Məhkəmə qərarları › İş №1(009)-302/2023

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-302/2023

18.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-302/2023 18.10.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi Şirməmmədova Günel Lətif qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili X2 iştirakları ilə, xx xxxx 1992-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə 18 oktyabr 2023-cü il tarixdə saat 12.15-də məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İttiham aktına əsasən Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, özgənin əmlakını gizli olaraq talayıb təkrarən oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs özgə əmlakını gizli olaraq talama məqsədi ilə 02 yanvar 2023-cü il tarixdə, saat 23:30 radələrində ünvan 2 ünvanda yerləşən “Mərkəzi Lahmacun” restoranına müştəri qismində gələrək orada ofisiant işləmiş Zərərçəkmiş şəxs1 İlham oğluna məxsus və restoranın salonunda masanın üzərinə qoyduğu üzərində ümumilikdə 8 manat dəyərində 02 ədəd sim nömrə olan 01 ədəd 300 manat dəyərində “X8-8” markalı mobil telefonu gizli olaraq talayıb Zərərçəkmiş şəxs1 308 manat dəyərində maddi ziyan vuraraq oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgə əmlakını gizli olaraq talama məqsədi 03 yanvar 2023-cü il tarixdə saat 02:00 radələrində ünvan 3 ünvanda yerləşən “Mojo” klubda olan zaman masa üzərində olan Zərərçəkmiş şəxs2 məxsus işlək vəziyyətdə üzərində 5 manat dəyərində qoruyucu kobura, 10 manat dəyərində qoruyucu üzlük və 25 manat dəyərində ***-***-**-** saylı sim nömrə olan 450 manat dəyərində 01 ədəd “Samsung S20 FE” markalı mobil telefonu, içərisində 326 manat və həmin tarixə milli məzənnə ilə 170 manat təşkil etmiş 100 ABŞ dolları nağd pul olan 10 manat dəyərində pul kisəsini gizli olaraq talayıb Zərərçəkmiş şəxs2 qızma 1026 manat dəyərində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü elan olunmuş ittihamda təqsirli bilərək ifadəsində göstərmişdir ki, 03 yanvar 2023-cü il tarixdə saat 00:30 radələrində tanışı Şahid ilə birlikdə istirahət etmək məqsədilə ünvan 4 ünvanda yerləşən “Mojo” gecə klubuna getmiş, klubda içkilər satılan barın yaxınlığında əyləşib spirtli içki içməyə başlamış, tanışı Şahid isə klubun içərisində gəzişmişdir. Təxminən 2 saat sonra Adil ona zəng edib gecə klubundan bir ədəd “İphone 11” markalı mobil telefon oğurlayaraq çıxıb getdiyini və Nərimanov parkının yaxınlığında görüşməyi bildirmişdir. Bundan sonra o da klubdan oğurluq etmək qərarına gələrək öz mobil telefonunu qulağına qoyub telefonla danışmaq görüntüsü yaradaraq, klubun içərisində olan masaları gəzməyə başlamışdır. Bu zaman orada olan masanın üzərində 01 ədəd “Samsung S20 FE” markalı mobil telefonu və bir ədəd qadın pul kisəsi olduğunu görmüşdür. Həmin gecə saat təxminən 03:25 radələrində o, qeyd edilən mobil telefonu və pul kisəsini götürüb klubdan çıxmışdır. Bu vaxt oğurladığı pul kisəsinin içərisinə baxarkən pul kisəsinin içərisində 03 manat 50 qəpik pulun və bir ədəd metro kartının olduğunu görmüşdür. O, pulu və metro kartını götürüb pul kisəsini yaxınlıqda olan zibil qutusuna atmışdır. Daha sonra Nərimanov parkının yaxınlığında Adillə görüşmüşdür. O, 03 yanvar 2023-cü il tarixdə Bakı şəhəri Nəsimi rayonu ərazisində “28 May” metrostansiyası yaxınlığında yerləşən mobil telefon mağazalarına gedib gecə oğurladığı mobil telefonu satmaq istəmiş, sənədlərinin girovda olduğuna görə mağazalar mobil telefonu ondan almaq istəməmişlər. Lakin həmin mağazalardan birində müştəri qismində tanımadığı bir nəfər kişi həmin mobil telefonu almaq istədiyini bildirmiş, söhbət əsnasında həmin şəxs ondan mobil telefonu niyə satdığını soruşduqda, o, mobil telefonu tapdığını və şifrəli olduğu üçün satmaq istədiyini demişdir. O, “Samsung S20 FE” markalı mobil telefonu həmin şəxsə 150 manat pula satmış, əldə etdiyi pulu isə borclarına xərcləmişdir. O, mobil telefonu və pul kisəsini oğurlayan zaman onu heç kim görməmişdir. O, 02 yanvar 2023-cü il tarixdə saat 23:30 radələrində müştəri qismində getdiyi ünvan 5 ünvanda yerləşən “Mərkəz Lahmacun” adlı restorandan bir ədəd “Redmi Note 8” markalı mobil telefon oğurlamışdır. O, “Mərkəz Lahmacun” adlı restorandan oğurladığı mobil telefonu da “Mojo” gecə klubundan oğurladığı “Samsung S20 FE” markalı mobil telefonla birlikdə eyni gündə eyni şəxs, yəni 03 yanvar 2023-cü il tarixdə tanımadığı bir nəfər kişiyə 50 manata satmışdır. O, qeyd edilən oğurluq hadisəsini törədən zaman onu heç kim görməmişdir. O, “Mərkəz Lahmacun” adlı restorandan oğurluq edən zaman tanışı Şahid da onun yanında olmuşdur. O, oğurluq hadisələrini törədən zaman tanışı Şahid ona heç bir köməklik göstərməmiş və Adil ilə heç bir razılıq əldə etməmişdir. O, mobil telefonları satıb əldə etdiyi 200 manat puldan Şahid pul verməmiş, Zərərçəkmiş şəxs2 məxsus pul kisəsinin içərisində 326 manat və 100 ABŞ dolları məbləğdə deyil, pul kisəsinin içərisində 3 manat 50 qəpik məbləğdə pul olmuşdur. Əməlindən səmimi peşmançılıq çəkməsini, eləcə də ilk dəfə cinayət məsuliyyətinə cəlb edildiyini, dəymiş ziyanı ödədiyini, zərərçəkmiş şəxslərin ondan şikayət və tələbinin olmadığını nəzərə almasını xahiş etdi. Zərərçəkmiş şəxs2 məhkəməyə teleqram ünvanlayaraq bildirmişdir ki, dəymiş ziyan ödənilmişdir, heç bir şikayət və tələbi yoxdur. Təqsirləndirilən şəxslə barışmışdır, ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edir. Məhkəmə iclasında ifadəsi elan olunmuş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, 02 yanvar 2023-cü il tarixdə rəfiqələri ilə Bakı şəhəri Nərimanov rayonu ərazisində yerləşən “İstanbul meyhane” adlı restoranda əyləşib yemək yedikdən sonra saat 23:20 radələrində Səbail rayonu ,T.Əliyarbəyov küçəsində yerləşən “Mojo” adlı gecə klubuna əylənmək üçün getmişlər, həmin gecə klubunda onun tanışı Rəsul adlı şəxs işlədiyinə görə, həm də Rəsulu görmək üçün oraya getmişdir. Onun Ömür adlı rəfiqəsi də yanında olmuş, masada əyləşən zaman o, özünə məxsus üzərində 5 manat dəyərində qoruyucu üzlük və 10 manat dəyərində qoruyucu üzlük olan 450 manat dəyərində “Samsung S20 FE” markalı mobil telefonunu və içərisində bir ədəd 200 manat nominallı pul əskinazı, 156 manat və 100 ABŞ dolları nağd pul olan 10 manat dəyərində pul kisəsini əyləşdiyi masada yanına qoymuş, təxminən 40 dəqiqə sonra rəfiqəsi Ömür onunla sağollaşıb gecə klubundan çıxıb getmiş, bundan sonra o, rəqs etmək üçün masadan ayrılmış və özünə məxsus mobil telefonu ilə pul kisəsi masada qalmışdır. O, təxminən 15 dəqiqə rəqs etdikdən sonra masaya qayıdan zaman telefonu və pul kisəsinin orada olmadığını görmüş, dərhal o, bu barədə məlumat vermiş və Rəsul orada işləyən digər şəxslərlə bir qədər axtarış etsələr də, onun mobil telefonu ilə pul kisəni tapa bilməmişlər. O, oğurlanan mobil telefonunun üzərində olan 25 manat dəyərində ***- ***-**-** saylı mobil nömrəsinə dəfələrlə zəng etsə də, telefon söndürülmüşdür. Rəsul bundan sonra gecə klubunun inzibatçısını çağırmış və orada olan müşahidə kameralarına baxarkən, bir nəfər kişi cinsli şəxsin onun əyləşdiyi masada ona məxsus mobil telefonu ilə pul kisəsini oğurladığını görmüşlər. Sonra o, Səbail Rayon Polis İdarəsinin 9-cu Polis bölməsinə yaxınlaşıb hadisə barədə məlumat vermişdir. Ona məxsus “Samsung S20 FE” markalı mobil telefonu təxminən 3-4 il bundan əvvəl 1450 manata almış, həmin mobil telefonun indiki qiyməti təxminən 450 manat təşkil etmişdir. Hadisə nəticəsində ona ümumilikdə 1026 manat məbləğdə maddi ziyan dəymişdir. Zərərçəkmiş şəxs1 məhkəməyə teleqram ünvanlayaraq bildirmişdir ki, dəymiş ziyan ödənilmişdir, heç bir şikayət və tələbi yoxdur. Təqsirləndirilən şəxslə barışmışdır, ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edir. Məhkəmə iclasında ifadəsi elan olunmuş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, 02 yanvar 2023-cü il tarixdə gecə vaxtı o, işlədiyi “Mərkəzi Lahmacun” restoranında işdə olduğu vaxt özünə məxsus “Xiaomi RedMi Note 8” markalı mobil telefonunu enerji yığması üçün sifarişləri qəbul edən cihazın qarşısında masanın üzərində qoymuşdur. O, əvvəllər də mobil telefonunu enerji yığması üçün bu formada elekrtik cərəyanına birləşdirmişdir. O, mobil telefonunu həmin yerdə elekrtik cərəyanına birləşdirikdən təxminən 15-20 dəqiqə sonra yaxınlaşıb baxdıqda mobil telefonunu yerində olmadığını görmüşdür. Bundan sonra mobil telefonunu axtarsa da, tapa bilməmiş və ona görə Azərbaycan Respublikası DİN-in “102 zəng xidməti” mərkəzinə zəng edərək, hadisə barədə məlumat vermişdir. Oğurluq hadisəsi zamanı onun mobil telefonunu qiyməti 250-300 manat təşkil etmişdir. O, həmin telefonunun oğurlanmasından heç kimdən şübhələnməmişdir. O, oğurlanmış mobil telefonunu 2022-ci ilin iyul ayında yaşadığı Sabirabad rayonunda yeni, yəni işlənməmiş şəkildə 480 manata almış, mobil telefonunu üzərində iki ədəd nömrə sim kartları olmuş, həmin nömrələrin hər ikisinə 08 manat pul ödəmişdir. Oğurluq hadisəsi nəticəsində ona 308 manat məbləğdə maddi ziyan dəymişdir. Məhkəmə iclasında Şahid ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə çoxdan tanışdır, aralarında əvvəldən heç vaxt ədavət olmamışdır. O və tanışı Əmrahın istifadəsində mobil telefon olduğu üçün bir-birinin nömrələrini bilmiş, zəngləşib danışmışlar. O, 02 yanvar 2023-cü ildə saat təxminən 23 radələrində tanışı Əmrahla birlikdə “Mərkəzi Lahmacun”a gedib orada dönər yemişlər, həmin restorandan çıxan zaman Əmrah orada olan masanın üzərindən 01 ədəd mobil telefon oğurladığını deyərək həmin mobil telefonu ona göstərmişdir. O, telefona baxdıqda, “Xiomi-Redmi Not 8” markalı mobil telefon olmasını bilmişdir. Lakin o, Əmraha nəyə görə belə bir iş etməsini deməmişdir. Bundan sonra onlar birlikdə şəhərdə biraz gəzdikdən sonra ikisi birlikdə oradan çıxaraq, küçənin sağ tərəfində olan “Mojo” klubuna getmişlər. Həmin klubda bir neçə saat olmuşlar. Həmin kluba getməkdə məqsədləri istirahət etmək olmuşdur. “Mojo” klubda olan masanın üstnüdəki 1 ədəd “İphone 11 pro max” mobil telefonu oğurlayıb klubdan çıxdıqdan sonra istifadəsindəki mobil telefonla Əmrahın istifadəsində olan mobil telefona zəng edib “Mojo” klubdan mobil telefon oğurladığını və Nərimanov parkının yaxınlığında görüşməyi bildirmişdir. Bundan sonra Nərimanov parkının yaxınlığında görüşən zaman Əmraha “Mojo” klubda olan zaman oğurladığı mobil telefonu göstərmişdir. Orada olan zaman Əmrah da “Mojo” klubda mobil telefon oğurladığını ona bildirmişdir. O, “Mojo” klubdan oğurladığı mobil telefonu satmaq istəmiş, lakin sənədi olmadığı üçün təhlükəli hesab etmiş və zibil qutusuna atmışdır. O, oğurluq edən zaman əvvəlcədən Əmrahla aralarında razılaşma olmamış, hadisəni tək törətmişdir. Lakin oğurluq hadisəsindən sonra Əmraha mobil telefonu oğurladığını bildirmişdir. Əmrahın telefonu satıb-satmamasından xəbəri yoxdur. O və Əmrahın oğurluqlar barədə əvvəlcədən aralarında razılıq olmamış, oğurluqları hər biri ayrı-ayrılıqda etmişlər. Hər ikisi hadisəni törədərkən içkili vəziyyətdə olmuşlar. Əmrah psixoloji müalicə aldığı üçün dərmanlar qəbul edirdi. 06 fevral 2023-cü il tarixdə Zərərçəkmiş şəxs2 məxsus əmlakın oğurlanması faktı əsasında Bakı şəhər Səbail Rayon Polis İdarəsinin İstintaq Şöbəsində toplanmış material üzrə Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmışdır. 10 fevral 2023-cü il tarixdə Zərərçəkmiş şəxs2 ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. 13 mart 2023-cü il tarixdə Təqsirləndirilən şəxs saat 17:00-da şübhəli şəxs qismində tutulmuşdur. 01 fevral 2023-cü il tarixdə Bakı şəhər Səbail Rayon Polis İdarəsinin İstintaq şöbəsində Zərərçəkmiş şəxs1 və X4 məxsus əmlakın oğurlanması faktı əsasında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmışdır. 11 fevral 2023-cü il tarixdə Zərərçəkmiş şəxs1 ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. 03 mart 2023-cü il tarixdə ********* nömrəli cinayət işi üzrə Şahid Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir. 03 mart 2023-cü il tarixdə təqsirləndirilən şəxs Şahid barəsində axtarış elan edilmiş, eyni tarixli qərarla ********* nömrəli cinayət işi üzrə icraat dayandırılmışdır. Səbail Rayon Polis İdarəsinin xx.xx.2023-cü il tarixli məktubuna əsasən Şahid həmin tarixdə tutularaq Səbail Rayon Polis İdarəsinin Müvəqqəti saxlama yerinə təhvil verilmişdir. 13 mart 2023-cü il tarixdə ********* nömrəli cinayət işi üzrə icraat təzələnmişdir. 15 mart 2023-cü il tarixdə ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir. 15 mart 2023-cü il tarixli qərarla Səbail Rayon Polis İdarəsinin İstintaq şöbəsində istintaqı aparılan ********* nömrəli cinayət işi ********* nömrəli cinayət işinə birləşdirilmiş və ********* nömrəsi altında istintaqı davam etdirilməsi qərara alınmışdır. 15 mart 2023-cü il tarixdə ********* nömrəli cinayət işi üzrə əməl Cinayət Məcəlləsinin 177.1-ci maddəsindən həmin Məcəllənin 177.2.1 və 177.2.2-ci maddələrinə tövsif edilmişdir. 15 mart 2023-cü tarixdə Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir. 15 mart 2023-cü tarixdə Şahid əməli Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsindən həmin Məcəllənin 177.2.1-ci maddəsinə tövsif edilmişdir. Səbail rayon prokurorluğunun 15 mart 2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina olunmuşdur. Səbail rayon prokurorluğunun 15 mart 2023-cü il tarixli qərarı ilə təqsirləndirilən şəxs Şahid barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina olunmuşdur 15 mart 2023-cü il tarixdə Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. 15 mart 2023-cü il tarixdə təqsirləndirilən şəxs Şahid barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir 01 aprel 2023-cü il tarixdə Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş, eyni tarixli qərarla cinayət iş üzrə icraat dayandırılmışdır. 08 iyul 2023-cü il tarixdə ********* nömrəli cinayət işi üzrə icraat təzələnmişdir. 08 iyul 2023-cü il tarixli qərarla Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri qüvvədə saxlanılmışdır. 04 sentyabr 2023-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərarla Təqsirləndirilən şəxs elan olumuş ittihama dəyişikliklər edilərək ona Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə yenidən ittiham elan edilmiş, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs və Şahid barəsində Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə cinayət təqibinə xitam verilmişdir. 04 sentyabr 2023-cü il tarixli qərarla ********* nömrəli cinayət işindən Şahid Azərbaycan Rtespublikası Cinayət Məcələsinin 177.1-ci maddəsi ilə ittiham edilməsinə dair ********* nömrəli cinayət işi ayrıca icraata ayrılmışdır. 04 sentyabr 2023-cü il tarixli qərarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə yenidən ittiham elan edilmişdir. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 məhkəməyə ünvanladığı teleqramdan görünür ki, təqsirləndirilən şəxslə barışmışdır, ona dəymiş ziyan ödənilmişdir, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 məhkəməyə ünvanladığı teleqramdan görünür ki, təqsirləndirilən şəxslə barışmışdır, ona dəymiş ziyan ödənilmişdir, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 02 sentyabr 2023-cü il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, xx.xx.1992-ci il təvəllüdlü Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs məxsus Azərbaycan Respublikası medalı vəsiqəsinin surətindən müəyyən olunur ki, o, Azərbaycan Rtespublikası Prezidentinin 2021-ci il 24 iyun tarixli 2712 nömrəli Sərəncamı ilə “Xocavəndin azad olunmasına görə” medalı ilə təltif olunmuşdur. İş materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs məxsus Azərbaycan Respublikası medalı vəsiqəsinin surətindən müəyyən olunur ki, o, Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 24 iyun tarixli 2711 nömrəli Sərəncamı ilə “Füzulinin azad olunmasına görə” medalı ilə təltif olunmuşdur. İş materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs məxsus Azərbaycan Respublikası medalı vəsiqəsinin surətindən müəyyən olunur ki, o, Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 21 aprel tarixli 250s nömrəli Sərəncamı ilə “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif olunmuşdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Müdafiə Nazirliyi N saylı hərbi hissə tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda Füzuli rayonu istiqamətində gedən döyüşlər zamanı döyüş tapşırığını yerinə yetirərkən düşmən tərəfindən açılan atəş nəticəsində “Barotravma” diaqnozu ilə xəsarət almışdır. Füzuli Rayon Mərkəzi Xəstəxanası tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 1727 saylı arayışdan görünür ki, Babayev X3 Vətən müharibəsi zamanı xəsarət alaraq xx.xx.2020-ci il tarixdə “Barotravma” diaqnozu ilə Füzuli Rayon Mərkəzi Xəstəxanasında müalicə olunmuş və xx.xx.2020-ci il tarixdə Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına təxliyə olunmuşdur. Psixi Sağlamlıq Mərkəzi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 9494 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs “Üzvi mənşəli şəxsiyyət pozuntusu F07” diaqnozu qoyulmuşdur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən verilmiş məlumata əsasən Təqsirləndirilən şəxs üçüncü dərəcəli əlildir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə, Təqsirləndirilən şəxs səmimi peşmançılıq çəkməsini, eləcə də ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, dəymiş ziyanın ödənilməsini, zərərçəkmiş şəxslərin ona qarşı şikayət və tələbinin olmamasını, müharibə iştirakçısı olduğunu, Qarabağ Vətən müharibəsi zamanı xəsarət aldığını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar aşkar olunmadı. Məhkəmə törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmamasını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür və ona görə də, o, təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Təqsirləndirilən şəxs 13 mart 2023-cü il tarixdən 15 mart 2023-cü il tarixədək, 02 (iki) gün həbsdə saxlanıldığı müddətinin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutularaq, 04 (dörd) gün təyin olunmuş cəzadan çıxılaraq üzərində qəti cəza saxlanılmalıdır. Təqsirləndirilən şəxs üzərinə hər gün saat 23:30-dan növbəti gün saat 07:00-dək yaşayış yeri – ünvan 1 ünvanını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri, Sumqayıt şəhəri və Abşeron rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Cəzanın icrası Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxsə tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 31 saylı qərarına əsasən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 13 mart 2023-cü il tarixdən 15 mart 2023-cü il tarixədək, 02 (iki) gün həbsdə saxlanıldığı müddətinin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutularaq, 04 (dörd) gün təyin olunmuş cəzadan çıxılmaqla, onun üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə hər gün saat 23:30-dan növbəti gün saat 07:00-dək yaşayış yeri – ünvan 1 ünvanını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri, Sumqayıt şəhəri və Abşeron rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icrası Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili X5 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 180 (bir yüz səksən) manat dövlət büdcəsindən tutularaq Bakı şəhəri 12 saylı Vəkil Bürosunun "xxxx" QSC-nin Səbail rayon filialındakı (kod 504960, müxbir hesabı AZ10NABZ********************, VÖEN **********) hesabına köçürülsün. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hakim Ülviyyə Şükürova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar