Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-31/2020 05.02.2020 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi Məmiyev Elnur Azər oğlunun katibliyi ilə, Dövlət ittihamçısı Bakı şəhər prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Bakı şəhəri 03 saylı Vəkil Bürosunun vəkili X2, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxx 1983-cü ildə Ağdaş rayonu, Yuxarı Zeynəddin kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Ağdaş şəhəri, Ağalı kəndində qeydiyyatda olan, Bakı şəhəri, Səbail rayonu, Ö.F.Nemanzadə küçəsi, ö/t-də yaşayan, barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq əldə etdiyi bir ədəd qılınc formasında əldə düzəlmə üsulu ilə hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan soyuq silahı özündə saxlamış və xx xxxxxxx 2019-cu il tarixdə, saat 01:40-da həmin soyuq silahı Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi 13 saylı ünvanda yerləşən “Məkan” adlı kafeyə daşıyaraq orada üzərində gəzdirən zaman qeyd olunan ərazidə xidmət aparmış DİN-in Əlahiddə ÇPA-nın 4-cü Patrul Bölüyünün əməkdaşları tərəfindən saxlanılaraq Səbail RPİ-nin 8-ci PB-nə dəvət edilib üzərinə baxış keçirilən zaman həmin soyuq silah aşkar edilib götürülmüşdür. Məhkəmə iclasında iş üzrə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri, Səbail rayonu, Badamdar şossesində olan Eyvaz Kərimova məxsus mənzildə kirayəşin qalmaqla son vaxtlar aqlay döşəməklə məşğul olur. Yeddi il əvvəl Badamdar qəsəbəsində tikintidə işləyən zaman orada olan mişardan özü üçün təxminən 50 sm uzunluğunda çapacaq hazırlamış və həmin çapacağı kirayədə qaldığı evdə özünə aid olan əşyaların arasında saxlamışdır. O, həmin çapacağı (bıçağı) iri və xırda buynuzlu heyvanlarının dırnaqlarını kəsmək üçün düzəltmiş və saxlamışdır. Belə ki, xx xxxxxxx 2019-cu il tarixdə, saat 18 radələrində işini qurtarıb kirayədə yaşadığı evə gələrkən yolda marketdən 0,5 litrlik spirtli içki araq almış, saat 20:50 radələrində evə çatmış, yolda görüşdüyü dostu Amili evlərinə dəvət etmiş və Amil onlara gəlmişdir. O, Amillə yemək yeyərək aldığı arağı birlikdə içmişlər, sonra Amili evlərinə yola salmış və saat 22:30 radələrində pivə içmək üçün «Məkan» kafesinə getmiş və kafeyə girib masada əyləşərək pivə sifariş vermişdir. Həmin vaxt digər masada ayıq sürücü kimi tanıdığı Amid və tanımadığı iki nəfər də əyləşmişdir. O pivə içən zaman Amid onu öz oturduğu masaya dəvət etmiş, o da dəvəti qəbul edib onlarla əyləşib 3 qədəh pivə içmiş, Amid və onunla əyləşmiş iki nəfər də pivə içmişlər, həmin vaxt Amidlə onun arasında mübahisə yaranmış və bu səbəbdən o kafedən çıxıb yaxında olan taksiyə əyləşib kirayədə qaldığı evə getmiş və yeddi il əvvəl hazırladığı qılıncı özü ilə götürüb yenidən «Məkan» kafesinə qayıtmışdır. O, kafeyə girib Amidlə söhbət etmək istəmiş, həmin vaxt orada olan tanımadığı oğlan ona yaxınlaşıb sakitləşməyi təklif etmiş, Amid ona yaxınlaşmış və ikisi söhbət edəndə kafeyə polis əməkdaşları girmiş və nə baş verdiyini soruşmuşlar. Polis əməkdaşları kəsici- deşici aləti də götürüb onu Səbail RPİ-nin 8-ci Polis bölməsinə aparmışlar. O, həmin qılıncla əvvəllər hadisə törətməmiş, sadəcə həmin vaxt sərxoş olduğu üçün evində saxladığı kəsici-deşici aləti götürüb «Məkan» kafesinə getmiş, həmin alətlə kimisə vurmaq və ya öldürmək niyyəti olmamışdır. Həmin bıçağı hazırlamaqda və saxlamaqda cinayət əməli törətmək niyyəti olmamışdır. Təqsirləndirilən şəxs törətdiyi əməldən peşman olduğunu nəzərə alaraq ona azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, 2017-ci ildən daxili işlər orqanlarında xidmət edir, hazırda sə DİN-nin X7 4-cü patrul bölüyündə polis nəfəri kimi çalışır. xx.xx.2019-cu il tarixdə Bakı şəhəri, Səbail rayonunun ərazisində iş yoldaşı Şahid4la gecə xidmətində olan zaman saat 01:40 radələrində taksi kimi fəaliyyət göstərən qara rəngli “Mersedes” markalı avtomobilin Beyrək adlı sürücüsü onlara yaxınlaşaraq bir nəfəri Səbail rayonunun ərazisində yerləşən «Məkan» kafesinə düşürdüyünü, həmin şəxsin üzərində qılınc formasında kəsici alətin, olduğunu və həmin şəxsin əsəbi vəziyyətdə kiminsə barəsində danışdığını bildirmişdir. Həmin məlumat əsasında onlar dərhal «Məkan» kafesinə getmişlər və kafedə deyilən vizual görünüşdə olan şəxsi görüb ona yaxınlaşaraq kimliyini soruşduqda həmin şəxs Təqsirləndirilən şəxs olduğunu söyləmiş, sonuncunun üzərinə baxdıqda qılınca bənzər kəsici aləti aşkar etmişlər və Səbail RPİ-nin 8-ci Polis bölməsinə gətirib raport yazaraq polisə təhvil vermişlər. Məhkəmə iclasında ifadəsi elan olunmuş Şahid4 eyni məzmunlu ifadə verərək Şahid3 qeyd etdiyi xususatları təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, xx xxxxxxx 2019-cu il tarixdə, saat 02 radələrində Səbail RPİ-nin 8-ci PB-nin qarşısından keçən zaman bir nəfər polis geyimində şəxs ona yaxınlaşaraq polis bölməsində saxlanılan bir nəfər şəxsin üzərinə baxış zamanı hal şahidi kimi iştirak etməyə dəvət etmişdir. O, da razılaşıb həmin polis əməkdaşı ilə bölmənin inzibati binasına daxil olmuş, bölmənin inzibati binasının iş otaqlarından birində iki nəfər polis əməkdaşının, bir nəfər mülki geyimdə orta yaşlarında kişinin və bir nəfər də mülki geyimdə cavan yaşlarında şəxsi görmüşdür. Otaqda olan polis əməkdaşlarından biri həmin cavan oğlanı göstərib adının Rəvan olduğunu və üzərində soyuq silah gəzdirməsinə görə şübhəli şəxs kimi onun üzərinə baxış keçiriləcəyini bildirmiş, daha sonra Rəvanın üzərində daşıdığı qeyri-qanuni gəzdirdiyi əşyanı masanın üzərinə qoymasını təklif etmişdir. Rəvan da, üzərində olan və metaldan qeyri-qanuni hazırlanmış ucu deşici və kəsici bir ədəd aləti çıxarıb masanın üzərinə qoymuş, həmin alətin hardan əldə etdiyini soruşulduqda Təqsirləndirilən şəxs yeddi il əvvəl Səbail rayonu, Badamdar qəsəbəsində, tanımadığı bir ünvanda işləyən zaman həmin aləti özü düzəltdiyini bildirmişdir. Daha sonra həmin alət polislər tərəfindən qablaşdırılaraq götürülmüş və bu barədə tərtib edilmiş protokol imzalarla təsdiq edilmişdir. Məhkəmə iclasında ifadəsi elan olunmuş Şahid2 eyni məzmunlu ifadə verərək Şahid1 qeyd etdiyi xususatlar təsdiq etmişdir. Cinayət işinin materiallarında olan xx xxxxxxx 2019-cu il tarixli baxış, şəxsi axtarış və götürmə haqqında protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs üzərindən uzunluğu 50 sm olan, kustar üsulla hazırlanmış, ucu deşici və kəsici xassəyə malik metal alət aşkar edilmişdir. Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə-ballistik ekspertizasının «Odlu silah və döyüş sursatlarının, soyuq, qaz və pnevmatik silahların tədqiqi» ekspertizasının xx xxxxxxx 2019-cu il tarixli, 27261 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş predmet qılınc formasında əldədüzəlmə üsulla hazırlanmış bir tərəfi kəsici, ücu deşici xassəyə malik olan soyuq silahdır. xx xxxxxx 2019-cu il tarixli maddi sübut hesab etmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş uzunluğu 50 sm olan, kustar üsulla hazırlanmış, ucu deşici və kəsici xassəyə malik, əldədüzəltmə üsulu ilə hazırlanmış qılınca oxşar predmet maddi sübut kimi tanınmış və Səbail RPİ-nin təhvil verilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliynin Baş Əməliyyat və X1 tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ Əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. Şübhəli şəxsin tutulması haqqında xx xxxxxxx 2019-cu il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2019-cu il tarixdə saat 19:30-da şübhəli şəxs qismində tutulmuşdur. Təqsirləndirilən şəxs MSY-dən azad olunması və barəsində qətimkan tədbirinin seçilməsi haqqında xx xxxxxx 2019-cu il tarixli qərarlardan görünür ki, Təqsirləndirilən şəxs MSY-dən azad olunmuş və barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmişdir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutu və digər sənədləri sübut növü kimi qəbul edilə, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır. Təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir, onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası CMnin 228.4-cü maddəsi ilə düzgün tövsif olunmuşdur.. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlukəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs əməlini etiraf edib peşman olmasını və əvvəllər məhkum olunmaması ona təyin olunacaq cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. İş üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli, 4 saylı qərarının 3-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və onun həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə cinayət qanunu sanksiyasında nəzərdə tutulan ictimai işlər növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 47.1-ci maddəsinə əsasən ictimai işlər məhkumun əsas işindən və ya təhsilindən asudə vaxtlarında haqqı ödənilmədən cəmiyyətin xeyrinə ictimai faydalı işlər yerinə yetirməsindən ibarətdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. növündə cəza təyin olunarkən nəzərə alınmalıdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx xxxxxxx 2019-cu il tarixdən xx xxxxxx 2019-cu il tarixədək tutulduğu 02 (iki) gün müddət bir günə 8 (səkkiz) saat hesablanmaqla ona təyin ediləcək cəzadan çıxılmalıdır. Məhkəmə cinayət prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə qeyd edir ki, Səbail Rayon Polis İdarəsində maddi sübut kimi saxlanılan Təqsirləndirilən şəxs götürülmüş soyuq silah hesab edilən 01 ədəd qılınc formasında əldədüzəlmə üsulla hazırlanmış bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan soyuq silah hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 40 (qırx) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Azərbaycan Respublikası Cinayət‑Prosessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 31 saylı qərarına əsasən təqsirləndirilən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə və ibtidai istintaq zamanı hüquqlarının müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356-358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 400 (dörd yüz) saat müddətinə ictimai işlər cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx xxxxxxx 2019-cu il tarixdən xx xxxxxx 2019-cu il tarixədək tutulduğu 02 (iki) gün müddət bir günə 8 (səkkiz) saat hesablanmaqla 16 (on altı) saat onun cəzasından çıxılsın və üzərində qəti olaraq 384 (üç yüz səksən dörd) saat ictimai işlər cəzası saxlanılsın. Cəzanın icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müvafiq İcra və Probasiya qurumuna həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ekspertiza xərci olan 40 (qırx) manat tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Dövlət Xəzinədarlığı Agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22) köçürülsün. İş üzrə maddi sübut kimi tanınmış və Səbail Rayon Polis İdarəsində saxlanılan soyuq silah hesab edilən 01 ədəd qılınc formasında əldədüzəlmə üsulla hazırlanmış bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan soyuq silah hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Bakı şəhəri 03 saylı Vəkil Bürosunun vəkili X3 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaq zamanı müdafiə edilməsinə görə dövlət büdcəsindən 240 ( iki yüz qırx) manat Bakı şəhəri 03 saylı vəkil bürosunun “xxxxxxxxxxxx” ASC-nin Səbail rayon filialındakı (kod 200059, müxbir hesabı AZ75AİİB********************, VÖEN **********) hesabına keçirilsin. Bakı şəhəri 03 saylı Vəkil Bürosunun vəkili X4 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən 150 (bir yüz əlli) manat Bakı şəhəri 03 saylı vəkil bürosunun “xxxxxxxxxxxx” ASC-nin Səbail rayon filialındakı (kod 200059, müxbir hesabı AZ75AİİB********************, VÖEN **********) hesabına keçirilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim Ülviyyə Şükürova
Məhkəmə qərarları › İş №1(009)-31/2020
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-31/2020
05.02.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver