Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(009)-283/2024 30.09.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Süleymanova Şəhla Ənvər qızının sədrliyi, Əliyev Ülvi Bağır oğlunun katibliyi, X1, Dövlət ittihamçısı, Təqsiləndirilən şəxs X5, Müdafiəçi iştirakları ilə X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.4 və 177.2.5-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.4 və 177.2.5-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi məhkəməyə daxil olmuşdur. İttiham aktına əsasən o, X3 və qeyriləri ilə birlikdə xx.xx.2023-cü il tarixdə saat 22:30 radələrində Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi 77 ilə S.Vurğun küçəsinin kəsişməsində yerləşən Nəsimi” heykəlinin yaxınlığında Zərərçəkmiş şəxs əynindəki şalvarın cibində olan 3500 ABŞ dollar nəğd pulu ələ keçirmək üçün, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girib, öz aralarında cinayətkar rolları bölüşdürmüş və cinayətkar məqsədlərinə nail olmaq üçün birlikdə aralarında əldə edilmiş razılığa əsasən Şahid3 və digər şəxslərlə ətrafı müşaidə etmək üçün Zərərçəkmiş şəxs fikrini yayındırmış, Təqsirləndirilən şəxs isə Zərərçəkmiş şəxs əynindəki şalvarın cibində olan həmin dövrün milli manat məzənnəsi 5950 manat təşkil edən 3500 ABŞ dollar nəğd pulunu çıxardıb gizli olaraq talamaqla, Zərərçəkmiş şəxs 5950 manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmənin hazırlıq iclasında iştirak edən Dövlət ittihamçısı bildirmişdir ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs Azərbaycan dilini bilməməsi, orta təhsilinin olmaması və ibtidai istintaqda onun tərcüməçi ilə təmin olunmaması məlum olmuşdur. Bununla da Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 303.1, 303.3.1 və 303.3.2-ci maddələrinə əsasən onun müdafiə hüququ pozulmuşdur. Bu səbəbdən iş xitam olunaraq təkrarən baxılması üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməlidir. Məhkəmə iclasında təqsirləndirilən şəxs X5 müdafiəçisi Müdafiəçi vəsatətə etiraz etmədi. Məhkəmə iclasında təqsirləndirilən şəxs X9 vəsatətə etiraz etmədi. Məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ittiham aktı, cinayət işinin materialları və dövlət ittihamçısının vəsatəti öyrənilərkən müəyyən edilmişdir ki, cinayət işi üzrə məhkəməyədək icraat zamanı kobud qanun pozuntusuna yol verildiyindən cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul edilməlidir. Belə ki, ********* saylı cinayət işi 24 noyabr 2023-cü il tarixdə Səbail RPİ-nin İstintaq şöbəsi tərəfindən fakta görə Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.5-ci maddələri ilə başlanılmışdır. İş materiallarında olan 15 fevral 2024-cü il tarixdə ********* saylı cinayət işi üzrə əməllər Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.5-ci maddələrindən CM-nin 177.2.1, 177.2.4 və 177.2.5-ci maddələrinə tövsif edilmişdir. 15 fevral 2024-cü il tarixdə ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində ittiham elan edilməsi üçün şübhəli şəxs qismində tutulması və axtarış elan edilməsi haqqında qərar qəbul edilmişdir. 21 fevral 2024-cü il tarixdə saat 10:00 radələrində Təqsirləndirilən şəxs Səbail rayon ərazisində saxlanılaraq Səbail rayon polis idarəsinə gətirilərək, Səbail RPİ-nin İŞ-nə təhvil verilmişdir. 21 fevral 2024-cü il tarixdə ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs qismində cəlb olunmaqla ona Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.4 və 177.2.5ci maddələri ilə nəzərdə tutulan ittiham elan edilmişdir. İş materiallarında olan 01 iyun 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işinin materiallarından X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.5-ci maddələri ilə təqsirləndirilməsinə dair ********* saylı cinayət işi ayrıca icraata ayrılmışdır. 21 fevral 2024-cü il tarixdə X5 barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. 230020409 saylı cinayət işi üzrə ittiham aktı 20 avqust 2024-cü il tarixdə Səbail rayon prokuroru, baş ədliyyə müşaviri Natiq Əsədov tərəfindən imzalanmış və cinayət işi baxılması üçün Bakı şəhəri Səbail rayon məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında müəyyən olundu ki, X5 təhsili yoxdur, o azərbaycan dilində nə yaza, nə oxuya bilir, gürcü dilini sərbəst bilir. Azərbaycan dilini bilməyən X5 hüquqları, onun istintaqa cəlb edildiyi ilk gündən pozulmuş, azərbaycan dilini bilməməsi səbəbindən, o, təqsirləndirilən şəxs qismində cəlb olunarkən, hüquq və vəzifələri izah olunarkən, cinayət işinin materialları ilə tanış olarkən və onunla digər istintaq hərəkətlərinin həyata keçirilməsi zamanı təqdim edilməli sənədlər ana dilində və ya onun bildiyi başqa dildə təqdim olunmamışdır. İbtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 292.4-cü maddəsinin tələbləri pozularaq cinayət prosesinin aparıldığı dili bilməyən təqsirləndirilən şəxsə ittiham aktının və ona əlavələrin təsdiq edilmiş və tərcüməçi tərəfindən imzalanmış tərcümələri verilməmişdir. Beləliklə, təqsirləndirilən şəxs ibtidai araşdırma zamanı cinayət prosesinə cəlb edildiyi andan onunla aparılmış istintaq hərəkətlərində tərcüməçi iştirak etmədiyindən və barəsində toplanmış istintaq materialları ilə sərbəst bildiyi dildə tanış ola bilmədiyindən, eləcə də ona qarşı irəli sürülmüş ittihamın xarakteri və əsaslarını başa düşmədiyindən öz səmərəli müdafiəsini qurmaq imkanından məhrum olub. Qeyd olunanlar təqsirləndirilən şəxsin tərcüməçinin köməyindən istifadə və müdafiə hüququnun pozulması kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 26.2-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqan cinayət mühakimə icraatının aparıldığı dili bilməyən cinayət prosesi iştirakçılarının aşağıdakı hüquqlarını təmin etməlidir: 26.2.1. cinayət prosesi iştirakçılarına öz ana dilindən istifadə etmək hüququnu izah etmək: 26.2.2. ibtidai araşdırma və məhkəmə baxışı zamanı tərcüməçinin köməyindən pulsuz istifadə etmək, ibtidai araşdırma qurtardıqdan sonra cinayət işi və ya cinayət təqibi ilə bağlı digər materiallarla tam tanış olmaq, məhkəmədə ana dilində çıxış etmək. Həmin Məcəllənin 26.4-cü maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqan təqdim edilməli sənədləri müvafiq şəxslərə cinayət mühakimə icraatının aparıldığı dildə təqdim edir. Cinayət mühakimə icraatının aparıldığı dili bilməyən müvafiq şəxslərə təqdim edilməli sənədlər onların ana dilində və ya onların bildiyi başqa dildə təqdim edilir. “Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 26 və 96-cı maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 iyul 2011-ci il tarixli qərarında göstərilir ki, cinayət prosesinin həyata keçirilməsində dil xüsusi vasitələrdən biridir. Cinayət mühakimə icraatının aparıldığı dili bilmək şübhəli və ya təqsirləndirilən şəxs üçün öz mövqeyini və hüquqlarını müdafiə etmək imkanı yaradır. İcraatın aparıldığı rəsmi dili kifayət qədər yaxşı bilməmək isə müdafiə tərəfi üçün müəyyən qədər çətin şərait yaradır. İnsan hüquqları sahəsində beynəlxalq hüquqi aktlar cinayət prosesində şübhəli və ya təqsirləndirilən şəxsin icraat dilini bilməsini onun öz müdafiəsini faydalı həyata keçirmək üçün əhəmiyyətli və vacib vasitələrdən biri kimi göstərir. “Vətəndaş və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktın 14-cü maddəsinin 3-cü bəndinin “a” və “f” yarımbəndlərində qeyd edilir ki, hər bir kəs ona irəli sürülmüş ittihama baxılmasında tam bərabərlik əsasında ən azı aşağıdakı təminatlara malikdir: elan olunmuş ittihamın xarakteri və əsası barədə öz bildiyi dildə təcili və ətraflı məlumatlandırılmaq; məhkəmədə istifadə olunan dili başa düşmədikdə və yaxud həmin dildə danışa bilmədikdə tərcüməçinin köməyindən pulsuz istifadə etmək. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın (bundan sonra – Konvensiya) 5-ci maddəsinin 2-ci bəndinə əsasən tutulmuş hər bir kəsə ona aydın olan dildə onun tutulmasının səbəbləri və ona qarşı irəli sürülən istənilən ittiham barədə dərhal məlumat verilməlidir. Konvensiyanın 6-cı maddəsinin 2-ci bəndinin “a” yarımbəndində göstərilir ki, cinayət törətməkdə ittiham olunan hər kəs, ən azı ona qarşı irəli sürülmüş ittihamın xarakteri və əsasları haqqında onun başa düşdüyü dildə dərhal və ətraflı məlumatlandırılmalıdır. Kamazinski Avstriyaya qarşı iş üzrə 1989-cu il 19 dekabr tarixli qərarda İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Konvensiyanın 6-cı maddəsinin 3-cü bəndinin “a” yarımbəndinin pozulması ilə əlaqədar bildirmişdir ki, tərcümə yardımı elə olmalıdır ki, təqsirləndirilən şəxsin ona qarşı qaldırılmış işi başa düşməsinə və onun özünü müdafiə etməsinə və öz mövqeyini məhkəmə qarşısında irəli sürməsinə imkan versin. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 303.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasında məhkəməyədək icraat zamanı aradan qaldırılmadan müvafiq olaraq cinayət işinin mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud pozuntularına yol verildiyini müəyyən etdikdə, məhkəmə cinayət işinin baxılmasına xitam verir və onu ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 303.3.2 və 303.3.7-ci maddələrinə əsasən cinayət mühakimə icraatının aparıldığı dili bilməyən təqsirləndirilən şəxsin ana dilindən və ya tərcüməçinin köməyindən istifadə etmək hüququnun pozulması; cinayət mühakimə icraatının aparıldığı dili bilməyən təqsirləndirilən şəxsə ana dilinə və bildiyi başqa dilə tərcümə olunmuş ittiham aktının surətinin verilməməsi halında məhkəmə cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar çıxarır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, X6 ibtidai istintaq dövründə azərbaycan dilini bilməməsi səbəbindən qanunvericiliklə iştirakına yol verilən tərcüməçi ilə təmin edilməli və cinayət işi üzrə təqdim edilməli olan sənədlər onun ana dilində və ya bildiyi dildə təqdim edilməli idi. Beləliklə məhkəmə hesab edir ki, qərarın təsviri hissəsində sadalanan müstəntiq tərəfindən yol verilmiş kobud qanun pozuntuları məhkəməyədək icraat zamanı aradan qaldırılmadan cinayət işinin materiallarının mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmadığından, cinayət işinin baxılmasına xitam verilməli və cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 306.1-ci maddəsinə əsasən, məhkəmənin hazırlıq iclasının nəticələrinə dair məhkəmə bu Məcəllənin 300.1.1, 300.1.5 və 300.1.6-cı maddələrində nəzərdə tutulmuş qərar çıxarmaqla yanaşı, həmçinin təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin tətbiq edilməsinin və ya edilməməsinin əsaslılığı, qətimkan tədbirinin seçildiyi halda onun növünün əsaslılığı və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirinin qüvvəsinin saxlanılması, dəyişdirilməsi və ya ləğv edilməsi barədə qərar çıxarır. Məhkəmə hesab edir ki, X5 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri qüvvəsində saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasının nəticələrinə dair məhkəmə cinayət işinin materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması haqqında qərarla yanaşı, məhkəməyədək icraat zamanı bu Məcəllənin tələblərinin kobud surətdə pozulmasına yol vermiş şəxslər barəsində xüsusi qərar çıxarmalıdır. Ona görə də, X5 Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə məhkəməyədək icraat zamanı Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin tələblərinin kobud surətdə pozulmasına yol vermiş müstəntiq barəsində xüsusi qərar çıxarılmalıdır. Beləliklə məhkəmə hesab edir ki, X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinin baxılmasına xitam verilməli və cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalı, X5 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri qüvvəsində saxlanılmalı, həmçinin fəaliyyətində kobud qanun pozuntularına yol vermiş Bakı şəhər Səbail Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin baş müstəntiqi X4 barəsində xüsusi qərar çıxarımalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 299, 300, 303 və 306-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ: X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinin baxılmasına xitam verilsin və cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılsın. X5 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri qüvvəsində saxlanılsın. Bakı şəhər Səbail Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin baş müstəntiqi X8 tərəfindən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinin pozulmasına yol verildiyi müəyyən edilsin və barəsində təsir tədbirlərinin görülməsi üçün xüsusi qərar çıxarılsın. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan apellyasiya şikayəti və protesti verilə bilməz. Sədrlik edən: Şəhla Süleymanova
Məhkəmə qərarları › İş №1(009)-283/2024
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №1(009)-283/2024
30.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver