Məhkəmə qərarları › İş №1(009)-329/2025

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-329/2025

29.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-329/2025 29.10.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Mehdiyev Fərid Bəxtiyar oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi “Kamandar Nəsibov və Partnyorları” Vəkil Bürosunun vəkili X7, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1990-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum edilmiş, məhkumluğu ödənilmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə 29 oktyabr 2025-ci il tarixdə saat 12:15-də açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İttiham aktına əsasən Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda, bir ədəd bükümdə içərisində təmiz çəkisi 0,186 qram olan qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib, əynindəki boz rəngli cins şalvarının sağ yan cibində saxlamaqla daşımış, 27 may 2025-ci il tarixdə, saat 23:57 dəqiqədə ünvan 2 ünvanın qarşısında piyada hərəkət edərkən Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinin əməkdaşlarının narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı həyata keçirdikləri əməliyyat-axtarış tədbiri zamanı şübhəli şəxs qismində saxlanılıb, həmin ünvanda üzərinə şəxsi axtarış və götürmə keçirilərkən əynindəki boz rəngli cins şalvarının sağ yan cibində saxladığı bir ədəd bükümdə, içərisində təmiz çəkisi 0,186 qram olan qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilib götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, təxminən bir ildən çoxdur ki, narkotik vasitə istifadə edir. Amma tutulduğu gündən sonra istifadə etməmişdir. 27 may 2025-ci il tarixdə şəhərin mərkəzində polis əməkdaşları tərəfindən tutulmuşdur. Üzərindən narkotik vasitə heroin aşkar edilmişdir. Əməlindən səmimi peşmandır, bir daha belə hallara yol verməyəcəyini bildirərək barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinin əməkdaşı Şahid1 ifadəsində göstərmişdir ki, 27 may 2025-ci il tarixdə Səbail Rayon Polis İdarəsinə daxil olan məlumata əsasən qrup üzvləri ilə birlikdə əməliyyat-axtarış tədbirləri həyata keçirmişlər. Səbail rayonu, H.Z.Tağıyev küçəsində şəxsə yaxınlaşaraq özlərini təqdim etmiş və üzərində qanunla qadağan edilmiş hər hansı əşyanın olub olmamasını soruşmuşlar. Bundan sonra şəxs əynində olan boz rəngli şalvarın sol yan cibindən bir ədəd bükümdə narkotik vasitəyə bənzər əşya təqdim etmiş və tanımadığı İran İslam Respublikasının vətəndaşından aldığını demişdir. Məhkəmə iclasında şahid Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinin əməkdaşı Şahid2 ifadəsində göstərmişdir ki, Səbail rayonu, H.Z.Tağıyev 11 ünvanında bir nəfər şəxsin narkotik vasitələrin saxlaması və daşıması ilə bağlı məlumat daxil olmuşdur. 27 may 2025-ci il tarixdə saat 23:57 radələrində xarici görünüşü ilə oxşatdıqları bir nəfər şəxsə yaxınlaşaraq çəkilişlə üzərinə baxış keçirilmişdir və nəticədə üzərində bir ədəd büküm aşkar edilmişdir. Məhkəmə iclasında şahid Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinin əməkdaşı Şahid3 Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinin əməkdaşı Şahid2 ilə eyni məzmunlu ifadə verərək Şahid2 göstərdiyi xüsusatları təsdiq etmişdir. Cinayət işində olan videogörüntüyə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılır. Təqsirləndirilən şəxs əynindəki boz rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd bükümü çıxarıb təqdim edir. Baxışda iştirak edən Təqsirləndirilən şəxs bükümdə olan maddənin narkotik vasitə heroin olduğunu və “Whatsapp” vasitəsilə tanımadığı şəxsdən əldə etdiyini bildirir. Daha sonra bir ədəd büküm zərfə qoyularaq qablaşdırılır. Məhkəmə Ekspertizası Mərkəzinin materialların məhkəmə ekspertizasının 28 may 2025ci il tarixli 6/2005 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində "Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün №166" dairəvi möhür əksi, “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş...” yazısı və imzalar olan zərfdəki, 01 (bir) ədəd bükümdə təmiz çəkisi 0,186 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroinin təmiz çəkisi:0,186 qram, tədqiqata sərf edildi:0,05 qram, qalıq:0,136 qram 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası qanunu ilə təsdiq olunmuş siyahılara əsasən, heroin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in İ siyahısına daxildirlər. Ekspertiza xərclərinə dair bildirişlərdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 114 (bir yüz on dörd) manatdır. Respublika Narkoloji Mərkəzinin 30 may 2025-ci il tarixli 3227 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. VSİS-dən alınan məlumata əsasən Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən Bakı şəhər NM-da (F19x2) diaqnozu ilə dispanser qeydiyyatdadır. 28 may 2025-ci il tarixdə fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən cinayət işi başlanılmışdır. 28 may 2025-ci il tarixdə Təqsirləndirilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, yəni 27 may 2025-ci il tarixdə saat 23:57 dəqiqədən tutulmuş hesab edilmişdir. 29 may 2025-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə nəzərdə tutulan ittiham elan edilmişdir. 29 may 2025-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində 03 (üç) ay müddətə həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatət təmin edilmədən rədd edilmişdir. 29 may 2025-ci il tarixli qərarla Həbibov X2 Bakı şəhəri Səbail RPİ-nin MSY-dən azad edilmiş və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. 30 may 2025-ci il tarixdə ilkin təhqiqat zamanı protokollarla Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülmüş bir ədəd bükümdə təmiz çəkisi 0,186 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, iş üzrə əhəmiyyətli olduğundan maddi sübut kimi tanınmış, məhkəmə-kimyəvi ekspertizası keçirildikdən sonra qalıq qalmış cəmi 0,136 qram çəkidə narkotik vasitə heroin olan bir ədəd zərf saxlanması üçün Bakı şəhəri Səbail Rayon Polis İdarəsinə təhvil verilmişdir. Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 11 iyun 2025-ci il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs: -Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 1 (bir) il 11(on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. xx.xx.2022-ci il tarixdə Bakı şəhər Sabunçu Rayon Məhkəməsinin qərarı ilə Milli Məclisin xx.xx.2021-ci il tarixli “Amnistiya” qərarının 5 bəndinə əsasən azadlığın məhdudlaşdırılması cəzası 01 (bir) il azaldılmışdır. xx.xx.2022-ci il tarixdə cəza müddəti başa çatmışdır. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 7(008)-178/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(003)-325/2021 saylı hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunduğu 01 il 11 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzasının “8 Noyabr-Zəfər günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarınn qüvvəyə mindiyi günədək çəkilməmiş 01 il ay 09 ay 21 gün hissəsi 01 il azaldılmışdır. 23 sentyabr 2025-ci il tarixli sübutların qiymətləndirilməsi qərarı ilə ilkin təhqiqat zamanı 28 may 2025-ci il tarixli şəxsi axtarış və götürülmə aparılması protokolu ilə Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülmüş bir ədəd bükümdə təmiz çəkisi 0,186 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin, iş üzrə əhəmiyyətli olduğundan maddi sübut kimi tanınmış, məhkəmə-kimyəvi ekspertizası keçirildikdən sonra qalıq qalmış cəmi 0,136 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin olan bir ədəd zərf saxlanması üçün Bakı şəhəri Səbail Rayon Polis İdarəsinə təhvil verilməsi nəzərə alınmışdır. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün etirafı, şahidlərin ifadələri, ekspert rəyi, iş materiallarına əlavə edilmiş işin digər halları ilə onun satış məqsədi olmadan, qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edərək saxlamaqla daşıma cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilməli və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlukəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının CM-nin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Bundan başqa, cəza təyini məsələsini həll edərkən məhkəmə Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli Sərəncamıda nəzərə almalıdır. Belə ki, həmin Sərancamın 8-ci bəndində qeyd edilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfındən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, Təqsirləndirilən şəxs əməlini etiraf edib səmimi peşmançılıq çəkməsini, törətdiyi əməlin nəticələrinə dair məsuliyyətini dərk etməsini cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar aşkar olunmadı. Məhkəmə törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmamasını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür və ona görə də, o, təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Təqsirləndirilən şəxs 27 may 2025-ci il tarixdən 29 may 2025-ci il tarixədək, yəni 02 gün müddətində həbsdə olması Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesabı ilə hesablanmaqla, 04 (dörd) gün ona təyin ediləcək cəzadan çıxılaraq üzərində qəti cəza saxlanılmalıdır. Təqsirləndirilən şəxs üzərinə hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşayış yeri ünvan 1 ünvanını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri, Sumqayıt şəhəri və Abşeron rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Cəzanın icrası Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin Ambulator X3 ekspert komissiyasının 30 may 2025-ci il tarixli, 3227 saylı rəyi nəzərə alınaraq Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və onun xx.xx.2023-cü il tarixdən Respublika Narkoloji Mərkəzində F19x2 diaqnozu ilə dispanser qeydiyyatda olması nəzərə alınmalıdır. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhər Səbail Rayon Polis İdarəsində saxlanılan keçirilmiş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,136 qram olan (ilkin təmiz çəki 0,186 qram) kustar üsulla hazırlanmış narkotik vasitə- heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə aparılmış 28 may 2024-cü il tarixli 6/2005 №-li məhkəmə ekspertizası tədqiqatının ümumilikdə xərci 114 (bir yüz on dörd) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 31 saylı qərarına əsasən təqsirləndirilən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il 02 (iki) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə 27 may 2025-ci il tarixdən 29 may 2025-ci il tarixədək, yəni 02 (iki) gün həbsdə saxlanıldığı müddətinin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutularaq, 04 (dörd) gün təyin olunmuş cəzadan çıxılmaqla, onun üzərində qəti olaraq 02 (iki) il 01 (bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşayış yeri ünvan 1 ünvanını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri, Sumqayıt şəhəri və Abşeron rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icrası Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs məcburi müalicə təyin edilsin və onun xx.xx.2023-cü il tarixdən Respublika Narkoloji Mərkəzində F19x2 diaqnozu ilə dispanser qeydiyyatında olması nəzərə alınsın. Bakı şəhər Səbail Rayon Polis İdarəsində saxlanılan iş üzrə maddi sübut kimi tanınmış, keçirilmiş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,136 qram olan (ilkin təmiz çəki 0,186 qram) olan narkotik vasitə- heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizalarının ümumilikdə xərci – 114 (bir yüz on dörd) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142595, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X4, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Bakı şəhəri “Kamandar Nəsibov və Partnyorları” Vəkil Bürosunun vəkili X12 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən 220 (iki yüz iyirmi) manat Bakı şəhəri “Kamandar Nəsibov və Partnyorları” Bürosunun hesabına keçirilsin. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim Ülviyyə Şükürova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar