Məhkəmə qərarları › İş №1(009)-306/2025

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-306/2025

26.11.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-306/2025 26.11.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Quliyeva Afət Xansıvar qızının sədrliyi, X3 məhkəmə iclas katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikasının Baş Prokurorluğu Dövlət ittihamının Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas X1 qızının, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxsin müdafiəçisi Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1992-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, məhkum olunmamış, işləməyən, Salyan rayonu, T.Xəlilbəyov küçəsi, ev 66-da qeydiyyatda olmaqla Abşeron rayonu, Xırdalan şəhəri, AAAF Park yaşayış kompleksi, 23-cü küçə, bina 6, mənzil 4-də yaşayan, hazırda barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talama məqsədilə xx.xx.2025-ci il tarixdə saat 07:10 radələrində qonaq qismində gəldiyi Zərərçəkmiş şəxs yaşadığı Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü massiv, 1000-ci sahədə yerləşən nömrəsiz fərdi yaşayış evinin mətbəxində quraşdırılmış mebelin elektrik sobasının yerləşdiyi yerin üst hissəsindəki yerindən sonuncuya məxsus 1500 manat dəyərində 10 qram çəkili, qızılı rəngli 01 ədəd qızıl boyunbağını, 400 manat dəyərində bir cüt qızıl sırğanı və 600 manat dəyərində 01 ədəd qızıl üzüyü gizli olaraq talayıb, Zərərçəkmiş şəxs qızına ümumilikdə 2500 manat məbləğində məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, təxminən 2023-cü ilin noyabr ayından etibarən “Peqasus Azerbaijan” veloybol qrupunda bu idman növü ilə məşğul olan dövrdə Zərərçəkmiş şəxs adlı qadını tanıyıb. 2024-cü ilin iyul ayından etibarən Səidə ilə münasibətləri daha da yaxşı olmağa başlamış və həmin dövrdə artıq görüşməyə başlamışlar. Səidəyə özünü əvvəllər ailəli olub daha sonradan həmin qadınla ayrıldığını və hal-hazırda subay olduğunu deyib. Halbuki həmin vaxt evli olub. 2024-cü ilin avqust ayında Səidənin atası Hüseyn ilə görüşən zaman da ona qızı Səidə ilə münasibətinin ciddi olduğunu, gələcəkdə onun ilə evlənmək fikrində olduğunu bildirib. 2024-cü ilin avqust ayının 12-də şəxsi ehtiyacları üçün pul lazım olduğunu Səidəyə bildirib və o, “Birkart” hesabında pul olduğunu bildirib. Ona pulu çıxarıb verməsini və hər ayın 10-u ödənişi özünün edəcəyini bildirib. Həmin gün Yasamal rayonu Landau küçəsində yerləşən “Kapital Bank”ın bankomatına getmiş və Səidə özünə məxsus 4169- 7385-2935-0435 nömrəli kredit kart hesabından iki dəfə olmaqla 2.000 və 1.400 manat olmaqla ümumilikdə 3400 manat nağdlaşdırıb pul vermişdir. Bundan etibarən hər ay kartın ödənişini edirmiş. Həmin dövrdən etibarən Səidənin yaşadığı evə rahat şəkildə gedib gəlirmiş, hətta onun, evində bir neçə gün gecələmək şərtilə qalırmış. Sədiənin evində qalmağından atası Hüseynin də məlumatı olmuşdur. Hətta Səidənin övladları ilə münasibəti çox yaxşı olmuşdur. Lakin bütün bunlara baxmayaraq Səidənin yaşadığı evinin açarları heç vaxt onda olmamışdır. Anası Sevdanın səhhəti və özünün onun ilə ailə qurmaq fikrində tam əmin olmadığından onlara elçi getmək məsələsi bir müddət yubanmışdır. Səidənin kredit ödənişlərini bütün ayları gecikdirmədən onun kart hesabına onlayn qaydada ödəniş etmişdir. 2025-ci ilin mart ayının 7-də anasının səhhəti ilə bağlı əlavə pul lazım olduğu üçün Səidə ilə əlaqə saxlayıb və köməklik edə bilib-bilməyəcəyini ondan soruşub. O, bu sahədə kömək edə biləcəyini söyləyib və bir daha Yasamal rayonu Landau küçəsində yerləşən “Kapital Bank”ın bankomatına getmiş və o, özünə məxsus 4169-7385-2935-0435 nömrəli kredit kart hesabından 1.300 manat pul çıxarıb köməklik məqsədilə verib. Ona götürdüyü bütün borcları may ayının əvvəllərində geri qaytaracağını bildirib. Həmin vaxt Səidə onun evli olduğunu öyrəndikdən sonra münasibəti bir qədər soyumuşdu. Bu söhbətlərdən aralarında olan münasibət nisbətən soyusa da bir qədər sonra yenidən münasibətləri əvvəlki dövrdəki kimi davam edib. xx.xx.2025-ci il tarixdə saat 07:00 radələrində Səidənin yaşadığı evə gəlib. Bu zaman Səidə uşaqları məktəbə aparırdı və ona evin qonaq otağında uzanıb istirahət etdiyini, uşaqları məktəbə qoyduqdan sonra onu evdə gözləyəcəni bildirib. Bundan sonra Səidə qonaq otağında olan videomüşahidə kamerasını işə salıb və bu barədə məlumat verib uşaqları ilə birlikdə evi tərk edib və uzanıb istirahət etdiyi otağın kamerasını cərəyandan ayırıb, bu səbəbdən ki Səidənin atası Hüseyn onu yatmış formada görməsin. Səidə təxminən 25 dəqiqə sonra evə qayıdıb. O, evin qapısını açmaq istəyərkən giriş qapısını içəridən bağladığı üçün özü qapıya yaxınlaşıb və qapını açıb. Sədiə içəri daxil olub və birlikdə evin mətbəx otağına daxil olublar. Mətbəxdə əyləşib öz aralarında söhbət edirmişlər və bu zaman probleminin olduğuna görə pula ehtiyacının olmasını bildirib. Ona əvvəllər onun üçün aldığı bir neçə ədəd qızıl əşyalarını verməsini dedikdə Səidə bu qızılları verə bilməyəcəyini deyib. Daha sonra Səidə gündəlik istifadə etdiyi qızılları götürə biləcəyini deyib. Evin mətbəxində quraşdırılmış mebelin içərisindəki elektrik sobasının üstündə olan gözdən narıncı qutuda olan qızılları götürüb. Ona götürdüyü qızılların qarşılığında bunun əvəzini may ayının 10-da geri qaytaracağını bildirib. Həmin əşyaları Səidə özü yerini göstərmiş və bundan sonra onları qab ilə birlikdə götürmüşdür. Qabın içərisində bir ədəd qızıl sep, bir ədəd qızıl üzük, bir cüt qızıl sırğa və bir neçə ədəd bijuteriyalar olmuşdur. Onları götürdükdən sonra birlikdə evi tərk etmişlər. Belə ki, Səidənin verdiyi qızılları Mərkəzi Univermağın yanındakı mağazaya gətirib və orada bir ədəd qızıl sep, bir ədəd qızıl üzük, bir cüt qızıl sırğanı öz şəxsiyyət vəsiqəsi ilə 2.100 manata satıb. Həmin pulun 500 manatını şəxsi ehtiyacı üçün götürdüm, qalan 1.600 manat pulu isə aprel ayının 12-də onun yaşadığı evə gedərək Səidəyə vermişdir. Bundan sonra o, bütün tanıdığı şəxslərə özünə məxsus olan qızılları onun tərəfdən oğurlanması barədə məlumat verəcəyini bildirmişdir. Hətta ona olan borcunun və verdiyi qızıllar ilə bağlı qaytaracağı məbləği öz tərəfindən video çəkiliş edilərək Səidənin whatsapp hesabına göndərmişdir. Bu söhbətdən sonra onun yaşadığı evi tərk etmişdir. O maddi zərərin qarşılamaq üçün vaxt istəsə də, zərərçəkmiş şəxslə əlaqə saxlamaq istəmiş, lakin zərərçəkmiş şəxs onun telefonlarına cavab verməmişdir. Həmçinin məhkəmənin nəzərinə çatdırmaq istəyir ki, ittiham aktında göstərilən məbləğ şişirdilmiş məbləğdir. Belə ki, həmin qızıl-zinət əşyaların məbləğini araşdırmışdır, onların qiyməti 5000 manatdan aşağıdır. O özünü təqsirli bilmir. Çünki o qızıl-zinət əşyalarını satmağı ilə əlaqədar zərərçəkmiş şəxsə məlumat vermişdir və satdıqdan sonra 2100 manatın 1600 manatını Səidəyə vermiş, qalan 500 manatı isə özünə götürmüşdür. Hətta satan zaman qızılların şəkillərin çəkib Səidəyə atmışdır. Göstərilənləri nəzər alaraq məhkəmədən onun barəsində bəraət hökmü çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində ifadə vermiş Zərərçəkmiş şəxs Ağabala qızı ifadəsində göstərmişdir ki, 2019-cu may ayında keçmiş həyat yoldaşı X2 ayrılaraq iki övladı ilə birlikdə Səbail rayonu Badamdar qəsəbəsi 3-cü yaşayış massivi 57ci küçə 1000-ci sahə adlanan yerdə fərdi yaşayış evində yaşayır. Belə ki, 2023-cü ilin oktyabr ayından etibarən “Peqasus Azerbaijan” veloybol qrupunda bu idman növü ilə məşğul olan dövrdə həmin ilin noyabr ayında Təqsirləndirilən şəxs tanımışdır. Həmin dövrdən etibarən o münasibət qurmağa çalışmışdır. 2024-cü ilin iyul ayında Aqşinin onunla münasibəti artıq ailə qurmağa doğru irəliləyirmiş. Belə ki, o, özünü əvvəllər digər bir qadın ilə evli olub boşanmış olduğu kimi təqdim etmişdir. Buna görə də onun evlilik təklifini ciddi qəbul etmişdir. Aqşinin birinci evliliyindən, onda olan məlumata görə, övladı yoxdur. O, atası Hüseyn Muradəliyev ilə 2024-cü ilin avqust ayında görüşmüş və onunla olan münasibətinin ciddi olduğunu və evlənmək istədiyini lakin anası Sevda adlı qadının ağır xəstə oluğundan gətirərək növbəti bir-iki ay ərzində valideynlərinin onlara gələcəyini bildirmişdir. Atası onun bu sözlərinə inanmış və onun övladları ilə ünsiyyət qurması və yaşadığı evə gəlib-getməsinə etirazının olmamasını deyərək ona icazə vermişdir. Beləliklə, onun Aqşin ilə olan münasibəti bu dövrdən etibarən daha da ciddi xarakter almağa başlamışdır. 2024-cü ilin avqust ayının 12-də Aqşin onunla görüşərək anası Sevdanın ağır vəziyyətdə xəstə olduğunu və bunun üçün müəyyən məbləğdə pul lazım olduğunu bildirmişdir. Onun bu çarəsizliyinə kömək etmək məqsədilə onunla birlikdə Yasamal rayonu Landau küçəsində yerləşən Kapital Bankın bankomatına itmiş və özünə məxsus 4169-7385- 2935-0435 nömrəli kredit kart hesabından iki dəfə olmaqla 2.000 (iki min) və 1.400 (min dörd yüz) manat pul çıxarıb ona borc verimişdir. Aqşin ona verdiyi borcu qısa müddət ərzində geri qaytarağına söz vermişdir. O, artıq onun yaşadığı evə rahat şəkildə gecələmək və özünün də evdə olmağı şərtilə övladları ilə ünsiyyət qurmaq üçün gəlib-gedirmiş. Aqşin bunu gələcəkdə övladları ilə münasibətdə çətinlik yaranmaması üçün edirmiş. Həmçinin onu da qeyd edir ki, yaşadığı evin açarları yalnız özündə olurmuş və o, icazəsi olmadan evə heç bir zaman gəlməmişdir. Növbəti aylarda Aqşinin valideynlərinin elçiliyə gəlməməsi onda müəyyən şübhələr doğurub. Bunun səbəbini Aqşindən soruşduqda anası Sevdanın vəziyyətinin hələ də ağır olduğunu və halhazırda Türkiyənin İstanbul şəhərində müalicə aldığını, müalicəsinin başa çatıb Bakı şəhərinə geri qayıtdığı zaman elçiliyə gələcəyini bildirmişdir. O, yenə də onun bu sözlərinə inanaraq Aqşinin münasibətinə davam etmək qərarına gəlmişdir. Bu müddətlər ərzində Aqşin ilə münasibətində hər hansı bir münaqişə baş verməmiş, o, olan borcunu müəyyən hissəsini hesab kartına ödəmişdir. Cari ilin mart ayının 7-də Aqşin onun iş yerinin qarşısına gələrək görüşən zaman anası Sevdanın vəziyyətinin daha da ağırlaşdığını, təcili pul lazım olduğunu bildirərək ona borc pul verməyinə məcburi şərait yaratmışdır. Onun bu tələblərinə əsasən yenidən onunla Yasamal rayonu Landau küçəsində yerləşən Kapital Bankın bankomatına getmiş və özünə məxsus kredit kart hesabından bir dəfə olmaqla 1.300 (min üç yüz) manat pul çıxarıb ona borc qismində vermişdir. Aqşin əvvəl dediyi kimi ona verdiyi bütün borcları bu ilin may ayının əvvəllərinə kimi ödəyəcəyinə söz vermişdir. Sonrakı günlərdə Aqşinin ona qarşı olan münasibətində onun evli olması ilə bağlı müəyyən şübhələr yaranıb və onun evli olduğunu öyrənib. Bu zaman ondan nə üçün bunu gizlətdiyini soruşduqda aralarında münaqişə yaranıb və o, bu evliliyin rəsmiyyət xatirinə qaldığını və mülk məsələsinə görə boşanmadığını bildirmişdir. Onu niyə bugünə kimi aldatdığını soruşduqda Aqşin bunu öyrənən zaman onunla münasibət qurmayacağını düşündüyü üçün gizlətdiyini bildirmişdir. Onun bu kimi hərəkətlərini gördüyü zamanda artıq Aqşinin evinə gəlməməyini tələb etmişdir. O, isə israrla yaşadığı evə gəlmək istədiyini və onunla olan münasibətinin pozulmasını istəmədiyini bildirmişdir. Cari ilin aprel ayının 11-də aralarında olan münasibətin gərgin olması səbəbindən Aqşin səhər tezdən saat 07:00 radələrində yaşadığı evə gələrək bu mövzuda söhbət etmək istədiyini bildirib. Ona övladlarını məktəbə aparıb işə getdiyini deyərək Aqşindən evi təkidlə tərk etməyini tələb etməyinə baxmayaraq o, evdən çıxmayacağmı bildirib evdən çıxmamış və məktəbə gedib qayıtmağını gözləyəcəyini demişdir. Onun evdən getmədiyini görüb ona tam güvənmədiyi üçün evin daxilində olan və mobil telefonuna bağlı olan videomşühaidə kamerasını aktiv etmiş və Aqşinə bunu bildirib ondan kameranı söndürməməsini tələb edərək evdən uşaqlarla çıxmışdır. Daha sonra uşaqları məktəbə qoyub işə getmədən yaşadığı evə qayıtmışdır. Yolda olan vaxt mobil telefonuna baxdıqda Aqşinin videomşüahidə kamerasını söndürdüyünü görmüşdür. Bu zaman dərhal Aqşinə zəng edərək nəyə görə kameranı söndürməsini soruşduqda o, qonaq otağında olan divanın üzərində uzandığına görə kameranın qarşısında uzanmaq istəmədiyini və bu səbəbdən kameranı söndürdüyünü bildirmişdir. Təxminən 25 dəqiqə sonra evə gəldiyi zaman Aqşinin evin giriş qapısını içəridən qapının üzərində olan kilidlə kilidlədiyini görmüş və ondan qapını açmasını tələb etmişdir. Aqşin qapını açdıqdan sonra evə daxil olub, mətbəxdə əyləşib aralarında baş verən münaqişəni müzakirə etmiş və sonra ona işə gecikdiyini bildirərək Aqşin ilə birlikdə evi tərk etmişlər. Həmin gün saat 16:30 radələrində övladları ilə birlikdə evə gəldikdən sonra mətbəxdə quraşdırılmış mətbəx mebelinin elektrik sobasının yerləşdiyi yerin üstündəki gözündə olan gündəlik istifadə etdiyi qızıl-zinət əşyalarını saxladığı narıncı rəngli plastik materiallı krem qabının içərisinə üzərində olan bir cüt sırğa və bir ədəd üzüyünü qoymaq istədikdə həmin qabın yerində olmadığını görmüşdür. Həmin qabın içərisində 1500 manat dəyərində 10 qram çəkiyə malik qızılı rəngli bir ədəd qızıl boyunbağı, 2500 manat dəyərində üzəri briliant qaşlarla bəzədilmiş ağ qızıl materiallı bir ədəd qolbaq, 400 manat dəyərində bir cüt qızıl sırğa, 600 manat dəyərində bir ədəd üzərində 01 ədəd qaşı olan qızıl üzük və maddi dəyəri olmayan bir neçə bijuteriya olmuşdur. Bundan sonra həmin qabın Aqşin tərəfindən gizlin olaraq oğurladığını aşkar edib dərhal ona zəng edib. Telefon əlaqəsi zamanı Aqşindən nə üçün ona məxsus olan qızıl-zinət əşyalarını oğurladığını soruşduqda o, oğurluq etmədiyini, bunu ondan ayrıla bilməməsi üçün cəza növü kimi götürdüyünü bildirib. Ona qızılları geri gətirməsini tələb etdikdə o, işlərinin olduğunu və işinin bitməsindən sonra gətirib qaytaracağını bildirmişdir. Yenidən onunla əlaqə saxlayıb dəfələrlə qızıllarını geri verməsini tələb etsə də, o, onun qızıllarını geri gətirməmişdir. Aqşin qızılların onda olmadığını və onları satdığını bildirib. Ondan qızılları nə üçün oğurladığını və satmasının səbəbini soruşanda o, tanımadığı şəxsə bıçaqla xəsarət yetirdiyini və çarəsiz qaldığı üçün qızılları sataraq pul əldə edərək ehtiyaclarını ödədiyini bildirib. Aqşindən dəymiş ziyanın kim tərəfindən ödəniləcəyini və hansı üsul ilə sübut soruşduqda o, öz mobil telefonu ilə özünü videoya çəkərək olan borcunu və qızıllarını götürdüyünü etiraf edib. Bu söhbətdən sonra o, yaşadığı evi tərk edərək çıxıb gedib. Yaşadığı evin açarı Təqsirləndirilən şəxs olmayıb və o, heç vaxt evinə icazəsiz daxil olmayıb. Hazırda ona dəymiş ziyan ödənilməmiş, təqsirləndirilən şəxsdən şikayətçidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, təxminən 5 ildir ki, ünvan 1 ünvanda yerləşən “Rubin Zərgərlik” mağazasında zərgər kimi fəaliyyət göstərir. Fəaliyyəti həmin mağazada zərgərlik məmulatlarını yoxlayıb satın almaqdan ibarətdir. xx.xx.2025-ci il tarixdə saat 09 radələrində mağazada olarkən adının sonradan Təqsirləndirilən şəxs olduğunu bildiyi tanımadığı bir nəfər kişi cinsli şəxs mağazaya gəlib. O, tələsik vəziyyətdə özündə qızıl-zinət əşyaları olduğunu və onları satmaq istədiyini bildirib. Həmin qızılları yoxladıqdan sonra ala biləcəyini ona bildirib. Qızılları yoxladıqdan sonra 9.9 qram çəkidə 750 əyara malik bir ədəd boyunbağı, ümumilikdə çəkisi 9.2 qram 585 əyara malik bir ədəd üzük və bir cüt sırğa olmasını müəyyən edib. Aqşinə boyunbağını 1160 manata və üzüzklə sırğanı isə ümumi 840 manata ala biləcəyini bildirib. Bundan sonra həmin qızılları Aqşindən 2000 manata satın alıb alış aktı tərtib edib və birlikdə həmin aktı imzalamışlar. Daha sonra Aqşin mağazadan çıxıb gedib. Qeyd olunan qızıl-zinət əşyalarını Təqsirləndirilən şəxs alan zaman onların cinayət yolu ilə əldə olunması barədə heç bir məlumatı olmayıb. Aqşin qızılları satan zaman onların kimə məxsus olması barədə heç bir məlumat verməyib. O, sadəcə öz şəxsiyyət vəsiqəsini təqdim edib. Buna görə də əmin olub ki, qızıllar cinayət yolu ilə əldə olunmayıb. Həmin qızıl-zinət əşyaları daha sonra onlar tərəfdən əridilərək yenidən istehsala verilib. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun oğludur. Hal-hazırda Aqşin evlidir və ailə həyatı yaxşı vəziyyətdə deyil. Demək olar ki, Aqşin evə getmir və həyat yoldaşı ilə maraqlanmır. Hər zaman harada olduğunu soruşanda Badamdar ərazisindəyəm deyərdi və hiss edirmiş ki, həyatında başqa biri var. O, Səidə xanımı ilk başlar tanımayıb və oğlu ilə olan münasibətindən xəbəri olmayıb. Bir gün Səidə xanım ona zəng edərək özünü təqdim etmiş və hadisə ilə bağlı ona məlumat vermişdir. O isə hadisəni tam anlamaq üçün görüşüb üzbəüz söhbət etməyi təklif etmişdir. Səidə xanım və onun deyəsən dostları ilə görüş keçirmiş və hər bir detal ona izah olunmuşdur. O, bununla bağlı Səidə xanımın atası Hüseyn müəllimlə görüşmək və məsələni həll etmək üçün münasibət qurmaq istəmişdir. Lakin Hüseyn müəllim bununla razılaşmayıb və ona 9000 manat borcu gətirib verin, biz də şikayəti geri götürək deyə cavab vermişdir. Aqşin ona oğurluq etmədiyini demişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, Aqşin və Səidəni 2 ilə yaxındır ki, tanıyır. O, Aqşinin pul oğurlamağını Səidə xanımdan aprel ayında öyrənmişdir. Belə ki, bir gün Səidə xanım ona zəng vuraraq oğurluğa görə Aqşinin atası ilə görüşmək lazım olduğunu demiş, o da bir dost kimi Səidə xanıma görə Aqşinin atası ilə görüşə getmişdir. Aqşinlə söhbət zamanı Aqşin ona heç nə oğurlamadığını demişdir. Cinayət işinin 85-ci vərəqəsində olan xx.xx.2025-ci il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 118-ci vərəqəsində olan “təqsirləndirilən şəxsin müvəqqəti saxlama yerindən azad edilməsi və barəsində qətimkan tədbirinin seçilməsi haqqında” xx.xx.2025ci il tarixli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs müvəqqəti saxlama yerindən azad edilərək barəsində barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 42-ci vərəqəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2025-ci il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. Cinayət işinin 124-cü vərəqəsində olan xx.xx.2025-ci il tarixli “alış aktı”ndan görünür ki, Təqsirləndirilən şəxs 1 ədəd çəkisi 9.9 qram olan sepi 1160 manata, ümumi çəkisi 9.2 qram olan sırğa və üzüyü isə 840 manata satmışdır. İstintaq orqanı tərəfindən təsdiq edilmiş ittiham aktına əsasən Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talama məqsədilə xx.xx.2025-ci il tarixdə saat 07:10 radələrində qonaq qismində gəldiyi Zərərçəkmiş şəxs yaşadığı Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü massiv, 1000-ci sahədə yerləşən nömrəsiz fərdi yaşayış evinin mətbəxində quraşdırılmış mebelin elektrik sobasının yerləşdiyi yerin üst hissəsindəki yerindən sonuncuya məxsus 1500 manat dəyərində 10 qram çəkili və qızılı rəngli 01 ədəd qızıl boyunbağını, 2500 manat dəyərində olan 01 ədəd qolbağını, 400 manat dəyərində bir cüt qızıl sırğanı və 600 manat dəyərində 01 ədəd qızıl üzüyü gizli olaraq talayıb, Zərərçəkmiş şəxs ümumilikdə 5000 manat məbləğində məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Lakin məhkəmə istintaqı zamanı toplanmış sübutların məcmusu – zərərçəkmiş şəxsin ifadəsi, hadisə yerinə baxış protokolu, foto-video materiallar, təqsirləndirilən şəxsin ifadəsi, şahid ifadələri və digər sübutlar təhlil edilərkən müəyyən edilmişdir ki, ittihamda göstərilmiş əşyaların hamısının təqsirləndirilən şəxs tərəfindən talanması tam sübuta yetirilmir. Belə ki, zərərçəkmişə məxsus 2500 manat dəyərində briliant qaşlarla bəzədilmiş ağ qızıl qolbağın məhz Təqsirləndirilən şəxs tərəfindən gizli şəkildə götürüldüyünü birbaşa və şübhəyə yer verməyəcək dərəcədə təsdiq edən mötəbər sübut nə məhkəməyə, nə də istintaq orqanına təqdim olunmamışdır. Cinayət prosessual qanunvericiliyin tələblərinə görə, sübut olunmamış şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilməli olduğundan, bu epizodun ittihamdan çıxarılmasını məhkəmə zəruri hesab edir. Eyni zamanda, qalan zərgərlik məmulatlarının — qızıl boyunbağının, qızıl sırğaların və qızıl üzüyün təqsirləndirilən şəxs tərəfindən gizli yolla talanması məhkəmədə tam sübuta yetirilmiş, onun özgənin əmlakını gizli talama niyyəti ilə hərəkət etdiyini təsdiqləmişdir. Sübut olunmamış qolbaq epizodunun ittihamdan xaric edilməsi əməlin hüquqi mahiyyətini dəyişmədiyindən, törədilmiş əməl Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.1-ci maddəsində nəzərdə tutulmuş tərkibə tam uyğun gəlir. Buna görə də ittihamın həcmi azaldılmış, lakin əmələ verilmiş hüquqi tövsif olduğu kimi saxlanılmışdır. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikasının CM-nin 177.1-ci maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır (25 iyun 2025-ci il tarixədək qüvvədə olan). Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının CM-nin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Bundan başqa, cəza təyini məsələsini həll edərkən məhkəmə Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli Sərəncamıda nəzərə alınmalıdır. Belə ki, həmin Sərancamın 8-ci bəndində qeyd edilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfındən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs əvvəllər cinayət törətməməsini, ilk dəfə məhkum edilməsini cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 nömrəli Qərarının 2-ci bəndi ilə məhkəmələrə tövsiyə edilmişdir ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Həmin Qərarın 3-cü bəndində izah edilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, eləcə də, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların isə olmamasını nəzərə alaraq hesab edir ki, onu cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür və ona görə də, o təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilməli, həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən onun 12 iyun 2025-ci il tarixdən 14 iyun 2025-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün, ümumilikdə 02 (iki) gün müddətinin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutularaq, 04 (dörd) gün müddət təyin olunmuş cəzadan çıxılmaqla, onun üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, hökmün icrası təqsirləndirilən şəxs yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya İdarəsinə tapşırılmalı, həmçinin Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin üzərinə Sumqayıt şəhər Probasiya İdarəsinə məlumat vermədən saat 23:00-dan növbəti gün, saat 06:00-dək yaşadığı Abşeron rayonu, Xırdalan şəhəri, AAAF Park yaşayış kompleksi, 23-cü küçə, bina 6, mənzil 4 ünvanını tərk etməmək, Bakı şəhəri, Sumqayıt şəhəri və Abşeron rayonunun ərazi hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, (müalicəsi ilə əlaqədar olaraq xəstəxanada olması istisna olmaqla) cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxsə tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş vəkilə dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2025-ci il tarixli 141 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat miqdarında müəyyən edilmişdir. İş üzrə mülki iddia və ekspertiza xərcləri yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-in 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 12 iyun 2025-ci il tarixdən 14 iyun 2025-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün, ümumilikdə 02 (iki) gün müddətinin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutularaq, ümumilikdə 04 (dörd) gün müddət təyin olunmuş cəzadan çıxılmaqla, onun üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası təqsirləndirilən şəxs yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxsin üzərinə Sumqayıt şəhəri Probasiya Şöbəsinə məlumat vermədən saat 23:00-dan növbəti gün, saat 06:00-dək yaşadığı Abşeron rayonu, Xırdalan şəhəri, AAAF Park yaşayış kompleksi, 23-cü küçə, bina 6, mənzil 4 ünvanını tərk etməmək, Bakı şəhəri, Sumqayıt şəhəri və Abşeron rayonunun ərazi hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, (müalicəsi ilə əlaqədar olaraq xəstəxanada olması istisna olmaqla) cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 03 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi və işlə tanış olduğu 50 saata görə 550 (dörd yüz doxsan beş) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 03 saylı Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə mülki iddia və ekspertiza xərcləri yoxdur. Hökmdən elan olunduğu andan 20 gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Afət Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar