Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(009)-316/2024 15.10.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Süleymanova Şəhla Ənvər qızının sədrliyi, Əhmədova Raminə Feyruz qızının katibliyi, xüsusi ittiham qaydasında şikayət verən şəxs X7 və onun müdafiəçisi- “Yusif Allahverdiyev və partnyorları” Vəkil bürosunun vəkili Müdafiəçi1, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X4, onun və X2 müdafiəçisi- “Bakı şəhəri 13 saylı” Vəkil bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, X2 və X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb olunmasına dair X7 tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayətinə məhkəmənin açıq hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X7 xüsusi ittiham qaydasında şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək X2 və X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətdiklərinə görə cinayət məsuliyyətinə cəlb edilmələri barədə hökm çıxarılmasını xahiş etmişdir. Şikayət belə əsaslandırılmışdır ki, xx.xx.2024-cü il tarixdə Bakı şəhəri, Səbail rayonu, Ü.Hacıbəyov küçəsində, övladının təhsil aldığı Məmməd Rahim adına 7 saylı orta məktəbin qarşısında arvadının bacıları X5 və X6 hücumuna məruz qalaraq bu şəxslər tərəfindən ictimai qaydada olmaqla nalayiq şəkildə təhqir olunmuşdur. xx.xx.2024-cü il tarixdə Bakı şəhəri, Səbail rayonu Bayıl qəsəbəsində yerləşən Su idman oyunları kompleksinin qarşısında övladı ilə görüşərkən, əvvəlcə arvadının bacısı Aygün Məmmədli ona hücum edərək onu söyərək təhqir etmiş, ona əl-qol atmış və övladı ilə ünsiyyətinə məqsədli maneə yaratmışdır. Belə ki, bir müddətdir ki, ailə münasibətlərinin gərginləşməsi səbəbindən həyat yoldaşı ondan ayrı yaşamaqdadır və övladları da yoldaşı ilə birgə qalmaqdadırlar. Bir ata kimi övladları ilə maraqlandığından və onların taleyindən nigaran olduğu üçün, arvadının qohumlarının süni maneələrinə baxmayaraq övladları ilə görüşüb onların vəziyyəti ilə maraqlanmağa çalışmaqdadır. Onu da bildirmək istəyir ki, ailə münasibətlərinin gərginləşməyinə səbəb də elə arvadının bacıları olmuşdur. Ailələrinə əsassız anlaşılmazlıqlar və narazılıqlar salan Aygün Məmmədli və Afət Əsədli, arvadının uşaqlarnı da götürərək başqa yerə köçməsini təşkil etmiş, uşaqlarını ondan ayrı salmışdırlar. Hər dəfə uşaqlarını görmək, onlarla ünsiyyətdə olmaq istəyərkən arvadının bacıları Aygün Məmmədli və Afət Əsədii onu hədələyərək və küçə söyüşləri ilə təhqir edərək uşaqları ilə görüşməyinə imkan verməyəcəklərini, bunun üçün hər şeyi edəcəklərini, onu şərləyərək həbs etdirəcəklərini bildirirlər. Elə xx.xx.2024-cü il tarixdə saat 13:00 radələrində Bakı şəhəri, Səbail rayonu, Ü.Hacıbəyov küçəsində yerləşən, övladının təhsil aldığı Məmməd Rahim adına 7 saylı orta məktəbin qarşısında da övladı ilə görüşərkən, arvadının bacılan Aygün Məmmədli və Afət Əsədli ona hücum edərək məqsədli şəkildə qalmaqal yaratmış, övladlarının təhsil aldığı məktəbin qarşısında, yəni ictimai yerdə, ətrafda olan çox sayda insanların gözü qarşısında, orada olan insanların eşidəcəyi tərzdə qışqırmaqla onu ağır küçə söyüşləri ilə söyüb təhqir etmiş, üstünə hücum çəkərək ona zərbələr endirərək onun da onlara əl qaldırmağı üçün onu təhrik etməyə çalışmışlar. Bütün bu təhriklərə baxmayaraq o əsla onlara əl qaldırmamış, ictimai qaydada bu cürə ağır təhqir olunmağına son qoyulması üçün ordan uzaqlaşmağa çalışmışdır. Həmin hadisə baş verərkən, yəni arvadının bacıları Aygün Məmmədli və X14 rayonu, Ü.Hacıbəyov küçəsində yerləşən, Məmməd Rahim adına 7 saylı orta məktəbin qarşısında ona hücum edərək, onun yaxasından tuturaq, onu silkələyərək və ağır təhqirlərə məruz qoyaraq alçaldıcı küçə söyüşləri ilə söyüb təhqir edərkən, hadisələrin baş verdiyi ərazidə olanı, Səbail rayonu U.Hacıbəyov küçəsində yerləşən, Məmməd Rahim adına 7 saylı orta məktəbin gözətçiləri onu Aygün Məmmədli və Afət Əsədlinin əlindən almağa çalışırdılar. Eyni zarnanda bildirir ki, həmin hadisənin baş verdiyi ərazi Daxili İşlər Nazirliyinin aidiyyəti tabe qurumu tərəfindən quraşdırılmış TŞ1-167 və TŞ-193 saylı təhlükəsizlik kameralarının müşahidə zonasındadır və həmin gün baş verən həmin hadisələr bu təhlükəsizlik kameraları tərəfindən qeydə alınmışdır. Bildirir ki, o ziyalı ailəsinə mənsub biri olmaqla, ali təhsilli biridir və uzun illər pedaqoji fəaliyyətlə məşğul olmuş, Elm və Təhsil Nazirliyinə tabe qurumlarda rəhbər vəzifələrdə çalışmışdır. Arvadının bacıları Aygün Məmmədli və Afət Əsədli tərəfindən böhtan və təhqirlərə məruz qalanadək, Bakı Dövlət Peşə Məktəbində direktor müavini vəzifəsində çalışmışdır (hazırda həmin müəssisədən işdən çıxmış və işsizdir). Yaşadığı ərazidə, iş kollektivində, qohumlar arasında, övladlarının təhsil aldığı məktəbin kollektivində o hər zaman mədəni və nəzakətli biri kimi hörmət bəslənən biri olmuş, hər zaman qalmaqaldan uzaq biri kimi yaşamışdır. Arvadının bacıları Aygün Məmmədli və Afət Əsədli tərəfindən başına gətirilən bu kimi hadisələr, onlar tərəfindən məruz qaldığı təhqir və rüsvayedici münasibət onun şəxsiyyətinə və həyat tərzinə qətiyyən uyğun hallar deyildir. Arvadının bacıları Aygün Məmmədli və Afət Əsədli tərəfindən başına qəsdən və məqsədli şəkildə gətirilən bu kimi hadisələr nəticəsində o ictimai qaydada ağır formada təhqir olunmaqla rüsvay olunmuş, onun şərəfi və ləyaqəti nalayiq formada alçaldılmışdır. Bu təhqirlər və böhtanlar səbəbindən şəxsiyyəti alçaldılmış, həyatı alt-üst olmuşdur. Belə ki, arvadının bacıları Aygün Məmmədli və Afət Əsədli hüquq mühafizə orqanlarına barəsində əsası olmayan saxta və yalan ittihamlarla şikayətlər etdiklərindən, buna görə də barəsində bu kimi “nalayiq hərəkət etməyi” şübhəsi ilə araşdırma aparıldığından, o işlədiyi təşkilatdan da işdən çıxmaq məcburiyyətində qalmışdır. Arvadının bacıları Aygün Məmmədli və Afət Əsədli xx.xx.2024-cü il tarixdə guya ki, onun onlara hücüm etməyi, onları döyməyi kimi saxta ittihamla polis orqanına şikayət etmişlər və bununla bağlı həm Bakı şəhəri Səbail rayonu 39-cıı Polis Bölməsində, həm də Bakı şəhəri Səbail rayon prokurorluğunda aylarla davam edən icraatlar olmuşdur. Bu vaxtlar ərzində o polis və prokurorluq orqanlarında təqsirsiz olmağını sübut etmək məcburiyyətində qalmışdır. Qeyd edir ki, əvvəlcə həmin şəxslərin saxta ittihamlarının nəticəsində barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmağına dair qərar qəbul edilmişdir. Bu vaxt ərzində o əsassız, yerə qohumları, iş kollektivi, yaşadığı ərazidə qonşuları və tanışları qarşısında rüsvay olmuş, hamıya təqsirsizliyini sübut etməyə məcbur olmuş, bu kimi hallarla əlaqədar cəmiyyətdə ona qarşı olan inamsızlıqları bərpa etməyə çalışmışdır. Bu kimi üzücü proseslərin gedişatında həqarətə, təhqirə məruz qalmağını, ona böhtan atılmasını ətrafındakılara sübut etməyə çalışaraq təqsirsizliyini ictimaiyyətə sübüt etmək məcburiyyətində qalmışdır. Qeyd etdiyi kimi, hətta bu müddət ərzində arvadının bacıları Aygün Məmmədli və Afət Əsədli tərəfindən başına gətirilən bu hadisələrin ağırlığına dözməyərək işlədiyi təşkilatdan işdən çıxmışdır (işdən çıxmağı ilə bağlı əmr ərizəyə əlavə edilmişdir). Bu müddət ərzində cəmiyyətdə, yaxınları və tanışları tərəfindən ona qarşı şübhəli yanaşmalar, inamsızlıqlar gördükcə böyük sarsıntılar keçirmiş, mənəvi istirablar çəkmişdir. Arvadının bacıları Aygün Məmmədli və Afət Əsədli tərəfindən qəsdən şəxsiyyətinin və ləyaqətimin bu cürə alçaldılmasından, ictimai şəkildə nalayiq formada təhqir olmağı səbəbindən bu əzab və sarsıntıları hələ də davam etməkdədir. Nəhayət uzun çəkən və gərgin təhqiqatlar nəticəsində təqsirsizliyi sübuta yetirilmişdir (bununla bağlı Bakı şəhəri Səbail Rayon Prokurorluğunun xx.xx.2024-cü il tarixli qərarı və Bakı şəhəri Səbail Rayon 39-cu Polis Bölməsinin xx.xx.2024-cü il tarixli müvafiq qərarları hazırkı ərizəyə əlavə edilmişdir). Qeyd edir ki, son olaraq Bakı şəhəri Səbail Rayonu 39-cu Polis Bölməsinin xx.xx.2024-cü il tarixli müvafiq qərarı ilə təqsirsizliyi subuta yetirilmiş, barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmağına dair qərar ləğv edilmişdir. Hüquq mühafizə orqanları qarşısında təqsirsizliyi sübuta yetirilsə də arvadının bacıları Aygün Məmmədli və Afət Əsədlinin qəsdən yol verdiyi bu kimi halların nəticəsində onun şərəf və ləyaqəti alçaldılaraq şəxsiyyəti nalayiq formada təhqir olunmuş, o ictimaiyyətdə müsbət xarakterizə olunan nüfuzunu, ətrafdakıların ona olan güvən və etibarını itirmişdir. Buna görə də, onun heç bir təqsiri olmadan, barəsində hüquq mühafizə orqanlarına əsassız şikayətlər vermiş, onu heç bir əsas olmadan, qəsdən cinayətkar biri kimi qələmə verərək, onu ictimai qaydada söyüb təhqir etmiş, şəxsiyyətini, şərəf və ləyaqətini alçaldan, arvadının bacıları Aygün Məmmədli və Afət Əsədlinin bu kimi hərəkətlərinin qanunamüvafiq cavabı verilməlidir. Bu səbəbdən hesab edir ki, qanunvericiliyin tələbinə müvafiq olaraq, hazırki şikayəti əsasında işə xüsusi ittiham qaydasında baxılmaqla hüquqi qiymət verilməlidir. Məhkəmənin hazırlıq iclasında xüsusi ittiham qaydasında şikayət vermiş X7 bildirmişdir ki, X5 ona dedi ki, sənə böhtan ataraq hüquq mühafizə orqanlarında süründürəcək. Övladlarına qarşı onu təhqir edəcək, yanlış məlumat verəcək. Daha sonra polisə saxta məlumatlar verərək onun guya onu döydüyünü bildirib. Ailəsi ilə münasibətiyaxşıdı, lakin şikayət verdiyi şəxslər ona qarşı təhqir və böhtana yol verdiyi üçün bu ailəsinə təsir etdi. Məhkəmənin hazırlıq iclasında xüsusi ittiham qaydasında şikayət vermiş X3 müdafiəçisi Müdafiəçi1 bildirmişdir ki, hüquqlarını müdafiə etdiyi şəxsə şikayət verilən şəxslər tərəfindən hücum olunmuşdur. Övladının təhsil aldığı məktəbin qarşısında çoxsaylı insanların gözü qarşısında saat 13:10 radələrində X1 Afət Mahmud qızı və X5 tərəfindən təhqirə məruz qalmışdır. Daha əvvəl hüquqlarının müdafiə etdiyi şəxs barəsində hüquq mühafizə orqanlarına şikayətlər olmuş. Şəxs bununla bağlı polis və prokurorluq orqanlarında araşdırmalara cəlb olunmuşdur. Səbail rayon 39-cu polis bölməsində şəxsə inzibati protokol tərtib olunmuşdur. Lakin sonradan Prokurorluq tərəfindən araşdırmalar nəticəsində şəxsin təqsirsizliyi sübuta yetirilmişdir. Şəxsin əməllərində hər hansı cinayət və inzibati xəta aşkar edilmədiyindən iş üzrə icraata xitam verilmişdir. Lakin hüquqlarını müdafiə etdiyi şəxs bu proseslər zamanı ətrafında olan insanlara bu vəziyyəti izah etmək məcburiyyətində qalmışdır. Şəxs bu çətin, gərgin dövrdə rəhbər vəzifədə işlədiyi işdən öz xahişi ilə azad olunub. Mənəvi sarsıntılar keçirmişdir. Bunlarla bağlı məhkəməyə müraciət edirlər. Həmin hadisənin olduğu yerdə kamera görüntüləri var. Məhkəmənin hazırlıq iclasında X8 bildirmişdir ki, Yəhyazadə Azadla onun bacısının ailəsində hər zaman problem olub. Dəfələrlə bacısını döyüb, sürüyüb və təhqir edib, hətta boğmağa cəhd edib. Uşaqlar belə bizə müraciət edərək bildiriblər ki, ataları ilə qala bilmirlər. Daha sonra uşaqlarla anasını evdən qovub. Məhkəmənin hazırlıq iclasında X8 və X2 müdafiəçisi Müdafiəçi2 bildirmişdir ki, iş icraata götürülməməlidir. Qarşı tərəf də təsdiqləyir ki, bu hadisələr küçədə baş verib. Şikayətdə də bildirilib ki, təhqirlə yanaşı böhtan da atıblar. Hesab edirik ki, hazırki iş üzrə şikayət icraata götürülməməlidir. Verilən şikayətdə həm 147-ci maddə, həm də 148-ci maddə göstərilib. Burada böhtanın əlamətləri ümumiyyətlə yoxdur. Çünki tərəf iddia edir ki, onun üzərimə küçədə hücum çəkiblər və onun sinəsindən tutub itələyiblər. Əgər bu hadisə küçədə baş veribsə burada ümumiyyətlə cinayət təqibi xüsusi ittiham qaydasında aparılmamalıdır. Burada əməl ya xuliqanlıq ya da inzibati xəta tərkibi yaradır. Bunun araşdırılma sferası ictimai-ittiham qaydasında daxili işlər orqanları tərəfindən aparılmalıdır. Buna görə də icraata qəbul edilməməlidir. Şəxsin barəsində olan şikayət o demək deyildir ki, ona böhtan atılıb. Bununla bağlı hüquq mühafizə orqanlarına müraciət etsin və orada araşdırılsın. Daha bir məsələni qeyd edir ki, Yəhyazadə Azadın işdən çıxma əmrinin bu işlə heç bir əlaqəsi yoxdur. İşdən çıxma əmrində sadəcə olaraq əmək müqaviləsinə xitam verilib. Cinayət Prosessual Məcəllənin xüsusi ittihamla bağlı hissəsində olan pozuntularla da bağlı hesab edir ki, iş icraata götürülməməlidir. Əlavə olaraq qeyd edir ki, Afət xanım orada olmayıb. Əgər orada olduğunu bildirirsə hüquq mühafizə orqanlarına müraciət etsin. Hadisə 8 may tarixində baş verib, lakin indi məhkəməyə müraciət olunur. Çünki, həmin ailənin hal-hazırda boşanma mübahisələri gedir. Bu ərizəninin məhkəməyə verilməsi sadəcə olaraq prinsipial məsələdir. Yəhyazadə Azadın ailəsi polisdə münaqişəli ailə olaraq qeydiyyata alınıb. Ailə münaqişəsi zəmnində Yəhyazadə Azad ailəsini yoldaşının bacılarının dağıtdığını düşünərək bu gün onları məhkəməyə verir. Hətta, həmin şəxs ondan Vəkillər Kollegiyasına şikayət verib. Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X5 məhkəmə iclasına gəlməmişdir. Məhkəmə iş materiallarını araşdırıb, proses iştirakçılarını dinləyib hesab edir ki, aşağıdakı səbəblərə görə məhkəmə baxışının keçirilməsi qeyri-mümkündür və xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1-ci maddəsinə əsasən böhtan, yəni yalan olduğunu bilə-bilə, hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, mediada və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatlarında yayma –min manatdan min beş yüz manatadək miqdarda cərimə ilə və ya iki yüz qırx saatdan dörd yüz səksən saatadək müddətə ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Məcəllənin 148-ci maddəsinə əsasən təhqir, yəni kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, mediada və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltma min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan dörd yüz səksən saatadək müddətə ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 293.3-cü maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə yazılı şikayətdə və ya şifahi şikayətin qəbul edilməsi barədə protokolda aşağıdakılar göstərilir: şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi); törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği); cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi; şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi; cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş; şikayətin verildiyi tarix (il, ay və gün) və yer: şikayəti vermiş şəxsin imzası. Həmin Məcəllənin 299.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclası cinayət işində, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarında və ya xüsusi ittiham qaydasında şikayətdə, irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələrdən ibarətdir; Həmin Məcəllənin 299.3-cü maddəsinə əsasən hər bir halda cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmənin hazırlıq iclasında aşağıdakı məsələlərə baxılır: məhkəməyə daxil olmuş cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarının və ya xüsusi ittiham qaydasında şikayətin ona aid olub-olmaması barədə; aparılmış ibtidai araşdırma zamanı bu Məcəllənin tələblərinin pozulub-pozulmaması barədə; xüsusi ittiham qaydasında şikayətin məzmununun bu Məcəllənin 293.3.1-293.3.7ci maddələrinin müddəalarına uyğun olub-olmaması barədə; cinayət işi üzrə icraatın dayandırılması və ya ona xitam verilməsi üçün əsasların olub-olmaması barədə; cinayət işi üzrə qətimkan tədbirinin seçilməsi, dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsasların olubolmaması barədə. Həmin Məcəllənin 302.1-ci maddəsinə əsasən aşağıdakı hallarda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir: şikayət həmin məhkəməyə aid olmadıqda; şikayət xüsusi ittiham qaydasında cinayət təqibinə hüququ olmayan şəxs tərəfindən verildikdə; şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda; cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdikdə; barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməl ictimai və ya ictimai-xüsusi qaydada təqib edilməli olduqda; cinayət hadisəsi və ya barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayət əlamətləri olmadıqda; şikayət əsassız olduqda və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədikdə; şikayəti vermiş şəxs şikayətindən imtina etdikdə və təqsirləndirilən şəxslə barışdıqda və ya məhkəmənin hazırlıq iclasına üzrlü səbəb olmadan təkrarən gəlmədikdə. Həmin Məcəllənin 302.2-ci maddəsinə əsasən məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək aşağıdakılar barədə qərarlar çıxarır: bu Məcəllənin Həmin Məcəllənin 302.1.1-ci maddəsində nəzərdə tutulmuş halda xüsusi ittiham qaydasında şikayətin məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə; bu Məcəllənin 302.1.5-ci maddəsində nəzərdə tutulmuş halda xüsusi ittiham qaydasında verilmiş şikayətin baxılması üçün istintaq aidiyyəti üzrə göndərilməsi barədə; bu Məcəllənin 302.1.2-302.1.4, 302.1.6- 302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə. «Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli 3 nömrəli Qərarın 11-ci bəndində qeyd edilmişdir ki, məhkəmələrin nəzərinə çatdırılsın ki, xüsusi ittiham qaydasında icraatın başlanmasına səbəb yalnız zərər çəkmiş şəxs tərəfindən xüsusi ittiham qaydasında verilmiş şikayət ola bilər. Xüsusi ittiham qaydasında şikayət yazılı şəkildə cinayətin törədildiyi yerin yurisdiksiyasına aid olan birinci instansiya məhkəməsinə verilir. Şikayətdə aşağıdakılar göstərilməlidir: şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi), törədilmiş cinayət barəsində məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği), cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi, şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi, cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş, şikayətin verildiyi tarix (il, ay və gün), şikayəti vermiş şəxsin imzası (CPM-nin 293.3.1- 293.3.7-ci maddələri). Həmin qərarda məhkəmələrə tövsiyə edilmişdir ki, xüsusi ittiham qaydasında şikayətə məhkəmənin hazırlıq iclasında baxılması mərhələsində şikayətin məzmununun Cinayət Prosessual Məcəlləsinin 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə uyğun olub-olmamasını yoxlasınlar. Xüsusi ittiham qaydasında şikayət bu tələblərə cavab vermədikdə, habelə Cinayət Prosessual Məcəlləsinin 302.1.2-302.1.4 və 302.1.6-302.1.8ci maddələrində nəzərdə tutulmuş halları müəyyən etdikdə məhkəmə hazırlıq iclasında şikayətin öz icraatına qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərar qəbul edir. Məhkəmə verilmiş şikayəti nəzərdə keçirərək şikayətin Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə uyğun tərtib edilməməsi və şikayətin forma və məzmun baxımından qanunvericliyin tələblərinə uyğun olmaması, şikayət verən şəxsin dəlillərini təsdiq edən sübutlar əlavə edilməməsi məhkəmə baxışının keçirilməsini qeyri-mümkün edir. X7 şikayətdə digər şəxslərin gözü qarşısında X8 və X5 tərəfindən şərəf və ləyaqətini alçaldan ifadələr işlədilməsini qeyd etsə də, şikayətdə cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə təsdiq edildiyi və həmin şəxslər barədə məlumatlar tərtib olunmuş şikayətə əlavə edilməmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 293.3.4-cü maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə yazılı şikayətdə və ya şifahi şikayətin qəbul edilməsi barədə protokolda şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi göstərilir. Şərəf və ləyaqəti alçaldan hərəkətlər konkret şəxsə və ya şəxslərə qarşı yönəlməlidir. Əgər təhqirin konkret ünvanı yoxdursa Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi üzrə cinayət məsuliyyəti istisna olunur. Həmçinin, verilmiş şikayətdən görünür ki, xüsusi ittiham qaydasında şikayət vermiş şəxs şikayət ərizəsində xüsusi ittiham qaydasında şikayətin tərtib edildiyi yeri göstərməmişdir. Halbuki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 293.3.6-cı maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə yazılı şikayətdə və ya şifahi şikayətin qəbul edilməsi barədə protokolda şikayətin verildiyi tarix (il, ay və gün) və yer göstərilir. Belə olan halda xüsusi ittiham qaydasında şikayətin forma və məzmun baxımından qanunvericiliyin tələblərinə uyğun olmaması verilmiş şikayətin icraata qəbul edilərək mahiyyəti üzrə baxılmasını istisna edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 302.2.3-cü maddəsinə əsasən, məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək bu Məcəllənin 302.1.2- 302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar çıxarır. Beləliklə məhkəmə hesab edir ki, X8 və X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilmələrinə dair X7 tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul edilməsindən imtina edilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 293, 302-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X8 və X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilmələrinə dair X7 tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul edilməsindən imtina edilsin. Qərardan 20 gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhla Süleymanova
Məhkəmə qərarları › İş №1(009)-316/2024
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №1(009)-316/2024
15.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver