Məhkəmə qərarları › İş №1(009)-301/2024

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-301/2024

16.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-301/2024 16.10.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Şirməmmədova Günel Lətif qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxxx 1990-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(004)-352/2024 saylı hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il 01 (bir) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə 16 oktyabr 2024-cü il tarixdə saat 11.00-da məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İttiham aktına əsasən Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talayıb zərərçəkmiş şəxsə maddi ziyan vurmaqla oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 01 yanvar 2024-cü il tarixdə axşam saat 19:30 radələrində ünvan 3 ünvanda yerləşən “Sahil” adlı mağazaya daxil olaraq, mağazanın “un məmulatları” piştaxtasının arxasında olan Zərərçəkmiş şəxs məxsus və içərisində qiyməti 20 (iyirmi) manat olan qəhvəyi rəngli pul kisəsini, içərisində olan 1050 (bir min əlli) manat məbləğdə nağd pul, "xxxx" ASC-yə aid 10 (on) manat dəyəri olan 01 (bir) ədəd plastik bank kartı, "xxxx" ASC-yə aid 20 (iyirmi) manat dəyəri olan 01 (bir) ədəd plastik bank kartı və "xxxx" ASC-yə aid 10 (on) manat dəyəri olan 01 (bir) ədəd plastik bank kartı, 07 (yeddi) manat pul vəsaiti yüklənmiş 01 (bir) ədəd plastik hədiyyə kartı, qiyməti 50 (əlli) manat olan 01 (bir) ədəd tünd boz rəngli əl çantasını gizli olaraq talayıb Zərərçəkmiş şəxs ümumilikdə 1167 (bir min yüz altımış yeddi) manat məbləğdə maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, 01 yanvar 2024-cü il tarixdə axşam saat 19:30 radələrində Bakı şəhəri, Səbail rayonu, metronun “Sahil” stansiyasının yaxınlığında olan vaxt orada yerləşən "Sahil" adlı marketə girmişdir. Mağazanın içərsində biraz gəzərkən, orada olan piştaxtaların birinin arxasında tünd boz rəngli qadın əl çantasını görmüş, 3 aydır kirayə pulunu ödəyə bilmədiyi və pula ehtiyacı olduğu üçün əl çantasını götürmüşdür. Əl çantasını açarkən içərisində kosmetik vasitələr, pul qabı görmüş, pul qabının içərisində təxminən nağd pul və bank kartları olmuşdur. Həmin pul qabıdan 550 manat götürmüş, kartlara dəyməmişdir. Himayəsində azyaşlı uşağının olduğunu nəzərə alaraq barəsində yüngül cəza tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 2022-ci ilin may ayından etibarən ünvan 3 ünvanda yerləşən “Sahil” adlı mağazada satıcı vəzifəsində işləyir və aylıq əmək haqqı 550 manat təşkil edir. 01 yanvar 2024-cü il tarixdə axşam saat 19:10 radələrində işlədiyi mağazada 550 manat məbləğdə aylıq əmək haqqı pulunu almış və pulunu gündəlik istifadə etdiyi 20 manat dəyəri olan qəhvəyi rəngli pul qabının içərisinə qoymuşdur. Həmin vaxtı həmin pul kisəsinin içərisində özünə məxsus 500 manat məbləğdə pul vasaiti, 100 manat məbləğdə pul vəsaiti yüklü olmuş "xxxx" ASC-yə aid 10 manat dəyəri olan 01 (bir) ədəd plastik bank kartı, 260 manat məbləğdə pul vəsaiti yüklü olmuş "xxxx" ASC-ə aid 20 manat dəyəri olan 01 ədəd plastik bank kartı və pul vəsaiti yüklü olmamış "xxxx"ASC-yə aid 10 manat dəyəri olan 01 ədəd plastik bank kartı, eləcə də 07 manat pul vəsaiti yüklü olmuş “Araz market” mağazalar şəbəkəsinə aid 01 ədəd plastik hədiyyə kartı və özünün şəxsiyyət vəsiqəsi olmuş, pul kisəsini isə, 50 manat qiyməti olan yeni aldığı tünd boz rəngli əl çantasının içərisində saxlamışdır. 01 yanvar 2024-cü il tarixdə iş günün sonunda, yəni axşam saat təxminən 19:55 radələrində evə etmək üçün əl çantasını götürmək istəyərkən, mağazada “Un məmulatları” piştaxtasının arxa hissəsinə qoyduğu həmin əl çantasının yerində olmadığını görmüş və Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng etmişdir. Çantasından ümumilikdə 1050 manat nağd pul oğurlanmışdır. Bundan başqa təqsirləndirilən şəxs bank kartlarından pul çıxarmağa çalışmış, lakin mümkün olmamışdır. Təqsirləndirilən şəxs mağazada olan zaman onun hərəkətlərindən şübhələnmiş, lakin çantanın oğurlandığını görməmişdir. Göstərilənlərə əsasən dəymiş ziyanın ödənilməsini xahiş etdi. Cinayət işində olan videogörüntüyə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 01 yanvar 2024-cü il tarixdə saat 19:37-19:40 aralığında ünvan 3 ünvanda yerləşən “Sahil” adlı mağazadan Zərərçəkmiş şəxs məxsus əl çantasını talayaraq oğurluq etmişdir. 05 fevral 2024-cü il tarixli qərarla fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmışdır. 07 mart 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. 08 mart 2024-cü il tarixli qərarla Təqsirləndirilən şəxs ********* nömrəli cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə nəzərdə tutulan ittiham elan edilmişdir. 08 mart 2024-cü il tarixli qərarla Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilməklə Səbail Rayon Polis İdarəsinin Müvəqqəti Saxlama Yerindən azad edilmişdir. 15 mart 2024-cü il tarixli qərarla Təqsirləndirilən şəxs qətimkan tədbirinin şərtlərini pozduğuna görə barəsində axtarış elan edilmiş və tutulduqda Səbail Rayon Polis İdarəsinin Müvəqqəti Saxlama Yerinə təhvil verilməsi qərar alınmışdır. 15 mart 2024-cü il tarixli qərarla ********* nömrəli cinayət işi üzrə icraat dayandırılmışdır. 26 avqust 2024-cü il tarixli qərarla ********* nömrəli cinayət işi üzrə dayandırılmış icraat təzələnmiş və ibtidai istintaqı davam etdirilmişdir. 26 avqust 2024-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərarla Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixli qərarla Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə elan edilmiş ittihamın məzmununa əlavələr və dəyişiliklər edilmədən saxlanılmış və barəsində Bakı şəhəri Xətai Rayon Məhkəməsinin icraatında olan 1(011)-316/2024 saylı cinayət işi üzrə seçilmiş həbs qətimkan tədbiri və Bakı İstintaq Təcridxanasında həbsdə saxlanması nəzərə alınmışdır. Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 03 iyul 2024-cü il tarixdə tərtib olunmuş tələbnaməyə əsasən xx.xx.1990-cı il təvəllüdlü Təqsirləndirilən şəxs: - Xətai Rayon Polis İdarəsinin İstintaq şöbəsinin xx.xx.2024-cü il tarixdə həbs olunaraq ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə təqsirli bilinmiş və xx.xx.2024-cü il tarixdə cinayət işi məhkəməyə göndərilmişdir. - xx.xx.2024-cü il tarixdə Səbail Rayon Polis İdarəsində ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirli bilinərək məsuliyyətə cəlb olunmuşdur və cinayət işi icraatdadır. - xx.xx.2024-cü il tarixdə Yasamal Rayon Polis İdarəsində ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirli bilinərək məsuliyyətə cəlb olunmuşdur və xx.xx.2024-cü il tarixdə cinayət işi məhkəməyə göndərilmişdir. İş materiallarına əlavə edilmiş elektron sistemdən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs bir azyaşlı uşağı vardır: xx.xx.2017-ci il təvəllüdlü X2. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)-316/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə təqsirli bilinib 02 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuşdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 01 (bir) gün həbsdə saxlandığı müddət nəzərə alınmaqla ona təyin edilmiş 02 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzasından çıxılaraq üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 29 (iyirmi doqquz) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılmışdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 1(004)-352/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmiş və ona 03 (üç) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)- 316/2024 saylı, 06 iyun 2024-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 02 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzası hazırki hökmlə təyin olunan cəzaya qismən toplanmış və ona 02 (iki) il 01 (bir) ay müddətində azadlıqdan məhrumetmə cəzası təyin olunmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə əvvəlki iş üzrə 08 mart 2024-cü il tarixdən 09 mart 2024-cü il tarixədək tutulduğu 01 (bir) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrumetmə cəzasının bir günə bir gün hesabı ilə hesablanaraq ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasından çıxılmış və onun üzərində qəti olaraq 02 (iki) il 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılmışdır. Məhkəmə Təqsirləndirilən şəxs istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Belə ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün qismən etirafı, zərərçəkmiş şəxsin ifadəsi özgənin əmlakını gizli olaraq talayıb zərərçəkmiş şəxsə maddi ziyan vurmaqla oğurluq cinayətini törətməsi tamamilə sübuta yetirildi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin tərkibi vardır. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittihamda qismən təqsirli bilməsini, yəni, Zərərçəkmiş şəxs yalnız 550 manat talayaraq oğurluq etməsi iş materiallarında olan sənədlər, zərərçəkmiş şəxsin ifadəsi ilə təkzib olunaraq məhkəmə tərəfindən özünü müdafiə xarakterli ifadə kimi qəbul edilərək əsassız sayılır. Məhkəmə təqsirləndirilən şəxsin belə məzmunda ifadə verməsini onun hüququ kimi qəbul edir və təqsirləndirilən şəxsin dəlillərini əsaslı hesab etmir, onun həmin mövqeyinə münasibət bildirərək, hesab edir ki, təqsirləndirilən şəxsin bu mövqeyi əsassızdır və onunla razılaşmaq olmaz. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlukəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs əməli qismən etiraf edərək səmimi peşman olmasını, himayəsində bir azyaşlı uşağının olmasını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar aşkar olunmadı. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, Təqsirləndirilən şəxs talama cinayətlərinə görə məhkum olunduğunu, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.1-ci maddəsində nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzası təyin olunduğu təqdirdə təmin edilə bilər və ona azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 1(004)-352/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmiş və ona 03 (üç) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddələrinə əsasən Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)-316/2024 saylı, 06 iyun 2024-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 02 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzası hazırki hökmlə təyin olunan cəzaya qismən toplanmış və ona 02 (iki) il 01 (bir) ay müddətində azadlıqdan məhrumetmə cəzası təyin olunmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə əvvəlki iş üzrə 08 mart 2024-cü il tarixdən 09 mart 2024-cü il tarixədək tutulduğu 01 (bir) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrumetmə cəzasının bir günə bir gün hesabı ilə hesablanaraq ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasından çıxılmış və onun üzərində qəti olaraq 02 (iki) il 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılmışdır. Cəzaçəkmə müddətinin əvvəli 29 mart 2024-cü il tarixdən hesablanmışdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-cı maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Hazırkı iş üzrə cinayət əməli Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 1(004)-352/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmü çıxarılmazdan əvvəl, yəni xx.xx.2024-cü il tarixdə törədilmişdir. Belə olan halda Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 1(004)-352/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 02 (iki) il 01 (bir) ay müddətə azadlıqdan məhrum etmə cəzası hazırkı hökmlə ona təyin olunacaq cəza ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsində nəzərdə tutulan qaydada cinayətlərin məcmusu üzrə cəzalar qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti cəza təyin edilməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 1(004)-352/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmünə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanmalıdır. Təqsirləndirilən şəxs 07 mart 2024-cü il tarixdən 08 mart 2024-cü il tarixədək və məhkəməyədək icraat dövründə əvvəlki iş üzrə 08 mart 2024-cü il tarixdən 09 mart 2024-cü il tarixədək həbsdə saxlanıldığı müddət Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3cü maddəsinə əsasən azadlıqdan məhrumetmə müddətinin bir günü bir gün hesabı ilə hesablanmaqla, 02 (iki) gün təyin olunmuş cəzadan çıxılmaqla, üzərində qəti cəza saxlanılmalıdır. Cəzaçəkmənin əvvəli Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 1(004)-352/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmünə əsasən 29 mart 2024-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə növündə cəza çəkməsi nəzərə alınmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 31 saylı qərarına əsasən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 08 (səkkiz) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırki hökmlə təyin edilmiş 08 (səkkiz) ay müddətə azadlıqdan məhrumetmə cəzası Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 1(004)-352/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmü ilə təyin edilmiş 02 (iki) il 01 (bir) ay müddətə azadlıqdan məhrumetmə cəzası ilə qismən toplamaq yolu ilə ona 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs 07 mart 2024-cü il tarixdən 08 mart 2024-cü il tarixədək və məhkəməyədək icraat dövründə əvvəlki iş üzrə 08 mart 2024-cü il tarixdən 09 mart 2024-cü il tarixədək həbsdə saxlanıldığı müddət Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3cü maddəsinə əsasən azadlıqdan məhrumetmə müddətinin bir günü bir gün hesabı ilə hesablanmaqla, 02 (iki) gün təyin olunmuş cəzadan çıxılmaqla, üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə növündə cəza çəkməsi nəzərə alınsın. Cəzaçəkmə müddətinin əvvəli Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 1(004)-352/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmünə əsasən 29 mart 2024-cü il tarixdən hesablansın. Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 150 (bir yüz əlli) manat dövlət büdcəsindən tutularaq Bakı şəhəri 12 saylı Vəkil Bürosunun bank hesabına köçürülsün. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim Ülviyyə Şükürova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar