Məhkəmə qərarları › İş №1(009)-287/2025

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №1(009)-287/2025

07.08.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(009)-287/2025 07.08.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Bağırova Sahilə Hümbət qızının sədrliyi, X2 məhkəmə iclas katibliyi, Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X4 iştirakı ilə, X6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair X7 tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayətə məhkəmənin inzibati binasında açıq məhkəmə hazırlıq iclasında baxaraq məhkəmə müəyyənetdi: X7 tərəfindən verilmiş X6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair xüsusi ittiham qaydasında şikayət Bakı şəhəri Səbail Rayon Məhkəməsinə daxil olmuşdur. X7 şikayətini əsaslandıraraq qeyd etmişdir ki, X9 onun mülkiyyətində olan Bakı ş, Səbail rayonu,Mirzə Məmsur küçəsi ev 94-də yerləşən 9a saylı mənzilinin qonşuluğunda yaşayır, artıq uzun illərdir ki, X9 bilərəkdən qərəzli olaraq onun mülkiyyət hüquqlarını pozur, məhkəmələrə yalan məlumatlar verir və hətta onun mülkiyyətində olan mənzilin guya ona məxsus olan 9 A mənzili (köhnə 13 saylı mənzil Sadıqovlara məxsus) digər mənzilin (9 saylı mənzil) bölünməsindən əmələ gəlib, guya bu mənzildə qanunsuz özbaşına sanitar qovşaq (hamam və mətbəx inşa edilmişdir). X6 iddiasina görə bu mənzildə 7 metr uzunluğunda və 1 metr enində istinad divarı olmuşdur və o da qaz avadanlıqlarının istismar şərtlərini pozmuş guya mənzilin sahəsini 1m2 sanitar qovşağın texniki sənədə qanunsuz daxil etmişdir.. Bundan başqa bir sıra orqanlara yazdığı müraciətlərdə qeyd etmişdir ki guya o öz mənzilindən hostel kimi qanunsuz istifadə edir, müxtəlif şəxslərə istifadəyə verir. Bütün bunlar X6 onun ünvanına atdığı böhtanlardır. X9 paltaryuyan maşını işlək vəziyyətə gətirərək su borusundan suyu yere axıtmaqla süni su sızması yaradır. Evinin tavanını qəsdən deşir. Nəticədə rəy yaratmağa çalışır ki, guya o ziyan vurmuşdur. X9 müxtəlif qiymətləndirmə şirkətləri ilə danışıqlara gedərək şişirdilmiş qiymətlər, hesabatlar əldə edir. Qoruq idarəsi əməkdaşlarını təhdid altında saxlamaqla onları barəsində qanunsuz aktlar qəbul etməyə təhrik edir. Süni dava-dalaş səhnəsi yaradaraq ARDİN-nin 102 xidmətinə zəng vuraraq barəsində böhtan xarakterli şikayətlər ünvanlayır sonrada özünə xəsarətlər yetirməklə guya həmin xəsarətlər onun tərəfindən yetirilməsi barədə izahatlar verir. Hətta onun əleyhinə kütləvi surətdə qonşuları da səfərbər etməklə barəsində əsassız hazırladığı şikayət ərizələrini imzalamağa təhrik edir. Ətraf ərazilərdə olan abidələri korlayır həyətdən oğurluqlar edir. Məhkəmə qərarlarının icarasına təsir etmək və icra məmurlarını təsir altında saxlamaq üçün tabe olduqları yuxarı orqanın rəhbərinə əsassız şikayət edir və X6 bu qanunsuz hərərkətləri uzun illərdir davam etməklə yanaşı onun səhhətində bir sıra problemlərə yol açmışdır. Bundan başqa X9 dəfələrlə bir çox şəxslərin yanında bildirmişdir ki, onun mülkiyyətində olan mənzili ona satmalıdır, başqa çıxış yolu yoxdur, əks təqdirdə o həmin mənzili Bakı Apellyasiya Məhkəməsində işləyən və hər yerə əli çatan həyat yoldaşının vasitəsi ilə onun əlindən aldıracaq və onu rahat buraxmayacaq, onu cəzalandıracaqdır. Bu səbəbdən də X9 hazırda məhkəmədə onun mülkiyyətində olan 9a saylı mənzilə dair reyestr qeydiyyatının ləğvi və evinin daxilində olan arakəsmə divarının 50 sm-ə qədər qalınlaşdırılması barədə məhkəmədə iddialar irəli sürmüşdür. Halbuki onun mülkiyyətində olan mənzildə quraşdırılan sanitar qovşaq AR ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinin 6 iyul 2022-ci il tarixli texniki pasportuna əsasən mənzil haqqında məlumat, otaqların təyinatı qeydləri üzrə sənədlərdə-yəni mənzilin texniki pasportunda öz təsdiqini tapmış, orada sanitar qovşağın mənzilin daxilində olduğu göstərilmişdir. X3 onu rahat buraxmır və ünvanına böhtanlar yağdırır, bu da onun xüsusi ittiham qaydasında məhkəməyə müraciət etməyinə səbəb olmuşdur. Qeyd olunanlara əsasən X6 AR CM-nin 147-ci maddəsi ilə təqsirli bilərək cinayət məsuliyyətinə cəlb edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında iştirak edən xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X7 elektron kabinet vasitəsi ilə vəsatət verərək vəsatətində qeyd etmişdir ki, vəzifəli şəxslər qanun pozuntularını aşkar edən kimi bu haqda səlahiyyətli orqanları xəbərdar etməyə borcludur. İddia edir ki, ittiham olunan şəxs və vəzifəli həyat yoldaşı AR CM-nin aşağıda qeyd olunan kompensasiyalarını pozmuşdur., vəsatətlə müraciət edib, iddiaçının AR Cinayət Məcəlləsinin 133.2.3-cü maddəsinə əsasən bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs mütəşəkkil dəstə və ya cinayətkarlıq bilrik tərəfindən törədildikdə; 181.1quldurluq,yəni özgənin əmlakına ələ keçirmə məqsədi ilə hücuma məruz qalmış şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli zorakılıqla və ya belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə bağlı olan vaxtı 3 ildən 8 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 184.1- aldatma və ya etibardan sui istifadə etmə yolu ilə mülkiyyətçinin və ya sair sahibin əmlakına talama əlamətləri olmadan ziyan vurma- 100 manatdan 500 manatadək cərimə və ilaxır. 194.1 – qabaqcadan vəd etmədən cinayət yolu ilə əldə edildiyini bilə - bilə xeyli miqdarda pul vəsaitləri və ya digər əmlakı əldə etmə, onlara sahiblik və ya onlardan istifadə etmə, yaxud onların əldə edilməsinin həqiqi mənbəyinin gizlətmədən onlara sərəncam vermə- 1000 manatdan 3000 manatadək cərimə və ilaxır. 221.1 – xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan cəmiyyətə açıqca hörmətsizlik ifadə edən vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakınln məhv edilməsi, yaxud zədələnməsi ilə müşayət edilən qərəzli hərəkətlər- 160 saatdan 200 saatadək ictimai işlər və ilaxır. 222.1 – özbaşına tikinti işləri aparmaq- 2 ilədək müddətə islah işləri və ilaxır. 222.3qanunvericiliklə müəyyən olunmuş qaydaları pozmaqla, aparılan tikinti, yenidən planlaşdırma, yenidənqurma və mövcud tikililərin konstruksiyalarında dəyişiklik aparılması işlərinin dayandırılması barədə müvafiq dövlət orqanlarının qərarlarını qərəzli olaraq icra etməmə- 2 ilədək müddətə islah işləri və ilaxır. 246- dövlət tərəfindən mühafizə olunan tarix və mədəniyyət abidələrini qəsdən məhv etmə və ya korlama- 500 manatdan 2000 manatadək miqdarda cərimə və ilaxır. 261 – qoruqların milli parkların, təbiət abidələrinin və ya dövlət tərəfindən xüsusi mühafizə olan təbiət ərazilərinin mühafizə rejiminin pozulması əhəmiyyət zərər vurulmasına səbəb olduqda – 100 manatdan 500 manatadək miqdarda cərimə və ilaxır. 271 – komputer sisteminə qanunsuz daxil olma- 2 ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlkə məşğul olma hüququndan hüququndan məhrum edilməklə 1000 manatdan- 2000 manatadək miqdarda cərimə və ilaxır. 286 - ədalət mühakiməsinin ibtidai istintaqının həyata keçirilməsinə mane olma- 200 manatdan 500 manatadək miqdarda cərimə və ilaxır. 288 - ədalət mühakiməsinin və ya ibtidai istintaqın həyata keçirilməsi ilə əlaqədar hədələməyə və ya zor tətbiq etmə - 1000 manatdan 3000 manatadək miqdarda cərimə və ya ilaxır. 289 – məhkəmə baxışı iştirakçılarını təhqir etməklə məhkəməyə hörmətsizlik etmə 300 manatadək miqdarda cərimə və ilaxır. 294 – mülki iş üzrə işdə iştirak edən şəxs və ya onun nümayəndəsi tərəfindən sübutların saxtalaşdırılması – 500 manatdan 1000 manatadək miqdarda cərimə və ilaxır. 312 – rüşvətvermə, yəni xidməti vəzifəsinin icrası ilə əlaqədar hər hansı hərəkətin edilməsi və ya belə hərəkətin edilməsindən imtina olunması müqabilində vəzifəli şəxsə, onun özü və ya 3-cü şəxslər üçün birbaşa və ya dolayı yolla, şəxsən və ya vasitəçidən istifadə etməklə maddi və sair nemət, imtiyaz vəya güzəşt təklif olunması, vəd edilməsi və ya verilməsi- – 1000 manatdan 2000 manatadək miqdarda cərimə və ya ilaxır. 312.1vəzifəli şəxsin qərarına qanunsuz təsirgöstərmə (nüfuz alveri) – 3000 manatdan 5000 manatadək miqdarda cərimə və ya ilaxır. 320 – rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlamaq, satmaq və ya saxta sənədlərdən istifadə etmə – 1000 manatdan 3000 manatadək miqdarda cərimə və ya ilaxır. 322 – özbaşınalıq, yəni qanunla və ya digər normativ hüquqi aktla müəyyən edilmiş davranış qaydasına zidd olaraq qanuniliyi vətəndaş və yatəşkilat tərəfindən təkzib edilən hərt hansı hərəkətin özbaşına törədilməsi mühüm ziyan vurduqda – 500 manatadək miqdarda cərimə və ya ilaxır. 326- rəsmi sənədləri, ştamplar və ya möhürləri tamah məqsədi və ya digər şəxsi heyətlə oğurlama, məhv etmə, zədələmə və ya gizlətmə – 500 manatadək miqdarda cərimə və ya ilaxır bu barədə müvafiq ölçülərin götürülməsini xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında iştirak edən xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X7 şikayətinin məzmununa uyğun çıxış edərək xüsusi ittiham qaydasında verilmiş şikayətin icraata götürülməsini xahiş etdi. Məhkəmə hazırlıq iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X9 məhkəmə hazırlıq iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbi barədə məhkəməyə hər hansı məlumat daxil olmamışdır. Məhkəmə barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X6 iştirakı olmadan məhkəmə hazırlıq iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçısını dinləyib, şikayətlə tanış olaraq, habelə xüsusi ittiham qaydasında şikayət vermiş şəxsin ittihamı səciyyələndirdiyi dəlilləri nəzərdən keçirərək hesab edir ki, şikayət üzrə məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul edilməsindən imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 299.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclası cinayət işində, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarında və ya xüsusi ittiham qaydasında şikayətdə irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələrdən ibarətdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 88.4.1-ci maddəsinə əsasən xüsusi ittiham qaydasında şikayət üzrə materialların hazırlanmasını həyata keçirmək xüsusi ittihamçının vəzifəsidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 299.3 və 299.3.3-cü maddələrinə əsasən hər bir halda cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmənin hazırlıq iclasında xüsusi ittiham qaydasında şikayətin məzmununun bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrinin müddəalarına uyğun olub-olmaması barədə məsələyə baxılır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 293.3.1-293.3.7-ci maddələrinə əsasən böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə yazılı şikayətdə və ya şifahi şikayətin qəbul edilməsi barədə protokolda şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi), törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği), cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi, şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi, cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş, şikayətin verildiyi tarix (il, ay və gün) və yer, şikayəti vermiş şəxsin imzası göstərilir. Məhkəmə şikayət ərizəsini nəzərdən keçirərək qeyd edir ki, əvvəla şikayət məzmunca Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun tərtib edilməmişdir. Belə ki, şikayət vermiş şəxs ərizəsində cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa hansı zərərin vurulmasını, və şikayətin verildiyi tarixi (il, ay və gün) və yeri göstərməmişdir. Həmin Məcəllənin 302.1-ci maddəsinə əsasən aşağıdakı hallarda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir: 302.1.1. şikayət həmin məhkəməyə aid olmadıqda; 302.1.2. şikayət xüsusi ittiham qaydasında cinayət təqibinə hüququ olmayan şəxs tərəfindən verildikdə; 302.1.3. şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda; 302.1.4. cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdikdə; 302.1.5. barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməl ictimai və ya ictimai-xüsusi qaydada təqib edilməli olduqda; 302.1.6. cinayət hadisəsi və ya barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayət əlamətləri olmadıqda; 302.1.7. şikayət əsassız olduqda və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədikdə. “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014cü il tarixli Qərarının 5-ci bəndində göstərilir ki, qeyd edilsin ki, böhtan və təhqir xarakterli məlumatlar mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, elektron vasitələrlə yayınlanmaqla, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə əks etdirilməklə və sair üsullarla yayıla bilər. Lakin, CM-nin 147 və 148-ci maddələrinin mənasına görə, şəxs böhtana, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları yaymaya və təhqirə, yəni şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaya görə o halda cinayət məsuliyyətinə cəlb edilə bilər ki, təhqir və böhtan xarakterli məlumatlar onun tərəfindən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmış olsun. Kütləvi çıxış dedikdə, hər hansı şəxsin şərəf və ləyaqətini alçaldan və ya onu nüfuzdan salan məlumatları ən azı iki nəfər kənar şəxsin görə, eşidə və ya qavraya biləcəyi formada ifadə etmə başa düşülür. Kütləvi nümayiş etdirilən əsər dedikdə, ən azı iki nəfər kənar şəxsin görə və ya qavraya biləcəyi şəraitdə nümayiş etdirilən əsərlər (fotoşəkillər, rəsm əsərləri, kinematoqrafıya əsərləri, reklam və sair) başa düşülür. Kütləvi informasiya vasitəsi və kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatı dedikdə, dövri mətbu nəşrlər, teleradio proqramları, kinoxronika proqramları, sosial internet şəbəkələri, dövri mətbuatın və teleradio kanallarının internet saytları və digər yayım formaları başa düşülür. Böhtan və təhqir xarakterli məlumatların müxtəlif orqan və təşkilatlara ünvanlanmış ərizə və şikayətlərdə əks olunması və ya ona aid olan şəxsə təklikdə bildirilməsi həmin məlumatların kütləvi çıxış şəklində yayılması sayılmır və belə hallarda onları yaymış (bildirmiş) şəxsin hərəkətlərinin cinayət kimi qiymətləndirilməsi istisna edilir. Məhkəmə şikayət ərizəsini nəzərdən keçirərək qeyd edir ki, xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasında istinad edilən əmələ mahiyyəti üzrə qiymət verilməsə də, ilkin olaraq həmin əməldə cinayət əlamətlərinin olubolmamasına diqqət yetirilməlidir. Bu Azərbaycan Respublikası CPM-in 302.1.6-cı maddəsinin imperativ tələbidir. Hazırda xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X1 Rəşad Yəhya oğlunun AR CM-nin 147-ci maddəsi ilə təqsirli bilərək cinayət məsuliyyətinə cəlb edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə qeyd edir ki, şikayət Azərbaycan Respublikası CM-nin 147-ci maddəsi ilə verilmişdir. Lakin, Azərbaycan Respublikası CM-nin 147-ci maddəsinin iki bəndi var (147.1 və 147.2). Şikayətçi barəsində şikayət verdiyi şəxsin Azərbaycan Respublikası CM-nin 147-ci maddəsinin hansı bəndi ilə məsuliyyətə cəlb edilməsini göstərməmişdir. Ümumi formada Azərbaycan Respublikası CM-nin 147-ci maddəsi ilə şəxsin cinayət məsuliyyətinə cəlb edilməsini qeyd etmişdir. Məhkəmə qeyd edir ki, yuxarıda qeyd edildiyi kimi şikayət ərizəsində barəsində şikayət verilmiş şəxsin hansı söz və ifadələrlə şikayət vermiş şəxsə böhtan atması, həmin söz və ifadələrin harada yayılması (tarixi və yayılma yeri dəqiq göstərilməklə), onların hansı sübutlarla təsdiq edilməsi, həmin söz və ifadələrin hansına görə şəxsin əməllərində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147-ci maddəsinin hansı bəndi ilə cinayət tərkibinin yaranması göstərilməmişdir. Beləliklə də, barəsində şikayət verilmiş şəxs şikayət ərizəsində yalnız ümumi formada ittiham edilmiş, ittihamın məzmunu, həcmi dəqiq müəyyənləşdirilməmişdir. Bu halları müəyyən etmək və həmin halları təsdiq edən ilkin sübutları təqdim etmək isə şikayət vermiş şəxsin vəzifəsidir. Nəzərə almaq lazımdır ki, qeyd edilən hallar şikayət ərizəsində göstərilmədiyi halda, yəni ittihamın məzmunu, həcmi, vaxtı, yeri qeyri-müəyyən olduğu halda şikayət üzrə məhkəmə baxışı keçirilə bilməz. İndiki halda xüsusi ittiham qaydasında şikayət vemiş şəxs Azərbaycan Respublikasının CPM-nin 88.4.1-ci maddəsinə əsasən üzərinə düşən vəizfəni yerinə yetirməyərək şikayət ərizəsinin forma və məzmununda çoxsaylı qüsurlara yol verməklə məhkəməyə müraciət etmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, xüsusi ittiham qaydasında şikayət üzrə materialların hazırlanmasını həyata keçirmək şikayət vermiş şəxsin vəzifəsidir. “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli Qərarının 11-ci bəndinə əsasən məhkəmələrə tövsiyə edilmişdir ki, xüsusi ittiham qaydasında şikayətə məhkəmənin hazırlıq iclasında baxılması mərhələsində şikayətin məzmununun CPM-nin 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə uyğun olub-olmamasını yoxlasınlar. Xüsusi ittiham qaydasında şikayət bu tələblərə cavab vermədikdə, habelə CPM-nin 302.1.2-302.1.4 və 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş halları müəyyən etdikdə məhkəmə hazırlıq iclasında şikayətin öz icraatına qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərar qəbul edir. Həmçinin məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 302.1.3-cü maddəsinə əsasən şikayətin məzmunu bu Məcəllənin 293.3.1- 293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda və 302.1.6. cinayət hadisəsi və ya barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayət əlamətləri olmadıqda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Həmin Məcəllənin 302.2.3-cü maddəsinə əsasən bu Məcəllənin 302.1.2-302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar çıxarır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, şikayət Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi ilə müəyyən edilmiş forma və məzmuna uyğun olmadığından, cinayət hadisəsi və ya barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayət əlamətləri olmadığından şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina olunmalıdır. Göstərilənləri və və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 299.3.3, 300.1.3, 300.5, 302.1.3, 302.2.3-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: X6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair X7 tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayəti üzrə məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul edilməsindən imtina edilsin. Qərardan elan olunduğu andan 20 gün müddətində Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Sahilə Bağırova.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar