Məhkəmə qərarları › İş №1(009)-292/2024

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-292/2024

26.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-292/2024 26.11.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Ramiz oğlunun sədrliyi, Cəfərov Səbuhi Mahir oğlunun katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikasının Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi: Bakı şəhəri 03 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Ağa-zəki qızının, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxxxx 1992-ci ildə Naftalan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, əvvəllər məhkum olunmuş, orta təhsilli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanda qeydiyyatda olan, Bakı şəhəri, Sabunçu rayonu, İİ Zabrat qəsəbəsində ünvansız fərdi yaşayayış evində kirayədə yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Səbail Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İttiham aktına əsasən, Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 19 iyun 2024-cü il tarixdə saat 14:00 radələrində qəssab köməkçisi kimi işlədiyi Zərərçəkmiş şəxs icarə əsasında işlətdiyi ünvan 3 ünvanında yerləşən “Premium” ət dükanından 400 manat nağd pulu, hər kq-nın qiyməti 13 manat olmaqla ümumi dəyəri 1.300 manat təşkil edən 100 kq dana ətini, hər kq-nın qiyməti 19 manat olmaqla ümumi dəyəri 351 manat təşkil edən 18,5 kq quzu ətini, dəyəri 625 manat təşkil edən diri qoçu, Bakı şəhəri Səbail rayonu Badamdar qəsəbəsi 3-cü yaşayış massivi 2143 nömrəli torpaq sahəsində yerləşən fermadan isə hər birinin dəyəri 625 manat təşkil edən beş baş diri qoçu vahid niyyətlə əhatə olunmuş qəsdlə gizli olaraq talayıb Zərərçəkmiş şəxs ümumilikdə 5.801 (beş min səkkiz yüz bir) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək və ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək bildirmişdir ki, ünvan 4 ünvanda qeydiyyatda olsa da, təxminən 13 il olar həyat yoldaşı və iki azyaşlı övladları ilə birlikdə Bakı şəhəri, Saabunçu rayonu İİ Zabrat qəsəbəsində ünvanını tanımadığı evdə kirayədə yaşayır və qəssablıqla məşğul olur. Zərərçəkmiş şəxs 2024-cü ilin iyun ayının l-dən etibarən tanıyır. Belə ki, həmin vaxt Elnurun əvvəllər tanıdığı Vüsal adlı dostuna zəng edərək qəssab kimi iş axtardığını bildirmiş, Vüsal onu Zərərçəkmiş şəxsla tanış etmiş və Elnurla razılaşdıqdan sonra o, 01 iyun 2024-cü il tarixdən Elnurun işlətdiyi ünvan 3 ünvanında yerləşən “Premium” ət dükanında günü 35 manata qəssab kimi işləməyə başlamışdı. 18 iyun 2024-cü il tarixədək həmin dükanda qəssablıq etmiş və hər gün 35 manat əmək haqqı almışdı. 18 iyun 2024-cü il tarixdə ona məlum olmuşdu ki, dükanı işlədən Elnur hansısa rayona getmişdir və Bakı şəhərində yoxdur. O, həmin günü dükanı saat təxminən 10.00 radələrində açmışdı. Belə ki, Elnurun yaşadığı evinə getmiş və orada sonuncunun həyat yoldaşından dükanın açarını alaraq gedib dükanı açmışdı. Həmin açarla birlikdə ona quzular saxlanılan fermanın da açarını vermişdilər. Həmin günü saat təxminən 13.30 radələrində dükanda Zərərçəkmiş şəxs azyaşlı oğlundan başqa heç kimin olmadığını görüb həmin dükandan oğurluq etmək qərarına gəlmişdi. Bu məqsədlə əvvəllər tanıdığı, taksi fəaliyyəti ilə məşğul olan Vidadi adlı şəxsə zəng edərək taksi lazım olduğunu demiş və dükanın yerləşdiyi ünvanın konumunu sonuncunun mobil nömrəsinə göndərmişdi. Bir müddət sonra Vidadi adlı şəxs idarə etdiyi Mersedes Benz markalı ** CF *** dövlət qeydiyyat nişanlı avtomobillə dükanın qabağına gəlmişdi. O, cibində olan və ətin satışından əldə olunmuş 120 manat pulu, bir ədəd kəsilib soyulmuş quzu ətini özü ilə götürüb, dükanı açıq qoyaraq Vidadinin idarə etdiyi taksi avtomobilinə oturmuşdu. Bundan sonra Vidadi adlı şəxsə demişdi ki, avtomobili Bakı şəhəri Səbail rayonu Badamdar qəsəbəsi 3-cü yaşayış massivi 2143 nömrəli torpaq sahəsinə sürsün. Belə ki, Elnur orada Qurban bayramı münasibətilə kəsmək üçün aldığı erkək quzuları saxlayırdı. Həmin ünvana çatdıqdan sonra o, özündə olan açarla dəmir qapını açmış və böyük ərazisi, daşdan divarı olan həyətə daxil olmuşdu. Bundan sonra orada 25 başdan artıq olan quzuların içindən 5 başını seçib tutmuş və ayaqlarını bağlayaraq Vidadinin idarə etdiyi taksi avtomobilin baqaj yerinə yükləmişdi. Həmin vaxt Vidadi öz avtomobilində oturmuş və ona hər hansı formada köməklik göstərməmişdi. Həmin vaxt orada onlardan başqa heç kim olmamışdı. Bundan sonra Vidadi adlı şəxs avtomobili onun göstərişimə əsasən Bakı şəhəri Sabunçu rayonu Balaxanı qəsəbəsində yerləşən “Fazenda” adlanan yerə sürmüşdü. Orada yerləşən Şahmar adlı şəxsin işlətdiyi ət dükanın yaxınlığında o, 5 baş qoçu avtomobildən düşürmüş və Vidadi adlı şəxsə xidmət haqqı olaraq 30 manat pul verib yola salmışdı. Həmin vaxt o, Vidadiyə ətin və quzuların oğurluq olduğunu deməmiş, sonuncu da bu barədə ondan heç nə soruşmamışdı. Hadisədən bir gün əvvəl, yəni 18 iyun 2024-cü ildə Şahmara zəng edərək bildirmişdi ki, 45-50 baş erkək quzusu var, həmin quzulardan heç olmasa 5 başının kəsilib satılmasında ona köməklik etsin. Həmçinin bildirmişdi ki, digər tanış qəssablara da zəng etmişdir ki, ona bu işdə köməklik göstərsinlər. Şahmar da razılıq vermişdi. Şahmar ət dükanının digər qəssabları ilə birlikdə apardığı 5 baş diri quzuları kəsib soymuş, bundan sonra Şahmar onun apardığı kəsilmiş 6 baş quzunun ətini onun iştirakı ilə tərəzidə çəkmiş, ətin ümumi çəkisi 88 kq olmuşdu. Hər kq ətin qiymətini onunla 16 manat 50 qəpiyə razılaşdıqdan sonra Şahmar ona 1.450 manat pul vermişdi. Bundan sonra o, mağazanı tərk edərək oradan uzaqlaşmışdı. Həmin vaxt Şahmar apardığı quzuların oğurluq olduğunu bilməmiş, belə ki, o, Şahmara demişdi ki, həmin quzular özünündür. Həmin quzuların satışından Şahmarın ona verdiyi pulları isə öz ehtiyaclarına xərcləmişdi. O, həmin dükandan yalnız bir dəfə oğurluq etmiş, həmin vaxtı da dükandan 120 manat pul, bir baş kəsilib soyulmuş quzu əti və fermadan 5 baş diri quzuları oğurlamışdır. O, həmin dükandan bud götürməmiş və Şahid1 idarə etdiyi taksi avtomobilinin salonuna həmin ət dükanından götürdüyü bir ədəd quzu budu qoymamışdır. O, sonuncunun idarə etdiyi avtomobilin salonuna həmin ət dükanından götürdüyü bir baş kəsilib soyulmuş quzunun ətini yükləmişdi. O, Şahid2 ət mağazasında olduğu zaman əlində həqiqətən də selolfan torba olmuş, lakin həmin torbada ət deyil, özünə məxsus paltarlar olmuşdur. Bakı şəhəri Səbail rayonu Badamdar qəsəbəsi 3-cü yaşayış massivi 2143 nömrəli torpaq sahəsinə o, tez-tez gedərək orada olan quzulara ot və yem, su verirdi, oradan satış üçün quzuları ət dükanına aparırdı. Lakin oğurluq etdiyi günü heç kimə məlmuat vermədən, açarın onda olmasından istifadə edərək həmin torpaq sahəsinə getmiş və oradan oğurluq etmişdi. Təqsirləndirilən şəxs son sözündə əməlindən peşman olduğunu, zərərçəkmiş şəxslə barışıq əldə etdiyini, dəymiş ziyanı tam ödədiyini və həmin şəxsin şikayətçi olmadığını, gənc olmasını və himayəsində iki azyaşlı uşağının olmasını bildirərək barəsində azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəza tətbiq edilməsini xahiş etdi. Əvvəlki məhkəmə iclasında zərərçəmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, təxminən 8-9 ay olar ünvan 3 ünvanında yerləşən “Premium” ət dükanını icarədar olaraq işlədir. Təxminən 5 gün əvvəl tanışı Vüsal adlı şəxsə “Qurban” bayramı ilə əlaqədar ona köməkçi tapmasını bildirmiş, Vüsal ona Sabunçu rayonu Zabrat qəsəbəsində yerləşən “Rahat” marketin arxasında ailəsi ilə birlikdə yaşayan Elmir adlı şəxsi özünə köməkçi götürməyi demişdi. Sonra o, Elmirlə əlaqə saxlayıb işlətdiyi ət dükanına gəlməsini demişdi. Elmir “Qurban” bayramından 1 gün əvvəl dükana gəlmiş və sonuncu ilə hər günə 35 (otuz beş) manat əmək haqqı verəcəyin barədə razılığa gəlmişlər. Elmir onun təklifi ilə razılaşmış və işə başlamışdı. Elmir işlədiyi az müddətdə ona əsasən heyvan kəsiminə və onların soyuducuya yerləşdirilməsində köməklik göstərmişdi. 18 iyun 2024-cü il tarixdə saat 14:00 radələrində qohumunun yas mərasimi ilə bağlı Naftalan şəhərinə gedəcəyini Elmirə demiş və dükandan satılan ət məhsulları barədə ona günün sonunda məlumat verməsini tapşırmışdı. O, Elmirə dükanın açarını vermiş və axşam dükanı bağlayandan sonra onunla əlaqə saxlamağını demişdi. 19 iyun 2024-cü il tarixdə saat 15:00 radələrində Bakı şəhərinə qayıtdıqda ilk növbədə dükana gedən zaman 8 yaşlı oğlu Qədiri görüb Elmirin harada olmasını soruşmuşdu. Qədir ona Elmirin ağ rəngli Mersedes markalı maşınla getdiyini və gedərkən özü ilə 1300 (min üç yüz) manatlıq qurbanlıq dana ətləri, kassadan 400 (dörd yüz) manat pulu, hazır kəsilmiş qiyməti 351 (üç yüz əlli) manat olan 18,5 kq çəkidə quzunu apardığını demişdi. Qədir bunları hara apardığını Elmirdən soruşanda, sonuncu geri qayıtdıqdan sonra pulu verəcəyini demişdi. O, bunları eşitdikdə dərhal fermanın açarını götürüb Bakı şəhəri Səbail rayonu Badamdar qəsəbəsi 3-cü yaşayış massivi 2143 nömrəli torpaq sahəsinə getmiş, fermada onun ümumilikdə 38 (otuz səkkiz) baş heyvanı olmuşdur. Fermaya getdikdə orada cəmi 33 (otuz üç) baş heyvan qaldığını aşkar etmişdi. Yəni 5 baş diri qoçları Elmir fermadan aparmışdı. Ferma cəmi 21 sot ərazidən ibarətdir. Oğurlanan heyvanların hər birinin çəkisi təxminən 35-37 kiloqram və hər birinin qiyməti 625 ( altı yüz iyirmi beş ) manat olmaqla, ümumilikdə 3.750 (üç min yeddi yüz əlli) manatlıq heyvan oğurlanmışdı. Ola bilər ki, Elmir həmin ətləri iki avtomaşınla aparmışdır. Dəqiq deyir ki, Elmir adlı şəxs ət dükanımdan hər kq-ı 13 manat olmaqla 100 kq, yəni 1.300 manatlıq qurbanlıq dana ətini, hər kq-nın qiyməti 19 manat olmaqla qiyməti 351 manat olan 18,5 kq çəkidə quzu ətini, bir baş diri qoçu və fermadan 5 baş qoçu aparmışdır. Belə ki, o, həmin 6 ədəd qoçları 5 gün əvvəl Şahid3 hər birini 625 manata almışdı. Hadisə nəticəsində ona ümumilikdə 5.801 (beş min səkkiz yüz bir) manat məbləğində maddi ziyan dəymişdir. Zərərçəmiş şəxs Zərərçəkmiş şəxs ərizə ilə məhkəməyə müraciət edərək, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyanın tam ödənildiyini, barışıq əldə edildiyini və ona qarşı heç bir şikayəti və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs uzun müddətdir tanıyır. Sonuncu ünvan 3 ünvanında yerləşən “Premium” ət dükanını icarə əsasında işlədir. Tarixi dəqiq xatırlamır, təxminən 13 və ya 14 iyun 2024-cü il tarixdə Zərərçəkmiş şəxs ona bildirmişdi ki, qurban bayramı münasibəti ilə mağazasında ət kəsib satmaq istəyir və ondan qurbanlıq qoç almaq istədiyini bildirmişdi. O, Zərərçəkmiş şəxsla razılaşmış və sonuncuya 6 baş qoç satmışdı. Həmin qoçların hər birini 625 manata razılaşmışlar və Elnur 6 baş qoça görə ona 3.750 manat məbləğində pul ödəmişdi. Həmin hadisədən təxminən 5-6 gün sonra Zərərçəkmiş şəxs ona bildirmişdi ki, Elmir adlı şəxs onun işlətdiyi ət dükanından 1.300 manatlıq qurbanlıq dana ətlərini, hazır kəsilmiş qiyməti 350 manat olan 18,5 kq çəkidə bir baş quzu ətini, həmçinin ondan aldığı bir baş diri qoçu və fermadan yenə də ondan aldığı 5 baş qoçu aparmışdır. Belə ki, o, həmin 6 ədəd qoçları hadisədən 4-5 gün əvvəl Zərərçəkmiş şəxs hər birini 625 manata satmışdı. O, Elmir adlı şəxsi tanımır, sonuncu ilə heç bir münasibəti olmamışdır. Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş və məhkəmə iclasında ifadəsi elan olunmuş Şahid2 ifadəsində göstərmişdir ki, Sabunçu rayonu Balaxanı qəsəbəsində icarə əsasında ət dükanı işlədir, yəni iri və xırda buynuzlu heyvanların kəsilib satılması ilə məşğul olur. Təqsirləndirilən şəxs 2023-cü ilin iyun ayından tanıyır, belə ki, sonuncu ailəsi ilə birlikdə Balaxanı qəsəbəsində yaşayır və 2023-cü il Qurban bayramı zamanı onun işlətdiyi ət dükanında qəssab kimi bir müddət işləmişdir. 2024-cü ilin iyun ayının 18-də axşam vaxtları Təqsirləndirilən şəxs ona zəng edərək bildirmişdi ki, 45-50 baş erkək quzusu var, həmin quzulardan heç olmasa 5 başının kəsilib satılmasında köməklik etsin. Həmçinin Elmir bildirmişdi ki, digər tanış qəssablara da zəng edib ki, ona bu işdə köməklik göstərsinlər. O, telefonda Elmirə demişdi ki, 5 baş quzunun kəsilib satılmasında köməklik edə bilər. Həmin günün səhərisi, yəni 19 iyun 2024-cü il tarixdə təxminən saat 14 və ya 15 radələıində Təqsirləndirilən şəxs yenə də ona zəng edərək bildirmişdi ki, quzuları gətirmişdir, o, həmin vaxtı ət dükanına tərəf gəlirdi. O, gəlib ət dükanına çatanda görmüşdü ki, Təqsirləndirilən şəxs ağ rəngli Mersedev markalı avtomobillə ət dükanına 5 baş quzu gətirib. Həmin quzulardan biri artıq kəsilmiş vəziyyətdə, qalan 4 quzu isə diri vəziyyətdə olmuşdur. Bundan əlavə Təqsirləndirilən şəxs əlində kiçik bir sellofan torbada ət olmuş, sonuncu həmin əti sonradan öz evinə aparmışdı. Mersedes markalı avtomobilin sürücüsü artıq oradan çıxıb getdikdən sonra Təqsirləndirilən şəxs ət dükanının digər qəssabları ilə birlikdə gətirdiyi həmin 4 baş diri quzuları kəsib soymuşlar. Bundan sonra o, həmin Təqsirləndirilən şəxs gətirdiyi kəsilmiş 5 baş quzunun ətini sonuncunun iştirakı ilə tərəzidə çəkmiş, ətin ümumi çəkisi 88 kq olmuşdu. Hər kq ətin qiymətini Təqsirləndirilən şəxsla 16 manat 50 qəpiyə razılaşdıqdan sonra o, Elmirə 1.450 manat pul vermişdi. Bundan sonra Təqsirləndirilən şəxs mağazanı tərk edərək oradan uzaqlaşmışdı. Həmin gündən sonra o, bir daha Təqsirləndirilən şəxs görməmiş, həmçinin sonuncu ilə heç bir əlaqə saxlamamışdır. O, Təqsirləndirilən şəxs ona satdığı 5 baş quzunu cinayət yolu ilə əldə etdiyini, yəni oğurluq olduğunu bilməmiş, həmçinin sonuncu özü də bu barədə ona heç bir söz deməmişdi. Təqsirləndirilən şəxs ona demişdi ki, özü Səbail rayonu Badamdar qəsəbəsində ət dükanı işlədir, həmçinin işlətdiyi mağazanın şəkillərini onun mobil telefonunun vootsaap səhifəsinə göndərmişdi. Təqsirləndirilən şəxs ona bir baş kəsilmiş vəziyyətdə, qalan dörd baş isə diri vəziyyətdə olmaqla cəmi 5 baş quzu satmışdır. Bunlardan başqa Təqsirləndirilən şəxs onun işlətdiyi ət mağzasına heç bir şey, yəni başqa dana və quzu əti gətirməmişdir. Şahid3 adlı şəxsi isə tanımır. Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş və məhkəmə iclasında ifadəsi elan olunmuş Şahid1 ifadəsində göstərmişdir ki, təxminən 3 olar ki, idarə etdiyi Mersedes Benz markalı ** CF *** dövlət qeydiyyat nişanlı avtomobillər taksi sürücüsü kimi fəaliyyət göstərir. Adətən Sabunçu rayonunda Sabunçu keçidi deyilən yerdə taksi fəaliyyəti göstərir. Təxminən 3-4 ay olar Elmir adlı şəxsi qəssab kimi tanıyır. 19 iyun 2024-cü il tarixdə saat 12.30 radələrində Elmir ona zəng edərək Səbail rayonun Badamdar qəsəbəsində 5 baş qurbanlıq qoç aldığını və qoçları Sabunçu rayonu Balaxanı qəsəbəsinə “Fazenda” adlanan yerə aparmağını ona demiş, həmçinin olduğu yerin konumunu onun telefonuna göndərmişdi. O, həmin yerə gedərək məkana çatmış, Elmir olduğu yerdə yerləşən ət dükanından quzunun bir budunu götürüb avtomobilin salonunun arxasına qoymuş və özü də avtomobilə əyləşib 5 baş qurbanlıq qoçu saxladığı yerə getməyi bildirmişdi. O, avtomobili Elmirin dediyi yerə sürmüş, həmin ünvana çatdıqdan sonra Elmir dəmir qapını açarla açmış və böyük ərazisi olan daşdan divarı olan həyətə daxil olmuşdu. Bundan sonra Elmir orada olan 25-dən artıq olan quzuların içindən 5 başını tutaraq ayaqlarını bağlamış və gətirib avtomobilin baqaj yerinə yükləmişdi. Həmin vaxt orada onlardan başqa heç kimi olmamışdı. Bundan sonra o, avtomobili Elmirin göstərişinə əsasən Sabunçu rayonu Balaxanı qəsəbəsinə “Fazenda” adlanan yerə idarə etmiş, orada yerləşən ət dükanın yaxınlığında Elmir 5 baş qoçu avtomobildən düşürmüş və xidmət haqqı olaraq ona 30 manat pul vermişdi. Bundan sonra o, oradan çıxıb evə getmiş, bir daha Elmiri görməmişdir. Elnur Əmirov onun idarə etdiyi avtomobilə ət dükanından götürdüyü bir ədəd quzu budu və başqa bir həyətdən 5 baş diri quzu yükləmiş, bunlardan başqa Təqsirləndirilən şəxs onun avtomobilində heç bir şey, yəni başqa dana və quzu əti aparmamışdır. Şahid3 adlı şəxsi isə tanımır. İş materiallarında olan doğum haqqında şəhadətnamələrdən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 17 sentyabr 2015-ci il tarixli X3 və 13 iyul 2013-cü il tarixli X2 adlı uşaqları vardır. İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistika və İnformasiya İdarəsi tərəfindən tərtib edilmiş məhkumluq haqqında arayışdan görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə məlumat yoxdur. “Şübhəli şəxsin tutulması haqqında” protokoldan, “Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin təmin edilməməsi haqqında” və “qətimkan tədbirinin seçilməsi haqqında” qərarlardan görünür ki, 12 iyul 2024-cü il tarixdə saat 15:30-da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməli törətməkdə şübhəli şəxs qismində tutulmuş və 13 iyul 2024-cü il tarixdə onun barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş və o, Səbail RPİ-ni MSY-dən azad olunmuşdur. Qərarın mahiyyəti və məzmunu Təqsirləndirilən şəxs 13 iyul 2024-cü il tarixdə, saat 14:20-də elan olunaraq, izah edilmişdir. Səbail Rayon Məhkəməsinin 01 oktyabr 2024-cü il tarixli qərarına əsasən, Təqsirləndirilən şəxs barəsində axtarış elan olunmuş, həbs qətimkan tədbiri seçilməsi qərara alınmış və o, həbs olunanadək iş üzrə icraat dayandırılmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Səbail Rayon Polis İdarəsinin 14 noyabr 2024-cü il tarixli müraciətindən görünür ki, Səbail Rayon Məhkəməsinin qərarı ilə barəsində axtarış elan edilməklə haqqında həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs 01 noyabr 2024-cü ildə Səbail rayonu ərazisində saxlanılaraq Bakı İstintaq Təcridxanasına təhvil verilmişdir. Səbail Rayon Məhkəməsinin 14 noyabr 2024-cü il tarixli qərarına əsasən, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə dayandırılmış icraat təzələnmişdir. Göstərilənləri nəzərə alaraq, məhkəmə, Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələbinə uyğun olaraq iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və iş üzrə digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv, hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə düzgün tövsif edilmiş, onun həmin maddədə nəzərdə tutulmuş əməli törətməkdə təqsiri sübuta yetirilmişdir və o, törətdiyi cinayət əməlinə görə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb olunmasını istisna edən hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarların şəxsiyyətlərini, hər birinin cinayətin törədilməsində rolunu, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onların islah olunmalarına təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarında qeyd olunur ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olmasını, gənc olmasını, əvvəllər məhkum olunmamasını, zərərçəkmiş şəxslə barışıq əldə etməsini, dəymiş ziyanı tam ödəməsini və zərərçəkmiş şəxsin şikayətçi olmamasını, himayəsində iki azyaşlı uşağının olmasını nəzərə alaraq onun azadlıqdan məhrum etmə növündə cəza təyin edilmədən islah olunmasını mümkün hesab edir və təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulan müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməklə islah olunmasını, Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 353.4.12-ci maddəsinin tələbləri baxımından barəsində seçilmiş “həbs” qətimkan tədbirinin “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri növündə qətimkan tədbiri ilə əvəz edilməsini və onun dərhal məhkəmə zalından azad edilməsini, barəsində seçiləcək “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsini məqsədəmüvafiq hesab edir. Eyni zamanda, məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs 12 iyul 2024-cü il tarixdən 13 iyul 2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu, 01 noyabr 2024-cü il tarixdən 26 noyabr 2024cü il tarixədək həbsdə saxlanıldığı müddətin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutulmaqla ona təyin olunacaq cəza müddətindən çıxılmasını əsaslı hesab edir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar məhkəmə araşdırması zamanı müəyyən olunmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində qeyd olunmuş əmlakın müəyyən olunmamasını nəzərə alaraq məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs xüsusi müsadirə cinayət hüquqi tədbiri tətbiq olunmamalıdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.10-cu maddəsinə uyğun olaraq iş üzrə ekspertiza xərcinin təqsirləndirilən şəxsdən tutulmasını, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına əsasən təqsirləndirilən şəxsin məhkəmədə hüquqlarının müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. İş üzrə mülki iddia və üzərinə həbs qoyulacaq əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 351-356-cı maddələrini rəhbər tutaraq, məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs 12 iyul 2024-cü il tarixdən 13 iyul 2024-cü il tarixədək tutulduğu, 01 noyabr 2024-cü il tarixdən 26 noyabr 2024-cü il tarixədək həbsdə saxlanıldığı müddətin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutulmaqla üzərində qəti olaraq 01 (bir) il 10 (on) ay 06 (altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə Bakı, Sumqayıt şəhərlərini və Abşeron rayonu ərazilərini tərk etməmək, Bakı şəhəri Sabunçu rayonu İİ Zabrat qəsəbəsi ünvanındakı yaşayış yerini hər gün saat 23-00-dan 0700-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzasının əvvəli məhkumun Bakı şəhər Probasiya İdarəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin və o, dərhal məhkəmə zalından həbsdən azad edilsin. Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilsin və hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Bakı şəhəri Bakı şəhəri 03 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 300 (üç yüz) manat dövlət büdcəsindən tutularaq 03 saylı Vəkil Bürosunun "xxxx" ASC-nin Səbail filialındakı bank hesabına keçirilsin. Hökmdən 20 gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya şikayəti və ya apellyasiya protesti verilməzsə, qeyd olunan müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM: AZƏR TAĞİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar