Məhkəmə qərarları › İş №1(009)-315/2023

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №1(009)-315/2023

19.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(009)-315/2023 19.12.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Ramiz oğlunun sədrliyi, Məhkəmə iclas katibi Cəfərov Səbuhi Mahir oğlunun katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikasının Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi: Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs, Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1985-ci il ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, Bakı şəhəri, Lökbatan qəsəbəsi, Mədən küç 1 ünvanında qeydiyyatda olan və Bakı şəhəri, Çernyaxovski küçəsi 16, mənzil 1-də yaşayan Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128ci maddəsi ilə təqsirləndirilməsinə dair böyük ictimai təhlükə törətməyən aşkar cinayətlərə dair işlər üzrə məhkəməyədək sadələşdirilmiş icraat qaydasında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ : Yekun protokola əsasən, 20 sentyabr 2023-cü il tarixdə saat 16:10 radələrində Təqsirləndirilən şəxs yaşadıqları ünvan 3 ünvanda, mənzilin girişindəki otaqda ailə münaqişəsi zəminində arvadı Zərərçəkmiş şəxsın sifət və sağ əli nahiyyələrindən yumruqla və əli ilə vurub ona sağ almacıq nahiyyəsinin, sağ əlin arxa səthinin, sağ əlin İİ barmağında ağrı və hərəkət məhdudluğu ilə müşayiət olunan sağ əlin İİ barmağının yumşaq toxumalarının şişkinliyi və qançırı, eləcə də, sağ dirsək oynağı nahiyyəsinin arxa səthinin sıyrıqları kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Məhkəmə iclasında cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs bildirmişdir ki, ailəsi ilə birlikdə ünvan 4 ünvanda yaşayır. Zərərçəkmiş şəxs ilə 2013-cü ildə ailə həyatı qurub ər-arvad kimi birlikdə yaşayırlar. Birgə nigahdan övladları yoxdur. Amma arvadı Müşabənin birinci nigahından üç övladı var. Müşabə ilə ailə məişət zəminində mübahisələri baş verib. 20 sentyabr 2023-cü il tarixdə saat 16:00 radələrində yaşadığı evə gəlmişdir. Müşabəyə kartından pul çıxarıldığını bildirmiş, Müşabə isə bundan xəbərinin olmadığını ona demişdir. Bununla əlaqədar Müşabə ilə aralarında mübahisə yaranmışdır. O, evin bəzi əşyalarını və həmçinin özünün mobil telefonunu yerə vurub sındırmışdır. Həmin vaxt o, içkili olduğundan nervilərini cilovlaya bilməyib Müşabəyə əl qaldırmış, yəni Müşabəni əli ilə sifətindən və sağ əlindən vurub sonuncuya xəsarət yetirmişdir. Bundan sonra Müşabə DİN-nin 102 xidmətinə zəng edib şikayətini bildirmişdir. Hadisə 20 sentyabr 2023-cü il tarixdə saat 16:10 radələrində, yaşadıqları ünvan 5 ünvanda mənzilin giriş otağında baş vermişdir. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs sonda, zərərçəkmiş şəxslə barışdığını, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını və ərizə verərək barəsində olan iş üzrə icraata bəraətverici əsaslar olmadan xitam verilməsinə etiraz etməməsini bildirmişdir. Məhkəmə iclasında ifadəsi alınan Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, ailəsilə birlikdə ünvan 3 ünvanda 1994-cü ildən yaşayır. 2013-cü ildə Təqsirləndirilən şəxs ilə ailə qurmuşlar. Birinci nigahdan üç övladı var. 20 sentyabr 2023-cü il tarixdə saat 16:00 radələrində Zaur əlində spirtli içki ilə evə gəlmişdir. Evdə Zaur səbəbsiz yerə onu təhqir etməyə başlamışdır. Zaur deyirmiş ki, guya o, Zaurun kartından pul köçürüb xərcləmişdir. O Zaura bildirmişdir ki, kartına toxunmamışdır və hətta kartının harada olmasını bilmir. Sonra Zaur onun oğlu Şahinə zəng edib, onun tərəfindən xərclənilmiş pulun kartına geri qaytarılmasını tələb etmişdir. Şahin telefon danışığı zamanı Zaura bildirmişdir ki, onun kartına toxunulmayıb. Sonra Zaur ona bildirmişdir ki, guya kartına görə DİN-nin 102 xidmətinə zəng vurub. O, bildirmişdir ki, yaxşı edib, gəlib araşdırarlar. Onun bu sözündən sonra Zaur evdəki əşyaları dağıtmağa başlamış və ona əl qaldırmış, yəni onu əli ilə vuraraq xəsarət yetirmişdir. Bundan sonra o, DİN-nin 102 xidmətinə zəng vurub baş verənlər barədə məlumat vermişdir. Bundan sonra Zaur öz mobil telefonunu yerə vurub sındırmış və evdən qaçmışdır. Hadisə 20 sentyabr 2023-cü il tarixdə saat 16:10 radələrində, yaşadıqları ünvan 3 ünvanda, mənzilin giriş otağında baş vermişdir. Hadisənin şahidi olmamışdır, evdə Zaurla ikisi olmuşlar. Bədənində olan xəsarətləri mübahisə zamanı əri Zaur əli və yumruqla sifət nahiyyəsinə və sağ əlindən qəsdən vuraraq yetirmişdir. Zaur onunla əsassız mübahisə etmişdir. Ona qarşı bildirdikləri əsassızdır, yəni o, Zaurun pulunu xərcləməmişdir. Əksinə, Zaur onun “Xiomi T12” markalı mobil telefonunu lombarda qoyaraq pul götürüb. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs sonda, məhkəməyə ərizə ilə müraciət edərək, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ilə barışdığını və ona qarşı heç bir şikayəti və tələbinin olmadığını, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq olunmuş və ibtidai istintaq zamanı keçirilmiş Məhkəmə-tibb ekspertizasının 21 sentyabr 2023-cü il tarixli 529 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlər sağ almacıq nahiyyəsinin, sağ əlin arxa səthinin, sağ əlin İİ barmağında ağrı və hərəkət məhdudluğu ilə müşayiət olunan sağ əlin İİ barmağının yumşaq toxumalarının şişkinliyi və qançırı, eləcə də, sağ dirsək oynağı nahiyyəsinin arxa səthinin sıyrıqları bərk küt əşyanın təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə və müayinə olunanın göstərdiyi şəraitdə, yəni xx.xx.2023-cü il tarixdə kənar şəxs tərəfindən qeyd olunan nahiyyələrə əl və yumruqla vurma nəticəsində əmələ gələ bilərdilər, dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddirlər. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124.2.2-ci maddəsinin tələbinə uyğun olaraq iş materiallarında olan ekspertiza rəyini sübut növü kimi qəbul etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış məhkumluq haqqında arayışdaş görünür ki, Təqsirləndirilən şəxs: - Qaradağ Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli hökmünə əsasən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirli bilinib 03 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və xx.xx.2011-ci ildə AR Prezidentinin xx.xx.2011-ci il tarixli 1934 saylı “ƏFV” fərmanına əsasən cəzasının çəkilməmiş hissəsindən azad edilmişdir. - Səbail Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmünə əsasən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.2.4, 187.2-ci maddələri ilə təqsirli bilinib 03 il 02 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və Nizami Rayon Məhkəməsinin qərarı ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.2.4-cü maddəsi 185.1-ci maddəsinə tövsif olunuş və 01 il 11 ay 28 gün azadlıqdan məhrumetmə cəzası təyin edilmiş və 08 fevral 2018-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Məhkəmə iclası zamanı Zərərçəkmiş şəxs ərizə ilə məhkəməyə müraciət edərək, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ilə barışdığını və ona qarşı heç bir şikayəti və tələbinin olmadığını bildirmişdir. Səbail Rayon Məhkəməsinin 30 noyabr 2023-cü il tarixli qərarına əsasən, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş və o, tapılanadək iş üzrə icraat dayandırılmışdır. Səbail Rayon Polis İdarəsindən daxil olmuş 47/2-33962 saylı 12 dekabr 2023-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs 12 dekabr 2023-cü il tarixdə Səbail rayon ərazisində saxlanılaraq Səbail RPİ-yə gətirilmiş və Səbail Rayon Məhkəməsinə təhvil verilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəllənin 37.4-cü maddəsinə əsasən ictimai-xüsusi ittiham qaydasında cinayət təqibinə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-cü maddəsində nəzərdə tutulmuş hallardan başqa, zərərçəkmiş şəxslə təqsirləndirilən şəxsin barışması ilə əlaqədar xitam verilə bilməz. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəllənin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir; həmin Məcəllənin 43.1 və 43.1.2-ci maddələrinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəllənin 37.4, 39.1.9, 40.2 və 41.7ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 iyul 2011ci il tarixli Qərarının 2-ci və 3-cü bəndlərinə əsasən, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəllənin 37.4-cü maddəsinin tələblərinə görə, həmin Məcəllənin 37.3-cü maddəsində sadalanan ilk dəfə böyük ictimai təhlükə törətməyən şəxs zərərçəkmiş şəxslə barışdıqda və ya ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda ictimai xüsusi ittiham qaydasında cinayət təqibinə xitam verilə bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəllənin 37.3-cü maddəsində sadalanan az ağır və ya ağır cinayətlər üzrə ictimai-xüsusi ittiham qaydasında cinayət təqibinə zərərçəkmiş şəxsin təqsirləndirilən şəxslə barışması ilə əlaqədar xitam verilə bilməz. Cinayət təqibi ictimai-xüsusi və ictimai ittiham qaydasında həyata keçirilərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-cü maddəsində nəzərdə tutulmuş hallar aşkar olunduqda bu Qərarın əsaslandırıcı hissəsində göstərilən şərtlərə riayət edilməklə icraatın məhkəməyədək mərhələsində təhqiqatçının və müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmaya və ya ona xitam verilə bilər. Bu hal məhkəmə baxışının gedişində müəyyən edildikdə cinayət təqibinə müdafiə tərəfinin razılığı ilə xitam verilə bilər. Məhkəmə, iş üzrə zərərçəkmiş şəxsin və təqsirləndirilən şəxsin ifadələrini dinləyib, iş materiallarını araşdırıb, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxsin ona qarşı şikayətinin və tələbinin olmamasını və ərizə verərək barəsində olan iş üzrə icraata bəraətverici əsaslar olmadan xitam verilməsinə etiraz etməməsini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən azad edilməli və barəsində olan cinayət işinin icraatına xitam verilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində qeyd olunmuş əmlakın müəyyən olunmamasını nəzərə alaraq məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxs X2 xüsusi müsadirə cinayət-hüquqi tədbiri tətbiq olunmamalıdır. Məhkəmə, Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 193.2 və 193.3cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına əsasən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə və ibtidai istintaq zamanı müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəllənin 40.1, 40.3, 43.1.2, 321.1, 321.2.1, 347, 384.1.3-cü maddələrini və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-cü maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128ci maddəsi ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən azad edilsin və barəsində olan cinayət işinin icraatına xitam verilsin. Bakı şəhəri, 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 300 (yüz səksən) manat pul tutulub, "xxxx" QSC-nin Səbail filialındakı hesabına keçirilsin. Qərardan 20 gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. HAKİM: AZƏR TAĞİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar