Məhkəmə qərarları › İş №1(009)-281/2023

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №1(009)-281/2023

30.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(009)-281/2023 30.08.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Səmədova Günel Kamil qızının sədrliyi, Nəsibov Pərviz Novruz oğlunun katibliyi, Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs Qulaməliyeva (İsgəndərova) Kifayət Abbas qızının və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə, Qulaməliyeva (İsgəndərova) Kifayət Abbas qızının Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci və 148-ci maddələri ilə nəzərdə tutulmuş cinayət məsuliyyətinə cəlb edilməsinə dair X3 tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayətinə məhkəmənin hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X3 xüsusi ittiham qaydasında şikayətlə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə müraciət edərək, Qulaməliyeva (İsgəndərova) Kifayət Abbas qızının Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci və 148-ci maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinib, onların həmin maddənin sanksiyası həddində cəzalandırılmasını xahiş etmişdir. Şikayətini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)- 1310/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən onun - cavabdeh Qulaməliyeva (İsgəndərova) Kifayət Abbas qızına qarşı “şərəf və ləyaqətin müdafiə edilməsi, mənəvi zərərin ödənilməsi” tələbinə dair ilkin iddia ərizəsi qismən təmin edilərək Qulaməliyeva (İsgəndərova) Kifayət Abbas qızından onun xeyrinə mənəvi zərərin əvəzi olaraq 1500 (bir min beş yüz manat) manat pul tutulması qət edilmişdir. Həmin qətnamə ilə müəyyən edilmişdir ki, Qulaməliyeva (İsgəndərova) Kifayət Abbas qızının X2 qarşı təhqiredici hərəkətlər etməsi və təhqiredici ifadələr işlətməsi həm iddiaçının özünün izahatı, həm də şahid ifadələrinin məzmunu ilə təsdiqini tapır. Həmçinin müəyyən edilmişdir ki, şahidlər ərazidə yaşayan qonşu olmaqla X3 ilə cavabdeh Qulaməliyeva (İsgəndərova) Kifayət Abbas qızı arasında baş vermiş hadisələri aydın və müfəssəl təsvir etmiş, hər birinin verdiyi ifadə bir biri ilə uzlaşmış və hadisələr məntiqi ardıcıllıqla əks etdirilmişdir. Eyni zamanda şahidlər tərəfindən Qulaməliyeva (İsgəndərova) Kifayət Abbas qızının X2 nalayiq əl hərəkətləri və sözlə təhqir etməsi ilə bağlı olan anları bilavasitə görmüşlər. Şahid ifadələri Qulaməliyeva (İsgəndərova) Kifayət Abbas qızı tərəfindən X1 yaşayış yeri üzrə sakinlər qarşısında onun mənəviyyatını alçaldan hərəkətlərin nədə ifadə olunmasını göstərmələri X1 bununla bağlı izahatları ilə uzlaşmışdır. Buna görə də məhkəmənin qənaətinə görə X1 fiziki və mənəvi sarsıntılar keçirməsi Qulaməliyeva (İsgəndərova) Kifayət Abbas qızının şahid ifadələrində sadalanan qanunsuz hərəkəti nəticəsində baş verməsi, bu qanunsuz hərəkətlə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri öz təsdiqini tapmışdır. Qeyd edilənlərə əsasən hesab edir ki, barəsində xüsusi ittiham qaydasında şikayət verdiyi şəxs tərəfindən ona böhtan atılaraq təhqir edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1894/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1310/2022 saylı iş üzrə 06 dekabr 2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılmışdır. Qulaməliyeva (İsgəndərova) Kifayət Abbas qızının onun barəsində ləkələyici, yalan, böhtan xarakterli məlumatları yaymaqda və onu təhqir etməkdə məqsədi onun nüfuzunu alçaltmaq cəmiyət arasında onun barəsində yanlış fikirlər formalaşdırmaqdır. Hesab edir ki, Qulaməliyeva (İsgəndərova) Kifayət Abbas qızının barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə cinayət işi başlanmaqla cinayət məsuliyyətinə cəlb edilərək cəzalandırılması barədə qərar qəbul edilməlidir. Qeyd edilənləri nəzərə alaraq Qulaməliyeva (İsgəndərova) Kifayət Abbas qızı barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci və 148-ci maddələri ilə cinayət işi başlanılması və qeyd edilən maddə ilə Kifayət Qulaməliyeva (İsgəndərova) cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında iştirak edən barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs Qulaməliyeva (İsgəndərova) Kifayət Abbas qızı bildirmişdir ki, şikayət vermiş şəxsin məhkəmə hazırlıq iclaslarına təkrarən gəlməməsi Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 299.8-ci maddəsinin tələbi baxımından şikayətin icraata götürülməsindən imtina üçün əsasdır. Göstərilənlərə əsasən xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə hazırlıq iclasında iştirak edən barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs Qulaməliyeva (İsgəndərova) Kifayət Abbas qızının müdafiəçisi Müdafiəçi bildirmişdir ki, şikayət vermiş şəxsin məhkəmə hazırlıq iclaslarına təkrarən gəlməməsi Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 299.8-ci maddəsinin tələbi baxımından şikayətin icraata götürülməsindən imtina üçün əsasdır. Göstərilənlərə əsasən xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə, iş materiallarını araşdıraraq və proses iştirakçılarını dinləyərək hesab edir ki, xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina edilməlidir. Belə ki, iş materialları ilə müəyyən edilmişdir ki, hazırki şikayət məhkəməyə 16 avqust 2023cü il tarixdə daxil olmuş və məhkəmə hazırlıq iclası 16 avqust 2023-cü il tarixə, saat 14:30-a təyin edilmişdir. Həmin məhkəmə prosesinə xüsusi ittihamçı (nümayəndəsi və ya vəkili) gəlmədiyindən məhkəmə hazırlıq iclası 30 avqust 2023-cü il tarixə, saat 17:30-a təxirə salınmış, lakin məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq xüsusi ittihamçı (nümayəndəsi və ya vəkili) X3 təkrar məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 299.8-ci xüsusi ittihamçının üzrlü səbəblərin olmasını əvvəlcədən bildirmədən məhkəmənin hazırlıq iclasına təkrar gəlməməsi ittihamdan imtinaya bərabər tutulur və xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina barədə qərar çıxarılmasına məhkəməyə əsas verir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 302.1.8-ci maddəsinə əsasən şikayəti vermiş şəxs şikayətindən imtina etdikdə və təqsirləndirilən şəxslə barışdıqda və ya məhkəmənin hazırlıq iclasına üzrlü səbəb olmadan təkrarən gəlmədikdə məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Həmin Məcəllənin 302.2.3-cü maddəsinə əsasən bu Məcəllənin 302.1.2-302.1.4, 302.1.6- 302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar çıxarır. Beləliklə, məhkəmə hesab edir ki, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş Qulaməliyeva (İsgəndərova) Kifayət Abbas qızının Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci və 148-ci maddələri ilə nəzərdə tutulmuş cinayət məsuliyyətinə cəlb edilməsinə dair X1 xüsusi ittiham qaydasında şikayətinin icraata qəbul edilməsindən imtina edilməlidir. Həmçinin məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına əsasən barələrində xüsusi ittiham qaydasında şikayət verilmiş Qulaməliyeva (İsgəndərova) Kifayət Abbas qızının hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən pul vəsaitinin tutulmasını əsaslı hesab edir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 299.8, 302.1.8 və 302.2.3-cü maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş Qulaməliyeva (İsgəndərova) Kifayət Abbas qızının Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci və 148-ci maddələri ilə nəzərdə tutulmuş cinayət məsuliyyətinə cəlb edilməsinə dair X1 xüsusi ittiham qaydasında şikayətinin icraata qəbul edilməsindən imtina edilsin. “Kamandar Nəsibov və partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Qulaməliyeva (İsgəndərova) Kifayət Abbas qızının hüquqlarını məhkəmədə müdafiə edilməsinə görə 30 (otuz) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından tutularaq “Kamandar Nəsibov və partnyorları” Vəkil Bürosunun bank hesabına köçürülsün. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Günel Səmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar