Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-307/2025 09.10.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Quliyeva Afət Xansıvar qızının sədrliyi, X2 məhkəmə iclas katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikasının Baş Prokurorluğu Dövlət ittihamının Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru İ dərəcəli hüquqşünas X1 qızının, Təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi Etibar oğlunun, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1981-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını xeyli miqdarda ələ keçirib ziyan vurmaqla dələduzluq etmişdir. Belə ki, o, özgənin əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə əvəzsiz və qanunsuz olaraq ələ keçirmə məqsədilə tanışı Zərərçəkmiş şəxs ona qarşı yaranmış etibarından sui-istifadə edərək sonuncuya qızının universitetə qəbul etdirəcəyini vəd verib inandıraraq ilkin olaraq xx.xx.2024-cü il tarixdə 6000 manat və xx.xx.2024-cü il tarixdə isə 1000 manat olmaqla cəmi 7000 manat pulu ələ keçirərək verdiyi vədə əməl etməyib aldatmaqla Zərərçəkmiş şəxs ümumilikdə 7000 manat məbləğində xeyli miqdarda maddi ziyan vuraraq dələduzluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs qeyd olunan məbləğdə pulu aldığını etiraf etsə də, zərərçəkmiş şəxsə qarşı hər hansı dələduzluq niyyətinin olmadığını bildirərək ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməmişdir. Zərərçəkmiş şəxs övladı Şahid universitetətə daxil olmasına köməklik edilməsi məqsədilə həmin pulu alıb başqa şəxsə verdiyini (həmin şəxsin adını bildirməyərək) qeyd etmiş, lakin sonradan həmin şəxs işi alındıra bilməmiş, o da öz növbəsində Zərərçəkmiş şəxs pulu qaytara bilməmişdir. Daha sonra Lalənin onun barəsində polisə şikayət etdiyini bilmişdir. Həmçinin bildirmişdir ki, ibtidai istintaq dövründə zərərçəkmiş şəxsə dəymiş 7000 manat ziyanı ödəmiş və onunla barışmışdır. Onun yeganə niyyəti zərərçəkmiş şəxsin qızına kömək etmək olubdur. Zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxsə dəymiş ziyanın ödənilməsini, zərərçəkmiş şəxsin ona qarşı heç bir tələbinin və şikayətinin olmamasını nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması zərərçəkmiş şəxsin və şahidin ifadələri, həmçinin iş materiallarında olan digər sənədlər ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxs qismində ifadə vermiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs təxminən 3-4 il olarki tanıyır. Qızı 2024-cü ildə universitetə daxil ola bilmədiyindən Samirəyə müraciət etmiş, sonuncu da öz növbəsində ona pul müqabilində köməklik göstərə biləcəyini bildirmişdir. Əvvəlcə Samirə ondan görüləcək işin müqabilində 10000 manat pul istəmişdir. O isə 6000 manata gücünün çatdığını bildirmişdir. Bundan sonra o, Samirənin dediyi kart nömrəsinə 6000 manat pul göndərmişdir. Bir müddət keçdikdən sonra işinin alınmadığını görüb Samirə ilə təkrar əlaqə saxlamış, bu dəfə Samirə yenidən işin alınmasına görə 10000 manat pulun lazım olduğunu bildirmişdir. Lakin o, yalnız əlavə olaraq 1000 manat pul verə biləcəyini qeyd edərək Samirəyə kart vasitəsilə 1000 manat pul göndərmişdir. Dəfələrlə Samirədən işin nəticəsi ilə maraqlanmış və alınmadığını görüb Samirədən pullarını geri tələb etdikdə o, hər dəfə bəhanə gətirərək pulları qaytarmaqdan boyun qaçırmışdır. Məcbur qalaraq polisə şikayət etmişdir. Cinayət işi başlandıqdan bir müddətdən sonra Samirə tərəfindən ona dəymiş ziyan tam şəkildə ödənilmişdir. Daha sonra zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək Təqsirləndirilən şəxs ilə barışdığını, ona dəymiş ziyanın ödənilməsini, təqsirləndirilən şəxsə qarşı hər hansı tələbinin və şikayətinin olmamasını bildirmişdir. Məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş, məhkəmə iclasında iştirak etməyən Şahid ifadəsi elan edilməklə tədqiq edildi və müəyyən edildi ki, onun ailəsi Təqsirləndirilən şəxs təxminən 2020-ci ildən tanıyır. Samirə əvvəllər onun bacısının imtahandan keçməsində onlara köməklik göstərmişdir. Özü isə 2024-cü ildə universitetə daxil ola bilmədiyindən anası Samirəyə müraciət etmiş, sonuncu da öz növbəsində anasına pul müqabilində köməklik göstərə biləcəyini bildirmişdir. Əvvəlcə Samirə anasından görüləcək işin müqabilində 10000 manat pul istəmişdir. Aansı isə 6000 manata gücünün çatdığını bildirmişdir. Bundan sonra anası Samirənin ona dediyi kart nömrəsinə 6000 manat pul göndərmişdir. Bir müddət keçdikdən sonra anası işinin alınmadığını görüb Samirə ilə təkrar əlaqə saxlamış, bu dəfə Samirə yenidən işin alınmasına 10000 manat pulun lazım olduğunu bildirmişdir. Lakin anası yalnız əlavə olaraq 1000 manat pul verə biləcəyini qeyd edərək Samirəyə kart vasitəsilə 1000 manat pul göndərmişdir. Dəfələrlə Samirədən işin nəticəsi ilə maraqlanmış və alınmadığını görüb Samirədən pullarını geri tələb etdikdə o, hər dəfə bəhanə gətirərək pulları qaytarmaqdan boyun qaçırmışdır. Məcbur qalaraq polisə şikayət etmişdirlər. Cinayət işinin 01-ci vərəqəsində olan xx.xx.2025-ci il tarixli cinayət işinin başlanması barədə qərardan görünür ki, həmin tarixdə fakta görə Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə cinayət işi başlanmışdır. Cinayət işinin 09-cu vərəqəsində olan xx.xx.2025-ci il tarixli zərərçəkmiş şəxs qismində tanınma haqqında qərardan görünür ki, həmin tarixdə Zərərçəkmiş şəxs ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. Cinayət işinin 20-ci vərəqəsində olan xx.xx.2025-ci il tarixli cinayət işi materiallarına əlavə edilmiş qəbzlərə baxış keçirilməsi barədə protokoldan görünür ki, işə əlavə edilmiş 02 ədəd qəbzdə xx.xx.2024-cü il tarixdə 6000 manat, xx.xx.2024-cü il tarixdə isə 1000 manat pul müvafiq kart hesablarına köçürülmüşdür. Cinayət işinin 26-cı vərəqəsində olan xx.xx.2025-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə barədə qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs ********* nömrəli cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə ittiham elan edilmişdir . Cinayət işinin 45-ci vərəqələrində olan qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. xx.xx.2025-ci il tarixdə cinayət işi üzrə icraat təqsirləndirilən şəxsin xəstəliyi ilə əlaqədar dayandırılmış və xx.xx.2025-ci il tarixdə isə dayandırılmış icraat təzələnmişdir. Cinayət işinin 46-47-ci vərəqəsində olan tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Şəmkir Rayon Polis Şöbəsi tərəfindən xx.xx.2025-ci il tarixdə Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə məsuliyyətə cəlb edilmiş, lakin CPM-in 40.3 və CM-in 73-1.1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilmişdir. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş sübutların məcmusu ilə, zərərçəkmiş şəxsin və şahidin məhkəmədə tədqiq edilmiş ifadəsi və digər iş materialları ilə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək xeyli miqdarda ziyan vurmaqla dələduzluq cinayətini törətməsi tamamilə sübuta yetirilmişdir. Onun əməli düzgün olaraq Azərbaycan Respublikasının CM-nin 178.2.4-cü maddələri ilə tövsif edilmiş və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Odur ki, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-in 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin 178.2.4-cü maddələrinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-in 178.2.4-cü maddəsinə əsasən etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etməklə xeyli miqdarda ziyan vurmaqla törədildikdə dörd min manatdan yeddi manatadək cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının CM-nin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Bundan başqa, cəza təyini məsələsini həll edərkən məhkəmə Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli Sərəncamıda nəzərə alınmalıdır. Belə ki, həmin Sərancamın 8-ci bəndində qeyd edilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfındən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayətprosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə vurulmuş ziyanı ödəməsini, zərərçəkmiş şəxsin ona qarşı heç bir tələbinin və şikayətinin olmamasını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 nömrəli Qərarının 2-ci bəndi ilə məhkəmələrə tövsiyə edilmişdir ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Həmin Qərarın 3-cü bəndində izah edilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, eləcə də, cəzanı yüngülləşdirən halları, zərərçəkmiş şəxsə vurulmuş ziyanı ödəməsini, zərərçəkmiş şəxsin ona qarşı heç bir tələbinin və şikayətinin olmamasını nəzərə alaraq hesab edir ki, onu cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür və ona görə də, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının CMnin 178.2.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilməlidir. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, hökmün icrası təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə tapşırılmalı, həmçinin Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə Bakı şəhər Probasiya İdarəsinə məlumat vermədən saat 23:00-dan növbəti gün, saat 07:00-dək yaşadığı ünvan 2 ünvanını tərk etməmək, Bakı və Sumqayıt şəhərlərinin, həmçinin Abşeron rayonunun hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, (müalicəsi ilə əlaqədar olaraq xəstəxanada olması istisna olmaqla) cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş vəkilə dövlət büdcəsi hesabına haqq ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2025-ci il tarixli 141 nömrəli qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat miqdarında müəyyən edilmişdir. İş üzrə mülki iddia və ekspertiza xərcləri yoxdur. İş üzrə maddi sübut kimi tanınmış 02 (iki) ədəd qəbz cinayət işinin materiallarında saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 09 (doqquz) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs üzərinə Bakı şəhər Probasiya İdarəsinə məlumat vermədən saat 23:00dan növbəti gün, saat 07:00-dək yaşadığı ünvan 2 ünvanını tərk etməmək, Bakı və Sumqayıt şəhərlərinin, həmçinin Abşeron rayonunun hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, (müalicəsi ilə əlaqədar olaraq xəstəxanada olması istisna olmaqla) cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. İş üzrə maddi sübut kimi tanınmış 02 (iki) ədəd qəbz cinayət işinin materiallarında saxlanılsın. Bakı şəhəri Kamandar Nəsibov və Partnyorları Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə icraatı zamanı müdafiə edilməsinə görə 25 saata görə 275 manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri Kamandar Nəsibov və Partnyorları Vəkil bürosunun bank hesabına köçürülsün. İş üzrə mülki iddia və ekspertiza xərcləri yoxdur. Hökmdən elan olunduğu andan 20 gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Afət Quliyeva
Məhkəmə qərarları › İş №1(009)-307/2025
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-307/2025
09.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver