Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-323/2025 19.11.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Quliyeva Afət Xansıvar qızının sədrliyi, X11 məhkəmə iclas katibliyi, Təqsirləndirilən şəxs X6, Təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi2 iştirakları ilə, xx.xx.1963-cü ildə doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, məhkum olunmamış, ″Aviasiya və Avtomobil Nəqliyyatı üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi″ X26 müəllim vəzifəsində işləyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 ünvanında yaşayan X6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə, təqsirləndirilməsinə dair xüsusi ittiham qaydasında verilmiş şikayətə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: X7 xüsusi ittiham qaydasında şikayətlə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə müraciət edərək, X6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə təqsirli bilinib barəsində ittihamedici hökm çıxarılmasını xahiş etmişdir. Xüsusi ittiham qaydasında şikayət onunla əsaslandırılmışdır ki, X2 və X18 X35 Təhsil Mərkəzinin inzibati binasında 03 iyul 2025-ci il tarixdə keçirilən ümumi iclasda kütləvi çıxışı zamanı X3 şəxsiyyətinə, şərəf və ləyaqətinə yaraşmayan, həqiqətə uyğun olmayan yalan və təhqiramiz sözlərlə işgüzar nüfuzuna xələl gətirəcək ifadələrdən istifadə etmiş, yalan məlumatlar vermişdir. Aygün Adıgözəlova onun barəsində yalan olduğunu bilə- bilə, onun ləyaqətini və işgüzar nüfuzunu ləkələyən, nüfuzdan salan, həqiqətə uyğun olmayan böhtan xarakterli məlumatları kütləvi çıxış zamanı səsləndirməklə, onun cəmiyyətdə, kollektivdə, dostlarının və iş yoldaşlarının əhatəsində şərəf və ləyaqətini ləkələyən ifadələr ilşətmiş, peşə sahəsində nüfuzdan salaraq işgüzar nüfuzuna xələl yetirmişdir. Qeyd olunan hallar Aviasiya və X18 X35 Təhsil Mərkəzinin Həmkarlar İttifaqı Komitəsinin 61 nəfərin itirakı ilə keçirilmiş ümumi iclasında baş vermiş və 19 nömrəli xx.xx.2025-ci il tarixli protokolda öz əksini tapmışdır. Aygün Adıgözəlova onun barəsində yalan və həqiqətə uyğun olmayan, kollektivdə şərəf və ləyaqətinə toxunan, ictimaiyyətdə işgüzar nüfuzunu aşağı salan və ləkələyən qərəzli məlumatlara yol vermişdir. Qeyd olunan halları sübuta yetirən protokol şikayətə əlavə edilmişdir. X3 barəsində yayılmış böhtan xarakterli məlumatlar ondan ibarətdir ki, Aygün Adıgözəlova çıxışında bildirmişdir ki, “tələbələr tərəfindən qeyri-etik və hörmətsiz davranışların şahidi olmuşam və bu davranışların İlhamiyyə Mehtiyevanın tədris tərzi və münasibətindən qaynaqlandığına əminəm” deməklə heç-bir əsası olmadan, tamamilə qərəzli və yalan danışmaqla kütlə içərisində mənə böhtan atmışdır. Şikayətçi hesab edir ki, qeyd edilən ifadələrdə şərəf, ləyaqət və işgüzar nüfuzunu ləkələyən, böhtan və təhqir xarakterli məlumatlar nümayiş etdirilmişdir. Aygün Adıgözəlovanın ona böhtan atmasının şahidləri həmin iclasın iştirakçıları və onun keçmiş iş yoldaşları olmuşdur. Odur ki, X6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb olunmalarını xahiş etmişdir. Xüsusi ittihamçı X1 məhkəmə iclasında iştirak etməsə də, 2 dəfə məhkəməyə ərizə iə müraciət edərək səhhəti ilə əlaqədar məhkəmə prosesində iştirak edə bilməyəcəyini, işə onun iştirakı olmadan baxılaraq yekunlaşdırılmasını və Aygün Adıgözəlova barəsində ittihamedici hökm çıxarılmasını xahiş etmişdir. Məhkəmə, öz növbəsində, işə xüsusi ittihamçının iştirakı olmadan baxılıb hökm çıxarılmasını mümkün hesab etmişdir. Belə ki, xüsusi ittihamçı məhkəməyə ərizə ünvanlayaraq xüsusi ittiham qaydasında şikayətini müdafiə etdiyini bildirmişdir. Odur ki, onun iştirakı olmadan X12 barəsində ittiham hökmü çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş X12 özünü təqsirli bilməyərək, ifadəsində bildirmişdir ki, şikayətə etiraz edir. Belə ki, o, iclas zamanı həmin sözləri demişdir, lakin həmin sözlər böhtan deyil, tamamilə doğrudur. X4 qarşı təhqir və ya böhtan olaraq heç bir söz işlətməmişdir. Qeyd olunanları nəzərə alaraq bəraət verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən təqsirləndirilən şəxs X6 müdafiəçisi Müdafiəçi2 çıxışında bildirmişdir ki, xüsusi ittiham qaydasında verilmiş şikayət əsassızdır, xüsusi ittihamçı tərəfindən heç bir əsaslı sübut təqdim olunmamışdır. X6 hərəkətlərində böhtan və təhqir cinayətlərinin tərkib əlamətləri yoxdur. X12 haqqında bəraət hökmü çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X14 məhkəməyə verdiyi ifadəsində bildirmişdir ki, həm İlhamiyyə müəllimi, həm də Aygün müəlimi tanıyır, heç biri ilə ədavəti yoxdur. Sadəcə İlhamiyyə müəllimə ondan pul tələb edib və pulu evdəkilərdən istəyib, İlhamiyyə müəlliməyə gətirib verib. Daha sonra İlhamiyyə müəllimdən məktəbin direktoruna şikayət edib. İlhamiyyə müəllimənin istədiyi məbləğ 250-300 manat olubdur. Onun tədris ilində zəif qiyməti olmayıb, hər zaman 4-5 alıb. Məhkəmə iclasında şahid qismində dindirilmiş X23 məhkəməyə verdiyi ifadəsində bildirmişdir ki, həm İlhamiyyə müəllimi, həm də Aygün müəlimi tanıyır, heç biri ilə ədavəti yoxdur. Sadəcə İlhamiyyə müəllimə olanda tələbələr rahat olur və istədyiklərini edirdilər. İlahimiyyə müəllimə ondan da pul tələb edib və pulu verməsə, şantaj edəcəyini mənə deyib. Ona qarşı hər hansısa təzyiq etməyib. Məhkəmə iclasında şahid qismində dindirilmiş X21 məhkəməyə verdiyi ifadəsində bildirmişdir ki, həm İlhamiyyə müəllimi, həm də Aygün müəlimi tanıyır, heç biri ilə ədavəti yoxdur. İlahimiyyə müəllimə ondan da pul tələb edib və onu şikayət etməyə qoymayıb. İlhamiyyə müəllimə onlara dərsdən başqa mövzulardan da bəhs edib. Tədris zamanı porşenlərdən başqa heç bir dərsi keçməyib. Məhkəmə iclasında şahid qismində dindirilmiş X28 məhkəməyə verdiyi ifadəsində bildirmişdir ki, həm İlhamiyyə müəllimi, həm də Aygün müəlimi tanıyır, heç biri ilə ədavəti yoxdur. O, İlhamiyyə müəlliməni rüşvətxor kimi tanıyıb. İlhamiyyə müəllimə özəl günlərdə ondan pul tələb edib və o da pulu gətirib verib. Sözü gedən məbləğ 30-40 manat olubdur. Tədris zamanı porşenlərdən başqa heç bir dərsi keçməyib Məhkəmə iclasında şahid qismində dindirilmiş X22 məhkəməyə verdiyi ifadəsində bildirmişdir ki, həm İlhamiyyə müəllimi, həm də Aygün müəlimi tanıyır, heç biri ilə ədavəti yoxdur. Aygün müəllimə ona dərs deməyib. İlhamiyyə müəllimə ondan paltar almaq üçün pul və ətir tələb edib. Bildiyinə görə, başqa uşaqlardan da pul istəyib. Məhkəmə iclasında şahid qismində dindirilmiş X15 məhkəməyə verdiyi ifadəsində bildirmişdir ki, həm İlhamiyyə müəllimi, həm də Aygün müəlimi tanıyır, heç biri ilə ədavəti yoxdur. İlhamiyyə müəllimə ona ana kimi rəftar göstərib və hər dərdinə köməklik göstərib. O, 2023-cü ildə həmin peşə məktəbini bitirib. İlhamiyyə müəllimə onlardan pul istəməyib, əksinə onlara maddi yardım edib. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 məhkəməyə verdiyi ifadəsində bildirmişdir ki, mən X10 anasıdır. İlhamiyyə müəllimini çox yaxşı tanıyır, İlhamiyyə müəllimə oğluna ana kimi rəftar göstərib və hər dərdinə köməklik göstərib. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Aviasiya və X18 X35 Təhsil Mərkəzinin Həmkarlar İttifaqı Komitəsinin keçirilmiş ümumi yığıncağının xx.xx.2025-ci il tarixli, 19 nömrəli protokolundan görünür ki, qeyd olunan iclasın gündəliyindəki məsələ Mərkəzin istehsalat təlimi ustası X3 əmək funksiyalarını yerinə yetirməməsi və müəssisədaxili nizam-intizam qaydalarının kobud şəkildə pozulması olmuş, iclasda çıxış edən ingilis dili müəllimi Aygün Adıgözəlova çıxışında “mən dəfələrlə İlhamiyyə xanımın rəhbərlik etdiyi qrupda emosional gərginlik müşahidə etmişəm. Bu tələbələrin ümumi dərsə yanaşmasında və davranışlarında özünü büruzə verir. Mənim dərsim zamanı tələbələr tərəfindən qeyrietik və hörmətsiz davranışların şahidi olmuşam və bu davranışların İlhamiyyə Mehtiyevanın tədris tərzi və münasibətindən qaynaqlandığına əminəm” ifadələrini işlətmişdir. - Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Peşə Təhsili üzrə X20 və X18 X35 Təhsil Mərkəzi PHŞ-nin 25 avqust 2025-ci il tarixli, 172 saylı “əmək müqaviləsinin ləğv edilməsi barədə” əmrindən görünür ki, X3 əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilmişdir. Qeyd olunanlardan əlavə, təqsirləndirilən şəxsin müdafiəçisi tərəfindən X3 təhsil mərkəzində tələbələr arasında mənfi xarakterizə olunduğunu göstərən, tələbələr tərəfindən təhsil mərkəzinin rəhbərliyinə ünvanlanmış çoxsaylı oxşar məzmunlu şikayətlər və X7 tərəfindən içində onun tələbələri və onların valideynləri arasında müsbət xarakterizə olunduğunu və rəğbət gördüyünü göstərən video çəkilişlərin olduğu 1 ədəd flashkart məhkəməyə təqdim olunmuşdur. Məhkəmə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə hüquqi qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxs X12 tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddələrində nəzərdə tutulmuş cinayətin törədilməsi ilə bağlı xüsusi ittihamçının gəldiyi nəticə əsassız olmaqla, onun hərəkətlərində Cinayət Məcəlləsinin 147.1-ci maddəsinin tərkibinin olması sübuta yetirilməmişdir. Belə ki, məhkəmə təqdim edilmiş sübutları və iclasın gedişatını qiymətləndirərək müəyyən etmişdir ki, X6 03 iyul 2025-ci il tarixli ümumi iclasdakı çıxışında səsləndirdiyi fikirlər xüsusi ittihamçının barəsində yalan məlumat yayılması və böhtan atılması məqsədi daşımır. Aygün Adıgözəlova iclas zamanı təlim-tərbiyə prosesində müşahidə etdiyi müəyyən halları ümumi müzakirənin bir hissəsi kimi ifadə etmiş, bu çıxışında X3 şəxsini nüfuzdan salmaq niyyəti güdməmiş, yalnız pedaqoji fəaliyyətlə bağlı öz subyektiv fikrini bildirmişdir. Səsləndirilmiş ifadələrin semantik məzmunu araşdırıldıqda onların şəxsi ləyaqəti alçaltmaq və ya qərəzli şəkildə yalan məlumat yaymaq məqsədi yox, tədris metodologiyasına dair tənqidi yanaşma xarakteri daşıdığı müəyyən olunmuşdur. Məhkəmə həmçinin qiymətləndirmişdir ki, təqsirləndirilən şəxsin iclas zamanı səsləndirdiyi fikirlər pedaqoji fəaliyyətin təşkilinə dair tənqidi mülahizələr xarakteri daşıyır və bu cür ifadələr ifadə azadlığı hüququnun mahiyyətinə daxildir. Azərbaycan Respublikası Konstitusiyasının 47-ci maddəsi ilə yanaşı, İnsan Hüquqlarının və X13 X5 10-cu maddəsi də hər kəsə fikir və söz azadlığını təmin edir. Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququna görə (məsələn, Lingens Avstriyaya qarşı, Oberschlick Avstriyaya qarşı işləri) tənqid və dəyərləndirici fikirlər fakt iddiaları ilə eyniləşdirilə bilməz və onlar, xüsusilə ictimai müzakirə kontekstində söylənildikdə, geniş müdafiə dairəsinə malikdirlər. Məhkəmə müəyyən etmişdir ki, Aygün Adıgözəlovanın səsləndirdiyi ifadələr konkret, sübutlana bilən fakt deyil, təlim-tərbiyə prosesinə dair onun şəxsi rəy və müşahidələrinin açıqlanması olmuşdur. Bu cür ifadələrin məqsədi xüsusi ittihamçının şərəf və ləyaqətini alçaltmaq deyil, ümumi iclas zamanı müzakirə olunan tədris məsələləri ilə bağlı öz peşə görüşünü ifadə etmək olmuşdur. Beləliklə, təqdim olunan ifadələrdə bilərəkdən yalan məlumat yayılması niyyəti və böhtan tərkibi mövcud olmadığından, X6 əməli Cinayət Məcəlləsinin 147.1ci maddəsinin tələblərinə uyğun gəlmir və onun barəsində bəraətverici hökm çıxarılması üçün hüquqi əsaslar mövcuddur. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələbinə uyğun olaraq xüsusi ittihamçıların, nümayəndənin, təqsirləndirilən şəxsin və müdafiəçinin iş üzrə ifadələrini, və iş üzrə video-faylları və digər sənədləri sübut növü kimi qəbul edir. Məhkəmə, X6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsinə görə Böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, mediada və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayma min manatdan min beş yüz manatadək miqdarda cərimə ilə və ya iki yüz qırx saatdan dörd yüz səksən saatadək müddətə ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2015-ci il tarixli, 3 saylı qərarının 2-ci bəndində göstərilir ki, məhkəmələrə izah edilsin ki, cinayət qanunvericiliyində xüsusi ittiham qaydasında cinayət təqibinə səbəb olan əməllərin törədilməsinə görə cinayət məsuliyyətinin nəzərdə tutulması hər kəsin mənəvi dəyəri olan şərəf və ləyaqətini, nüfuzunu qeyri-qanuni qəsdlərdən qorumaq məqsədi daşıyır. Hər kəsin şərəfi dedikdə onun cəmiyyətin üzvü kimi əxlaqi, mənəvi keyfiyyətlərinə, digər insanlara, dövlətə, cəmiyyətə münasibətinə görə ona verilən qiymət, ləyaqəti dedikdə şəxsin öz mənəvi və əqli keyfıyyətlərini, cəmiyyətdəki mövqeyini və nüfuzunu dərk etməsi və özünün özünə verdiyi qiymət, nüfuzu dedikdə isə şəxsin cəmiyyətdə, kollektivdə, dostlarının əhatəsində, təşkilatda öz qabiliyyətinə görə tutduğu mövqe başa düşülür. Həmin Qərarın 6-cı bəndində göstərilir ki, məhkəmələrə izah edilsin ki, Avropa Məhkəməsinin presedent hüququna müvafiq olaraq barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs tərəfindən yayılmış məlumatlarda fıkrin və ya faktın əks etdirilməsi fərqləndirilməli və bu hala əhəmiyyət verilməlidir. Faktların mövcudluğu nümayiş oluna bilsə də, fikirlərin həqiqiliyi sübut oluna bilən deyildir. Fikirlərin həqiqiliyini sübut etmək tələbinə riayət etmək mümkün deyil və bu tələb Konvensiyanın 10-cu maddəsi ilə təmin edilmiş hüququn əsas hissəsi olan fikir azadlığının özünü pozur (bax, yuxarıda qeyd olunan De Haes və Gijsels, § 42 və Lingens, § 46). Eyni zamanda, üçüncü tərəfin davranışı barədə iddialar irəli sürüldüyü hallarda bəzən faktın təqdimatı ilə fikirlər arasında fərqi müəyyən etmək çətin olur. Buna baxmayaraq, hətta fikirlər faktlara əsaslanmadıqda onlar olduqca əsassız ola bilər (bax, Jerusalem Avstriyaya qarşı, §43). Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquqi normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyətli olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin Qərarda həmçinin nəzərə çatdırılmışdır ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-in əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli, 3 nömrəli qərarının 5-ci bəndində qeyd edilmişdir ki, böhtan və təhqir xarakterli məlumatlar mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, elektron vasitələrlə yayınlanmaqla, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə əks etdirilməklə və sair üsullarla yayıla bilər. Lakin, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147 və 148-ci maddələrinin mənasına görə, şəxs böhtana, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları yaymaya və təhqirə, yəni şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaya görə o halda cinayət məsuliyyətinə cəlb edilə bilər ki, təhqir və böhtan xarakterli məlumatlar onun tərəfindən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, mediada və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmış olsun. Kütləvi çıxış dedikdə, hər hansı şəxsin şərəf və ləyaqətini alçaldan və ya onu nüfuzdan salan məlumatları ən azı iki nəfər kənar şəxsin görə, eşidə və ya qavraya biləcəyi formada ifadə etmə başa düşülür. Kütləvi nümayiş etdirilən əsər dedikdə, ən azı iki nəfər kənar şəxsin görə və ya qavraya biləcəyi şəraitdə nümayiş etdirilən əsərlər (fotoşəkillər, rəsm əsərləri, kinematoqrafıya əsərləri, reklam və sair) başa düşülür. Kütləvi informasiya vasitəsi və kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatı dedikdə, dövri mətbu nəşrlər, teleradio proqramları, kinoxronika proqramları, sosial internet şəbəkələri, dövri mətbuatın və teleradio kanallarının internet saytları və digər yayım formaları başa düşülür. Böhtan və təhqir xarakterli məlumatların müxtəlif orqan və təşkilatlara ünvanlanmış ərizə və şikayətlərdə əks olunması və ya ona aid olan şəxsə təklikdə bildirilməsi həmin məlumatların kütləvi çıxış şəklində yayılması sayılmır və belə hallarda onları yaymış (bildirmiş) şəxsin hərəkətlərinin cinayət kimi qiymətləndirilməsi istisna edilir. Məhkəmə, xüsusi ittiham qaydasında verilmiş şikayətdə qeyd edilən X6 əməlinə qiymət verərək qeyd edir ki, X6 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsinin tərkibinin olması ilə razılaşmır və hesab edir ki, xüsusi ittiham qaydasında verilən şikayətdə qeyd edilən hallar həqiqəti əks etdirmir və böhtan cinayətinin tərkib əlamətləri mövcud deyil. Böhtanla bağlı məhkəmə qeyd edir ki, böhtan cinayətinin bilavasitə obyekti başqa şəxsin şərəfi, ləyaqəti və ya nüfuzu təşkil edir. Şərəf və ləyaqəti ləkələyən məlumatlar dedikdə, əxlaqi prinsiplər, istehsal-təsərrüfat, xidmət və ictimai fəaliyyətlə əlaqədar cəmiyyət, kollektiv və yaxud ayrı-ayrı şəxslər arasında vətəndaş barəsində mənfi rəy yaradan məlumatlar başa düşülür Məlumatın yalan olması dedikdə, onun həqiqətə uyğun olmaması başa düşülür. Yayılan məlumatlar yalan olsa da, başqa şəxsi ləkələyən məlumatlar deyildirsə, böhtana görə cinayət məsuliyyəti istisna olunur. Yayılan məlumatlar başqa şəxsi ləkələsə də, həqiqi məlumatlardırsa, yenə də cinayət məsuliyyəti yaranmayacaqdır. Məhkəmənin qiymətləndirməsinə görə xüsusi ittiham qaydasında şikayət vermiş şəxs və təqsirləndirilən şəxslər tərəfindən təqdim edilən sübutlara əsasən kütləvi şəkildə yayılan məlumatda böhtan müəyyən olunmamışdır. Məhkəmə böhtan sayıla biləcək bəyanatların doğruluğunun sübut edilməsi məsələsi ətrafında geniş təcrübə formalaşdırmışdır. Diffamasiya ilə bağlı ilk Lingens Avstriyaya qarşı, 1986, Dyuldin və Kislov Rusiyaya qarşı, 2007, işində məhkəmə ərizəçi jurnalistin Federal Kansleri tənqid etmək üçün kobud ifadə istifadə etdiyi o cümlədən onu “rəzil opportunizm”, “mənəviyyatsız” və “ləyaqətsiz” davranışda ittiham etdiyi vəziyyətlə üzləşmişdi. Avstriya məhkəmələri ərizəçini bəyanatlarının həqiqiliyini sübut edə bilmədiyi üçün təqsirli hesab etmişdir. Məhkəmə qeyd etmişdir ki, faktlarla bağlı bəyanatlar və rəylərlə bağlı bəyanatlar və ya subyektiv dəyərləndirmələrdə fərq mövcuddur: Məhkəmənin fikrincə faktlar və obyektiv qiymətləndirmələr diqqətli şəkildə fərqləndirilməlidir. Faktların mövcudluğu göstərilə bilər, halbuki obyektiv qiymətləndirilmələrin həqiqiliyi sübutetməyə həssas deyil. Subyektiv baxımdan bu tələbi yerinə yetirmək mümkün deyil və o, Konvensiyanın 10-cu Maddəsi ilə təmin edilən (mad. 10) hüququn mühüm hissəsi olan fikir azadlığını pozur. Bənzər olaraq silsilə saxtakarlıqlar haqqında məqaləni əhatə edən Dalban Rumıniyaya qarşı, 1999 işində Məhkəmənin Böyük Palatası qeyd etmişdir: Jurnalistin tənqidi fikirlərinin həqiqiliyini sübut etmədən onları ifadə etməsini qadağan etmək yolverilməz olardı. Məhkəmə ardıcıl olaraq milli hüququ sistemlərinin faktları və rəyləri fərqləndirməsinin və sonuncunun həqiqiliyinin sübutunu tələb etməməsinin zərurətini vurğulamışdır. Qorelişvili Gürcüstana qarşı, 2007 işində Məhkəmə diffamasiya işində ifadə azadlığı hüququnun pozulduğunu aşkarlamışdır, çünki yerli hüquq sistemi "eyni "məlumata" (cnobebi) istinadən, subyektiv fikirlər və faktların bəyan edilməsi arasında heç bir fərq qoymamışdı və cavabdeh tərəfin istənilən bu cür "məlumatın" həqiqiliyini sübut etməsini tələb etmişdi". X25 Konvensiyasının 6-cı maddəsini 2-ci bəndində göstərilmişdir ki, cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. Avropa İnsan Hüquqları Məhkəməsi Telfner Avstriyaya qarşı (2001) işində qeyd etmişdir ki, məhkəmə araşdırması gedişində təqsirsizlik prezumpsiyası prinsipinin əhəmiyyəti sübutetmə yükünün ittiham tərəfinin üzərinə düşməsi, irəli sürülən ittihamın əsaslılığına dair şübhələrin isə təqsirləndirilən şəxsin xeyrinə şərh olunmasıdır. “Barbera, Messege və Yabardo İspaniyaya qarşı” şikayətlə bağlı qərarında Avropa Məhkəməsi bildirmişdir ki, təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, məhkəmənin tərkibi öz vəzifələrini icra edərkən təqsirləndirilən şəxsə istinad edilən cinayətin onun tərəfindən törədildiyi kimi qərəzli mövqedən çıxış etməməlidir, bunu sübut etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür və istənilən şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. “Hoanq Fransaya qarşı” işində Avropa məhkəməsinin mövqeyinə əsasən bütün sübutlar diqqətlə qiymətləndirilmədən hüquq fərziyyəsinin tətbiq edilməsi təqsirsizlik prezumpsiyasını böyük ehtimalla pozmuş olur. Ehtimal və fərziyyə ilə ittiham irəli sürülə bilməz “V.Q.Bayramov və qeyrilərinin şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 23 mart 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 9 sentyabr 2005-ci il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyinə görə, məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin, cinayət məsuliyyətinin əsaslarını müəyyən edən 3-cü maddəsində deyilir ki, yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Qeyd olunan maddənin məzmunundan da göründüyü kimi, cinayət məsuliyyətinin əsasını cinayət tərkibinin əlamətlərini özündə ehtiva edən ictimai təhlükəli əməlin törədilməsi təşkil edir. Bu isə o deməkdir ki, törədilmiş hər hansı bir əməldə, onu cinayət kimi xarakterizə edən və bilavasitə cinayət qanununda nəzərdə tutulan obyektiv və subyektiv əlamətlərin, yəni cinayətin obyekti; cinayətin obyektiv cəhəti; cinayətin subyekti; cinayətin subyektiv cəhətinin bütövlükdə hamısının, həm də eyni vaxt ərzində mövcud olduğu təqdirdə, törədilmiş həmin əməl cinayət məsuliyyəti yaradır. Göstərilən əlamətlərdən bir neçəsinin və yaxud da heç olmasa birinin mövcud olmaması əməlin cinayət əməli kimi xarakterizə edilməsini və onu törətmiş şəxsin cinayət məsuliyyətini istisna edir (Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsi). Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 138.2-ci maddəsinə müvafiq olaraq təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.3-cü maddəsinə müvafiq olaraq ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 349.5.1-ci maddəsinin tələbinə görə məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 21.2-ci maddəsinin tələbinə görə şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 28.5-ci maddəsinin tələbinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 42.1-ci maddəsinin tələbinə görə cinayət hadisəsi olmadıqda, əməldə cinayət tərkibi olmadıqda, cinayətin törədilməsinə aidiyyəti olmadıqda, həmçinin təqsirliliyi sübuta yetirilmədikdə məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 42.1.2-ci maddəsində göstərilmişdir ki, əməldə cinayət tərkibi olmadıqda məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” 12 may 2009-cu il tarixli Qərarına əsasən həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur. Məhkəmə işə baxdıqdan sonra öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı, həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli, cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli, cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli, şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verilməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış, məhkəmə iclaslarında tədqiq edilmiş sübutları bir daha təhlil edib, məhkəmə istintaqının nəticələrinə əsaslanıb, onlara obyektiv hüquqi qiymət verərək, hesab edir ki, xüsusi ittiham qaydasında verilmiş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddələri ilə nəzərdə tutulan xüsusi ittiham üzrə, X6 əməlində cinayət tərkibi olmadığından X9 bəraət verilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 56 və 62.1-ci maddələrinin tələblərinə görə bəraət almış təqsirləndirilən şəxs vurulmuş ziyanın ödənilməsi hüququna malikdir və vurulmuş ziyanın ödənilməsi cinayət təqibinin gedişində mümkün olmadıqda buna hüququ olan şəxsə cinayət təqibi üzrə icraat qurtardıqdan sonra ziyanın ödənilməsi qaydaları izah edilməlidir. Belə olan halda X12 bəraət almış təqsirləndirilən şəxs kimi vurulmuş ziyanın ödənilməsi hüququna malikdir. İş üzrə mülki iddia, üzərinə həbs qoyulmuş əmlak və müsadirə edilməli əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 350, 352-353 və 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə, H Ö K M E T D İ: X6 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 maddəsi ilə nəzərdə tutulmuş cinayətin tərkibi olmadığına görə ona bəraət verilsin. X9 vurulmuş ziyanın ödənilməsi hüququ və həmin hüququn həyata keçirilməsi qaydası izah edilsin. İş üzrə ekspertiza xərci və mülki iddia yoxdur. İş üzrə 01 ədəd flash-kart cinayət işinin materiallarında saxlanılsın. Hökm elan olunduğu andan 20 gün müddətində Bakı şəhər Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Afət Quliyeva
Məhkəmə qərarları › İş №1(009)-323/2025
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-323/2025
19.11.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver