Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-31/2024 18.01.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi Şirməmmədova Günel Lətif qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1982-ci ildə Ermənistan Respublikasının Masis rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan, Bakı şəhəri, Sabunçu rayonu, Yeni Ramana qəsəbəsi, Bünyadzadə küçəsi nömrəsiz fərdi evdə yaşayan, barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 244-1.2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə 18 yanvar 2024-cü il tarixdə saat 12.45-də açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İttiham aktına əsasən Təqsirləndirilən şəxs təkrarən qumar oyunlarını təşkil etməklə keçirmiş, habelə, qumar oyunlarının keçirilməsi üçün yer təşkil edib saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs şifahi razılaşma əsasında Şahid6 icarəyə götürdüyü ünvan 3 ünvanına 2022-ci ilin dekabr ayının sonunda istintaqla müəyyən edilməyən tarix və saatda kart dəstləri gətirib mənzildə yerləşdirməklə, qumar oyunu oynamaq üçün Şahid4 və istintaqla şəxsiyyəti müəyyən edilməyən digər şəxsləri qeyd edilən mənzilə dəvət edib qumar oynayan şəxslərə qida və içki məhsulları təqdim edərək həmin mənzildə pul vəsaitləri, maddi və sair nemət barəsində oynanılan və uduşu qeyri müəyyənlikdən və ya təsadüfdən asılı olan qumar oyunlarının keçirilməsi üçün tamah məqsədi ilə yer təşkil edib saxlayaraq həmin tarixdə onun iştirakı ilə qeyd edilən şəxslərin eyni mənzildə kart vasitəsilə poker növündə qumar oyunu oynamalarına şərait yaratmaqla qumar oyunlarını təşkil edib keçirmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs şifahi razılaşma əsasında Şahid6 icarəyə götürdüyü ünvan 3 ünvanına 2023-cü ilin fevral ayının ortalarında istintaqla müəyyən edilməyən tarix və saatda kart dəstləri gətirib mənzildə yerləşdirməklə, qumar oyunu oynamaq üçün Şahid1, Şahid5, Şahid3 və istintaqla şəxsiyyəti müəyyən edilməyən digər şəxsləri qeyd edilən mənzilə dəvət edib qumar oynayan şəxslərə qida və içki məhsulları təqdim edərək həmin mənzildə pul vəsaitləri, maddi və sair nemət barəsində oynanılan və uduşu qeyri müəyyənlikdən və ya təsadüfdən asılı olan qumar oyunlarının keçirilməsi üçün təkrarən tamah məqsədi ilə yer təşkil edib saxlayaraq həmin tarixdə onun iştirakı ilə qeyd edilən şəxslərin eyni mənzildə kart vasitəsilə poker növündə qumar oyunu oynamalarına şərait yaratmaqla qumar oyunlarını təşkil edib keçirmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs şifahi razılaşma əsasında Şahid6 icarəyə götürdüyü ünvan 3 ünvanına 5 mart 2023-cü il tarixdə istintaqla müəyyən edilməyən saatda kart dəstləri gətirib mənzildə yerləşdirməklə, qumar oyunu oynamaq üçün Şahid1, Şahid5, Şahid3 və Şahid4 qeyd edilən mənzilə dəvət edib qumar oynayan şəxslərə qida və içki məhsulları təqdim edərək həmin mənzildə pul vəsaitləri, maddi və sair nemət barəsində oynanılan və uduşu qeyri müəyyənlikdən və ya təsadüfdən asılı olan qumar oyunlarının keçirilməsi üçün təkrarən tamah məqsədi ilə yer təşkil edib saxlayaraq həmin tarixdə saat 21 radələrindən etibarən onun iştirakı ilə qeyd edilən şəxslərin eyni mənzildə kart vasitəsilə poker növündə qumar oyunu oynamalarına şərait yaratmaqla qumar oyunlarını təşkil edib keçirmiş, daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə idarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyataxtarış tədbirəri nəticəsində 6 mart 2023-cü il tarixdə saat 00:11-də onun razılığı və iştirakı ilə həmin mənzilə baxış və götürmə aparılan zaman orada onun, Şahid1, Şahid5, Şahid3 və Şahid4 qumar oyunu oynadığı müəyyən edilmiş və qumar oyunlarının keçirilməsi məqsədi ilə istifadə olunan 508 manat məbləğində pul vəsaiti, istifadə olunmuş oyun kartları və 1 ədəd istifadə olunmamış oyun kartı dəsti aşkar edilib götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, istintaq zamanı verdiyi ifadəsini təsdiq etmir. İstintaq zamanı üç dəfə, yəni 2022-ci ilin dekabr ayında və 2023-cü ilin fevral və mart aylarında qumar oyunlarının oynanılmasını təşkil etməsi barədə ifadə verməsini onunla izah edir ki, ibtidai istintaq zamanı ona fiziki və psixoloji təzyiq göstərilmiş, o da bu səbəbdən müstəntiqin yazdığı ifadəyə qol çəkmişdir. O, yalnız bir dəfə, yəni 05 mart 2023-cü il tarixdə qumar oyunu təşkil etmişdir. Belə ki, 05 mart 2023-cü il tarixdə “Sədərək” Ticarət Mərkəzində birlikdə işlədiyi dostları Şahid5, Şahid1, Şahid2, Şahid4, Saməddin Mirzadə ilə birlikdə Bakı şəhəri Səbail rayonu ərazisində yerləşən evdə yemək yemiş və içki içmişlər. Onun dostları ilə əvvəlcədən qumar oyunu oynamaq planları olmamışdır. Vaxtlarını xoş keçirmək üçün öz aralarında danışmış və kart oynamağa qərara gəlmişlər. Yeyib-içdikdən sonra oyunun keçirilməsinə başlamışlar. O, kartları dostlarına vermişdir. Oyunun ilkin gedişini 1-2 manatdan oynamışlar. 06 mart 2023-ci il tarixdə saat təxminən 00:05 radələrində oyun oynayarkən qapı döyülmüş və o, qapını açmışdır. Qapını açdıqda polis əməkdaşları özlərini təqdim etmiş və mənzilə daxil olaraq baxış keçirmişlər. Həmin vaxtı onlar sərxoş olmuşlar. Polis əməkdaşları otağa daxil olarkən masada kartlar yox idi, sonradan mənzili axtararkən tapmışlar. Masada 508 manat pul var idi. Daha sonra onları izahatlarının alınması üçün Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin inzibati binasına dəvət etmişlər. Qumar oyunu təşkil etdiyi mənzili dostu Şahid6 günlük kirayəyə götürmüşdür. Həmin mənzili dostu Şahid6 kirayəyə götürmüş və o da Həzrətin kirayəni ödəməsi üçün ona kömək məqsədilə 60 manat müqabilində ondan günlük kirayəyə götürmüşdür. Özünü qismən təqsirli bilməyini onunla izah edir ki, o, dekabr və fevral aylarında qumar oyunları təşkil etməmişdir. Belə ki, dekabr ayında həmin evdə olub-olmadıqlarını dəqiq xatırlamır, fevral və mart aylarında isə dostları ilə birlikdə həmin evdə olmuşdur. Lakin fevral ayında kart oyunu oynamamış, dostları ilə birlikdə əylənmiş, yeyib-içmişlər. Mart ayında isə kart oyunu oynamışlar. Dostları ilə həmin evdə iki dəfə olmuşdur, həmin evdə ikinci dəfə olanda kart oyunu oynamışlar. Əməlindən səmimi peşmançılıq çəkməsini, himayəsində üç azyaşlı uşağının olmasını nəzərə alaraq məhkəmədən yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmənin xx.xx.2023-cü il tarixli iclasında Şahid6 ifadəsində göstərmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq etmir. Belə ki, müstəntiq ona təzyiq göstərmiş və buna görə də o, məcburən müstəntiqin yazdığı ifadəyə qol çəkmişdir. Təqsirləndirilən şəxs 2022-ci ilin qış aylarından tanıyır. Təqsirləndirilən şəxs ilə “Sədərək” ticarət mərkəzində müştəri kimi mal alarkən tanış olmuşdur. Həmin vaxtı o, Bakı şəhəri Səbail rayonu ərazisində yerləşən mənzildə kirayə qalırdı. Həmin mənzil Rusiya Federasiyasında yaşayan Pərvanə Nəbiyevaya məxsusdur, mənzili 600 manat aylıq kirayəyə götürmüşdür. O, taksi fəaliyyəti ilə məşğuldur. Təqsirləndirilən şəxs mənzilin kirayəsini ödəməkdə ona kömək etməyi təklif etmiş, ondan həmin mənzili günlük 60 manat müqabilində kirayəyə verməyi istəmişdir. Onun həmin vaxtı işləri yaxşı getmədiyindən və pula ehtiyacı olduğundan Şahvələdin təklifi ilə razılaşmışdır. Şahvələd dostları, yəni “Sədərək” ticarət mərkəzindən olan iş yoldaşları ilə birlikdə istirahət etmək, həmçinin aldığı malların hesab-uçotunu aparmaq məqsədilə iki dəfə ondan mənzili günlük kirayəyə götürmüşdür. İlk dəfə 2023-cü ilin fevral ayının ortalarında, ikinci dəfə isə 05 mart 2023-cü il tarixdə mənzili ondan gündəlik kirayəyə götürmüşdür. Sonra polis əməkdaşları ona zəng vuraraq mənzildə qumar oyunlarının keçirilməsi barədə məlumat vermiş, o da dərhal mənzilə gəlmişdir. O, qapıdan içəri girərkən masada kartlar olmamışdır. Məhkəmənin xx.xx.2023-cü il tarixli iclasında Şahid2 ifadəsində göstərmişdir ki, o, qapı-pəncərə ustası işləyir. Şahid1 onun uşaqlıq dostudur, onunla birlikdə kirayədə yaşayır. 05 mart 2023-cü il tarixdə saat 22 radələrində Vüsal ilə birlikdə olarkən Vüsal ona “Sahil” metrostansiyası yaxınlığında tanışının mənzili olduğunu, oraya birlikdə gedib istirahət etməyi, orada pivə içməyi təklif etmişdir. O, Vüsal ilə razılaşaraq həmin mənzilə getmişdir. Mənzilin qapısını əvvəldən tanımadığı, adının sonradan öyrəndiyi Şahvələd açmışdır. Onlar içəri keçmişlər. Əvvəl pivə içmişlər, sonra o, qumar oynamadığı üçün divanda əyləşmiş, Vüsal və otaqda olanlar isə qumar oynamaq üçün masa arxasına keçmişlər. O, kart oynamağı bacarmır, ona görə də o, divanda əyləşərək telefona baxırdı. O, divanda telefona baxdığı üçün onların masa arxasında nə danışdıqlarını eşitməmişdir. Lakin masanın üzərində pullar var idi. Həmin mənzildə bir dəfə, mart ayında olmuşdur. İstintaq zamanı verdiyi ifadəsi ilə hazırki ifadəsi arasındakı ziddiyyəti onunla izah edir ki, o, müstəntiqin yazdığı ifadəni oxumadan imzalamışdır. O, ümumiyyətlə qumar oynamağı bacarmır, ona görə də kartdakı xallarda eynilik olanda pulların Şahvələdə verilməsi ilə bağlı ifadə verməmişdir. Sonra polis əməkdaşları gəlmiş və otağa baxış keçirilmişdir. Onları izahatlarının alınması üçün DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin inzibati binasına dəvət etmişlər. Məhkəmənin xx.xx.2023-cü il tarixli iclasında Şahid3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs “Sədərək” ticarət mərkəzindən tanıyır. Əvvəl müştəri kimi tanımış, sonradan dostluq münasibətləri yaranmışdır. 2023-cü il tarixdə mart ayında kafedə Şahvələd ilə yeyib- içəndən sonra Şahvələd ona kirayə götürdüyü mənzilə getməyi, orada istirahət etməyi təklif etmiş, o da razılaşmışdır. Onlar qumarbaz deyillər, yeyib-içdikdən sonra xoş vaxt keçirmək üçün qumar oynamışlar. Həmin gün onun üstündə cəmi 30 manat pul olmuşdur. Xallar bərabər olduqda pulları xərclər üçün verilirdi. Aralarında yaşca ən böyük Təqsirləndirilən şəxs olduğu üçün pulları o götürmüşdür. Şahvələdə əlavə pul verilməmişdir. İbtidai istintaq zamanı qorxduğu üçün müstəntiqin yazdığı ifadəni oxumadan imzalamışdır. Müstəntiq ona ifadəni imzaladıqdan sonra sərbəst buraxılacağını demiş, o da imzalamışdır. Həmin evdə bir dəfə, yəni mart ayında olmuşdur və həmin vaxtı onlar qumar oynamışlar. Daha sonra polis əməkdaşları gəlmiş və otağa baxış keçirmişlər. Maddi sübutlar və oyun kartları polis əməkdaşları tərəfindən götürülmüşdür. Onları isə izahatlarının alınması üçün DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin inzibati binasına dəvət etmişlər. Məhkəmənin xx.xx.2023-cü il tarixli iclasında şahid X5 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs “Sədərək” ticarət mərkəzindən tanıyır. 2023-cü il tarixdə mart ayında Şahvələd ona kirayə götürdüyü Bakı şəhəri, Səbail rayonu ərazisində yerləşən mənzilə getməyi təklif etmiş, o da razılaşmışdır. Dostları Saməddin, Vüsal, Amid, Şəhriyar da orada olmuşlar. O, qumar oynayacağı üçün masa arxasına keçmişdir. Bir müddət sonra polis əməkdaşları gəlmiş, otağa baxış keçirmişlər. Onları isə izahatlarının alınması üçün DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin inzibati binasına dəvət etmişlər. O, həmin evdə iki dəfə olmuşdur. Birinci dəfə həmin evdə hansı ayda olduğunu xatırlamır, lakin həmin vaxtı kart oyunu olmamış, evdə yalnız o və onun qonağı olmuşdur. İkinci dəfə mart ayında həmin evdə olmuşdur və həmin vaxtı qumar oyunu oynamışlar. Xallar bərabər olduqda pulları xərclər üçün Şahvələdə verilirdi. İstintaq zamanı müstəntiqin yazdığı ifadəni oxumadan imzalamışdır. Müstəntiq ona ifadəni imzaladıqdan sonra sərbəst buraxılacağını demiş, o da imzalamışdır. Məhkəmənin xx.xx.2023-cü il tarixli iclasında Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs “Sədərək” ticarət mərkəzindən tanıyır. O, qapı-pəncərə ustası işləyir. 2023-cü il tarixdə mart ayında, bazar günü futbol oyununda olmuşdur. Şahvələd ona zəng edərək yeyib-içmək, istirahət etmək məqsədilə Bakı şəhəri, Səbail rayonu ərazisində yerləşən mənzilə dəvət etmişdir. Saat 22 radələrində dostu Şahid2 ilə birlikdə həmin mənzilə gəlmişlər. İçəri girdikdə Saməddin və Əliağa da orada idi, bir müddət sonra Şahid4 da oraya gəlmişdir. Şahid2 oynamayacağı üçün divanda əyləşmişdir, o isə masa arxasında keçmişdir. Həmin vaxtı cibində 160 manat pul olmuşdur. Bir müddət sonra polis əməkdaşları gəlmiş və otağa baxış keçirmişlər. Onları isə izahatlarının alınması üçün DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin inzibati binasına dəvət etmişlər. Müdafiəçinin suallarına cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs qumar oyunları təşkil etməklə məşğul olması ilə bağlı heç kimdən heç nə eşitməmişdir. Onlar dilxoşluq məqsədilə orada qumar oynamışlar. Həmin evdə yalnız bir dəfə,yəni mart ayında olmuşdur. O, fevral ayında həmin evdə olmamışdır. Xallar bərabər olduqda pulların Şahvələdə verilməsi ilə bağlı ifadə verməmişdir. İstintaq zamanı müstəntiqin yazdığı ifadəni oxumadan imzalamışdır. Müstəntiq ona ifadəni elan etməmiş, özü isə ifadəni oxumamışdır. Məhkəmənin xx.xx.2023-cü il tarixli iclasında Şahid4 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs bir-iki dəfə toy məclisində görmüşdür. Onu toy məclisindən tanıyır. 2023cü ilin mart ayında Şahvələd onu yeyib-içmək məqsədilə Bakı şəhəri Səbail rayonu ərazisində yerləşən, kirayə götürdüyü mənzilə dəvət etmişdir. O da onunla razılaşmış və həmin mənzilə getmişdir. Onlar oraya qumar oynamaq məqsədilə yığışmamışdılar. Yeyib içdikdən sonra vaxt keçirmək üçün öz aralarında qumar oynamışlar. Oyuna başladıqdan beş dəqiqə sonra polis əməkdaşları gəlmiş və otağa baxış keçirmişlər. Onları isə izahatlarının alınması üçün DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin inzibati binasına dəvət etmişlər. O, həmin mənzildə bir dəfə, yəni mart ayında olmuşdur. Xallar bərabər olduqda pulların Şahvələdə verilməsi ilə bağlı ifadə verməmişdir. İstintaq zamanı müstəntiqin yazdığı ifadəni oxumadan imzalamışdır. Müstəntiq ona ifadəni elan etməmiş, özü isə ifadəni oxumamışdır. 06 mart 2023-cü il tarixli “Baxış keçirilməsi və əşyaların götürülməsi haqqında” protokoldan görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Baş İdarəsinə daxil olmuş məlumat əsasında Təqsirləndirilən şəxs icarəyə götürdüyü ünvan 4 ünvanında əməliyyat tədbiri keçirilmişdir. Belə ki, mənzilə daxil olduqda masa ətrafında və kənarda şəxslərin oturması, masanın üzərində pul əskinazlarının və kartların olması müəyyən edilmişdir. Masanın üzərində olan pullar sayıldıqda orada 05 ədəd 50 manatlıq əskinaz, 07 ədəd 20 manatlıq əskinaz, 04 ədəd 10 manatlıq əskinaz, 12 ədəd 5 manatlıq əskinaz, 18 ədəd 1 manatlıq əskinaz aşkar edilmiş, masa üzərində qumar oyunu üçün istifadə olan kartlar, divanın qarşısındakı masanın üzərindən isə 01 ədəd istifadə olunmamış kart aşkar edilmişdir. Aşkar olunmuş pul əskinazları və kartlar maddi sübut əhəmiyyəti kəsb etdiyi üçün götürülmüşdür. Bundan sonra masa ətrafında olan şəxslərdən özlərini təqdim etmələri istənilmiş, həmin şəxslər özlərini təqdim edərək qumar oynanılması məqsədi ilə gəldiklərini, qumar oyunlarının Şahvələd adlı şəxs tərəfindən təşkil edildiyini bildirdilər. Əməliyyat-axtarış tədbirinin məhkəmə nəzarəti qaydasında yoxlanılmasının nəticələri haqqında Bakı şəhəri Səbail Rayon Məhkəməsinin SDS-3-6-8/1-1884/2023 saylı, 07 mart 2023-cü il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Baş İdarəsinin əməliyyat müvəkkili X11 05 mart 2023-cü il tarixli qərarı ilə əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi qanunauyğun hesab edilmişdir. 29 mart 2023-cü il tarixdə fakta görə Cinayət Məcəlləsinin 244-1.1-ci maddələri ilə ********* nömrəli cinayət işi başlanmışdır. 29 aprel 2023-cü il tarixdə ********* nömrəli cinayət işi üzrə icraat dayandırılmışdır. 08 avqust 2023-cü il tarixdə ********* nömrəli cinayət işi üzrə icraat təzələnmişdir. 14 avqust 2023-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244-1.1 maddəsindən həmin Məcəllənin 244-1.2.1-ci maddəsinə tövsif edilmiş, “Baxış keçirilməsi və əşyaların götürülməsi haqqında” 06 mart 2023-cü il tarixli protokol və 01 ədəd disk sübut növü kimi qiymətləndirilmiş, baxış zamanı otaqdan aşkar edilmiş qumar oyunlarından əldə edilmiş 508 manat pul vəsaiti, qumar oyunlarının oynanılması üçün istifadə olunmuş oyun kartları və istifadə olunmamış 01 dəst oyun kartı maddi sübut hesab edilərək saxlanılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin Maddi sübutarın saxlanması kamerasına təhvil verilmişdir. 14 avqust 2023-cü il tarixdə Təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 244-1.2.1-ci maddəsi ilə ittiham elan edilmişdir. 14 avqust 2023-cü il tarixdə Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistika və İnformasiya İdarəsinin tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnaməyə əsasən xx.xx.1982-ci il təvəllüdlü Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Elektron məhkəmə portalının çıxarışından görünür ki, Təqsirləndirilən şəxs üç azyaşlı uşağı – xx.xx.2006-cı il təvəllüdlü X12, xx.xx.2007-ci il təvəllüdlü X9, xx.xx.2010-cu il təvəllüdlü X2. Məhkəmə təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 244-1.2.1-ci maddəsi ilə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq aşağıdakı prinsip və müddəaları qeyd edir. Məhkəmə, Təqsirləndirilən şəxs cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, istintaq hərəkətlərinin protokolları və digər sənədlərin sübüt növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsə ibtidai istintaq orqanı tərəfindən irəli sürülmüş ittiham üzrə əməlin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244-1.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsi ilə bağlı ibtidai istintaq orqanının gəldiyi nəticə əsassız olmaqla, Təqsirləndirilən şəxs törətdiyi əmələ düzgün hüquqi qiymət verilməmişdir. Məhkəmə ibtidai istintaq orqanının Təqsirləndirilən şəxs qumar oyunlarının təşkili və ya keçirilməsi, habelə qumar oyunlarının keçirilməsi üçün yer təşkil etməsi cinayətinin təkrarən törədilməsi kimi qiymətləndirməsinə tənqidi yanaşır. İstintaq orqanı baş vermiş hadisəni kifayət qədər ətraflı araşdırmamış, yaranmış vəziyyəti əsaslı dəyərləndirməmiş, hadisəyə birtərəfli yanaşmış, bunun nəticəsi olaraq təqsirləndirilən şəxsin əməlini düzgün qiymətləndirməmiş və faktiki hallara uyğun tövsif etməmişdir. Belə ki, ibtidai istintaq orqanı həmin əməlin təkrarən törədilməsi kimi tövsifini yalnız şifahi ifadələrə əsasən qiymətləndirmişdir. Məhkəmə qeyd edir ki, hadisənin şifahi ifadələrə əsasən baş verməsi, əməlin Cinayət Məcəlləsinin 244-1.2.1-ci maddəsi ilə tövsif edilməsinə kifayət etmir. Bunun üçün bilavasitə cinayət hadisəsinin baş verməsi ilə əlaqədar faktın aşkar edilməsi tələb olunur. Baş vermiş hadisə ilə əlaqədar hər hansı digər sübut olmadan, yalnız şifahi ifadələrə əsasən 05 mart 2023-cü il tarixdə qumar oyunlarının keçirilməsinin təşkil edilməsi faktı həmin əməlin təkrarən törədilməsi kimi hesab olunmasına dəlalət etmir. Məhkəmə qeyd edir ki, hadisənin baş vermə mexanizmi və şəraiti ilə bağlı mövcud sübutların məcmusu baxımından təqsirləndirilən şəxsin, həmçinin şahidlər Şahid5, Şahid1, Şahid2, Şahid4, X6 və Şahid6 məhkəmə istintaqı zamanı verdikləri ifadələrini həqiqətə uyğun hesab edərək mötəbər sübut kimi qəbul edir. Şahidlərin ibtidai istintaq zamanı verdikləri ifadələri işin faktiki halları ilə uyğun gəlməyən ifadələr kimi qiymətləndirir və qəbul etmir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, 2022-ci ilin dekabr ayının sonlarında və 2023-cü ilin fevral ayının ortalarında baş vermiş hadisədə qumar oyunları keçirilməmiş, şahidlər Şahid2, Saməddinn Mirzəzadə, Şahid1 və Şahid4 Bakı şəhəri Səbail rayonu ərazisində yerləşən mənzildə bir dəfə, yəni 05 mart 2023-cü il tarixdə olmuş, şahid Əliağa Əmənullayev isə iki dəfə, yəni 2023-cü ilin fevral ayında və 05 mart 2023-cü il tarixdə olmuş, lakin 2023-cü ilin fevral ayında qumar oyunu oynamamışdır.Odur ki, Təqsirləndirilən şəxs həmin tarixlərdə qumar oyunlarının təşkili və ya keçirilməsi, habelə qumar oyunlarının keçirilməsi üçün yer təşkil etməsini məhkəmə iclasında heç kim təsdiq etməmişdir. Başqa sözlə, Təqsirləndirilən şəxs 2022ci ilin dekabr ayının sonlarında və 2023-cü ilin fevral ayının ortalarında qumar oyunlarının təşkili və ya keçirilməsi, habelə qumar oyunlarının keçirilməsi üçün yer təşkiletməsi halı mövcud olmamışdır. Məhkəmə qeyd edir ki, həm cinayət işinin materialları, həm təqsirləndirilən şəxsin, həm də şahidlərin ifadələri ilə Təqsirləndirilən şəxs 2022-ci ilin dekabr ayının sonlarında və 2023-cü ilin fevral ayının ortalarında ünvan 5 ünvanında qumar oyunlarının təşkili və ya keçirilməsi, qumar oyunlarının keçirilməsi üçün yer təşkiletmə və ya saxlama cinayətini törətməməsi sübuta yetirilmişdir. Eyni zamanda cinayət işinin materiallarından görünür ki, ibtidai araşdırma orqanı cinayət işini Cinayət Məcəlləsinin 244-1.1-ci maddəsi ilə başlayıb istintaqını aparmış, istintaq yuxarıda sadalananları müəyyən etmiş, lakin buna baxmayaraq, yalnız şifahi ifadələrə istinad edərək şəxsin əməlini təkrarən qumar oyunlarının təşkili və ya keçirilməsi, habelə qumar oyunlarının keçirilməsi üçün yer təşkiletməsi kimi qiymətləndirib Cinayət Məcəlləsinin 244- 1.2.1-ci maddəsinə tövsif etmişdir. Məhkəmə vurğulayır ki, məhkəmə baxışı zamanı ittiham tərəfi təqsirləndirilən şəxsin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 244-1.2.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirini sübuta yetirə bilməmiş və ittiham tərəfindən məhkəməyə onun həmin cinayətdə təqsirliliyini təsdiq edən mötəbər sübut təqdim olunmamışdır. İttiham aktında Təqsirləndirilən şəxs istinad edilən birincİ əməlin 2022-ci ilin dekabr ayının sonunda, ikinci əməlin isə 2023-cü ilin fevral ayının ortalarında törədilməsi göstrilmişdir. CPM-in 289.3.1-ci maddəsinə əsasən, ittiham aktının təsviri-əsaslandırıcı hissəsində cinayətin törədilmə yeri, vaxtı, üsulları, motivləri, nəticələri və digər mühüm hallar göstərilməlidir. Hazırki iş üzrə tərtib edilmiş ittiham aktında CPM-in 289.3.1-ci maddəsinə əsasən, əməlin həmin maddə üzrə tövsif edilməsi üçün qanun normasının ifadə etdiyi tərkib əlamətlərinin mövcudluğunu nəzərdə tutan cinayətin törədilmə üsulları və vaxtı, ittihamın mahiyyətini əks etdirən zəruri tərkib elementləri və digər mühüm hallar dəqiq göstərilməmişdir. Həmçinin, CPM-in 223.4-cü maddəsinə əsasən, şəxsin təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərarın nəticə hissəsində törədilmiş cinayətə görə məsuliyyət nəzərdə tutan cinayət qanununun maddəsi göstərildiyi halda, təsviri-əsaslandırıcı hissədə CPM-in 223.3.2-ci maddəsinə əsasən, həmin maddə üzrə cinayət tərkibinin mövcudluğunu nəzərdə tutan cinayətin törədilmə vaxtı, ittihamın mahiyyəti tam əks olunmamışdır. Təqsirləndirilən şəxs verilmiş ittihamda üçüncü epizod üzrə 05 mart 2023-cü il tarixdə baş verməsi göstərilsə də, digər epizodlar üzrə hadisənin konkret hansı tarixdə baş verməsi müəyyən edilməmişdir. Həmçinin şahidlərin ibtidai istintaq zamanı verdikləri ifadələrində digər epizodlar üzrə hadisənin mücərrəd vaxtda (2022-ci ilin dekabr ayının sonları və 2023-cü ilin fevral ayının ortaları) baş verməsi qeyd olunmuşdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə tədqiq edilmiş sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, bu sübutlar Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244-1.2.1-ci maddəsinin tərkibinin olmadığını göstərir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. “X10 Keçirilməsi Zamanı “İnsan Hüquqlarının və X8 Haqqında” X3 və İnsan Hüquqları Üzrə Arvopa Məhkəməsinin Presedentlərinin Tətbiqi Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 30 mart 2006-cı il tarixli 5 saylı qərarının 10-cu maddəsində göstərilir ki, hüququn aliliyi və insan hüquqlarına hörmət X4 3-ü maddəsində nəzərdə tutulan əsas dəyərlərdəndir. Konvensiyanın 6-cı maddəsi ilə təminat verilən ədalətli məhkəmə baxışı prinsipi hüququn aliliyinə və insan hüquqlarına hörmətin həyata keçirilməsinə xidmət edir. Əks maraqların toqquşduğu məhkəmə prosesində tərəflərin prosesdə bərabərliyinin təmin edilməsi məhkəmələr tərəfindən həyata keçirilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 142-ci maddəsində nəzərdə tutulan preyudisiya halları istisna olmaqla, məhkəmələr üçün heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur və onlar işin faktiki hallarını məhz məhkəmə baxışı zamanı araşdırdığı sübutlar əsasında müəyyən etməli, qərarlarının qanuniliyi və əsaslılığını təmin etməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349.5 və 349.5.1-ci maddələrinin tələbinə görə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, məhkəmənin hökmü əsaslı hesab edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 3-cü maddəsinin tələbinə görə, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətərinin mövcud olduğu əməlin törədilməsi cinayət məsuliyyətini yaradır. Cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipini müəyyən edən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.4-cü maddəsində cinayət mühakimə icraatını həyata keçirərkən məhkəmələrin vəzifələri sırasında cinayət prosesində tərəflərə cinayət təqibi ilə əlaqədar bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsi üçün zəruri şəraiti təmin etmək və şübhəli və ya təqsirləndirilən şəxsi həm ifşa edən, həm də bəraət verən halları, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almaq vəzifələri təsbit edilmişdir. Həmin maddədə təsbit edilmiş digər vəzifə şübhəli və ya təqsirləndirilən şəxsin təqsirsizliyi, yaxud az təqsirliliyi barədə, habelə ona bəraət verən və ya məsuliyyətini yüngülləşdirən hallar üzrə sübutların olması barədə özü, yaxud müdafiəçisi tərəfindən irəli sürülən ərizə və vəsatətlərə baxmaq vəzifəsidir. Həmin Məcəllənin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 33-cü maddəsi müəyyən edir ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər və cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Həmin Məcəllənin sübutların mümkünlüyünü müəyyən edən 125-ci maddəsində təsbit edilmişdir ki, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilər. Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur, bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır və əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145-ci maddəsinə görə, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. Qanunun mənasına görə əldə edilən istənilən sübut yalnız yoxlanıldıqdan və digər sübutlarla müqayisəli şəkildə qiymətləndirildikdən sonra qəbul edilir. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər yekun nəticəyə gəlməyə imkan versin (CPM-nin 146-cı maddəsi). Cinayət-Prosessual Məcəlləsinin 32.2.3-cü maddəsinə əsasən, ittiham tərəfi cinayət hadisəsinin baş verməsini, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin əlamətlərinin mövcudluğunu, bu əməlin törədilməsinə təqsirləndirilən şəxsin aidiyyətini, cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb olunmasının mümkünlüyünü sübut edir, təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifinə və məhkəmənin yekun qərarına dair öz təkliflərini verir. Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. (CPM 21.3) Cinayət-Prosessual Məcəlləsinin 138.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. Eyni zamanda, Azərbaycan Respublikasının Konstitusiyası və cinayət-prosessual qanunvericiliyində nəzərdə tutulmuşdur ki, ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir və ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Məhkəmə toplanmış mötəbər sübutları obyektiv araşdıraraq və hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244-1.2.1-ci maddəsindən həmin Məcəllənin 244-1.1-ci maddəsinə tövsif edilməli və o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244-1.1-ci maddəsi ilə törətdiyi cinayətə görə cəza almalıdır. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244-1.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin tərkibi vardır. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə, təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsinə şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli məhkəmə iclasında araşdırılmış və tədqiq edilmiş sübutların məcmusu tamamilə sübuta yetirilmişdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs əməlini etiraf edib səmimi peşmançılıq çəkməsi, himayəsində üç azyaşlı uşağının olmasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar aşkar olunmadı. Məhkəmə törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmamasını, törətdiyi cinayət əməlinin məsuliyyətini dərk etməsini, ibtidai istintaq və məhkəmə baxışı zamanı üzərinə düşən cinayət prosessual qanunvericiliyi ilə müəyyən edilmiş prosessual vəzifələri vicdanla yerinə yetirməsini, məhkəmə iclasındakı davranışını, işin digər mühüm və diqqətə layiq hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür və ona görə də o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244-1.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə cəzaya məhkum edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. 06 mart 2023-cü il tarixdə həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı hadisə yerindən aşkar edilib götürülmüş, iş üzrə maddi sübut kimi tanınmış və Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin Maddi sübutarın saxlanması kamerasında saxlanılan qumar oyunlarının oynanılması üçün istifadə olunmuş oyun kartları və istifadə olunmamış 01 dəst oyun kartı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. 06 mart 2023-cü il tarixdə həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı hadisə yerindən aşkar edilib götürülmüş, iş üzrə maddi sübut kimi tanınmış və Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin Maddi sübutarın saxlanması kamerasında saxlanılan qumar oyunlarından əldə edilmiş 508 (beş yüz səkkiz) manat pul vəsaiti dövlət nəfinə müsadirə edilməlidir. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxsə tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Cəzanın icrası Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 31 saylı qərarına əsasən təqsirləndirilən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 244-1.2.1ci maddəsindən həmin Məcəllənin 244-1.1-ci maddəsinə tövsif edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 244-1.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 5000 (beş min) manat miqdarında cərimə cəzası təyin edilsin. Cəzanın icrası Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. 06 mart 2023-cü il tarixdə həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı hadisə yerindən aşkar edilib götürülmüş, iş üzrə maddi sübut kimi tanınmış və Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin Maddi sübutarın saxlanması kamerasında saxlanılan qumar oyunlarının oynanılması üçün istifadə olunmuş oyun kartları və istifadə olunmamış 01 dəst oyun kartı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. 06 mart 2023-cü il tarixdə həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı hadisə yerindən aşkar edilib götürülmüş, iş üzrə maddi sübut kimi tanınmış və Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin Maddi sübutarın saxlanması kamerasında saxlanılan qumar oyunlarından əldə edilmiş 508 (beş yüz səkkiz) manat pul vəsaiti dövlət nəfinə müsadirə edilsin. Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən 240 (iki yüz qırx) manat Bakı şəhəri 12 saylı Vəkil Bürosunun hesabına keçirilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apelllyasiya protesti verilə bilər. Hakim Ülviyyə Şükürova
Məhkəmə qərarları › İş №1(009)-31/2024
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-31/2024
18.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver