Məhkəmə qərarları › İş №1(009)-282/2025

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-282/2025

04.11.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-282/2025 04.11.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Süleymanova Şəhla Ənvər qızının sədrliyi, Talıbova Fəridə Fərhad qızının katibliyi, xüsusi ittihamçı X13, nümayəndəsi və vəkili Nümayəndə, təqsirləndirilən şəxs X9 və onun müdafiəçisi- Bakı şəhəri 03 saylı Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, 30 mart 1962-ci ildə Amasiyada doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, "xxxx" MMC-də avadanlıqların təmiri üzrə çilingər vəzifəsində işləyən, əvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 ünvanında yaşayan, (AZE 9832377), tel: ***-***-**-**, təqsirləndirilən şəxs X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair X13, onun nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayətə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X13 xüsusi ittiham qaydasında şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətdiklərinə görə cinayət məsuliyyətinə cəlb edilmələri barədə hökm çıxarılmasını xahiş etmişdir. Xüsusi ittihamçı şikayətini belə əsaslandırılmışdır ki, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Mehmandarov küçəsi, ev 139, 141, mənzil 100-də qeydiyyatda olmaqla yaşayır. Rusiya Federasiyasında anadan olmuşdur. Sözügedən ünvanda anası ilə birgə uzun müddət yaşamışdır. X3 ayağının amputasiyası ilə bağlı Sabunçu rayonu 3 saylı Şəhər Klinik Xəstəxanasında əməliyyat keçirmişdir. Daha sonra anası xəstəxanadan evə buraxılmış, lakin buraxıldıqdan sonrakı gün xx.xx.2017-ci il tarixdə rəhmətə getmişdir. Anası “Əvvəllər keçirilən miokard infarktı” diaqnozu ilə vəfat etmişdir. Bu barədə 4 saylı Asan Xidmət Mərkəzinin Qeydiyyat Şöbəsi tərəfindən AZ-l № 882087 seriyalı X14 verilmişdir. X17 “ATV” telekanalının efirində, “Bizimləsən” verilişində bütün ölkə ictimaiyyəti qarşısında ona böhtan ataraq “onun anasının ölümündə əli var, döyə-döyə evi satdırdı” deyərək xüsusi ittihamçını ağır cinayətdə ittiham etmişdir. Hətta verlişin aparıcısı Zaur Baxşəliyev belə söz dedikdən sonra onu ehtiyatlandırmış, böhtan atılan şəxsin onu məhkəməyə vermək ehtimalının olmasını da bildirmişdir. Qeyd edilən böhtan artıq bütün ictimaiyyət, ölkənin gözü qarşısında məhşur telekanalda deyilmiş və sosial platforma olan YouTube internet resursunda və digər sosial şəbəkələrdə də yayınlanmaqdadır. Belə ki, hal-hazırda da internetdə YouTube sosial şəbəkəsində https://www. youtube.com/watch?v=h-gxzQtZrjg linklə nümayiş etdirilən bu videonun 1 saat 15-ci dəqiqəsindən etibarən çıxış etməyə başlayan Buludxan Əhmədov sözünə başlayaraq bildirir ki “Zaur müəllim mən gəlmişəm o qardaşımın qızına (Zoya Əhmədovanı nəzərdə tutaraq) görə daa. Onun çox günahları var. Onun anasının ölümündə də əli var. Zaur Baxşəliyev: Sübutunuz varmı? Buludxan Əhmədov: Sübutu neynirəm ki. Neçə ildi keçibdi uje. Zaur Baxşəliyev: Yox indi o qız qalxıb sizi məhkəməyə versə ki mənim anamın ölümündə əlim olmağının sübutunu mənə göstər. Siz nə göstərəcəksiniz? Buludxan Əhmədov: Nə göstərəcik ki? Zaur Baxşəliyev: Bu ittihamdı. Siz onu ittiham edirsiniz ki qızın anasının ölümündə əli var. Buludxan Əhmədov: O evi zornan satdırdı anasına. Döyə-döyə satdırdı.” və sair. Göründüyü kimi X8 xüsusi ittihamçını ağır cinayətdə ittiham edərək ona böhtan atmaqla CM-nin 147.2-ci maddəsinin tərkibini yaradan cinayət əməlini törətmişdir. Faktiki olaraq qeyd edilən böhtan onu sarsıtmış, yaxınları və qohumları arasında gözdən salmış, ləyaqətini alçaltmış, mənəvi və psixoloji zərbə vurmuşdur. Kütləvi olaraq telekanalda, sosial şəbəkələrdə nümayiş etdirilən Buludxan Əhmədovun bu əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsində göstərilən böhtan cinayətinin tərkibini yaratmışdır. Sözügedən böhtan ATV telekanalında xx.xx.2025-ci il tarixdə yayımlanmış “Bizimləsən” verilişində efirdə deyilmişdir və Youtube Sosial Şəbəkəsində hələ də yayımlanmaqdadır. Youtube sosial Şəbəkəsi isə xaricdə qeydiyyata alınmışdır. Hüquqi ünvanı X6. “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun 21 fevral 2014-cü il tarixli 3 nömrəli Qərarına əsasən böhtan və ya təhqir xarakterli məlumatların yayılması ilə əlaqədar verilmiş şikayətlərə kütləvi informasiya vasitələrinin hüquqi ünvanı üzrə birinci instansiya məhkəmələri tərəfindən baxılır. Qeyd edilməlidir ki ATV telekanalının, yəni “Azad Azərbaycan” Müstəqil Tele-Radio Kompaniyasının (VÖEN: **********) yerləşdiyi ünvan Yasamal rayonu, X20 küçəsi 10 olsa da, hüquqi ünvanı Səbail rayonu, Nigar Rəfıbəyli küçəsi, ev 3/5-dir. X9 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 2 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzası ilə cəzalandırılmasını xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 28 oktyabr 2025-ci il tarixli, 1(009)- 282/2025 saylı qərarı ilə barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X13, onun nümayəndəsi və vəkili Nümayəndə şikayəti məhkəmənin icraatına qəbul edilmiş və iş məhkəmə baxışına verilmişdir. Bundan sonra, X13 məhkəmə tərəfindən xüsusi ittihamçı, X9 isə təqsirləndirilən şəxs qismində tanınmışdır. Məhkəmə iclasında iştirak edən xüsusi ittihamçı X10 nümayəndəsi və vəkili Nümayəndə bildirmişdir ki, X9 ATV telekanalının Bizimləsən verilişində müvəkkili X4 barəsində böhtan xarakterli fikirlər söyləmişdir.. Hesab edir ki, bu müvəkkilinin insanlar içərisində, yaxınları içərisində onun şərəf və ləyaqətinə xələl gətirdiyi üçün cinayət tərkibi yaratmışdır. Məlumdur ki, artıq ATV telekanalın Bizimləsən verilişində müvəkkilinə qarşı məlum böhtan atılmışdır və bu böhtanla əlaqədər kifayət qədər əsaslı mənəvi zərər dəymişdir. Həmin mənəvi zərərin əvəzində CPM-nin 183.1- ci maddəsində nəzərdə tutulan mülki iddia qaldırmaq hüququ var. Hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl cinayət əməli olduğuna görə mənəvi zərərlə bağlı da məbləğ ödəməlidir. Məhkəmədən xahiş edirik ki, CPM-nin 183.1-ci maddəsinə əsasən xüsusi ittihamçıya dəymiş mənəvi zərər mülki cavabdeh X1 tutularaq mülki iddiaçı eyni zamanda xüsusi ittihamçı X11 ödənməlidir. Bütün detallarına kimi xüsusi ittihamda yazılmışdır. Əsas şikayəti ondan ibrətdir ki, faktiki olaraq telekanalın efirində ictimaiyyət qarşısında, bütün ölkənin gözü qarşısında bildirmişdir ki, anasının ölümündə əli var, iştirakçılıqla edilən cinayətdə ittihm etmişdir. Həmçinin bildirib ki, döyə- döyə evini satdırmışdır. Anasının yanında 5 gün xəstəxanada qalıb, şəkər idi, ondan sonra da diaqnoz qoyulub, ölüm şəhadətnaməsi verilib. Yaxın qohumu əmisi olduğunu deyir. Bunun bilə-bilə atılmış böhtan olduğunu qeyd edir. Bu cür böhtan atılmaqla aydın məsələdir ki, həm şəxsin şərəf və ləyaqətini alçaldır, həm qohum, tanış qarşısında, dost qarşısında sözün əsl mənasında ağır cinayət törətməkdə biyabır edir. Ən böyük təhdidlərdən biri də anasının qəbri ilə bağlı dediyi idi. Bununla bağlı hətta CM-də başqa bir maddə də mövcuddur. Faktiki olaraq hələ də Youtube sosial şəbəkəsində həmin video yayımlanmaqdadır, qeyd edilən böhtanlar səsləndirilib. Məhkəməyə də artıq məlumdur ki, müvəkkilinin anasının ölümündə müvəkkilinin əli yoxdur və hər hansısa bir formada müvəkkilin anası müvəkkili tərəfindən öldürülməyib. Müvəkkilinin anası ayağı ilə bağlı xəstəxanaya müraciət etmiş və orada 5 gün qalmış, ayağının biri amputasiya etmişlər, həmin 5 gün müddətdə Zoya Əhmədova anasına qulluq etmişdir. Daha sonra xx.xx.2017-ci il tarixdə rəhmətə getmişdir. Ona artıq təqdim olunan X14dən görünür ki, ona miokard infarktı diaqnozu qoyulmuşdur. Burada aydın məsələdir ki, müvəkkilinin əli ilə ölüm faktı yoxdur, nədə ki, anasını döyə-döyə evi satdırmaq barədə bir fakt yoxdur. Göstərilənlərə əsasən bildirir ki artıq təqsirləndirilən şəxsin əməli sübuta yetirilmişdir. Müvafiq olaraq Cinayət Məcəlləsinin 147.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək onun 2 il müddətə azadlıqdan məhrumetmə cəzası ilə cəzalandırılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən təqsirləndirilən şəxs X9 özünü təqsirli bilmədiyini bildirmişdir. Bıçaqlayıb öldürüb deməmişəm, anasını çərlədib, vərəmlədib, öldürüb” -dediyini təsdqi edir. Şəxsin rəhmətlik anasının da həmişə qızının onu axırda vərəmlədib, çərlədib öldürəcəyini həmişə dediyin bildirmişdir. Şəxsin 45 yaşına gəlib lakin bir dəfə də işləmədiyini deyir. “Nənəsinin şəkər xəstəliyindən vəfat etdiyini, anasının ölümündən sonra da indi də atasının canına düşüb” fikirlərini səsləndirmişdir. Verilişdə “evini anasını döyə- döyə satdırdı” ifadəsini işlətmədiyini qeyd edir. Qarşı tərəfin müdafiəçisinin onun barəsində keçən məhkəmə iclasında müvəkkilinə qarşı “mənlə barışmasan, ananın qəbirini dağıdacam” deməsini inkar edir, elə bir şey demədiyini bildirir. Hadisədən əvvəl qardaşının qızı ilə münasibətləri yaxşı olmuşdu. Qardaşının evlərinə gedib gəlirdi, yardım üçün pul vermişdi, həmçinin evlərinin alınmasında köməklik göstərdiyini bildirir. Ona qarşı qaldırılan mülki iddianı qəbul etmədiyini bildirir. Barışmaq istədiyini bildirmişdir. Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxsin müdafiəçisi-aydın məsələdir ki, burada şəxsin kiminsə vasitəsilə öldürüldüyü ilə bağlı faktdan söhbət gedə bilməz. Artıq xəstəliklər də sadalanmışdır, şəxsin anasının ölümü ilə bağlı. Ola bilər ki, burada böhtan xarakteli fikirlər səsləndirilsin, müvəkkili tərəfindən, lakin 147.2-ci maddənin tərkibini yaradan, ağır və xüsusilə ağır cinayətdə ittiham etməyin düzgün olmadığını hesab edir. Mülki iddia da əsassızdır. Xahiş edir ki, cinayət işi üzrə icraata xitam verilsin. Məhkəmə iclasında iştirak edən xüsusi ittihamçı X13 bildirmişdir ki, təqsirləndirilən şəxsin dediklərinin yalan və böhtandır. Onlara pul verməyib. Bu insanın üzündən atası ilə dalaşıb ayrılmışdır. Qızına toy eləmək üçün 5 min manat qardaşından pul istəmişdir. Atası isə gəlib ona bunu deyəndə qəbul etmədiyi üçün döyülərək 15 gün küçələrdə, dayısıgildə qaldığını, nə üçün 5 min manatı ona veməli olduğunu, kirayə puluna saxladığını bildirmişdir. Onun üstündə davanı saldığını, indi də başqa şərlər danışdığını söyləyir. O dava ilə bağlı ekspertiza da var, şəkillər də var necə göyərdiblər, döyüblər. Heç bir övlad 45 yaşında dəli deyil ki, atanı çölə ata, hamısı yalan söhbətdir, şər və böhtandır, nəsilllikcə şər, böhtanı xoşlayırlar. O təhqir olunduğunu əsas gətirərək barışığın qətiyyən olmayacağını bildirir. Həmçinin anasının meyitini qəbirdən çıxarıb çölə tullamaqla hədələyir. Sübutlarının olduğunu da qeyd edir. Döyüldüyü üçün, şikəst qalmamağı üçün ayrıldığını deyir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 37.2-ci maddəsinə əsasən xüsusi ittiham qaydasında cinayət təqibi yalnız zərərçəkmiş şəxsin şikayəti əsasında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147, 148, 165.1 və 166.1-ci maddələrində göstərilən cinayətlər üzrə həyata keçirilir və məhkəmə müşavirə otağına gedənədək zərər çəkmiş şəxs təqsirləndirilən şəxslə barışdıqda ona xitam verilir. Hazırki iş üzrə məhkəmə hazırlıq iclasında və məhkəmə baxış iclasında tərəflərə barışıqla bağlı hüquqlarının olması təklif olunsa da xüsusi ittihamçı razılaşmayaraq aralarında barışıq olmamışdır. Məhkəmə qeyd edir ki, söz azadlığı və ya ifadə azadlığı dedikdə bir düşüncənin, inancın, qənaətin, davranışın və ya duyğunun bəyan edilməsi, yaxud xarici aləmə ifadə edilməsidir. Bu bəyan etmə sözlər vasitəsilə də həyata keçirilə bilir. Sözlərdə, ifadələrdə müəyyən məlumatlar bəyan edilir, fikirlər söz və ya ifadələrlə səsləndirilir, açıqlanır. Hər bir halda yayılan həmin məlumatlarda fikirlər və faktlar ifadə edilir. Fikri ifadə etmək üsulundan, tərzindən asılı olmayaraq kütləvi nümayiş etdirildiyi halda sözlərlə, ifadələrlə, hazırkı xüsusi ittiham qaydasında şikayətin verilməsinə səbəb olan məlumatlar yayılır. «Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 21 fevral 2014-cü il tarixli, 3 saylı qərarının 6-cı bəndində qeyd edilmişdir ki, Avropa Məhkəməsinin presedent hüququna müvafiq olaraq barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs tərəfindən yayılmış məlumatlarda fikrin və ya faktın əks etdirilməsi fərqləndirilməli və bu hala əhəmiyyət verilməlidir. Faktların mövcudluğu nümayiş oluna bilsə də, fikirlərin həqiqiliyi sübut oluna bilən deyildir. Fikirlərin həqiqiliyini sübut etmək tələbinə riayət etmək mümkün deyil və bu tələb Konvensiyanın 10-cu maddəsi ilə təmin edilmiş hüququn əsas hissəsi olan fikir azadlığının özünü pozur (bax, yuxarıda qeyd olunan De Haes və Gijsels, § 42 vəLingens, § 46). Eyni zamanda, üçüncü tərəfin davranışı barədə iddialar irəli sürüldüyü hallarda bəzən faktın təqdimatı ilə fikirlər arasında fərqi müəyyən etmək çətin olur. Buna baxmayaraq, hətta fikirlər faktlara əsaslanmadıqda onlar olduqca əsassız ola bilər (bax, Jerusalem Avstriyaya qarşı, §43). "İnsan Hüquqlarının və X12 Haqqında" Konvensiyanın “Fikri ifadə etmək azadlığı” ilə bağlı 10-cu maddəsinin 1-ci bəndinə əsasən hər kəs öz fikrini ifadə etmək azadlığı hüququna malikdir. Bu hüquqa öz rəyində qalmaq azadlığı, dövlət hakimiyyəti orqanları tərəfindən hər hansı maneə olmadan və dövlət sərhədlərindən asılı olmayaraq, məlumat və ideyaları almaq və yaymaq azadlığı daxildir. Avropa Məhkəməsinin presedent hüququna görə, ifadə azadlığının həyata keçirilməsi özündə məsuliyyət və öhdəlikləri ehtiva edir. Avropa İttifaqının əsas insan hüquqları haqqında Xartiyasının 1-ci maddəsinə əsasən insan ləyaqəti toxunulmazdır, ona hörmət olunmalı və qorunmalıdır. BMT Baş Assambleyası tərəfindən 10 dekabr 1948-ci ildə qəbul edilmiş Ümumdünya insan hüquqları Bəyannaməsinin 12-ci maddəsində də heç kimin şəxsi və ailə həyatına müdaxiləyə, evinin toxunulmazlığına, məktublaşmasının gizliliyinə, şərəf və nüfuzuna özbaşına qəsdə məruz qalmasının yolverilməzliyi bəyan olunur. Bütün yuxarıda göstərilən müddəalar vətəndaşın şərəf, ləyaqət və nüfuzuna qeyriqanuni qəsddən müdafiə hüququna zəmanət verən “Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın” 17-ci maddəsində və “İnsan hüquqları və əsas azadlıqları haqqında Avropa Konvensiyasının” 10-cu maddəsində də öz əksini tapmışlar. İnsanın şərəfi, ləyaqəti və nüfuzu bir-biri ilə sıx surətdə bağlı olan mənəvi, əxlaqi və sosial dəyərlər olduğuna görə bu dəyərlər dövlət tərəfındən müdafiə olunur. Konstitusiya fikir və söz, məlumat və yaradıcılıq azadlıqlarını həyata keçirərkən hər kəsdən qanunlara riayət etməsini və başqalarının hüquqlarına hörmətlə yanaşmasını tələb edir. Azərbaycan Respublikası Konstitusiyasının 24-cü maddəsinin İ hissəsinə əsasən insan ləyaqəti qorunur və ona hörmət edilir. Həmin maddənin İİİ hissəsinə əsasən hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrini də əhatə edir. Hüquqlardan suiistifadəyə yol verilmir. Konstitusiyanın 26-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Konstitusiyanın 46-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin öz şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır. Həmin maddənin İİ hissəsinə əsasən şəxsiyyətin ləyaqəti dövlət tərəfindən qorunur. Heç bir hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz. Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiyanın 71-ci maddəsinin İ hissəsinə əsasən konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Həmin maddənin İİ hissəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Hər kəsin hüquq və azadlıqları bu Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla, habelə digərlərinin hüquq və azadlıqları ilə məhdudlaşır. Hüquq və azadlıqların məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin İ hissəsinə əsasən hamı qanun və məhkəmə qarşısında bərabərdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147-ci maddəsində nəzərdə tutulan böhtan cinayəti obyektiv cəhətdən «yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayma»da ifadə olunur. Həmin Məcəllənin 147.1-ci maddəsinə əsasən böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, mediada və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayma-min manatdan min beş yüz manatadək miqdarda cərimə ilə və ya iki yüz qırx saatdan dörd yüz səksən saatadək müddətə ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Məcəllənin 147.2-ci maddəsinə əsasən ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma-iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 21 fevral 2014-cü il tarixli, 3 saylı Qərarına əsasən CM-nin 147 və 148-ci maddələrinin mənasına görə, şəxs böhtana, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları yaymaya və təhqirə, yəni şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaya görə o halda cinayət məsuliyyətinə cəlb edilə bilər ki, təhqir və böhtan xarakterli məlumatlar onun tərəfindən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmış olsun. Kütləvi informasiya vasitəsi və kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatı dedikdə, dövri mətbu nəşrlər, teleradio proqramları, kinoxronika proqramları, sosial internet şəbəkələri, dövri mətbuatın və teleradio kanallarının internet saytları və digər yayım formaları başa düşülür. Xüsusi ittiham qaydasında verilmiş şikayətdə zərər çəkmiş şəxsin təhqir olunması iddiası irəli sürüldükdə yayılmış məlumatların təhqir xarakterli məlumatlar olmasını yoxlayarkən məhkəmələrə müvafiq lüğətlərdən, linqvistika sahəsində mütəxəssislərin fikirlərindən istifadə etmələri, zərurət yarandıqda məhkəmə-linqvistik ekspertizası keçirmələri tövsiyə edilir. Məhkəmələrin diqqətinə çatdırılsın ki, xüsusi ittiham qaydasında şikayətlərə məhkəmələrdə baxılması aidiyyəti CPM-nin 74.1-74.4 və 74.8-ci maddələrinə əsasən müəyyən edilir. Kütləvi informasiya vasitələrində dərc edilməklə və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatlarında yerləşdirilməklə böhtan və ya təhqir xarakterli məlumatların yayılması ilə əlaqədar verilmiş şikayətlərə kütləvi informasiya vasitələrinin (internet informasiya ehtiyatlarının) hüquqi ünvanı üzrə birinci instansiya məhkəmələri tərəfindən baxılır. Hüquqi ünvan dedikdə kütləvi informasiya vasitələrinin (internet informasiya ehtiyatlarının) müvafiq icra hakimiyyəti orqanı tərəfindən qeydiyyata alınarkən müəyyən edilmiş ünvanı başa düşülür. Kütləvi informasiya vasitəsinin (internet informasiya ehtiyatının) hüquqi ünvanı məlum olmadıqda, yaxud da onlar xaricdə qeydiyyata alındıqda xüsusi ittiham qaydasında şikayətə təhqir və ya böhtan xarakterli məlumatları belə kütləvi informasiya vasitələrində (internet informasiya ehtiyatlarında) yaymış şəxsin Azərbaycan Respublikasında axırıncı yaşayış yeri üzrə fəaliyyət göstərən məhkəmə tərəfindən baxılır. Məhkəmə iclasında efirdə səslənən ifadələr dinlənilərkən və təqsirləndirilən şəxsin məhkəmə iclasında verdiyi ifadəsində xüsusi ittihamçının anasının ölümündə əlbirliyini məhz ölüm həddinə çatdırmaqla vurğulamışdır. Belə olan halda təqsirləndirilən şəxs X9 tərəfindən xüsusi ittihamçı barəsində ağır və ya xüsusilə ağır deyil az ağır cinayətdə ittiham etməklə böhtan atdığı müəyyən edilmişdir. İş materiallarında olan AZ-İ seriyalı, 882087 nömrəli X14nin surətindən görünür ki, xüsusi ittihamçının X3 xx.xx.2017-ci il tarixdə miokard infarktdan dünyasını dəyişmişdir. Belə olan halda B.Əhmədov təsdiq edəcək heç bir sübutu olmadan xüsusi ittihamçıya böhtan atmışdır. Belə ki, həmin xüsusatla bağlı hər hansı bir orqana müraciət edilməmiş, bununla bağlı araşdırma aparılmamış, həmçinin məhkəmənin qanuni qüvvəyə minmiş hökmü olmamışdır. CPM-in tələblərinə əsasən barəsində məhkəmənin qanuni qüvvəyə minmiş hökmü olmayan kimsə hər hansı cinayət əməlini törətməkdə ittiham edilə bilməz. Beləliklə də, təqsirləndirilən şəxsin dediklərinin həqiqətə uyğun olmayan, reallığı əks etdirməyən və sübut növü kimi qiymətləndirilə bilməyən qeyri-mötəbər dəlillər olmasını göstərir. Məhkəmə iclasında dindirilən zaman ifadəsində özünü təqsirli bilməməsi ilə bağlı qeyd etdiyi xüsusatlar toplanmış sübutların məcmusu ilə tam təkzib edilmişdir. Göründüyü kimi təqsirləndirilən şəxs X9 tərəfindən xüsusi ittihamçı barəsində böhtan xarakterli söz və ifadələr ATV telekanalında xx.xx.2025-ci il tarixdə yayımlanmış “Bizimləsən” verilişində efirdə səsləndirmişdir. Bununla da həmin çıxışlarında X9 öz düşüncəsinə görə fikirləri, ehtimalları olubolmamasından asılı olmayaraq ifadə edilmiş sözlərdə, ifadələrdə yuxarıda qeyd edilən yalan məlumatları yaymışdır. Hansı ki, məhz həmin məlumatlar da hazırkı xüsusi ittihamın verilməsinə səbəb olmuşdur. Həmin məlumatlar yalan məlumatlar olmaqla, böhtan xarakteri daşıyır, X7 şərəfini, cəmiyyətin bir üzvü kimi onu cəmiyyətdə nüfuzdan salmaqla, cəmiyyətdə, insanlar yanında şərəf və ləyaqətini ləkələyən və nüfuzdan salan məlumatlardır. 1948-ci il Ümumdünya insan hüquqları Bəyannaməsində, 1966-cı il mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktda və Azərbaycan Respublikası Konstitusiyasının 46cı maddəsində deyilir ki, hər kəsin şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır, heç bir hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz. Bununla əlaqədar məhkəmə aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Şərəf – cəmiyyətin üzvü kimi insanın əxlaqi, mənəvi, mədəni keyfiyyətlərinə, başqa şəxslərə, dövlətə, cəmiyyətə münasibətinə görə ona verilən ictimai qiymətdir. Ləyaqət – şəxsin özünə, özünün davranışına, mənəvi və əxlaqi dünyagörüşünə, cəmiyyətdə tutduğu mövqeyinə özünün verdiyi qiymətdir. Nüfuz – şəxsin cəmiyyətdə, kollektivdə, dostlarının əhatəsində, təşkilatda öz qabiliyyətinə, mövqeyinə, ictimai əhəmiyyət kəsb etməsinə görə başqa şəxslər tərəfindən ona verilən qiymətdir. Şərəf və ləyaqəti ləkələyən məlumatlar dedikdə, əxlaqi prinsiplər, istehsaltəsərrüfat, xidmət və ictimai fəaliyyətlə əlaqədar cəmiyyət, kollektiv və yaxud ayrı-ayrı şəxslər arasında vətəndaş barəsində mənfi rəy yaradan məlumatlar başa düşülür. Yuxarıda deyilənlər əsasında belə nəticəyə gəlmək olar ki, şərəf və ləyaqət vətəndaşın yaşadığı cəmiyyətin ona verdiyi obyektiv qiyməti və onun özü-özünə verdiyi qiyməti əks etdirən, bir-biri ilə qarşılıqlı şəkildə əlaqəli və bir-birini tamamlayan anlayışlardır. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. CPM-nin 293-cü maddəsində törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği); cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi; şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi kimi halların sübuta yetirilməsi xüsusi ittiham qaydasında şikayət vermiş şəxsin üzərinə vəzifə olaraq qoyulmuşdur. Böhtan hər hansı digər diffamasiya halları kimi (ləkələyici, böhtan və ya təhqiredici xarakterli məlumatların yayılması) həmişə şəxsi, mənəvi hüquqların toxunulduğu hallardır. Diffamasiya ümumi mənada böhtan xarakterli məlumatların yayılması deməkdir. Sonra isə onun müxtəlif konfiqurasiyaları olur: qeyri-dəqiq ləkələyici məlumatların yayılması, sadəcə olaraq qeyri-dəqiq və bilərəkdən yalan ləkələyici məlumatların yayılması – məhz bu, böhtandır. Mülki-hüquqi diffamasiyanın klassik tərkibi böhtan xarakterli qeyri-dəqiq məlumatdır, lakin onu yayan şəxs bu məlumatın yalan olduğunu bilməyə də, vicdanlı olaraq aldanmış və ya xətaya düşmüş ola bilər. Böhtan, diffamasiyaya dair mülki iddiadan fərqli olaraq cinayət əməlidir. Və bu iki hüquq pozuntusu arasındakı fərq ondan ibarətdir ki, böhtan həmişə bilərəkdən yalan olan faktoloji məlumatların yayılmasıdır. Bu o deməkdir ki, həmin şəxs yalan yaydığını əvvəlcədən bilmiş və kiminsə nüfuzuna xələl gətirmək məqsədi ilə bilərəkdən bunu etmişdir. Ləyaqət və şərəf bir çox hüquq sahələrinin normaları ilə qorunur. Lakin ictimai münasibətləri daha kobud və yolverilməz formada pozan hər hansı əməl, bir qayda olaraq, cinayət qanununda cinayət kimi nəzərdə tutulur. Şəxsin konstitusion dəyərləri olan ləyaqəti, şərəfi, nüfuzu, cinayət hüququnun müdafiə obyekti xassəsini itirməməlidir. Bununla yanaşı, məhkəmə, həmçinin hesab edir ki, öz fikirlərini açıq şəkildə ifadə etmək o halda cinayət məsuliyyətinə səbəb ola bilər ki, bu fikirləri qəbul edən insanları qanunsuz hərəkətlərə və ya zorakılığa sövq edə bilsin və yalnız bu şərtlə ki, əməl qəsdən, yüksək ehtimalla, bu kimi hərəkətlərə təhrik etmək niyyətilə edilsin. Şəxsin ictimai qiymətinin ədalətliliyinin hüquqi müdafiəsini yüksək sosial təhlükə törətməyən, əksər hallarda məişət və ya xidməti münaqişələr zəminində inzibati və ya mülki hüquq normaları ilə həyata keçirmək daha humanistcəsinədir. Bu cür hərəkətləri edən şəxs, bir qayda olaraq, məlumdur, bir şəxs haqqında ədalətsiz qiymətləndirmə nisbətən kiçik bir qrupda (kollektiv üzvləri, evin sakinləri arasında) yayılır, zərər isə yalnız müəyyən bir şəxsin mənafeyinə vurulur. Qanunda açıq şəkildə göstərilir ki, məhkumluq fərziyyələrə əsaslana bilməz və yalnız o şərtlə çıxarılır ki, məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin cinayət törətməkdə təqsiri məhkəmə tərəfindən tədqiq edilmiş sübutların məcmusu ilə təsdiq edilsin. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquqi normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyətli olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin Qərarda həmçinin nəzərə çatdırılmışdır ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olubolmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəllənin 37.1-ci maddəsinə əsasən cinayətin xarakterindən və ağırlıq dərəcəsindən asılı olaraq cinayət təqibi bu Məcəllənin müddəalarına uyğun xüsusi, ictimai-xüsusi və ya ictimai ittiham qaydasında həyata keçirilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 125-ci maddəsinə əsasən özünü öldürmə həddinə çatdırma təqsirkardan maddi, xidməti və ya sair cəhətdən asılı olmuş zərərçəkmiş şəxsi onunla amansız rəftar etmə, onun ləyaqətini mütəmadi olaraq alçaltma, ona hədə-qorxu gəlmə yolu ilə özünü öldürmə və ya özünü öldürməyə cəhd həddinə çatdırma üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Belə olan halda məhkəmə hesab edir ki, X2 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1ci maddəsinə tövsif edilməlidir. Cinayət Prosessual Məcəllənin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəllənin 33.1-ci maddəsinə görə hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət Prosessual Məcəllənin 44-cü maddəsinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CPM-nin 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. CPM-nin 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. CPM-nin 124.2-ci maddəsinə əsasən cinayət prosesində aşağıdakılar sübut kimi qəbul olunur: 124.2.1. şübhəli, təqsirləndirilən və zərər çəkmiş şəxsin və şahidlərin ifadələri; 124.2.2. ekspertin rəyi; 124.2.3. maddi sübutlar; 124.2.4. istintaq və məhkəmə hərəkətlərinin protokolları; 124.2.5. digər sənədlər. CPM-nin 128.1-ci maddəsinə əsasən öz xüsusiyyətinə və əlamətlərinə, mənşəyinə, aşkar edildiyi yerə və vaxtına və ya üzərində hadisənin izlərinin saxlanıldığına görə cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək edən hər bir əşya maddi sübut hesab edilə bilər. Əşya cinayət prosesini həyata keçirən orqanın qərarı ilə maddi sübut hesab edilir. Odur ki, iş materiallarında olan X2 ATV telekanalında xx.xx.2025-ci il tarixdə yayımlanmış “Bizimləsən” verilişində efirdə X13 ilə bağlı etdiyi çıxışları əks etdirən 01 (bir) ədəd CD disk cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halları müəyyən etdiyinə görə maddi sübut qismində tanınmalı və iş materiallarına əlavə edilməlidir. İş üzrə xüsusi ittihamçı (mülki iddiaçı) X13 xüsusi ittiham qaydaşında şikayətində mülki iddia ilə çıxış edərək təqsirləndirilən şəxs (mülki cavabdeh) X2 ona vurduğu mənəvi zərərə görə, yəni xeyrinə 10000 (on min) manat məbləğində mənəvi zərərin və 120 (bir yüz iyirmi) manat dövlət rüsumunun tutulması barədə yekun məhkəmə qərarının çıxarılmasını xahiş etmişdir. Məhkəmə xüsusi ittihamçı (mülki iddiaçı) X13 tərəfindən məhkəməyə verilmiş mülki iddia ilə bağlı qeyd edir ki, CPM-nin 38.3-cü maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqan cinayət qanunu ilə nəzərdə tutulmuş hərəkətlər nəticəsində vurulmuş ziyanın ödənilməsi məqsədi ilə tədbirlər görməlidir. CPM-nin 89.1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməl nəticəsində maddi ziyan vurulması qənaətinə gəlməyə kifayət qədər əsaslar olduqda onun cinayət mühakimə icraatı qaydasında ödənilməsi barədə cinayət işinin icraatı zamanı iddia vermiş fiziki və ya hüquqi şəxs mülki iddiaçı qismində tanınır. CPM-nin 179.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. CPM-nin 183.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia təqsirləndirilən şəxsə və ya onun əməlinə görə üzərinə əmlak məsuliyyəti qoyula bilən şəxsə verilir. CPM-nin 183.3-cü maddəsinə əsasən mülki iddiada hansı cinayət təqibi üzrə kimin kimə qarşı, hansı əsasla və hansı məbləğdə mülki iddia verməsi göstərilməli, həmçinin zərərin ödənilməsi üçün konkret məbləğin və ya əmlakın tutulması barədə xahiş öz əksini tapmalıdır. Hazırki iş üzrə xüsusi itithamçı (mülki iddiaçı) X13 tərəfindən təqdim edilmiş diskə baxış zamanı təqsirləndirilən şəxs tərəfindən efirdə barəsində təhqir və böhtan xarakterli məlumatlarla çıxışlar edilmişdir. Həmin məlumatlar əsasında o, mənəvi zərərə uğramışdır. CPM-nin 185-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə mülki iddiaçının, yaxud onun nümayəndəsinin vəsatəti və ya öz təşəbbüsü ilə verilmiş, yaxud gələcəkdə qaldırıla bilən mülki iddianın təmin edilməsi üçün tədbirlər görməlidir. Məhkəmə hökm çıxararkən verilmiş hər bir mülki iddia üzrə onun təmin edilibedilməməsi, kimin xeyrinə və hansı hissədə təmin edilməsi məsələlərini həll etməlidir. Cinayət-prosessual qanuna əsasən məhkəmə hökmün təsviri-əsaslandırıcı hissəsində mülki iddianın tam və ya qismən təmin edilməsi və yaxud rədd edilməsi üzrə motivlərini, müvafiq maddi və prosessual hüquqi normaları və zəruri hallarda təmin edilmiş tələblərə aid olan hesablamaları göstərməklə gəldiyi nəticəni əsaslandırır. Məhkəmələr cinayət qanununda nəzərdə tutulmuş əməllə vurulmuş mənəvi ziyanın ödənilməsinə dair iddialara baxarkən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” 24 aprel 2020-ci il tarixli qərarında, eləcə də Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2008-ci il 3 noyabr tarixli “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” qərarında ifadə olunmuş hüquqi mövqelərdən irəli gələn yanaşmanı rəhbər tutmalı, o cümlədən mənəvi zərərə görə ödənilməli olan pulun məbləğini müəyyən edərkən zərərçəkmiş şəxsin fərdi xüsusiyyətləri ilə əlaqədar keçirdiyi fiziki, mənəvi iztirabların xarakterini, cinayət törətmiş şəxsin təqsirlilik dərəcəsini, maddi vəziyyətini, zərərçəkmiş şəxsin qanunsuz və ya əxlaqsız hərəkətlərinin cinayətin törədilməsinə təsir edibetməməsini və verilmiş mülki iddianın həllinə təsir göstərən digər halları nəzərə almalı, hər bir halda ağlabatanlıq və ədalətlilik kimi meyarlar baxımından kompensasiyanın məbləğini nəzərdən keçirməlidir. Nəzərə almaq lazımdır ki, cinayət prosesində mülki iddianın verilməsi cinayətin törədilməsi nəticəsində və yaxud onunla əlaqədar pozulmuş mülki hüquqların bərpası üçün nəzərdə tutulmuş, təqsirləndirilən şəxsin və yaxud onun əməlinə görə cavabdehlik daşıyan digər şəxslərin mülki-hüquqi məsuliyyətinin realizə edilməsi vasitəsidir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli Qərarına əsasən mənəvi zərərin ödənilməsi insan hüquqlarının və əsas azadlıqların müdafiəsi vasitəsi kimi müəyyən edilmişdir. Hazırki iş üzrə xüsusi ittihamçı (mülki iddiaçı) X13 tərəfindən şikayət ərizəsində ona dəymiş mənəvi zərərə görə 10.000 manat pulun təqsirləndirilən şəxs X1 tutulmasını məhkəmədən xahiş edir. “İnsan Hüquqlarının və X12 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Plenum izah edir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Mənəvi təzminat isə hüquqazidd əməl ilə zərərçəkənin mənəvi və ya fiziki bütövlüyünə edilən təcavüz nəticəsində meydana gələn ağrı və iztirabın, mənəvi sarsıntının unudulması, yaşama sevinci və arzusunun təkrar qazanılması, pozulan mənəvi tarazlığın yenidən bərpa edilməsi üçün bərabərləşdirmə vasitəsidir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. Mənəvi zərərin ödənilməsi tələbi bu tələbin irəli sürülməsinə səbəb olmuş iddia ilə birlikdə və yaxud belə iddia olmadan müstəqil, habelə cinayət mühakimə icraatı zamanı irəli sürülə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1115-ci maddəsinə əsasən zərərin ödənilməsi zərərin əvəzini naturada ödəməklə və ya vurulmuş zərərin əvəzini pulla ödəməklə həyata keçirilə bilər. Məhkəmələr nəzərə almalıdırlar ki, mənəvi zərərin əvəzi bir qayda olaraq pulla müəyyən edilir və ödənilir. Plenum izah edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmələr nəzərə almalıdırlar ki, mülki qanunvericilikdə müəyyən olunmuş zərərvuran şəxsin təqsirindən asılı olmayaraq maddi məsuliyyət daşıması halları eyniliklə mənəvi zərərin ödənilməsi barədə iddialara da aiddir (məsələn, yüksək təhlükə mənbəyinin vurduğu zərərə görə (Mülki Məcəllənin 1108.1-ci maddəsi) mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Konstitusiyanın 12-ci maddəsi ilə insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədi elan edilərək, hər kəsin həyat və sağlamlığının, şərəf və ləyaqətinin müdafiəsinə təminat verilir. Konstitusiyanın 68-ci maddəsinin İİ hissəsi cinayət, habelə hakimiyyətdən suiistifadə nəticəsində zərər çəkmiş şəxsin hüquqlarının qanunla qorunmasını bəyan edir və zərər çəkmiş şəxsin ədalət mühakiməsinin həyata keçirilməsində iştirak etmək və ona vurulmuş zərərin ödənilməsini tələb etmək hüququnu müəyyən edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair Konstitusiya Məhkəməsinin 24 aprel 2020-ci il tarixli Qərarına əsasən mənəvi zərərin əvəzinin ödənilməsi tələbi maddi zərərin ödənilməsi tələbindən fərqləndirilməlidir. Maddi zərərin həcmi vurulmuş ziyanın həcmi ilə şərtlənsə də, mənəvi zərərin həcmi zərərçəkmiş şəxsin mülahizəsinə əsasən iddiada müəyyən edilir və məhkəmələr tərəfindən mənəvi zərərin həcmi (miqdarı) ədalətlilik və mütənasiblik meyarları baxımından qiymətləndirilməlidir. Məhkəmələr mənəvi zərərə görə təzminat məbləğini müəyyən edərkən hər baxılan iş üzrə sosial, psixoloji və iqtisadi qiymətləndirməni mütənasiblik və ədalətlilik prinsipləri əsasında aparmalıdırlar. Avropa Məhkəməsi mənəvi zərəri “nigarançılıq, ruhi sarsıntı və iztirab”, “həyəcan, acizlik və sarsıntı”, “məyusluq, ədalətsizlik hissi və uzunmüddətli qeyrimüəyyənlik” kimi səciyyələndirmişdir (Luluyev və digərləri Rusiyaya qarşı iş üzrə 2006-cı il 9 noyabr tarixli, Pelipenko Rusiyaya qarşı iş üzrə 2014-cü il 16 yanvar tarixli, Şiborş və Kuzmina Rusiyaya qarşı iş üzrə 2014-cü il 16 yanvar tarixli Qərarlar). Mənəvi zərərin vurulmasının sübut edilməsinin kifayət qədər mürəkkəb olması mübahisəsizdir. Bu növ iddialarda şəxs maddi deyil, mənəvi aləmində, şüurunda baş vermiş mənfi halları, sarsıntını, yaşamaq eşqinin azalmasını və s. məhkəmə qarşısında sübut etməlidir. Mənəvi zərərin ödənilməsi barədə işlərə baxıldıqda mülki və mülki prosessual qanunvericiliyin ümumi müddəaları ilə bərabər xüsusi qanunvericilikdə müəyyən olunmuş müddəalar, habelə adətlər, əxlaq normaları da nəzərə alınmalıdır. Plenum Qərarına əsasən xüsusi ittiham qaydasında cinayət təqibi zamanı xüsusi ittihamçı məhkəmə istintaqı başlananadək CPM-nin 179 və 181-183-cü maddələrində nəzərdə tutulmuş qaydada maddi və mənəvi ziyanın ödənilməsinə dair iddia verdikdə məhkəmə həmin iddiaya baxmalı və məhkəmə baxışı ittiham hökmünün çıxarılması ilə nəticələndikdə hökmdə iddianın tam və ya qismən təmin edilməsi, yaxud da rədd edilməsi haqqında qərar qəbul etməlidir. Bu zaman məhkəmə ödənilməsini qərara almış ziyanın miqdarını müəyyən edərkən hər bir işə fərdi yanaşmalı, təhqir və ya böhtan xarakterli məlumatların yayılma dairəsini, müəlliflik, ixtiraçılıq, patent hüquqlarının pozulma dərəcəsini, xüsusi ittihamçıya yetirilmiş mənəvi və fiziki sarsıntıların xarakterini və dərəcəsini, təqsirləndirilən şəxsin əmlak vəziyyətini, işin sair hallarını, habelə ziyanın ödənilməsi üçün təqsirləndirilən şəxsin real imkanlarını və hökmün mülki iddianın təmin edilməsi hissəsində icrasının mümkünlüyünü nəzərə almalıdır. Ədalət mühakiməsinin effektivliyi cinayət əməli ilə zərər vurulmuş şəxsin cinayət məhkəmə icraatında cinayət işlərinin araşdırılması zamanı ona vurulan zərərin ödənilməsi hüququnun prosessual mexanizminin effektivliyi ilə müəyyən olunur. Mülki iddianın və cinayət işinin birgə araşdırılması imkanı cinayət-prosessual qanunu ilə müəyyən olunub, həmçinin cinayətlə maddi və mənəvi zərər vurulduğu halda, şəxsin həm cinayət, həm də mülki-hüquqi məsuliyyətə cəlb olunmasının əsasını təşkil edən vahid hüquqi faktın mövcudluğu ilə əlaqədardır. Bir tərəfdən, cinayət prosesində mülki iddia – cinayət məhkəmə icraatı sahəsində cinayətin əmlak nəticələri ilə əlaqədar ictimai münasibətləri tənzimləyən normalar məcmusundan və cinayət və mülki proseslərdə maddi mülki-hüquqi münasibətlərin birliyi səbəbindən mülki-prosessual tənzimləmə metodlarının elementlərindən ibarət kompleks cinayət-prosessual hüquqi institutdur. Digər tərəfdən – bu cinayət işi üzrə icraat zamanı vətəndaşın və ya hüquqi şəxsin təqsirləndirilən şəxsə və ya təqsirləndirilən şəxsin hərəkətlərinə görə maddi məsuliyyət daşıyan şəxslərə qarşı maddi və mənəvi zərərin ödənilməsinə dair bəyan etdiyi tələbdir. Mülki iddia, vətəndaşların subyektiv hüquqlarının müdafiəsinin ən mühüm üsullarından biri kimi, mülki və cinayət prosesləri üçün vahid hüquqi anlayışdır. Bu nəticə cinayət işində mülki iddiaya baxılmasının cinayət məhkəmə icraatının spesifikasından irəli gələn mövcud xüsusiyyətlərini sarsıtmır. Eyni zamanda, həm mülki, həm də cinayət mühakimə icraatında mülki iddia tərəflərin prosessual təminatlarının təmin olunması və mülki hüquqla bağlı mübahisənin baxılmasının xüsusi prosessual forması ilə xarakterizə olunur. Mülki iddianın mahiyyəti üzrə həll olunması və bu mənada qəti qərarın qəbul edilməsi hökmdə öz əksini tapmalıdır. Məhkəmə yalnız hökmdə iş üzrə verilmiş mülki iddianı təmin edə və ya onu rədd edə bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1000 manatdan 10000 manatadək olduqda 30 manat+1000 manatdan yuxarı olan iddia qiymətinin 1% dövlət rüsumu ödənilməlidir. Məhkəmə hazırki iş üzrə qeyd etməyi zəruri hesab edir ki, xüsusi ittihamçı X13 mülki iddiaçı qismində tanınaraq tərəfindən verilmiş mülki iddia qismən təmin edilməli və mənəvi ziyanın cəmi olaraq 1000 manat və 30 manat dövlət rüsumu pul təqsirləndirilən şəxs (mülki cavabdeh) X1 tutularaq xüsusi ittihamçı (mülki iddiaçı) X11 ödənilməlidir. Mülki iddia tələbi qalan hissədə təmin edilməməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. CPM-nin 8-ci maddəsinə əsasən cinayət mühakimə icraatının vəzifələri sırasına şəxsiyyəti, cəmiyyəti və dövləti cinayətkar qəsdlərdən qorumaq; cinayət törətmiş şəxsləri ifşa və cinayət məsuliyyətinə cəlb etmək; cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək aid edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 15.1-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əməllər (hərəkət və ya hərəkətsizliklər) xarakterindən və ictimai təhlükəlilik dərəcəsindən asılı olaraq böyük ictimai təhlükə törətməyən, az ağır, ağır və xüsusilə ağır cinayətlərə bölünür. 15.2-ci maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza nəzərdə tutulmuş əməllər, yaxud qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi iki ildən artıq olmayan əməllər böyük ictimai təhlükə törətməyən cinayətlər hesab olunur. 15.3-cü maddəsinə əsasən bu Məcəllə ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər hesab olunur. Elektron Məhkəmə İnformasiya Sistemindən görünür ki, təqsirləndirilən şəxs X9, əvvəllər məhkum olunmamışdır. X2 Azərbaycan Respublikası CM-nin 59.1.1-ci maddəsinə əsasən hadisələrin təsadüfi axarı zəminində ilk dəfə olaraq böyük ictimai təhlükə törətməyən cinayətin törədilməsi, zərərçəkmiş şəxs ilə barışmağa cəhd etməsini məhkəmə tərəfindən cəzasını yüngülləşdirən hallar kimi müəyyən edilmişdir. Məhkəmə tərəfindən təqsirləndirilən şəxs X2 CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Konstitusiyanın 71-ci maddəsinin İİ hissəsinə görə, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Hər kəsin hüquq və azadlıqları bu Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla, habelə digərlərinin hüquq və azadlıqları ilə məhdudlaşır. Hüquq və azadlıqların məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır. Cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Cinayət törədən şəxs barəsində humanizm prinsipi təqsirkara nisbətən yüngül cəza növünü seçmək və tətbiq etməklə cəzanın məqsədinə nail olmanı nəzərdə tutur. Ədalətli cəzanın təyin edilməsi ilk öncə cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. CM-nin 43.2-ci maddəsinə əsasən cərimə, müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növləri həm əsas, həm də əlavə cəza kimi tətbiq edilir. CM-nin 44-cü maddəsinə əsasən cərimə bu məcəllə ilə müəyyən edilmiş hallarda və məbləğdə məhkəmə tərəfindən təyin edilən pul tənbehidir. CM-nin 44.2-ci maddəsinə əsasən cərimə törədilmiş cinayətin ağırlığı və məhkumun əmlak vəziyyəti nəzərə alınmaqla iyirmi min manatadək miqdarda və ya cinayət nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) bir mislindən on mislinədək miqdarda, habelə cinayətin predmetinin dəyərinin yüz faizinədək miqdarda müəyyən olunur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 nömrəli Qərarına əsasən məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalıdır. Məhkəmə Hökmü haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarının 45-ci bəndinə əsasən məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. Məhkəmə təqsirləndirilən şəxs X5 cəza təyin edərkən onun şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə özünü təqsirli hesab etməsə də məhkəmə iclasında xüsusi ittihamçı X13 ilə barışmaq üçün cəhd etməsini nəzərə alaraq onun barəsində təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan ən ağır cəzanın tətbiq edilməsini cəzanın məqsədinə uyğun hesab etmir. Məhkəmə habelə cəza təyin edərkən X2 "xxxx" MMC-də avadanlıqların təmiri üzrə çilingər vəzifəsində işləməklə onun rəsmi iş yerinin olduğunu nəzərə alır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, cəzanın məqsədinə nail olmaq üçün X5 onun təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 147.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan islah işləri cəzası təyin edilməlidir. Qeyd edilənlərə əsasən məhkəmə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-358, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, HÖKM ETDİ: X2 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə tövsif edilsin və o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə təqsirli bilinərək, hər ay qazancından dövlət nəfinə 20 % (iyirmi faiz) məbləğdə pul tutulmaqla 01 (bir) il müddətə islah işləri cəzası təyin edilsin. Cəzasını iş yerində çəksin. Cəza çəkmə müddətinin başlanğıcı onun qazancından dövlət nəfinə hər ay 20 % (iyirmi faiz) tutulmanın başlandığı gündən hesablansın. Hökmün icrasına nəzarət təqsirləndirilən şəxs X2 yaşadığı yer üzrə İcra və Probasiya Şöbəsinə həvalə edilsin. X9 barəsində hökm qanuni qüvvəyə minənədək “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilsin. X9 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri hazırki hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Xüsusi ittihamçı X7 cinayət əməli nəticəsində ona vurulmuş mənəvi zərərin ödənilməsinə dair mülki iddia tələbi qismən təmin edilərək, 1000 (bir min) manat mənəvi zərər və 30 (otuz) manat məbləğində pul vəsaiti təqsirləndirilən şəxs X1 tutularaq xüsusi ittihamçı X11 ödənilsin. Mülki iddia tələbi qalan hissədə təmin edilməsin. X2 ATV telekanalında xx.xx.2025-ci il tarixdə yayımlanmış “Bizimləsən” verilişində efirdə X13 ilə bağlı etdiyi çıxışları əks etdirən 01 (bir) ədəd CD disk maddi sübut qismində tanınsın və iş materiallarında saxlansın. Bakı şəhəri 03 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən təqsirləndirilən şəxs X2 hüquqlarını məhkəmədə müdafiə edilməsinə görə 20 saat, 220 (iki yüz iyirmi) manat dövlət büdcəsindən tutulularaq Müdafiəçi ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya şikayəti və apellyasiya protesti verilməzsə, qeyd olunan müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Şəhla Süleymanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar