Məhkəmə qərarları › İş №1(009)-296/2023

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-296/2023

30.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-296/2023 30.12.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Şirməmmədova Günel Lətif qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Müdafiəçisi “Kamandar Nəsibov və Partyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxxx 1977-ci il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2a kirayə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə 30 dekabr 2023-cü il tarixdə, saat 10.30-da məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talayıb, zərərçəkmiş şəxsə maddi ziyan vurmaqla oğurlamışdır. İttiham aktına əsasən Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 15 mart 2023-cü il tarixdə saat 13:00 radələrində Zərərçəkmiş şəxs məxsus, ünvan 4 ünvanında yerləşən “Çayki” adlı restoranın qarşısında saxladığı “Nissan-Micra” minik markalı, 90- RM -314 dövlət nömrə nişanlı avtomobilin qapılarının bağlı vəziyyətdə olmasını görüb yerdən tapdığı daş parçası ilə avtomobilin ön sol yan şüşəsini sındırmaqla salonda olan 2000 manat nağd pulu gizli olaraq talamaqla Zərərçəkmiş şəxs ümumilikdə 2000 AZN maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittihamla təqsirli bilərək ifadəsində göstərmişdir ki, mebel ustasıdır, 2023-cü ilin fevral ayına kimi ailəsi ilə birlikdə Türkiyə Respublikasına gedib orada mebel ustası kimi işləmişdir. Türkiyədə olan zaman tanışı marketdən oğurluq edəndə onun yanında olduğuna görə və çalışma icazəsi olmadığı üçün 2023-cü ilin fevral ayının əvvəlində Azərbaycana deport edilmişdir. 15 mart 2023-cü ildə səhər vaxtı Səbail rayonunda bulvarın yaxınlığında olan mağazadan 01 ədəd yarım litrlik araq alıb içmiş, həmin gün saat 13 radələrində piyada olan Dənizkənarı Milli Parkda olan “Çayki” restoranın yanına gəlmişdir. Bu zaman həmin restoranın yanında olan dayanacaqda bir neçə maşının dayandığını görmüş, həmin vaxt orada olan ağacın altında əyləşdikdə bir nəfər tanımadığı qadının gələrək orada dayanmış qırmızı minik avtomobilinin qapısını açıb saxlanc yerindən nəsə götürdüyünü görmüş, orada pul olmasını bilərək onu oğurlamaq qərarına gəlmişdir. Həmin qadın orada getdikdən sonra maşının yanına yaxınlaşmış, ətrafa baxıb heç kimin olmadığına əmin olduqdan sonra yerdən daşı götürüb maşının qabaq sol tərəf aynasını vurub sındırmış və həmin yerdən salona daxil olaraq saxlanc yerini açdıqda orada bir qadına məxsus pul kisəsinin olduğunu görmüşdür. Pul kisəsini götürüb açaraq içərisinə baxdıqda orada pul, açarlar və bank kartları olduğunu görmüşdür. Pul kisəsinin içərisində olan 2000 manatı götürmüş, həmin kisəni isə atmışdır. Oğurladığı həmin puldan özünə paltar və yemək alaraq öz şəxsi ehtiyaclarına xərcləmişdir. Oğurluq etdiyi avtomobilin sahibini əvvəldən tanımamış, onunla aralarında əvvəldən heç bir münasibət olmamışdır. Ziyandan qismən ödəmişdir.Oğurluq hadisəsini maddi cəhətdən pula ehtiyacı olduğu üçün etmişdir. Əməldən peşman olduğunu və ziyanı ən qısa zamanda geri qaytaracağına söz verərək ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 15 mart 2023-cü ildə “Çayki” restoranın qarşısında saxladığı avtomobilindən qabaq şüşəsi sındırması yolu ilə 2000 manat pulunun oğurlanması barədə Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinə ərizə yazmışdır. Onun “Nissan Micra” markalı avtomobili var. “Çayki" restoranında menecer işləyir. İşə gəlib gedərkən həmin avtomobildən istifadə edir. 15 mart 2023-cü ildə həmişə olduğu kimi idarə etdiyi “Nissan Micra” markalı avtomobillə işə gəlmiş və avtomobilini M.Hüseynov küçəsi 12 ünvanında olan “Çayki” restoranın dayanacağında saxlamışdır. Həmin zaman avtomobilinin salonunda özünə məxsus 2000 manat pulu olmuş, ona görə də maşını orada saxladıqda avtomobilin qapılarını bağlamış, həmin gün saat 13 radələrində işlədiyi restorandan çıxıb avtomobilin yük yerinə özünə məxsus əşyalarını qoyub qayıtmış, avtomobilinə heç bir hadisə olmamasının şahidi olmuşdur. 15 mart 2023-cü ildə saat 15 radələrində işdə olan zaman Bulvar İdarəsinin mühafizəçisi restorana yaxınlaşaraq avtomobilin şüşəsinin sınmış vəziyyətdə olmasını demişdir. Bu barədə ondan soruşduqda mühafizəçi bundan xəbəri olmadığını demişdir. Avtomobilinə baxdıqda onun qabaq sol tərəf aynasının sınmış vəziyyətdə olduğunu görmüş, həmin zaman bununla bağlı marqlandıqda konkret olaraq bu hadisənin kim tərəfindən törədilməsi barədə heç bir məlumat öyrənə bilməmişdir. Həmin hadisə nəticəsində avtomobilinin şüşəsinin sındırılması zamanı 150 manat maddi ziyan dəymişdir. Ziyandan 150 manat ödənilmişdir. Təqsirləndirilən şəxsə azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza verilməsini xahiş etdi. Cinayət işində olan videogörüntüyə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, bir nəfər şəxsin tək və piyada olaraq sağ əlində bağlama ilə Dənizkənarı Milli Parkda olan “Çayki” restoranı tərəfdən gələrək avtomobillərin hərəkət zolağının kənarı tərəfə gəlməsi və yolun kənarında dayanıb sonra yolun bir tərəfindən digər tərəfinə keçməsi müşahidə olunur. Dənizkənarı Milli Parkda olan “Çayki” restoranın qarşısında görüntülərin olması, həmin görüntüyə baxış zamanı bir nəfər şəxsin tək olaraq sağ əlində olan bağlama ilə səki ilə mərkəz istiqamətində piyada hərəkətdə olması müəyyən edilmişdir. 05 aprel 2023-cü il tarixdə fakta görə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmışdır. 06 aprel 2023-cü il tarixdə Zərərçəkmiş şəxs ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. 08 iyun 2023-cü il tarixli protokola əsasən Təqsirləndirilən şəxs 07 iyun 2023-cü il tarixdə saat 14:00-da şübhəli şəxs qismində tutulmuşdur. 09 iyun 2023-cü il tarixli qərarla Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsində nəzərdə tutulmuş ittiham elan edilmişdir. 09 iyun 2023-cü il tarixli qərarla Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. 20 iyun 2023-cü il tarixli qərarla Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş, eyni tarixli qərarla ********* nömrəli cinayət işi üzrə icraat dayandırılmışdır. 27 avqust 2023-cü il tarixli axtarışda olan şəxsin saxlanılması barədə protokola əsasən Təqsirləndirilən şəxs həmin tarixdə saxlanılmışdır. 27 avqust 2023-cü il tarixdə ********* nömrəli cinayət işi üzrə icraat təzələnmişdir. 29 avqust 2023-cü il tarixdə Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilmədən qüvvədə saxlanılmış və o, Səbail Rayon Polis İdarəsinin Müvəqqəti Saxlama Yerindən azad edilmişdir. Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 11 aprel 2023-cü il tarixdə tərtib olunmuş tələbnaməyə əsasən xx.xx.1977-ci il təvəllüdlü Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 1(009)-296/2023 saylı qərarı ilə xx.xx.2023cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməklə həbs qətimkan tədbiri seçilmiş, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilmişdir. Bakı İstintaq Təcridxanasının xx.xx.2023-cü il tarixli məktubuna əsasən Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Səbail Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən tutularaq Bakı İstintaq Təcridxanasına gətirilmişdir. Məhkəmə Elektron İnformasiya sistemindən çıxarışa əsasən Təqsirləndirilən şəxs himayəsində üç azyaşlı övladı var – xx.xx.2008-ci il təvəllüdlü Təqsirləndirilən şəxs Ramil qızı, xx.xx.2010-cu il təvəllüdlü X3 və xx.xx.2020-ci il təvəllüdlü X2 Məhkəmə, təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsinə şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün etirafı, zərərçəkmiş şəxsin ifadəsi və işin digər halları ilə onun özgənin əmlakını gizli olaraq talayıb zərərçəkmiş şəxsə maddi ziyan vurmaqla oğurluq etməsi cinayətini törətməsi tamamilə sübuta yetirildi. Məhkəmə onun əməlinin istintaq orqanı tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.1ci maddəsi ilə tövsif edilməsini əsaslı sayır və qeyd edir ki, o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının CM-nin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Bundan başqa, cəza təyini məsələsini həll edərkən məhkəmə Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli Sərəncamıda nəzərə almalıdır. Belə ki, həmin Sərancamın 8-ci bəndində qeyd edilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfındən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edərək səmimi peşman olmasını, ziyanı qismən ödənilməsini cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar aşkar olunmadı. Məhkəmə törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmamasını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.1-ci maddəsində nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər və ona azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Təqsirləndirilən şəxs 08 iyun 2023-cü il tarixdən 09 iyun 2023-cü il tarixədək, 27 avqust 2023-cü il tarixdən 29 avqust 2023-cü il tarixədək, 07 noyabr 2023-cü il tarixdən 30 dekabr 2023-cü il tarixədək, yəni 01 (bir) ay 26 (iyirmi altı) gün həbsdə saxlanıldığı müddətinin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutularaq, 03 (üç) ay 22 (iyirmi iki) gün təyin ediləcək cəzadan çıxılaraq üzərində qəti cəza saxlanılmalıdır. Təqsirləndirilən şəxs üzərinə hər gün saat 23:30-dan növbəti gün saat 07:00-dək yaşayış yeri - Bakı şəhəri, Nəsimi rayonu, Abdulvahab Salamzadə küçəsi 53 ünvanını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin və Abşeron rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Cəzanın icrası Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilməlidir Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin və o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilsin. Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməli və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 31 saylı qərarına əsasən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 10 (on) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 08 iyun 2023-cü il tarixdən 09 iyun 2023-cü il tarixədək, 27 avqust 2023-cü il tarixdən 29 avqust 2023-cü il tarixədək, 07 noyabr 2023-cü il tarixdən 30 dekabr 2023-cü il tarixədək, yəni 01 (bir) ay 26 (iyirmi altı) gün həbsdə saxlanıldığı müddətinin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutularaq, 03 (üç) ay 22 (iyirmi iki) gün təyin olunmuş cəzadan çıxılmaqla, onun üzərində qəti olaraq 06 (altı) ay 08 (səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin və o, dərhal məhkəmə iclası zalında həbsdən azad edilsin. Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilsin və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə hər gün saat 23:30-dan növbəti gün saat 07:00-dək yaşayış yeri – ünvan 5 ünvanını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin və Abşeron rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icrası Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilsin. “Kamandar Nəsibov və Partyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən 210 ( iki yüz on) manat “Kamandar Nəsibov və Partyorları” Vəkil Bürosunun hesabına keçirilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim Ülviyyə Şükürova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar