Məhkəmə qərarları › İş №1(009)-296/2025

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-296/2025

15.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-296/2025 15.10.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Mehdiyev Fərid Bəxtiyar oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxsin müdafiəçisi Bakı şəhəri “Kamandar Nəsibov və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxxx 1996-cı ildə Lənkəran rayonu, Port-İliç kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 120.1-ci maddəsinə əsasən 07 il 10 ay 15 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, məhkumluğu ödənilməmiş və götürülməmiş, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2da kirayə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3-1 və 177.2.5-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə 15 oktyabr 2025-ci il tarixdə saat 11.15-də məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İttiham aktına əsasən Təqsirləndirilən şəxs təkrarən zərərçəkmiş şəxsin çantasından çıxarılmaqla və elektron məlumat daşıyıcılarından istifadə etməklə özgənin əmlakını gizli talayıb oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədilə 28 aprel 2025-ci il tarixdə saat 01 radələrində ünvan 4 ünvanında yerləşən Fikrət Əmirov adına istirahət parkında Zərərçəkmiş şəxs yaxınlaşaraq tanış olmağı təklif etdikdə sonuncu ona rədd cavabı verməsindən sonra onu qucaqlamaq istəyərkən kənara itələməsindən istifadə edərək Zərərçəkmiş şəxs hər iki çiynində asdığı idman çantasının açıq vəziyyətdə olan çöl cibindən sonuncuya məxsus üzərində 20 manat dəyərində “Bakcell” mobil şəbəkəsinə aid ***-***-**-** GSM nömrəsi olan 01 ədəd 300 manat dəyərində “Redmi 10” markalı, **********66708 İMEİ 1 və **********66716 İMEİ 2 kodlu mobil telefonu gizli olaraq talayıb ümumilikdə Zərərçəkmiş şəxs 320 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədilə Zərərçəkmiş şəxs məxsus «Redmi 10» markalı **********66708 İMEİ 1 və **********66716 İMEİ 2 kodlu mobil telefonun üzərində olan ***-***-**-** mobil telefon nömrəsinin «M10» elektron pul kisəsi vasitəsilə 28 aprel 2025-ci il tarixdə saat 11:23-də Bakı şəhəri, Nəsimi rayonu, X2 küçəsi ev 18B ünvanında yerləşən «Bazarstore» marketində 8 manat 80 qəpik dəyərində ödəniş etmiş, 28 aprel 2025-ci il tarixdə saat 15:19 dəqiqədə Zərərçəkmiş şəxs məxsus elektron məlumat daşıyıcısı olan "xxxx" ASC-nə aid 4169-7414-7882-1265 nömrəli hesab kartından istintaqa məlum olmayan Muxtar adlı şəxsin ****3486 nömrəli hesab kartına 21 manat pul köçürmə əməliyyatını icra etmiş, 28 aprel 2025-ci il tarixdə saat 15:55-də ünvan 6 ünvanında yerləşən «Zeytun» aptekdə «M10» elektron pul kisəsi vasitəsilə 2 manat 42 qəpik, 28 aprel 2025-ci il tarixdə saat 18:52-də ünvan 7 ünvanında yerləşən «Araz» marketdə «M10» elektron pul kisəsi vasitəsilə 20 manat dəyərində yenidən ödəniş etmiş, bununla kifayətlənməyərək 28 aprel 2025-ci il tarixdə saat 18:58-də Zərərçəkmiş şəxs məxsus elektron məlumat daşıyıcısı olan "xxxx" ASC-nə aid 4169-7414-7882-1265 nömrəli hesab kartından istintaqa məlum olmayan Kainat adlı şəxsə məxsus ****9735 nömrəli bank kartına 100 manat, 28 aprel 2025-ci il tarixdə saat 19:19-da istintaqa məlum olmayan Solmaz adlı şəxsə məxsus ****3641 nömrəli hesab kartına 30 manat, həmin tarixdə saat 19:44-də həmin şəxsə məxsus eyni hesab kartına 20 manat, 28 aprel 2025-ci il tarixdə saat 19:49-da yenidən istintaqa məlum olmayan Kainat adlı şəxsə məxsus ****9735 nömrəli bank kartına 50 manat 28 aprel 2025-ci il tarixdə saat 20:08- də istintaqa məlum olmayan Samir adlı şəxsə məxsus ****2429 nömrəli hesab kartına 8 manat, 28 aprel 2025-ci il tarixdə saat 20:39-da istintaqa məlum olmayan İlkin adlı şəxsə məxsus ****1287 nömrəli hesab kartına 7 manat, 28 aprel 2025-ci il tarixdə saat 21:00-da istintaqa məlum olmayan Ehtibar adlı şəxsə məxsus ****8213 nömrəli hesab kartına 6 manat 50 qəpik pul köçürmə əməliyyatını icra etmiş, 28 aprel 2025-ci il tarixdə saat 21:08 dəqiqədə «M10» elektron pul kisəsi vasitəsilə naməlum mobil nömrə hesabına 3 manat məbləğində balans artırma əməliyyatını həyata keçirmiş, 28 aprel 2025-ci il tarixdə saat 21:35də Zərərçəkmiş şəxs məxsus elektron məlumat daşıyıcısı olan "xxxx" ASC-nə aid 4169- 7414- 7882-1265 nömrəli hesab kartından istintaqa məlum olmayan Cavad adlı şəxsə məxsus ****2745 nömrəli hesab kartına 5 manat pul vəsaitini köçürmüş, cinayətkar əməllərini davam etdirərək 29 aprel 2025-ci il tarixdə saat 09:59-da ünvan 8 ünvanında olan zaman «M10» elektron pul kisəsi vasitəsilə 746 manat pulu səhvən istintaqla müəyyən edilməyən Müştəba Əzimov ad soyadlı şəxsə məxsus hesab kartına köçürmüş, 01 may 2025-ci il tarixdə saat 13:38də istintaqa məlum olmayan Müştəba Əzimov ad soyadlı şəxs tərəfindən həmin 746 manat pulun öz istifadəsində olan Unibank ASC-də aid 409858****2875 nömrəli «LeoBank» hesab kartına geri köçürülməsinə nail olub ümumilikdə 1027 manat 72 qəpik pul vəsaitini elektron məlumat daşıyıcısından istifadə etməklə vahid niyyətlə əhatə olunan qəsdlə gizli olaraq talayıb Zərərçəkmiş şəxs ümumilikdə 1027 manat 72 qəpik maddi ziyan vurmaqla təkrar oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, tam məbləği xatırlamasa da, kartdan oğurluq etmişdir. Lakin telefon oğurlamayıb, Zərərçəkmiş şəxs telefonu özü taksi sifariş etmək üçün vermişdir, tanışlıq və sair məqsədi ilə özü yaxınlaşmamışdır. Zərərçəkmiş şəxs parkda halsız vəziyyətdə oturmuşdur, həmin vaxt külək əsməyə başladı, çıxarıb gödəkcəsini vermişdir. Xanım kömək istəmiş və telefonunu verib taksi sifariş verməsini istəmişdir. Hətta telefonun şifrəsini də özü vermişdir və daha sonra həmin şifrəni “Birbank”da yoxlayaraq eyni olduğunu görmüşdür. Daha sonra taksi gəlmiş və Güllünün vəziyyəti yaxşı olmadığı üçün telefonu unudub getmişdir. Daha sonra bir neçə dəfə qaytarılması üçün əlaqə saxlamışdır. Telefonu qadının çantasından və ya üzərindən götürməmişdir. Ziyanı ödəmək niyyəti var. Bunları nəzərə alaraq yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs göstərmişdir ki, özünü yaxşı hiss etmədiyi üçün parkda oturmuşdur. Şəxs yaxınlaşıb çiyninə toxunmuş və daha sonra çantasından telefonunu oğurlamışdır. Parkın çıxışına doğru gedərkən taksi sifariş etmək üçün telefonu götürmək istəyəndə telefonun olmadığını aşkar etmişdir. Növbəti gün bir neçə dəfə əlaqə saxlayanda telefonu qaytaracağını bildirmişdir, lakin sonra yoxa çıxmışdır. Daha sonra sim kartı dəyişəndə görmüşdür ki, bank kartlarından əməliyyatlar olmuşdur. Heç bir ziyan ödənilməmişdir. İş materiallarında olan videogörüntüyə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs bir sıra aptek və marketlərdə mobil telefonu POS terminal avadanlığına yaxınlaşdırmaqla ödənişlər həyata keçirmişdir. 03 iyun 2025-ci il tarixdə fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmışdır. 03 iyun 2025-ci il tarixdə Zərərçəkmiş şəxs qismində tanınmışdır. 03 iyun 2025-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. 04 iyun 2025-ci il tarixdə ********* nömrəli cinayət işi üzrə əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsindən həmin Məcəllənin 177.2.2, 177.2.3-1 və 177.2.5 -ci maddələrinə tövsif edilməklə Təqsirləndirilən şəxs həmin maddələrlə nəzərdə tutulan ittiham elan edilmişdir. 05 iyun 2025-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3-1 və 177.2.5 -ci maddələri ilə ittiham elan edilmişdir. 13 iyun 2025-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3- 1 və 177.2.5-ci maddələri ilə olan ********* nömrəli cinayət işi icraata qəbul edilmiş və istintaqı davam etdirilmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 4(009)-285/2025 saylı qərarı ilə Təqsirləndirilən şəxs barəsində 03 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Həbsetmənin əvvəli 03 iyun 2025-ci il tarixdən hesablanmışdır. Azərbaycan Respublikası DİN-nin Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs: - Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 120.1-ci maddəsinə əsasən 07 (yeddi) il 10 (on) ay 15 (on beş) gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2022-ci il tarixli, 3282 saylı “əfv” fərmanına əsasən cəzasının çəkilməmiş hissəsindən azad edilmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 1(101)-778/2015 saylı hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.1-ci maddəsi ilə təqsirli bilinib, 07 (yeddi) il 10 (on) ay 15 (on beş) gün müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2022-ci il tarixli, 3282 saylı “əfv” fərmanına əsasən cəzasının çəkilməmiş hissəsindən azad edilmişdir. 08 avqust 2025-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3-1 və 177.2.5-ci maddələri ilə yeni məzmunda yenidən ittiham elan edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli məhkəmə iclasında araşdırılmış və tədqiq edilmiş sübutların məcmusu tamamilə sübuta yetirilmişdir. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3-1 və 177.2.5-ci maddələrində nəzərdə tutulan cinayət əməlinin tərkibi vardır. Məhkəmə onun əməlinin ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikasının CM-nin 177.2.2, 177.2.3-1 və 177.2.5-ci maddələri ilə tövsif edilməsini əsaslı sayır və qeyd edir ki, o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittihamda qismən təqsirli bilməsini, yəni zərərçəkmiş şəxsə məxsus mobil telefonu götürməməsi, Zərərçəkmiş şəxs özünün verməsi iş materiallarında olan sənədlər, zərərçəkmiş şəxsin ifadəsi ilə təkzib olunaraq məhkəmə tərəfindən özünü müdafiə xarakterli ifadə kimi qəbul edilərək əsassız sayılır. Məhkəmə təqsirləndirilən şəxsin belə məzmunda ifadə verməsini və özünü ona qarşı elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilməsini onun hüququ kimi qəbul edir və təqsirləndirilən şəxsin dəlillərini əsaslı hesab etmir, onun həmin mövqeyinə münasibət bildirərək, hesab edir ki, təqsirləndirilən şəxsin bu mövqeyi əsassızdır və onunla razılaşmaq olmaz Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlukəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi əməldən səmimi peşman olmasını yüngülləşdirən hal kimi qiymətləndirir. Müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Prezidentinin xx.xx.2022ci il tarixli, 3282 saylı “əfv” fərmanına əsasən Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 1(101)-778/2015 saylı hökmü ilə təyin edilmiş 07 (yeddi) il 10 (on) ay 15 (on beş) gün müddətə azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş hissəsindən azad edilmişdir. Lakin məhkumluğu ödənilməmiş, altı il keçmədən 28 aprel 2025-ci il tarixdə yenidən qəsdən az ağır cinayət törətmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.4-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrumetməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluğu olmayan hesab edilir. Məhkəmə Cinayət Məcəllənin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivinin olmasını cəzanı ağırlaşdıran hal kimi qiymətləndirir. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3-1 və 177.2.5-ci maddələrində nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzası təyin olunduğu təqdirdə təmin edilə bilər və ona azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cinayətlərin residivi zamanı əvvəllər azadlıqdan məhrumetmə növündə cəza çəkdiyindən ona təyin olunacaq azadlıqdan məhrumetmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Cinayət işinin materialları ilə Təqsirləndirilən şəxs azadlığının faktiki olaraq 03 iyun 2025-ci il tarixdən məhdudlaşdırılması təsdiq edildiyindən məhkəmə hesab edir ki, sonuncunun cəzaçəkmə müddətinin əvvəli də həmin tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 31 saylı qərarına əsasən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3-1 və 177.2.5-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 03 iyun 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Bakı şəhəri “Kamandar Nəsibov və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 319 (üç yüz on doqquz) manat dövlət büdcəsindən tutularaq Bakı şəhəri “Kamandar Nəsibov və Partnyorları” Vəkil Bürosunun bank hesabına köçürülsün. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim Ülviyyə Şükürova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar