barədə” 14 iyun 2023-cü il tarixli qərardan görünür ki, təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxs barəsində Gəncə şəhər məhkəməsi tərəfindən “həbs” qətimkan tədbiri seçilməsi nəzərə alınmışdır. Məhkəmə iclasında “X3” hostelin qarşısından götürülmüş görüntülərin əks olunduğu DVD diskə baxış keçirilən zaman Təqsirləndirilən şəxs görüntüdə olan şəxsin özü olmasını təsdiq etmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 mart 2005-ci il tarixli Qərarına görə mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir (2-ci bənd); təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir (7-ci bənd); Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli məhkəmə iclasında araşdırılmış və tədqiq edilmiş sübutların məcmusu ilə tamamilə sübuta yetirilmişdir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli onun özünün, zərərçəkmiş şəxsin ifadəsi, maddi sübutlar, işdə olan cinayət işinin digər halları və məhkəmə istintaqında tədqiq olunmuş dəlillərlə tam sübuta yetirilir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Bununla əlaqədar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının CM-nin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Bundan başqa, cəza təyini məsələsini həll edərkən məhkəmə Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli Sərəncamını nəzərə alır. Belə ki, həmin Sərancamın 8-ci bəndində qeyd edilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi əməlini etiraf etməsini, əməlindən peşman olmasını, əvvəllər məhkum olunmamasını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən onun tərəfindən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmamasını, törətdiyi əməlin nəticələrinə dair məsuliyyəti dərk etməsini, məhkəmə baxışı zamanı üzərinə düşən cinayət prosessual qanunvericiliyi ilə müəyyən edilmiş prosessual vəzifələri vicdanla yerinə yetirməsini, işin digər mühüm və diqqətə layiq hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, onun cəmiyyətdən təcrid olunmadan və azadlıqdan məhrum etmə növündə cəza çəkmədən də, islah olunmasını mümkün sayır. Buna görə məhkəmə Təqsirləndirilən şəxs cinayət əməlinin tövsif olunduğu Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunmasını mümkün hesab edir. Hazırki halda təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunması cəzanın məqsədini təmin edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yeri olan ünvan 3 ünvanını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməli və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, eyni zamanda Təqsirləndirilən şəxs barəsində Gəncə şəhər məhkəməsi tərəfindən “həbs” qətimkan tədbiri seçilməsi nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edərkən hesab edir ki, hazırki cinayət işi üzrə müsadirə edilməli əmlak yoxdur. İş üzrə mülki iddia yoxdur. İş üzrə hadisə yerindən götürülmüş görüntülərin əks olunduğu 1 ədəd disk və fotoşəkillər iş materiallarında saxlanılmalıdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən pul vəsaitinin tutulmasını əsaslı hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344- 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs üzərinə hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yeri olan ünvan 3 ünvanını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icrası və Təqsirləndirilən şəxs üzərinə qoyulmuş vəzifələri yerinə yetirməsinə nəzarətin həyata keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Gəncə şəhər Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilsin və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində Gəncə şəhər məhkəməsi tərəfindən “həbs” qətimkan tədbiri seçilməsi nəzərə alınsın. İş üzrə maddi sübut olan 01 (bir) ədəd disk və fotoşəkillər cinayət işinin materiallarında saxlanılsın. Mülki iddia yoxdur. Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə zamanı müdafiə edilməsinə görə 180 (bir yüz səksən) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 12 saylı vəkil bürosunun ("xxxx" QSC-nin Səbail rayon filialı, kod 504960, müxbir hesabı AZ37 NABZ ********************4, SWİFT ACABAZ 22, Hesab AZ 20 ACAB ********************, VÖEN**********) bank hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Günel Səmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar