Məhkəmə qərarları › İş №1(009)-303/2022

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №1(009)-303/2022

26.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(009)-303/2022 26.12.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Səmədova Günel Kamil qızının sədrliyi, Nəsibov Pərviz Novruz oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə xx.xx.1989-cu ildə Lənkəran rayonu Mamuşta kəndində anadan olmuş. Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, məhkum olunmamış, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci massiv fərdi evdə yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilimiş icraat materialı üzrə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələr keçirərək, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 26 noyabr 2022-ci il tarixdə saat 17:45 radələrində sahiblənməsi üçün verdiyi pişiyin xəstə olmasını deyərək qaytaran Zərərçəkmiş şəxs ilə Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Badamdar şosesi 1-ci massiv 12 ünvanda yerləşən «Bazar Store» super marketin qarşısında şəxsi münasibətlərin kəskinləşməsi zəminində münaqişə edərək barmağında üzük olan əli ilə Zərərçəkmiş şəxs alın nahiyyəsindən vurub ona alın nahiyyəsinin əzilmiş yarası kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə hazırlıq iclasında ilkin dinləmələr zamanı cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, 25 noyabr 2022-ci il tarixdə lalafo.az saytına sahibsiz pişiyə sahiblənmək məqsədilə elan qoymuşdur. Elə həmin tarixdə elanda yerləşdirdiyi ***-***-**-** saylı mobil nömrəsinə bir nəfər qadın zəng edərək, elanı gördüyünü və elandakı pişiyə sahiblənmək istədiyini bildirmişdir. O, həmin qadınla telefonla danışdıqda pişik üçün antibiotik və vitaminlərin vurulmasının zəruri olduğunu demiş və səhəri gün, yəni 26 noyabr 2022-ci il tarixdə təxminən günorta saat 13 radələrində Bakı şəhəri Səbail rayonu Badamdar qəsəbəsi “Caspian Hospital”ın yaxınlığında görüşərək pişiyi özünü Şəfiqə kimi təqdim edən şəxsə təhvil vermiş və yaşadığı ünvana qayıtmışdır. Həmin gün saat təxminən 17 radələrində pişiyi verdiyi qadına zəng vurmuş və pişiyin dərmanlarını vaxtında verməsini onun nəzərinə çatdırmışdır. Lakin əlaqə zamanı adını sonradan tam öyrəndiyi Zərərçəkmiş şəxs ona xəstə pişik verdiyini bildirərək təhqir etməyə başlamış və o da Şəfiqənin cavabını qaytarmış və pişiyi geri göndərməsini tələb etmişdir. Bundan sonra Zərərçəkmiş şəxs ona söydüyü söyüşə görə görüş təyin edərək, görüş zamanı onu döyəcəyi ilə hədələmiş və Bakı şəhəri Səbail rayonu Badamdar qəsəbəsi 1-ci yaşayış massivi Badamdar şossesi 12 ünvanında yerləşən «Bazarstore market»in qarşısında görüşmüşlər. O, Şəfiqədən pişiyi geri istədikdə Şəfiqə ondan üzr istəməyini tələb etmiş, o da üzr istəməyəcəyini bildirdikdə, Şəfiqə onun üzərinə hücum çəkmiş, bu zaman Şəfiqənin yanındakı oğlan onları ayırmağa başlamışdır. İkinci dəfə Şəfiqə təkrar üzərinə hücum çəkərək onu yerə yıxmış və yerdə başına, üz nahiyəsinə yumruq zərbələri endirməyə başlamışdır. O, da Şəfiqəni özündən uzaqlaşdırmaq məqsədilə əli ilə ona zərbələr endirərkən barmağındakı üzük Şəfiqənin alın nahiyəsinə dəymiş və Şəfiqənin alnından qan açılmışdır. Mübahisə təxminən 1-2 dəqiqə davam etmişdir. Daha sonra Zərərçəkmiş şəxs yanındakı oğlan onları ayırmışdır. Ayrıldıqdan dərhal sonra polis əməkdaşları yaxınlaşaraq onları Səbail Rayon Polis İdarəsinin 41-ci Polis bölməsinə dəvət etmişlər. Münaqişə zamanı nalayiq ifadələr işlətməmişlər və bu ətrafdakıların diqqətini cəlb etməmişdir. Hazırda zərərçəkmiş şəxslə barışdığını, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmadığını nəzərə alaraq cinayət təqibinə xitam verilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan 27 noyabr 2022-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs şikayət ərizəsi əsasında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə böyük ictimai təhlükə törətməyən aşkar cinayətlər üzrə məhkəməyədək sadələşdirilmiş icraat başlanılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış 13 dekabr 2022ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X2-Təcriibi və Tədris Birliyi” Publik hüquqi şəxsin məhkəmə-tibb ekspertizasının 05 dekabr 2022-ci il tarixli 864 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində müəyyən edilmiş xəsarətlər - alın nahiyyəsinin əzilmiş yarası bərk küt əşyanın təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə və müayinə olunanın göstərdiyi şəraitdə, yəni xx.xx.2022-ci il tarixdə, kənar şəxs tərəfindən qeyd olunan nahiyyəyə əl ilə vuran zaman əldə olan metal üzüyün təsirindən əmələ gələ bilərdilər, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddirlər. İş materiallarında olan zərərçəkmiş şəxs qismində tanımaq haqqında 07 dekabr 2022-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs böyük ictimai təhlükə törətməyən aşkar cinayətlər üzrə məhkəməyədək sadələşdirilmiş icraat gedişində zərərçəkmiş şəxs qismində tanınmışdır. İş üzrə Zərərçəkmiş şəxs məhkəməyə ərizə ilə müraciət edərək göstərmişdir ki, Təqsirləndirilən şəxsilə barışmış, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. İş materiallarında olan Təqsirləndirilən şəxs ərizəsindən görünür ki, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmadığını nəzərə alaraq işə bəraətverici əsaslar olmadan xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli təhqiqatçı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Lakin cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduğundan, yəni Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığından və zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbi olmadığından Təqsirləndirilən şəxs qarşı cinayət təqibinə xitam verilməli, və o, cinayət məsuliyyətindən azad edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəllənin 305.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasında CPM-nin 39-cu, habelə 40.3-cü və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə məhkəmə cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraatın materialları üzrə icraata xitam verilməsi haqqında əsaslandırılmış qərar çıxarır. CPM-nin 40.3-cü maddəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Göstərilən qanunvericlik normalarına əsasən məhkəmə hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs zərərçəkmiş şəxslərlə barışdığı və zərərçəkmiş şəxsin ondan şikayəti olmadığından məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 31 saylı qərarına əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. Şərh olunanlara və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 40.3, 193, 300.1.7, 300.5, 305.1, 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilsin. Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 48 (qırx səkkiz) manat pul vəsaiti Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından tutularaq Bakı şəhəri 3 saylı vəkil Bürosunun ("xxxx" ASC-nin Səbail rayon filialı, kod 200059, VÖEN **********, SWİFT AİİBAZ2X, müxbir hesab AZ37NABZ********************, 3 saylı Vəkil Bürosu VÖEN **********, İBAN AZ75AİİB********************) bank hesabına köçürülsün. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Günel Səmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar