Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(009)-303/2023 09.10.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Səmədova Günel Kamil qızının sədrliyi, Nəsibov Pərviz Novruz oğlunun katibliyi, Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X1 nümayəndəsi və vəkili X3, Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs Abdullayevə (Yusifova) Təyminə Şamil qızının, onun müdafiəçisi Müdafiəçi2 iştirakı ilə, Abdullayevə (Yusifova) Təyminə Şamil qızının Azərbaycan Respublikasının CM-nin 147.1 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb olunmasına dair "xxxx" MMC və X1 xüsusi ittiham qaydasında şikayətinə Məhkəmənin hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: "xxxx" MMC və X1 xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət edərək, Abdullayevə (Yusifova) Təyminə Şamil qızının Azərbaycan Respublikasının CM-nin 147.1 və 148ci maddələri ilə cinayət məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, xx.xx.2023 tarixində saat ll:57-də Cumhuriyyet.AZ saytında(https://www.cumhuriyyet.net/sonxeber/192016-faktor-lizinq-mmc-nin-sahibl%c9%99ri- V%c9%99t%c9%99ndasi-aldadib-oluml%c9%99-h%c9%99d%c9%99l%c9%99yirnazird%c9%99n-kom%c9%99k-ist%c9%99nildi.html) "xxxx" MMC-nin sahiblərinin aldadıb ölümlə hədələdiyi xanım Mehriban Əliyevadan kömək istəyir: “Tək ümidim sizədir" başlıq altında, xx.xx.2023-cü il tarixində saat 12:13-də "Gundeminfo.az" Xəbər agentliyinin saytında (https://gundeminfo.az/karusel/105000-faktor-lizinq-mmc-shikayetchini-olumle-hedeleyir.html) "xxxx" MMC şikayətçini ölümlə hədələyir" başlıq altında, "Yenisoz.az" indormasiya portalında xx.xx.2023-cü il tarixində saat 14:02-də (https://yenisoz.az/gundem/1080-faktor-lizinq- mmc-ninsahiblrinin-aldadib-oluml-hdldiyi-xanim-mehriban-liyevadan-komk-istyir-tk-umidim- sizdir.html) "xxxx" MMC-nin sahiblərinin aldadıb ölümlə hədələdiyi xanım Mehriban Əliyevadan kömək istəyir: “Tək ümidim sizədir" başlıq altında, kütləvi informasiya vasitəsi ilə barəmizdə bilə-bilə yalan məlumatları verilməsi mənim şərəf və ləyaqətimi alçaldan, cəmiyyətdə olan nüfuz və hörmətimə, eləcə də işgüzar nüfuzuma xələl gətirən həqiqətə uyğun olmayan məlumatlar yaymışlar. Belə ki, xx.xx.2023 tarixində Cumhuriyyet.AZ saytında yuxarıda qeyd etdiyimiz başlıq altında olan yazıda "ASAN xidmətdə bağlanan saxta borc müqaviləsi'" yarımbaşlığında qeyd olunmuşdur ki: "Hadisənin təfərrüatına gəldikdə isə cumhuriyyet.az-a daxil olan məlumata görə Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qətnaməsinə əsasən 250.000 manat məbləğində pul Təyminə Yusifovadan alınaraq "xxxx" MMC-yə qaytarılması qət edilmişdir. Bu qərardan bir neçə il sonra E.Alıyev öz planını işə salır. Təyminə xanım baş verənlərlə bağlı bildirir: "2019-cu ildə Ehtiram Alıyevə 250.000 pulu hələ ki, qaytara bilmədiyimi, amma hər hansı bir problemin olmadığını, həmin məbləğdə pulun yaxını olan İlqar İsmayılovun formal olaraq mənə verilməsi barədə notariusda müqavilə bağlamağımı, ondan sonra 250.000 manat pulu nə vaxt istəsəm verə biləcəyini dedi". Bunun ardınca baş verənlər isə əsl dələduzluq əməlidir. Belə ki, İlqar İsmayılov adlı şəxs və Ruslan Alıyev Bakı şəhərində yerləşən 2 saylı ASAN Xidmətdə T. Yusifovaya 290 min dolllarlıq borc müqaviləsinə imza etdirirlər." "Ehtiram Alıyevin gerçək niyyəti" yarımbaşlığında qeyd olunmuşdur ki: "Bir müddət sonra Ehtiram Aliyevin çirkin niyyəti, yəni etibardan sui istifadə edərək borc və barışıq sazişlərindən əmlakları qanunsuz yollarla ələ keçirmək istəyi üzə çıxır. Belə ki, T.Yusifova məhkəməyə çağırılmadan Bakı inzibati məhkəməsində qərar çıxartdıraraq Ehtiram Alıyev qanunsuz yollarla mənim adıma Bakı şəhəri, Yasamal rayonu, Nizami küçəsində yerləşən 63 saylı evin 33 saylı mənzilin yarı hisssənin çıxarışını öz adına keçirir. Bu bəs etmirmiş kimi İlqar İsmayılovla saxta yolla bağlanan və sonra guya cırıldığı deyilən borc müqaviləsinə əsasən Təyminə xanımdan İlqarın adı ilə pul tələb edir." "Dövlət orqanlarınan adından sui istifadə" yarımbaşlığında qeyd olunmuşdur ki: "Ehtiram Alıyev son 3 ay ərzində Təyminə Yusifova və onun keçmiş həyat yoldaşı Barat Abdullayevə zəng edərək Bakı şəhəri, Yasamal rayonu, Nizami küçəsində yerləşən 63 saylı evin 33 saylı mənzilin hamısının və ünvan 1 ünvanında yerləşən "Nemi Museum" adlı hotelin yarısını onun adına keçirtməyi, əks halda bütün əmlaklara əl qoyacağını bildirir. T.Yusifova son baş verənlərlə bağlı bildirir: "Azərbaycan Respublikası Daxili İşlər Nazirliyində, Məhkəmələrdə və digər orqanlarda Ehtiram onun adamlarının olduğunu, ona heç bir şey etməyə gücümüzün çatmayacoğını, mənə cinayət işi açdıracağını, İlqar İsmayılovu tanımadığını, başıma oyun açacağını bildirir. Həmçinin son 2 həftədir ki, zəng edərək Bakı şəhəri, Yasamal rayonu, Nizami küçəsində yerləşən 63 saylı evin 33 saylı mənzilin yarı hisssənin çıxarışını öz adına aldığını, artıq həmin evin onun olduğunu və evin açarını verməyimizi tələb edir və açarı verməsək qapını sındıraraq girəcəyini bildirir". Təyminə Yusifova və Barat Abdullayev dəfələrlə Ehtiram Alıyevlə şəxsən görüşərək və telefonla danışaraq ondan alınan borcu (yəni məhkəmə qərarı ilə müəyyən edilmiş məbləği, Ehtiram Alıyevin özünün hesabladığı məbləği deyil) tam və artıqlamasıyla verəcəklərini, həmçinin ona verməli olunan pulun 2 qat məbləği həcmində Bakı şəhəri, Yasamal rayonu, Nizami küçəsində yerləşən 63 saylı evin 33 saylı mənzilin yarı hisssənin çıxarışını öz adına aldığını bildirsələr də Ehtiram Alıyev həmin evin tam hissəsini onun adına keçirməyi, əlavə olaraq ümumilikdə ona 2 milyon pul verməyi tələb edir." "İqar İsmayılovun dələduzluq şərikliyi" yarımbaşlığında qeyd olunmuşdur ki: "Baş verənlər onu göstərir ki, Ehtiram Alıyev əslində İlqar İsmayılovla əlbir olub vətəndaşları aldatmaqla məşğuldur. Bu gün də İlqar İsmayılovu tanımadığını bildirməklə özünü kənarda saxlayan Ehtiram əslində İlqarla bütün dələduzluqlarda şərikdir, həm də biznes ortaqlığına malikdir. O, İlqar İsmayılovun vasitəsi ilə başqa əmlakları və külli miqdarda pul əldə etmək istəyir." Beləliklə də, cavabdeh şərəf və ləyaqətimizi, işgüzar nüfuzumuzu qəsdən alçaltmaqla bizi təhqir etmiş, işgüzar nüfuzumu ləkələmiş və bizə mənəvi zərər vurmuşlar. Nəticə etibarı ilə, cavabdeh öz hərəkətləri ilə bizi bütün tanıyanlar və müştərilərimiz arasında nüfuzdan salmaq istəmişldir. Belə ki, "xxxx" MMC bir lizinq şirkəti olaraq izgüzar nüfuzu, etibarlı tərəfdaşlığı ilə biznes subyektəri və çoxsaylı müştəriləri arasında xüsusi müsbət mövqeyə malikdir. Ehtiram Əliev isə uzun illərdir ki, iş adamı olaraq bizneslə məşğuldur, ziyalı, cəmiyyətdə nüfuzu və hörməti olan şəxsdir, ailəlidir, övladları var. Göründüyü kimi, məhkəmə qərarı ilə təsdiqlənməmiş, barəsində qanuni qüvvəsini almamış məhkəmə qərarı olmadan müvafiq məlumatı kütləvi informasiya vasitələrində yaymaqla Abdullayevə (Yusifova) Təyminə Şamil qızı onların şərəf və ləyaqətini, işgüzar nüfuzunu alçaltmışdır. Göstərilənlərə əsasən, 27 oktyabr 1972ci ildə Ermənistan Respublikasının Vardenis rayonunda anadan olmuş, ünvan 2 ünvanında qeydiyyatda olan Azərbaycan Respublikasının vətəndaşı Abdullayevə (Yusifova) Təyminə Şamil qızının Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin hazırlıq iclasında xüsusi ittiham qaydasında şikayət vermiş "xxxx" MMC-in və X1 nümayəndəsi və vəkili X5 şikayətini müdafiə edərək, Abdullayevə (Yusifova) Təyminə Şamil qızının Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin hazırlıq iclasında barəsində şikayət verilmiş Abdullayevə (Yusifova) Təyminə Şamil qızı şikayəti qəbul etməyərək, bildirdi ki, şikayət tam əsassızdır və icraata qəbul oluna bilməz. Belə ki, o, heç bir sayta ərizə verməmiş, onunla X2 və digər əizəçi "xxxx" MMC arasında doğrudan da məhkəmə çəkişmələri olmuş və bir qismi hələ də davam edir. Lakin bununla bağlı o, heç bir mətbuat orqanına ərizə yazmamış və intervyu verməmişdir. Ümumiyyətlə, bu şikayətdə göstərilən saytlar və məqalələr barədə o, yalnız bu məhkəmə işində xəbər tutmuşdur. Hesab edir ki, bu şikayətin məqsədi onu hüquq müstəvisində apardığı mübarizədən çəkindirmək, məhkəmə icraatında olan işlərdə iddiasını geri götürməyə məcbur etməkdir. Xüsusi ittiham qaydasında şikayətçi "xxxx" MMC-nin təsisçisi A.C.Xasayevadır. Belə olan halda "xxxx" MMC-nin sahibi kimi Ehtiram Əliyevin göstərilməsi həqiqətə uyğun deyil. Qanunun tələbinə əsasən xüsusi ittiham qaydasında şikayət yazılı şəkildə “cinayətin törədildiyi yerin” yurisdiksiyasına aid olan birinci instansiya məhkəməsinə verilməlidir. Lakin ərizəçi tərəf istinad etdiyi saytların Səbail rayonu ərazisində olmasını təsdiq edən sübut təqdim etməmişdir. Bütün bunları nəzərə alaraq xüsusi ittiham qaydasında şikayətin icraata götürülməsindən imtina olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmənin hazırlıq iclasında barəsində şikayət verilmiş Abdullayevə (Yusifova) Təyminə Şamil qızının müdafiəçisi Müdafiəçi2 xüsusi ittiham qaydasında şikayətin icraata götürülməsindən imtina olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış materiallara hüquqi qiymət verərək hesab edir ki, xüsusi ittiham qaydasında şikayət üzrə Məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul olunmasından imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 7.0.26-cı maddəsinə əsasən xüsusi ittihamçı — bu Məcəllədə nəzərdə tutulmuş qaydada və hallarda məhkəmədə ittiham irəli sürən və onu müdafiə edən zərər çəkmiş şəxsdir; Həmin Məcəllənin 37.2-ci maddəsinə əsasən Xüsusi ittiham qaydasında cinayət təqibi yalnız zərər çəkmiş şəxsin şikayəti əsasında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147, 148, 165.1 və 166.1-ci maddələrində göstərilən cinayətlər üzrə həyata keçirilir və məhkəmə müşavirə otağına gedənədək zərər çəkmiş şəxs təqsirləndirilən şəxslə barışdıqda ona xitam verilir. Həmin Məcəllənin 45.4-cü maddəsinə əsasən xüsusi ittiham qaydasında cinayət təqibi üzrə icraat xüsusi ittiham qaydasında şikayəti öz icraatına qəbul etmiş məhkəmə tərəfindən müvafiq qərar qəbul etdiyi andan açılır. Həmin Məcəllənin 88.4.1-ci maddəsinə əsasən xüsusi ittiham qaydasında şikayət üzrə materialların hazırlanmasını həyata keçirmək xüsusi ittihamçının vəzifəsidir. Həmin Məcəllənin 293.3.1-293.3.7-ci maddələrinə əsasən böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə yazılı şikayətdə və ya şifahi şikayətin qəbul edilməsi barədə protokolda aşağıdakılar göstərilir: şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi); törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği); cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi; şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi; cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş; şikayətin verildiyi tarix (il, ay və gün) və yer; şikayəti vermiş şəxsin imzası. Həmin Məcəllənin 299.3.3-cü maddəsinə əsasən hər bir halda cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmənin hazırlıq iclasında xüsusi ittiham qaydasında şikayətin məzmununun bu Məcəllənin 293.3.1—293.3.7-ci maddələrinin müddəalarına uyğun olub olmaması barədə məsələlərə baxılır. “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli Qərarının Qərarının 2-ci bəndində göstərilir ki, cinayət qanunvericiliyində xüsusi ittiham qaydasında cinayət təqibinə səbəb olan əməllərin törədilməsinə görə cinayət məsuliyyətinin nəzərdə tutulması hər kəsin mənəvi dəyəri olan şərəf və ləyaqətini, nüfuzunu qeyriqanuni qəsdlərdən qorumaq məqsədi daşıyır. Hər kəsin şərəfi dedikdə onun cəmiyyətin üzvü kimi əxlaqi, mənəvi keyfiyyətlərinə, digər insanlara, dövlətə, cəmiyyətə münasibətinə görə ona verilən qiymət, ləyaqəti dedikdə şəxsin öz mənəvi və əqli keyfıyyətlərini, cəmiyyətdəki mövqeyini və nüfuzunu dərk etməsi və özünün özünə verdiyi qiymət, nüfuzu dedikdə isə şəxsin cəmiyyətdə, kollektivdə, dostlarının əhatəsində, təşkilatda öz qabiliyyətinə görə tutduğu mövqe başa düşülür. Həmin qərarın 5-ci bəndində göstərilir ki, böhtan və təhqir xarakterli məlumatlar mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, elektron vasitələrlə yayınlanmaqla, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə əks etdirilməklə və sair üsullarla yayıla bilər. Lakin CM-nin 147 və 148-ci maddələrinin mənasına görə, şəxs böhtana, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları yaymaya və təhqirə, yəni şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaya görə o halda cinayət məsuliyyətinə cəlb edilə bilər ki, təhqir və böhtan xarakterli məlumatlar onun tərəfindən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmış olsun. Kütləvi informasiya vasitəsi və kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatı dedikdə, dövri mətbu nəşrlər, teleradio proqramları, kinoxronika proqramları, sosial internet şəbəkələri, dövri mətbuatın və teleradio kanallarının internet saytları və digər yayım formaları başa düşülür. Həmin qərarın 10-cu bəndində göstərilir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM-nin) 37-ci maddəsinə əsasən, xüsusi ittiham qaydasında cinayət təqibi yalnız zərər çəkmiş şəxsin ərizəsi əsasında CM-nin 147 (böhtan), 148 (təhqir), 165.1 (müəlliflik hüquqlarını və ya əlaqəli hüquqları pozma) və 166.1-ci (ixtiraçılıq və patent hüquqlarını pozma) maddələrində göstərilən cinayətlər üzrə həyata keçirilir. Cinayət nəticəsində ziyan vurulmuş, məhkəməyə xüsusi ittiham qaydasında şikayət vermiş yetkinlik yaşına çatmış və fəaliyyət qabiliyyəti olan zərər çəkmiş şəxs xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsi və ya məhkəmə baxışına təyin edilməsi haqqında məhkəmə qərarı qəbul olunduğu andan xüsusi ittihamçı, barəsində şikayət verilmiş şəxs isə - təqsirləndirilən şəxs qismində tanınırlar. Həmin qərarın 11-ci bəndində göstərilir ki, xüsusi ittiham qaydasında icraatın başlanmasına səbəb yalnız zərər çəkmiş şəxs tərəfındən xüsusi ittiham qaydasında verilmiş şikayət ola bilər. Xüsusi ittiham qaydasında şikayət yazılı şəkildə cinayətin törədildiyi yerin yurisdiksiyasına aid olan birinci instansiya məhkəməsinə verilir. Şikayətdə aşağıdakılar göstərilməlidir: şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi), törədilmiş cinayət barəsində məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği), cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfındən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfındən törədilməsinin nə ilə təsdiq edildiyi, şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi, cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş, şikayətin verildiyi tarix (il, ay və gün), şikayəti vermiş şəxsin imzası (CPM-nin 293.3.1- 293.3.7-ci maddələri). Məhkəmələrə tövsiyə edilmişdir ki, xüsusi ittiham qaydasında şikayətə Məhkəmənin hazırlıq iclasında baxılması mərhələsində şikayətin məzmununun CPM-nin 293.3.1- 293.3.7-ci maddələrinin tələblərinə uyğun olub-olmamasını yoxlasınlar. Xüsusi ittiham qaydasında şikayət bu tələblərə cavab vermədikdə, habelə CPM-nin 302.1.2-302.1.4 və 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş halları müəyyən etdikdə məhkəmə hazırlıq iclasında şikayətin öz icraatına qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərar qəbul edir. Məhkəmə şikayətin məzmununun CPM-nin 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə uyğun olub-olmamasını yoxlayaraq, qeyd etməyi zəruri hesab edir ki, X1 və "xxxx" MMC-nin nümayəndəsi və vəkili X5 şikayət ərizəsi ilə məhkəməyə müraciət etmiş, lakin şikayət ərizəsinə mötəbər sübut və dəlil əlavə etməmişdir. Bundan başqa, xüsusi ittiham qaydasında şikayətin məzmunundan, məhkəməyə təqdim olunan sənədlərdən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, audio-video yazı ilə, habelə hansı digər mötəbər sübutlarla təsdiq edildiyi əks olunmamışdır. Bundan əlavə, xüsusi ittiham qaydasında şikayət zərərçəkmiş özü tərəfindən deyil, nümayəndəsi və vəkil tərəfindən imzalanmaqla verilmişdir. Bununla da, X1 və "xxxx" MMC-nin nümayəndəsi və vəkili X3 xüsusi ittiham qaydasında şikayətinin yoxlanılması zamanı müəyyən edilmişdir ki, şikayətin məzmunu Azərbaycan Respublikası CPM-nin tələblərinə uyğun deyil, qanunvericiliyin tələblərinə əməl edilməklə verilmiş xüsusi ittiham qaydasında şikayət qismində qəbul olunaraq məhkəmə baxışının keçirilməsi və xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsi üçün heç bir qanuni əsas yoxdur. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 302.1.3-cü maddəsinə əsasən şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda, 302.1.6-cı maddəsinə əsasən cinayət hadisəsi və ya barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayət əlamətləri olmadıqda, 302.1.7-ci maddəsinə əsasən isə şikayət əsassız olduqda və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədikdə məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə Məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Həmin Məcəllənin 302.2.3-cü maddəsinə əsasən bu Məcəllənin 302.1.2-302.1.4, 302.1.6- 302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə Məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar çıxarır. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, şikayət forma və məzmunca Azərbaycan Respublikasının CPM-nin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun tərtib edilmədiyindən və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədiyindən məhkəmə barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs Abdullayevə (Yusifova) Təyminə Şamil qızının Azərbaycan Respublikasının CM-nin 147.1 və 148ci maddələri ilə cinayət məsuliyyətinə cəlb olunmasına dair "xxxx" MMC və X1 xüsusi ittiham qaydasında şikayətinin icraata qəbul edilməsindən imtina edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 88, 293, 299, 300, 302 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs Abdullayevə (Yusifova) Təyminə Şamil qızının Azərbaycan Respublikasının CM-nin 147.1 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb olunmasına dair "xxxx" MMC və X1 xüsusi ittiham qaydasında şikayətinin icraata qəbul edilməsindən imtina edilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Günel Səmədova
Məhkəmə qərarları › İş №1(009)-303/2023
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №1(009)-303/2023
09.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver