Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(009)-286/2023 01.09.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Qafarov Ağamalı Məmməd oğlunun sədrliyi, Əlirza Azər oğlunun katibliyi, Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X1 iştirakları ilə, X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair X1 xüsusi ittiham qaydasında şikayətinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət edərək X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə cinayət məsuliyyətə cəlb edilməsini, ona üç ay müddətinə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsini və mənəvi zərər olaraq 5000 (beş min) manat məbləğində təzminatın tutulması haqqında hökm çıxarılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, X7 Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Nail Abbasovun icraatında olan e-2(006)-2031/2023 saylı onun iddiaçı olduğu mülki iş üzrə məhkəmənin xx.xx.2023-cü il tarixli iclası zamanı onu təhqir edərək hakimin, vəkillərin va məhkəmə iclas katibinin qarşısında onu şərəfsiz adlandırmaqla onun şərəfini, ləyaqətini va nüfuzunu qəsdən alçaltmışdır. Hadisə audio və video yazının aparıldığı məhkəmə prosesində baş vermişdir. X3 onu təhqir etməsini zalda iştirak edən vəkillər X4 və X5 təsdiq edə bilərlər. Həmçinin hadisə məhkəmənin audio və video diskində öz əksini tapmışdır. Hesab edir ki, bu hərəkəti ilə X7 CM-nin 148-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında iştirak edən xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X2 xüsusi ittiham qaydasında şikayət ərizəsinin icraata qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmənin hazırlıq iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X7 məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış materiallara hüquqi qiymət verərək hesab edir ki, xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul olunmasından imtina edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 88.4.1-ci maddəsinə əsasən xüsusi ittiham qaydasında şikayət üzrə materialların hazırlanmasını həyata keçirmək xüsusi ittihamçının vəzifəsidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 302-ci maddəsinin tələblərinə əsasən xüsusi ittiham qaydasında şikayətin məzmunu Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 293-cü maddəsində göstərilən tələblərə uyğun olmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra - CPM): 293.3-cü maddəsinə görə böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə yazılı şikayətdə və ya şifahi şikayətin qəbul edilməsi barədə protokolda aşağıdakılar göstərilir: 293.3.1. şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi); 293.3.2. törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği); 293.3.3. cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi; 293.3.4. şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi; 293.3.5. cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş; 293.3.6. şikayətin verildiyi tarix (il, ay və gün) və yer; 293.3.7. şikayəti vermiş şəxsin imzası; Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 302.1.3-cü maddəsinə əsasən şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Xüsusi ittiham qaydasında işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2014-cü il tarixli Qərarında məhkəmələrə tövsiyə olunmuşdur ki, xüsusi ittiham qaydasında şikayətə məhkəmənin hazırlıq iclasında baxılması mərhələsində şikayətin məzmununun CPM-nin 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə uyğun olub-olmamasını yoxlasınlar. Xüsusi ittiham qaydasında şikayət bu tələblərə cavab vermədikdə, habelə CPM-nin 302.1.2-302.1.4 və 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş halları müəyyən etdikdə məhkəmə hazırlıq iclasında şikayətin öz icraatına qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərar qəbul edilməlidir. CPM-nin 299.3.3-cü maddəsinə əsasən hər bir halda cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmənin hazırlıq iclasında xüsusi ittiham qaydasında şikayətin məzmununun bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrinin müddəalarına uyğun olub-olmaması məsələsinə baxılmalıdır. Məhkəmə qeyd edir ki, xüsusi ittiham qaydasında şikayətdə göstərilən cinayətin törədilmə hallarının konkret olaraq hansı şəxslərin ifadələri ilə, hansı sənədlərlə, habelə hansı digər sübutlarla (məhkəmə iclasının audio video yazısı, məhkəmə iclas protokolundan çıxarış) təsdiq edildiyi iş materiallarına əlavə edilməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 293.3.4-cü maddəsinə əsasən şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edilməsi, öz əksini tapmalıdır. Göründüyü kimi şikayətə ittihamın sübutu üçün hər hansı ifadə, sənəd və digər sübutlar əlavə edilməmişdir. Əlavə olaraq xüsusi ittiham qaydasında verilmiş şikayətdə X2 özünü xüsusi ittihamçı, X6 isə təqsirləndirilən şəxs statusunda qeyd etmişdir. Qeyd edilməlidir ki, məhkəmə şikayəti icraata qəbul etdikdən sonra xüsusi ittham qaydasında şikayət vermiş şəxs “xüsusi ittihamçı”, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs isə “təqsirləndirilən şəxs” qismində tanınır. Eyni zamanda xüsusi ittiham qaydasında şikayətin əsasını təşkil edən hadisə Nəsimi rayonunun inzibati ərazisində (Nəsimi Rayon Məhkəməsində) baş vermişdir. Gələcəkdə xüsusi ittiham qaydasında şikayət verilərkən bu hal nəzərə alınmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, şikayət Azərbaycan Respublikasının CPM-nin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun tərtib edilmədiyindən məhkəmə baxışının keçirilməsindən imtina edilməli və xüsusi ittiham qaydasında şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 300.1.3, 302.1.3 və 302.2.3-cü maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair X1 xüsusi ittiham qaydasında şikayətinin icraata qəbul edilməsindən imtina edilsin. Qərardan elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Ağamalı Qafarov
Məhkəmə qərarları › İş №1(009)-286/2023
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №1(009)-286/2023
01.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver