Məhkəmə qərarları › İş №1(009)-309/2025

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №1(009)-309/2025

16.02.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(009)-309/2025 16.02.2026 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Süleymanova Şəhla Ənvər qızının sədrliyi, Səfərova Nübar Seyfəddin qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 03 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1996-cı ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, Abşeron rayonu, Masazır şossesinin cənubunda qeydiyyatda olmaqla, Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal massivi, “Əlillər” adlanan ərazidə yerləşən “Autostart” mağazasının yaxınlığında nömrəsiz fərdi evdə yaşamış, barəsində “həbs” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə baxışı iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirməklə dələduzluq etmişdir. Belə ki, o, tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Whatsapp proqramının status bölümündə «Changan A 5» markalı avtomobilin kredit yolu ilə satışı barədə elan yerləşdirən istintaqla müəyyən edilməyən Nəriman adlı şəxsin həmin statusuna baxmaqla sonuncuya müraciət etmiş Zərərçəkmiş şəxs mobil telefonla zəng edərək ona «Changan A 5” markalı avtomobili kredit yolu ilə satacağına və “nəqliyyat vasitəsinə sərəncam verilməsinə dair” etibarnamə verəcəyinə dair yalan vədlər verib inandıraraq üzərinə götürdüyü öhdəliyi əvvəlcədən yerinə yetirmək niyyəti olmadan, yəni özgənin əmlakını əvəzsiz olaraq ələ keçirmək niyyətində olmaqla aldadıb, 05 aprel 2025-ci il tarixdə saat 13:55-də Bakı şəhəri, Nəsimi rayonu, Qış Parkı adlanan ərazidə yerləşən “Palıd” kafesində guya avtomobilin alğı-satqısı qaydalarına uyğun olaraq beh qismində Zərərçəkmiş şəxs onun istifadəsində olan "xxxx" ASC-nə aid 4127-2093-0000-6464 saylı kart hesabına 200 manat pulun köçürülməsinə nail olmuş, 07 aprel 2025-ci il tarixdə saat 10:50-də həmin avtomobil üçün dövlət qeydiyyat nişanının əvvəlcədən əldə edilməsi adı ilə Oqtay Ağayevin xahişi ilə sonuncunun tanışı, cinayətdən xəbərsiz Şahid1 Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsində yerləşən “Landau School” da yenidən onun istifadəsində olan "xxxx" ASC-nə aid 4127-2093-0000-6464 saylı kart hesabına 3000 manat pulun köçürülməsinə nail olub, ümumilikdə 3.200 manat məbləğində pul vəsaitini vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirərək Zərərçəkmiş şəxs maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamla özünü təqsirli bilmişdir. Bildirmişdir ki, 2025-ci ilin aprel ayının əvvəllərində taksi fəaliyyəti ilə məşğul olan tanışı Orxan ona bir nəfər şəxsin “Changan A05” markalı avtomobili almaq istədiyini bildirmişdir. Orxan adlı tanışına özünün də bir nəfər başqa şəxsdən həmin markalı avtomobili ilkin ödənişlə almaq istədyini demişdir. Orxana Oqtay adlı şəxs istəyirsə sonuncuya da təşkil edə biləcəyini bildirmişdir. Bundan sonra Oqtay adlı şəxsin həmin avtomobili almaq istədiyini ona demişlər və onunla əlaqə yaratmaq üçün Oqtayın telefonunu Orxandan almışdır. xx.xx.2025-ci il tarixdə Oqtay adlı şəxsə zəng edib, ona Rauf adlı tanışından alıb satacağı maşını yəni, “Changan A05” markalı avtomobil haqqında məlumat vermişdir. Oqtaya avtomobilin gömrük məntəqəsində olduğunu demişdir. Bundan sonra həmin avtomaşının satışı ilə əlaqədar olaraq xx.xx.2025-ci il tarixdə saat 13 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Qış parkı adlanan ərazidə “Palıd” kafesində Oqtayla görüşəsi olmuşlar. Oqtay ora tanışı Laçın adlı şəxslə gəlmişdir. Orada Oqtaya həmin avtomobilin kredit şərtləri ilə bağlı məlumat vermişdir. Həmin vaxt Oqtay şərtlərlə razılaşmış və ona məxsus 4127-2093-0000-6464 nömrəli Beynəlxalq Bank kartına 200 manat beh pul atmışdır. Razılaşmaları ilə bağlı ilkin ödəniş olaraq Oqtay ona 5000 manat pul verməli, qalan 36 aya aylıq 700 manat pul ödəməli imiş. Həmin avtomobil Oqtaya 30200 manata başa gəlməli imiş. xx.xx.2025-ci ildə maşının nömrəsinin Oqtay istədiyi şəkildə həll olunması üçün o, Oqtaya zəng edib, nömrənin öncədən kənarda saxlanılması məqsədi ilə 3000 manat pul istəmişdir ki, xx.xx.2025-ci il tarixdə baş tutacaq alğı-satqı zamanı əlavə vaxtları getməsin. Həmin vaxt yaşadığı evdə olan zaman Oqtay ona məxsus 4127-2093-0000- 6464 nömrəli Beynəlxalq Bank kartına 3000 manat pulu onlayn olaraq köçürmüşdür. Bununla da Oqtay ona həmin avtomobilin ilkin xərcləri üçün 3200 manat pul vermişdir. xx.xx.2025-ci il tarixdə Oqtaya zəng edib, alğı-satqının 09 aprel 2025-ci il tarixə deyil, xx.xx.2025-ci il tarixə təyin etməyi bildirmişdir. Bundan sonra yenidən Oqtaya zəng edib, əmisi oğlunun rəhmətə getdiyini deyib, alğı-satqının xx.xx.2025-ci il tarixə əvəzləməyi bildirmişdir. Lakin, Oqtaya maşının alğı-satqısı ilə bağlı probləmlərin yarandığını deyib, ondan vaxt istəyib, 3200 manat pulunu 1-2 ay ərzində qaytaracağına müddət istəmişdir. Sonradan telefonları xarab olduğu üçün onunla əlaqə saxlaya bilməmişdir. Hazıradək Zərərçəkmiş şəxs aldığı 3200 manat pulu geri qaytarmamışdır. Həmin pulları öz təlabatına xərcləmişdir. Baş verənlərdən peşmandır, Zərərçəkmiş şəxs 3200 manat pulunu 1 həftə ərzində qaytaracağına söz verir. Zərərçəkmiş şəxs ifadəsində qeyd etdiyi Nəriman və Bəhlul adlı şəxsləri tanımır, tanışı Orxandan eşitdiyinə görə Orxana da kimsə Oqtay adlı şəxsin maşın almaq istədiyini bildirmişdir. Həmin maşının alınıb satılmasında Orxan adlı tanışının heç bir maddi marağı olmamışdır. Həmin maşını Rauf adlı şəxsdən almaq istəsə də həmin alğı-satqı baş tutmamış, pulu özü aldığı üçün özü də xərclədiyindən özü qaytaracaq. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs bildirmişdir ki, deyilənlərə sadəcə üç kiçik qeydi var. Rauf, Orxan və başqa adları eşidməmişdir. Onlar ortalıqda olmayıb, çünki bildirmişdi ki hər şeyi özü edir. İkincisi, pulu ödəyəndə evdə deyildi, şahid kimi burda iştirak edən qohumunun kartından o pulu göndərmişdir. 2-3 ay vaxt istəməyib ki pulu qaytarsın. Ayın 14-ü onunla görüşdük dedi ki indi gəlirəm və sonra itdi, sonra da mesaj yazdı ki sabah gündüz pulu qaytaracaq. Bundan artıq heç bir söhbət olmayıb və ondan sonra itib. Avtomobilə baxmamışdır. Dedi ki avtomobil Bakıdadır, gömrükdən keçməyib. Gömrükdən keçiriləndən sonra yol polisi işləri görülməlidir. 200 manat ödədi. Zəng vurdu və müxtəlif yollarla etibarı qazandı, bir neçə dəqiqə danışdıq və dedi ki 3.000 lazımdır ki nömrə məsələsi ilə bağı köməklik göstərsinlər. Orda qohumu işləyir, tezləşdirəcək. İlkin olaraq 5.000 manat verilməliydi, sonra ödənişlər hissəvi şəkildə həyata keçiriləcəkdi. Avtomobil rəsmi qaydada adına keçiriləndən sonra borc müqaviləsi bağlanacaqdı. Elanı ayın 3-ü gördü, ayın 5-i görüşdülər və ayın 9-da alğı-satqının həyata keçirilməsini danışmışdıq. Ayın 7-si zəng etdi ki alğı-satqı ilə bağlı 3.000 manat pul istədi. Ayın 10-u bütün bu məsələlər bitməliydi. Sonra yenə zəng edib dedi ki əmisinin oğlu rəhmətə gedib, alğısatqını saldıq ayın 17-nə. Həmin gün iki hüquqşunasla alğı-satqı etməyə Meyvəli ərazisinə getdi. Orda təsadüfən görüşdük bəlkədə heç düşünmürdü bizi orada görməyə. Dedi ki gedir qayıya məsələni həll etməyə. Ondan sonra getdi. Telefonu söndürdü və başqa nömrədən mesaj yazdı ki “sabah pulu qaytaracaq”. Hesab edir ki, əlavə təzminat ödənilməlidir. Bu işə görə əlavə pullar xərcləmiş, vaxtı və əsəbi gedib. Çox əziyyət çəkmişdir. Təqsirləndirilən şəxs ilə barışdığını və ona qarşı heç bir tələbinin olmadığını bildirmişdir. Məhkəmə istintaqı zamanı Şahid1 bildirmişdir ki, aprelin 7 si qardaşı Oqtay maşın almaq istədiyi üçün xahiş etdi ki karta 3000 manat mədaxil etsin. Aprelin 16-sı Oqtay pulu qaytardı. Məhkəmə istintaqı zamanı Şahid2 bildirmişdir ki, Oqtay bəy ona bildirmişdi ki maşın almaq istəyir. Məlumatları və şərtləri göndərdi və xahiş elədi ki Qış parkında yerləşən Palıd kafesində həmin şəxslə görüşmək istəyir birlikdə görüşək. Bütün şərtlər danışılmışdı. Çalışdım ki riskləri minimum verək. Hər ikisinə bildirdi ki bunu rəsmi şəkildə edin. Vatsap üzərindən göndərin ödənişi. Maşın nə zaman rəsmiləşəcək və s. Ödənişin bir hissəsini qayıda oformit olandan sonra etmək istəyirdi. Bir neçə gün sonra məlum oldu ki 3000 manat istəyib Oqtayda göndərb. Onda narahat oldu. Ödəniş yanında olmamışdır. Bir neçə dəfə Oqtay bəy əlaqə saxladı. Maşın götürmək üçün gömrük terminalına getdik, 1-2 saat gözlədik, yanında xanım var idi. Dedi ki maşını götürdük, ikinci maşın sizinkidi. Sonra əlaqə saxladıq amma gəlmədi. İş materiallarında olan “cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” 08 iyul 2025-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır (c.i.v.1). İş materiallarında olan Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında Whatsapp mesajlaşma proqramı vasitəsilə aparılan danışıqlara dair səs qeydləri dinlənilərkən sonuncular arasında avtomobilin alğı-satqısı ilə bağlı aralarında harada və hansı vaxtda görüşəcəklərini təyin etmələri, avtomobilin səciyyəvi xüsusiyyətləri, ödəniləcək ilkin ödəniş məbləği, avtomobilin gömrüyə daxil olduqdan sonra rəsmiləşdirmə məsələləri barədə danışıqlar aparılması, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs avtomobilin gömrükdən keçdiyini, artıq ölkədə olmasını bildirməsi, rəsmiləşdirmə işlərini tezləşdirmək adı ilə əvvəlcədən ödəniş edilməsini Zərərçəkmiş şəxs təklif etməsi, əvvəlcədən görüşəcəklərinə dair təyin edilmiş vaxtda Təqsirləndirilən şəxs zənglərə cavab verməməsi ilə bağlı səs qeydləri olması müəyyən edilmişdir. Bundan başqa, yaddaş kartında ****9147 saylı bank kartından ****6464 saylı bank kartına xx.xx.2025-ci il tarixdə 200 manat pul köçürülməsi, 4021********9271 saylı bank kartından 4127********6464 saylı bank kartına 07 aprel 2025-ci il tarixdə 3000 manat pul köçürülməsinə dair qəbzlərin fotoşəkilləri olması müəyyən edilmişdir. İş materiallarında olan “zərərçəkmiş şəxs qismində tanınma haqqında” 02 avqust 2025-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs qismində tanınmışdır (c.i.v.44). İş materiallarında olan “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” 17 avqust 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək həmin maddə ilə ittiham elan edilmişdir (c.i.v.88-89). İş materiallarında olan “qətimkan tədbirinin seçilməsi” barədə 18 avqust 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (c.i.v.104-105). İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-nin xx.xx.2025-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (c.i.v.40). İş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs xx.xx.2026-cı il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan ödənilib, ona qarşı heç bir tələbi yoxdur və gələcəkdədə olmayacaq. İş materiallarına əlavə edilmiş Səbail rayon Məhkəməsinin 1(009)-309/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməklə “həbs” qətimkan tədbiri seçilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1 -ci maddəsinə əsasən Dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə min manatdan iki min manatadək miqdarda cərimə və ya üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Cinayət Məcəlləsinin 177-ci maddəsinin Qeyd hissəsinin 1-ci bəndinə əsasən bu Məcəllənin 177.1, 178.1 və 179.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı, lakin beş min manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda yaranır. Bu Məcəllənin 177.2.1- 177.2.3- 2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə yüz manatdan yuxarı məbləğdə ziyan vurulduğu hallarda yaranır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə iclasında müdafiə tərəfi məhkəməyə ərizə təqdim edərək Təqsirləndirilən şəxs özünü Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirli bildiyini, maddi ziyanın tamamilə ödənildiyini, bu səbəbdən barəsində “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında 19 dekabr 2025-ci il tarixli Azərbaycan Respublikası Milli Məclisin Qərarının tətbiq edilməsini xahiş etmişlər. Məhkəmə tərəfləri dinləyib və iş materiallarını nəzərdən keçirib, təqsirləndirilən şəxsin ərizəsini nəzərə alıb hesab edir ki, “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında 19 dekabr 2025-ci il tarixli Azərbaycan Respublikası Milli Məclisin Qərarı Təqsirləndirilən şəxs barəsində tətbiq edilməli və onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilməli və o, cinayət məsuliyyətindən azad olunmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 81.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxslər amnistiya aktı ilə cinayət məsuliyyətindən azad edilə bilərlər. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin: 39.1 və 39.1.12-ci maddəsinə əsasən amnistiya aktına əsasən şəxs cinayət məsuliyyətindən azad edilməli olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir); 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında 19 dekabr 2025-ci il tarixli Azərbaycan Respublikası Milli Məclisin Qərarının: 5.1-ci bəndinə əsasən məhkəmələr icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə bu Qərarın 1.1–1.16-cı bəndlərində nəzərdə tutulan şəxslər, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər barəsində cinayət təqibinə xitam verir və ya həmin şəxsləri təyin edilmiş cəzadan azad etməklə ittiham hökmü çıxarırlar (bu Qərarın 6cı və 7-ci hissələrində qeyd edilən məhdudiyyətlər nəzərə alınmaqla); 6 və 7-ci bəndlərində amnistiyanın tətbiqinə məhdudiyyətlər nəzərdə tutulmuşdur ki, Təqsirləndirilən şəxs əməli həmin məhdudiyyətlərin tətbiq dairəsinə düşmür. 7.4-cü bəndində nəzərdə tutulmuş məhdudiyyət, yəni maddi ziyanın tam olaraq ödənilməsi hazırki iş üzrə təmin olunmuşdur. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs tərəfindən törədilən Cinayət Məcəlləsinin 178.1-ci maddəsində nəzərdə tutulan cinayət əməli böyük ictimai təhlükə törətməyən cinayətdir, yuxarıda qeyd edilən amnistiya qərarının 5.1-ci bəndi onun barəsində cinayət təqibinə xitam verilməsini təsbit edir və həmin qərarın 6 və 7-ci bəndlərində nəzərdə tutulmuş məhdudiyyətlər Təqsirləndirilən şəxs əməlinə şamil olunmur. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1 -ci maddəsi “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında 19 dekabr 2025-ci il tarixli Azərbaycan Respublikası Milli Məclisin Qərarının 5.1-ci bəndinin təsiri altına düşdüyündən o, cinayət məsuliyyətindən azad edilməli və onun barəsində olan cinayət işi üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası CPM-nin 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edildiyindən və cinayət təqibinə xitam verildiyindən onun barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilməli və o dərhal məhkəmə iclasından azad edilmədir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1- ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə görə hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci il 28 aprel tarixli 141 saylı Qərarına əsasən ödənilən haqq artırılaraq 11 manat müəyyən edilmiş və bu qərar 29 aprel 2025-ci il tarixdən qüvvəyə minmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş Bakı şəhəri 03 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi vəsaiti hesabına 40 saat, 440 manat pul ödənilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39, 43, 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında 19 dekabr 2025-ci il tarixli Azərbaycan Respublikası Milli Məclisin Qərarı tətbiq edilməklə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilsin və iş üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin və o dərhal məhkəmə iclasından azad edilsin. Bakı şəhəri 03 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarını məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsi vəsaiti hesabına 40 saat, 11 manatdan hesablanmaqla 440 (dörd yüz qırx) manat pul dövlət büdcəsindən tutularaq Müdafiəçi ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Qərardan apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Şəhla Süleymanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar