Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-308/2023 22.11.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Şirməmmədova Günel Lətif qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, Müdafiəçi Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili X3, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1990-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində başqa yerə getməmək haqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə 22 noyabr 2023-cü il tarixdə saat 11.00-da açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İttiham aktına əsasən Təqsirləndirilən şəxs qəsdən zərərçəkmiş şəxslərin sağlamlığının qısa müddətə pozulmasına səbəb olan yüngül zərərvurma cinayət əməlini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs 03 avqust 2023-cü il tarixdə saat 23 radələrində Bakı şəhəri, Səbail rayonu, 2- ci Salyan şossesi 5 saylı fərdi yaşayış evində yaşayan Zərərçəkmiş şəxs1 mənzilində olan zaman sonuncu ilə qısqanclıq səbəbindən şəxsi münasibətlərin pozulması zəminində aralarında yaranmış mübahisə zamanı əvvəlcə üzərində olan mətbəx bıçağı ilə mübahisəyə müdaxilə edən Zərərçəkmiş şəxs1 arvadı Zərərçəkmiş şəxs2 vuraraq sağ bazu nahiyəsinin bir ədəd kəsilmiş yarası, sol süd vəzinin bir ədəd deşilmiş kəsilmiş yarası kimi ümumilikdə və ayrı-ayrılıqda sağlamlığını qısa müddətdə pozan qəsdən sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirmiş, daha sonra həmin bıçaqla Zərərçəkmiş şəxs1 sol said nahiyəsinin bir ədəd və döş qəfəsinin sol yarısının bir ədəd deşilmiş-kəsilmiş yaraları kimi ümumilikdə və ayrı-ayrılıqda sağlamlığını qısa müddətdə pozan qəsdən sağlamlığa yüngül zərər vurmaya aid, habelə əli ilə vurub yerə yıxmaqla sol kürək nahiyəsinin sıyrığı və sol gözaltı nahiyəsinin qançır-şişkinliyi ilə nəticələnən dərəcəsinə görə sağlamlığa zərərvurmayan xəsarətlərə aid edildiyindən dərəcələri təyin edilməyən xəsarətlər yetrimiş, bu hərəkətləri ilə o, qəsdən zərərçəkmiş şəxslərin sağlamlığının qısa müddətə pozulmasına səbəb olan yüngül zərərvurma cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 03 avqust 2023-cü il tarixdə saat 23 radələrində qonşuluqda yaşayan Şirxan və onun arvadı Svetlananı aralarında yaranmış ailə mübahisəsi nəticəsində evindən götürdüyü mətbəx bıçağı ilə vurub xəsarət yetirmişdir. Belə ki, 2020-ci ildə Şahid ilə ailə qurmuş, birgə nikahdan bir azyaşlı oğlu olmuş, ailə qurandan sonra Bayıl qəsəbəsində kirayədə yaşamışdır. Kirayədə yaşadığı evin qonşuluğunda Şirxan və onun həyat yoldaşı Svetlana yaşayır. Yaşadığı müddətdə ilk vaxtlarda aralarında mehriban münasibət olmuşdur, belə ki, hətta bir-birinin evinə qonaq gedib gəlirdilər. Şirxanın Ruhiyyəyə qarşı baxışlarından, danışığından və münasibətində onunla aralarında nəsə olmasından şübhələndiyi üçün 2023-cü ilin aprel ayında arvadı Ruhiyyə ilə Şirxanın evində olan zaman şübhəni dəqiqləşdirmək üçün istifadəsində olan mobil telefonu səs yazan funksiyasında qoyaraq evdə masanın üzərində saxlayıb sanitar qovşağına getmiş və qayıdaraq həmin telefonu götürmüşdür. Bundan az sonra arvadı ilə birlikdə evinə qayıtmış, evdə olan zaman özü tək olaraq kənarda istifadəsində olan həmin mobil telefonda Şirxanın evində etdiyi səsyazmaya qulaq asdıqda orada Şirxanın Ruhiyyə ilə danışıq səsini eşitmişdir. Belə ki, Şirxan Ruhiyyəyə “sənə demişdim ki, bizim evə tək gəl, sən niyə atlana-atlana bunu da gətirmisən, sən mənə dağ çəkmisən, gəl əmişək” sözləri yazılmışdır. Buna qulaq asdıqdan sonra arvadı Ruhiyyədən Şirxanın evində olan zaman onun aralarında nə danışıq olmasını soruşduqda Ruhiyyə heç bir söhbət olmadığını dedikdə istifadəsində olan telefondakı həmin danışıq səsini Ruhiyyəyə qulaq asdırmışdır. Həmin vaxtı yaranmış səs-küyə Şirxan da evə gəlmişdir, əsəbləşdiyi üçün orada Şirxanı da nalayiq sözlərlə təhqir etmişdir. Bundan sonra həmin günün səhəri Ruhiyyəni İsmayıllı rayonunda yaşadığı atası evinə göndərmişdir. Kirayə yaşadığı mənzildə tək olaraq yaşamağa davam etmişdir. Bir neçə ay idi ki, Ruhiyyə evdə olmadığına görə evdə səliqəsizlik olduğundan 02 avqust 2023-cü ildə evin təmizləməsi və səliqəyə salması üçün Elena adlı tanış xanımı evinə dəvət etmişdir, həmin gecə Elena evdə qalmışdır, 03 avqust 2023-cü ildə səhər vaxtı Elenanı yola salmış, özü isə işinə getmişdir. Belə ki, fərdi olaraq santexnika ustası kimi fəaliyyət göstərir. 03 avqust 2023-cü ildə axşam vaxtı evə gəldikdə evin dağınıq vəziyyətdə olmasın görüb həmin zaman aşağı düşdükdə Şirxanın evindən uşaqların səsinin gəldiyini eşitmiş, bu zaman evin dağınıq vəziyyətə arvadı Ruhiyyənin saldığını bilmişdir. Belə ki, yaşadığı ev Şirxanın evi ilə yaxın olduğu üçün Ruhiyyəyə evdə kənar xanım olması haqqında məlumatı ona Şirxangilin deməsini bilmişdir. Ona görə də əsəbələşib Şirxanın telefon nömrəsinə zəng etdikdə onun arvadı Svetlana cavab vermiş, ondan evinin dağıdılması barədə soruşduqda cavabında Svetlana nalayiq sözlər demişdir. Buna görə daha da əsəbləşib bu məsələni aydınlaşdırmaq üçün Şirxanın evinə getmiş, həmin zaman öz yaşadığı evdən qırmızı dəstəkli mətbəx bəçağını da özü ilə götürmüşdür. Şirxanın evinin qapısını döydükdə qapını Svetlana açmış, evə daxil olduqdan sonra aralarında olan hadisəni aydınlaşdımaq üçün söhbət etdikdə Şirxan əl-qol ataraq üstünə gəldikdə özü ilə gətirdiyi, həmin mətbəx bıçağını çıxardıb Şirxanı vurmaq istədikdə Svetlana qabağa keçdiyi üçün ona dəymiş, bundan sonra Svetlana kənara çəkildikdə təkrarən bıçaqla orada Şirxanı bir dəfə vurmuşdur. Şirxanı vurandan sonra bıçaq əlindən yerə düşmüş, Şirxan da bıçağın üstünə yıxılmışdır, bu zaman Şirxanı yumruqla sifətindən 2-3 dəfə zərbə vuraraq çıxıb getmişdir. Bıçağı yaşadığı evdən götürüb Şirxanın evinə getməkdə məqsədi ilk olaraq aralarında olan münaqişənin səbəbini aydınlaşdıqmaq olmuşdur. Belə ki, Şirxan əl-qol ataraq üstünə gəldiyi üçün üstündə olan bıçaqla onu vurmaq istədikdə ilk olaraq araya keçən arvadı Svetlanaya dəymiş, sonra isə bıçaqla Şirxanı vurmuşdur. O, Svetlanaya vurmaq istəməmişdir, Svetlana araya keçdiyi üçün bıçaq ona dəymişdir. Himayəsində azyaşlı uşağının olmasını nəzərə alaraq, ona yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, 1978-ci ildə Məhbubə ilə ailə qurmuş, birgə nikahda dörd qızı olmuşdur. Məhbubədən boşandıqdan sonra 2006-cı ildə Svetlana ilə dini olaraq ailə həyatı qurmuşdur. Elvini bir il yarımdır ki, tanımışdır. Elvin ailəsi ilə yaşadığı evin yaxınlığında kirayə yaşamışdır. Təqsirləndirilən şəxs tərəfindən 03 avqust 2023-cü ildə saat 23 radələrində yaşadığı evdə olan zaman evinə gələrək bıçaqla vurub bədən xəsarəti yetirdiyi üçün ərizə yazmışdır. Ruhiyyəyə “sənə demişdim ki, bizim evə tək gəl, sən niyə atlana-atlana bunu da gətirmisən, sən mənə dağ çəkmisən, gəl əmişək” sözlərini dediyini etiraf edir. Elvin onun yoldaşına telefon vasitəsilə öpüş göndərmişdir, bu səbəbdən qisas almaq məqsədilə o da Elvinin yoldaşı Ruhiyyəyə həmin ifadələri işlətmişdir. 03 avqust 2023-cü ildə axşam saat təxminən 19 radələrində evinə gələn zaman Ruhiyyəni evdə görmüş, onun pis vəziyyətdə olduğunu görüb bunun səbəbin ondan soruşduqda Ruhiyyə evdə başqa xanımın paltarlarının olduğunu demişdir. Bundan sonra Elvin onun mobil nömrəsinə zəng vurmuş, telefonu yoldaşı Svetlana açmışdır. Elvin onun yoldaşı Svetlananı təhqir etmiş və Ruhiyyəni evə çağırmışdır. Ruhiyyə getmiş, bir qədər sonra yenidən onlara gəlmişdir. Sonra Elvin onların yaşadığı evə gəlmiş, nalayiq sözlər işlədərək mübahisə yaratmışdır. Elvin içəri daxil olduqda Svetlana onu buraxmamışdır, lakin buna baxmayaraq Elvin içəri daxil olmuşdur. Dava-dalaş zamanı Elvin nalayiq sözlər deyib üstünə gəldikdə arvadı Svetlana araya girmişdir. Bu zaman Elvin bıçaqla arvadı Svetlananı vurmuş, bundan sonra da onun sol tərəfindən bıçaqla vuraraq xəsarət yetirmişdir. Təqsirləndirilən şəxs şikayətçidir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, 2006-cı ildə Şirxanla dini qaydada ailə qurmuş, lakin övladı olmamışdır. Şirxan əvvəllər başqa bir xanımla ailə qurduğu üçün ondan dörd qızı olmuşdur. Elvini bir il yarımdır ki, tanımışdır, belə ki, onlar yaşadığı evin yaxınlığında kirayə yaşamışdır. Elvin və Ruhiyyə ilə yaxşı qonşu münasibətlərində olmuşlar, Elvin işlədiyindən o, onun uşaqlarına yemək göndərir, bayramda uşaqlarına hədiyyə aparırdılar. 03 avqust 2023-cü ildə axşam saat təxminən 19 radələrində evdə olan zaman Ruhiyyə evə gəlmişdir. Ruhiyyənin uşaqlarını görmüş, görüşdükdən sonra Ruhiyyənin pis vəziyyətdə olduğunu görüb bunun səbəbin ondan soruşduqda Ruhiyyə evdə başqa xanımın paltarlarının olduğunu demişdir. Ruhiyyə gələndən sonra əri Şirxan evə gəlmişdir, Ruhiyyənin uşaqları ilə görüşmüşdür. Bundan sonra Elvin mobil telefona zəng vurmuş və Ruhiyyəni evə çağırmışdır. Elvin telefonda nalayiq sözlər demişdir. Bir qədər sonra Elvin onlara gəlmiş, Elvin içəri daxil olmaq istədikdə onu buraxmasa da, Elvin içəri daxil olaraq dava-dalaş salmışdır. Həmin mübahisə zamanı Elvin nalayıq sözlər deyib Şirxanın üstünə gəldikdə onların arasına girdiyü üçün Elvin bıçaqla ilk olaraq vurub xəsarət yetirmişdir, bundan sonra da Şirxanın üstünə gedib əlindəki bıçaqla vuraraq xəsarət yetirmişdir. Şirxanın bu məsələdə təqsiri yoxdur. Elvin ona telefon vasitəsilə öpüş göndərmişdir, Şirxan da bu səbəbdən Elvinin yoldaşına həmin ifadələri işlətmişdir. Təqsirləndirilən şəxs şikayətçidir. 05 avqust 2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs1 xəsarət alması faktına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmışdır. Məhkəmə-tibb ekspertizasının 05 avqust 2023-cü il tarixli, 441 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 Əli oğlunun bədən səthində aşkar olunmuş xəsarətlər - sol said nahiyəsinin 1 ədəd döş və döş qəfəsinin sol yarısının 1 ədəd deşilmiş-kəsilmiş yaraları deşicikəsici əşyanın (alətin) təsirindən, sol kürəkaltı nahiyənin sıyrığı və sol gözaltı nahiyənin qançırşişkinliyi (hematoması) bərk küt əşyanın təsirindən qərarın təsviri hissəsində göstərilən xx.xx.2023-cü il tarixdə əmələ gələ bilərdilər və dərəcəsinə görə ümumilikdə sağlamlığa qısa müddətdə pozan sağlamlığa yüngül zərərvurmaya aiddir. Həmin xəsarətlərdən sol said nahiyəsinin 1 ədəd və döş qəfəsinin sol yarısının 1 ədəd deşilmiş- kəsilmiş yaraları hər biri ayrı-ayrılıqda sağlamlığı qısa müddətdə pozan sağlamlığa yüngül zərərvurmaya aiddirlər, sol kürək nahiyəsinin sıyrığı və sol gözaltı nahiyənin qançır- şişkinliyi (hematoması) xəsarətləri isə ayrı-ayrılıqda zərərvurmayan xəsarətlərə aid edildiklərindən dərəcələri təyin olunmur. Vətəndaş Zərərçəkmiş şəxs1 bədən səthində aşkar edilmiş xəsarətlərin xarakterini və lokalizasiyasını nəzərə alaraq demək olar ki, həmin xəsarətlərdən sol said nahiyəsinin və döş qəfəsinin sol yarısının deşilmiş-kəsilmiş yaraları qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni bıçağın tiyəsinin deşici-kəsici təsirindən, sol gözaltı nahiyənin qançır-şişkinliyi xəsarətinin insan bədəninin hissəsinin (əl, baş və s.) təsirindən, sol kürəkaltı nahiyəsinin sıyrığı xəsarətinin isə müxtəlif şəraitdə və həmçinin Zərərçəkmiş şəxs1 sürətlənmiş şəkildə (itələnərək və ya zərbə nəticəsində) öz boyu hündürlüyündən yıxılaraq yerin bərk səthinə dəyməsi nəticəsində əmələ gələ bilmələri mümkündür və xəsarətlərin şəxsin özü tərəfindən yetirilməsi inandırıcı deyildir. Məhkəmə-tibb ekspertizasının 05 avqust 2023-cü il tarixli, 442 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 bədən səthində aşkar olunmuş xəsarətlər - sağ bazu nahiyəsinin 1 ədəd kəsilmiş yarası, iti kənarlı əşyanın (alətin), sol süd vəzinin 1 ədəd deşilmiş-kəsilmiş yarası deşici-kəsici əşyanın (alətin) təsirindən qərarın təsviri hissəsində göstərilən xx.xx.2023-cü il tarixdə əmələ gələ bilərdilər, həm ümumilikdə, həm də ayrılıqda sağlamlığa qısa müddətdə pozan sağlamlığa yüngül zərərvurmaya aiddir. Vətəndaş Zərərçəkmiş şəxs2 bədən səthində aşkar edilmiş xəsarətlərin xarakterini və lokalizasiyasını nəzərə alaraq demək olar ki, həmin xəsarətlərin qərarda göstərilən şəraitdə, bıçağın tiyəsinin kəsici və deçşici təsirindən əmələ gələ bilərlər və şəxsin özü tərəfindən yetirilməsi inandırıcı deyildir. Məhkəmə ballistik ekspertizasının 22 avqust 2023-cü il tarixli, 3-16-16/2-3/1273 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 01 ədəd bıçaq zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan məişət təyinatlı bıçaqdır, soyuq silah hesab edilmir, təyinatı üzrə istifadəyə yararlıdır. Ekspertiza xərclərinə dair bildirişlərdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 64 (altmış dörd) manatdır. 05 avqust 2023-cü il tarixli qərarla Zərərçəkmiş şəxs1 zərərçəkmiş şəxs qismində tanınmışdır. 05 avqust 2023-cü il tarixli qərarla Zərərçəkmiş şəxs2 zərərçəkmiş şəxs qismində tanınmışdır 05 avqust 2023-cü il tarixli protokola əsasən Təqsirləndirilən şəxs həmin tarixdə saat 18:40-da şübhəli şəxs qismində tutulmuşdur. 07 avqust 2023-cü il tarixdə Təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə ittiham elan edilmişdir. Səbail rayon prokurorunun 07 avqust 2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilmiş və o, Bakı şəhər Səbail Rayon Polis İdarəsinin Müvəqqəti Saxlama Yerindən həbsdən azad edilmişdir. 07 avqust 2023-cü il tarixdə Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqında iltizam qətimkan tədbiri seçilmişdir. Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 11 avqust 2023-cü il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, xx.xx.1990-cı il təvəllüdlü Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. 09 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, 01 ədəd mətbəx bıçağı cinayət işi üzrə maddi sübut qismində tanınmış və saxlanılması üçün Bakı şəhər Səbail Rayon Polis İdarəsinin saxlanc yerinə təhvil verilmişdir. 12 sentyabr 2023-cü il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş ittiham yenidən elan edilmiş və o, təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. Elektron Məhkəmə Sisteminin çıxarışından görünür ki, Təqsirləndirilən şəxs bir azyaşlı uşağı var – xx.xx.2013-cü il təvəllüdlü X5. Məhkəmə, təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Belə ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün etirafı, zərərçəkmiş şəxslərin ifadələri, ekspert rəyi, iş materiallarına əlavə edilmiş işin digər halları ilə qəsdən sağlamlığa yüngül zərər vurma cinayətini törətməsi tamamilə sübuta yetirildi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin tərkibi vardır. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlukəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının CM-nin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşağının olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar aşkar olunmadı. Məhkəmə törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən halı, cəzanı ağırlaşdıran halların olmamasını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə cəzaya məhkum edilməlidir. Cinayət Məcəlləsinin 69.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 05 avqust 2023-ci il tarixdən 07 avqust 2023-cü il tarixədək, yəni 02 (iki) gün həbsdə olduğu müddət nəzərə alınmaqla, hazırki hökmlə ona təyin ediləcək əsas cəza məbləğinin yüngülləşdirilməsini məqsədəmüvafiq hesab edir. Cəzanın icrası Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Hazırki halda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 31 saylı qərarına əsasən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 1500 (bir min beş yüz) manat miqdarında cərimə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 05 avqust 2023-ci il tarixdən 07 avqust 2023-cü il tarixədək, yəni 02 (iki) gün həbsdə olduğu müddət nəzərə alınmaqla, hazırki hökmlə ona təyin edilmiş əsas cəza məbləği yüngülləşdirilsin və üzərində qəti olaraq 1400 (bir min dörd yüz) manat miqdarında cərimə cəzası saxlanılsın. Cəzanın icrası Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 64 (altmış dörd) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142595, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X2, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Bakı şəhəri 12 saylı Vəkil Bürosunun X4 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 120 (bir yüz iyirmi) manat pul tutulub Bakı şəhəri 12 saylı Vəkil Bürosunun "xxxx" QSC-nin Səbail rayon filialındakı (kod 504960, müxbir hesabı AZ10NABZ********************, VÖEN **********) hesabına keçirilsin. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim Ülviyyə Şükürova
Məhkəmə qərarları › İş №1(009)-308/2023
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-308/2023
22.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver