Məhkəmə qərarları › İş №1(009)-303/2024

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-303/2024

02.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-303/2024 02.12.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Süleymanova Şəhla Ənvər qızının sədrliyi, Uğur Fatimə Mehmet qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1979-cu ildə Füzuli rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, himayəsində iki yetkinlik yaşına çatmayan uşağı olan, əvvəllər məhkum olunmuş, Füzuli rayonunun Horadiz şəhərinin, M.Ə.Rəsulzadə küçəsi ev 78-də qeydiyyatda olan, ünvan 1 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə baxışı iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs yaşayış sahəsinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talamışdır. Belə ki, o, 11 may 2024-cü il tarixdə, saat 11 radələrində Zərərçəkmiş şəxs məxsus Bakı şəhəri, Səbail rayonu, Şıxov qəsəbəsi Səlyan şossesi 32 ünvanında yerləşən ikimərtəbəli evinin birinci mərtəbəsinin pəncərəsindən qanunsuz olaraq yaşayış sahəsinə daxil olaraq əmlakını gizli talayaraq 598.90 manat ziyan vurmuşdur. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, evə gecə saatlarında girmişdir, evdən bijuteriya, dəmirkəsən və dəmirkəsən aparat götürmüşdür. Zərərçəkmiş şəxslə barışmışdır, dəymiş ziyanı ödəmişdir. Əməlindən çox peşmandır. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs bildirmişdir ki, dəymiş ziyan ödənilmişdir, təqsirləndirilən şəxslə barışmışdır, ondan şikayəti yoxdur. İş materiallarında olan 19 may 2024-cü il tarixli “hadisə yerinə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, hadisə yeri olan Bakı şəhəri, Səbail rayonu, Şıxov qəsəbəsi, Salyan şossesi 32 ünvanına baxış keçirilmiş, əl-barmaq izləri, hadisə yerinin fotoşəkilləri çəkilərək protokola əlavə edilmişdir. Hadisə yerinə baxış keçirilən zaman həyətdə torpağın üzərində 01 ədəd ekranı çatlamış, arxası tünd göy rəngli Samsung markalı mobil telefon aşkar edilmişdir. (c.i.v. 8-11) İş materiallarında olan 20 may 2024-cü il tarixli Maddi sübutların götürülməsi haqqında protokoldan görünür ki, Bakı şəhəri, Səbail rayonu, Şıxov qəsəbəsi, Salyan şossesi 32 ünvanından magistral yolun sol tərəfində “Dalin kulak çubuğu 100% saf pamuk” sözləri yazılmış plastik qutunun içərisində 27 ədəd metal rəngli saç toplayıcı, 02 ədəd qara rəngli saç toplayıcı, 1 ədəd üzəri bənövşəyi rəngli saç toplayıcı, 11 ədəd üzük, 1 ədəd qızılı rəngli kiçik açar, 1 ədəd qızılı ürək formalı bəzək əşyası, açar üçün nəzərdə tutulmuş 2 ədəd açarlıq, 5 ədəd boyunbağı, 1 ədəd bilərzik, 3 cüt sırğa və 5 ədəd tək taylı sırğa götürülmüşdür. Fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir. (c.i.v. 28-29) İş materiallarında olan 20 may 2024-cü il tarixli cinayət içinin başlanması və icraata qəbul edilməsi haqqında qərarından görünür ki, fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmışdır. (c.i.v.1) İş materiallarında olan 21 may 2024-cü il tarixli zərərçəkmiş şəxs qismində tanınma haqqında qərardan görünür ki, Zərərçəkmiş şəxs qismində tanınmışdır. (c.i.v.59) İş materiallarında olan 22 may 2024-cü il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsindən həmin Məcəllənin 177.2.3-cü maddəsinə tövsif edilmişdir. (c.i.v.69) İş materiallarında olan 10 iyul 2024-cü il tarixli 9/4669 nömrəli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin ekspert rəyindən görünür ki, ekspertiza təqdiqatına təqdim edilmiş məlumatların modeli və digər göstəriciləri nəzərə alınmaqla 2024-cü ilin may ayına orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 207.90 manat müəyyən olunmuşdur. Aparılmış tədqiqatın dəyəri 128 manat. (c.i.v. 121-123) İş materiallarında olan 28 avqust 2024-cü il tarixli 9/7031 nömrəli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin ekspert rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda göstərilən malların ortaistismar intensivliyi parametrlərinə uyğun olaraq 2024-cü ilin may ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 360 manat müəyyən olunmuşdur. Aparılmış tədqiqatın dəyəri 50 manat. (c.i.v. 121-123) İş materiallarında olan «cinayət törətməkdə şübhəli şəxsin tutulması haqqında» tərtib edilmiş 20 may 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 20 may 2024-cü il tarixdə saat 20:00-da hadisə törətməsində şübhəli olduğundan şübhəli şəxs qismində tutulmuşdur. (c.i.v.48) İş materiallarında olan “təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin təmin edilməməsi haqqında” Səbail rayon Prokuroru, baş ədliyyə müşaviri Natiq Əsədovun 22 may 2024-cü il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə istintaqı aparılan ********* №-li cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatət təmin edilməmiş və Təqsirləndirilən şəxs dərhal müvəqqəti saxlama yerindən azad edilməsi qərara alınmışdır. (c.i.v.92-94) İş materiallarında olan “qətimkan tədbirinin seçilməsi” barədə 22 may 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmişdir. (c.i.v.95-96) İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-nin 22 may 2024-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmuşdur və məhkumluğu ödənilməmişdir. Səbail rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3, 177.2.4cü maddəsi ilə 3 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə Səbail rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü dəyişdirilərək xx.xx.2021-ci il tarixli Amnistiya qərarının 4 və 9.2.3-cü maddəsinə əsasən cəzası 06 ay azaldılaraq üzərində qəti olaraq 2 il 6 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. xx.xx.2023-cü il tarixdə cəzasının sonu ilə azad edilmişdir. (c.i.v.110-111) İş materiallarında olan xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, Zərərçəkmiş şəxs evindən oğurlanmış “Dalin kulak çubuğu 100% saf pamuk” sözləri yazılmış plastik qutu, üzərində rəngsiz şəffaf qaşları olan, gümüşü rəngli qırıq vəziyyətdə 1 ədəd gümüş boyunbağı, sarı rəngli 1 ədəd metal boyunbağını, gümüşü rəngli (qaralmış vəziyyətdə), üzərində “18К cp” yazısı olan 1 ədəd metal boyunbağını, gümüşü rəngli, üzərində ulduz formalı elementləri olan 1 ədəd boyunbağı, gümüşü rəngli, qulaqcığı üzərində “925 İTALY” damğası olan, qırıq vəziyyətdə 1 ədəd gümüş boyunbağı, dəyəri 8 manat olan gümüşü rəngli 1 ədəd metal qolbaq, ümumilikdə 27 ədəd olan gümüşü rəngli, metal saç sancağı, ümumilikdə 11 ədəd olan gümüşü rəngli metal üzükləri, üzərində rəngsiz şəffaf və qırmızı rəngli qaşları olan 1 cüt metal sırğa, üzərində rəngsiz şəffaf qaşları olan gümüşü rəngli 1 cüt metal sırğa, üzərində rəngsiz şəffaf qaşları olan, sarı və mavi rəngli 1 cüt sırğaı, üzərində rəngsiz şəffaf qaşları və “925” damğası olan 1 tay gümüş sırğa, gümüşü rəngli 2 ədəd metal açarlıq, üzərində rəngsiz şəffaf qaşları olan, sarı rəngli 1 tay metal sırğa, üzərində rəngsiz şəffaf qaşları olan 1 tay metal sırğa, üzərində bir ədəd qaşı olan gümüşü rəngli 1 tay metal sırğa, gümüşü rəngli 1 tay metal sırğa, dəyəri 1 manat olan qara rəngli 2 ədəd metal saç sancağı, sarı rəngli ürək formalı 1 ədəd metal məmulat hissəsi, sarı rəngli açar formalı 1 ədəd metal məmulat hissəsi, qeyri metal tərkibli 1 ədəd saç sancağını təhvil aldı. Нес bir şikayəti və tələbi yoxdur. (c.i.v. 172) İş materiallarında olan xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, Təqsirləndirilən şəxs özünə məxsus üzərində ***-***-**-** römrə istifadə olunan “Samsung Galaxy A5" markalı mobil telefonu Səbail RPİ-nin İŞ-dən təhvil aldı. Telefonu işlək vəziyyətdədir, heç bir şikayəti və tələbi yoxdur. (c.i.v.173) Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmağa görə cinayət məsuliyyətini müəyyən edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli, 1 nömrəli Qərarının: 2-ci bəndinə əsasən mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir; 7-ci bəndinə əsasən təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir; 26-cı bəndinə əsasən məhkəmələr nəzərə almalıdırlar ki, CMin 177-ci maddəsinin “Qeyd”inin 1-ci bəndinə əsasən CM-in 177.1-ci maddəsində nəzərdə tutulmuş oğurluğa görə cinayət məsuliyyətinin yaranması üçün əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı (lakin, beş min manatdan artıq olmayan) məbləğdə ziyanın vurulması tələb olunduğu halda, CM-in 177.2.1-177.2.3-2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş cinayətlərə görə cinayət məsuliyyəti vurulmuş ziyan yüz manatdan yuxarı məbləğdə olduqda yaranır. Vurulmuş ziyanın cinayət məsuliyyətini şərtləndirən minimal məbləği barədə tələb soyğunçuluq və quldurluq cinayətlərinə şamil olunmur və həmin əməllərə görə cinayət məsuliyyəti vurulmuş ziyanın CM-in 177-ci maddəsinin “Qeyd”inin 1-ci bəndində göstərilən məbləğlərdən az olubolmamasından asılı olmayaraq yaranır. Oğurluq, soyğunçuluq, quldurluq cinayətini törətmiş şəxsin əməli “xeyli miqdarda” və ya “külli miqdarda” və ya “xüsusilə külli miqdarda” ziyan vurma əlaməti üzrə tövsif edilərkən məhkəmələr CM-in 177-ci maddəsinin qeydinin 2-ci bəndini rəhbər tutmalıdırlar; 27-ci bəndinə əsasən talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir. Talanmış əmlakın qiyməti barədə məlumat olmadıqda talanmış əmlakın qiyməti ekspert rəyi ilə müəyyən edilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinin şərh edilməsinə dair” 09 iyun 2011-ci il tarixli qərarında qeyd edilir ki, CM-lə oğurluq cinayət əməlinin bir neçə tövsifedici əlamətləri müəyyən edilmişdir. Oğurluğun yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədilməsi oğurluq cinayətinin tövsifedici əlamətlərindən biridir. Oğurluğun yaşayış sahəsinə, habelə binaya, anbara və ya digər saxlanc yerlərinə daxil olmaqla törədilməsi öz ictimai təhlükəliliyi ilə seçilir. Belə ki, mənzildə, binada, anbarda və digər saxlanc yerlərində fiziki və hüquqi şəxslərə məxsus daha qiymətli və xüsusi mühafizə olunan əşyalar saxlanılır. Adı çəkilən yerlərə daxil olma şəxslərə daha əhəmiyyətli ziyanın dəyməsi ehtimalını artırır. CM-in 177.2.3-cü maddəsində qeyd edilən yaşayış sahəsi insanların daimi və ya müvəqqəti yaşaması üçün nəzərdə tutulmuş, onların əmlakının olduğu evlər, mənzillər, bağ evləri, mehmanxana və sanatoriya otaqlarını, habelə onların tərkib hissələrini nəzərdə tutur. Bina insanların və ya maddi dəyərlərin yerləşdirilməsi üçün nəzərdə tutulmuş tikili və ya qurğulardır. Maddi nemətlərin saxlanması üçün xüsusi olaraq təchiz edilmiş binalar, qurğular, habelə xüsusi mühafizə vasitələri ilə təchiz edilmiş saxlama yerləri anbar hesab edilir. Sözügedən qərarda həmçinin qeyd edilir ki, daxil olma yaşayış sahəsinə, habelə binaya və ya başqa saxlanc yerlərinə oğurluq, soyğunçuluq və ya quldurluq etmək məqsədi ilə qanunsuz olaraq girmə kimi qiymətləndirilməlidir. Girmə həm açıq, həm də gizli formada maneələri aradan qaldırmaqla, orada olan insanların, həmçinin mühafizəçilərin müqavimətini qırmaqla, yaxud onları aldatmaq yolu ilə və ya bu hərəkətləri etmədən həyata keçirilə bilər. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddələri ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli onun özünün etirafedici, zərərçəkmişin ifadəsi, ekspertizanın rəyləri, işdə olan cinayət işinin digər halları və məhkəmə istintaqında tədqiq olunmuş dəlillərlə tam sübuta yetirilir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Bununla əlaqədar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddələrində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşağın olmasını, ona dəymiş ziyanı qismən ödəməsini, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbi olmamasını, əməlindən səmimi peşman olmasını qanunla nəzərdə tutulmuş cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. İş materialları ilə müəyyən edilir ki, Orucov X2 rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3, 177.2.4cü maddəsi ilə 3 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə Səbail rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü dəyişdirilərək xx.xx.2021-ci il tarixli Amnistiya qərarının 4 və 9.2.3-cü maddəsinə əsasən cəzası 06 ay azaldılaraq üzərində qəti olaraq 2 il 6 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. xx.xx.2023-cü il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Odur ki, Təqsirləndirilən şəxs məhkumluğu götürülmədiyi halda xx.xx.2024-cü il tarixdə yenidən qəsdən cinayət törətməsi cinayətin residivi hesab edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində-onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluğu olmayan hesab edilir. Məhkəmə Cinayət Məcəllənin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivinin olmasını cəzanı ağırlaşdıran hal kimi qiymətləndirir. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cəzanı ağırlaşdıran və yüngüllədirən halları, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini, işin digər mühüm və diqqətə layiq hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin olunduğu təqdirdə təmin edilə bilər və ona azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Hazırki halda, məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Cinayət işinin materialları ilə təsdiq olunur ki, Təqsirləndirilən şəxs 20 may 2024-cü il tarixdə saat 20:00-da şübhəli şəxs kimi tutulmuş və Səbail RPİ-nin MSY-nə təhvil verilmişdir. 22 noyabr 2024-cü il tarixdə saat 16:40-da Orucov X2 RPİ-nin MSY-dən həbsdən azad edilmiş və onun barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs 20 may 2024-cü il tarixindən 22 may 2024-cü il tarixədək həbsdə saxlanıldığı 02 (iki) gün ona təyin olunacaq qəti cəzadan çıxılmalıdır. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cəzaçəkmə müddətinin əvvəli 02 dekabr 2024-cü il tarixdən hesablanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilərək, barəsində “həbs” qətimkan tədbiri seçilməli, o, məhkəmə iclas zalında həbsə alınaraq saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına göndərilməli, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə görə hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi vəsaiti hesabına 180 manat pul ödənilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edərkən hesab edir ki, hazırki cinayət işi üzrə müsadirə edilməli əmlak yoxdur. İş üzrə mülki iddia yoxdur. İş üzrə maddi sübut olan “Dalin kulak çubuğu 100% saf pamuk” sözləri yazılmış plastik qutu, üzərində rəngsiz şəffaf qaşları olan, gümüşü rəngli qırıq vəziyyətdə 1 ədəd gümüş boyunbağı, sarı rəngli 1 ədəd metal boyunbağını, gümüşü rəngli (qaralmış vəziyyətdə), üzərində “18К cp” yazısı olan 1 ədəd metal boyunbağını, gümüşü rəngli, üzərində ulduz formalı elementləri olan 1 ədəd boyunbağı, gümüşü rəngli, qulaqcığı üzərində “925 İTALY” damğası olan, qırıq vəziyyətdə 1 ədəd gümüş boyunbağı, dəyəri 8 manat olan gümüşü rəngli 1 ədəd metal qolbaq, ümumilikdə 27 ədəd olan gümüşü rəngli, metal saç sancağı, ümumilikdə 11 ədəd olan gümüşü rəngli metal üzükləri, üzərində rəngsiz şəffaf və qırmızı rəngli qaşları olan 1 cüt metal sırğa, üzərində rəngsiz şəffaf qaşları olan gümüşü rəngli 1 cüt metal sırğa, üzərində rəngsiz şəffaf qaşları olan, sarı və mavi rəngli 1 cüt sırğaı, üzərində rəngsiz şəffaf qaşları və “925” damğası olan 1 tay gümüş sırğa, gümüşü rəngli 2 ədəd metal açarlıq, üzərində rəngsiz şəffaf qaşları olan, sarı rəngli 1 tay metal sırğa, üzərində rəngsiz şəffaf qaşları olan 1 tay metal sırğa, üzərində bir ədəd qaşı olan gümüşü rəngli 1 tay metal sırğa, gümüşü rəngli 1 tay metal sırğa, dəyəri 1 manat olan qara rəngli 2 ədəd metal saç sancağı, sarı rəngli ürək formalı 1 ədəd metal məmulat hissəsi, sarı rəngli açar formalı 1 ədəd metal məmulat hissəsi, qeyri metal tərkibli 1 ədəd saç sancağını Zərərçəkmiş şəxs, ***-***-**-** römrə istifadə olunan “Samsung Galaxy A5" markalı mobil telefonun Təqsirləndirilən şəxs təhvil verilməsi nəzərə alınmalıdır. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə keçirilmiş məhkəmə ekspertizasının dəyəri olaraq 178 (bir yüz yetmiş səkkiz) manat Təqsirləndirilən şəxs tutulub Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürüməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məçəlləsinin 346-347, 349, 351-353, 356 və 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinsin və ona 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs 20 may 2024-cü il tarixindən 22 may 2024-cü il tarixədək həbsdə saxlanıldığı 02 (iki) gün ona təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalından dərhal həbs edilərək saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına göndərilsin. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin əvvəli 02 dekabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edərkən hesab edir ki, hazırki cinayət işi üzrə müsadirə edilməli əmlak yoxdur. İş üzrə mülki iddia yoxdur. İş üzrə maddi sübut olan 238.9 manat dəyərində əşyaların Zərərçəkmiş şəxs təhvil verilməsi nəzərə alınsın. İş üzrə maddi sübut olan “Samsung Galaxy A5" markalı mobil telefonun Təqsirləndirilən şəxs təhvil verilməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs 178 (bir yüz yetmiş səkkiz) manat ekspertiza xərci alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin (büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, X1 Kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ ********************, SWİFT BİK CTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, AZ34STRE********************) hesabına köçürülsün. Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarını məhkəmədə müdafiə edilməsinə görə 180 (bir yüz səksən) manat dövlət büdcəsindən tutulularaq Müdafiəçi ödənilməsi üçün Bakı şəhəri 12 saylı Vəkil Bürosunun, "xxxx" QSC-nin Səbail rayon filialındakı hesabına köçürülsün. Hökmdən (təqsirləndirilən şəxsə təqdim edildiyi gündən) 20 gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya şikayəti və apellyasiya protesti verilməzsə, qeyd olunan müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Şəhla Süleymanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar