Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-310/2024 22.10.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Şirməmmədova Günel Lətif qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Müdafiəçi Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 2001-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(010)-107/2024 saylı hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 02 (iki) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə 22 oktyabr 2024-cü il tarixdə saat 10.15-də məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İttiham aktına əsasən Təqsirləndirilən şəxs yaşayış sahəsinə daxil olub özgənin əmlakını gizli olaraq talayıb zərərçəkmiş şəxsə maddi ziyan vurmaqla oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmə məqsədi ilə xx.xx.2023-cü il tarixdə saat 13 radələrində ünvan 3 ünvanında yerləşən Zərərçəkmiş şəxs məxsus olan bir mərtəbəli həyət evininin həyətyanı sahəsinə açıq qapıdan qanunsuz daxil olub, həmin evin giriş qapısının yanındakı qaz sobasının üzərindən götürdüyü açarla həmin giriş qapısının qıfılını açıb iki otaqlı evin yataq otağına girərək, otağın sol tərəfində olan paltar dolabındakı qadın ǝl çantasının içindən 500 (beş yüz) manat dəyərində 01 (bir) ədəd sarı rəngli metaldan hazırlanmış qızıl üzüyü, 100 (bir yüz) manat dəyərində 01 (bir) ədəd "Samsung J2" markalı mobil telefonu və 150 (bir yüz əlli) manat dəyərində 01 (bir) ədəd “Samsung A40" markalı mobil telefonu gizli olaraq talamaqla Zərərçəkmiş şəxs ümumilikdə 750 (yeddi yüz əlli) manat dəyərində maddi ziyan vuraraq oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 05 iyul 2023-cü il tarixdə saat təxminən 13 radələrində yaşadığı evdə olan zaman pula ehtiyacı olduğu üçün oğurluq etmək qərarına gəlmişdir. Bundan sonra yaşadığı Xətai rayonundan taksiyə minərək Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsbəsinə gəlmiş və oğurluq etmək üçün boş ev axtarmışdır. Daha sonra Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, İ.Ağayev küçəsinə gəlmiş və orada yerləşən binanın ətrafını gəzib oğurluq etmək üçün daxil ola biləcəyi ev axtaran zaman həmin binanın arxa tərəfində çəhrayı rəngli dəmir qapısı olan həyət evi görmüşdür. Həmin evdə heç kimin olmadığını əmin olmuş və qapının sağ tərəfində yerləşən paltar yuyanın üstündən açar tapmışdır. Həmin açarı götürüb qapını kilidini salıb qapının açmış və evə daxil olmuşdur. Evdən 01 (bir) ədəd qızıl üzük və 01 (bir) ədəd mobil telefon oğurlamışdır. 01 (bir) ədəd qızıl üzüyü 120 (bir yüz iyirmi) manata, 01 (bir) ədəd mobil telefonu 50 (əlli) manata satmışdır. Əməlindən səmimi peşman olduğunu nəzərə alaraq məhkəmədən yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 09.00 radələrində oğlu Vüsalla birlikdə evdən çıxaraq Kürdəmir rayonuna getmişdir. Evdən çıxanda evin qapısını kilidləyərək açarı həmişəki kimi giriş qapısının sağ tərəfində olan qaz sobasının üzərinə dəsmalın altına qoymuşdur. Həmin gün saat 16:30 radələrinə oğlu ilə birlikdə yaşadığı evə gəlmişdir. Evə gələndə evin giriş qapısının açıq vəziyyətdə və evdə olan əşyaların dağınıq halda olduğunu görmüşdür. Təqsirləndirilən şəxs tərəfindən 100 (bir yüz) manat dəyərində “Samsung J 2” markalı mobil telefon, 150 (bir yüz əlli) manat dəyərində “Samsung A 40" markalı mobil telefon, “Nokia” markalı mobil telefon, 500 (beş yüz) manat dəyərində 01 (bir) ədəd qızıl üzük, habelə uşaqlarının yığdığı pul oğurlanmışdır. Ümumilikdə 2000 (iki min) manat dəyərində maddi ziyan dəymişdir. Ona dəymiş ziyan ödənilməmişdir. Məhkəmədən dəymiş ziyanın ödənilməsini xahiş etdi. 08 iyul 2023-cü il tarixli qərarla Səbail Rayon Polis İdarəsinin İstintaq şöbəsində fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə cinayət işi başlanılmış və ibtidai istintaq aparılması üçün icraata qəbul edilmişdir. 08 iyul 2023-cü il tarixli qərarla Səbail Rayon Polis İdarəsinin İstintaq şöbəsində Zərərçəkmiş şəxs qismində tanınmışdır. 08 iyul 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 21:35-də şübhəli şəxs qismində tutulmuşdur. 09 iyul 2023-cü il tarixli qərarla Səbail Rayon Polis İdarəsinin İstintaq şöbəsində cinayət işi üzrə əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsindən həmin Məcəllənin 177.2.2 və 177.2.3-cü maddələrinə tövsif olunmuş və cinayət işinin istintaqı həmin maddə ilə davam etdirilmişdir. 10 iyul 2023-cü il tarixli qərarla Səbail Rayon Polis İdarəsinin İstintaq şöbəsində Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulan ittiham elan edilmişdir. 10 iyul 2023-cü il tarixli qərarla Təqsirləndirilən şəxs barəsində 02 (iki) ay müddətə həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatət təmin edilmədən rədd edilmiş və Səbail Rayon Polis İdarəsinin Müvəqqəti Saxlama Yerindən azad edilmişdir. 10 iyul 2023-cü il tarixli qərarla Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. 16 iyul 2023-cü il tarixli qərarla Səbail Rayon Polis İdarəsinin İstintaq şöbəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə ibtidai istintaqı aparılan ********* nömrəli cinayət işinin icraatı dayandırılmışdır. 11 iyul 2023-cü il tarixli qərarla Suraxanı Rayon Polis İdarəsinin İstintaq şöbəsində X3 məxsus bağ evinə qanunsuz daxil olmaqla əmlakının gizli talanaraq oğurlanması faktına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə cinayət işi başlanılmış və ibtidai istintaq aparılması üçün icraata qəbul edilmişdir. 13 iyul 2023-cü il tarixli qərarla Suraxanı Rayon Polis İdarəsinin İstintaq şöbəsində Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. 15 sentyabr 2023-cü il tarixli qərarla Səbail Rayon Polis İdarəsinin İstintaq şöbəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə olan ********* nömrəli cinayət işi üzrə icraat təzələnmişdir. 15 sentyabr 2023-cü il tarixli qərarla Səbail Rayon Polis İdarəsinin İstintaq şöbəsində ********* nömrəli cinayət işi Təqsirləndirilən şəxs barəsində Suraxanı Rayon Polis İdarəsinin İstintaq şöbəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə istintaq olunan ********* nömrəli cinayət işinə birləşdirilərək bir icraatda istintaq edilməsi üçün aidiyyəti üzrə göndərilmişdir. 27 sentyabr 2023-cü il tarixli qərarla Suraxanı Rayon Polis İdarəsinin İstintaq şöbəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə ********* nömrəli cinayət işi icraata qəbul edilərək istintaqı aparılmışdır. 01 oktyabr 2023-cü il tarixli qərarla Suraxanı Rayon Polis İdarəsinin İstintaq şöbəsində Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsinə dair istintaq edilən ********* nömrəli cinayət işi Təqsirləndirilən şəxs qismində cəlb edilməsinə dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə istintaq olunan ********* nömrəli cinayət işi ilə bir icraatda birləşdirilmişdir. 08 oktyabr 2023-cü il tarixli qərarla Suraxanı Rayon Polis İdarəsinin İstintaq şöbəsində ********* nömrəli cinayət işinin materiallarından Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs məxsus ünvan 3 ünvanında yerləşən fərdi evdən oğurluq etməsi faktına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə ********* nömrəli başqa cinayət işi ayrıca icraata ayrılmışdır. 08 oktyabr 2023-cü il tarixli qərarla Suraxanı Rayon Polis İdarəsinin İstintaq şöbəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə ibtidai istintaqı aparılan ********* nömrəli cinayət işinin icraatı dayandırlmışdır. 02 noyabr 2023-cü il tarixli qərarla Suraxanı Rayon Polis İdarəsinin İstintaq şöbəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə olan ********* nömrəli cinayət işi üzrə icraat təzələnmişdir. 02 noyabr 2023-cü il tarixli qərarla ********* nömrəli cinayət işi istintaqın davam etdirilməsindən ötrü ərazi aidiyyəti üzrə Səbail Rayon Polis İdarəsinin İstintaq şöbəsinə qaytarılmışdır. 15 noyabr 2023-cü il tarixli qərarla Suraxanı Rayon Polis İdarəsinin İstintaq şöbəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə ibtidai istintaqı aparılan ********* nömrəli cinayət işinin icraatı dayandırlmışdır. 04 dekabr 2023-cü il tarixli qərarla Suraxanı Rayon Polis İdarəsinin İstintaq şöbəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə olan ********* nömrəli cinayət işi üzrə icraat təzələnmişdir. 04 dekabr 2023-cü il tarixli qərarla ********* nömrəli cinayət işi istintaqın davam etdirilməsindən ötrü ərazi aidiyyəti üzrə Səbail Rayon Polis İdarəsinin İstintaq şöbəsinə qaytarılmışdır. 13 dekabr 2023-cü il tarixli qərarla Səbail Rayon Polis İdarəsinin İstintaq şöbəsində ********* nömrəli cinayət işi icraata qəbul edilmiş və ibtidai istintaqı davam etdirilmişdir. 13 dekabr 2023-cü il tarixli qərarla cinayət işi üzrə icraat dayandırılmışdır. 16 may 2024-cü il tarixli qərarla ********* nömrəli cinayət işi üzrə dayandırılmış icraat təzələnmiş və cinayət işi icraata qəbul edilərək istintaqı davam etdirilmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 17 may 2024-cü il tarixli, 5(007)-263/2024 saylı qərarı ilə Təqsirləndirilən şəxs 01 (bir) ay müddətə Bakı İstintaq Təcridxanasına etap edilmişdir. 23 may 2024-cü il tarixli qərarla Təqsirləndirilən şəxs 10 (on) gün müddətə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı X2 Səbail Rayon Polis İdarəsinin Müvəqqəti Saxlama Yerinə köçürülmüşdür. 23 may 2024-cü il tarixli qərarla Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulan ittiham Təqsirləndirilən şəxs yenidən elan edilmişdir. 23 may 2024-cü il tarixli qərarla Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi və 1 saylı cəza çəkmə müəssisəsində cəza çəkməsi nəzərə alınmışdır. 25 may 2024-cü il tarixli qərarla cinayət işi üzrə icraat dayandırılmışdır. 14 sentyabr 2024-cü il tarixli qərarla ********* nömrəli cinayət işi üzrə dayandırılmış icraat təzələnmiş və cinayət işi icraata qəbul edilərək istintaqı davam etdirilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, xx.xx.2001-ci il təvəllüdlü Təqsirləndirilən şəxs: - Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirli bilinərək 100 (bir yüz) manat məbləğində cərimə cəzasına məhkum edilmişdir. - Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4, 180.2.2 və 180.2.4-cü maddələri ilə təqsirli bilinərək 03 (üç) il 02 (iki) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir.xx.xx.2023-cü ildə cəzasının sonu ilə azad edilmişdir. - Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 04 (dörd) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. - Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 04 (dörd) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. - Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3, 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 02 (iki) il 08 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 1(010)-107/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci, 177.2.3-cü və 177.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinmiş və ona 02 (iki) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. Təqsirləndirilən şəxs 08 iyul 2023-cü il tarixdən 10 iyul 2023-cü il tarixədək tutulduğu 02 (iki) gün müddət cəzasından çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 08 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılmışdır. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 11 iyul 2023-cü il tarixdən hesablanmışdır. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Belə ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün etirafı, zərərçəkmiş şəxsin ifadəsi yaşayış sahəsinə daxil olub özgənin əmlakını gizli olaraq talayıb zərərçəkmiş şəxsə maddi ziyan vurmaqla oğurluq cinayətini törətməsi tamamilə sübuta yetirildi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə düzgün tövsif olunmuşdur. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlinin tərkibi vardır. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlukəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs əməlini etiraf edərək səmimi peşman olmasını cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir. Müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2021ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək həmin Məcəllənin 66.5-ci maddəsi tətbiq edilməklə 04 (dörd) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Cəzasının sonu 13 aprel 2023-cü il tarixdir. Lakin məhkumluğu ödənilməmiş, iki il keçmədən 05 iyul 2023-cü il tarixdə yenidən qəsdən az ağır cinayət törətmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluğu olmayan hesab edilir Məhkəmə Cinayət Məcəllənin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivinin olmasını cəzanı ağırlaşdıran hal kimi qiymətləndirir. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, Təqsirləndirilən şəxs talama cinayətlərinə görə məhkum olunduğunu, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzası təyin olunduğu təqdirdə təmin edilə bilər və ona azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 1(010)-107/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci, 177.2.3-cü və 177.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinmiş və ona 02 (iki) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. Təqsirləndirilən şəxs 08 iyul 2023cü il tarixdən 10 iyul 2023-cü il tarixədək tutulduğu 02 (iki) gün müddət cəzasından çıxılmaqla üzərində qəti olaraq 02 (iki) il 08 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılmışdır. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 11 iyul 2023-cü il tarixdən hesablanmışdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-cı maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Hazırkı iş üzrə cinayət əməli Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 1(010)- 107/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmü çıxarılmazdan əvvəl, yəni xx.xx.2023-cü il tarixdə törədilmişdir. Belə olan halda Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 1(010)-107/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 02 (iki) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrumetmə cəzası hazırkı hökmlə ona təyin olunacaq cəza ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsində nəzərdə tutulan qaydada cinayətlərin məcmusu üzrə cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs cəza təyin edilməli, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 1(010)-107/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmünə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrumetmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 1(010)-107/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Səbail Rayon Polis İdarəsində 08 iyul 2023-cü il tarixdən 10 iyul 2023-cü il tarixədək həbsdə saxlanıldığı müddət nəzərə alınmış və təyin olunmuş cəzadan çıxılmışdır. Cəzaçəkmə müddətinin əvvəli Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 1(010)- 107/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmünə əsasən 11 iyul 2023-cü il tarixdən hesablanmalıdır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cinayətlərin residivi zamanı əvvəllər azadlıqdan məhrumetmə növündə cəza çəkdiyindən ona təyin olunacaq azadlıqdan məhrumetmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə növündə cəza çəkməsi nəzərə alınmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 31 saylı qərarına əsasən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırki hökmlə təyin edilmiş 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 1(010)-107/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmü ilə təyin edilmiş 02 (iki) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplamaq yolu ilə ona 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə 08 iyul 2023-cü il tarixdən 10 iyul 2023-cü il tarixədək həbsdə saxlanıldığı müddət Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrumetmə müddətinin bir günü bir gün hesabı ilə hesablanmaqla, 02 (iki) gün təyin olunmuş cəzadan çıxılmaqla, üzərində qəti olaraq 03 (üç) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə növündə cəza çəkməsi nəzərə alınsın. Cəzaçəkmə müddətinin əvvəli Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 1(010)-107/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmünə əsasən 11 iyul 2023-cü il tarixdən hesablansın. Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 150 (bir yüz əlli) manat dövlət büdcəsindən tutularaq Bakı şəhəri 12 saylı Vəkil Bürosunun bank hesabına köçürülsün. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim Ülviyyə Şükürova
Məhkəmə qərarları › İş №1(009)-310/2024
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-310/2024
22.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver