Məhkəmə qərarları › İş №1(009)-301/2025

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №1(009)-301/2025

03.09.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(009)-301/2025 03.09.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Mehdiyev Fərid Bəxtiyar oğlunun katibliyi, Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X9 və onun nümayəndəsi Abşeron Rayon Vəkil Bürosunun vəkili Nümayəndə, Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X10 və onun müdafiəçisi Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili X3 iştirakı ilə, X7 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunmasına dair X4 xüsusi ittiham qaydasında şikayətinə məhkəmənin hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X9 xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət edərək, X7 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə cinayət məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. Şikayətini onunla əsaslandırılmışdır ki, X2 direktorun inzibati işlər üzrə köməkçisi vəzifəsində çalışır. Şikayətçi olduğu X10 isə şirkətdə mühasib vəzifəsində çalışırdı. Ümumiyyətlə o işlədiyi vaxtdan şirkətdə hər kəslə mübahisə edir və təhqir edirdi. Nəticədə şirkətin iş ahəngini pozurdu və işçilərdə iş fəaliyyətinə təsir edəcək dərəcədə neqativ enerji yaradırdı. Bu halı bütün işçilər təsdiq edirlər. Bu cür hərəkətləri və iş fəaliyyət ilə bağlı şirkət komissiya yaratdı. X13 komissiyada iştirakı ilə bağlı dəfələrlə onunla əlaqə saxlasalar da hər dəfəsində onun tərəfindən təhqirlərə məruz qalmışlar. Son olaraq isə xx.xx.2025-ci il tarixdə ofisdə olarkən aqressiv şəkildə ofisə daxil olaraq hücum çəkmiş və şirkətin içində hamının eşidə biləcəyi tərzdə söyüş və təhqirlər ünvanlamışdır. Cəfərli Aysel “qancıq”, “şərəfsiz” kimi sözlər sərf etmişdir. Göründüyü kimi Cəfərli Aysel hamının eşidə bildiyi şəraitdə təhqir edərək hədə qorxular gələrək, əl qol ataraq bu cinayət əməlini törətmişdir. Həmin gün onun bu cür hərəkətlərinə görə polis çağırmışlar. Polis əməkdaşlarının köməyi ilə Cəfərli Aysel şirkətdən uzaqlaşdırmışdır. Bütün bununla bağlı şahidlər də var hansı ki onun bütün təhqiredici ifadələrini eşitmişlər. Belə ki, X11 (Gəncə şəhəri Heydər Əliyev prospekti, bina 29, mənzil 26, Əlaqə nömrəsi : **********), Cavid (Bakı şəhəri, Nizami rayonu, E.Süleymanov 122, m 48, Əlaqə nömrəsi : **********) onun sərf etdiyi təhqiredici xarakterli məlumatları təsdiq edə bilərlər. Bundan başqa Cəfərli Ayselin cinayətkar əməlini təsdiq edən videogörüntü də mövcuddur. Cəfərli Aysel tərəfindən barəsində olan təhqir dolu sözləri ictimai yerdə (“X6” MMC-nin ofisində, Ünvan: Bakı şəh, Səbail ray, Mikayıl Müşfiq 2 A) hamının eşitdiyi tərzdə ifadə etmişdilər. Cəfərli Ayselin barəsində ləkələyici, təhqiredici məlumatları yaymaqda məqsədi işgüzar nüfuzunu ləkələmək, ictimaiyyət arasında haqqında yanlış fikirlər formalaşdırmaq, alçaltmaqdır. xx.xx.1992-ci il il təvəllüdlü, Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, 2 saylı Sovxoz massivi , İsmayıl bəy Səfərlibəyov küçəsi ev 9, mənzil 8 ünvanda qeydiyyada olan, X7 barəsində AR CM-in 148-ci maddəsi ilə xüsusi ittiham qaydasında cəzalandırılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında xüsusi ittiham qaydasında şikayət verən şəxs X9 şikayətini müdafiə edərək bildirmişdir ki, 05 fevralda işə qəbul ilə əlaqədar rəhbərlərlə görüş üçün klinikada olarkən həmçinin Rusiyadan həkim gəlmişdir, xəstələr və sair var idi. Adam çox idi. Otağa giriş barmaq izi ilədir, maliyyə direktoru içəri daxil oldu və onun arxası ilə Aysel Cəfərli daxil oldu. Ayselə bayıra çıxmasını bildirsələr də, sərt şəkildə “mən deyəcəm, siz dinləyəcəksiz, mən işdən çıxmaq istəmirəm, siz məni məcbur çıxarırsız” dedi. Maliyyə direktoru daha sonra təklikdə danışmaqlarını bildirsə də, Aysel Cəfərli itələməyə başlayıb və söyüşlər söymüşdür. Orada olan həkimlərin içərisində utanmağına səbəb olmuşdur. Məhkəmə iclasında barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X10 şikayətə etiraz edərək bildirmişdir ki, mühasib vəzifəsində işləyirdi. Haqsız yerə işdən çıxarıldığına görə rəhbərliklə danışmaq istəyib. Lakin mesaj yazıb, zəng etsə də, geri dönüş almamışdır. Əliyev Rasimin-təsisçinin qəbuluna girəndə maliyyəçi dedi ki məndə gələcəm, lakin təklikdə girmək istədiyini bildirmişdir. Buna baxmayaraq maliyyəçi girdi içəri və həmçinin içərdə Püstə Vəliyeva və bir neçə nəfər var idi. Püstə Vəliyeva araya girdikdə onu tanımadığını bildirsə də, heç bir təsiri olmamışdır. Püstə Vəliyeva itələməyə başlamışdır, o an psixoloji təsir altına düşmüşdür. Püstə onu necə şəkildə itələdisə, kişilərin qarşısında alt paltarı görünmüşdür. Xüsusi ittiham qaydasında şikayətin icraata götürülməsindən imtina olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X7 müdafiəçisi X5 şikayətə etiraz edərək bildirmişdir ki, əldə olan sübutlar onu göstərir ki, burda hər hansı təhqirdən söz gedə bilməz. Ali Məhkəmənin 21 fevral 2014-cü il tarixli Plenum qərarında təhqirlə bağlı birbaşa qeyd edilmişdir ki, təhqir kütləvilik formasında olmalıdır. Təhqirin əlamətlərinin mövcud olması üçün kütləvilik başlıca şərtdir. Püstə Vəliyeva orda işləməyə-işləməyə məsələyə münasibət bildirir, müdaxilə edir. Burda açıq-aydın görünür ki, bu Aysel xanımı işdən çıxarmaq üçün qurulmuş ssenaridir. Aysel Püstəni tanımır, ona qarşı heç bir niyyəti ola bilməz. Xüsusi ittiham qaydasında şikayətin icraata götürülməsindən imtina olunmasını məhkəmədən xahiş etdi. İş materiallarında olan videogörüntüyə məhkəmə iclası zamanı baxış keçirilərkən müəyyən edilmişdir ki, X1 Püstə Tofiq qızı barəsində nalayiq ifadələrdən istifadə etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış materiallara hüquqi qiymət verərək hesab edir ki, xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul olunmasından imtina edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 88.4.1-ci maddəsinə əsasən xüsusi ittiham qaydasında şikayət üzrə materialların hazırlanmasını həyata keçirmək xüsusi ittihamçının vəzifəsidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 302.1.3-cü maddəsinə əsasən şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 293.3-cü maddəsinə görə böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə yazılı şikayətdə və ya şifahi şikayətin qəbul edilməsi barədə protokolda aşağıdakılar göstərilir: 293.3.1. şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi); 293.3.2. törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği); 293.3.3. cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi; 293.3.4. şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi; 293.3.5. cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş; 293.3.6. şikayətin verildiyi tarix (il, ay və gün) və yer; 293.3.7. şikayəti vermiş şəxsin imzası; CPM-nin 299.3.3-cü maddəsinə əsasən hər bir halda cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmənin hazırlıq iclasında xüsusi ittiham qaydasında şikayətin məzmununun bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrinin müddəalarına uyğun olub-olmaması barədə məsələlərə baxılır. Xüsusi ittiham qaydasında şikayət öyrənilərkən müəyyən edilmişdir ki, şikayət Cinayət- Prosessual Məcəlləsinin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun tərtib edilməmişdir. Xüsusi ittiham qaydasında şikayətdə törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği) tam olaraq göstərilməmişdir. Belə ki, şikayət vermiş şəxs şikayətdə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin harada və nə vaxt törədilməsini qeyd etməmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 302.1.7-ci maddəsinə əsasən şikayət əsassız olduqda və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədikdə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə baxışının keçirilməsindən imtina edilə bilər. Müəyyən edilmişdir ki, Aysel Cəfərli ilə Püstə Vəliyeva arasında olan mübahisə kütləvi xarakter daşımır. Xidməti otaqda baş verən hadisə daha çox şəxsi münasibətlər zəminində törədilmiş dava-dalaşa uyğundur. Belə ki, “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli Qərarının 5-ci bəndində göstərilir ki, böhtan və təhqir xarakterli məlumatlar mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, elektron vasitələrlə yayınlanmaqla, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə əks etdirilməklə və sair üsullarla yayıla bilər. Lakin Cinayət Məcəlləsinin 147 və 148-ci maddələrinin mənasına görə, şəxs böhtana, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları yaymaya və təhqirə, yəni şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaya görə o halda cinayət məsuliyyətinə cəlb edilə bilər ki, təhqir və böhtan xarakterli məlumatlar onun tərəfindən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmış olsun. Məhkəmələrə tövsiyə edilmişdir ki, xüsusi ittiham qaydasında şikayətə məhkəmənin hazırlıq iclasında baxılması mərhələsində şikayətin məzmununun CPM-nin 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə uyğun olub-olmamasını yoxlasınlar. Xüsusi ittiham qaydasında şikayət bu tələblərə cavab vermədikdə, habelə CPM-nin 302.1.2-302.1.4 və 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş halları müəyyən etdikdə məhkəmə hazırlıq iclasında şikayətin öz icraatına qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərar qəbul edir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, şikayət məzmunca Azərbaycan Respublikasının CPM-nin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun tərtib edilmədiyidən, həmçinin Həmin Məcəllənin 302.1.7-ci maddəsində nəzərdə tutulmuş əsaslara görə məhkəmə baxışının keçirilməsindən imtina edilməli və xüsusi ittiham qaydasında şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilməlidir. CPM-nin 302.2.3-cü maddəsinə əsasən bu Məcəllənin 302.1.2-302.1.4, 302.1.6- 302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar çıxarır. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X7 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunmasına dair X4 xüsusi ittiham qaydasında şikayətinin icraata qəbul edilməsindən imtina edilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 300.1.3, 302.1.3, 302.1.7 və 302.2.3-cü maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: X7 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair X4 xüsusi ittiham qaydasında şikayətinin icraata qəbul edilməsindən imtina edilsin. Qərardan elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Ülviyyə Şükürova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar