Məhkəmə qərarları › İş №1(009)-295/2023

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-295/2023

27.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-295/2023 27.12.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Şirməmmədova Günel Lətif qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxx 2001-ci ildə Abşeron rayonu, Qobu qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, hazırda barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə 27 dekabr 2023-cü il tarixdə saat 14.30-da açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İttiham aktına əsasən Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqadrından artıq miqdarda narkotik vasitə heroin əldə edib üzərində saxlayaraq daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən şəxsi istehlak miqdarından artıq miqdarda satış məqsədi olmadan qanunsuz olaraq bir ədəd bükümdə 0,165 qram təşkil edən narkotik vasitə heroini 26 iyul 2023-cü il tarixdə səhər saatlarında əldə edib üzərində saxlamaqla Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi 32 ünvanında yerləşən Şıxov çimərliyi ərazisində ki, “Qağayı” pulsuz çimərliyinin qarşısına daşıdığı zaman qeyd olunan ərazidə xidmətdə olan Azərbaycan Respublikası DİN-nin X6 Alayının 4-cü Patrul Bölüyünün əməkdaşları özünü şübhəli apardığı üçün 26 iyul 2023-cü il tarixdə saat 19:45 radələrində Təqsirləndirilən şəxs həmin ünvanda saxlayıb, Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin 41-ci Polis Bölməsinə dəvət edərək, 26 iyul 2023-cü il tarixdə saat 21:10-dan etibarən Polis Bölməsində xidməti otaqların birində polis əməkdaşları və müdafiəçinin iştirakı ilə keçirilən şəxsi axtarış və götürmə zamanı sonuncunun əynində olan qara rəngli şalvarının sağ yan cibindən üzərində “Pall Mall” sözləri yazılmış siqaret qutusunun içərisindən satış məqsədi olmadan əldə edib, üzərində daşıyıb saxladığı 01 (bir) ədəd bükümdə 0,165 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilib götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, narkotik vasitə heroini öz şəxsi istifadəsi üçün əldə edir. Lakin həmin vaxtı, yəni 26 iyul 2023-cü il tarixdə narkotik vasitə üzərində olmamışdır. O və tanışları olan qəsəbə sakinləri Şahid3 və Şahid4 ilə birlikdə Sulutəpəyə narkotik vasitə almaq məqsədilə Şahid4 maşını ilə getmiş və Fariz maşından düşərək tanımadığı adamdan 25 manata narkotik vasitəni aldıqdan sonra Səbail rayonu, Salyan şossesində yerləşən “Şıxov” çimərliyinə getmişlər. Orada narkotik vasitəni istifadə edərkən iki nəfər polis əməkdaşı maşına yaxınlaşmış, bu zaman falqanın içində narkotik vasitə Farizin əlində olmuşdur. Polis əməkdaşları narkotik vasitəni götürərək onları Səbail Rayon Polis İdarəsinin 41-ci Polis Bölməsinə dəvət etmişlər. Orada üzərinə müdafiəçinin iştirakı ilə videoçəkilişlə baxış keçirilmiş və onun üzərindən narkotik vasitə aşkarlanmamışdır. Sənədləşdirmə aparılmışdır, ona görə də o, boynuna götürmüşdür. Lakin narkotik vasitədən o, istifadə etmiş və almaq üçün Farizlə birlikdə getmişdir. Onun bölmədə üzərindən çıxararaq təqdim etdiyi narkotik vasitə polis əməkdaşlarının avtomobildən aşkar etdiyi narkotik vasitə ilə eynidir. Ona yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid Daxili İşlər Nazirliyi X6 Alayının 4-cü Patrul Bölüyünün polis nəfəri Şahid1 ifadəsində göstərmişdir ki, 26 iyul 2023-cü il tarixdə xidmət yoldaşı Şahid2 ilə birlikdə Bakı şəhəri, Səbail rayonu, Şıxov ərazisində yerləşən “Qağayı” adlanan çimərlikdə avtopatrulla xidmət aparan zaman həmin ərazidə “Saipa” markalı avtomobildə əyləşən üç şəxsin özünü şübhəli apardıqlarını görmüş və onlara yaxınlaşmışlar. Maşında arxada oturan şəxs, yəni Şahid3 onları gördükdə dərhal əlində olan narkotik vasitəni maşının arxa oturacağına atmışdır. Bu zaman onlar narkotik vasitəni götürərək həmin şəxsləri Səbail Rayon Polis İdarəsinin 41-ci Polis Bölməsinə aparmışlar. Narkotik vasitə olan maşını da özləri ilə bölməyə aparmışlar. Şübhəli şəxsləri saxladıqları yerdə narkotik vasitənin kimə mənsub olduğunu soruşub-soruşmadıqlarını xatırlamır. Bölmədə müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə videoçəkilişlə şəxsi axtarış aparmışdır. Həmin çəkiliş zamanı Təqsirləndirilən şəxs narkotik vasitə istifadəçisi olduğunu və üzərində öz şəxsi istifadəsi üçün narkotik vasitə gəzdirdiyini bildirmişdir. Sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarının yan cibindən bir ədəd siqaret qutusunun içərisindən bir ədəd bükümü təqdim edərək həmin bükümün narkotik vasitə heroin olduğunu və öz istifadəsi üçün əldə etdiyini demişdir. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd şəffaf sellofanda olan büküm təhqiqatçı tərəfindən zərfə qoyulub qablaşdırılaraq imzalarla təsdiqlənmişdir. Məhkəmə iclasında şahid Daxili İşlər Nazirliyi X6 Alayının 4-cü Patrul Bölüyünün polis nəfəri Şahid2 ifadəsində Şahid1 göstərdiyi xüsusatları təsdiq edərək göstərmişdir ki, 26 iyul 2023-cü il tarixdə xidmət yoldaşı Şahid1 ilə birlikdə Bakı şəhəri, Səbail rayonu, Şıxov ərazisində xidmət aparan zaman “Saipa” markalı avtomobildə əyləşən üç şəxsin özünü şübhəli apardıqlarını görmüş və onlara yaxınlaşmışlar. Narkotik vasitə maşının arxa oturacağında idi. Bu zaman onlar narkotik vasitəni götürərək həmin şəxsləri Səbail Rayon Polis İdarəsinin 41-ci Polis Bölməsinə aparmışlar. Narkotik vasitə olan maşını da özləri ilə bölməyə aparmışlar. Şübhəli şəxsləri saxladıqları yerdə narkotik vasitənin kimə mənsub olduğunu soruşub-soruşmadıqlarını xatırlamır. Bölmədə müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərində videoçəkilişlə şəxsi axtarış aparmışdır. Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarının yan cibindən bir ədəd siqaret qutusunun içərisindən bir ədəd bükümü təqdim edərək həmin bükümün narkotik vasitə heroin olduğunu və öz istifadəsi üçün əldə etdiyini demişdir. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd büküm təhqiqatçı tərəfindən zərfə qoyulub qablaşdırılaraq imzalarla təsdiqlənmişdir. Məhkəmə iclasında Şahid3 ifadəsində göstərmişdir ki, 3-4 aydır ki, narkotik vasitə olan heroindən istifadə edir. 26 iyul 2023-cü il tarixdə Təqsirləndirilən şəxs və Şahid4 ilə birlikdə Sulutəpəyə başqa maşınla narkotik vasitə almaq məqsədilə getmiş, narkotik vasitəni aldıqdan sonra Şahid4 maşını ilə Bakı şəhəri, Səbail rayonu, Şıxov qəsəbəsi, “Qağayı” çimərliyinə gəlmişlər. Orada bir qədər, yəni 3-4 saat istirahət etdikdən sonra Dadaş ilə birlikdə Salehin maşınına əyləşərək maşının arxa oturacağına keçmiş və narkotik vasitə qəbul etmək qərarına gəlmişlər. Bu zaman Salehdən avtomobildən düşüb ətrafa nəzarət etməsini xahiş etmişlər. Narkotik vasitə qəbul etmək istəyərkən orada xidmət aparan polis əməkdaşları onlara yaxınlaşıb, narkotik vasitələrin istifadəsində və üzərində saxlanmasında şübhəli şəxs kimi onları 41-ci Polis Bölməsinə dəvət etmişlər. Bölmədə üzərinə videoçəkilişlə müdafiəçinin iştirakı ilə şəxsi axtarış aparılmış, həmin vaxt narkotik vasitə istifadəçisi olduğunu sözlə bildirsə də, onun üzərindən hər hansı bir qanunla dövriyyəsi qadağan edilmiş əşya aşkar edilməmişdir. Məhkəmə iclasında Şahid4 ifadəsində göstərmişdir ki, hal-hazırda “Saipa” markalı avtomobil ilə taksi fəaliyyəti ilə məşğul olur. O, 1-2 ilə yaxın müddətdir ki, narkotik vasitə olan heroindən istifadə edir. 26 iyul 2023-cü il tarixdə tanışları Şahid3 və Təqsirləndirilən şəxs ilə birlikdə istirahət etmək məqsədilə Səbail rayonu, Şıxov qəsəbəsi ərazisində yerləşən “Qağayı” çimərliyinə onun avtomobili ilə getmişlər. Onlar 3-4 saat istirahət etdikdən sonra o, orada avtomobilin kənarında olarkən xəbəri olmadan Şahid3 və Təqsirləndirilən şəxs narkotik vasitəni qəbul etmək üçün avtomobilin arxa oturacağında əyləşmişlər. Onun isə bundan məlumatı olmamışdır. Onları narkotiki çəkəndə görməmişdir O, avtomaşına yaxınlaşmaq istədikdə polis əməkdaşlarının avtomobilə yaxınlaşdığını görmüşdür. Bu zaman Şahid3 və Təqsirləndirilən şəxs avtomobilin arxa oturacağında narkotik vasitə qəbul etmək istəmişlər. Polis əməkdaşları onlara yaxınlaşıb 41-ci Polis bölməsinə dəvət etmişlər. O, narkotik vasitə aludəçisidir və bəzən narkotik vasitə heroindən istifadə edir. Polislər bildirmişlər ki, narkotik vasitə Dadaşın siqaret qutusunda olmuşdur. O, Dadaşın üzərində narkotik vasitə olduğundan məlumatsız olmuşdur. Cinayət işində olan videogörüntüyə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs üzərində olan dövriyyəsi qadağan edilmiş əşyaları təqdim etməsi bildirildikdə Təqsirləndirilən şəxs əynindəki qara rəngli şalvarının sağ yan cibində olan cibindən üzərində “Pall Mail” sözləri yazılmış siqaret qutusunun içində 01 ədəd şəffaf rəngli selofanda bükümü çıxarıb təqdim edir. Sorğu zamanı 01 ədəd bükümün içindəkinin isə narkotik vasitə heroin (kokos) olduğunu bildirir. Daha sonra həmin bükülü kağız zərfdə qablaşdırılaraq möhürlənmişdir. Bu barədə protokol tərtib edilmiş və həmin protokol bütün iştirakçılar tərəfindən imzalanmışdır. “Şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi barədə” Bakı şəhər Səbail Rayon Polis İdarəsinin 41-ci Polis Bölməsinin təhqiqatçısı Samir Seyid tərəfindən tərtib olunmuş 26 iyul 2023-cü il tarixli protokoldan görünür ki, saxlanılmış şəxs Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarının sağ yan cibindən üzərində “Pall Mall” sözləri yazılmış siqaret qutusunun içərisindən bir ədəd bükümdə 0,165 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini çıxararaq təhqiqata təqdim etmişdir. Şəxsi axtarış və götürmə zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs bildirmişdir ki, narkotik vasitə heroini 2-3 gün əvvəl Sulutəpə qəsəbəsindən 25 manat müqabilində tanımadığı şəxsdən almış və 26 iyul 2023-cü il tarixdə dəniz kənarında olan zaman tanışları Şahid3lə birlikdə istifadə etmiş və qalan hissəsini şəxsi istifadəsi üçün üzərində saxlamışdır. “Nəqliyyat vasitəsinə baxış keçirilməsi haqqında” Bakı şəhər Səbail Rayon Polis İdarəsinin 41-ci Polis Bölməsinin təhqiqatçısı Samir Seyid tərəfindən tərtib olunmuş 27 iyul 2023-cü il tarixli protokoldan görünür ki, Şahid4 avtomobilində ehtimal edilən narkotik vasitələri, qanunla qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları könüllü surətdə verməsi təklif edilmişdir. Şahid4 ağ rəngli “Saipa” markalı, **-GH-*** dövlət qeydiyyat nişanlı avtomobilin qapısını açaraq içərisinə baxış keçirilməsinə şərait yaratmış və avtomobilin içərisində açarlar, avtomobilə aid ləvazimatlar, paltarlar və çimərlik əşyaları aşkar edilmişdir. Baxış zamanı cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək əşya və sənədlər aşkar edilməmişdir. Məhkəmə Ekspertizası Mərkəzinin materialların məhkəmə ekspertizasının 22 sentyabr 2023-cü il tarixli, 3-16-16/2-6/4987saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası Zərflər üçün №239” dairəvi möhür əksi olan, “Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş....” sözləri və imzalar qeyd edilmiş bir ədəd zərfin içərisində 01 (bir) ədəd bükümdə təmiz çəkisi 0,165 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroinin ümumi təmiz çəkisi 0,165 qram, tədqiqata sərf edildi 0,05 qram, qalıq çəkisi 0,115 qram. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq edilmiş siyahılara əsasən heroin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxildir. Ekspertiza xərclərinə dair bildirişlərdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 114 (bir yüz on dörd) manatdır. 26 iyul 2023-cü il tarixdə saat 20:50-də Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. 28 iyul 2023-cü il tarixdə Təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ittiham elan edilmişdir. Səbail rayon prokurorunun 28 iyul 2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilmiş və o Səbail Rayon Polis İdarəsinin Müvəqqəti Saxlama Yerindən həbsdən azad edilmişdir. 28 iyul 2023-cü il tarixdə Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Respublika Narkoloji Mərkəzinin 02 avqust 2023-cü il tarixli 4904 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. 01 sentyabr 2023-cü il tarixli sübütların qiymətləndirilməsi haqqında qərarla Təqsirləndirilən şəxs götürülmüş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,115 qram olan (ilkin təmiz çəki 0,165 qram) narkotik vasitə-heroin maddi sübut kimi tanınmış və saxlanılması üçün Bakı şəhər Səbail Rayon Polis İdarəsinin saxlanc yerinə təhvil verilmişdir. Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 05 avqust 2023cü il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, xx.xx.2001-ci il təvəllüdlü Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə verilmiş ifadələrin kifayət qədər ziddiyyətli olmasını, iş materiallarında olan şəxsi axtarış və götürmə haqqında protokolu nəzərə alaraq hesab edir ki, şəxsi axtarış və götürmə istintaq hərəkəti qanunvericiliyinin tələbləri pozulmaqla aparılmışdır. Təqsirləndirilən şəxs elan olunmuş ittihama əsasən o, istintaqa məlum olmayan mənbədən şəxsi istehlak miqdarından artıq miqdarda satış məqsədi olmadan qanunsuz olaraq bir ədəd bükümdə 0,165 qram təşkil edən narkotik vasitə heroini 26 iyul 2023-cü il tarixdə səhər saatlarında əldə edib üzərində saxlamaqla Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi 32 ünvanında yerləşən Şıxov çimərliyi ərazisində “Qağayı” çimərliyinin qarşısına daşıdığı zaman qeyd olunan ərazidə xidmətdə olan Azərbaycan Respublikası DİN-nin X6 Alayının 4-cü Patrul Bölüyünün əməkdaşları özünü şübhəli apardığı üçün 26 iyul 2023-cü il tarixdə saat 19:45 radələrində Təqsirləndirilən şəxs həmin ünvanda saxlayıb, Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin 41-ci Polis Bölməsinə dəvət edərək, 26 iyul 2023-cü il tarixdə saat 21:10-dan etibarən Polis Bölməsində xidməti otaqların birində polis əməkdaşları və müdafiəçinin iştirakı ilə keçirilən şəxsi axtarış və götürmə zamanı sonuncunun əynində olan qara rəngli şalvarının sağ yan cibindən üzərində “Pall Mall” sözləri yazılmış siqaret qutusunun içərisindən satış məqsədi olmadan əldə edib, üzərində daşıyıb saxladığı 01 (bir) ədəd bükümdə 0,165 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilib götürülmüşdür. Məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, şahidlər Daxili İşlər Nazirliyi X6 Alayının 4-cü Patrul Bölüyünün polis nəfərləri Şahid2 və Şahid1 ifadələrində göstərmişdir ki, 26 iyul 2023cü il tarixdə onlar Bakı şəhəri, Səbail rayonu, Şıxov ərazisində yerləşən “Qağayı” adlanan çimərlikdə avtopatrulla xidmət aparan zaman həmin ərazidə “Saipa” markalı avtomobildə əyləşən üç şəxsin özünü şübhəli apardıqlarını görmüş və onlara yaxınlaşmışlar. Maşında arxada oturan şəxs, yəni Şahid3 onları gördükdə dərhal əlində olan narkotik vasitəni maşının arxa oturacağına atmışdır. Bu zaman onlar narkotik vasitəni götürərək həmin şəxsləri Səbail Rayon Polis İdarəsinin 41-ci Polis Bölməsinə aparmışlar. Narkotik vasitə olan maşını da özləri ilə bölməyə aparmışlar. Bölmədə müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə videoçəkilişlə şəxsi axtarış aparmışdır. Çəkiliş zamanı Təqsirləndirilən şəxs əynində olan şalvarının yan cibindən bir ədəd siqaret qutusunun içərisindən bir ədəd bükümü təqdim edərək həmin bükümün narkotik vasitə heroin olduğunu və öz istifadəsi üçün əldə etdiyini demişdir. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd şəffaf sellofanda olan büküm təhqiqatçı tərəfindən zərfə qoyulub qablaşdırılmışdır. Həmçinin təqsirləndirilən şəxs məhkəmə iclasında bildirmişdir ki, narkotik vasitə avtomobildə olmuş, onlar narkotik vasitə istifadə edərkən polis əməkdaşları onlara yaxınlaşmış və narkotik vasitəni götürüb onları avtopatrulla 41-ci Polis Bölməsinə aparmışlar. Narkotik vasitə olan avtomobili də özləri ilə bölməyə aparmışlar. Təqsirləndirilən şəxs bildirmişdir ki, onun bölmədə üzərindən çıxararaq təqdim etdiyi narkotik vasitə polis əməkdaşlarının avtomobildən aşkar etdiyi narkotik vasitə ilə eynidir, yəni polis əməkdaşlarının avtomobildən aşkar edərək götürdüyü narkotik vasitəni şəxsi axtarış və götürmə zamanı sənədləşdirmə belə aparıldığından üzərindən aşkar edilmiş narkotik vasitə kimi təqdim etmişdir. Göründüyü kimi ümumi istifadədə olan 0,165 qram narkotik vasitə heroin polis əməkdaşları Şahid1 və Şahid2 tərəfindən maşının arxa oturacağında aşkar edilərək götürülmüş və Təqsirləndirilən şəxs, Şahid3 və Şahid4 ilə birlikdə Səbail Rayon Polis İdarəsinin 41-ci Polis Bölməsinə təhvil verilmişdir. Lakin bölmədə narkotik vasitənin Təqsirləndirilən şəxs üzərindən aşkar olunması kimi sənədləşmə aparılmışdır. Təqsirləndirilən şəxs da məhkəmə iclasında bildirmişdir ki, sənədləşmənin bu cür aparılmasına bölmədə etiraz etməmişdir. Qeyd edilən hal sübutların keyfiyyəti, o cümlədən sübutların əldə edildiyi şəraitin onların etibarlılığını və ya dəqiqliyini şübhə altına alır. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə şahid ifadələri, ekspert rəyi, iş materiallarına əlavə edilmiş işin digər halları ilə onun satış məqsədi olmadan, qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə-heroini əldə edərək saxlamaqla daşıma cinayətini törətməsi tamamilə sübuta yetirildi. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 242-ci maddəsində göstərilir ki, əldə edilmiş (mövcud) sübutlar və ya əməliyyat-axtarış fəaliyyətinin materialları hər hansı yaşayış, xidməti və ya istehsalat binasında, digər yerdə, yaxud hər hansı şəxsdə iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək əşyaların və ya sənədlərin olmasını güman etməyə kifayət qədər əsas verdikdə, müstəntiq axtarış apara bilər. 242.3. Toplanmış sübutlarla və ya əməliyyat-axtarış fəaliyyətinin materialları ilə sübut əhəmiyyətinə malik ola biləcək əşyaların və sənədlərin kimdə və harada olması müəyyən edildikdə müstəntiq həmin əşya və sənədləri götürə bilər. Belə ki, cinayət prosesində axtarış və ya götürmənin aparılması zamanı vətəndaşların konstitusiya ilə təsbit olunmuş mənzil toxunulmazlığı hüquqlarının təmin edilməsi prosesi həyata keçirən orqanlar qarşısında qoyulmuş vacib vəzifələrdən biridir. Bu istintaq hərəkətlərinin prosessual əsasını həmin istintaq hərəkətlərin aparılması üçün cinayət-prosessual qanunvericiliklə müəyyən edilmiş prosedur qaydalar təşkil edir. Axtarış istintaq hərəkətinin faktiki əsasını isə müəyyən yerdə (ərazidə, binada və s.) və ya müəyyən şəxsdə cinayət işinin faktiki halları üzrə hər hansı əşyaların, sənədlərin olması və ya axtarışda olan şəxsin gizlənməsi haqqında daxil olmuş məlumatlar təşkil edir. Məhkəmə qeyd edir ki , axtarış və ya götürmə istintaq hərəkətlərinin əsas iştirakçıları müstəntiq (CPM- 85.4.2-ci maddəsi) və təhqiqatçıdır (CPM-in 86.4.2-ci maddəsi). Bütün axtarış hərəkətləri və istintaq hərəkətinin həyata keçirilməsində iştirak edən digər şəxslərin iştirakı ilə aparılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 246-cı maddəsində göstərilir ki, müstəntiq iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək, barəsində istintaq hərəkəti aparılan şəxsin paltarında, əşyalarında və ya bədənində ola bilən əşya və sənədləri, bir qayda olaraq, məhkəmənin qərarı əsasında götürə bilər. 246.2. Məhkəmənin qərarı alınmadan şəxsi axtarış aşağıdakı hallarda aparıla bilər: 246.2.1. şübhəli şəxs tutulduqda və polis və ya digər hüquq-mühafizə orqanına gətirildikdə; 246.2.2. təqsirləndirilən şəxs barəsində həbsə alma qətimkan tədbiri tətbiq edildikdə; 246.2.3. axtarış və ya götürmənin aparıldığı binada olan şəxsin cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək əşya və sənədləri gizlətməsini güman etməyə kifayət qədər əsaslar olduqda. 246.3. Şəxsi axtarış və götürmə zamanı videoçəkilişdən istifadə edilmədikdə barəsində şəxsi axtarış və götürmə aparılan şəxslə eyni cinsdən olan azı 2 (iki) hal şahidinin iştirakı məcburidir. Nəzərə almaq lazımdır ki, şəxsi axtarış və götürmə, barəsində axtarış və götürmə aparılan şəxsin (şəxslərin deyil) paltarlarının, ayaqqabılarının, özü ilə gəzdirdiyi əşyaların və bədəninin axtarışını nəzərdə tutur. Şəxsi axtarış və götürmənin məqsədi bilavasitə axtarılan şəxsin paltarında, ayaqqabısında, əşyalarında və ya bədənində olan və iş üçün əhəmiyyət kəsb edə bilən əşya və sənədlərin aşkar edilməsindən və götürülməsindən ibarətdir. Tutulmuş şübhəli şəxsin və barəsində həbs növündə qətimkan tədbiri tətbiq edilmiş təqsirləndirilən şəxsin şəxsi axtarışının məqsədi həm də müvəqqəti saxlama təcridxanalarında saxlanılması və istifadəsi qadağan edilən əşya və sənədlərin aşkar edilməsindən və götürülməsindən ibarətdir. Şəxsi axtarış və götürmənin əsasını axtarılacaq şəxsdə axtarılan əşya və sənədlərin olmasını güman etməyə əsas verən konkret məlumatlar təşkil edir. Şəxsi axtarış və götürmə məhkəmənin qərarı ilə keçirildikdə, bu istintaq hərəkətinin əsası qismində yalnız prosessual sübutlar çıxış edir. Şəxsi axtarış və götürmə zamanı şəxsin şəxsi əşyaları (məsələn, diplomatı və ya çemodanı, çantası, bükülü vəziyyətdə gəzdirdiyi əşyaları, fotoaparatı, siqaret qutusu, mobil telefonu, peyceri və s.) və sənədləri müayinə edilərək axtarılır və ya götürülür. CPM-in 246-cı maddəsinə əsasən, müstəntiq iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək, barəsində istintaq hərəkəti aparılan şəxsin paltarında, əşyalarında və ya bədənində olan əşya və sənədləri, bir qayda olaraq məhkəmənin qərarı əsasında götürə bilər. Məhkəmə qərarı alınmadan şübhəli şəxs tutulduqda və polis və ya digər hüquq mühafizə orqanına gətirildikdə şəxsi axtarış aparıla bilər (CPM-nin 246.2). Axtarış və ya götürmə istintaq hərəkətlərinin aparılması əsasları və qaydası CPM-nin 242- 245-ci maddələrində göstərilmişdir. Məhkəmənin (müstəntiqin) qərarı əsasında aparılan şəxsi axtarış və götürmə zamanı, bu istintaq hərəkəti başlamazdan əvvəl müvafiq qərar şəxsə elan olunmalı və CPM-in 245.7-ci maddəsində göstərilən qaydalara əməl edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 247-ci maddəsində göstərilir ki, axtarış və ya götürmə qurtardıqdan sonra müstəntiq bu istintaq hərəkətlərinə dair aşağıdakıları əks etdirən protokol tərtib edir: 247.1.1. axtarış və ya götürmənin aparıldığı yer, tarix və vaxt; 247.1.2. müstəntiqin soyadı, adı və atasının adı, vəzifəsi; 247.1.3. axtarış və ya götürmədə iştirak etmiş digər şəxslərin soyadı, adı, atasının adı, habelə onların doğulduğu il, ay, gün və yer, vətəndaşlığı, təhsili, iş yeri, məşğuliyyət növü və ya vəzifəsi, yaşadığı və qeydiyyatda olduqları yer; 247.1.4. barəsində axtarış və ya götürmə aparılmış şəxsə onun hüquq, vəzifə və məsuliyyətinin izah edilməsi haqqında qeyd; 247.1.5. hal şahidlərinin soyadı, adı, atasının adı, habelə onların doğulduğu il, ay, gün və yer, vətəndaşlığı, təhsili, iş yeri, məşğuliyyət növü, yaşadığı və qeydiyyatda olduqları yer (yalnız hal şahidlərinin iştirak etdiyi halda) 247.1.6. hal şahidlərinin hər birinin şübhəli, təqsirləndirilən və zərər çəkmiş şəxslə qarşılıqlı münasibəti haqqında məlumat (yalnız hal şahidlərinin iştirak etdiyi halda); 247.1.7. hal şahidlərinin hər birinə onun hüquq, vəzifə və məsuliyyətinin izah edilməsi haqqında qeyd (yalnız hal şahidlərinin iştirak etdiyi halda); 247.1.8. axtarış və ya götürmənin xüsusiyyətləri, axtarış, yaxud götürmənin aparılmasında foto, kino və video çəkilişdən və ya digər yazan texniki vasitələrdən istifadə edilməsi barədə qeyd; 247.1.9. axtarış və ya götürmə aparılarkən müşahidə edilmə ardıcıllığı ilə bütün aşkar olunanlar, o cümlədən axtarılan əşya və şəxslərin könüllü surətdə verilməsi hallarının olubolmaması; istintaq hərəkəti zamanı belə hal baş vermişsə, aşkar edilmiş əşya və sənədləri gizlətmək cəhdləri; götürülmüş əşyaların sayı, ölçüsü, çəkisi, fərdi əlamətləri və digər xüsusiyyətləri göstərilməklə ətraflı təsviri. 247.3. Axtarış və ya götürmə zamanı foto, kino və video çəkilişdən, yaxud digər yazan texniki vasitələrdən istifadə edildikdə müvafiq yazılar, fotoşəkillər, çəkiliş lentləri və ya başqa məlumat daşıyıcıları protokola əlavə edilir. Belə ki, cinayət təqibini həyata keçirən müstəntiq və ya təhqiqatçı tərəfindən axtarış və ya götürmə istintaq hərəkətləri başa çatdıqdan sonra bu istintaq hərəkətlərinin nəticələrinə dair protokol tərtib edilir. Cinayət-prosessual qanunvericilik iş üçün həmin istintaq hərəkəti protokollarında rəsmiləşdirilməsini tələb edir. Axtarış və ya götürmə istintaq hərəkətlərinin hərtərəfli və obyektiv olaraq əhəmiyyətli faktların aşkar edilməsi üçün cinayət təqibini həyata keçirən orqanlar tərəfindən götürmə istintaq hərəkətlərinin nəticələrinin rəsmiləşdirilməsi və müvafiq qaydada qeydə alınması, bu istintaq hərəkəti protokollarından sübut kimi istifadə edilməsinin əsasını təşkil edir. Axtarış və ya götürmə protokolu əsas prosessual sənəd olub, bu istintaq hərəkətlərinin həyata keçirilməsi üzrə müstəntiqin və ya təhqiqatçının bütün fəaliyyətini əks etdirir. Məhkəmə qeyd edir ki, cinayət-prosessual qanunvericiliyində mötəbər sübutlarının əldə edilməsi üçün şəxsi axtarış və götürmə zamanı şübhəli şəxs tutulması, polis və ya digər hüquq mühafizə orqanına gətirilməsi, təqsirləndirilən şəxs barəsində həbsə alma qətimkan tədbiri tətbiq edilməsi, axtarış və ya götürmənin aparıldığı binada olan şəxsin cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək əşya və sənədləri gizlətməsini güman etməyə kifayət qədər əsaslar olduqda istintaq hərəkətinin məhkəmə qərarı alınmadan aparılması nəzərdə tutulmuşdur. Qeyd edilənlər obyekt üzərində pozularaq bərpa olunmayacaq dərəcədə öz sübuti əhəmiyyətini itirə bilən izlərin mövcud olması faktını təsdiq etmək baxımından da mühüm əhəmiyyət kəsb edir və işin hallarının daha tam və obyektiv müəyyənləşdirilməsinə kömək edirlər. Qanunvericiliklə müəyyən edilmiş tələblər həm işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasını təmin etmək məqsədi daşıyır. Həmin tələblərə əməl edilməməsi müvafiq istintaq hərəkətləri zamanı əldə edilmiş sübutların qeyri-mümkün hesab edilməsinə səbəb olur. Məhkəmə bu hissədə ifadələri və iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, şəxsi axtarış və götürmə haqqında protokolu tərtib edilənədək kobud pozuntulara yol verildiyindən, bu pozuntu sübutların keyfiyyəti, o cümlədən sübutların əldə edildiyi şəraitin onların etibarlılığını və ya dəqiqliyini şübhə altına aldığından şəxsi axtarış və götürmə protokolu 26 iyul 2023-cü il tarixli protokol sübut növü baxımından da əhəmiyyətsiz, hüquqi qüvvəsi olmayan hesab edilməlidir. Bu da, cinayət-prosessual qanunvericiliyin tələblərinin ittiham tərəfindən pozulması kimi qiymətləndirilməlidir. Cinayət-Prosessual Məcəlləsinin 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. İstintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda həmin istintaq hərəkətlərinin protokollarının cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Bu halda aparılmış isintaq hərəkətinin protokolu hüquqi qüvvəsi olmayan hesab edilir və ittihamın düzgün həlli üçün hər hansı halın sübut olunmasında istifadə edilə bilməz (CPM 125.3). Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş digər sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə özünün narkotik vasitənin əldə olunmasında iştirakını təsdiq etməsi, həmçinin aşkar olunmuş narkotik vasitədən istifadə etməsi faktı, şahid ifadələri, ekspert rəyi, iş materiallarına əlavə edilmiş işin digər halları ilə onun satış məqsədi olmadan, qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə-heroini əldə edərək saxlamaqla daşıma cinayətini törətməsi tamamilə sübuta yetirildi. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlukəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının CM-nin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi əməldən peşman olmasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar aşkar olunmadı. Məhkəmə törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmamasını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür və ona görə də, o, təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Təqsirləndirilən şəxs 26 iyul 2023-cü il tarixdən 28 iyul 2023-cü il tarixədək, yəni 02 (iki) gün müddətində həbsdə olması Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesabı ilə hesablanmaqla, 04 (dörd) gün ona təyin ediləcək cəzadan çıxılaraq üzərində qəti cəza saxlanılmalıdır. Təqsirləndirilən şəxs üzərinə hər gün saat 23:30-dan növbəti gün saat 07:00-dək yaşayış yeri ünvan 1 ünvanını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri, Sumqayıt şəhəri və Abşeron rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Cəzanın icrası Sumqayıt Şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin Ambulator X2 ekspert komissiyasının 02 avqust 2023-cü il tarixli 4904 nömrəli rəyinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhər Səbail Rayon Polis İdarəsində saxlanılan keçirilmiş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,115 qram olan (ilkin təmiz çəki 0,165 qram) narkotik vasitə - heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 114 (bir yüz on dörd) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 31 saylı qərarına əsasən təqsirləndirilən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344- 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə 26 iyul 2023-cü il tarixdən 28 iyul 2023-cü il tarixədək, yəni 02 (iki) gün həbsdə saxlanıldığı müddətinin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutularaq, 04 (dörd) gün təyin olunmuş cəzadan çıxılmaqla, onun üzərində qəti olaraq 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə hər gün saat 23:30-dan növbəti gün saat 07:00-dək yaşayış yeri ünvan 1 ünvanını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri, Sumqayıt şəhəri və Abşeron rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icrası Sumqayıt Şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Bakı şəhər Səbail Rayon Polis İdarəsində saxlanılan iş üzrə maddi sübut kimi tanınmış, keçirilmiş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,115 qram olan narkotik vasitə-heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 114 (bir yüz on dörd) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142595, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X3, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən 438 (dörd yüz otuz səkkiz) manat Bakı şəhəri 12 saylı Vəkil Bürosunun hesabına keçirilsin. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim Ülviyyə Şükürova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar