Məhkəmə qərarları › İş №1(009)-290/2025

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №1(009)-290/2025

13.08.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(009)-290/2025 13.08.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Mehdiyev Fərid Bəxtiyar oğlunun katibliyi, Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X2, Barələrində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxslər X8 və X9 iştirakları ilə X5 və X9 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1, 148 və 148-1-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb olunmasına dair X2 xüsusi ittiham qaydasında şikayətinə məhkəmənin hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X6 xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət edərək X5 və X9 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1, 148 və 148-1-ci maddələri ilə cinayət işi başlanması, şərəf və ləyaqətinə, eləcə də nüfuzuna ləkə vurduğuna görə hökm çıxarılaraq cəzalandırılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, X8 bacısı X1 əridir. Təqsirləndirilən şəxs qismində cəlb edilmiş Pərvizlə onun bacısı arasında olan nikah münasibətlərinə məhkəmə qətnaməsi əsasında xitam verilmişdir. Nikahın pozulmasında motiv isə Pərvizin bacısı ilə nikahda olduğu müddət ərzində başqa bir qadınla əlaqədə olması, onunla daimi olaraq birlikdə yaşaması və hətta ondan bir uşağının olması olmuşdur.Nikahın pozulmasından sonra o, X12 ilə münasibətlərini daha da dərinləşdirmiş, əlaqələri daimi xarakter almışdır.Daha sonra, onlar əlbir olaraq, müxtəlif platformalı sosial şəbəkələrdə saxata profillər açaraq və onlardan istifadə edərək, mənim və ailə üzvlərimin ünvanına nalaiq ifadələr işlədərək onları təhqir etmiş, ona və ailə üzvlərinə, şəxsiyyətinə yaraşmayan tərzdə müxtəlif böhtanlar atmışdırlar.Sadıqov Pərviz hələ qohumluq münasibətləri yaxşı olduğu zaman, onlara qonaq gəlmişdir. Ona məxsus olan mobil telefonda "gmail" hesabımda problem yarandığını bildiyindən, ona kömək göstərəcəyini bildirmiş, yaranmış problemi aradan qaldırmışdır. Sonralar bildi ki, həmin vaxt o, "gmail" hesabında olan, ona məxsus fotoşəkilləri öz hesabına göndərmiş və sonralar bundan onun əleyhinə istifadə etmişdir. Belə ki, sonralar Pərvizlə bacısı arasında yaranmış müxtəlif mübahisələr zamanı Pərviz ona zəng edərək onun əlində onun yarıçılpaq fotoşəkillərinin olmasını, onu qayınanasına və ərinə çatdıracağını bildrərək hədə-qorxu gəlirdi.O isə bu barədə ərinə məlumat verdi. O bir müddət cavabdehin öz hərəkətlərindən nəticə çıxaraçağını zənn edib məhkəməyə müraciət etmədi. Lakin, gördü ki, o bu cəzasızlığdan daha da pis nəticə çıxardı. Daha sonra, "Tik-Tok" sosial şəbəkəsində həmin fotoşəkilləri görmüşdür.. Həmin sosial şəbəkədə, eyni zamanda onun ünvanına təhqiredici ifadələr də qeyd edilmişdir. Sözügedən fotoşəkilləri və nalaiq ifadələri X8 və X12 əlbir olaraq edirlər. "Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 saylı 21 fevral 2014-cü il tarixli qərarına 2-ci bəndinə əsasən Məhkəmələrə izah edilsin ki, cinayət qanunvericiliyində xüsusi ittiham qaydasında cinayət təqibinə səbəb olan əməllərin törədilməsinə görə cinayət məsuliyyətinin nəzərdə tutulması hər kəsin mənəvi dəyəri olan şərəf və ləyaqətini, nüfuzunu qeyri-qanuni qəsdlərdən qorumaq məqsədi daşıyır. Hər kəsin şərəfi dedikdə onun cəmiyyətin üzvü kimi əxlaqi, mənəvi keyfiyyətlərinə, digər insanlara, dövlətə, cəmiyyətə münasibətinə görə ona verilən qiymət, ləyaqəti dedikdə şəxsin öz mənəvi və əqli keyfiyyətlərini, cəmiyyətdəki mövqeyini və nüfuzunu dərk etməsi və özünün özünə verdiyi qiymət, niifiuzu dedikdə isə şəxsin cəmiyyətdə, kollektivdə, dostlarının əhatəsində, təşkilatda öz qabiliyyətinə görə tutduğu mövqe başa düşülür. Həmin qərarın 5-ci bəndinə əsasən qeyd edilir ki, böhtan və təhqir xarakterli məlumatlar mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, elektron vasitələrlə yaymlanmaqla, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə əks etdirilməklə və sair üsullarla yayıla bilər. Lakin CM-nin 147 və 148-ci maddələrinin mənasına görə, şəxs böhtana, yəni yalan olduğunu biləbilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları yaymaya və təhqirə, yəni şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaya görə o halda cinayət məsuliyyətinə cəlb edilə bilər ki, təhqir və böhtan xarakterli məlumatlar onun tərəfindən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmış olsun. X5 və X9 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1, 148 və 148.1-ci maddələri tərkibi mövcud olduğuna görə, onun həmin maddə ilə cinayət məsuliyyətinə cəlb edilməsi və cəzalandırılması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında xüsusi ittiham qaydasında şikayət verən şəxs X6 şikayətini müdafiə edərək bildirmişdir ki, X8 və X4 hesablar açaraq sosial mediada şəkillərini yayaraq nalayiq ifadələr işlətmişlər. Pərviz əvvəl bacısının həyat yoldaşı olmuşdur. Əvvəl Pərviz ilə yaxın münasibətdə olmuşlar, Pərviz pis anlarında yanında olmuşdur. Pərviz qonaq gələn zaman telefonda yaranan problemi aradan qaldırmaq məqsədilə telefona baxanda “Gmail” hesabında olan şəkilləri özünə göndərmiş və sonradan paylaşmışdır.Hal hazırda bacısı ilə Günay xanım arasında münasibətlər mənfi olmuş və onlar dalaşdığı əsnada X8 və X12 şəkillərini paylaşmışlar. Məhkəmə iclasında iştirak edən barəsində xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X8 şikayətə etiraz edərək bildirmişdir ki, barəsində olan ittiham tam əsassızdır. X3 ilə evlənəndən sonra öz bacısına kömək edərək dava yaratmışlar. Gülnarə xanımın bacısı münasibətdə olan qadınların şəkilini həyat yoldaşı X10 atmışdır və səhvən Gülnarənin da şəkilini göndərmişdir. Tərəflərindən heç bir şəkil paylaşılmamışdır. Məhkəmə iclasında iştirak edən barəsində xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X12 şikayətə etiraz edərək bildirmişdir ki, şəkilləri özləri paylaşmışdır. Şəkilləri öz bacısı atmış ki, guya əri xəyanət edir və şəkilləri də həmçinin öz bacısı paylaşmışdır. Əksinə onlar bunun şəklini paylaşmış və altına nalayiq ifadələr yazmışlar. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış materiallara hüquqi qiymət verərək hesab edir ki, xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticəsi əsasında məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul olunmasından imtina edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 37.2-ci maddəsinə əsasən xüsusi ittiham qaydasında cinayət təqibi yalnız zərər çəkmiş şəxsin şikayəti əsasında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147, 148, 165.1 və 166.1-ci maddələrində göstərilən cinayətlər üzrə həyata keçirilir və məhkəmə müşavirə otağına gedənədək zərər çəkmiş şəxs təqsirləndirilən şəxslə barışdıqda ona xitam verilir. İş materiallarından göründüyü kimi X2 xüsusi ittiham qaydasında verdiyi şikayətdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-1-ci maddəsi də qeyd edilmişdir. Lakin Cinayət Prosessual Məcəllənin 37.3-cü maddəsinə əsasən 148-1-ci maddə ilə cinayət təqibi ictimai-xüsusi ittihama aiddir. Buna görə də, məhkəmə hesab edir ki, xüsusi ittiham qaydasında şikayətin icraata qəbul olunmasından imtina edilməlidir. Bundan başqa Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 88.4.1-ci maddəsinə əsasən xüsusi ittiham qaydasında şikayət üzrə materialların hazırlanmasını həyata keçirmək xüsusi ittihamçının vəzifəsidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 302.1.3-cü maddəsinə əsasən şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra - CPM): 293.3-cü maddəsinə görə böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə yazılı şikayətdə və ya şifahi şikayətin qəbul edilməsi barədə protokolda aşağıdakılar göstərilir: 293.3.1. şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi); 293.3.2. törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği); 293.3.3. cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi; 293.3.4. şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi; 293.3.5. cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş; 293.3.6. şikayətin verildiyi tarix (il, ay və gün) və yer; 293.3.7. şikayəti vermiş şəxsin imzası; CPM-nin 299.3.3-cü maddəsinə əsasən hər bir halda cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmənin hazırlıq iclasında xüsusi ittiham qaydasında şikayətin məzmununun bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrinin müddəalarına uyğun olub-olmaması barədə məsələlərə baxılır. Xüsusi ittiham qaydasında şikayət öyrənilərkən müəyyən edilmişdir ki, şikayət Cinayət- Prosessual Məcəlləsinin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun tərtib edilməmişdir. Cinayət Prosessual Məcəllənin 293.3.3-cü maddəsinə əsasən xüsusi ittiham qaydasında şikayət yalnız bir şəxs barəsində olmalıdır. Xüsusi ittiham qaydasında şikayət iki şəxs- X8 və X12 barəsində verildiyindən Cinayət Prosessual Məcəllənin tələbləri pozulmuşdur. Həmçinin, xüsusi ittiham qaydasında şikayətdə törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği) tam olaraq göstərilməmişdir. Belə ki, şikayət vermiş şəxs şikayətdə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin harada və nə vaxt törədilməsini qeyd etməmişdir. Məhkəmələrə tövsiyə edilmişdir ki, xüsusi ittiham qaydasında şikayətə məhkəmənin hazırlıq iclasında baxılması mərhələsində şikayətin məzmununun CPM-nin 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə uyğun olub-olmamasını yoxlasınlar. Xüsusi ittiham qaydasında şikayət bu tələblərə cavab vermədikdə, habelə CPM-nin 302.1.2-302.1.4 və 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş halları müəyyən etdikdə məhkəmə hazırlıq iclasında şikayətin öz icraatına qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərar qəbul edir. Bundan əlavə, şikayət verən şəxs X5 və X9 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1, 148 və 148-1-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etsə də, sonuncuların hansı əməllərinə görə həmin Məcəllənin 147.1, hansı əməllərinə görə 148-ci və hansı əməllərinə görə isə 148-1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməli olmasını fərqləndirməmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, xüsusi ittiham qaydasında şikayət üzrə materialların hazırlanmasını həyata keçirmək şikayət vermiş şəxsin vəzifəsidir. Lakin xüsusi ittiham qaydasında şikayət vermiş şəxs qanunvericliklə üzərinə düşən vəzifləri icra etməyərək şikayət ərizəsinin forma və məzmununda yuxarıda qeyd edilən qüsurlara yol verməklə məhkəməyə müraciət etmişdir. Cinayət Prosessual Məcəlləsinin 302.1.5.-ci mddəsinə əsasən barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməl ictimai və ya ictimai-xüsusi qaydada təqib edilməli olduqda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Həmin Məcəllənin 302.1.3-cü maddəsinə əsasən şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda, məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Həmin Məcəllənin 302.2.3-cü maddəsinə əsasən bu Məcəllənin 302.1.2-302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar çıxarır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, xüsusi ittiham qaydasında verilmiş şikayət Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi ilə müəyyən edilmiş forma və məzmuna uyğun olmadığından məhkəmənin icraatına qəbul edilməsindən imtina edilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 37, 300.1.3, 302.1.3, 302.1.5 və 302.2.3-cü maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X5 və X9 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1, 148 və 148-1-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb olunmasına dair X2 xüsusi ittiham qaydasında şikayətinin icraata qəbul edilməsindən imtina edilsin. Qərardan elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Ülviyyə Şükürova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar