Məhkəmə qərarları › İş №1(009)-315/2025

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-315/2025

20.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-315/2025 20.10.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Süleymanova Şəhla Ənvər qızının sədrliyi, Talıbova Fəridə Fərhad qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1992-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə baxışı iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını açıq olaraq talayıb zərərçəkmiş şəxsə ziyan vurmaqla soyğunçuluq etmişdir. Belə ki, o, 03 may 2025-ci il tarixdə saat 13:07 radələrində ünvan 3 ünvanın 1-ci blokunda Zərərçəkmiş şəxs sol əlində saxladığı içərisində 6 manat pul olan açıq yaşıl rəngli dəri üzlüklü 50 manat dəyərində pul kisəsini əlindən dartıb hadisə yerindən qaçaraq zərərçəkmiş şəxsə 56 manat məbləğində maddi ziyan vurub özgə əmlakını açıq talamaqla soyğunçuluq etmişdir. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamla özünü təqsirli bilərək bildirmişdir ki, kiməsə yaxın duran insan deyil, Həmin vaxt içkili olduğu üçün, maddi və psixoloji problemləri olduğu üçün etmişdir ki, cəza alsa bəlkə düzələr. xx.xx.2025-ci il tarixdə saat təxminən 13:00 radələrində Bakı şəhəri, Səbail rayonu, Əlibəyov Qardaşları küçəsində olan zaman bir qadının əlində pul kisəsi olduğunu görmüş, pulu olmadığı üçün onun əlindəki pul kisəsini götürməyə qərar vermişdir. Həmin qadın binanın bolkuna daxil olan zaman onun axrası ilə bloka daxil olmuş, anidən qadının əlində olan pul kisəsini götürüb qaçmışdır. Zərərçəkmiş şəxsin üzünə baxa bilmir. Etdiyi əməldən çox peşmandır. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs bildirmişdir ki, 03 may 2025-ci il tarixdə saat 12:45 radələrində yaşadığı ünvan 4 ünvanından çıxaraq yaşadığı binanın yaxınlığında yerləşən marketə getmişdir. Çantaların birini sağ əlində, pul kisəsini və digər çantanı isə sol əlində tutaraq marketdən çıxıb yaşadığı mənzilin yerləşdiyi binanın blokuna daxil olub pilləkən ilə qalxarkən arxa tərəfdən kiminsə ona yaxınlaşdığını hiss edib arxaya çevrilib baxanda görmüşdür ki, təxminən 32-34 yaşlı, başı saçlı, üzü tüklü, əyninə uzunqol poliver, göy rəngli cins şalvar və açıq rəngli ayaqqabı geymiş oğlan ona yaxınlaşaraq sol əlində olan pul kisəsini əlindən alaraq qaçıb oradan uzaqlaşıb getməsini görmüşdür. Bundan sonra yaşadığı mənzilə gələrək baş vermiş hadisə barədə əri Şahid məlumat vermiş, əri Şahidlə həyətə düşüb ətrafa boylanmışlar. Bu zaman bir nəfər şəxsin mobil telefonunu axtardığını görmüşlər. Həmin şəxsdən pul kisəsini əlindən alıb qaçan şəxsə oxşatdığını, həmin şəxsdən şübhələndiyini əri Şahid bildirəndə onu saxlamaq istəyən zaman həmin şəxs başqa bir şəxsin ona xəsarət yetirərək mobil telefonunu əlindən aldığını bildirmişdir. Həmin vaxt blokda talandığı yerdə əri Şahid yerə düşmüş bir ədəd qara rəngli mobil telefon tapmiş, həmin şəxs tapdıqları qara rəngli mobil telefonun onun özünə məxsus olmasını və ona qaytarılmasını xahiş etmişdir. Həmin oğlanın boyun nahiyəsində çoxlu çızıq xəsarətləri olduğunu görmüşlər. Həmin pul kisəsi təzə vəziyyətdə olmaqda 50 manat dəyərində olmuşdur, İçərisində 6 manat pul, özünə məxsus şəxsiyyət və sürücülük vəsiqələri, «Unibank»a aid ona məxsus balansında pul vəsaiti olmayan 4098-5844-6050-9175 salyı bank kartı olmuşdur. Bu hadisə zamanı ona 56 manat miqdarında maddi ziyan dəymişdir. Barışmışdır, ona dymiş ziyan tam ödənilmişdir, ondan şikayətçi deyildir. Məhkəmə istintaqı zamanı Şahid ibtidai istintaqdakı ifadəsi elan edilmişdir. İş materiallarında olan 04 may 2025-ci il tarixli “cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır (c.i.v.1). İş materiallarında olan 04 may 2025-ci il tarixli “zərərçəkmiş şəxs qismində tanınma haqqında” qərardan görünür ki, Zərərçəkmiş şəxs ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır (c.i.v.55-56). İş materiallarında olan 23 aprel 2025-ci il tarixli “təqsirləndirilən şəxs qismində cəlb edilməsi barədə” qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir (c.i.v.64-65). İş materiallarında olan «cinayət törətməkdə şübhəli şəxsin tutulması haqqında» tərtib edilmiş 03 may 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 03 may 2025-ci il tarixdə saat 14:10-da qanunsuz olaraq narkotik vasitəni saxlaması və daşımasında şübhəli olduğundan şübhəli şəxs qismində tutulmuşdur (c.i.v.20). İş materiallarında olan “təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin təmin edilməməsi haqqında” Səbail rayon Prokuroru, baş ədliyyə müşaviri Natiq Əsədovun 05 may 2025-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə istintaqı aparılan ********* №-li cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatət təmin edilməmiş və Təqsirləndirilən şəxs dərhal müvəqqəti saxlama yerindən azad edilməsi qərara alınmışdır (c.i.v.84-86). İş materiallarında olan “qətimkan tədbirinin seçilməsi” barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində xx.xx.2025-ci il tarixdə “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (c.i.v.87-89). İş materiallarında olan diskə baxış keçirilməsi haqqında 12 may 2025-ci il tarixli protokoldan görünür ki, CD formatlı diskin yaddaşında “WhatsApp Video 2025-04-05 at 11.59.00(1)”, “WhatsApp Video 2025-04-05 at 1159.00”, “WhatsApp Video 2025-04-05 at 11.59.01”, “WhatsApp Video 2025-04-05 at 11.59.14(1)”, “WhatsApp Video 2025-04-05 at 11.59.14”, “WhatsApp Video 2025-04-05 at 11.59.15” adlanan 6 ədəd video faylların olması, həmin fayillardan 35 saniyə müddəti əhatə edən “WhatsApp Video 2025-04-05 at 11.59.14(1)” adlanan faylda olan görüntülər xx.xx.2025-ci il saat 13:06:49-də başlayır, saat 13:07:24-də başa çatır. Küçənin orta hissəsi ilə bir nəfər sarı saçlı, əyninə yaşıl rəngli jilet, ağ rəngli uzun qol köynək, tünd rəngli şalvar, ayağına krosovka geymiş qadının sol əlində pul kisəsi və içərisində əşyalar olan çanta və sağ əlində də içərisində əşyalar olan çanta ilə piyada hərəkət etməsi, saat 13:06:59-da küçənin sağ səkisi ilə başı saçlı, üzü tüklü, göy rəngli cins şalvar, ayağına açıq rəngli ayaqqabı geymiş oğlanın piyada hərəkət etməsi, qeyd olunan qadının yolun sol tərəfində olan binanın blokuna girməsi müşahidə olunur. Diskin yaddaşına köçürülmüş həmin fayillardan 35 saniyə müddəti əhatə edən “WhatsApp Video 2025-04-05 at 11.59.15” adlanan faylda olan görüntülər xx.xx.2025-ci il saat 13:07:31-də başlayır, saat 13:07:56-də başa çatır. Küçənin orta hissəsi ilə “WhatsApp Video 2025-04-05 at 11.59.14(1)” adlanan faylda qeyd olunan başı saçlı, üzü tüklü, göy rəngli cins şalvar, ayağına açıq rəngli ayaqqabı geymiş oğlanın sol əlində pul kisəsini tutub qaçaraq getməsi müşahidə olunur. Diskin yaddaşına köçürülmüş həmin fayillardan 11 saniyə müddəti əhatə edən “WhatsApp Video 2025-04-05 at 11.59.00” adlanan faylda olan görüntülər xx.xx.2025-ci il saat 13:12:01-də başlayır, 11 saniyədən sonra başa çatır. “WhatsApp Video 2025-04-05 at 11.59.14(1)” adlanan faylda qeyd olunan başı saçlı, üzü tükülü, göy rəngli cins şalvar, ayağına açıq rəngli ayaqqabı geymiş oğlanın pilləkənlərlə qaçaraq getməsi müşahidə olunur. Diskin yaddaşına köçürülmüş həmin fayllardan 17 saniyə müddəti əhatə edən “WhatsApp Video 2025-04-05 at 11.59.00(1)” adlanan faylda olan görüntülər xx.xx.2025-ci il saat 13:12:05-də başlayır, saat 13:12:30-da başa çatır. “WhatsApp Video 2025-04-05 at 11.59.14(1)” adlanan faylda qeyd olunan başı saçlı, üzü tükülü, göy rəngli cins şalvar,ayağına açıq rəngli ayaqqabı geymiş oğlanın marketdən çıxaraq küçə ilə getməsi müşahidə olunur. Diskin yaddaşına köçürülmüş həmin fayllardan 14 saniyə müddəti əhatə edən “WhatsApp Video 2025-04-05 at 11.59.14 adlanan faylda olan görüntülər xx.xx.2025-ci il saat 13:12:05-də başlayır, saat 13:12:19-də başa çatır. WhatsApp Video 2025-04-05 at 11.59.14(1)” adlanan faylda qeyd olunan başı saçlı, üzü tükülü, göy rəngli cins şalvar,ayağına açıq rəngli ayaqqabı geymiş oğlanın qeyd olunan qadının yolun sol tərəfində olan binanın girdiyi bloka daxil olması müşahidə olunur. Diskin yaddaşına köçürülmüş həmin fayllardan 03 saniyə müddəti əhatə edən “WhatsApp Video 2025-04-05 at 11.59.01” adlanan faylda olan görüntülər xx.xx.2025-ci il saat 13:14:27-də başlayır, 03 saniyədən sonra başa çatır. “WhatsApp Video 2025-04-05 at 11.59.14(1)” adlanan faylda qeyd olunan başı saçlı, üzü tükülü göy rəngli cins şalvar, ayağına açıq rəngli ayaqqabı geymiş oğlanın marketə daxil olması müşahidə olunur (c.i.v.43-44). İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xx.xx.2025ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs barəsində Səbail rayon Polis İdarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə xx.xx.2025-ci ildə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 40.3-cü maddəsinə əsasən cinayət işinin icraatına xitam verilmişdir (c.i.v.110-111). İş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs xx.xx.2025-ci il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ona vurduğu ziyanı tam ödədiyindən barışdığını, ondan şikayətçi olmadığını və gələcəkdə ona qarşı heç bir iddia və tələbi olmayacağını bildirmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsi soyğunçuluq, yəni özgənin əmlakını açıq talamanı cinayət əməli kimi müəyyən edir. üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli Qərarında göstərilir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180-ci maddəsi (soyğunçuluq) ilə nəzərdə tutulan özgə əmlakının açıq talanması zamanı təqsirkar mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin gözü qarşısında bu əmlakı talayır. Bu zaman təqsirkarın hərəkətlərinin qarşısını almaq üçün həmin şəxslər tərəfindən tədbir görülübgörülməməsindən asılı olmayaraq təqsirkar şüurlu surətdə anlayır ki, ətrafdakılar əməlinin hüquqa zidd xarakter daşıdığını başa düşürlər (3-cü bənd); təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), soyğunçuluq cinayəti bitmiş hesab edilir (7-ci bənd); talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir. Talanmış əmlakın qiyməti barədə məlumat olmadıqda talanmış əmlakın qiyməti ekspert rəyi ilə müəyyən edilə bilər (27-ci bənd). Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli məhkəmə iclasında araşdırılmış və tədqiq edilmiş sübutların məcmusu ilə tamamilə sübuta yetirilmişdir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət özünün, zərərçəkmiş şəxsin, şahidin ifadəsi və işdə olan cinayət işinin digər halları və məhkəmə istintaqında tədqiq olunmuş dəlillərlə tam sübuta yetirilir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs əməlindən peşman olmasını, zərərçəkmiş şəxsə dəymiş ziyanı tam ödəməsini və zərərçəkmiş şəxsnən barışmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən onun tərəfindən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini, cəzanı yüngülləşdirən halların olmasını və ağırlaşdıran halların olmamasını, məhkəmə iclasındakı davranışını nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilmədən islah olunması mümkündür, ona azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunması məqsədəuyğundur. Cinayət işinin materialları ilə təsdiq olunur ki, Təqsirləndirilən şəxs 03 may 2025-ci il tarixdə saat 14:10-da şübhəli şəxs kimi tutulmuş, 05 may 2025-ci il tarixdə Səbail RPİ-nin MSY-dən həbsdən azad edilmiş və onun barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs 03 may 2025-ci il tarixdən 05 may 2025-ci il tarixədək tutulduğu müddət ümumilikdə 01 (bir) gün, təyin ediləcək azadlığın məhdudulaşdırılması cəzasına 01 (bir) günə 02 (iki) gün hesablanmalıb, təyin olunmuş cəzadan çıxılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə Bakı şəhəri, Abşeron rayonu və Sumqayıt şəhərinin ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini günün müəyyən vaxtı tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini və iş yerini dəyişdirməmək vəzifəsi qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Bundan başqa, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə görə hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci il 28 aprel tarixli 141 saylı Qərarına əsasən ödənilən haqq artırılaraq 11 manat müəyyən edilmiş və bu qərar 29 aprel 2025-ci il tarixdən qüvvəyə minmişdir. Bununla bağlı 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarını məhkəmədə müdafiə edilməsinə görə 15 saat, 165 (bir yüz altmış beş) manat dövlət büdcəsindən tutularaq Müdafiəçi ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edərkən hesab edir ki, hazırki cinayət işi üzrə müsadirə edilməli əmlak yoxdur. İş üzrə 01 (bir) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-353, 356 və 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə təqsirli bilinərək, ona 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs 03 may 2025-ci il tarixdən 05 may 2025-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 01 (bir) gün ona təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Bakı şəhəri, Abşeron rayonu və Sumqayıt şəhərinin ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini ünvan 1 ünvanı axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək və elektron nəzarət vasitəsini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış ünvanını və iş yerini dəyişdirməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs üzərinə qoyulmuş vəzifələri yerinə yetirməsinə nəzarətin həyata keçirilməsi Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarını məhkəmədə müdafiə edilməsinə görə 15 saat, 165 (bir yüz altmış beş) manat dövlət büdcəsindən tutulularaq Müdafiəçi ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. İş üzrə 01 (bir) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Səbail rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya şikayəti və apellyasiya protesti verilməzsə, qeyd olunan müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Şəhla Süleymanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar