Məhkəmə qərarları › İş №1(009)-277/2025

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №1(009)-277/2025

04.08.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(009)-277/2025 04.08.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Bağırova Sahilə Hümbət qızının sədrliyi, X2 məhkəmə iclas katibliyi, Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X3 və barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X6 iştirakları ilə, X5 və X6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair X7 tərəfindən verilmiş xüsusi ittiham şikayətə məhkəmənin inzibati binasında açıq məhkəmə hazırlıq iclasında baxaraq məhkəmə müəyyənetdi: X5 və X6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair X7 tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayət Bakı şəhəri Səbail Rayon Məhkəməsinə daxil olmuşdur. X7 şikayətini əsaslandıraraq qeyd etmişdir ki, Bakı şəhər Nərimanov rayon, Qarabağ küçəsində ona və övladlarına məxsus, xüsusi mülkiyyətlərində olan qeyri-yaşayış sahələrinin razılıqları və qanuni qüvvəyə minmiş məhkəmə qərarı olmadan 2021-ci ilin oktyabr- dekabr aylarında etabla "xxxx" MTK tərəfindən əvvəlcədən planlaşdırılaraq, vəzifə səlahiyyətlərindən sui-istifadə edərək, qəsdən əmlakları məhv edilmişdir. Söküntü işləri apararkən bir çox qurumlar, eləcə də Fövqəladə Hallar Nazirliyi Tikintidə X1 və digər sakinlərin şikayətlərini cavablandırarkən bildirmişlər ki, həmin ünvanda MTK icazəverici sənədi olmadan söküntü və tikinti-quraşdırma işlərinin apardığı üçün Agentlik tərəfindən tikinti işlərinin dayandırılması barədə qərar verilmişdir. 2 il davam edən istintaq araşdırmasının nəticəsi olaraq 16 avqust 2023-cü ildə MTK-nın sədri Əli Məmmədov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 186.3 və 308.2- ci maddələri ilə həbs olunmuşdur. MTK ilə onun arasında davam edən mübahisələr məhkəmə və hüquqmühafizə orqanlarında davam etdiyi halda, dəfələrlə MTK-nın əməkdaşları tərəfindən fiziki və mənəvi təzyiqlərin mənasız olduğunu görəndə, kütləvi nümayiş etdirilən internet informasiya ehtiyatlarında müxtəlif təhqir və böhtan xarakterli müsahibələr və video çarxlar hazırladaraq, hətta bir neçə sakini nəyinsə müqabilində onun əleyhinə danışdırıb bu yolla onu psixoloji terror etməyə çalışsalar da mənasız olmuşdur. MTK-nın vəsatəti əsasında 2023-cü ilin 9 fevral, 31 avqust, 26 sentyabr tarixlərində Ədliyyə Nazirliyinin Ekspertiza Mərkəzinin texniki-tikinti ekspertləri tərəfindən qiymətləndirmə rəyi verilmişdir. Həmin əmlaklar 2005, 2006 və 2014-cü illərdə özəlləşdirilmiş və 2014-də (özəlləşdirib), 2015 və 2016-cı illərdə öz vəsaitlərilə notariat qaydada alqı-satqı yolu ilə almışdır. MTK subyektiv hüquqları olmadığı halda “sənədlərin etibarsız hesab edilməsi” barədə iddia tələbi ilə məhkəməyə müraciət də etmişdilər. Lakin Xətai Rayon Məhkəməsi xx.xx.2023-cü il, 2(011)-3935/2023 saylı qətnaməsi ilə iddianı əsassız sayaraq rədd etmişdir. (Qətnamə qanuni qüvvəsini almışdır.) O mülkiyyətçi kimi konstitusiyon (Konstitusiyanın 13 və 29 ) hüquqlarını bidiyinə görə hüquq müstəvisində mübarizə apardığı bir vaxtda "Prime TV" youtube kanalının aparıcısı Muradxanova (Muradxanlı) Aygün 11 dekabr 2023-cü il tarixində özünün də Facebook hesabında etiraf etdiyi kimi onun ünvanına təhqir böhtan xarakterli onlarla verilişlər, video-müsahibələr, videoçarxlar hazırlayaraq bu yolla ona təsir edilməyə başlanılmışdir. Beləliklə “Prime TV” youtube kanalında 20 iyun 2023-cü il tarixdə yayımlanmış, müxbir Muradxanova (Muradxanlı) Aygün aparıcısı olduğu “EAST Residensə mane olan qadını kim himayə edir, Qanun MTK-ları niyə qorumur” verilişində təhqir olunaraq böhtana məruz qaldığı üçün məhkməyə müraciət etdi və onun barəsində qanuni qüvvəyə minmiş ittiham hökmü var. Bu onun digərlərini də təhqir etdiyinə görə 3-cü ittiham hökmüdür. Aygün Müradxanova jurnalist statusundan istifadə edərək əslində başqa işlərlə məşğul olmuşdur. O sanki jurnalist deyil, MTK-nın vəkilidir. “Prime TV” Youtube platformasında -2023-cü il 14 avqust “Vasif Talıbova cinayət işi açıldı.” 15 avqust 2023-cü il “X13rşı” 29 avqustda 2023-cü il “Qarabağ küçəsin də özbaşınalıq- Məmmədova Rəna, Məmmədova İradə..” 14 sentyabrda “X19 Talıbovu nə birləşdirir? Azərbaycan məhkəmələri Ramiz Mehdiyev ənənəsindən qurtaracaq” 13 noyabr “Asan kənd məhkəməsi. Azərbaycan məhkəmələrində dərəbəyllik” dekabrda “Məclis sədrinin müavini və baş nazir istefa verməlidir”, 5 dekabr “Şəhid qızının sözü var. Generalın məhkəməsi davam edir..” Facebook.com səhifəsində 09.08. 2023, xx.xx.2024, xx.xx.2025-ci il tarixdəki (bu siyahını artırmaq da olar) video-müsahibələrinə, videoçarxlarına baxdıqda, eləcədə yazdıqlarını oxuduqda görünür ki, onu nalayiq sözlərlə təhqir etmək, yalan olduğunu bilərəkdən ittiham etmək, böhtanlar yağdırmaq, şərəf ləyaqətini qəsdən alçatmaq göstərişi almışdır. Yoxsa nədən bütün verilişlərində mütləq onu təhqir etməklə məşğuldur? 29 avqust 2023-cü ildə “Prime TV” youtube platformasında yayımladığı “Qarabağ küçəsində özbaşınalıq-Məmmədova Rəna, Məmmədova İradə ...” video müsahibəsində isə həm Muradxanova Aygün, həm də İradə Məmmədova tərəfindən ünvanına “cete onu qoruyur”, “itdə orda yaşamaz”, " söküləndən sonra saxta sənəd alıb", "sıradan bir iddia deyil, həqiqətən bir cetedən söhbət gedir" "şərbaz", "bomoj", “dələduz”, "60 dəfə yalan danışır, 60 firıldaq danışır", "güya övladları var", "Maşenikdir","mafianın üzvüdür","ağlı olsaydı", "həyasız" "onu qoru yanlar barəsində səs yazısı var", və sair ifadələri işlətməklə onu ittiham etmiş, ona böhtan ataraq, onu təhqir etmişlər. 19 fevral tarixində o qızına və oğluna məxsus əşyaları tələb etmək məqsədi ilə (MTK mənə əşyaların daşınma pulunu vermişdir), obyektə yaxınlaşarkən hücuma məruz qalmış və arxadan onu tutub sürüyüblər, o zədə aldığı üçün yağışlı havada təcili yardım gələnə qədər yerdə uzanıqlı qalmışdır. Orada MTK-dan 3 nəfərdən başqa heç kim olmayıb. Onlardan biri onun yerdə uzanıqlı vəziyyətdə fotolarımı çəkərək İradə və Aygün tərəfindən internetdə "həyəsız" deyə paylaşılır. (həkim rəyini əlavə edirəm.) İradə bilirdi ki, o şəkər və hipertoniya xəstəsidir. Psixoloji terror. X15 14 sentyabr 2023- cü il tarixdə "Prime TV" Yutube kanalında "X20 Talıbovu nə birləşdirir- Heydər Oğuz və X22 masa. Azərbaycan Məhkəməsi Mehdiyev ənənəsindən qurtaracaq video-müsahibəsində bildirir ki, Nərimanov rayonu ərazisində baş verən bir "cinayət" hadisəsinin izinə düşüb "Orda cete formalaşıb" prezident kaş Qarabağ küçəsini də ermənilərdən azad edəydi.. bu mütəşəkkil cinayətkar dəstə .." bu kimi təhqiramiz ifadələr işlətməklə barəsində xüsusilə ağır ittihamlar səsləndirir, erməni adlandırır. X8 MTK-a ilə işbirliyinə başlamışdır. Belə ki, kim evini təhvil vermək istəmirdisə İradəni onun üstünə göndərir və sözünə baxmayanı döydürür, şantaj edir və s. Məsələn Qarabağ küçəsi 33-də Gülnaz Dadaşovanı, Qarabağ 41 ünvanda Məryəm Hüseynovanı və .s. Nərimanov, Nəsimi və Binəqədi rayon Polis idarələrində istintaq araşdırılması aparılır. Aygün Muradxanlının (Muradxanova) Yunis qızının, eləcə də X6 onun ünvanına istifadə etdikləri "Maşşennik", "Dələduz”, (sözünün mənası Fırıldaqçı, adam aldadan, hiyləgər, aldatma məqsədilə qəsdən həyata keçirilən cinayət hərəkətidir), “cetenin üzvü” (Cete sözü nün mənası türkcədən tərcümədə “qeyri-rəsmi, qanunsuz silahlı dəstə, quldur qrupu" mənalarında işlədilir və açıq aydın şəkildə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin bir çox maddələri ilə ağır cinayət əməli kimi nəzərdə tutulmuşdur. Aygün Muradxanova aparıcı olaraq onu demək olar “Qarabağ küçəsində özbaşınalıq ---" video müsahibə zamanı ağır formada təhqir edir, böhtan yağdırır 17.27.12." itdə yaşamaz" (güya o orda yaşayır), 17.28.02.-" MTK orada tikinti apara bilmir, çünki orada Vahidə adlı bir qadın var və onun arxasındakı çete onu qoruyur. 17.11.52. "Bu sıradan bir iddia deyil, həqiqətən bir çetedən söhbət gedir", 17.12.21.- Bizim məqsəd bu cinayətkar şəbəkəni ifşa etməkdir", 17.41.56. " Vahidənin şəxsi keyfiyyətlərindən (hansı ???) istifadə edirlər", 18.03.01. “ Vahidənin vidinə- fasonunas baxanda (təhqir) insanlar başa düşür ki onda Nərimanov rayonunda 500 kv.m yaxın ərazi almaq gücündə deyil, kim alır,bu adamı kim bədbəxt edib salıb ortaya..." 18.03.30. " Vahidənin ağlı olsa (deməli ağlı yoxdu) oturar düşünər ki...." 18.04.23 –“ goruna aparacaqsan, güya övladları var...", 18.04.29.-" məhkəmədə 60 yalan, 60 fırıldaq gəlir, siz onda görəydiniz ki, bu Vahidə bomojdu yoxsa, yox..", 18.05.27.-“ bu şəxs dələduzdu", 18.06.06." Vahidənin ətrafında bir dələduz şəbəkə, bir cinayətkar şəbəkə formalaşıb". İfadələri ilə Cinayət Məcəlləsinin bir çox maddələri ilə ağır cinayətlərdə ittiham olunur. X9 ilə əvvəllər və ya indidə hər hansı münasibəti olmamış və yaxud ortaq tanışları olmamışdır. X8 2006-cı ildən tanıyır. Hətta onu 30 oktyabr 2006-cı ildə Nərimanov rayon məhkəməsində onun nümayəndəsi olmuşdur. Məhkəmə qərarında əksini tapdığı kimi 1 otaqlı evində oğlu, 2 qızı, əri, özü yaşa yırdı. Həmin verilişdə isə bildirir ki, o, o vaxtlar hansısa mafiyanın üzvü kimi axtarışda olmuşdur, 2 uşağı ilə onun evinə “bomoj" kimi sığınmışdır, onun 2016 cı ildə qonşudan aldığı obyekti öz adına özəlləşdirmişdir. (həmin obyekti 2005-ci ildə Hikmət Hüseynov özəlləşdirib.) İradə əslində faktiki istifadəsində olan obyekti ona 40000 (qırx min) manata satmışdır, hətta notariatda təsdiqlənmişdir. (əlavə edirəm) Ona böhtan ataraq bildirir ki, onda mənim səs yazım var ki, deyirəm "cete" Təhmiraz durub dalımda, özəlləşdirmişəm.”. Mən nə Təhmiraz tanımamışam nə də "cete Təhmiraz". Evirdə səslənən bu ifadələr həm təhqir, həm də böhtandır. Həmin video-müsahibədə X12 -17.42.31-"Мaşenik", 17.38.26-"Vahidənin səs yazısı var, özü deyib ki, mənim dalımda sənin dostun cete Təmraz durur" (səs yazısını tələb edirəm),17.45.22-Qadında şərəf olmalıdı, bomojdur,həyasızlıq edir", 17.46.00 “Maşenikdir", 18.13.20 “ şərbaz”, 18.14.48. "Vahidəni əslində əllərində saxlayırlar" kimi ifadələr işlətməklə onun şərəf və ləyaqətini alçaltmağa çalışır. Sözügedən verilişdə YAPnın, Bələdiyyə sədrinin, Əmlak Komitəsinin, İcra hakimiyyətinin, Bakı Baş Polis İdarəsinin guya vəzifəli şəxsləri onun dalımda durmuş, biz bir “cetenin üzvləri” yik. “ cinayətkar dəstə formalaşıb" kimi ifadələr işlədilir. Qeyd edilən verilişə youtube kanalında 147 bəyənmə və 2276 baxış olmuşdur. X9 "Prime TV" youtube internet kanalında 29 avqust 2023-cü il tarixdə yayımlanmış aparıcısı olduğu " Qarabağ küçəsində özbaşınalıq Məmmədova Rəna, Məmmədov İradə..." adlı verilişdə ( müsahibədə) müsahibi İradə Məmmədova ilə birlikdə çetenin üzvü, dəllal, makler, səxsiyyətini, vicdanın kütləvi nümayiş etdirilən internet informasiya ehtiyatında yaymaqla Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmişlər. X9 və X6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək həmin maddələrin sanksiyaları həddində azadlıqdan məhrum etmə cəzasına məhkum edilmələri haqqında hökmün çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında iştirak edən xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X7 şikayətinin məzmununa uyğun çıxış edərək X10 və X6 internet platforması və kütləvi informasiya sistemləri vasitəsilə onun barəsində təhqiramiz , böhtan xarakterli və işgüzar nüfuza xələl gətirən, şərəf və ləyaqətinə xələl gətirən ifadələr səsləndirdiklərini, Onun haqqında “maşennik”, “çetenin üzvü”, “dələduz”, “bomoj” ifadələrinin işlədildiyini, X10 və X12 ilə birgə iki nəfər başqa şəxs “youtube” kanalında onun barəsində şəxsiyyətinə toxunacaq çox ciddi ifadələr işlətdiklərini bildirmiş, həmçinin Muradxanlı Aygünün məhkəməyə çağırılmağına baxmayaraq yenə də öz “Facebook” hesabından onun ünvanına yenə də “Moskva çetesinin üzvü olan X7 bizdən əl çəkmir” cümlələrini yazdığını nəzərə alaraq xüsusi ittiham qaydasında verilmiş şikayətin icraata götürülməsini və X10 və X6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək həmin maddələrin sanksiyaları həddində azadlıqdan məhrum etmə cəzasına məhkum edilmələri haqqında hökmünün çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında iştirak edən barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X12 ona “bomj” ifadəsinin demədiyini, onu elə öz evində saxladığını, iki aya yaxın ona sığınacaq verdiyini, onun evsiz olduğunu bildiyimi özünün də bildiyini, daha sonra ona evlərinin olduğunu, evsiz olmadığını, bütün evlərini ona göstərdiyini, bütün sakinlər tərəfindən sevilib sayıldığını, sakinlərin onu böyük kimi seçdiyini, insanların ona hörmət etdiyini, şəhid ailələrinə, qazilərə yardımlar etdiyini, keçən məhkəmə prosesinə də işi ilə bağlı gəlmədiyini, şikayətin əsassız olduğunu bildirərək şikayətin icraata qəbul edilməsindən imtina edilməsini xahiş etdi. Məhkəmə hazırlıq iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X10 məhkəmə hazırlıq iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbi barədə məhkəməyə hər hansı məlumat daxil olmamışdır. Məhkəmə barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X5 iştirakı olmadan məhkəmə hazırlıq iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, şikayətlə tanış olaraq, habelə xüsusi ittiham qaydasında şikayət vermiş şəxsin ittihamı səciyyələndirdiyi dəlilləri nəzərdən keçirərək hesab edir ki, şikayət üzrə məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul edilməsindən imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 299.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclası cinayət işində, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarında və ya xüsusi ittiham qaydasında şikayətdə irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələrdən ibarətdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 88.4.1-ci maddəsinə əsasən xüsusi ittiham qaydasında şikayət üzrə materialların hazırlanmasını həyata keçirmək xüsusi ittihamçının vəzifəsidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 299.3 və 299.3.3-cü maddələrinə əsasən hər bir halda cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmənin hazırlıq iclasında xüsusi ittiham qaydasında şikayətin məzmununun bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrinin müddəalarına uyğun olub-olmaması barədə məsələyə baxılır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 293.3.1-293.3.7-ci maddələrinə əsasən böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə yazılı şikayətdə və ya şifahi şikayətin qəbul edilməsi barədə protokolda şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi), törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği), cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi, şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi, cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş, şikayətin verildiyi tarix (il, ay və gün) və yer, şikayəti vermiş şəxsin imzası göstərilir. Məhkəmə qeyd edir ki, hazırki şikayətdə qanunvericiliyin yuxarıda göstərilən tələblərinə xüsusi ittiham qaydasında şikayət vermiş şəxs tərəfindən riayət olunmamışdır. Belə ki, xüsusi ittiham qaydasında şikayətdə X5 və X6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci və 148-ci maddələri ilə təqsirli bilinərək məsuliyyətə cəlb edilməsi barədə xüsusi ittiham qaydasında şikayətdə sübutların mövcudluğunun yoxlanılması üçün şikayətə sübut kimi əlavə etdiyi “CD-disk”ə məhkəmə hazırlıq iclasında baxış keçirilən zaman CD diskə əlavə edilən fayldakı videonun 1 saat 23 dəqiqə olduğu müəyyən edilmiş və xüsusi ittiham qaydasında şikayət vermiş şəxsdən şikayətdə qeyd edilən rəqəmlərin (17.27.12, 17.28.02, 17.11.52, 18.03.01, 18.06.06 və.s) əlavə edilən 1 saat 23 dəqiqəlik video yazıdakı dəqiqələr olduğu dəqiqləşdirildikdən sonra müəyyən edilmişdir ki, şikayətdə qeyd edilən ifadələr həmin dəqiqələrlə üst-üstə düşmür. Belə olan halda məhkəmə əlavə edilən CD-diskin sübuti əhəmiyyətə malik olub-olmamasını müəyyən edə bilmir. Məhkəmə qeyd edir ki, xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasında sübutlar mahiyyəti üzrə araşdırılıb qiymətləndirilməsə də, onların ilkin olaraq mövcudluğu, həmin sübutların şəxsə aidiyyəti hazırlıq iclasında yoxlanılır. Xüsusi ittiham qaydasında verilən şikayət üzrə ilkin olaraq kifayət qədər sübutlar mövcud olduğu halda şikayətin icraata qəbul məsələsinə baxıla bilər. Şikayət icraata götürüldüyü halda bu barəsində şikayət verilmiş şəxs üçün ciddi məhrumiyyətlər yaradır və bu baxımdan hazırlıq iclası mərhələsindən şəxsin hüquq və mənafelərinin təmini baxımından qeyd edilən məsələlər ciddi yoxlama və qiymətləndirmə tələb edir. Bu baxımdan xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə hazırlıq iclasında sübutların ilkin olaraq mövcudluğunun yoxlanılması və şəxsə bilavasitə aidiyyətinin yoxlanılması əhəmiyyətlidir. “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014cü il tarixli Qərarının 5-ci bəndinə əsasən böhtan və təhqir xarakterli məlumatlar mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, elektron vasitələrlə yayınlanmaqla, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə əks etdirilməklə və sair üsullarla yayıla bilər. Lakin, CM-nin 147 və 148-ci maddələrinin mənasına görə, şəxs böhtana, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları yaymaya və təhqirə, yəni şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaya görə o halda cinayət məsuliyyətinə cəlb edilə bilər ki, təhqir və böhtan xarakterli məlumatlar onun tərəfindən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmış olsun. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, xüsusi ittiham qaydasında şikayət üzrə materialların hazırlanmasını həyata keçirmək şikayət vermiş şəxsin vəzifəsidir. “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli Qərarının 11-ci bəndinə əsasən məhkəmələrə tövsiyə edilmişdir ki, xüsusi ittiham qaydasında şikayətə məhkəmənin hazırlıq iclasında baxılması mərhələsində şikayətin məzmununun CPM-nin 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə uyğun olub-olmamasını yoxlasınlar. Xüsusi ittiham qaydasında şikayət bu tələblərə cavab vermədikdə, habelə CPM-nin 302.1.2-302.1.4 və 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş halları müəyyən etdikdə məhkəmə hazırlıq iclasında şikayətin öz icraatına qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərar qəbul edir. Həmçinin məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 302.1.3-cü maddəsinə əsasən şikayətin məzmunu bu Məcəllənin 293.3.1- 293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda və 302.1.7-ci maddəsinə əsasən isə şikayət əsassız olduqda və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədikdə məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Həmin Məcəllənin 302.2.3-cü maddəsinə əsasən bu Məcəllənin 302.1.2-302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar çıxarır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, şikayət Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi ilə müəyyən edilmiş forma və məzmuna uyğun olmadığından, şikayət əsassız olduğundan və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədiyindən şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina olunmalıdır. Göstərilənləri və və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 299.3.3, 300.1.3, 300.5, 302.1.3, 302.2.3-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: X5 və X6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair X7 tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul edilməsindən imtina edilsin. Qərardan elan olunduğu andan 20 gün müddətində Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Sahilə Bağırova.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar