Məhkəmə qərarları › İş №1(009)-297/2025

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №1(009)-297/2025

25.08.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(009)-297/2025 25.08.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Bağırova Sahilə Hümbət qızının sədrliyi, Seyidli İlkin Ramin oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikasının Baş Prokurorluğu Dövlət ittihamının Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru 1-ci dərəcəli hüquqşünas Dövlət ittihamçısı, müdafiəçi – “Kredo” Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə açıq məhkəmə iclasında ilkin dinləmələr keçirərək M Ü Ə Y Y Ə N E T D İ: İbtidai istintaq orqanı tərəfindən verilmiş ittihama əsasən Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən və vaxtda satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda 01 (bir) ədəd sellofan bükülüdə təmiz çəkisi 6,38 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı əldə edib üzərində saxlayaraq daşımış, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 04 aprel 2025-ci il tarixdə saat 15:12-də Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 25 saylı evin yaxınlığında narkotik vasitəslərin və psixotrop maddələrin qanunsuz olaraq dövriyyəsi ilə məşğul olmaqda şübhəli şəxs qismində saxlanılaraq həmin ünvanda üstünün yoxlanılması zamanı əynində olan qara rəngli gödəkçəsinin sağ yan cibindən bir ədəd bükümdə təmiz çəkisi 6,38 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış xeyli miqdarda narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə hazırlıq iclası zamanı dövlət ittihamçısı X2 qızı məhkəmə hazırlıq iclasının məhkəmə baxış iclasına verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi məhkəmə hazırlıq iclasının məhkəmə baxış iclasına verilməsinə etirazlarının olmadıqlarını bildirmişlər Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələr keçirilərkən istintaq orqanı tərəfindən cinayətin işinin istintaqı zamanı kobud qanun pozuntularına yol verilməsi müəyyən edildiyindən məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin baxılmasına xitam verilməli və cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 299.3.2-ci maddəsinə əsasən hər bir halda cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmənin hazırlıq iclasında aparılmış ibtidai araşdırma zamanı bu Məcəllənin tələblərinin pozulub-pozulmaması barədə məsələyə baxılır Cinayət işinin materiallarından görünür ki: 05 aprel 2025-ci il tarixli cinayət işinin başlaması haqqında qərarla Təqsirləndirilən şəxs barəsində fakta görə CM-nin 234.1-ci maddəsi ilə cinayət işi başlanmışdır. Şübhəli şəxsin tutulması haqqında 04 aprel 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 04 aprel 2025-ci il tarixdə, saat 15:12-də şübhəli şəxs qismində tutulmuşdur 06 aprel 2025-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə ittiham elan olunmuşdur. Sabunçu Rayon Polis İdarəsinin İstintaq Şöbəsi tərəfindən ********* nömrəli cinayət işi üzrə xx.xx.2025-ci il tarixdə Kazımov X6 rayon Polis İdarəsinin İstintaq şöbəsinin müstəntiqi polis mayoru Samir Ağayev tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə ittiham elan olunmuş, həmin tarixdə Bakı şəhəri, Sabunçu rayon Məhkəməsinin hakimi X8 tərəfindən barəsində 4 (dörd) ay həddində həbs qətimkan tədbiri seçilmişdir. 09 aprel 2025-ci il tarixdə ********* nömrəli cinayət işi Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 74.2.1, 74.2.2 və 216.1-ci maddələrinin tələblərinə əsasən Sabunçu Rayon Polis İdarəsinin İstintaq Şöbəsində istintaqı aparılan ********* nömrəli cinayət işi ilə bir icraatda birləşdirilərək istintaqın davam etdirilməsi məqsədilə istintaq aidiyyəti üzrə Sabunçu Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 17 aprel 2025-ci il tarixli qərarı ilə Sabunçu Rayon Məhkəməsinin 08 aprel 2025-ci il tarixli qərarı ləğv edilmiş, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsindən imtina edilməklə o, məhkəmə iclas zalından həbsdən azad edilərək barəsində 04 ay müddətində «ev dustaqlığı» qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs barəsində seçilmiş 04 ay müddətində «ev dustaqlığı» qətimkan tədbirinin əvvəli 06 aprel 2025-ci il tarixdən hesablanmışdır 11 iyul 2025-ci il tarixli qərarla müstəntiq Samir Ağayev tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 234.4.3-cü maddələrindən həmin Məcəllənin 234.4.2 və 234.4.3-cü maddələrinə tövsif edilmişdir. 19 iyul 2025-ci il tarixli qərarla Sabunçu Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiq Samir Ağayev tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.2 və 234.4.3-cü maddələrindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilmiş, ********* nömrəli cinayət işinin materiallarından Təqsirləndirilən şəxs barəsində olan ********* nömrəli cinayət işi ayrıca icraata ayrılaraq istintaq aparılmasından ötrü istintaqın davam etdirilməsi üçün ərazi aidiyyəti üzrə Səbail Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilmiş 26 iyul 2025-ci il tarixli qərarla Səbail Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin baş müstəntiqi Elşən Bədəlzadənin icraatına qəbul edilmişdir. 250020136 nömrəli cinayət işi Səbail Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin baş müstəntiqi Elşən Bədəlzadənin icraatına daxil olduğu gün 26 iyul 2025-ci il tarixdə “müdafiəçinin cinayət prosesində fəaliyyətinə xitam verilməsi” barədə qərar qəbul edilmiş, 28 iyul 2025-ci il tarixdə və 29 iyul 2025-ci il tarixdə 2 şahid dindirlmiş, 08 avqust 2025-ci il tarixdə sübutların qiymətləndirilməsi qərarı qəbul edilmiş, 09 avqust 2025-ci il tarixdə təqsirləndirilən şəxs və müdafiəçisi cinayət işinin materialları ilə tanış olmuş, 13 avqust 2025-ci il tarixdə ittiham aktı tərtib edilmiş 14 avqust 2025-ci il tarixdə ittiham aktı ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən təsdiq edilmişdir. Cinayət işi ilə bağlı Təqsirləndirilən şəxs qismində cəlb edildikdən sonra yalnız bir dəfə 06 aprel 2025-ci il tarixdə dindirilmişdir. Məhkəmə qeyd edilənlərlə bağlı ilk olaraq bildirir ki, ********* nömrəli cinayət işinin materiallarından Təqsirləndirilən şəxs barəsində olan ********* nömrəli cinayət işi ayrıca icraata ayrılaraq istintaqın davam etdirilməsi üçün ərazi aidiyyəti üzrə Səbail Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilmiş, Səbail Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin baş müstəntiqi Elşən Bədəlzadə tərəfindən cinayət işi 26 iyul 2025-ci il tarixdən-08 avqust 2025-ci il tarixədək çox qısa müddətə cinayət işi üzrə ibitidai istintaq səthi araşdırılaraq ibtidai istintaq tamamlanmışdır. Cinayət işi ilə bağlı 06 aprel 2025-ci il tarixli qərar ilə “məhkəmə-narkoloji ekspertizası” təyin edilmiş, iş materiallarına həmin qərarla təyin edilmiş müvafiq rəy əlavə edilməmiş, yalnız ittiham aktında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəs ilə təqsirləndirilməsinə dair 25050216 saylı cinayət işi üzrə 08 aprel 2025-ci il tarixli qərarla təyin edilmiş məhkəmə-narkoloji ekspertizası əsasında tərtib edilmiş 23 aprel 2025-ci il tarixli rəyə istinad edilmişdir. Məhkəməyədək icraatın həyata keçirilməsinin mümkün minimal müddətləri ilə bağlı hər hansı bir məhdudiyyət Azərbaycan Respublikasının cinayət prosessual qanunvericiliyində müəyyən olunmasa da, məhkəmə qeyd edir ki, ibtidai istintaqın həyat keçirilməsinin minimal müddətləri ağlabatan həddə olmalı, bu müddət həm şübhəli və təqsirləndirilən şəxsin hüquqlarının real şəkildə təmin edilərək öz müdafiəsinin qurulması, həm də cinayət hadisəsi üzrə işin həqiqi hallarının araşdırılması üçün real imkan və şəraitin yaradılmasını təmin etməlidir. Bu baxımdan məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair hazırki cinayət işi üzrə faktiki olaraq qısa müddət ərzində bütün prosessual hərəkətlərin həyata keçirilməsi təqsirləndirilən şəxsin ona dövlət tərəfindən təmin edilmiş və qanunla qorunan hüquqlarından, o cümlədən özünü müdafiə edərək özünə qarşı irəli sürülmüş ittihama qarşı müdafiəsini qurmaq hüququndan tam və dolğun şəkildə yararlanmaq üçün ibtidai araşdırmanı həyata keçirən müstəntiq tərəfindən şərait yaradılmamış, bununla da, təqsirləndirilən şəxs öz müdafiəsini real şəkildə qurmaq imkanından məhrum edilmişdir. Avropa İnsan Hüquqları Məhkəməsi Yespers Belçikaya qarşı məhkəmə işində bildirmişdir ki, “cinayət hüquq pozuntusunda ittiham olunan hər kəsə yaradılmalı olan “imkanlara” öz müdafiəsini hazırlamaq məqsədi ilə bütün proses ərzində aparılan araşdırmaların nəticələri ilə tanış olmaq imkanı da daxildir. Bundan başqa, Komissiya artıq təsdiq edib ki, ittiham tərəfində olan materiallarla tanış olmaq hüququ Konvensiyada konkret olaraq təmin edilməsə də, bu hüquq 6-cı maddənin 3 b bəndindən irəli gəlir... Üstəlik araşdırmanın aparılması barədə qərarın kim tərəfindən və nə vaxt verilməsi və onların kimin rəhbərliyi altında aparılması o qədər də əhəmiyyət daşımır”. Həmin Məhkəmə şəxsin öz müdafiəsini hazırlamaq üçün “kifayət qədər vaxta və imkana malik olmaq” hüququ ilə bağlı mövqeyni Kan Avstriyaya qarşı, X3rşı və digər işlərdə ifadə edərək bildirmişdir ki, “kifayət qədər vaxta və imkana malik olmaq hüququ onu nəzərdə tutur ki, onun maraqları naminə əhəmiyyətli müdafiə fəaliyyəti məhkəmə araşdırmasına hazırlaşmaq üçün “zəruri” olan hər bir şeyi əhatə edə bilər. Təqsirləndirilən şəxs məhkəmədə öz müdafiəsini lazımi qaydada təşkil etmək imkanına malik olmalı və bu zaman onun müdafiəsi üçün bütün müvafiq arqumentləri irəli sürmək və beləliklə prosesin nəticəsinə təsir göstərmək imkanına məhdudiyyət qoyulmamalıdır”. Bundan başqa Təqsirləndirilən şəxs barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 17 aprel 2025-ci il tarixli qərarı ilə seçilmiş 4 aylıq ev dustaqlığı qətimkan tədbirinin müddəti 06 avqust 2025-ci il tarixdə bitməsinə baxmayaraq Təqsirləndirilən şəxs barəsində tərtib edilən ittiham aktında barəsində hazırda ev dustaqlığı qətimkan tədbiri olan şəxs kimi səciyələndirilmiş, ittiham aktına əlavə edilmiş arayışda Təqsirləndirilən şəxs barəsində ev dustaqlığı qətimkan tədbirinin hazırda qüvvədə olması kimi göstərilmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 290.1-ci maddəsinə əsasən ittiham aktını imzaladıqdan sonra müstəntiq onu həmin gün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərir. Təqsirləndirilən şəxs barəsində həbs və ya ev dustaqlığı qətimkan tədbiri seçilmişdirsə, ittiham aktı həmin qətimkan tədbirinin müddətinin bitməsinə ən azı 20 gün qalmış ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməlidir. Həmin Məcəllənin 292-1.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxs barəsində həbs və ya ev dustaqlığı qətimkan tədbiri seçilmişdirsə, cinayət işi həmin qətimkan tədbirinin müddətinin bitməsinə ən azı 15 gün qalmış məhkəməyə göndərilməlidir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbirinin müddəti 06 avqust 2025-ci il tarixdə başa çatır. Lakin həmin cinayət işi üzrə tərtib olunmuş ittiham aktı qanunvericilikdə nəzərdə tutulmuş qaydada ev dustaqlığı qətimkan tədbirinin müddətinin bitməsinə ən azı 20 gün qalmış, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməli olduğu halda, ittiham aktı ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbirinin müddəti bitdikdən sonra 13 avqust 2025-ci il tarixdə göndərilmişdir. Beləliklə, cinayət prosessual qanunvericiliyin qeyd olunan tələblərinə baxmayaraq Təqsirləndirilən şəxs barəsində ittiham aktı qanunvericiliklə nəzərdə tutulmuş prosessual müddət pozulmaqla cinayət işi məhkəməyə göndərilmiş, həmin cinayət prosessual qanunvericilikdə nəzərdə tutulan müddətlərin pozulmasına gətirib çıxarmışdır. Həmçinin Təqsirləndirilən şəxs barəsində ev dustaqlığı qətimkan tədbirinin müddətinin 06 avqust 2025-ci il tarixdə bitməsinə baxmayaraq 25 avqust 2025-ci il tarixli məhkəmə hazırlıq iclasında Təqsirləndirilən şəxs üzərində elekton nəzarət vasitəsinin olduğu müəyyən edilmişdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi cinayətin törədilməsində şübhəli bilinən şəxsin prosessual statusunun və bundan irəli gələn hüquq və vəzifələrinin müəyyən edilməsinə formal qaydalar əsasında deyil, cinayət prosesində şəxsin həqiqi vəziyyətini şərtləndirən faktlar əsasında yanaşmağı tələb edir. Məhkəmə qeyd edir ki, azadlıq hüququ hər bir şəxsin ən mühüm hüquqlarından biridir. Bu hüququn pozulması yolverilməzdir və bu kimi hallar istər Azərbaycan Respublikasının Cinayət- Prosessual qanunvericiliyi, istərsə də Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq hüquq normaları ilə birmənalı qadağan edilir. Yuxarıda göstərilən hallardan göründüyü kimi qeyd olunan hallar həm təqsirləndirilən şəxsin hüquqlarının pozulması, həm də ittiham aktının düzgün tərtib edilməməsi ilə nəticələnmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 10.1-ci maddəsinə əsasən, məhkəmələr və cinayət prosesinin iştirakçıları Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının digər qanunlarının, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına ciddi əməl etməlidirlər Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 7.0.20-ci maddəsinə əsasən ittiham — bu Məcəllədə müəyyən olunmuş qaydada şəxsin cinayət qanunu ilə nəzərdə tutulmuş konkret əməli törətməsinin israr edilməsidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 301.1 və 301.1.3-cü maddələrinin mənasına görə məhkəmə baxışı yalnız məhkəməyədək icraat həmin Məcəllənin 303.3-cü maddəsində nəzərdə tutulmuş kobud pozuntularına yol verilmədən aparıldıqda, keçirilə bilər. Məhkəmə yuxarıda sadalanan qanunvericiliyin tələblərini rəhbər tutaraq qeyd etməyi zəruri hesab edir ki, məhkəmənin hazırlıq iclası məhkəmə baxışının yüksək səviyyədə hazırlanmasında və keçirilməsində əhəmiyyətli rol oynamaqla məhkəmə baxışında aradan qaldırılması mümkün olmayan qüsur və çatışmamazlıqları olan cinayət işlərinin və cinayət təqibi ilə bağlı digər materialların məhkəmə baxışına keçməsinin qarşısını alır. Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 303.3-cü maddəsində sadalanmış kobud pozuntular mahiyyət etibarilə cinayət mühakimə icraatının, xüsusən də məhkəməyədək icraatın ən mühüm və prinsipial xarakterli tələblərin pozulmasından ibarətdir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 303.1-ci maddəsinə əsasən, məhkəmənin hazırlıq iclasında məhkəməyədək icraat zamanı aradan qaldırılmadan müvafiq olaraq cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud qanun pozuntularına yol verildiyi müəyyən edildikdə məhkəmə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verir və onu ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarır. Qeyd edilənlərə əsasən hazırki cinayət işi üzrə ittiham aktı Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 289-cu maddəsinin tələblərinə uyğun deyil və göstərilən hallar məhkəməyədək icraat zamanı aradan qaldırılmadan cinayət işinin mahiyyəti üzrə qanuni həll edilməsi mümkün deyildir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 303.2-ci maddəsinə əsasən cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onu ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması məhkəmənin əsaslandırılmış qərarı ilə həyata keçirilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasının nəticələrinə dair məhkəmə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması haqqında qərarla, habelə cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraatın materialları üzrə icraata xitam verilməsi haqqında qərarla yanaşı, məhkəməyədək icraat zamanı bu Məcəllənin tələblərinin kobud surətdə pozulmasına yol vermiş şəxslər barəsində xüsusi qərar çıxarmalıdır. Beləliklə, məhkəmə proses iştirakçılarını dinləyərək və cinayət işinin materiallarını tədqiq edərək hesab edir ki, məhkəməyədək icraat zamanı Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 303.3.6-cı maddəsində nəzərdə tutulan kobud pozuntulara yol verildiyindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin baxılmasına xitam verilməli və cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. Bundan başqa məhkəməyədək icraat zamanı Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin yuxarıda qeyd olunan tələblərin kobud surətdə pozulmasına yol vermiş müstəntiq barəsində ayrıca xüsusi qərar çıxarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 289, 300, 303, 306-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ:

1. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəməyədək icraat zamanı kobud qanun pozuntularına yol verildiyindən bu pozuntuların aradan qaldırılması üçün məhkəmənin hazırlıq iclasında cinayət işinin baxılmasına xitam verilsin və cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Bakı şəhər Səbail rayon prokuroruna qaytarılsın.

2. İşin ibtidai istintaqını aparmış Bakı şəhəri Səbail rayon Polis İdarəsinin İstintaq şöbəsinin baş müstəntiqi, polis polkovnik-leynetnantı X1 barəsində xüsusi qərar çıxarılsın.

3. Qərarın surəti 3 (üç) gün müddətində təqsirləndirilən şəxsə, müdafiəçiyə və dövlət ittihamçısına göndərilsin.

Hakim Sahilə Bağırova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar